
Super User
Yağışlı gündən bir not - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Avtobusdayam və evə qayıdıram, ağlımın içində yenə milyon fikir var, gülümsəməyə, vecsiz davranmağa, yaxşı görünməyə çalışıram. Narın yağış və avtobusdakı abu-hava həzin payız axşamlarını xatırladarkən, iliklərimə qədər darıxdığımı hiss edirəm yenə. Mahnının sözləri də, bir qədər yaxın, amma bir o qədər uzaq olan keçmiş xatirələrə aparır adamı.
Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim...
Verərdim həqiqətən? Ötən günlərin xatirinə gələn günlərimi qurban verərmiydim?
Verməzdim məncə.
Yaşadığlarım da, yaşamadığlarım da, yetəri qədər incidir onsuz..
Düzdür, çox darıxıram, içim sızıldayır hər güləndə, xoş xatirələrim canlananda gözlərim dolur.
Artıq əvvəlki mən deyiləm. Nə gedənin yoxluğuna 2gündən çox pis oluram, nə gələnin varlığına həyatımı bağlayıram. Dəyişən çox şey oldu əslində, düşücələrim, davranışlarım, səmimiyyətim, həssasiyətim dəyişdi. Mən dəyişdim. Sevdiklərimi itirərək, qəlbim qırılaraq dəyişdim mən. Bir anda bu qədər buz dağı ola bilməz heç kim. Vecsiz davranışlarım da, səbəbsiz deyil. Susqunluğumun da səbəbi danışmağa bir şeyin olmamasından deyil, anlayacaq kimsənin olmamasındandır. Depresiyada deyiləm, üzgün deyiləm, xoşbəxt və şən də deyiləm. Sadəcə öz dünyam var mənim, adına cəhənnət dediyim dünyam.
Güldüyüm qədər acı çəkdiyim, ağladığım qədər güclü qalmağa çalışdığım o dünyada, hər kəs ötəridir artıq gözümdə.
Peşman deyiləmsə belə, kaşkilərim çoxdu. Hər şeyə rəğmən vaz keçməməyə çalışıram, özümü inkişaf etdirməyə, daim araşdırmağa çalışıram. Ən yaxın dostlarım kitablardır və onlardan bağlarımı qoparmayacağıma söz verirəm özümə. Kim bilir, bəlkə mənə də, pəncərədən yağış damlalarını seyr edə-edə kitabımın son səhifələrini vərəqləyərkən, öz kitabımda sonuncu səhifəyə çatmaq nəsib olar.
Belə, dostum, reallaşdırmadığım xəyallarım, nə olursa olsun, vaz keçməyəcəyim arzularım var. Zaman-zaman yaşanmışlıqların məni dəyişdiyinin fərqində olsam da, dayanmağa niyyətim yoxdur.
Sonuncu səhifəyə kimi, qələmim qırılana kimi o kitabı yazmağdan vaz keçməyəcəyimə söz verirəm.
Özümə sözüm olsun bu.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
“Sevgi" gətir, "romantika" gətir bu boz şəhərə…
Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”
Bu gün də mənim Şaxtababaya məktub yazmaq növbəmdir.
Salam, Ağsaqqallı Şaxtababa. Bu məktubu cismi və yaşı xeyli böyümüş, amma sənə hələ də inanan 2-ci sinif uşağı səmimiyyətilə yazıram və arzularımı bir-bir sıralamağa başlayıram.
İlk öncə sırf paxllığımdan, mənimlə oxuyan varlı uşaqlarına pulla silinə bilməyəcək, çoxlu kəsirlər sürpriz etməyini istəyirəm.
Daha sonra, layiq olan insanlara sevinc gətir. Elə bir sevinc olsun ki, illərlə çəkdikləri sevinc aclığının gözü dolsun.
Keçən illərdəki kimi, virus, xəstəlik, qalmaqal, azyaşlı tiktokerlər, geyimlə müqayisə edilən "müasirlik" gətirmə. Hətta bunlar bizim sənə hədiyyəmiz olsun.
Bəzi insanlara şəxsi həyat gətir. Bolluca şəxsi həyat gətir növbəti gəlişinə qədər bəs etsin ki öz həyatlarını nümayiş etməsinlər. Həm də başqalarının həyatlarına burunlarını soxmasınlar.
İnsanlara səmimiyyət ver, amma çox olmasın, yoxsa bunun da zibilini çıxaracaqlar. Axı biz bu işi yaxşı bacarırıq.
Allahdan, həyatdan ümidini itirənlərə uşaq gülüşü, ailə sevinci göndər. Dini fanatiklərə isə heç dəyib dolaşma, onsuz da səni sevmirlər.
"Sevgi", sevgi gətir, "romantika" gətir bu boz şəhərə.
Qar gətir özünlə. Qorxma, kasıblar da qarı sevir. Onlar qardan üşüməz, əksinə qəlbləri isinər.
“Televiziyada kömək” adı ilə oxuması, yazması olmayan insanları
aciz, gülünc vəziyyətə qoyub özlərinə reytinq yığan bəzi aparıcılara vicdan qutusu yolla.
Davalı ölkələrə uşaqların əli ilə ağ göyərçinlər göndər.
Üstündə ad soyadım yazılan qələm və dəftəri isə gecə mən yatarkən yolkamızın altına qoymağı unutma. Dəftərimi vərəqləyəndə uğurlarımın rəsmi çəkili olsun.
Şaxtababa, ən əsası da, bir masa arxasında yığışmaq, ata, ana, dost və tanışları ziyarət etmək üçün insanlara "yeni il" tipli bayramlardan başqa fərqli səbəblər də göndər.
Məktubumu tez oxu, Şaxtababa reallaşdırılması vacib olan arzular real olmaq üçün səbirsizlənirlər...
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
İndi hər ikimiz yorulmuşuq - SEVGİ MƏKTUBLARINNDAN
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
İndi sən də yorulmusan, indi mən də yorulmuşam.
Səbəbsiz bir xəcalətin yükündən əzginləşmiş, xaraba küçələrdə kölgədə bezginləşmiş sonumuzu gözləyirik.
O küçədə olan qəssab bıçaqsız ət doğrayır.
İndi dəmirçi əmim qəssab dükanını bağlayır. Yolu evə sarıdır.
Pəncərəni örtərək, qapını açıq qoyur, gecəni salamlayır.
Mənsə boş-boş baxaraq yol alıram sonsuza.
Səni arxamda qoyub üz tuturam yolunuza...
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
“Bir kəmər, bir yol” uğrunda mübarizə qızışır
"Olaylar" qəzeti və eyni adlı informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi, tanınmış Yazar Yunus Oğuz son siyasi hadisələri “Ədəbiyyat və incəsənət” portalı üçün şərh edir.
Yunus Oğuz öncə sual edir: “Post Vaşinqton"un arxasında kim dayanır?
O deyir: “Söhbət "Vaşinqton Post" qəzetinin nə yazmasından yox, onun arxasında kimin dayanmasından gedir. Hesab edirəm ki, bu yazı hazırda cərəyan edən maraqlı proseslərin nəticəsidir. Belə ki, Amerika Zəngəzur dəhlizində birbaşa oturmaq istəyir. Təkcə Azərbaycanda deyil, eləcə də Orta Asiyada enerji resurslarına sahib olmağa çalışır. Çox təəssüf ki, bunu Azərbaycanın əli ilə etmək niyyətindədir".
