QİRAƏT SAATInda “Eşq mələyi” Featured

 “Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.

“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?

Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.

 

 

5-ci hissə

 

Qayğızıs uşaqlığın sonu

 

O aralar artıq Qələndərovun evinə ilk elçi də gəlmişdi, qız onbirincidə oxuyanda bu elçigəlmələr çoxaldı…intensivləşdi. Anası Zöhrə tez-tez Ülkərlə Leylini qarşısında oturdur, onlara qız xeylağının davranış qaydalarını aşılamağa çalışırdı. Evə kişi xeylağı gələndə yaşmanıb otaqdan çıxmaq, küçə-bayırda başıaşağı gəzmək, ucadan səs çıxarmamaq, məktəbdə oğlanlarla ünsiyyət qurmamaq, onlara maraq göstərməmək… Zöhrə qızlarını özü kimi həkim görmək istəyirdi. Deyirdi, biriniz can həkimi olun, biriniz uşaq həkimi. Leylini fikir dərhal tutmuşdu, onsuz da işi-gücü kitab-dəftər, yazı-pozu olan bu qız kitabxanadan tibbə aid xeyli kitab da alıb mütəmadi oxumaqdaydı. Amma Ülkər anasının sözlərini ciddiyə almazdı, gələcəyi ilə bağlı heç bir fikri yox idi, daha doğrusu, seçəcəyi ixtisas, peşə ilə bağlı. İndilərdə onu yalnız Rüfət, quracaqları ailə maraqlandırırdı. Bakıya köçmək, orada ərinin qoluna girib toya-nişana, kinoya, konsertlərə getmək. Uzun gecə libasları, gödək ətəkdə şəhər gəzintisi, bol kosmetikadan istifadə…

Gələcək ailənin konturlarını artıq qurmuşdu Ülkər. Təbii ki, oxuyubişləmək fikri yox idi.

 

***

Süleyman Zərrini səsləyib ondan çay gətirməsini xahiş etdi. Zərrin gələnə qədər romanı gizlətdi. Düşündü ki, həyat yoldaşı hər şeylə maraqlanandır, onun nə oxuduğu ilə mütləq maraqlanıb romanı vərəqləyəcək və mütləq də titul səhifəsindəki “fahişə” kəlmələri ilə rastlaşıb mərəkə qoparacaq. Köhnə sənədlərdən çıxarıb masasının üstünə atdı, özünü məşğul kimi göstərdi.

Zərrin gəlib sinidən bir stəkan çayı, nəlbəkidəki limonları, şokoladla dolu qəndqabını masanın üstünə yığıb Süleymanı “məşğul edən” kağız-kuğuza göz qoydu. Nəvazişlə ərinin tellərini qarışdırdı və nədən qayğılı olduğunu soruşdu.Süleyman da Zərrini elə minnətdarlıqla oxşadı ki…

Az sonraSüleymanın başı çay içməyə qarışanda Zərrin durub ruh kimi otaqdan çıxdı.

Süleyman bir daha qadın müqəddəsliyi haqda düşündü… Nişanlı ola-ola Zərrin ona iki il ərzində əlindən belə tutmağa imkan verməmişdi.Cəmiyyətin get-gedəbu yöndən xarab olduğunu düşünərək xeyli bikefləşdi… Fikirləşdi ki, iyirmi ildən sonra cəmiyyətdə Zərrin kimi qadınlar bəlkə də qalmayacaq.

Zərrinlə Ülkər arasında paralellər apardı. Dünyagörüşləri gör bir nə qədər fərqlidir iki qadının. Birində maddi rifah üstündür, ikincidə mənəviyyat. Amma romandan ayrı çox qala bilməzdi. Dərhal da kağızları qoyduğu dolabdan çıxarıb acgözlüklə oxumağa davam etdi.

 

***

Ülkər evdar xanım olacaqdı, uşaqlarını – istəyirdi ki, bir qızı və bir oğlu olsun, qızına Aylin, oğluna Elvin adını qoyacaqdı – böyüdəcəkdi, gününü salonlarda, alış-veriş mərkəzlərində keçirəcəkdi, televizorda gördüyü müğənnilərin, aktrisaların, modellərin ulduz həyatına vurulmuşdu, onlar kimi fitnes mərkəzlərinə səfər etməyi də planlayırdı.

