
Super User
Bu dəfə gələcəyə səyahət edəcəyəm - QIZIMA SƏSLƏNİRƏM
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
Səyahət etməyi sevirsiniz? Mən sevirəm. Ən çox da keçmişə səyahət etməyi sevirəm. Nə dəyişdi, nə düzəldi, nələri dəyişə bildik, nə qədər inkişaf etdik - bunları görmək ümidilə ən çox keçmişlə bugün arasında müqayisələr aparıram. Bir müddət öncə sizinlə qadın hüquqları mövzusunda bir yazımı paylaşmışdım. Son dönəmlər aktual olan mövzulardan biri. Bir digər aktual mövzu isə Qaraqandır ki, bununla bağlı ilk dəfədir nə isə yazıram. Qaraqanın "BİRİNCİ DƏRƏCƏ" komandası artıq təxmin edir mövzu nədir. "Qızım" tracki.
Bu səfər isə keçmişə yox, gələcəyə səslənəcəyəm.
Qızım. Çox qəribə bir dünyaya göz açacaqsan. Olduqca maraqlı, acı dolu, sevinc dolu, bəlkə çox uzun, bəlkə sıradan bir həyat yaşayacaqsan. Bilməyini istədiyim çox şey var. Bu həyatda nə olur olsun, güclü olmaq hər insanın, hər bir qadının ilkin borcudur. Amma mən istəyirəm ki, sən məcbur olmayasan heç nəyə. Mən sənin arxa, dayağın olacağam. Sən də mənim gücüm, hüzurum. Bu dünyada nə olur olsun, hər yıxılanda sənə baxacaq, səndən güc alacağam. Hal-hazırda mənim 19 yaşım var. Amma bir gün sən mənim olsan, mənim həqiqətən bir qızım olsa, sənə bu dünyadan fərqli bir dünya verəcəyəm, söz verirəm. Sən heç vaxt eşitməyəcəksən "Sən qadınsan, dur bu işi gör" cümləsini. Sən heç vaxt görməyəcəksən bədəninin hər hansı bir yerində mavi, yaşıl, bənövşəyi rəngləri. Qızım. Səninlə danışmaq istədiyim, sənə demək istədiyim bir neçə şey var, yaxşı dinlə məni. Sən bu dünyaya gələndə, bil ki, bir mələk kimi gələcəksən və ömrünün sonunadək bir mələk olaraq qalacaqsan. Heç kim sənin qürurundan, sənin qəlbindən, sənin səbrindən və xətrindən üstün olmayacaq. Heç kimin din anlayışı, mentalitet düşüncəsi sənin həyat tərzini bəlirləməyəcək. Sən azad bir qadın kimi yetişəcək, hür bir insan kimi formalaşacaqsan. Sənin öhtəliklərin olmayacaq, sənin seçimlərin olacaq. Sənin məcburiyyətin yox, istəyin olacaq. Qızım. Sənin gələcək planların nə olacaq bilmirəm, amma mənim sənlə bağlı arzularım odur ki, hər şeyin üstəsindən tək gələcək qədər güclü, əlini ağdan qaraya vurmaq istəməyəcək qədər də zərif olasan. Bütün dünyanın sirlərini açacaq qədər zəki, amma qəlibləşdirilmiş dərsləri vecinə almayacaq qədər də ağıllı olasan. Sən bu dünyada necə olursan ol. Ən gözəl şəkildə var olacaqsan.