“Yunus Oğuz bildirir ki, hazırda "Bir kəmər, bir yol" uğrunda savaş gedir: "Fikir vermisinizsə, Çin rəsmisi elan elədi ki, "Bir kəmər, bir yol"un Azərbaycan ərazisindən keçməsi daha məqbuldur. Hazırda bu layihə uğrunda mübarizə gedir. Məlum olduğu kimi bu yol Zəngəzur dəhlizindən keçir. Ona görə də Azərbaycana qarşı təzyiqlər artır. Birləşmirş Ərəb Əmirliklərində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə görüşərək məhz bu məsələləri müzakirə edib. Əsas odur ki, "Bir kəmər, bir yol" Orta Asiyadan gələrək Zəngəzurdan keçmək şərtilə Qərbə çıxır. Məsələ orasındadır ki, Azərbaycan onların şərtləri ilə razılaşmır. Orta Asiya Azərbaycan üçün hazırda ən önəmli rol oynayır ki, bütün enerji resursları oradan yönəlsin. Təsadüfi deyil ki, prezident İlham Əliyev bu yaxınlarda keçirilən Mərkəzi Asiya Sammitinə fəxri qonaq kimi dəvət olunmuşdu. Onlar Azərbaycan Prezidentinin nüfuzunu bilirlər və buna görə də təzyiq gəstərməyə başlayıblar".
Y.Oğuz bildirir ki, göstərilən təzyiqlərdə əsas məqsəd onların istədiyini verməkdir: "Azərbaycanın əli ilə Mərkəzi Asiyadan gələrək Avropaya gedən enerji daşıyıcılarına nəzarət etmək istəyi var. Azərbaycan isə regional lider olduğundan bu məsələlərə özü nəzarət etmək istəyir. Ona görə də Amerikanın, Rusiyanın irəli sürdüyü şərtlərlə razı olmur. Bununla Azərbaycan regional liderliyini tam sübut edib. Bu səbəbdən Azərbaycana qarşı böyük təzyiqlər edilir. Bir tərəfdən Blinken zəng edib deyir ki, bunlar hamısı səhv edib, digər tərəfdən isə "Vaşinqton Post"u təzyiq vasitəsi kimi işə salırlar. Məlum olduğu kimi "Vaşinqton Post" demokratların maliyyələşdirdiyi bir qəzetdir. Bununla kifayətlənməyərək vətəndaş cəmiyyətlərinin dili ilə çatdırırlar ki, guya Azərbaycanda demokratiya yoxdur, insan hüquqları pozulur. "Freedom House"nin açıqlamasında da Azərbaycanı sıxmaq elementləri əksini tapmışdı. "Vaşinqton Post"un da, Avropanın da, Fransa və Almaniyanın da rəsmi və qeyri-rəsmi bir dərdi varsa, o da "Bir kəmər, bir yol"a nəzarətə girmək və oradan böyük pay qoparmaqdır. Həm də çalışırlar ki, Rusiya bu dəhlizə minimum həddə daxil olsun. Bununla da Güney Qafqazda Rusiyanın təsiri bitsin".
Siyasi şərhçi qeyd edib ki, Azərbaycan regional oyunçi kimi düzgün siyasət yürüdür: "Heç şübhə də etmirəm ki, gələcəkdə Azərbaycan iqtisadi baxımdan dünyanın ən inkişaf etmiş ölkəsinə çevrilərək "Böyük 20-liyə" daxil olacaq. İndi Azərbaycanın hədəfində odur və ona doğru gedir. Belə halda "Vaşinqtion Post"un nə yazmasından asılı olmayaraq Azərbaycan dövlətinin maraqları nədirsə o da həyata keçiriləcək. Nəzərə almaq lazımdır ki, bu il "Vaşinqton Post"da Azərbaycanla bağlı beş yazı dərc olunub. Təbii ki, Ermənistan kimi iqtisadiyyatı çökmüş, asılı dövlət belə təzyiqlərə dözə bilməz. Ermənistana kiçik bir təzyiq olan kimi Rusiyadan üz döndərdi. O cümlədən, Gürcüstana da təzyiq olan kimi geri çəkilir. Məsələn, Gürcüstan elan etmişdi ki, Rusiya ilə əlaqələri yumşaltmaq lazımdır. Çünki böyük bir ticarət əlaqələri var. Lakin, bir az sıxılan kimi mövqeyindən yayındı. Göründüyü kimi bütün davalar "Bir kəmər, bir yol"un üstündədir. Bu isə o deməkdir ki, geosiyasət geoiqtisadiyyata bağlıdır. Çin də daxil olmaqla Mərkəzi Asiya dövlətlərinin yükləri Azərbaycandan kecəcəksə, bu o deməkdir ki, büdcəyə milyardlarla pul gələcək. Burada söhbət təkcə Zəngəzur dəhlizindən getmir, qaz, neft kəmərləri var, yeni enerji daşıyıcıları istehsal olunur. Bir müddətdən sonra Azərbaycan enerji ixrac edəcək ki, bunların hamısı dövlətə böyük vəsaitlər gətirir. Belə ki, ortalığa tort qoyulub, kimsə böyük, kimsə balaca tikə götürmək istəyir. Belə məlum olur ki, "Vaşinqton Post"un arxasında duranlar da şərtlər irəli sürmək istəyirlər. Təsəvvür edin ki, illər idi ki, Amerikanın Azərbaycanda səfiri təyin olunmurdu, indi təcili səfir təyin olundu. Görüntü ondan ibarətdir ki, kimlər Zəngəzur dəhlizindən pay istəmir? Buna görə Rusiya, Almaniya, Fransa, İran Zəngəzurda konsulluq açmaq istəyini reallaşdırırlar, hələ bir azdan Latın Amerikası ölkələri da prosesə qoşulacaqlar. Hazırda "Vaşinqton Post" bu məsələdə marağı olan oliqarxların müdafiəçisi rolunda çıxış edir. Çox təəssüf ki, həmin oliqarxlar da dövlətin adından çıxış edə bilirlər. "Vaşinqton Post" özbaşına deyil ki, gündə bir yazı yazsın".
Y. Oğuz deyir ki, Amerika həmişə ikili siyasət aparır: "Ya əvvəl kökə verirlər, sonra qırmanc, ya əvvəl qırmanc verirlər, sonra kökə. Təbii ki, burada erməni lobbisinin də rolunu istisna etmək olmaz. Bütün sadalananlara baxmayaraq düşünürəm ki, Azərbaycan düz yoldadır. Əgər Azərbaycan geri çəkilsəydi, Ermənistan kimi onun da başını sığallayardılar. Azərbaycanın milli, dövlət mənafeyi var, dövlət maraqlarını da heç kimə vermək lazım deyil".
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
BİR DİREKTOR, BİR ŞAGİRD - Zaur Yusifov və Aydan Həsənova
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Bol izləyicisi olan rubrikamız yenidən Bakıya qayıdıb. Xəzər rayonundakı 121 nömrəli tam orta məktəbdəyik. Direktor Zaur Yusifov və öncül şagird Aydan Həsənova ilə görüşürük.
DİREKTOR
Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbin direktoru Yusifov Zaur Rəfail oğlu 20.02.1979-cü ildə Lerik rayonu Monidigah kəndində anadan olmuşdur. 1985-ci ildə Sabir Əliyev adına Monidiga kənd orta məktəbinin 1-ci sinfinə qəbul olmuş, 1996-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 1996-cı ildə ADPU-nin fizika fakultəsinə qəbul olmuş, 2000-ci ildə Universiteti bitirmişdir. 2002-ci ildə Lerikdəki İ.Nuriyev adına Qosmalian kənd orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir. 2004-cü ildən pedaqoji fəaliyyətini Lerik qəsəbə M. Bağışov adına 3 nömrəli tam orta məktəbinə fizika müəllimi təyin edilmişdir. 2008-ci ildə Bakı şəhəri F.Bayramov adına 22 nömrəli tam orta məktəbə fizika müəllimi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. 2022-ci ildə Ə.Quliyev adına 121 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin məktəbdə direktorluq fəaliyyətini davam elətdirir.
