Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Ötən gün Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin üzvü, Cümhuriyyətinin Daxili İşlər Naziri - Hökumətin ən gənc - cəmi 23 yaşlı naziri olmuş Mustafa bəy Vəkilovun anım günü idi. Düzü, gün bitənəcən gözüm yolda, qulağım səsdə oldu ki, görüm bu böyük şəxsiyyəti hardasa anacaqlarmı, səd heyif, rastıma çıxmadı.
Və mən buna heyfislənirəm, hətta ayrıca, hər ilin 30 noyabr gününü Mustafa bəy Vəkilov günü kimi qeyd olunmasının da tərəfdarıyam, çünki o bunu haqq eləyib.
Mustafa bəy Nadir ağa oğlu Vəkilov -
Vəkiloğlu 1896-cı ildə Qazax mahalında anadan olmuşdur. O, Bakı gimnaziyasını bitirərək, 1912-ci ildə Moskva Universitetinin hüquq fakultəsinə daxil olmuş və həmin dövrdən öz doğma xalqının milli-azadlıq mübarizəsində yaxından iştirak etməyə başlamışdır. Mustafa bəy universitetdə azərbaycanlı tələbələrin həmyerlilər təşkilatının başçılarından biri idi.
Mustafa bəyin siyasi dünyagörüşünün formalaşmasında onun əmisi Məmməd Rza Vəkilovun və yaxın qohumu Əlimərdan bəy Topçubaşovun böyük təsiri olmuşdur.
1917-ci il aprelin əvvəlində Bakıda çağırılmış Qafqaz müsəlmanları qurultayında, aprelin sonunda Kiyevdə ukraynalı professor Qruşevskinin rəhbərliyi altında keçirilmiş qeyri-rus millətlərin qurultayında, mayda isə Rusiya müsəlmanlarının Moskva qurultayında fəal iştirak edərək Mustafa bəy siyasi fəaliyyətdə ciddi bir fiqura çevrilmişdir. Onun Bakı mətbuatında aktual siyasi və ictimai hadisələrlə əlaqədar xeyli məqaləsi çap olunmuşdur. M. Vəkilov həmin ildə açılması nəzərdə tutulan Rusiya parlamentinə Azərbaycandan millət vəkili seçilmişdir.
M. Vəkilov 1917-ci il noyabrın 15-də yaranmış Zaqafqaziya Komissarlığında daxili işlər komissarı A. İ. Çxengelinin məsləhətçisi vəzifəsini icra etmişdir. O, bundan başqa Zaqafqaziya seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri idi. 1918-ci il 28 may tarixində Azərbaycan öz istiqlaliyyətini elan edəndən sonra həmin ilin iyununda Məhəmməd Əmin Rəsulzadə başda olmaqla 4 nəfər nümayəndə heyəti siyasi danışıqlar üçün Türkiyəyə İstanbulda keçirilən konfransa getmişdi. Bu nümayəndə heyəti ilə birgə Məhəmməd Əmin Rəsulzadə 4 məsləhətçi də aparmışdı. O məsləhətçilərdən biri Mustafa bəy Vəkilov idi. Beynəlxalq hüququ gözəl bilən Mustafa bəy Türkiyənin ali dövlət rəhbərləri ilə olan görüşlərində Əlimərdan bəy Topçubaşovun yanında yer almışdı.
1918-ci ilin sentyabrında Daxili İşlər Nazirliyində işləyən M. Vəkilov dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan Parlamentinə üzv seçilmişdir. O, 1919-cu ilin dekabrında "Türk Ədəmi-mərkəziyyət firqəsi Müsavat"ın ikinci qurultayında yenidən MK üzvü seçilmişdir. M. Vəkilov Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 23 dekabr 1919-cu ildə təşkil etdiyi ikinci hökumət kabinəsində Daxili İşlər nazirinin müavini vəzifəsini icra etməyə başlamışdır.
Həmçinin 1918-ci ildə Mustafa bəy Vəkilov Osmanlı sultanı ilə də rəsmi görüşdə görüşmüşdür.
1920-ci il fevralın 18-də iyirmi üç yaşlı M. Vəkilov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin olunmuşdur. O, hökumətin ən gənc naziri idi. Azərbaycanın istiqlaliyyətini ilk qoruyanlardan biri olmuş ictimai-siyasi xadim M. Vəkilov ilk növbədə nazirliyə peşəkar hüquqşünas kadrlar yığmağa çalışırdı, bu işdə ona müavini Şəfi bəy Rüstəmbəyli yaxından kömək etmişdir. Daxili İşlər naziri vəzifəsini qəbul edən M. Vəkilov onu zəifləməyə qoymamış, əksinə inkişaf etdirmiş, nazirliyin strukturlarını təkmilləşdirməyə nail olmuşdur. Özünü doğrultmağı bacaran M. Vəkilov bir sıra erməni qiyamlarının yatırmağa nail olmuş, provakasiyaların, ixtişaşların qarşısını almışdır.
Onun nazirliyi dövrü Cümhuriyyətin ən çətin dönəminə düşürdü. 1920-ci ilin martın 22-də Novruz bayramı günündə Şuşada və onun ətrafında ermənilər qiyama qalxmışdılar. Eyni zamanda ermənilır Bakıda fəhlələri də mitinqə və tətilə sürükləmişdilər. M. Vəkilov qüvvələri səfərbət etmiş, qiyamın və tətilin qarşısının alınmasını bacarıqla təşkil etmişdi.
1920-ci il aprelin 27-də rus-bolşevik işğalı baş verəndən sonra Cümhuriyyətin işğalı ilə bərabər M. Vəkiloğlunun nazirliyi də bitmişdir, o, bir müddət bolşevik təqibindən gizlənmiş, daha sonra Sultan Hüseynzadənin köməyi ilə Tiflisə qaçmağa müvəffəq olmuşdu. Lakin bolşeviklərin Tiflisə yaxınlaşmasından sonra Türkiyəyə mühacirət etməli olmuşdur.
Türkiyə həyatı da burulğanlı keçir. 1924-cü ildə o, İstanbulda fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin Mərkəzi Komitəsinin üzvü seçilir, 1928-ci ildə yaradılan "Prometey" təşkilatında təmsil olunur. 1929-cu ildə isə Azərbaycan Milli Mərkəzindən istefa verərək Polşada yerləşir. Daha sonra Almaniya, Fransa, İsveçrə kimi ölkələrdə fəaliyyət göstərir. Azərbaycan diasporunu formalaşdırmaqda müstəsna xidmətlər göstərir.
İkinci Dünya müharibəsinin sonlarında o, Türkiyənin Amasya şəhərinə gəlir. Bu dövrlərdə Firdevs adlı bir xanımla ailə həyatı qurur. Mustafa bəy Vəkilovun bir qızı və bir oğlu olmuşdur: Serpil Vəkiloğlu, Nadir Vəkiloğlu. Qızı Serpil Vəkiloğlu 1946-cı ildə, oğlu Nadir Vəkiloğlu 1949-cu ildə anadan olmuşdur. Nəvəsi Arda Vəkiloğlu hazırda Türkiyə Milli Basketbol komandasının üzvüdür.
Bu böyük şəxsiyyət 1965-ci il noyabrın 30-da Türkiyənin Amasya şəhərində vəfat etmişdir.
Sayğılarla anırıq.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)