Qızım. Mən səni kişilərə düşmən yetişdirməyəcəyəm. Sən həyatın hər anında insanları sevməyi öyrən, bunu istəyirəm, sevgi dolu ol. Bu dünyanın kirinə, nifrətinə inad, ən gözəl sən gül, ən çox sən xoşbəxt ol. Ruhumun sözü-avazı... Hər zaman əlinin biri yuxarı, biri aşağı baxsın. Mevlana rəqslərində olduğu kimi... Bir əlin dua etsin, bir əlin daim kömək etsin, daim ölümü bilsin və unutmasın. Nifrət, kin, əsəb kimi duyğulardan xəbərsiz ol. Sən bu dünyanı qüsursuz bil, qüsursuz tanı, qüsursuz yaşa. Amma səhv etməkdən də qorxma. Səhvlərinlə birlikdə böyü, düzlərinlə özünə bir cığır aç. Əsrlərin kitablarını oxu və bil ki bu dünya, sənin dünyan sadəcə sevgiylə, sənin o kiçik qəlbindəki nurla gözəlləşəcək. Daim işıq saç. Kiməsə görə yox, öz yolların aydınlıq olsun deyə. Kimdənsə qorxma, hətta yaradandan belə. Öz qəlbini o qədər gözəl tanı, o qədər gözəl yetişdir ki, tanrının səni sevdiyindən o qədər əmin ol ki, əllərin səmaya qorxuyla yox, hüzurla açılsın daim. Bil ki, sadəcə o olacaq sənin qəlbinə fərəhlik verən və sənin qurduğun, sənə qurduğum yepyeni nağıllar aləminə bənzər o dünyada sənə dəstək olan.
Sən biləcəksən ki, sənin anan əslində gənc bir yazıçı olmaq xəyalı qurub və minlərlə qadına aid yazı yazıb, hətta bəzən üsyanlar edib tanrıya ki, niyə bu qədər canlar yanır?! Amma sən elə bir dünyada yaşa ki, əsla üsyan edəcək səbəbin olmasın. Sən kişilərdən qorxmaq yerinə tanrıya "yaxşı ki bu dünya qadın və kişilərin birlikdə həyat sürdüyü yer olaraq qurulub" deyə biləcək qədər şanslı ol.
Qızım. Mən sənə söz verirəm ki, həmçinin sənin nə atan, nə qardaşın sənin həyatını almayacaq səndən. Sənə səndən başqası toxunmayacaq, səni səndən başqası gücdən sala bilməyəcək. Və mənim sənə yeganə şərtim odur ki, sənə yaradacağım dünyanın sənin olduğunu unutma. Unutma ki, səni heç sən də yıxa bilməz. Səni sevirəm. Mən var olmayan, amma var olanda daha çox sevəcəyim qızımı çox sevirəm. Diləyirəm, heç vaxt "kaş ki" deməzsən. Çünki mən sənin üçün bu cəmiyyəti "yaxşı ki" deyiləcək hala gətirməyə çalışacağam.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Arif Babayev: “Səsi olmayan qoy gedib mahnı yox, qəzet oxusun”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur. Növbəti müsahib tanınmış müğənni Arif Babayevdir. Ondan müsahibə1998-ci ilin fevralında götürülüb.
“SƏSİM XALQIN ÜRƏYİNƏ YAZILIB”
Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, xalq mahnıları, təsniflər və muğamlarımızın mahir ifaçısı, Xalq artisti Arif Babayevin 60 yaşı tamam oldu. Öz təkrarolunmaz səsi və həmişəcavan sənəti ilə o, Azərbaycan musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Cabbar Qaryağdıoğlu, Zülfi Adıgözəlov, Xan Şuşinski, Seyid Şuşinski kimi korifeylərin layiqli davamçısı olan Arif müəllim bu gün onlarla yetirməsi olan muğam məktəbinin başında dayanır. Onun neçə-neçə tələbəsinin səsi dünyanın ən böyük konsert salonlarından gəlir. Bütün sənətsevərlər adından 60 illik yubileyi münasibətilə Arif müəllimi ürəkdən təbrik edir, ona səhnədə həmişə belə şux, gümrah qalmağı arzu edirik.
-Arif müəllim, təxminən 25-30 il əvvəl xalq arasında bir əfsanə dolaşırdı - Arif əfsanəsi. Siz özünüz o illəri necə xatırlayırsınız?
-O illərdə tərəf müqabili olduğum böyük sənətkarlar var idi – Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova... Onlarla bir səhnədə oynamaq nə qədər maraqlı idisə, bir o qədər də şərəfli idi. İndi də opera səhnəsində yaxşı cavanlarımız var. Amma birdən-birə sənətkar olmaq mümkün deyil. Həm də operanın qəribə sirrləri, öz tələbləri var. Yaxşı xanəndə olmaq hələ yaxşı opera müğənnisi olmağa zəmanət vermir. Elə müğənnilər var ki, on-on beş dəfə opera səhnəsinə çıxsalar da, teatrda qala bilmirlər.