ŞAGİRD
Mən, Həsənova Aydan Ceyhun qızı 2007-ci ildə Bakı şəhərində doğulmuşam. Bakı şəhəri, Xəzər rayonu Əmirəhməd Quliyev adına 121 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdiyəm. Klassik ədəbiyyatı xoşlayıram. Hekayələr oxumağı sevir və boş zamanlarımda esse yazmaqla özümü çox gözəl hiss edirəm. 3-cü qrupa hazırlaşıram.
ESSE
Müharibə, çarəsiz insanlar, fəryad çığırışları, ana naləsi, atəş səsləri, sahibsiz oyuncaqlar, torpaqdakı qan ləkələri və Azərbaycan tarixi...
Azərbaycanın tarix xəritəsinə baxdığımızda qanlı izlər görünür, ana naləsi, atəş səsləri eşidilir.
Tarix boyu nə qədər faciələr yaşandı bu torpaqda. Dost dediyimizlər bizi əvvəldən istəməyən, bizi içdən-içə bitirməyə çalışan bir düşmən çıxdılar. Hər qonşumuzda bir parçamız əsir qaldı. Hər zaman bizi ayırmağa, bir- birimizə həsrət qoymağa çalışdılar. Bizim "Azadlıq məşəli"mizi söndürməyə çalışdılar. Bu yaşlı torpaqdan kimlər gəldi, kimlər keçdi...
Bizim xalqımız neçə-neçə faciələrə sinə gəldi. Bizə qarşı törədilən faciələrdə kimisinin körpəsi, övladı qətlə yetirildi, gözlərinin önündə. Neçə uşaq anasız, atasız qaldı. Neçə-neçə uşaqların gözlərinin önündə anası, atası can verdi. Nə qədər oyuncaq sahibsiz qaldı. Hər tərəfdə atəş səsləri eşidilirdi. Bəziləri canı yarım halda fəryad edirdi, yerdəki qan ləkələri, izləri insanı dəhşətə gətirirdi. Bu hadisələr hər kəsin kabusuna çevrildi. Günahsız insanlar hər dəfə yuxularında ailələ üzvlərinin necə öldüklərini görürdülər.
20 Yanvar, Xocalı faciəsi, Mart soyqrımı, Qarabağ müharibəsi və başqaları...
Bunların hər biri dəhşətdir. İnsanlığa ziddir. Bəzən bütün bunlar nə üçün Azərbaycanın-xalqımızın başına gəlir? -deyə düşünürük. Bəlkə də, xalq, millət olaraq, çox ürəyiaçıq, hər kəsi özünə dost bilən olduğumuz üçündür?! Bəzən gözlərimizlə baxdıqlarımız görmədiklərimizin sənət əsəridir.
Azərbaycan oğulları tökülən qanı yerdə qoymadılar və qoymayacaqlar da.
Müzəffər Ali Baş komandanımız və torpağımız üçün hər an canını fəda etməyə hazır olan igid, qəhrəman ordumuzun sayəsində "44 günlük Qarabağ müharibəsi"ndən alnıaçıq, üzüağ şəkildə çıxıb bütün dünyaya: "Qarabağ Azərbaycandır", söylədik.
Vətən torpağı qanla sulananda Vətən olur. Torpağımız bizimdir, bizim olacaq!
Şəhidlər ölməz, Vətən bölünməz!
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
Gülüş Klubunun bu günkü menyüsü
Sərtyel, “Ədəbiyyat və incəsənət”
“Gülüş klubu”nda çalışmışıq ki, bu gün də “Dodağınızın yüngülcə qaçması bizim böyük uğurumuzdur” şüarımıza sadiq qalaq.
İbrətamiz
Dünyada ən çətin deyilən 5 söz bunlardır:
5. Tetragidrokannabiol
4. Fenolflein
3.Elektrikləşdirdiklərimizdənsiniz
2.Dixlordifeniltrixloretan
1. Bağışla.
Tost
Bu tostu məşhur bir yazıçı öz həyat yoldaşının ad günündə söyləyib:
Səni görəndə gəlir mənim yazmağım.
Sən aşsan, mən də sənin qazmağın.
Deyimlər
Ağlamayana məmə yoxdur. Ancaq heç ağlayana da məmə yoxdur.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
İslam Rzayev: “Yəqin bir qeyrətli eloğlumuz tapılacaq ki, Muğam teatrına köməklik etsin”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni İslam Rzayevdir. Ondan müsahibə1998-ci ilin sentyabrında götürülüb.
-İslam müәllim, sənətə gəlişinizə kimin təsiri olub?
-O vaxtlar Füzulidә Cәlil kişi adlı ustad bir xanәndә var idi, rəhmətlik mәnim sәsimә, ifama həmişə yüksәk qiymәt verər, tövsiyə edәrdi ki, çalış 17-18 yaşa qәdәr bu sәsi saxla, qoһumların, tanışların sözü ilә orda-burda çox oxuma.
Uşaqlıqda çox sevdiyim xanәndәlәrdәn biri dә Füzulinin mәşһur oxuyanı Ağabala Abdullayev idi. O vaxtlar uşaqları teatra buraxmazdılar. Bibim oğlu mәni paltosunun altında gizlicә içәri keçirmişdi. Ağabala “Leyli vә Mәcnun”da Mәcnun, Zәroş Hәmzәyeva isә Leylini oynayırdılar. O vaxtlar xanәndә olmaq çox çәtin idi. Radio iki saatdan bir cığıldaya-cığıldaya xəbərləri deyər, sonra konsert verərdilər. Televizor nə gəzirdi? Amma bununla belә xanәndәlәr var idi!
-Niyә bir qayda olaraq repertuarınıza geniş sәs diapazonu tәlәb edәn, zildәn oxunan çәtin maһnılar salırsınız?
-Bu sualı mәnә indiyәdәk һeç bir müxbir vermәyib. Ürәyimcә olan sualdı. Mәn һeç vaxt özümü öymәmişәm. Amma madam ki, sual verdiniz, gәrәk özümü bir az tәriflәyәm. Gәnc yaşlarımdan mәnim musiqi qavrayışım çox zәngin olub. Seyid Şuşinskinin tәlәbәlәri içәrisindә yalnız Zeynәb Xanlarova vә mәn bir ildә 4-5 dәstgaһ öyrәnə bilirdik. Qalanları ildә, әn çoxu 2-3 dәstgaһ һazırlayardılar. Mәn Seyid Şuşinskiyә çox әziyyәt vermәz, ağzını açan kimi dediyini götürәrdim. Buna görə özümü çәtinliyә sala bilirәm. Caһangir Caһangirov һәmişә çәtin maһnılar yazardı, һәmişә dә istәyərdi ki, mәn oxuyum onun maһnılarını. Onun “Ay qız” maһnısının da ilk ifaçısı mәn olmuşam.
-Bu maһnını mәşһur türk müğənnisi Müəzzəz Abacı da oxuyur, özü dә anonim maһnı kimi...
-O, mәnim ifamda eşidәndәn sonra oxuyub. On-on beş il әvvәl bizdә belә maһnıları dinlәyici o qәdәr dә yaxşı qavramırdı. O, maһnıları һәlә indi-indi dәrk etməyә başlayırlar.
-Caһangir Caһangirov “Ana Kür" maһnısını nә әcәb sizә yox, Gülağa Mәmmәdova verdi?
-Caһangir müәllim Gülaga ilə bәrk dost idi. Onlar tez-tez bir-birinin bağında olurdular. Yәqin ki, orda Caһangir müәllim maһnını dodaqaltı oxuyanda Gülağa eşidib, xaһiş edib ki, maһnını ona versin. O da bu xaһişdən keçә bilmәyib.
- İndi һәr biri adlı-sanlı sәnәtçi olan tәlәbә yoldaşlarınızı necә xatırlayırsınız?