Yumşaq dəri divanda oturub, buğlanan kofedən içə-içə, telefonla rəfiqələriylə laqqırtı vura-vura genişekranlı, divar boyda bir televizorda rahatca serialları izləyəcəkdi. Bundan böyük xoşbəxtlik ola bilərdimi?

Rüfət barədə şad xəbərlər bir-birini sıralamaqda idi.

Rüfət məktəbi əla qiymətlərlə bitirdi.

Rüfət qəbul imtahanlarında 635 bal topladı.

Rüfət İqtisad Universitetinə daxil oldu.

Rüfət biznesin əsaslarını öyrənir.

Bu uşaq, həqiqətən, fenomenal idi, zərgər atasına uşaq yaşlarında zərgərlik işlərində yardımçı olaraq pul qazanmağın sirlərinə çox erkən yaşlarında bələd olmuşdu. Universitetdə oxuya-oxuya “Moskva” univermağında bir zərgərlik şöbəsi açıb işlədirdi, deyirdi ki, gələcəyimi qurmaq üçün mütləq gərək indidən əlimə sərbəst vəsait toplayım.

Ülkər bu mehriban, yaraşıqlı oğlanla bir ömür xoşbəxt yaşayacağına tam əminlik içində idi. Uşaqlarını ingilisdilli gimnaziyada oxutmaq, onlara dayə və sürücü tutmaq, hərdən pəncərələri “Torqovı”ya açılan geniş mətbəxlərində, hərdən də ən bahalı restoranlarda ailəvi şam yeməkləri, yayda Bodruma, Antalyaya tətil keçirməyə yollanmaq, ən lüks avtomobilə, ən əla bağ evinə sahib olmaq… -- planlar bunlar idi.

Paytaxtdakı mənzillərinə Qələndərovun Bakıda işi olanda hərdən ailəvi getdiklərindən Ülkər orada çox olmuş, bu nəhəng şəhərə vurulmuşdu. Oradakı həyat onu maqnit kimi özünə çəkirdi. Ailə həyatı hələ uzaqda idi, belədə isə atasının və qardaşının sonsuz təqiblərindən, bu rayon yerinin bozluğundan, mal-qara təzəyi qoxusundan yeganə xilası məktəbi tez qurtarıb hansısa universitetə, -- lap dövlətinki olmasın, özəl olsun, -- fərqi yoxdur, hansınasa daxil olmaq, gedib Bakıda yaşamaq idi. Hansı universitetdə, hansı təhsil üzrə oxuyacağı eyninə deyildi, təki harasa daxil olsun.

Bir dəfə Bakıdan tətilə gəlmiş Rüfət məktəbə gəlib tənəffüsdə onunla görüşdü.

-- Salam.

-- Salam.

-- Necəsən?

-- Yaxşı.

-- Sən?

-- Mən də yaxşı.

-- Necə keçir dərslərin?

-- Babat.

-- Bəs sənin universitet həyatın necə keçir?

-- Əla. Bütün qiymətlərim əladır.

Bu yerdə Ülkər zarafat da elədi:

-- Nə əcəb Bakıda fintifürüş qızlar ağlını başından almayıb hələ, yenə mənim dalımca gəlmisən?

Rüfət də dedi:

-- Sevgi bəyəm oyun-oyuncaqdır?

Və yenə də keçəndəfəki titrək səsiylə o ilahi kəlmələrini təkrarladı:

-- Sən mənim doğan günəşimsən.

Bu kəlmələri eşitmək necə də xoş idi. Ülkər o an özünü dünyanın ən xoşbəxti sandı.

Tənəffüs bitdi, zəng vuruldu, Rüfət əlindəki kitabı Ülkərə uzatdı, dedi, bunları oxuyub məni xatırla. Şeir kitabı idi. Bəxtiyar Vahabzadənin. Təəssüf ki, indi o kitabın adını xatırlaya bilmir. Əksəriyyəti sevgi şeirləri idi. Həmin gün 2002-ci ilin 27 noyabrı idi. Həmin günü Ülkər heç vaxt unutmayacaq.

