Super User

Super User

 

Ötən gün Bakıda olduqca əhəmiyyətli bir beynəlxalq mədəniyyət tədbirinə start verilib, II Türk dünyası Ədəbiyyat və Kitab festivalı başlayıb. Elmlər Parkında düzənlənəcək bu bir həftəlik tədbirdə iştirak etmək şansından yararlanmamaq, kitabsevərlər üçün sadəcə bir itki olar. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festivalın məhz 7 gün davam etməsi özlüyündə türk mifologiyasının müqəddəs 7 rəqəminə istinadı ehtiva edir, günlərin hər biri də bir qardaş ölkəyə həsr edilir.
5 iyun - Azərbaycan
6 iyun - Qazaxıstan.
7 iyun - Türkmənistan
8 iyun - Türkiyə
9 iyun - Qırğızıstan
10 iyun - Özbəkistan
11 iyun - Macarıstan
Ötən gün saat 10-da başlayan təntənəli açılış məraaimində ilk olaraq I Qarabağ qazilərinin ifasında Fərahim Sadiqin “Əsgərnamə elegiya” layihəsi nümayiş olunub. 
Sonra şairə, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə məşhur “İgidlərin sözü layihəsini təqdim edib. II Qarabağ müharibəsi qaziləri öz şeirlərini söyləyiblər. 
Açılış çıxışlarından sonra musiqi nömrələri təqdim edilib. Rəşad İsmayıl sözləri və musiqisi Şahin Musaoğluna aid “Qan qardaşı, can qardaşı, şan qardaşıyıq biz” kompozisiyasını təqdim edilib, Kürdəmir rayon Uşaq İncəsənət məktəbinin Davud Ələkbərov adına uşaq xalq çalğı alətləri ansamblının ifasında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, ansamblın solistləri Aysu Alməmmədli və Həsənalı Həsənlinin ifalarında bəstəkar Emin Sabitoğlunun “Gün keçdi” filmi üçün yazdığı “Bayatılar” mahnısı səsləni . İçinə şeir bəndləri yazılmış şarların havaya buraxilması ilə tamamlanan açılış mərasimindən sonra ziyarətçilərin Kitab sərgisi ilə tanışlıqları başlayıb. İlk gündə sərginin növbəti tədbirləri aşağıdakılar olub:
“Xarıbülbül” Rəqs Qrupunun ifasında “Küçələrə su səpmişəm” rəqsi;
“Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda konfrans. Çıxışçılar - Akademik İsa Həbibbəyli, Xalq şairi Nəriman Həsənzadə, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, fil.e.d., dos. Elnarə Akimova, fil.e.d., dos. Pərvanə İsayeva, fil.e.d., dos. Əlizadə Əsgərli, tənqidçi Əsəd Cahangir.
“Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş, onunla şəxsən təmasda olan insanların xatirələrinin yer aldığı, AYB tərəfindən nəşr edilən “Əbədi ömrün YÜZ İLİ” kitabının təqdimatı. Moderator: Kitabın  redaktoru olan yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli. 
Millət vəkili Cavanşir Feyziyevin 8 dildə nəşr edilmiş “Türk dünyası” 5 cidliyinin təqdimatı. Moderator şair, MM-in mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı. 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr edilmiş “Saqınbaydın manası” kitabının təqdimatı. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Mirbek Karıbayevin, Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Erhan Türbedarın təqdimatı ilə. 
Nakam Azərbaycan şairi Mikayıl Müşfiqin 115 illiyinə həsr edilmiş tədbir. Moderator: fil.f.d., dos. Aygün Bağırlı, məruzəçi: fil.f.d., dos. Safura Quliyeva, çıxışçılar: fil.e.d., dos. Cavanşir Yusifli, fil.f.d., dos. Günay Qarayeva, fil.f.d., dos. Firidun Qurbansoy, fil.f.d. Nərmin Cahangirova.
Tədbirdə həmçinin AYB Müşfiq Komissiyasının sədri Xəyal Rzaya rəssam Tünzalə Ağabalayeva tərəfindən Müşfiqin “İşıqlı dünyadan necə əl çəkim” adlı şeirinə həsr edilmiş rəngkarlıq nümunəsi təqdim ediləcək. 
Xalq yazıçısı Çingiz Abdullayevlə görüş. 
Xalq yazıçısı Anarla görüş. Moderator: İsa Həbibbəyli. 
Mərhum Xalq şairi Vaqif Səmədoğlu barədə  saytın təqdimatı. Moderator: Fərid Hüseyn. 
 Əməkdar artist Nuriyyə Hüseynovanın konserti. 
 Çingiz Mehtipur (“Dalğa” qrupunun rəhbəri) və Vədud Müəzzin ifalarında saz musiqisi
 Əsəd Nağıyev, “Musiqili dəqiqələr”.
 Ən nəhayət, ilk günün finalı Yay kinoteatrında film nümayişi ilə yekunlaşıb. Rejissor Oktay Mir-Qasımın “Qisas almadan ölmə” filmi nümayiş olunub. 
Bu gün də  də biri-birindən maraqlı tədbirlər sıralanır. 
 “Türk dövlətçiliyi tarixi" mövzusunda professor Mais Əmrahovun moderatorluğu, professor Kərim Şükürovun, tarix elmləri doktorları İlqar Niftəliyevin və Ellada Bəkirovanın iştirakıyla mühazirə; 
Nigar Rəfibəyli – 110 tədbiri çərçivəsində qadın şairlərin “Gül dəftəri” şeir şöləni (Narıngül Nadirin, Kəmalə Abıyevanın, Xəyalə Sevilin, Aysel Fikrətqızının, Aypara Ayxanın, Banu Məhərrəmin iştirakı ilə) baş tutub. 
Tanınmış yazıçı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varislə görüş də bu günə təsadüf edən əsas tədbirlərdən biridir.
Şair Şəhriyar del Geraninin moderatorluğu ilə baş tutan görüşdə Varis ümumən ədəbiyyatdan, müasir ədəbi proseslərdən, rəqabətə davamlılığ modulundan, reklam konsepsiyasından, beatseller yazmağın qızıl qaydalarından danışıb. İzləyicilərin suallarını cavablandırıb. Kitabları imzalayıb.
Bu gün festivalda həm də Elxan Zal Qaraxanlının və Cavanşir Feyziyevin  “Xəzər məkanı”,  “Türklər, Xəzərlər, Yəhudilər” kitablarının təqdimatı, eləcə də tanınmış naşir Şahbaz Xuduoğlunun moderatorluğu ilə “Azərbaycanda kitabçılıq” mövzusunda müzakirələr və digər tədbirlər nəzərdə tutulur. 

