Gedək, gəzib gələk Xızı dağlarını...

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ruhən çox azad insandır. Məqsədi daxili və xarici dünyanın üfüqlərini genişləndirmək, Allaha daha da yaxınlaşmaqdan ibarətdir. Sufilərə bənzər bir həyat yaşayır. Maddiyat ondan ötrü mənəvi istəklərini həyata keçirmək üçün bir vasitədir. Strategiyası- ömrü bir macəra kimi, təminatı düşünmədən sürmək və dərinliyinə vardığı hər bir ehtiyacı könüllü olaraq bir kənara qoyub, yaşamağa davam etməkdir. 

 

Coşğunluq, nikbinlik ona enerji verən əsas mənbələrdir. Düşdüyü mühitə dərhal uyğunlaşa bilir, çətinlikləri asanlıqla dəf etməyi bacarır... 

Deyir ki,- “Dünyanın bir çox ölkələrində olmuşam. Azərbaycan musiqisini əcnəbilərə sevdirməyə çalışmışam. Qırxdan çox kitab və dərslik proqramının müəllifiyəm. Bu gün də yorulmadan çalışıram ki, araşdırıb bildiklərimi xalqıma ərmağan edim...”

Azərbaycan aşiqidir. Bu millətin övladı olduğundan qürur duyur. Hara getdisə ölkəmizi yorulmadan təbliğ edir. O, həm də el-obasına bağlı adamdır, illərlə Bakıda yaşayıb yaratsa da Xızı ilə nəfəs alır, Xızıdan ilhamlanır. Necə deyərlər, əslini-nəslini dananlardan deyil...

Çox məhsuldar alimdir, qəribə iş rejimi var. Sübh namazınadək yazıb-yaratmaqla məşğuldur. Azərbaycan musiqi tarixinə özünəməxsus töhfələr verib. İnanıram ki, Azərbaycan musiqisini tədqiq etdiyi kimi, nə vaxtsa özü də tədqiqat obyektinə çevriləcək…

Haqqında söhbət açdığım Abbasqulu Nəcəfzadə 1957-ci ildə Xızının Qızmeydan kəndində dünyaya gəlib. Orta və ali təhsilini Bakı şəhərində alıb. 2007-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru, 2014-cü ildə isə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcələrinə yiyələnib. 2015-ci ildən Azərbayсan Milli Konservatoriyasının professorudur. 2019-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasının üzvüdür…

Sadə, mehriban, qayğıkeşdir. Gözündən heç nə yayınmır, diqqətlidir. Qarşısındakı adamların problemlərinə həssaslıqla yanaşır. Məzmunlu adam olduğundan məntiqli danışmağı bacarır. İmanlı müsəlmandır, namazdan-orucdan heç vaxt qalmaz. Həcc ziarətində olub. Şirin zarafatları, məzəli söhbətləri, məntiqi, səmimi rəftarı, səxavəti, davranışı, təmkini ilə çox fərqlənir. Ağayanəliyi, məğrurluğu ilə dostların arasında xüsusi hörmət qazanıb...

Dekabrın 1-i - yəni bu gün onun növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat, yaradıcılıq uğurları arzulayıram...

...Dostum, yeni yaşın mübarək! Bəlkə gedək, gəzib gələk Xızı dağlarını?..

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.