Qəşəm Nəcəfzadə yazır
Hər gecə evə gələndə qapıda problemlərimlə basa-basa gəlirəm. Düzəlməyən işlərimi alnımla kənara itələyib içəri girirəm. Alnım ağrıyır. Əlimdə “Ədəbiyyat qəzeti”, həyətdə yoldaşıma verirəm, keçirəm içəri.
Özümlə köntöy bir misra gətirmişəm. Hə, qələm lazımdır. Hanı qələm? Ağzım açılan kimi qızım qaçır evciyinə. Qələmi dirək qoyubmuş evciyinə. Gətirir qələmi. Yoldaşım mızıldanır: Üç uşaq, bir də sən, cəmi bir qələminiz var, özünə bir qələm al.
– İndiki qələmlər bərəkətsizdir. Vərəqin bu başından girməmiş, o başında qurtarır-deyirəm.
Yoldaşım susur...
Yazıçılar Birliyindən gətirmişəm bu misranı. Yonmalıyam. Üzümün qırışından qorxur qızım. Misranı yonduqca üzümün qırışı azalır. Qanım qaradır. Qızım bilir məni nə ilə sevindirmək olar.
– Ata, Anar müəllim televiziyada danışırdı.
Uşaqların xətri xoş olsun deyə, bu gün bir yerdəydik –deyirəm.
5-ci sinifdə oxuyan oğlum “Ədəbiyyat qəzeti”ni vərəqləyir.
– Ata, yenə şeirlərini verməyiblər.
– Vermədilər, oğlum.
Yoldaşım pərtliyi aradan qaldırmaq istəyir:
– Bayaq prezident Zəlimxan Yaqub haqqında danışırdı.
Yoldaşım bunu təsadüfən demir...
Misranı yonduqca üz qırışlarım azalır. Elə bil üzümün qırışlarını yonuram.
Qələmi yerə qoyan kimi qızım götürür, aparır evciyinə, deyir, qonaqlarım var. Qələmi bu dəfə çıraq eləyir qızım.
Yoldaşım səhərki bazarlıq üçün siyahı tutmaq istəyir. Qələm axtarır. Qızımın evciyi yenə uçur.
10 kilo kartof (Gədəbəy)
4 kilo ət (mal)
3 kilo düyü (tamaşa)
2 kilo qənd (kəllə)
2 kilo kələm (dolmalıq)
20 dənə yumurta (kənd)
2 dənə diş pastası (siqnal)
Turalın boğazına dərman (Lüqol)
Qızım siyahıya kukla yazdırmaq istəyir, oğlum tapança. Asılı qalıblar qələmdən. Sözləri keçmir. Pis oluram.
Bilirəm ki, yazmayacaq. Qayda belədir. Kim nəyi çox istəyirsə, onu yazmırlar, vermirlər.
Özüm yadıma düşürəm. Mənim də adımı beləcə siyahıya yazmadılar. Bir dəfə yazmışdılar, sonra pozdular. Yenə üzüm qırışır. Aha, yonmaq lazımdır.
Qələmi mənə ver – deyirəm.
Qızım deyir:
– Növbə mənimdi. İndi qələmim “Bəbə” olacaq.
Elə bu an yoldaşım siyahıya əlavə edir: “Qəşəmə bir dənə qələm”.
Adımı ilk dəfə siyahıya yazırlar. Sevinirəm. Üzümün qırışı quruyur. Deyirəm, ilahi, insanı xoşbəxt eləmək nə qədər asanmış.
Arada qızım qələmi oğurlayır, aparıb qoyur evciyinə. Elə tənhayam ki, onun evciyinə girib yatmaq istəyirəm.
Bəlkə də onun evciyinin yanında hər şey mənasızdı.
Oğlum deyir:
– Ata, indi şeirlərin qəzetdə çıxmayacaq?
– Yox...
Oğlumun o məchul kədərini heç vaxt unutmuram.
Qızım deyir:
– Ata, şeirin çıxanda mənə kukla al.
Kiçik oğlum:
– Ata, şeirin çıxanda mənə ayaqqabı al.
– Ata, prezidentlə görüşəndə denən bizə ev versin.
Sonra oğlum qardaşına deyir:
– Qabaqlar Zəlimxan Yaqub da ata kimi kasıb imiş.
– Fikrət Qocanın da şeirlərini qabaq qəzetlər gec çap edirlərmiş…
– Qabaq Nəriman Həsənzadə də televiziyaya az çıxırmış…
– Musa Yaqub da ata kimi kirayədə qalırmiş.
Üzüm qırışlanır. Alnımla nəyisə irəli basıb aparıram. Yol aşıram. Mənə qələm verin, alnımın qırışlarını yonmaq istəyirəm.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)