“Ədəbiyyat və incəsənət”
(06.06.2023)

Çərşənbə axşamı, 06 İyun 2023 16:00

Doğum günündə vəfat edən heykəltəraş

 

Bu gün Münəvvər Rzayevanın doğum günüdür

 

Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmət… bu dahilərin büstləri  onun yaradıcı ömründə ayrıca yer tutur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycanın ilk monumentalçı qadın heykəltəraşı, Əməkdar rəssam Münəvvər Rzayevanın anadan olmasının 94-cü ildönümüdür. 

Münəvvər Rzayeva 1929-cu il iyunun 6-da Şuşada anadan olub. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini,1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirib.

Münəvvər Rzayeva yüzədək müxtəlif səpkili sənət əsəri yaradıb, müxtəlif sərgilərin iştirakçısı olub. 1953-cü ildə Rəssamlıq İttifaqının üzvü seçilib. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərib.

Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, AMEA Nizami adına Ədəbiyyat Muzeyində, Ordubadi muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fondda saxlanılır.

Onun sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3 min 763 metr hündürlüyündəki “Heydər zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefidir.

Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da - doğum günündə dünyasını dəyişib. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Çərşənbə axşamı, 06 İyun 2023 15:00

Ayın sonu “Bakı payızı 2023” müsabiqəsi keçiriləcək

 

Bir vaxtlar çox populyar olan müsabiqə təkrar gündəmə gəlir. “Bakı payızı 2023” müsabiqəsinin birinci və ikinci turları çərçivəsində keçiriləcək konsert proqramlarının vaxtları bəlli olub və iticket pkatformasında artıq biletlət sayışa çıxarılıb.  

 

Konsertlər Bakı Musiqi Akademiyasının Opera Studiyasında 28, 29, 30 iyun və 1 iyul tarixlərində keçiriləcək, müsabiqənin 1 və 2-ci turlarının qalibləri müəyyənləşəcək və elan olunacaq.

 

Biletləri şəhərimizin kassalarından və www.iticket.az saytından onlayn əldə etmək olar. Əlaqə telefonları: (012) 493-74-67

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

 

Dünyaşöhrətli ispan rəssam Pablo Pikassonun “Qadın büstü” (Buste de femme) tablosu Kölndə keçirilən hərracda 3,4 milyon avroya satılıb. 

Bu barədə week-end xəbər paylaşıb. 

 

Pikasso bu əsəri 1971-ci ildə yaradıb. İık baxışda uşaq rəsmini xatırladır. Amma abstraktizm nümayəndələri iddia edirlər ki, butda dahiyanə fikirlər gizlənib.

Bu arada hərrac evinin milliyyətcə holland olan nümayəndəsi Van Ham bu qiyməti çox  yüksək adlandırıb, belə satışın gözlənilmədiyini qeyd edib, əsərin real qiymətinin 1,5-2,5 milyon avro arasında olduğunu bildirib. 

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

"Atam Yalçın Rzazadə mənə heç vaxt dəstək olmayıb. Heç bir telekanal, heç bir veriliş işçisi deyə bilməz ki, Yalçın müəllim zəng edib, mənim üçün xahiş edib. Belə şey ömründə ola bilməz. Heç xoşlamırdı ki, onunla bərabər verilişə qonaq gedim. Hətta veriliş əməkdaşları da məni atamla birlikdə efirə qorxa-qorxa dəvət edirdilər ki, Yalçın müəllim bunun əleyhinə olacaq. Bir məqam da var idi, mən bunu heç vaxt vurğulamamışam, deməmişəm. Çünki hardasa xətrimə dəyib, məni incidib belə addımlar. Hətta Yalçın müəllimin Heydər Əliyev adına sarayda keçirilən 50 illik yubiley konsertində də mən oxumamışam. Yalçın müəllim məni o konsertə də çıxarmadı ki, sonra deyəcəklər ki, öz yubiley konsertində oğluna təkan verir, onu qabağa salır"

 

Bunu moderator.az-a açıqlamasında xalq artisti, görkəmli sənətkar Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə deyib.

 

"Mənim tanınmağım ən çoxu bu son iki ilə-Yalçın müəllimi itirdikdən sonraya təsadüf etdi. Baxmayaraq ki, 10 ildən artıqdır oxuyuram. Yalçın müəllim rəhmətə gedəndən sonra Oqtay Əliyev mənə zəng vurdu və dedi ki, "oğul, mən sənə hərtərəfli dəstəyəm və sənin yanındayam". Allah ona rəhmət etsin. Mən onun etdiyi yaxşılıqları ölən günümə qədər unutmayacam. Bu günki tanınmağımı Oqtay Əliyevə borcluyam. Oqtay müəllimin verilişləri, tanışlıqları, dəstəyi hesabına mən son iki ildə xeyli irəlilədim. Bir məsəl var-yetimə gəl-gəl deyən çox olur, amma çörək verən az. Yalçın müəllimin ətrafında çox adam var idi. Hansı ki, deyirdilər "Mətinə dəstək olacağıq, ay elə, ay belə". İndi haradadır o adamlar? Bu günə qədər mənim dəstəyə ehtiyacım olub. Bu gündən sonra mənim o dəstəyə ehtiyacım da yoxdur. Çünki xalq məni qəbul edib. Ola bilsin ki, kiminsə 5 milyonluq, 3 milyonluq auditoriyası var. Mənim auditoriyam ola bilər ki, 10-15 mindir. Amma o auditoriya musiqidən başı çıxan, musiqiyə dəyər verən insanlardır. Bu məni qane edir. Düşünürəm ki, məni artıq Yalçın Rzazadənin oğlu Mətin kimi yox, Mətin Rzazadə kimi qəbul ediblər" deyə Mətin Rzazadə bildirib.

 

Müğənni atasının mahnılarına icazəsiz müraciət edənlərdən də danışıb.

