Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
9) Peşəkarlıq.
Peşəkarlıq və diletantlıq. İki ayrı-ayrı qütblər. XII əsrdə yaşamış dahi Azərbaycan şairi Nizami Gəncəvi demişkən: «Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan». Peşəkar palançı olmaq diletant papaqçı olmaqdan daha şərəflidir, Nizami Gəncəvinin təbirincə.
Peşəkarlıq özünə güvəndir, güclü olmaqdır, sahənin bilicisi olmağındır, qabaqcıl təcrübə, məktəb keçmək anlamıdır, işdən həzz duymağındır.
Diletantlıq isə gözüqıpıqlıq, inamsızlıq, stress və əsəb gərginliyidir. Əksərən bir sahə üzrə təhsil alıb digər sahədə işləyənlər, yaxud da seçdikləri sahə üzrə vaxtında lazımi bilik və praktik təcrübə qazanmayanlar diletantlar ordusunu təşkil edirlər. Bu cür təsadüfi adamların işdə uğur qazanacağı, təbii ki, real görünə bilməz.
Uğura yol mütləq peşəkarlıqdan keçir, bu aksiomdur.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
8) Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti.
İnsan karyera quranda bilirsiniz, hansı halda daha uğurlu olur? Onun sevdiyi peşə ilə seçdiyi peşə eyni olsun. Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Bu absurd bir şeydir, boşluqdur, xəyal qırıqlığıdır. Mən haradasa bunu gəncin birini sevib başqası ilə ailə həyatı qurmasına bənzədirəm.
Peşə seçəndə mütləq qəlbinizin səsinə qulaq asın, əziz gənclər. Valideyn təhriki, kiminsə təsiri sizi yolunuzdan sapındırmasın. Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)