- Әlibaba Mәmmәdov, Zeјnəb Xanlarova, Elmira Rәһimova, Mayis Salmanov, Kamil Hüseynov, Teymur Hüseynov, İmran Mәmmәdovla bir sinifdә oxumuşam. Tar şöbәsindә oxuyan Arif Mәlikov, Dadaş Dadaşov, Adil Bәbirov, kamança şöbәsindә oxuyan Ramiz Mirişlinin dә tәlәbәliyi mәnimlә eyni vaxtda keçib. Ramiz Mirişli vә Adil Bәbirovla yaxın dost olmuşuq. Onları Bәstәkarlar İttifaqına qәbul edәndә mәn “Salyanski kazarma”da әsgəri xidmәtdә idim. Adil Bәbirov gəldi dalımca ki, bәs, imtaһan veririk, gәl gedәk bizim maһnıları oxu. Komissiya üzvləri Qara Qarayev, Fikrәt Әmirov, Әşrәf Abbasov, Süleyman Әlәsgәrov idi. Hәrәsinin iki maһnısını oxudum. Hәr ikisi “әla” qiymәt aldılar və Bәstәkarlar İttifaqına qәbul edildilәr.
-Muğam tәһsili almış tәlәbәlәri adәtәn Opera Teatrına dәvәt edәrdilәr. Sizi, nә әcәb, dәvәt etmәyiblәr?
-Ediblәr, getmәmişәm. Zeynәb xanımı operaya dәvәt edәndәn sonra operanın direktoru Fikrәt Әmirov mәni yanına çağırtdırıb dedi ki, sәn Zeynәb xanımla birlikdə tamaşalarda iştirak etsәn, һәm özünә xeyir olar, һәm dә teatra. Getdim evә, fikirlәşdim, gördüm ki, mәndәn opera artisti olmaz. Çünki onepa artistindәn tәlәb olunan sәһnә һәrәkәtlәrini — qaçmağı, yıxılmağı һeç cür özümə yaraşdıra bilmәdim. Ona görә dә mәnә edilәn tәklifi qabul etmәdim.
-Peşiman deyilsiniz ki? Axı, o vaxtlar fәxri adların verilmәsindә Opera Teatrının dәstәyi çox vacib idi?
-Peşiman deyilәm, çünki istәr filarmoniyanın, istәrsә dә Estrada Birliyinin solisti olandan xalq tәrәfindәn sevilmişәm, fәxri adlara layiq görülmüşəm.
-Opera Teatrının solisti olmayan vә toylara gedәn İslam Rzayev fәxri adları, yәqin ki, әziyyәtsiz almayıb.
-O vaxtlar fәxri ad masәlәsinə çox ciddi yanaşırdılar. Toylara gedәn müğәnnilərә fәxri ad verilmirdi ki, o, öz cibi üçün çalışır. Bir gün o vaxtkı mәdәniyyәt naziri Zakir Bağırov mәni yanına çağırıb dedi ki, toylara getmә, yoxsa sәnә fәxri ad verilməyəcək. O gündən toydan ayağımı kәsdim. Duz iyirmi beş ildir ki, toya getmirәm. Әmәkdar artist adını 1967-ci ildә Zeynәb Xanlarova vә Elmira Rәһimova ilә eyni vaxtda almışam. Üstündәn 25 il keçәndәn sonra Xalq artisti olmuşam. Çünki paxıllarım çox idi, hər dәfә mәni Xalq artistliyinә tәqdim edәndә adımı siyaһıdan pozurdular. Mәn dә tәәccüb edirdim ki, üzdә olan müğәnni ola-ola niyә mәnә ad vermirlәr? Әgәr mәn pis oxuyurdumsa, niyә bütün rәsmi konsertlәrә mәһz mәni dәvәt edirdilәr? Azәrbaycan incәsәnәtindә mәnә olan zülm һeç kәsә olmayıb.
-Sonuncu dәfә verilәn fәxri adlara münasibәtiniz necәdir?
-Bu dәfә әsl zәһmәtkeş oxuyanları yaddan çıxardılar. Adları Elmira Rәһimova, Mahrux Muradova, Sabir Mirzәyev, Novruz Feyzullayev, Süleyman Abdullayev, Mayis Salmanov, Mayis Mәmmәdov almalı idilәr. Bunların Azәrbaycanın hər kәndindә bәlkә 2-3 dәfә konsertlәri olub. Amma elә Xalq artisti var ki, Bilәcәridәn o yana çıxmayıb.
-Muğam Teatrını yaratmaq ideyası necә yarandı?
-1985-ci ildә Zeynәb xanımla birlikdә İraqa qastrola getmişdik. Mәn orada Muğam Mәrkәzi olduğunu görәndә fikirlәşdim ki, necә ola bilәr, muğamın әn çox inkişaf etdiyi ölkә Azәrbaycan olsun, amma bizdә muğam mәrkәzi olmasın? Televiziyanın rejissoru Arif Qazıyev vә Ramiz Mirişli ilә sözü bir yerә qoyduq ki, Muğam Mәrkәzi yaradaq. Xanәndәlәri və orkestri yığmaq mәnә һәvalә olundu. Yığdım. Hazırda 8 solistim var: 4 qadın, 4 kişi: Aygün Bayramova. Zeynәb Beһbudova, Elza Qaybalıyeva, Almaz Orucova, Әsgәr Әһmәdov, Әlixan Salmanov, Elsevәr Hüseynov vә Aşur Adıgözәlov.
-Muğam Teatrı xarici ölkәlәrdә qastrol sәfәrlәrindә olubmu?
-Çox. Almaniyada, Polşada, Çexoslovakiyada, İsveçrәdә, ABŞ-da, İspaniyada vә Portuqaliyada olmuşuq. Amma xeyli vaxtdır ki, qastrola gedә bilmirik. Çünki dövlәt yol xәrclәrimizi ödәyә bilmir. Mәn dә elә adamam ki, һeç kəsə gedib ağız açmaram. Yәqin bir qeyrәtli eloğlu tapılıb Muğam Teatrına komәk edәcәk. Bu il һәm dә bizim yubiley ilimizdir, axı. Muğam Teatrının 10 yaşı tamam olur.
-Ailә vәziyyәtiniz barәdә nә deyә bilәrsiniz?
-Bu sualın cavabı bütün jurnalistlәrә qaranlıqdır. Mәn bunu sirr kimi saxlayıram.
-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə yalnız bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
-Nə çətin sual oldu (fikrә gedir) Xalçanın üstündə nә yerlәşir, onu götürərdim.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
QİRAƏT SAATInda “Eşq mələyi”
“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
5-ci hissə
Qayğızıs uşaqlığın sonu
O aralar artıq Qələndərovun evinə ilk elçi də gəlmişdi, qız onbirincidə oxuyanda bu elçigəlmələr çoxaldı…intensivləşdi. Anası Zöhrə tez-tez Ülkərlə Leylini qarşısında oturdur, onlara qız xeylağının davranış qaydalarını aşılamağa çalışırdı. Evə kişi xeylağı gələndə yaşmanıb otaqdan çıxmaq, küçə-bayırda başıaşağı gəzmək, ucadan səs çıxarmamaq, məktəbdə oğlanlarla ünsiyyət qurmamaq, onlara maraq göstərməmək… Zöhrə qızlarını özü kimi həkim görmək istəyirdi. Deyirdi, biriniz can həkimi olun, biriniz uşaq həkimi. Leylini fikir dərhal tutmuşdu, onsuz da işi-gücü kitab-dəftər, yazı-pozu olan bu qız kitabxanadan tibbə aid xeyli kitab da alıb mütəmadi oxumaqdaydı. Amma Ülkər anasının sözlərini ciddiyə almazdı, gələcəyi ilə bağlı heç bir fikri yox idi, daha doğrusu, seçəcəyi ixtisas, peşə ilə bağlı. İndilərdə onu yalnız Rüfət, quracaqları ailə maraqlandırırdı. Bakıya köçmək, orada ərinin qoluna girib toya-nişana, kinoya, konsertlərə getmək. Uzun gecə libasları, gödək ətəkdə şəhər gəzintisi, bol kosmetikadan istifadə…
Gələcək ailənin konturlarını artıq qurmuşdu Ülkər. Təbii ki, oxuyubişləmək fikri yox idi.