-Ömrünüzün 60-cı pərdəsindən dönüb geriyə baxanda nə ilə fəxr edirsiniz?
-Fəxr edirəm ki, hələ gənc yaşlarımdan böyük sənətkarlarla çiyin-çiyinə işləmişəm. Gələcəyi düşündükcə, tələbələrimizin gələcək sənət uğurlarımı təsəvvür etdikcə, daha böyük iftixar hissi keçirirəm.
-Deyirlər ki, insan yaşa dolduqca doğulub-böyüdüyü yerlər onu özünə çəkir.
-Kim deyirsə, çox düz deyir. Yaşımın üstünə yaş gəldikcə, məndə də o hisslər baş qaldırır. Allah qoysa, gün gələr, Qarabağ problemi həll olar. Bu arzumuza da çatarıq. Ağdamı, Şuşanı görmək istəyirəm.
-Bəs, dönüb geri baxanda nəyə təəssüf edirsiniz?
-Kaş, hər şeyi yenidən başlamaq mümkün olaydı... Xanəndənin bir ən ciddi problemi olur. Yaş artdıqca əldə etdiyi texnika gənclik yaşlarında olmur. Gənclik yaşlarındakı səs isə yaş atrdıqca korşalır. Bu ikisini bir araya gətirmək çətin, bəlkə də, qeyri-mümkündür. Bax, buna təəssüf edirəm.
-İlk dəfə sizin haqqınızda yazan jurnalisti xatırlayırsınızmı?
-“Azərbaycan gəncləri” qəzetində Şahin Quliyev adlı cavan bir oğlan vardı. Mənim haqqımda ilk dəfə o yazıb. Yazı “Arifə gül verdilər” adlanırdı.
-Haqqınızda yazılanları saxlayırsınızmı?
-Doğrusunu desəm, belə şeylərlə maraqlanmamışam. Yalnız axır vaxtlar haqqımda yazılanları yığıb saxlamağa çalışıram. İndiki cavanlar bu baxımdan daha çevikdirlər. Bizim nəsil müğənnilərin çoxunun lent yazıları da qalmayıb. Rübabə kimi bir sənətkarın bir tamaşası da lentə alınmayıb. Təsəllimiz odur ki, səsimiz xalqın ürəyinə yazılıb.
-Çox-çox illər bundan əvvəl xalq arasında belə bir söz gəzirdi ki, guya qeyri-adi səsinizi batırmaq üçün sizə xüsusi olaraq hazırlanmış içki içiriblər.
-Bu, doğru deyil. Allah verən səsi heç kəs batıra bilməz. Səs üç şeydən xarab olur – soyuqdan, yuxusuzluqdan, əsəbilikdən. Allah insana hər şeyi yavaş-yavaş verir, yavaş-yavaş da alır. Hər şeyi verən də odur, alan da. Mənim düşmənim olmayıb. Sənətkar həmkarlarımla həmişə mehriban olmuşam. Odur ki, kiminsə mənim səsimi batırmaq fikrinə düşməsi mümkün deyildi.
-Hazırda çoxlu səsi olmayan “müğənnilər” peyda olub. Belələrinə nə demək istərdiniz?
-Səsi olmayan qoy gedib mahnı yox, qəzet oxusun. Mənim tələbələrimin içində də bəzən belələri olur. Deyirəm, a bala, niyə gəlmisiniz bura? Yel əsib, qoz tökülüb?
-Amma, yəqin ki, razı qaldığınız tələbələriniz də var?
-Çox... Aygün Bayramova, Nəzakət Teymurova, Könül Xasıyeva, Könül Kərimova, Gülüstan Əliyeva, Elçin Cəlilov, Qəzənfər Abbasov... Yeri gəlmişkən, bir söz deyim, onsuz da zəng edib bunu Könül Xasıyevaya deyəcəkdim. Son vaxtlar onun səhnə davranışı məni qane etmir, keçib sintezatora, ayaq üstə durub oxuyur. Elə hesab edir ki, guya bununla muğamı müasirləşdirir. Xalq muğamları həmişə müasirdir. Xalq Könülü muğam ifaçısı kimis sevir, ayaq üstə durmağına görə yox.