 

"Atamın mahnılarına müraciətlə bağlı dediyim sözlərdə mənə heç kim irad tuta bilməz. O ki, qaldı icazəyə. İcazə istəmək böyük qanacaq, tərbiyə tələb edir. Gənclərin hamısına aid olmasa da, bir çoxları var ki, heç onların oxuma mədəniyyətləri yoxdur, qaldı ki, insanlıq mədəniyyəti olsun. Özləri nə oxuyurlar ki, hələ icazə istəmək üçün mədəniyyətləri də çatsın. 33 yaşım var, gənc müğənni sayılıram, amma heç istəmirəm ki, mənim adımı indiki gənc müğənnilərlə səsləndirsinlər, bir tutsunlar. Verilişlərə də çox çıxmıram, ayda bir verilişə qonaq gedirəm. Sadəcə olaraq maraqlı deyil. Həmyaşıdlarımla efirə çıxanda nə söhbət edim?! Nə həyat tərzimiz, nə də ki sənətimiz bir deyil ki, durub onlarla sənətdən danışım" deyə o bildirib.

 

Mətin Rzazadə atasının mahnılarını nadir hallarda dinlədiyini bildirib.

 

"Mən atamı itirmişəm. Fikirləşmirəm ki, müəlimimi, ustadımı, mənə bu sənəti öyrədən ustadımı itirmişəm. Desəm bəlkə də inanmazsınız, bu son iki ildə ürəyim gəlmir ki, Yalçın müəllimin mahnılarını dinləyim. Sonuncu dəfə Yalçın müəllimin mahnısını 1 ay bundan öncə dinləmişəm. Cabir Novruzun Yaşıl teatrda 90 illiyinə həsr olunmuş gecə keçirilirdi, orada onun mahnısını ifa etməli idim. Məhz onda maşında dinlədim. Hətta Yalçın müəllimin mahnılarını haradasa eşidəndə, kimsə ifa edəndə, mənə çox pis təsir edir, xoş olmur. O mahnıları yenidən dinləmək mənim üçün ağırdır. Neçə yaşım olursa-olsun onun yeri həmişə mənim üçün boş qalacaq.Bizim evdə, ailədə onun yeri görünəcək, söhbətləri dilimizdə gəzəcək" deyə Mətin Rzazadə bildirib.

 

Mətin Rzazadə atasının ev muzeyinin yaradılması ilə bağlı addımların atılacağını da bildirib.

 

"Ev muzeyi mütləq olacaq. Bunun üzərində çalışacağıq. Sadəcə olaraq mənim başım sənətə, öz işlərimə qarışıb. Gərək bütün işimi-gücümü kənara atıb, bununla məşğul olum. Ev muzeyinin üstündə mütləq çalışacağıq və onu ərsəyə gətirəcəyik. Baxmayaraq ki, Yalçın müəllimin 3 övladı var, amma onun sənətinə yaxın olan övladı mənəm. Ona görə də bunu ilk mən etməliyəm ki, sonradan qardaşlarım mənə dəstək olsunlar" deyə müğənni bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

28-ci dərc

Deyim niyə?

-Niyə, şef?

-Əgər müşahidə məntəqəsi qəsdən bunkerin qapısı üzərində tikilmişdisə, deməli daxma həm də lazım olarsa, dəstə üzvlərinin nəzərə çarpmadan qaçıb aradan çıxmaları üçün istifadə olunmağa hesablanmışdı. Başqa sözlə, vaxtilə bunkerə qoyulmuş əsas qapı, bir hadisə baş verərsə, ehtiyat qapı kimi istifadə olunacaqdı. Bunkerin divarlarının az qala bir metrlik dəmir-beton konstruksiyadan hazırlandığını bilirdim. Belə bir divara qədər lağım atıb sonra da beton divarı yarmaq fantastik göründüyü üçün bunkeri ehtiyat variant qismində saxlayırdım. Cinayətkarlar yalnız bu halda bunkerdən öz məqsədləri üçün istifadə edə bilərdilər. Razılaş ki, əks təqdirdə bunkerə, ətrafı yaşayış evləri olan yola baxan qapısından girib-çıxmaqdan başqa çarələri olmazdı ki, onda da heç kimin diqqətini cəlb etməmək elə birinci variant qədər fantastik olardı. Daxmanın təyinatını anladıqdan sonra daha bunkerin peri­met­rinin qalan hissələrini də gəzib yoxlamağa ehtiyac qalmırdı. Ancaq qapıda qıfılın olması etiraf edim ki, məni də çaşdırmışdı. Məntiqlə belə həlledici məqamda müşahidə aparmaq üçün oraya qoyulmuş adam heç bir halda postunu tərk etməməli idi. Daxma isə çöldən qıfıllı idi...

-Şef, bəs birdən qaçaraq daxmanın qapısını sındırmağınıza səbəb nə oldu?

-Bax indi gəlib çıxdıq hissiyatım barədə dediklərinə. Bütün indi sənə dediklərimi dəqiqləşdirdikdən sonra məhz hissiyatım məni oradan uzaqlaşmağa qoymur, vaxt son dərəcə az olsa da, hər şeyi bir daha nəzərdən keçirməyimi istəyirdi. Əslində, qıfıl məsələsinin də çözümünü tapdım orada. Ancaq bu çözüm yol kənarında dayanmış maşının ön şüşəsinə zəif işıq işartısının düşməsi ilə eyni vaxtda gəldi və mən qapını təpiklə vurub sındırarkən, onun yalnız içəridən cəftə ilə bağlı olduğunu bilirdim. Asma qıfıl isə yayındırıcı məqsədlə ora asılmışdı və bu fənd­lə bizi də aldatmağa müəyyən qədər müvəffəq oldu cinayət­karlar.

-Bəs axı...

-Əziz Layiqə. O qıfıl asılması üçün nəzərdə tutulan dəmir halqaların yalnız birindən keçirilməklə asılmışdı. Bunu gec də olsa başa düşdüm. Yadındadırsa, daxmaya ikinci dəfə də qayıtdım.

-Hə, yadımdadır, şef.

-Qapı təpiyimin təsirindən sınarkən içəri düşmüşdü. Yerə aşmış qapını yoxladım və fərziyyəmin doğru olduğuna əmin oldum. Qıfıl, dediyim kimi, yalnız qapının açılan layındakı halqaya keçirilərək qıfıllanmışdı. Amma daxmada başqa bir şeyi də yoxladım.