***
Süleyman Zərrini səsləyib ondan çay gətirməsini xahiş etdi. Zərrin gələnə qədər romanı gizlətdi. Düşündü ki, həyat yoldaşı hər şeylə maraqlanandır, onun nə oxuduğu ilə mütləq maraqlanıb romanı vərəqləyəcək və mütləq də titul səhifəsindəki “fahişə” kəlmələri ilə rastlaşıb mərəkə qoparacaq. Köhnə sənədlərdən çıxarıb masasının üstünə atdı, özünü məşğul kimi göstərdi.
Zərrin gəlib sinidən bir stəkan çayı, nəlbəkidəki limonları, şokoladla dolu qəndqabını masanın üstünə yığıb Süleymanı “məşğul edən” kağız-kuğuza göz qoydu. Nəvazişlə ərinin tellərini qarışdırdı və nədən qayğılı olduğunu soruşdu.Süleyman da Zərrini elə minnətdarlıqla oxşadı ki…
Az sonraSüleymanın başı çay içməyə qarışanda Zərrin durub ruh kimi otaqdan çıxdı.
Süleyman bir daha qadın müqəddəsliyi haqda düşündü… Nişanlı ola-ola Zərrin ona iki il ərzində əlindən belə tutmağa imkan verməmişdi.Cəmiyyətin get-gedəbu yöndən xarab olduğunu düşünərək xeyli bikefləşdi… Fikirləşdi ki, iyirmi ildən sonra cəmiyyətdə Zərrin kimi qadınlar bəlkə də qalmayacaq.
Zərrinlə Ülkər arasında paralellər apardı. Dünyagörüşləri gör bir nə qədər fərqlidir iki qadının. Birində maddi rifah üstündür, ikincidə mənəviyyat. Amma romandan ayrı çox qala bilməzdi. Dərhal da kağızları qoyduğu dolabdan çıxarıb acgözlüklə oxumağa davam etdi.
***
Ülkər evdar xanım olacaqdı, uşaqlarını – istəyirdi ki, bir qızı və bir oğlu olsun, qızına Aylin, oğluna Elvin adını qoyacaqdı – böyüdəcəkdi, gününü salonlarda, alış-veriş mərkəzlərində keçirəcəkdi, televizorda gördüyü müğənnilərin, aktrisaların, modellərin ulduz həyatına vurulmuşdu, onlar kimi fitnes mərkəzlərinə səfər etməyi də planlayırdı.
Yumşaq dəri divanda oturub, buğlanan kofedən içə-içə, telefonla rəfiqələriylə laqqırtı vura-vura genişekranlı, divar boyda bir televizorda rahatca serialları izləyəcəkdi. Bundan böyük xoşbəxtlik ola bilərdimi?
Rüfət barədə şad xəbərlər bir-birini sıralamaqda idi.
Rüfət məktəbi əla qiymətlərlə bitirdi.
Rüfət qəbul imtahanlarında 635 bal topladı.
Rüfət İqtisad Universitetinə daxil oldu.
Rüfət biznesin əsaslarını öyrənir.
Bu uşaq, həqiqətən, fenomenal idi, zərgər atasına uşaq yaşlarında zərgərlik işlərində yardımçı olaraq pul qazanmağın sirlərinə çox erkən yaşlarında bələd olmuşdu. Universitetdə oxuya-oxuya “Moskva” univermağında bir zərgərlik şöbəsi açıb işlədirdi, deyirdi ki, gələcəyimi qurmaq üçün mütləq gərək indidən əlimə sərbəst vəsait toplayım.
Ülkər bu mehriban, yaraşıqlı oğlanla bir ömür xoşbəxt yaşayacağına tam əminlik içində idi. Uşaqlarını ingilisdilli gimnaziyada oxutmaq, onlara dayə və sürücü tutmaq, hərdən pəncərələri “Torqovı”ya açılan geniş mətbəxlərində, hərdən də ən bahalı restoranlarda ailəvi şam yeməkləri, yayda Bodruma, Antalyaya tətil keçirməyə yollanmaq, ən lüks avtomobilə, ən əla bağ evinə sahib olmaq… -- planlar bunlar idi.
Paytaxtdakı mənzillərinə Qələndərovun Bakıda işi olanda hərdən ailəvi getdiklərindən Ülkər orada çox olmuş, bu nəhəng şəhərə vurulmuşdu. Oradakı həyat onu maqnit kimi özünə çəkirdi. Ailə həyatı hələ uzaqda idi, belədə isə atasının və qardaşının sonsuz təqiblərindən, bu rayon yerinin bozluğundan, mal-qara təzəyi qoxusundan yeganə xilası məktəbi tez qurtarıb hansısa universitetə, -- lap dövlətinki olmasın, özəl olsun, -- fərqi yoxdur, hansınasa daxil olmaq, gedib Bakıda yaşamaq idi. Hansı universitetdə, hansı təhsil üzrə oxuyacağı eyninə deyildi, təki harasa daxil olsun.
Bir dəfə Bakıdan tətilə gəlmiş Rüfət məktəbə gəlib tənəffüsdə onunla görüşdü.
-- Salam.
-- Salam.
-- Necəsən?
-- Yaxşı.
-- Sən?
-- Mən də yaxşı.
-- Necə keçir dərslərin?
-- Babat.
-- Bəs sənin universitet həyatın necə keçir?
-- Əla. Bütün qiymətlərim əladır.
Bu yerdə Ülkər zarafat da elədi:
-- Nə əcəb Bakıda fintifürüş qızlar ağlını başından almayıb hələ, yenə mənim dalımca gəlmisən?
Rüfət də dedi:
-- Sevgi bəyəm oyun-oyuncaqdır?
Və yenə də keçəndəfəki titrək səsiylə o ilahi kəlmələrini təkrarladı:
-- Sən mənim doğan günəşimsən.
Bu kəlmələri eşitmək necə də xoş idi. Ülkər o an özünü dünyanın ən xoşbəxti sandı.
Tənəffüs bitdi, zəng vuruldu, Rüfət əlindəki kitabı Ülkərə uzatdı, dedi, bunları oxuyub məni xatırla. Şeir kitabı idi. Bəxtiyar Vahabzadənin. Təəssüf ki, indi o kitabın adını xatırlaya bilmir. Əksəriyyəti sevgi şeirləri idi. Həmin gün 2002-ci ilin 27 noyabrı idi. Həmin günü Ülkər heç vaxt unutmayacaq.
Ülkərin sinif yoldaşı vardı, Leyla adında, o həm də Rüfətin bibisi qızı idi, Ülkərlə Leylanın ataları dostluq edirdilər, dekabr ayının 5-də atalar Bakıda hansısa işi aşırmağa yollananda qızları da özləri ilə götürmüşdülər ki, Bakını gəzsinlər, eyinləri açılsın. Həmin gün kişilər işləri ilə məşğul idilər, qızları da bulvara qoymuşdular ki, gəzsinlər, əylənsinlər. Onda Ülkər içindəkiləri açıb Leylaya söylədi, Rüfəti dəli kimi sevdiyini izhar etdi. Dedi, Rüfət mənə sevgisini etiraf edib, amma mən onu bu qədər sevsəm də, sevgimin miqyasını ona bəlli etməmişəm. Leyla da söylədi ki, Rüfətlə biz bacı-qardaş kimiyik, bir-birimizə tam bələdik. Dedi, bəli, o, səni sevir, amma sənin ona biganə olmağından da üşürgələnir.