-Sənətçilər arasında öz ustadına kəm baxan nankorlar da olur.
-Belələri də var. Onları, məncə, kimsə öyrədir, yoldan çıxarır. Müəllimin kimdir deyə soruşanda görürsən ki, başqasının adını çəkirlər. Neynək, əsas odur ki, yaxşı oxusunlar. Amma əksər tələbələrim məni unutmurlar. Bir yerə qastrola gedəndə gəlib mənim xeyir-duamı alırlar.
-Arif müəllim, siz Azərbaycanda “Segah”a möhür vurmuş xanəndə hesab olunursunuz. Muğamlar arasında “Segah”ın sizə daha yaxın olmasının səbəbi nədir?
-“Segah” elə bir laddadır ki, həm ağladır, həm xəyala daldırır. Ürəyimi ən çox “Segah”la boşalda bilirəm. “Segah”ı dinləyən adam düşünməyə bilməz. Məncə, bizim xalqın ən çox sevdiyi muğam “Segah”dır. “Segah” Azərbaycan xalqının muğam pasportudur. Bununla bərabət, mən “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur-Hindi”, “Rast” muğamlarını da oxumuşam.
-Ömrünü sənətə həsr etmiş bir xanəndə kimi muğam sizin üçün nədir?
-Muğam qanımız, canımızdır. Muğam ana laylasıdır. Heç kəs deyə bilməz ki, mən muğamı axıra qədər bilirəm. Çünki o sonsuzdur. Əgər kim desə ki, muğamı axıracan bilir, qeyri-təvazökarlıq etmiş olmur.
-Həyatınızda ən çox sevindiyiniz gün nə vaxt olub?
-Oğlum Yaşar anadan olan gün. Yaşar iki qızdan sonra doğulmuşdu. Mənim üçün qız da, oğul da əzizdir. Yaşar doğulanda ona görə sevindim ki, familiyamı daşıyan olacaqdı. Yaşar indi artıq Bakı Dövlət Universitetinin hüquq fakültəsində oxuyur. Nə qədər təkid etsək də, hələ evlənmək istəmir.
-Sizin şəxsiyyətinizə xalq arasında böyük hörmət var. Bu, hər incəsənət adamına nəsib olmur. Buna necə nail olmusunuz?
-Mən hansı evə getmişəmsə, ora öz evim kimi baxmışam. Ağsaqqalların hörmətini saxlamışam. Çünki bilmişəm ki, mənə səsi verən Allah, çörəyi verən xalqdır. Bir sənətkar kimi həmişə özümə hörmət etmişəm. Həmişə xalqın rəyi ilə hesablaşmışam. Fikirləşmişəm ki, xalqın gözü tərəzidir, elin sözü əvvəl-axır düz olur.
-Sənətdən uca nə var sizinçün?
-Namus, qeyrət, təmiz ad! Bunlar olmasa, sənət bir qara qəpiyə də dəyməz. Ləkəli adla sənətkar olmaqdansa, daş daşımaq yaxşıdır.
-Tәsәvvür edin ki, seһrli xalçaya minib başqa planetә gedirsiniz. Sizә özünüzlə yalnız bir şey götürmәyә icazә verirlәr. Nәyi seçәrdiniz?
-Mən yalnız yaxşılığı götürərdim. Çünki nə götürməyimizdən asılı olmayaraq, bizə qalan ancaq yaxşılıq olacaq.
-Arif müəllim, sizə bundan sonra da ancaq və ancaq yaxşılıq görməyi və yaxşılıq etməyi arzu edirəm.
-Sağ olun.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
BİRİ İKİSİNDƏ – Ulucay Akifin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini yekunlaşdırır. Bu gün növbə Ulucay Akifindir.