-Nəyi şef?

-Bunkerin qapısı həqiqətən daxmanın içərisində idi. Ən maraqlısı da bu idi ki, bunkerin qapısına vurulmuş, ilk baxışdan pas içində olan və illərlə açılmayan təsəvvürü yaradan qıfıla burnumu yaxınlaşdırarkən qıfılın içərisindən tikiş maşınlarının yağlanmasında istifadə olunan yağ iyi vurdu məni. Qıfıl rahat açılıb bağlanması üçün yağlanmışdı. Təbii ki, bunkerin öz qıfılının açarı onlarda ola bilməzdi. Buna görə də həmin qıfılı qırıb yerinə açarı olan, ancaq şübhə doğurmamaqçün elə əvvəlki qıfıl kimi paslı, mexanizmi qəşəngcə yağlanmış bir qıfıl asmışlar. Ancaq bu qapı yenə də yalnız və yalnız ehtiyat çıxış ola bilərdi. Deməli, bunkerin başqa yerdən girişi var idi. Böyük ehtimalla isə Babaxanın olduğu evdən. Təhlükə olarsa, daxmadakı adam əvvəlcə telefon vasitəsi ilə onlara xəbər verməli, sonra isə qapıdakı qıfılı açmalı idi ki, qaçıb aradan çıxa bilsinlər. Bundan sonra baş verənləri özün bilirsən.

-Dahiyanədir, şef.

-Yadında qalsın, Layiqə, bütün dahiyanə şeylərin izahını bildikdən sonra, onların ən sadə şeylərə söykəndiyi məlum olur.

-İstintaqa ifadə verərkən orada bundan əvvəl cəmi iki dəfə insanların orqanlarının çıxarılmasını öyrəndik. Kamil müəllim isə, həmin ünvanda işıq məsrəfinin üç dəfə artdığını demişdi. Təbii ki, o sonuncu məsrəf artımı barədə hələ məlumatlı ola bilməzdi, bunu sonra biləcək. Belə isə, üçüncü məsrəf artımını nə ilə izah edirsiniz?

-Təhlili öyrən, Layiqə. Əgər hər hansı bir, qoy lap gizli  tibb müəssisəsi olsun, fəaliyyətə başlayırsa, orada quraşdırılmış çoxsaylı tibbi cihazların normada işləməsini yoxlamaq, göstəricilərini uyğunlaşdırmaq, ehtiyac olarsa nizamlamaq lazım deyilmi? Bunun üçün həmin cihazlar işə salınıb saatlarla müşahidə aparmaq tələb olunmurmu? Bax elə dediyin üçüncü, əslində isə birinci məsrəf artımı o zaman yaranıb. 

-Şef, bizim işimizdə ən əsas olan nədir?

-Bir neçə əsas şey var. Bunlar təcrübə, məntiqi düşüncə tərzi, bir də ki, anında düzgün və qətiyyətli qərar qəbul etmək bacarığıdır. Güclü hissiyata malik olmaqla yanaşı insan psixologiyasını bilmək isə köməkçi şərtlərdir bizim işimizdə.

-Hissiyyat barədə bayaq danışdıq. Bəs psixologiyanın bura nə aidiyyəti var?

-Var, Layiqə, var. Psixologiyanı bilməklə çox şeyə nail olmaq, hətta yalanı da tutmaq olar. Bir misal çəkəcəyəm. Bu cinayət Babaxanın izinə düşdükdən sonra açıldı və Nərminin həyatını xilas edə bildik. Babaxanın izinə isə Tahir müəllimin qonşusu olan Zabitədən az qala kəlbətinlə aldığım sözlərdən sonra düşə bildim. Əgər ilk dəqiqədən Zabitəyə özümü detektiv kimi təqdim etsəydim, heç nə bilmədiyini söyləyib qapını üzümə bağlayacaq, çox güman ki, indi Nərmin də, elə o biri xilas etdiymiz kişi də artıq həyatda olmayacaqdılar. Bax belə psixologiya sahibləri də var. Onlara özünəməxsus, elə öz psixologiyalarına uyğun yanaşma tələb olunur. Zabitəni gör­mədən psixoloji portretini cızmışdım.

-Bəs yalan necə ifşa edilir bu üsulla?

-Bu bir qədər çətin işdir. Püxtələşmiş yalançılar var ki, onların yalanını tutmaq heç də asan olmur. Amma soruşduğun üçün bir misal çəkəcəyəm. Fərz edək ki, bir tanışına işin düşüb. Zəng edib onunla görüşmək istədiyini bildirisən. O isə açıq-aşkar yox deyə bilməsə də, görüşmək istəmir. Deyək ki, deyir, şəhər kənarında, məsələn Mərdəkandayam. Bir qədər sonra yenə də ona zəng et. Qısa müddət sonra yenidən zəng etməyin onu təbdən çıxaracaq. Çünki Mərdəkanın yolunun ən azı iyirmi dəqiqə olduğunu ikiniz də bilirsiniz. Ümumiyyətlə, qarşı tərəfin daxilinə nüfuz etmək istəyirsənsə, onu bir yolla tarazlıqdan çıxarmağa nail olmalısan. Əsəbi insan özünü idarəetməni itirir. O təbii ki, yenə də telefona cavab verəcək. “Gəlməmisənmi?“ deyə bir də sual ver. Əgər yalan danışırsa, bilirsənmi o sənə hansı cavabı verəcək?

-Hansı cavabı şef?

-Deyəcək ki, yox, hələ oradayam. Bəs məntiqlə nə deməlidi?

-Məntiqlə, əgər doğrudan da Mərdəkandadırsa, deməlidir ki, yox, hələ buradayam. Maraqlıdır şef, bəs bu necə baş verir?