Ülkərin sinif yoldaşı vardı, Leyla adında, o həm də Rüfətin bibisi qızı idi, Ülkərlə Leylanın ataları dostluq edirdilər, dekabr ayının 5-də atalar Bakıda hansısa işi aşırmağa yollananda qızları da özləri ilə götürmüşdülər ki, Bakını gəzsinlər, eyinləri açılsın. Həmin gün kişilər işləri ilə məşğul idilər, qızları da bulvara qoymuşdular ki, gəzsinlər, əylənsinlər. Onda Ülkər içindəkiləri açıb Leylaya söylədi, Rüfəti dəli kimi sevdiyini izhar etdi. Dedi, Rüfət mənə sevgisini etiraf edib, amma mən onu bu qədər sevsəm də, sevgimin miqyasını ona bəlli etməmişəm. Leyla da söylədi ki, Rüfətlə biz bacı-qardaş kimiyik, bir-birimizə tam bələdik. Dedi, bəli, o, səni sevir, amma sənin ona biganə olmağından da üşürgələnir.

Gəzə-gəzə “Mirvari” kafesinin yanına gəlmişdilər, oradakı iri qarağac yarpaqlarını töksə belə, yenə çox nəhəng görünürdü. Qarağacın qənşərində dayananda Leyla dedi ki, Rüfət çox duyğusaldır, ona bir məktub yaz, sevgi etirafı elə, sonra da, bax, bura -- qarağacın bu oyuğuna qoy, mən də xəbər edim, Rüfət götürüb məktubu oxusun. Ülkər tərəddüd etsə də, bu təkliflə razılaşdı, Rüfətə sevgi etirafını dürlü-dürlü sözlərlə kağıza izhar edib kağızı ağacın oyuğuna qoydu. Leyla da bu barədə Rüfətə mesaj yazdı, dedi, Allahın köməyi ilə heç kəs məktubumuzu tapıb buradan çıxarmaz, Rüfət də onu oxuyar.

Artıq ertəsi gün, onlar rayona qayıdanda Rüfət bir foto göndərmişdi Leylaya, Leyla da fotonu Ülkərə vermişdi. Qarağacın gövdəsinə Rüfət “R + Ü=sevgi” sözlərini yazmışdı və ürək rəsmi cızmışdı.

Bu xatirə Ülkərin ən şirin xatirəsinə çevriləcəkdi, sonradan bütün həyatı boyu onu şaxtada isidəcək, dərddə ovudacaqdı.

Amma cəmi iyirmi beş gün sonra Ülkərin heç vaxt unutmayacağı daha bir gün oldu. Bu dəfə pis gün oldu, xatirəsi qara oldu həmin günün.

31 dekabr günüydü, ailələri Yeni ilə qədəm qoymağa hazırlaşırdı.

Qələndərov onlarla bir az oturub Bakıya çıxacaqdı, anası onun bu gedişindən narazı qalsa da (bayram günü axı Bakıya işlə bağlı getmək söhbəti inandırıcı gəlmirdi qadına, ərinin bu sayaq gedişləri daim təkrarlanırdı), söz deyə bilməyərək burnunu sallamışdı. Süfrə arxasında Qələndərov qəfildən tezliklə Ülkəri nişanlayacaqlarından söz açdı. Dedi, bu qapıya elçiliyə gələnlərə kandardaca “yox” demək lazımdır, qız Əflatunun oğlunundur.

--Bu nədir, gündə biri mənim qapıma elçiliyə gəlir. Var-dövlətimə gözləri düşüb, hə? Vəzifəmi görüb özlərinə arxa-dayaq gəzirlər, eləmi? Qapıya bir lövhə yazıb asmaq lazımdır ki, biz qızımızı heç kəsə ərə vermirik, gəlməyin bu qapıya. Belədə, and olsun dədəmin ruhuna, bir dəfə gələnin birini basıb altıma şil-küt eləyəcəm. Elə bil mənim qapımda yel əsib, qoz tökülüb.

Bunları demişdi, bunları deyəndə Ülkər bir qədər də toxtamışdı ki, başqalarına belə deyir, amma Rüfətgil haqqında, yəqin, belə deməyəcək. O ailə rayonda ailələrin tacıdır.

Di gəl ki, sonra Qələndərov həmin o dəhşətli sözləri ağzından çıxartmışdı:

-- Qız Əflatunun oğlunundur!