ADINI BİLMƏDİYİM ŞEİR
mən müharibə görməmişəm,
vuruşmamışam Stalinqrad uğrunda,
nə Berlin divarının qarşısında
qurban getməmişəm bir mərmiyə…
ya da bir at belində,
qılınc-qalxanım əlimdə
atılmamışam döyüş meydanına,
amma bilirəm –
barmaqlar həmişə düşmən olub çəkilən tətiyə.
boğuşmamışam aslanlarla Afrika çöllərində,
hücum etməyib mənə yekədişli bir timsah
Nil çayının sahilində.
heç köpək balığı da görməmişəm,
amma üzmüşəm onlarla bir sularda
Ağ dənizdə, Qara dənizdə…
qərar verə bilməmişəm heç vaxt
əsmərlər daha gözəldi, sarışınlar, ya kürənlər?
çox axtarmışam sevgini ağ bənizdə, qara bənizdə.
güllərin adlarını da bilməmişəm,
amma çox sevmişəm qoxularını,
fərqi nə – adı Bənövşədi, Nərgiz, ya Lalə?..
sərxoş olub ayaqyalın gəzmişəm dəniz sahilində,
çox içmişəm eşq şərabından,
gecələr dolub-boşalıb piyaləm.
heç küləkləri də tanımamışam,
bilməmişəm adlarını –
hansı xəzridi, hansı gilavar?
amma sevmişəm onları da,
ona görə
pis günlərə yox,
gözəl günlərə “bir külək idi, əsib keçdi” demişəm.
bir külək kimi əsib keçib
adını unutduğum
qadınlar ömrümdən.
heç vaxt görməmişəm,
eşitməmişəm Allahı,
amma həmişə sevmişəm,
ümidlə gözləmişəm O gələcək sabahı…
dua etmişəm İstanbulda məsciddə,
Tiflisdə bir kilsədə,
Piterdə sinaqoqda…
həəə, indi yadıma düşdü,
mən eşitmişəm,
mən görmüşəm Allahı!
KÖLGƏ
bu qədər savaş və qanın,
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən,
şeir yazmaq istəyirəm sənə.
şeir yazmaq – bacardığım ən gözəl biçimdə
şeir yazmaq istəyirəm sənə,
üçüncü minilliyin iyirminci ilində.
şeir yazmaq –
Adəmin Həvva ilə danışması kimi –
Insanoğlunun birinci dilində.
ey sən,
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən,
gecələr hansı otaqlarda gizlənir?
ey sən,
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də,
şəhəri də, ölkəni də
tanıyıram, səni isidən günəşi də,
səni üşüdən küləyi də,
tanıyıram səmanda uçan quşları,
tanıyıram bütün səndə unudulmuşları…
demirəm ki, o günəşi, quşları,
o küləyi, o küçəni, şəhəri…
demirəm ki, mənə ölkəni göndər,
heç olmasa, heç olmasa hərdən bir,
heç olmasa, heç olmasa gecələr,
heç olmasa mənə kölgəni göndər.
BAYILDA AXŞAMÇAĞI
Adın dodağımda çiçəkləyər hər axşamçağı,
hər axşamçağı sən yadıma düşərsən.
günəş qürub edəndə dağların arxasında,
hər axşamçağı sən yadıma düşərsən,
dəniz qoxusu neft qoxusuna qarışanda.
Hər axşamçağı
adamlar ötüb keçəndə yanımdan,
ağaclar ötüb keçəndə yanımdan,
dəniz ötüb keçəndə yanımdan,
sən yadıma düşərsən.
Bibiheybət məscidindən azan səsi
yayılar dağlara,
dalğalara,
yayılar ağaclara,
dənizə,
üzümü tutaram göylərə
“Ya Rəbb, mən də Sizin bəndənizəm”.
Adın dodağımda çiçəkləyər hər axşamçağı,
hər axşamçağı sən yadıma düşərsən.
Salam verərəm tanımadığım balıqçılara,
onlar da alar salamını tanımadıqları bu adamın.
Hər axşamçağı
xəbərsiz gələn bir kədər
çökər şəhərin üstünə,
çökər adamların, dağların,
ağacların, dənizlərin üstünə.
