Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Dürüstlük onun üçün çox vacib bir məsələdir. Heç vaxt heç kimi aldatmır və aldanmağı da sevmir. Məcaranı, dinamikliyi xoşlayır. Nikbinliyi, məzmunlu mülahizələri ilə son dərəcə cazibədar görünür. Emosional cəhətdən tərbiyəli, ahəngdardır və geniş düşünməyi bacarır. Məhdudiyyətlərin, eləcə də qaydaların şərti olduğunu yaxşı anlayır. Bununla bərabər, düşüncələrinə çox bağlıdır.
Bəzən onu başa düşmək çətin olur, müzakirələrdə əks arqumentlərilə həmsöhbətlərini heyran edə bilir. Onu tanıyan hər kəs ilk olaraq insanlığına, ziyalılığına böyük hörmətlə yanaşır. Bəzən uşaq saflığı ilə səmimi, təmkinli, təvazökar olur.
Bir sözlə, əməli, ideyası, əsərləri ilə fərqlənən, başqalarına örnək olan, yüksək mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə malik bir ziyalıdır...
Deyir ki:- “İnsanın ən böyük qüdrəti, möcüzəsi sözlə yaratdıqlarıdır.”
Söhbət Abid Həmid oğlu Tahirlidən gedir. O, 1955-ci il noyabrın 30-da Qəbələ rayonunun Nohurqışlaq kəndində anadan olub. 1975-1980-ci illərdə ADU-nun jurnalistika fakültəsində ali təhsilə yiyələnib. 1982-1987-ci illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi “Vətənin səsi” adlı qəzetdə müxbir işləyib. 1988-ci ildən Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti yaranandan onun orqanı “Odlar yurdu” qəzetində əvvəlcə müxbir, sonra böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışıb.
1992-1993-cü illərdə “Vətən” Cəmiyyəti Avropa və Amerika ölkələri şöbəsinin müdiri vəzifəsini icra edib. 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetində çalışır, humanitar və sosial problemlər şöbəsinin baş məsləhətçisi, Dövlət qulluğunun baş müşaviridir. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
1997-ci ildə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı- mühacirətəqədərki dövr)” mövzusunda namizədlik, 2006-cı ildə isə Bakı Dövlət Universitetində “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib, flologiya elmləri doktorudur. O, çoxcildlik “Milli Azərbaycan Ensiklopediyası”nın məsləhətçilərindən, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın həmmüəlliflərindən biridir...
Yaradıcılığa orta məktəbdən başlayıb. IX sinifdə yazdığı “Sinoptiklər” hekayəsi ilə respublika yaradıcılıq müsabiqəsinin qalibi olub. 1975-cı ildən isə dövri mətbuatda çap olunur. “Sözlə yarananlar, sözü yaşadanlar”, “İlyas Əfəndiyevin publisistikası”, “Azərbaycan mühacirət mətbuatı” (I hissə), “Azərbaycan mühacirət mətbuatı” (II hissə), “Deyilən söz yadigardır”, “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)”, “İdrak işığında”, “Bütün türklərin tərcümanı”, “Məktəb: tariximiz, taleyimiz”, “Qaspıralı Dünyası, Qaspıralı Dühası” və daha neçə-neçə dəyərli, sanballı əsərlərin müəllifidir. Xoşbəxtlikdən, bu əsərlərin bəziləri xarici oxucuların da diqqətini cəlb edib. Məsələn, 2005-ci ilin dekabrında Abid Tahirliyə Almaniyanın Halle şəhərindəki məşhur Martin Lüter Universitetindən bildiriş gəlib ki, onun beş kitabı- “Azərbaycan mühacirəti”, “Sözlə yarananlar, sözü yaşadanlar”, “Azərbaycan mühacirət mətbuatı (1-ci və 2-ci hissələr)”, “Azərbaycan mühacirət mətbuatında publisistika” universitetin kitabxanasının kataloquna salınıb...
...İnsanlarla münasibətdə sərbəst və səmimidir. Azadlığını son dərəcə sevir və bu sevgiyə əbədi sadiq qalacağına inanır. Ağıllı insanların yanında olmağı çox xoşlayır. Onunla dostluq etmək bir başqa aləmdir. Baş verən hadisələrə fərqli bir şəkildə baxmağı ondan öyrənə bilərsiniz və onunla dostluğunuz sizə ilham verəcək, həyatınıza rəng qatacaq...
Haqqında yazılan məqalələrin birində deyilir ki: “Abid- ibadət edən deməkdir. Abid Tahirli qələmi, sözü ilə ömrünü vətəninə, xalqına ibadətlə keçirib...”
Noyabrın 30-u - yəni bu gün Abid müəllimin 68 yaşı tamam olur. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı, firəvan həyat və yaradıcılıq uğurları arzulayıram.
Çox yaşayın, yaşamaq gözəldir...
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)