-Bunun elmi izahını verə bilmərəm. Sadəcə, özüm üçün bunu belə izah edirəm. Yalan danışan insan uydurduqlarını sonradan unudur. Yalnız sonradan. Yeni uydurduğu yalanı isə bir müddət bərk-bərk xatırlayır və bu onun şüuraltında həkk olunur. İndi keçək gözlərə. Əvvəlcə müqəddəs Qurani-Kərimdən bir sitat gətirəcəyəm: “Gözlər şəhadət verəcək”. Məhz bu kəlmələri araşdıran dünya alimləri yaxın keçmişdə kəşf ediblər ki, gözlərin özünün ayrıca, göz arxasında yerləşən kisəcik şəkilli  beyni var. Gözdə inikas olunanlar bu beyinə həkk olunur. İndi davam edək. Sənin az keçmiş etdiyin təkrar zənglə əsəbiləşərək tarazlıqdan çıxmış tanışın, telefonunda adını və ya tanış nömrəni görərkən şüuraltındakı məlumat yenidən oyanır. Şüur özü isə ona Bakının mərkəzində olması barədə siqnallar ötürür. Dedikləri inandırıcı olmaq üçün şəhərin mərkəzində dayanmış insan bir anlıq özünü Mərdəkanda təsəvvür edir. İşə gözlərin beyni qarışır və yenə də ətrafda əks olunan mənzərənin Mərdəkana deyil, şəhərin mərkəzinə aid olmasını bildirir. Ziddiyətli siqnallar qarışır və göz qabağına şəhərin mərkəzi ilə Mərdəkan arasındakı məsafə gəlir. Məsafədə olan hər bir şey haqqında isə həmişə “ora”, “orada”, “oradakı” və sair sözlər işlədilir. Bax beləcə tanışın da ziddiyyətli siqnallardan çaşaraq özünü ifşa edir. Belə geniş izah etsəm də,  bütün bunların bir saniyə ərzində baş verməsi yalançının çaşmasına səbəb olur. Üzbəüz danışıqda isə, yalan danışan insanın gözünün içinə baxmaq kifayət edir. Yalançılar həmişə baxışlarını gizlətməyə çalışır, həmsöhbətinin gözünün içinə dik baxmırlar.   

-Başa düşdüm, şef. Yenə sualım qalıb.

-Soruş, Layiqə, nə istəyirsən soruş.

-Həmin gecə dalandakı birinci evin tuşundan keçəndə, qayı­dıb küçə qapısına diqqətlə baxdınız. Qapıdakı gizli simvol idi?

-Bəli, düz tapmısan. Düzbucaqlı üçbucaq.

-“Ev artıq talanıb”?

-Elədir ki, var, “ev artıq talanıb”

Talançıların gizli simvolları ilə işə təzə başladığı vaxtlarda Layiqəni tanış etmişdim. “Varlı ev”, “Ev gecə boşdur”, “Biznesmen evidir”, “Səhər boşdur”, “Axşam boşdur”, “Ev maraq doğurmur”, “Ev əlçatan deyil” və sairə mənalar verən bu simvollar vasitəsilə oğrular bir-birlərinə işarələr verirlər. Talançıların otuza yaxın belə gizli simvolları var.

-Həmin ev bu yaxınlarda talanmış olsaydı, Orxan Dəmirli mütləq dalana yaxınlaşanda bizə bu barədə məlumat verərdi. Buna borclu idi. Əgər susdusa, deməli, ev talanmayıb. Deyəsən o simvolun qapıya vurulmasının səbəbini başa düşməyə başlayıram.

-Düz başa düşürsən, Layiqə. Əminəm ki, Nərmin gizlədilən evin sağında və solundakı evlərdən, əməliyyat başa çatdıqdan sonra yaranmış hay-küydən sonra da nə bir işıq yanmadığına, nə də bir adamın boylanmadığına fikir vermisən. Ona görə ki, bu evlər də cinayətkarlara məxsusdur və bir növ, qoruyucu rolunu oynayırlar. Yaxın qonşuların olduğu bir məkanda əvvəlcə beton divarın yarılaraq bunkerə yol açılması, oğurlanmış insanların saxlanılması və sonradan orqanlarının çıxarılması kimi bir işi həyata keçirmək olduqca təhlükəli olardı və cinayətkarlar da bunu gözəl bilirdilər. Ona görə də bu evləri də almışlar. Dalandakı birinci ev isə kifayət qədər aralıda yerləşdiyindən maraq doğurmayıb və ya artıq məsrəf etmək istəməyiblər. Sa­də­cə həmin evin nə vaxtsa talanması və nəticədə cinayətlərini həya­ta keçirdikləri dalana polis əməkdaşlarının gəlməsindən sığor­ta­lanmaq məqsədi ilə evin artıq talanması barədə həmkarlarına bu yolla yalançı mesaj yollamışlar. Təcrübə göstərir ki, talanmış evin təkrarən talanması milyonda bir halda baş verir. Sadə insanlarsa, qapılarında, yaxud qapıya yaxın yerdə divarda çəkilmiş, mənasını bilmədikləri və çox vaxt da uşaq cızmaqarasına oxşayan oğru simvollarını görəndə bunun nə olduğunu başa düşməyərək əhəmiyyət vermir, adi bir şəklin evlərinin, mənzillərinin talanmaya hazırlanmasına işarə olduğunu başa düşmürlər. Sonra isə gec olur. Halbuki, internet vasitəsilə çox asanlıqla bu simvollarla tanış olmaq mümkündür.

-Həmin gecə siz bunkerə düşdükdən sonra, Babaxanla həyətdə ikimiz qalanda, mən də bir neçə sual verdim ona.

-Yük maşını barədə?

-Tək maşın yox, şəkil barədə də.

-Maraqlıdır.

-Vəziyyət elə gətirib ki, Nərminin qaçırılması planını Ba­ba­xan özü hazırlayıb və həyata keçirib. Ancaq maşını da, şəkilləri də gizlətmək kimi uzaqgörən addımlar onun beyninin məhsulu deyil. Elə şəxsi maşını və cib telefonu vasitəsilə koordinatlarını müəyyən edə bilməməyimiz də. Babaxan bütün təlimatları Həsənağa adlı birisi vasitəsilə dəstənin başçısından alırmış. Maşını gizlətməkdə də məqsəd elə izi itirmək imiş. Zəif cəhd olsa da, qız oğurlanan tarixdən növbəti və sizin tapşırığınızla iki gün əvvəlki günlərin görüntülərinə baxmasaydıq, bu fəndləri işlərinə yarıya bilərdi. Ən azı vaxt udmaq nöqteyi nəzərindən. Bu təlimatları verən kimdirsə, ağıllı adam olduğu bilinir.