Gəzə-gəzə “Mirvari” kafesinin yanına gəlmişdilər, oradakı iri qarağac yarpaqlarını töksə belə, yenə çox nəhəng görünürdü. Qarağacın qənşərində dayananda Leyla dedi ki, Rüfət çox duyğusaldır, ona bir məktub yaz, sevgi etirafı elə, sonra da, bax, bura -- qarağacın bu oyuğuna qoy, mən də xəbər edim, Rüfət götürüb məktubu oxusun. Ülkər tərəddüd etsə də, bu təkliflə razılaşdı, Rüfətə sevgi etirafını dürlü-dürlü sözlərlə kağıza izhar edib kağızı ağacın oyuğuna qoydu. Leyla da bu barədə Rüfətə mesaj yazdı, dedi, Allahın köməyi ilə heç kəs məktubumuzu tapıb buradan çıxarmaz, Rüfət də onu oxuyar.
Artıq ertəsi gün, onlar rayona qayıdanda Rüfət bir foto göndərmişdi Leylaya, Leyla da fotonu Ülkərə vermişdi. Qarağacın gövdəsinə Rüfət “R + Ü=sevgi” sözlərini yazmışdı və ürək rəsmi cızmışdı.
Bu xatirə Ülkərin ən şirin xatirəsinə çevriləcəkdi, sonradan bütün həyatı boyu onu şaxtada isidəcək, dərddə ovudacaqdı.
Amma cəmi iyirmi beş gün sonra Ülkərin heç vaxt unutmayacağı daha bir gün oldu. Bu dəfə pis gün oldu, xatirəsi qara oldu həmin günün.
31 dekabr günüydü, ailələri Yeni ilə qədəm qoymağa hazırlaşırdı.
Qələndərov onlarla bir az oturub Bakıya çıxacaqdı, anası onun bu gedişindən narazı qalsa da (bayram günü axı Bakıya işlə bağlı getmək söhbəti inandırıcı gəlmirdi qadına, ərinin bu sayaq gedişləri daim təkrarlanırdı), söz deyə bilməyərək burnunu sallamışdı. Süfrə arxasında Qələndərov qəfildən tezliklə Ülkəri nişanlayacaqlarından söz açdı. Dedi, bu qapıya elçiliyə gələnlərə kandardaca “yox” demək lazımdır, qız Əflatunun oğlunundur.
--Bu nədir, gündə biri mənim qapıma elçiliyə gəlir. Var-dövlətimə gözləri düşüb, hə? Vəzifəmi görüb özlərinə arxa-dayaq gəzirlər, eləmi? Qapıya bir lövhə yazıb asmaq lazımdır ki, biz qızımızı heç kəsə ərə vermirik, gəlməyin bu qapıya. Belədə, and olsun dədəmin ruhuna, bir dəfə gələnin birini basıb altıma şil-küt eləyəcəm. Elə bil mənim qapımda yel əsib, qoz tökülüb.
Bunları demişdi, bunları deyəndə Ülkər bir qədər də toxtamışdı ki, başqalarına belə deyir, amma Rüfətgil haqqında, yəqin, belə deməyəcək. O ailə rayonda ailələrin tacıdır.
Di gəl ki, sonra Qələndərov həmin o dəhşətli sözləri ağzından çıxartmışdı:
-- Qız Əflatunun oğlunundur!
Necə yəni qız Əflatunun oğlunundur?
-- Yaxında gəncləri nişanlayacağıq.
Necə yəni gəncləri nişanlayacağıq?
Həmin an sanki Ülkəri qaldırıb göyün hansısa qatından yerə çırpdılar. Özünü param-parça olmuş hiss elədi. Cürətə gəlib bir kəlmə “Ata, nə nişanlanmaq, mən hələ oxumalıyam” desə də, atası “Oxu da, oxumağı əlindən alan var məgər? Barmağında üzük oxuyarsan” kəlmələri ilə onu yerində oturtdu.
Ülkər qeyri-ixtiyari hönkürərək öz otağına qaçdı. Bir dünya uçub dağılırdı, orada Rüfətlə xoşbəxt ailəsi -- o, Rüfət, Aylin və Elvin “Torqovı”ya baxan mətbəxdə süfrə arxasında ikən sanki süfrənin altı üstünə çevrilməkdəydi…
Əflatungillə ailəvi dost idilər, “Biznesmen” təxəllüslü Əflatun sayıb-seçilən zərgərlərdəndi, “SUM” adlanan Mərkəzi Univermaqda, “Moskva” univermağında qızıl şöbələrinə malikdi, onların Rüfətgillə də ailəvi yaxınlıqları, Rüfətin atasıyla da zərgərlikdə şərikli işləri var idi. Əflatunun həyat yoldaşı Nazəndə xanımsa müəllimə idi, yaxşı güzəranlı bir ailə idilər. Ərzaq dükanları, bahalı avtomobilləri, Bakının göbəyində çoxmərtəbədə böyük sahəli mənzilləri, Şüvəlanda bağ evləri var idi.
Qələndərovun Əflatunla dostluğunun tarixi elə də uzun deyildi, hələ rayonda polis rəisi zirvəsinə ucalmadığı dönəmlərdə belə Qələndərov pul qazanmağı bacarırdı, gah bu, gah digər kəndin sahə müvəkkili işləyir, əmək kitabçasında iş yerləri dəyişir, daşdan pul çıxarır, əzazilliyi, zalımlığı ilə insanlara zülm verir, onu-bunu şərləyib pul yığırdı. Nümunəvi polislər onunla yola getmirdilər, ara-sıra rəhbərlikdən töhmətlər də alırdı, amma ən dar məqamda həmişə özünə havadar tapa bilirdi. O dönəmlərdə “Vosmoy”un maşın bazarı” tərəfdə Canan adlı bir qadını saxlayır, hər Bakıya gedişində ona qır-qızılalıb hədiyyə edirdi. Qələndərov SUM-da Əflatunun əsas müştərisinə çevrilmiş, tanışlıqları dostluğa dönmüşdü. Hətta bir dəfə Əflatun ərklə ondan soruşmuşdu:
-- Ay qardaş, gəlinbacımız bu qədər qır-qızılı neynəyir axı?
Qələndərov da saxladığı gözəllər gözəli Cananla qürurlanmış, demişdi:
-- Hərif-zadam ki, arvadıma bunca pul xərcləyim? Saxladığım var. Ay parçasıdır elə bil.
Əflatunun oğlu Madar Bakı Dövlət UniversitetininHüquq fakültəsində oxuyurdu, prokurorluqda işə də düzəltmişdilər onu, müstəntiq köməkçisi idi.1982-ci il təvəllüdlü Madar evin bir uşağı idi, kifayət qədər ərköyündü. Xeyir-şərdə, bayramlarda, ad günlərində iki ailənin birlikdə olması tez-tez təkrarlanardı, Ülkər Madarda bir yekəxanalıq, özündənrazılıq duyurdu, hətta aralarında cəmi dörd yaş fərq olsa da, Madar Ülkərə uşaq gözü ilə baxır, onunla uşaq kimi rəftar edirdi. Üstəlik, hər cür naz-nemət içində böyüyən bu gəncin şorgözlüyü də vardı, bir dəfə hətta anası ilə atasının söhbətində anasının “Deyirlər, Madar arvadbazdır, gündə biri ilə görüşür” deməsini, atasının da “Uşaq cavanlığını eləyir də, evlənəndə yığışacaq” kəlmələri ilə anasını yerində oturtduğunun şahidi olmuşdu.
Ailəvi məclislərdə Ülkər Madarın bir ucdan qızlarla mesajlaşmasını öz gözləri ilə görmüşdü.