Necə yəni qız Əflatunun oğlunundur?

-- Yaxında gəncləri nişanlayacağıq.

Necə yəni gəncləri nişanlayacağıq?

Həmin an sanki Ülkəri qaldırıb göyün hansısa qatından yerə çırpdılar. Özünü param-parça olmuş hiss elədi. Cürətə gəlib bir kəlmə “Ata, nə nişanlanmaq, mən hələ oxumalıyam” desə də, atası “Oxu da, oxumağı əlindən alan var məgər? Barmağında üzük oxuyarsan” kəlmələri ilə onu yerində oturtdu.

Ülkər qeyri-ixtiyari hönkürərək öz otağına qaçdı. Bir dünya uçub dağılırdı, orada Rüfətlə xoşbəxt ailəsi -- o, Rüfət, Aylin və Elvin “Torqovı”ya baxan mətbəxdə süfrə arxasında ikən sanki süfrənin altı üstünə çevrilməkdəydi…

Əflatungillə ailəvi dost idilər, “Biznesmen” təxəllüslü Əflatun sayıb-seçilən zərgərlərdəndi, “SUM” adlanan Mərkəzi Univermaqda, “Moskva” univermağında qızıl şöbələrinə malikdi, onların Rüfətgillə də ailəvi yaxınlıqları, Rüfətin atasıyla da zərgərlikdə şərikli işləri var idi. Əflatunun həyat yoldaşı Nazəndə xanımsa müəllimə idi, yaxşı güzəranlı bir ailə idilər. Ərzaq dükanları, bahalı avtomobilləri, Bakının göbəyində çoxmərtəbədə böyük sahəli mənzilləri, Şüvəlanda bağ evləri var idi.

Qələndərovun Əflatunla dostluğunun tarixi elə də uzun deyildi, hələ rayonda polis rəisi zirvəsinə ucalmadığı dönəmlərdə belə Qələndərov pul qazanmağı bacarırdı, gah bu, gah digər kəndin sahə müvəkkili işləyir, əmək kitabçasında iş yerləri dəyişir, daşdan pul çıxarır, əzazilliyi, zalımlığı ilə insanlara zülm verir, onu-bunu şərləyib pul yığırdı. Nümunəvi polislər onunla yola getmirdilər, ara-sıra rəhbərlikdən töhmətlər də alırdı, amma ən dar məqamda həmişə özünə havadar tapa bilirdi. O dönəmlərdə “Vosmoy”un maşın bazarı” tərəfdə Canan adlı bir qadını saxlayır, hər Bakıya gedişində ona qır-qızılalıb hədiyyə edirdi. Qələndərov SUM-da Əflatunun əsas müştərisinə çevrilmiş, tanışlıqları dostluğa dönmüşdü. Hətta bir dəfə Əflatun ərklə ondan soruşmuşdu:

-- Ay qardaş, gəlinbacımız bu qədər qır-qızılı neynəyir axı?

Qələndərov da saxladığı gözəllər gözəli Cananla qürurlanmış, demişdi:

-- Hərif-zadam ki, arvadıma bunca pul xərcləyim? Saxladığım var. Ay parçasıdır elə bil.

Əflatunun oğlu Madar Bakı Dövlət UniversitetininHüquq fakültəsində oxuyurdu, prokurorluqda işə də düzəltmişdilər onu, müstəntiq köməkçisi idi.1982-ci il təvəllüdlü Madar evin bir uşağı idi, kifayət qədər ərköyündü. Xeyir-şərdə, bayramlarda, ad günlərində iki ailənin birlikdə olması tez-tez təkrarlanardı, Ülkər Madarda bir yekəxanalıq, özündənrazılıq duyurdu, hətta aralarında cəmi dörd yaş fərq olsa da, Madar Ülkərə uşaq gözü ilə baxır, onunla uşaq kimi rəftar edirdi. Üstəlik, hər cür naz-nemət içində böyüyən bu gəncin şorgözlüyü də vardı, bir dəfə hətta anası ilə atasının söhbətində anasının “Deyirlər, Madar arvadbazdır, gündə biri ilə görüşür” deməsini, atasının da “Uşaq cavanlığını eləyir də, evlənəndə yığışacaq” kəlmələri ilə anasını yerində oturtduğunun şahidi olmuşdu.