-Həm də bilsən necə ağıllı. Təəssüf ki, ağıl və bacarığını belə yaramaz işlərə yönəldib. Bilirsən, Layiqə, biz sanki cinayət­kar­larla şahmat oynayırıq. Silah, fiziki güc tətbiq etməyə də həmi­şə ehtiyac olmur. Olursa da, lap sonda. Qalan vaxtda elə şah­mat lövhəsinin üzərində edilən gedişlərə bənzəyir müba­ri­zə­miz. Gedişlərdə kim kimi üstələyirsə, o da qalib çıxır sonda. Ba­ba­xanın tək bircə şəkli əlimizdə olsaydı, sonradan məlum olduğu kimi, Orxan Dəmirli onu tanıyacaq, bizi düz onun olduğu evə aparacaqdı. Nə bu qədər baş sındırmağa, nə də Nərminin həyatı bahasına başa gələ biləcək vaxt itkisinə ehtiyac olmayacaqdı. Bununla belə, hər şeyi nəzərə almaq mümkün deyildir. Hər bir cinayətkar özündən sonra mütləq bir iz qoyur. Biz isə, elə aşkar etdiymiz o izlərlə gedib cinayətləri açırıq. Elə az əvvəl haqqında danışdığımız talançı simvolu da, həmin gecə mənim üçün doğru yolda olduğumun daha bir təsdiqi olmaqla, onların özlərinə qarşı yönəlmiş oldu.

-Bir şey də öyrəndim həmin gecə.

-De, Layiqə.

-Babaxanın “Jiquli” markalı ikinci maşını var imiş. Zabrata da əsasən bu maşınla gedirmiş. Həmin gün “Jiquli” təmirdə olduğundan “Nissan”la getməli olub.

Bir qədər susdum. Bu Orxan Dəmirlinin Babaxanın maşınını xatırlamamasının səbəbini izah edirdi.

-Qoy, bu, araşdırmamızdakı yeganə səhvimiz kimi passivimizə yazılsın, Layiqə. Sağ ol ki, bunu gec də olsa, öyrənə bilmisən.

-Şef, son sualı da verəcəyəm. Ancaq inciməyin.

-Buyur, Layiqə.

-Bəs necə oldu ki, atəş açan cinayətkar sizi qabaqlaya bildi?

Burada inciməli bir şey görmürdüm. Ancaq hansısa mənada mənim üçün ağır bir sual idi. Bununla belə cavab verməliydim.

-Yaralandıqdan sonra uzun müddət müalicə aldım. Bərpa olunduğumu düşünərək xidmətə qayıtdım. Ancaq qolumda mütəmadi olaraq dözülməz ağrılar baş qaldırmağa başladı. Bu ağrılar səbəbindən həyatımı həsr etdiyim peşəmdən ayrılmaq istəmirdim. Uzun müddət bunu gizlətdim. Boş vaxtlarımda Daxili İşlər Nazirliyinin Atıcılıq tirinə gedib sol əllə tapançadan atəş açmağı məşq etdim. Çətinliklə “onda səkkiz” göstəriciyə nail oldum. Ancaq ağrılar xidməti davam etdirməyimə imkan vermədi. Təqaüdə çıxaraq müalicələr aldım. Nəticə bu oldu ki, ağrıların başvermə intensivliyi azaldı. Həmin gecə də qolumda sızıltılar baş qaldırmışdı. Buna görə silahı sol əlimdə tutmuşdum. Sol əl isə, sağ əl deyil.   

Restoranın işıqları söndü. Həzin musiqi səslənməyə başladı.

-Yenə rəqs edək, şef?

-Edək, Layiqə, edək. 

Həmin axşam Layiqə ilə düz beş dəfə rəqs etdik. Onu evlərinə düşürəndə gecə yarısı idi.  Bir gün də dincəlib, sonra işə çıxmasını tapşırdım.

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(06.06.2023)

 

 

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir.

Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs etməkdəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.

Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə son aforizmlər:

- Əgər səbəb aydın deyilsə o səbəb yox kimidir.

 - Təkrar biliyin anasıdır. Hələ olmayan bir şey barədə isə biz nəsə bilməyi heç arzulamırıq.

 - Dünya çox sürətlə dəyişir və bizim genetik strukturumuz onun ardınca çata bilmir. Biz öz yaşayış mühitimizdə özgəyə çevrilirik.

 - Xoşbəxt olmaq üçün müntəzəm xırda müsbət affektlər almaq lazımdır. Yəni ki, çoxlu yaxşı xəbərlər bir əla xəbərdən daha yaxşıdır. Və ya əksinə, bir böyük bədbəxtliyi yaşamaq illər uzunu kiçik bədbəxtlikləri yaşamaqdan daha yaxşıdır.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbə nəsrindir, Çinarə Ömrayın “Adsız” hekayəsinin təqdimatıdır.                              

 

 

NƏSR

 

Çinarə ÖMRAY

 

ADSIZ

 

 

Yetimliyimin ilk günündə, sadəcə, dəli kimi qaçdım.

“Hara?”, “Kimə?”, “Kimdən?” bilmədən qaçdım.

Ata olacaq yaşdayam, hələ də içimdəki o yetim uşaq qaçır. Bu yaşda o uşağı anlaya bilmirəm. Hələ də yorulmadan qaçdığını və kimə qaçdığını bilmirəm. Mən onda bilirdim, indi başım öz uşaqlarıma, onların qayğılarına qarışdıqca onun məndən də qaçdığını, hər gün bir az da uzaqlaşdığını görürəm.

Heç kimə izah edə bilmirəm ki, bu, məni necə ağrıdır, necə incidir!

Anasının atdığı o uşağa bu gün mənim də sahib çıxa bilməməyimin ağrısı hər gün içimi bir az daha ağrıdır.

Hərdən əlindən tuturam, “gəl birgə qaçaq” deyirəm, sonra görürəm, nə yaşım o yaşdı, nə qayğılarım o qayğılardı; çata bilmirəm, təngnəfəs oluram, yarı yolda nəfəs-nəfəsə qalıb buraxıram əlini.

İnsanın öz içi ilə, öz uşaqlığı ilə uzlaşa bilməməsi, yarım qalmış uşaqlığına sahib çıxa bilməməsi ağırdı.