Deməzsənmiş, Ülkər doqquzuncuda oxuyan vədələrdə Qələndərov Bakıda Əflatun müəllimlə restoranda yeyib-içirmişlər, həmin məqamda söz açılıbmış, Əflatun müəllim deyibmiş:
-- Qardaşım, bizim Madar çox ərköyün uşaqdır, onu çox əzizləyirik, xətrinə dəymirik deyə ağlı kəsəni eləyir, evə yığıb-yığışdırmaq da olmur. Beləsini ancaq ailə ilə buxovlamaq olar. Ülkər çox tərbiyəli, ağıllı, göyçək qızdır, uşaqlarımızı qovuşdursaq, illərlə aramızda olan dostluq əlaqələrini qohumluq əlaqələrinə çevirərik.
Qələndərov da dərhal “Qurbandır sənə Ülkər” cavabını verərək qızın taleyini həll edibmiş.
-- Verirsən qızı oğluma?
-- Niyə də yox? Sizin ailəylə qohum olmaqdan şərəf duyaram.
-- Eləysə sıx əlimi.
-- Sıxdım.
-- Ofisiant, bizə iki stəkan şirin çay gətir.
Həmingünkü mənzərə belə olmuşdu. Həqiqətən, ofisianta şirin çay gətirdib içmiş, ardınca da araq qədəhlərini gənc ailənin və gələcək qohumluqlarının sağlığına qaldırmışdılar.
Valideynlər bəzən belə iş tutur, biçarə övladlarının fikri ilə maraqlanmırlar. Necə ki, onu eləmə, bunu eləmə deyib uşaqları nadinclikdən qoparmaq istəyirlər, eləcə də məsuliyyətli ailə həyatı seçimində də onların artıq böyüdüklərinin fərqinə varmır, onlarla yenə uşaq kimi rəftar edirlər.
Ülkər həyatının artıq həll edildiyi barədə acı xəbəri eşitdiyi gündən bir müddət özünə gələ bilmədi. İştahı itdi, gülüş üzündən əskik oldu. Dərslərə də bir ara getmədi, özünü dünyadan küskün hiss elədi. Leyli gəlir, onu ovutmaq istəyirdi, seriallardan nümunələr gətirirdi ki, bacı qurban, ilk məhəbbət heç vaxt reallaşmır, heç vaxt qovuşdurmur sevənləri, odur ki, ürəyinə salma, Rüfəti unut, Madarı ailə qurandan sonra sevəcəksən mütləq.
Deyirdi, amma xeyri olmurdu.
Ülkər dolmuş bulud idi, hər an yağış axıdırdı.
Ülkər saplağından asılmış solğun çiçək idi.
Ülkərin içində dərd-kədər toy-bayram etməkdəydi.
Qələndərovun aləmində valideyn öz merkantil maraqları naminə ailənin gələcəyini təyin etməliydi. Yemək var, içmək var, yatmağa yerin var, vuran yox, söyən yox, daha nə istəyirsən, ay uşaq? Başını salla, dərslərini oxu, böyüklərin buyruqlarını yerinə yetir. Vaxtı da çatanda halal süd əmmişin biri ilə ailə həyatı qur. Vəssalam.
O, uşaqlarına bunu aşılayırdı.
“Uşaq nə zibildir ki, özü özünə həyat yoldaşı seçsin? Nə sevgi, nə eşq? Hamısı əfsanədir. Murdar bir nəsildən olan, əsli-nəcabəti bilinməyən birisini gətirib mənə qohum edəcəklər? Oğlum seçdiyi qız bəlkə elə fahişənin biri oldu, aləmdə biabır olmarammı? Qızlarımın ərə getdikləri oğlanlar bəlkə narkoman, qumarbaz oldu? Yerin altına girmərəmmi?”
Qələndərov belə düşünürdü.
Zöhrəylə özü də valideyn tapşırığı ilə ailə qurmuşdular, uzaq qohumluqları çatırdı, nişanlanana kimi bir-birinin üzünü belə görməmişdilər. Yadındadır, anasına “Bəyənmədim qızı, üzü xoşuma gəlmədi” deyəndə anasından “Üzündə süfrə salıb yemək yeyəcəksən, a bala? İndi də üzü xoşagəlimli olmasın. Əsas odur ki, tərtəmizdir, ləkəli bir yeri yoxdur. Xasiyyəti mülayimdir, özü də çox qoçaqdır” cavabını almışdı. Bu kəlmələrin qabağında Qələndərov söz tapıb deyə bilməmişdi.
Zöhrə ilə ər-arvaddan daha çox bir mənzildə yaşamağa məcbur olmuş kirayənişinlərə bənzəyirdilər. Qələndərov Zöhrəni tam öz zəhminin altında saxlayaraq nədəsə şəxsi fikir söyləməsinə belə imkan vermirdi.
Bir ara Zöhrənin işində irəliləməsi, baş həkim keçməsi perspektivi yarananda belə buna imkan verməmişdi, əksinə, rayon səhiyyə şöbəsi ilə razılaşdırıb Zöhrəni tam ştatdan yarımştata keçirmişdi, demişdi ki, arvad oturub evinin işini görər, onun-bunun yanına iynə vurmaz.
Onun indiyədək Zöhrəni tamamən işdən çıxarmaması bir möcüzə idi.
Qələndərov bütün sutkanı işdə olur, şənbə-bazar fürsət düşəndə icra başçısının müavini, prokuror, bələdiyyə sədri, hərbi komissar və o – beşlikdə yeyib-içməyi xoşlayırdılar.
Bulaq başı, süni meşə. Ağacların altı, quşlar cəh-cəh vurur, manqal tüstülənir, şişlərdən kabab tikələrinin yağı damır, araq şüşələri dolub-boşalır. Vur ki, vurasan.
Bir mini nərd turniri də keçirirdilər. Hərəsi nərdin altına şax bir yüzlük qoyurdu, sonda hamıya qalib gələn pullara sahib çıxırdı.
Deyib-gülür, zarafatlaşırdılar. Ağır iş həftəsinin yükünü bu cür çiyinlərindən atırdılar. Məclis ta ki gecə yarıya kimi davam edirdi.Gecənin bir aləmi Qələndərov evə gəlib başını atıb yatır, xorultusundan qulaq tutulurdu.
Gah da ki, şənbə-bazar günləri Bakıya yollanırdı, hər gedişində də Canandan başqa yüngüləxlaqlı qadınlarlada görüşər, onlara pul xərcləyərdi. Zöhrənin qulağına Canan söhbəti çatmışdı. Deyirdilər, Canana evi də Qələndərov alıb. Zöhrə bir-iki dəfə Qələndərovun bu macəralarına etiraz etməyə cəhd göstərmiş, dərhal yerində oturdulmuşdu. Hətta günahkar ola-ola Qələndərov bir oyun çıxarmışdı ki, Zöhrə “yanan da mən, yaman da mən” deyib geri çəkilməli olmuşdu. Qapalı ailədə böyüdüyündən, ailəsi hələ uşaqlar körpə olanda Zöhrə ər evindən küsüb ata evinə qayıdarkən onu qapıdan geri itələyib “sənin ər evindən ancaq meyitin çıxa bilər” ultimatumunu vermiş, Zöhrə də bu cür tale ilə barışmalı olmuş, içindəki üsyançılıq meyillərini boğmuşdu.