Ailəvi məclislərdə Ülkər Madarın bir ucdan qızlarla mesajlaşmasını öz gözləri ilə görmüşdü.

Deməzsənmiş, Ülkər doqquzuncuda oxuyan vədələrdə Qələndərov Bakıda Əflatun müəllimlə restoranda yeyib-içirmişlər, həmin məqamda söz açılıbmış, Əflatun müəllim deyibmiş:

-- Qardaşım, bizim Madar çox ərköyün uşaqdır, onu çox əzizləyirik, xətrinə dəymirik deyə ağlı kəsəni eləyir, evə yığıb-yığışdırmaq da olmur. Beləsini ancaq ailə ilə buxovlamaq olar. Ülkər çox tərbiyəli, ağıllı, göyçək qızdır, uşaqlarımızı qovuşdursaq, illərlə aramızda olan dostluq əlaqələrini qohumluq əlaqələrinə çevirərik.

Qələndərov da dərhal “Qurbandır sənə Ülkər” cavabını verərək qızın taleyini həll edibmiş.

-- Verirsən qızı oğluma?

-- Niyə də yox? Sizin ailəylə qohum olmaqdan şərəf duyaram.

-- Eləysə sıx əlimi.

-- Sıxdım.

-- Ofisiant, bizə iki stəkan şirin çay gətir.

Həmingünkü mənzərə belə olmuşdu. Həqiqətən, ofisianta şirin çay gətirdib içmiş, ardınca da araq qədəhlərini gənc ailənin və gələcək qohumluqlarının sağlığına qaldırmışdılar.

Valideynlər bəzən belə iş tutur, biçarə övladlarının fikri ilə maraqlanmırlar. Necə ki, onu eləmə, bunu eləmə deyib uşaqları nadinclikdən qoparmaq istəyirlər, eləcə də məsuliyyətli ailə həyatı seçimində də onların artıq böyüdüklərinin fərqinə varmır, onlarla yenə uşaq kimi rəftar edirlər.

Ülkər həyatının artıq həll edildiyi barədə acı xəbəri eşitdiyi gündən bir müddət özünə gələ bilmədi. İştahı itdi, gülüş üzündən əskik oldu. Dərslərə də bir ara getmədi, özünü dünyadan küskün hiss elədi. Leyli gəlir, onu ovutmaq istəyirdi, seriallardan nümunələr gətirirdi ki, bacı qurban, ilk məhəbbət heç vaxt reallaşmır, heç vaxt qovuşdurmur sevənləri, odur ki, ürəyinə salma, Rüfəti unut, Madarı ailə qurandan sonra sevəcəksən mütləq.

Deyirdi, amma xeyri olmurdu.

Ülkər dolmuş bulud idi, hər an yağış axıdırdı.

Ülkər saplağından asılmış solğun çiçək idi.

Ülkərin içində dərd-kədər toy-bayram etməkdəydi.

Qələndərovun aləmində valideyn öz merkantil maraqları naminə ailənin gələcəyini təyin etməliydi. Yemək var, içmək var, yatmağa yerin var, vuran yox, söyən yox, daha nə istəyirsən, ay uşaq? Başını salla, dərslərini oxu, böyüklərin buyruqlarını yerinə yetir. Vaxtı da çatanda halal süd əmmişin biri ilə ailə həyatı qur. Vəssalam.

O, uşaqlarına bunu aşılayırdı.

“Uşaq nə zibildir ki, özü özünə həyat yoldaşı seçsin? Nə sevgi, nə eşq? Hamısı əfsanədir. Murdar bir nəsildən olan, əsli-nəcabəti bilinməyən birisini gətirib mənə qohum edəcəklər? Oğlum seçdiyi qız bəlkə elə fahişənin biri oldu, aləmdə biabır olmarammı? Qızlarımın ərə getdikləri oğlanlar bəlkə narkoman, qumarbaz oldu? Yerin altına girmərəmmi?”

Qələndərov belə düşünürdü.