Mən onda öyrənmişdim ki, insan bir günün içində 16 yaş böyüyə bilərmiş.

Hə, yetimliyimin ilk günü, sadəcə, dəli kimi qaçdım… Dayananda 30 yaşım vardı.

Onda atam üstümə qışqıranda səsi qulağıma qadın səsi kimi gəlirdi. Elə bilirdim ki, uşaqların üstünə ancaq anaları qışqıra bilər. Bir də elə bilirdim ki, uşaqları ancaq anaları qoyub gedə bilər. Atalar getməz, atalar sahib çıxar, atalar qucaqlayar.

Sonra bir gün anamın bir başqasıyla şəklini gördüm... O günə qədər elə bilirdim ki, mənim anam heç vaxt gözləri ilə gülə bilmir. Elə bilirdim uşaq vaxtı nənəmgil ona gözləri ilə gülməyi öyrətməyiblər, yadlarından çıxıb. Anamın gözlərində hər zaman bir damla yaş olurdu. Məsələn, atama əsəbiləşəndə də o yaş orda olurdu, mənim doğum günüm olanda da. Onun həmişə bir qırpımlıq yaşı vardı gözlərində.

Sonra bir gün anamın başqasıyla şəklimi gördüm... Özünü görməyə hazır deyildim. Bağışlaya bilmirdim. Çünki o gedəndən heç “oğlum” deyən olmadı mənə onun kimi. Çünki o gedəndən hey onun-bunun “oğlum” kəlməsinin istisinə qızındım. O gedəndən hey özümdən qaçdım, beynimin mənə verdiyi suallardan qaçdım. Bir tək atam üçün dayandım həyatın müəyyən dayanacaqlarında, bir tək o gülümsəsin deyə, o dayanacaqlarda qərarlar verdim, bir tək onun içi rahat olsun deyə, həyata keçirdim o qərarları. Sonra hey qaçdım...

Hə, sonra bir gün anamın başqasıyla şəklini gördüm... Anamın gülməyən üzü tək o şəkildə gülürdü. Anamın gözündəki o bir damla yaşı da yoxa çıxmışdı o şəkildə. Anama kimsə  gülməyi öyrətmişdi, özü də gözləri ilə. Atamdan, bunca qaçdığım suallardan, yollardan utanmasam, sevincəkdim. Onu ömrümdə ilk dəfə gülən görürdüm.

Gördüm o şəkli... Gözləri gülürdü. Məni qoyub getdiyi yaşdan bir az çox idi yaşı, amma gülürdü. Yanındakı adamla oxşar idi gülüşü. Əmindim, o adam öyrətmişdi anama o gülməyi. Bir almanın yarısıydı o gülüşlər. Onların gülən gözünə baxdıqca atamdan, illərdi qaçdığım bu yollardan utanırdım. Anam gedəndən sonra bir müddət atam da üzümə baxmadı. Nənəm deyirdi: “Kişidi balam, sığışdıra bilmir özünə. Utanır”.

Hərdən mənə elə gəlirdi, atam da mənimlə bərabər qaçır. Anam bizdən, biz hamıdan qaçırdıq o gündən bəri. Yolun bir yerində mən yenə tək idim. Çünki atam da öz həyatını, ailəsini qurmuşdu. Yox, o atıb getmədi, amma bu mübarizədə mən tək qaldım, bu qaçış yolunda daim tək qaçdım. Ayağıma, ürəyimə dəyən daşlardan da kimsənin xəbəri olmadı. Gah öz içimə qaçdım, gah da öz içimdən.

Sonra o şəkli gördüm... Ömrümdə ilk dəfə o şəklin qarşısında ayaq saxladım, dayandım. Təngnəfəs idim, həyatla üzbəüz idim. Bir gecəyə 16 yaş böyüyən biri bunca ilə neçə yaşa gəlmişdi, özün düşün. Artıq atamın da “Anam” yarası sağalmışdı, adamların da “Anam” yaddaşı silinmişdi, təkcə anamın gözündəki bir damla yaşla, son gedişiylə, “oğul” kəlmələrinin içimdə açdığı yaralarıyla qalmışdım. Nə anamı, nə özümü bağışlaya bilirdim.

Bəli, bir gün anamın o eyni gülüşü bölüşdüyü başqasıyla şəklini gördüm... Ayağıma, ürəyimə, üzümə, gözümə, kürəyimə dəyən bütün qum-çınqıl yığılıb böyük bir daş olmuşdu. Yetimliyimin ilk günündə, sadəcə, dəli kimi qaçırdım... Yeri gəlmişkən, elə ilk dəfə dayananda o daşa dəyib dayanmışdım. O daşın üstündə anamın başqasıyla şəklini gördüm. Gözləri gülürdü. Yanındakı adamla oxşar idi gülüşü, o adam öyrətmişdi anama o gülməyi. Əmindim.

Və bir də daşın üstündə bu yazılmışdı: “Böyük sevginin yol qəzasına qurban getdi…”

O günə qədər hey qaçırdım, bu yolda, bu həyatda təkbaşına qaçırdım. İlk dəfə o daşa dəyib dayanmışdım. Bir də hardansa titrək əl dəydi kürəyimə və təngnəfəs səslə: “Bacın qurban, sən tək deyilsən” – dedi hardansa. Lap elə anam kimi dedi, lap elə anamın səsiylə…

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2012)

 

Çərşənbə axşamı, 06 İyun 2023 12:45

“Mənimlə gəl” - Sara Naci

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən yaxşı şeirlərinin dərcini davam etdiririk. Bu gün Sara Nacinin həftəsi yekunlaşır. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino sahəsində çalışır. 

 

 

MƏNİMLƏ GƏL

 

Saçlarım çiyinlərindən tökülür

Və bu pəncərədən Şimal dənizinə qovuşur

Məndən uzaqlaşmağını istəmirəm

Rəmkədə keçən buludlarla gedəsən

Ya da mövsümün qanlı yarpaqlarının üstündə addımlayasan

Və ya qoca tısbağalar arasında

Özünə dalasan

Səsini içindən eşidirəm

Onun dinliyi yoxdur

Gəl olayların dibərdinə vuraq

Gəl suların üzündə əsək

Və Mərcan qayalarını dalğalara oyuncaq edək

Günəş nəhəng ağaclar səltənətini idarə edir

Və sən daxili duyğularının inqilabında boğulmaq istəyirsən?