Ara-sıra hər halda gileylərini ərinə uşaqlardan gizlin bildirirdi, “arvad kişinin üzünə ağ olmaz” mental qanunundan kənara çıxdığını uşaqlara sezdirtməmək üçün bunları çox sakit tərzdə, pıçıltıyla deyirdi, təbii ki, bəzən bu kəlmələri Xəyal, bəzən Leyli eşidirdi, Ülkərin eşitdikləri də az olmurdu:
-- Xoşbəxt deyiliksə də, xoşbəxt görünməyə çalışmalıyıq. Uşaqlar ailəmizi əyər-əskiksiz, natamam olmayan ailə kimi təsəvvür etməlidirlər. Dava-dalaş, söz-söhbət olan ailələrdə böyüyən uşaqlar gələcəkdə qəddar olurlar, acımasız olurlar…
-- Mənə təklikdə nə söyüş söyürsən söy, nə təhqir edirsən et, amma bunu uşaqların yanında eləmə…
-- Bir insanın psixoloji tarazlığı ailəsinin hər bir üzvünün rahat yaşaması deməkdir…
-- Qonşu Sayalı gəlib göz yaşı tökür, deyir, Qələndərov oğlumla, nəinki oğlumla, bütün şəxsi heyətlə kobud rəftar edir, ana söyüşü belə söyür. Bəsdir özünə bu qədər düşmən qazandın. Sabah elə bir gün gələ bilər ki, kiməsə möhtac olarsan. Bax onda heç kəs sənə əl uzatmaz.
-- Sən mərdi qova-qova namərd eləyənlərdənsən…
Növbəti günlərin birində Ülkər anası ilə uzun-uzadı təkbətək söhbət elədi.
Dedi:
-- Ay ana, bu nə düşüncə tərzidir ki, generalın oğlu general qızı almalıdır? Məgər atamla sən gələcək kürəkəninizin var-dövlətinəmi ümid bağlayırsız? Məgər biz kasıbıq ki?.. Rayon bizim var-dövlətdən danışır. Niyə atam məni pulu kalan olan Əflatun əminin oğluna vermək istəyir axı? Niyə insanlarda əllərindəkilərlə qane olmaq əsla yoxdur? Niyə daim artığını istəyirik? Cəmiyyət niyə bunca acgözdür? Kişilər dollarların, maşınların, villaların, qadınlar brilyantın, qır-qızılın, şıq geyim-kecimin niyə bunca əsiridir?
Qızının bu özünəxas olmayan, təmtəraqlı nitqi anasını çaşdırdı, hətta o, qarşısında doğma qızının dayandığına bir anlıq tərəddüd də elədi. Və bircə kəlmə söylədi, dedi ki, qızım, atan da, mən də sənin xoşbəxtliyinə çalışırıq.
Anası ilə söhbətdən bir şey əldə edə bilməyən Ülkər ertəsi gün özündə cəsarət tapıb atası ilə də danışdı.
-- Ata, qurban olum sənə, mənim istədiyim var, məni bədbəxt eləmə.
O bu kəlmələri söyləyəndə hələ də atasını inadından döndərəcəyinə əmindi. Lakin sən saydığını say, gör fələk nə sayır. “Mənim istədiyim var” kəlmələri Qələndərovu cızığından çıxartdı, əsəblərini cilovlaya bilmədi, ağzı köpüklənə-köpüklənə Zöhrəni də, Ülkəri də söyüşlərə tuş elədi, hələ yazıq Leyliyə də söyüş payı düşdü.
Həmin gün Qələndərov Ülkəri möhkəmcə döydü, saçlarından tutub evdə sürütlədi. Qələndərov hətta Zöhrəni də vurdu, dedi, kor idin, hara baxırdın ki, bu qız cızığından çıxıb kimisə sevib?
Bununla barışmayıb, Bakıda qalan oğluna zəng vurub onu da yamanladı, dedi, əlimə keçsən, sənin hər tikəni qulağın boyda edəcəm, mən bu itin qızını sənə tapşırmışdım, sən hansı cəhənnəmə baxırdın ki, o gedib oğlan sevirdi?
Qələndərov düz on gün Ülkərin otağından çıxmasına qadağa qoydu. O, Ülkərdən istədiyi oğlanın adını təkidlə tələb edəndə qız qorxudan sarısını uddu. Qələndərovun planı “o qudurmuş, cızığından çıxmış gədəni cəzalandırmaq” idi. Amma Ülkər Rüfəti ələ vermədi. Qələndərov Leylini də divara sıxıb “bacının sevişdiyi gədənin adını de” deyərək qorxutdu. Leyli ağlayaraq and-aman elədi ki, mənim heç nədən xəbərim yoxdur.
O dönəmdə Ülkərin gücü ancaq göz yaşlarına çatırdı, saatlarla ağlayır, sevdiyinin bağışladığı ürək rəsmli açarqabını sinəsinə sıxıb onunla danışırdı. Bir də kitabdakı şeirləri təkrar-təkrar oxuyurdu.
Günlərsə öz axarı ilə davam etməkdəydi.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
BİRİ İKİSİNDƏdə Aysel Xanlarqızı Səfərlinin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün poeziya vaxtıdır, sizlərə Aysel Xanlarqızı Səfərlinin şeirlərini təqdim edirik.
ŞƏHİD TOYU
Bir evdə həsrətin doğum ayıdır,
Bir isti ürəyi mərmi soyudur.
Bir igid oğulun şəhid toyudur,
Qohumlar yığışıb ər qarşılayır.
Gecənin gözündə bulud topası,
Bir həsrət yol gəlir eldən qopası.
Açılıb taybatay küçə qapısı,
Ana qol qaldırıb nər qarşılayır.
Mesaj qutusunda son silah səsi,
Cavabsız zəngləri əlvida sözü.
Bayrağa and içib öpdüyü gözü,
Hönkürüb ağlayır, yar qarşılayır.
Ocaqlar asılıb, kədər qaynayır,
Qol açıb ah-nalə göydə oynayır.
Çıxıb köynəyindən elə göynəyir,
Nakam vucudunu tar qarşılayır...
Bu igid balanı, şəhid oğulu,
Göylər uğurlayır, yer qarşılayır.
***
Sən cəsur döyüşçüm, mən əsir yurdun,
Bir Turan arzulu türküm, boz qurdum.
Otaylı-butaylı Xudafərinim,
Qoynuna tələsən Təbriz hayqırtım...
Ayrı qitələrdə həsrət yanğısı,
Dərviş səbrindəki təklik ağrısı.
Mövlanəm, üləmam, sufim, zahidim,
Eşqə təsəvvüfümTanrı çağrısı...
Bu şəhid ruhumun azad şəhəri,
Sən Laçın sabahım, Şuşa səhərim...
Köksü səcdəgahım, ocağım, pirim,
Acı taleyimin xoşbəxt zühuru...
Gəl, sənsiz vəhşətdə xaraba ruhum,
Qiyamət ömrümün İsrafil suru...
ŞƏHİD GƏLİRDİ
"Atəş" əmri səsləndikcə mərmilər güldü,
Səngər boyu tətiklədi düşməni ölüm.
Vətən deyib atılırdı odun qoynuna,
Duasını geyinmişdi əsgər sevgili...
Gecələri döyüş meydanıydı otağı,
Savaşırdı içindəki ağrıyla ana...
İslanırdı gözlərində oğul həsrəti,
Göndərmişdi ürəyini ər meydanına...
Nifrətini doldurduqca od silahlara
Cibindəki son məktubu köks ötürürdü.
Ataların yanıq bağrı şəhid ağrılı,
Çiyinləri oğul adlı dərd götürürdü...
Meydanlarda şəhid olan ayaqlarından,
Tək xatirə – götürdüyü əsgər çəkməsi...
Bayraqları zirvələrə daşıyan ruhlar
Torpaq altda oxuyurdu vətən nəğməsi.
Bir uşağın yuxusuna şəhid atası
Qonaq idi, süfrəsində məclis qurulu.
Milyon ildir sarılmamış qolları indi
Son nəfəsi vətən adlı eşqə sarılı...
Müharibə qoxusuna oyanmış gecə
Sabahadək bayraqlarla küləklənirdi.
Duaları duyulmamış hansısa evə
Arzuları güllələnmiş şəhid gəlirdi…
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)
Uğur üçün 15 keyfiyyət - PEŞƏKARLIQ
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)