Zöhrəylə özü də valideyn tapşırığı ilə ailə qurmuşdular, uzaq qohumluqları çatırdı, nişanlanana kimi bir-birinin üzünü belə görməmişdilər. Yadındadır, anasına “Bəyənmədim qızı, üzü xoşuma gəlmədi” deyəndə anasından “Üzündə süfrə salıb yemək yeyəcəksən, a bala? İndi də üzü xoşagəlimli olmasın. Əsas odur ki, tərtəmizdir, ləkəli bir yeri yoxdur. Xasiyyəti mülayimdir, özü də çox qoçaqdır” cavabını almışdı. Bu kəlmələrin qabağında Qələndərov söz tapıb deyə bilməmişdi.

Zöhrə ilə ər-arvaddan daha çox bir mənzildə yaşamağa məcbur olmuş kirayənişinlərə bənzəyirdilər. Qələndərov Zöhrəni tam öz zəhminin altında saxlayaraq nədəsə şəxsi fikir söyləməsinə belə imkan vermirdi.

Bir ara Zöhrənin işində irəliləməsi, baş həkim keçməsi perspektivi yarananda belə buna imkan verməmişdi, əksinə, rayon səhiyyə şöbəsi ilə razılaşdırıb Zöhrəni tam ştatdan yarımştata keçirmişdi, demişdi ki, arvad oturub evinin işini görər, onun-bunun yanına iynə vurmaz.

Onun indiyədək Zöhrəni tamamən işdən çıxarmaması bir möcüzə idi.

Qələndərov bütün sutkanı işdə olur, şənbə-bazar fürsət düşəndə icra başçısının müavini, prokuror, bələdiyyə sədri, hərbi komissar və o – beşlikdə yeyib-içməyi xoşlayırdılar.

Bulaq başı, süni meşə. Ağacların altı, quşlar cəh-cəh vurur, manqal tüstülənir, şişlərdən kabab tikələrinin yağı damır, araq şüşələri dolub-boşalır. Vur ki, vurasan.

Bir mini nərd turniri də keçirirdilər. Hərəsi nərdin altına şax bir yüzlük qoyurdu, sonda hamıya qalib gələn pullara sahib çıxırdı.

Deyib-gülür, zarafatlaşırdılar. Ağır iş həftəsinin yükünü bu cür çiyinlərindən atırdılar. Məclis ta ki gecə yarıya kimi davam edirdi.Gecənin bir aləmi Qələndərov evə gəlib başını atıb yatır, xorultusundan qulaq tutulurdu.

Gah da ki, şənbə-bazar günləri Bakıya yollanırdı, hər gedişində də Canandan başqa yüngüləxlaqlı qadınlarlada görüşər, onlara pul xərcləyərdi. Zöhrənin qulağına Canan söhbəti çatmışdı. Deyirdilər, Canana evi də Qələndərov alıb. Zöhrə bir-iki dəfə Qələndərovun bu macəralarına etiraz etməyə cəhd göstərmiş, dərhal yerində oturdulmuşdu. Hətta günahkar ola-ola Qələndərov bir oyun çıxarmışdı ki, Zöhrə “yanan da mən, yaman da mən” deyib geri çəkilməli olmuşdu. Qapalı ailədə böyüdüyündən, ailəsi hələ uşaqlar körpə olanda Zöhrə ər evindən küsüb ata evinə qayıdarkən onu qapıdan geri itələyib “sənin ər evindən ancaq meyitin çıxa bilər” ultimatumunu vermiş, Zöhrə də bu cür tale ilə barışmalı olmuş, içindəki üsyançılıq meyillərini boğmuşdu.

Ara-sıra hər halda gileylərini ərinə uşaqlardan gizlin bildirirdi, “arvad kişinin üzünə ağ olmaz” mental qanunundan kənara çıxdığını uşaqlara sezdirtməmək üçün bunları çox sakit tərzdə, pıçıltıyla deyirdi, təbii ki, bəzən bu kəlmələri Xəyal, bəzən Leyli eşidirdi, Ülkərin eşitdikləri də az olmurdu:

-- Xoşbəxt deyiliksə də, xoşbəxt görünməyə çalışmalıyıq. Uşaqlar ailəmizi əyər-əskiksiz, natamam olmayan ailə kimi təsəvvür etməlidirlər. Dava-dalaş, söz-söhbət olan ailələrdə böyüyən uşaqlar gələcəkdə qəddar olurlar, acımasız olurlar…

-- Mənə təklikdə nə söyüş söyürsən söy, nə təhqir edirsən et, amma bunu uşaqların yanında eləmə…

-- Bir insanın psixoloji tarazlığı ailəsinin hər bir üzvünün rahat yaşaması deməkdir…

-- Qonşu Sayalı gəlib göz yaşı tökür, deyir, Qələndərov oğlumla, nəinki oğlumla, bütün şəxsi heyətlə kobud rəftar edir, ana söyüşü belə söyür. Bəsdir özünə bu qədər düşmən qazandın. Sabah elə bir gün gələ bilər ki, kiməsə möhtac olarsan. Bax onda heç kəs sənə əl uzatmaz.