İndi boğulmaq vaxtı deyil

Yerdəki canlılar arasında həyat hələ də davam edir

Mənimlə gəl

Tropik küləkləri izləyək

Və başqa yerə gedək.

 

 “Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Çərşənbə axşamı, 06 İyun 2023 12:15

Azərbaycan mədəniyyətinin dəyərlərindən biri...

“Ədəbiyyat və incəsənət” portalının yazarı Elman Eldaroğlunun növbəti təbrik mətnini təqdim edirik. Mətn “liftçi qız”a həsr edilib. 

 

Xoş xatirələr həmişə şirin olur. Yada düşdükcə adamın əhvalını dəyişir. Köks ötürürsən, amma həm də dodaqların qaçır, çöhrənə təbəssüm qonur. Onun da xoşbəxt anları çox olub, xatırlayanda gözləri gülür...

 

“Bizim ailədə biliyə tərbiyəyə, mədəniyyətə çox böyük önəm verilirdi. Böyük qardaşım, bacım və mən, yəni üçümüz də musiqi ilə məşğul olurduq, müxtəlif dərnəklərə gedirdik. Qardaşımız bizdən daha istedadlı idi, lakin o, sonralar elm yolunu seçdi. Fiziologiya ilə məşğul olmağa başladı, Moskvaya köçdü. Bacım isə rəsmlə məşğul olur, şeir yazırdı. 16 yaşına qədər skripka çalırdı. Gözəl səsi var idi. Allah ona bunu böyük töhfə kimi vermişdi. Skripka da gözəl alətdir, amma ən gözəl alət insanın səsidir. O da oxumağı seçdi. Mən gah xor, gah rəqs, gah baletdə özümü sınayırdım. Uğurlu bir gənc idim. Məqsədim var idi, başqalarından seçilməliydim. İndi hamı oxumaq istəyir. Amma çox adam düşünmür ki, bunu bacarır ya yox? Mən bacarmasaydım bu sənətin dalınca getməzdim...”- söyləyir.

 

3 bədii filmə çəkilib. Bu filmlərdə ən çox xoşladığı rolu isə “Liftçi qız” filmindəki roludur.

 

Deyir ki,- “O vaxtı filmlər üçün yeni simalar lazım idi. Mən də məktəbdə oxuyurdum. "Liftçi qız" filmi üçün məni məktəbdən seçdilər. Arıq, uzun boylu gənc qız axtarırdılar. Mən 6-cı sinifdə oxuyurdum, amma qəhrəmanım 17 yaşında olan gənc bir qız idi. Təsəvvür etmirdim ki, bu rol üçün məni təsdiqləyəcəklər. Foto və video sınaqlardan sonra məni rejissor Həsən Seyidbəyli seçdi. Artıq 2-ci filmə dəvət gələndə valideynlərim şərt qoydu ki, dərslərinə mane olacaqsa çəkilmə! Təkcə dərs yox, obrazın mürəkkəbliyi də məni yorurdu. Söhbət "Mən ki, gözəl deyildim" filmindən gedir. Bu filmdə də mənim qəhrəmanım yaşca məndən böyük idi. Çətin idi, biz Bakıdan ayrılmaq məcburiyyətində qalırdıq. Film Gəncədə çəkilirdi, əksər səhnələr orda idi. 3-4 ay Gəncədə olduq. Gəncəyə çəkilişə anamla gəlmişdim, hətta anam dərslərimdən geri qalmamaq üçün məni Gəncədə məktəbə də yazdırmışdı...”

 

 Səhnədən uzaqlaşsa da, sənətdən hələ də uzaqlaşmayıb. Uzun illərdir ki, Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışır. Yetişdirdiyi tələbələrin səsi dünyanın böyük səhnələrindən gəlir. Onlar solo konsertlər verir və ölkəmizi xarici ölkələrdə layiqincə təmsil edirlər...

 

“Məni vaxtsız Opera və Balet Teatrından təqaüdə çıxardılar. Bir adam soruşmadı ki, görəsən, nə baş verib ki, bu adamı təqaüdə çıxarmısız? Niyə o cür çətin əsərləri ifa edən sənətçi Opera və Balet Teatrının səhnəsində görünməməlidir?! Sənətkarın səsi itənə qədər səhnədə olmalı, ifa etməlidir. Mən səhnədən uzaqlaşanda təqaüd yaşım hələ çatmamışdı. Bilirsiniz ki, filmlərdə də çəkilmişəm. Kiminsə məndən xoşu gəlmirsə, mən teatrı tərk etməli idim?! Siz məni sevmirsinizsə, mənim evimə gəlməyin, mən də sizin evinizə gəlmərəm! Opera və Balet Teatrı mənim ikinci evim sayılırdı, mən ordan öz xoşumla heç vaxt üz döndərib getməzdim!..”- söyləyir.

 

 Əlbəttə, hansısa məmurun bu qərarını Azərbaycan mədəniyyətinə bir zərbə kimi də dəyərləndirmək olar. Əslində o, Opera və Balet teatrını itirməyib, Opera və Balet teatrı Xuraman Qasımova adlı bir sənətkarını itirib...  

 

Haqqında söhbət açdığım Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda dünyaya gəlib. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra Azərbaycan Opera və Balet Teatrının solisti olub. 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir. Hazırda Solo oxumaq kafedrasının müdiridir. Eyni zamanda İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur...

 

Yüksək mədəniyyət, kübarlıq varlığına hakim olan keyfiyyətlərdəndir. Xanımlara xas olan davranışı onu daha da ecazkar göstərir. O qədər gözəl xüsusiyyətlərə malikdir ki, çoxdan, lap çoxdan, bəlkə də özü hiss etmədən Azərbaycan mədəniyyətində bir dəyərə çevrilib. 

Bəli, “Şöhrət”, “Şərəf“ və “İstiqlal” ordenli xalq artisti Xuraman Qasımova DƏYƏRDİR. Adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. İllər ötəcək, zaman dəyişəcək, amma Xuraman xanımın adı həmişə yaşayacaq...

 

İyunun 6-da Xuraman Qasımovanın 72 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm cansağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(06.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.