-- Sən mərdi qova-qova namərd eləyənlərdənsən…

Növbəti günlərin birində Ülkər anası ilə uzun-uzadı təkbətək söhbət elədi.

Dedi:

-- Ay ana, bu nə düşüncə tərzidir ki, generalın oğlu general qızı almalıdır? Məgər atamla sən gələcək kürəkəninizin var-dövlətinəmi ümid bağlayırsız? Məgər biz kasıbıq ki?.. Rayon bizim var-dövlətdən danışır. Niyə atam məni pulu kalan olan Əflatun əminin oğluna vermək istəyir axı? Niyə insanlarda əllərindəkilərlə qane olmaq əsla yoxdur? Niyə daim artığını istəyirik? Cəmiyyət niyə bunca acgözdür? Kişilər dollarların, maşınların, villaların, qadınlar brilyantın, qır-qızılın, şıq geyim-kecimin niyə bunca əsiridir?

Qızının bu özünəxas olmayan, təmtəraqlı nitqi anasını çaşdırdı, hətta o, qarşısında doğma qızının dayandığına bir anlıq tərəddüd də elədi. Və bircə kəlmə söylədi, dedi ki, qızım, atan da, mən də sənin xoşbəxtliyinə çalışırıq.

Anası ilə söhbətdən bir şey əldə edə bilməyən Ülkər ertəsi gün özündə cəsarət tapıb atası ilə də danışdı.

 -- Ata, qurban olum sənə, mənim istədiyim var, məni bədbəxt eləmə.

O bu kəlmələri söyləyəndə hələ də atasını inadından döndərəcəyinə əmindi. Lakin sən saydığını say, gör fələk nə sayır. “Mənim istədiyim var” kəlmələri Qələndərovu cızığından çıxartdı, əsəblərini cilovlaya bilmədi, ağzı köpüklənə-köpüklənə Zöhrəni də, Ülkəri də söyüşlərə tuş elədi, hələ yazıq Leyliyə də söyüş payı düşdü.

Həmin gün Qələndərov Ülkəri möhkəmcə döydü, saçlarından tutub evdə sürütlədi. Qələndərov hətta Zöhrəni də vurdu, dedi, kor idin, hara baxırdın ki, bu qız cızığından çıxıb kimisə sevib?

Bununla barışmayıb, Bakıda qalan oğluna zəng vurub onu da yamanladı, dedi, əlimə keçsən, sənin hər tikəni qulağın boyda edəcəm, mən bu itin qızını sənə tapşırmışdım, sən hansı cəhənnəmə baxırdın ki, o gedib oğlan sevirdi?

Qələndərov düz on gün Ülkərin otağından çıxmasına qadağa qoydu. O, Ülkərdən istədiyi oğlanın adını təkidlə tələb edəndə qız qorxudan sarısını uddu. Qələndərovun planı “o qudurmuş, cızığından çıxmış gədəni cəzalandırmaq” idi. Amma Ülkər Rüfəti ələ vermədi. Qələndərov Leylini də divara sıxıb “bacının sevişdiyi gədənin adını de” deyərək qorxutdu. Leyli ağlayaraq and-aman elədi ki, mənim heç nədən xəbərim yoxdur.

O dönəmdə Ülkərin gücü ancaq göz yaşlarına çatırdı, saatlarla ağlayır, sevdiyinin bağışladığı ürək rəsmli açarqabını sinəsinə sıxıb onunla danışırdı. Bir də kitabdakı şeirləri təkrar-təkrar oxuyurdu.

Günlərsə öz axarı ilə davam etməkdəydi.

 

“Ədəbiyyat və incəsənət”

(06.12.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.