Və hər axşamçağı
adın çiçəkləyər dodağımda,
hardan gəldiyini bilmədiyim
bir ümid cücərər içimdə.
Ya Rəbb, nə yaxşı ki,
bu şəhərin, ağacların,
bu dənizin, dalğaların,
balıqçıların, balıqların
ümidi kədərindən az deyil.
ÖMRÜN XIRMANI
Şərtini şumda kəsmədiyimiz
ömrün xırmanındayıq.
Bundan sonra günəş çıxmasa da olar,
yağış yağsa da...
İndi ömrümün iyirmi yeddi
rəfində hamı yerbəyerdi
bundan sonra dost itirməsəm də, olar,
düşmən qazansam da...
Küləklər sığal çəkər şəhərin səssizliyinə,
daha gündüzlər uzanmasa da olar,
gecələr qısalsa da...
Mən elə bilirdim hamının
Allahı var bu yer üzündə,
daha Allah heç kimin olmasa da, olar,
hamının olsa da...
GİZLƏNPAÇ
ucuz ətin şorbası ilə bayram keçirən ailələr
şükür etməyi öyrətdi uşaqlara –
bizim balaca məhəllənin
kiçik evlərində...
o uşaqları
nə atalar sözləri aldada bildi,
nə də qorxuda bildi kapitalizmin qəddar marşları...
və beləcə,
kasıb ailələrin uşaqları da
yavaş-yavaş böyüməyə başladı...
O uşaqlar ki,
küçə davalarında
nə döyülənə lağ etdi,
nə döyəni alqışladı,
kin saxlamadı ürəyində.
O uşaqlar ki,
düzəltdiyi ilk oyuncaq
taxtadan silah oldu
müharibənin nəfəsini,
hiss etdi kürəyində.
O uşaqlar ki,
bacı, qardaş sözlərinin
qan bağı ilə yaranmadığını bildi,
dost dediklərimiz də
ailəmiz qədər bizdəndi.
Və biz
gizlənpaç oynayanda da
dostlarımızın tapa biləcəyi yerdə gizləndik.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Uğur üçün 15 keyfiyyət - Bol mütaliə
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.
Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:
7) Bol mütaliə, qabaqcıl təcrübənin mənimsənilməsi üstünlüyü.
Bol mütaliəli olmaq, təbii ki, insanı kamilləşdirməkdə, onun nitq və qabiliyyətlərinin inkişafında, bilikli, ünsiyyətcil, hazırcavab olmağında əvəzsiz rol oynayır. Kitab həyat müəllimidir, ondan yalnız öyrənmək, bəhrələnmək mümkündür.
Hazırkı İnformasiya Kommunikasiya Texnologiyalarının hədsiz inkişafı dövründə bol informasiya almağın zəruriliyi hər kəsə bəllidir. Bilik və informasiya, haradasa, uğur qazanmaq istəyən müasir insanın iki qolu anlamındadır, iki qanadı anlamındadır.
Mütaliənin ikili xarakterini də nəzərə almaq yerinə düşərdi. Ümumi biliklər almaqla, dünya və təbiət, insan münasibətləri barədə bilgilər alıb kamilləşməklə yanaşı uğura doğru gedən insan spesifik biliklər almaqla məhz seçdiyi sənət, peşə yolu barədə zəruri bilgilər əldə edə bilir ki, bu da onun uğura doğru yolunu xeyli sürətləndirir.
***
Öncəki günlər isə digər parametrləri açıqlamışdım:
1) Nümunəvi tərbiyə almaq.
Həyatda uğur qazanmaqçün nümunəvi ailədən çıxmaq, ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaq əlavə, hətta deyərdim ki, çox böyük şərt və stimuldur. Sonrakı mərhələdə bağça və məktəb müəllimlərindən, kollektivdə ustad və qabaqcıllardan, cəmiyyətdə liderlərdən, örnək götürüləcək hər bir şəxsdən əxz edilən tərbiyə, xarakter formalaşdıracaq öyüd, nəsihət və vərdişlər fərdin tam kamilləşməsinə xidmət edir, bu da onun uğur yolunda daha qətiyyətli addımlar atmasına təsir göstərir.
Nümunəvi tərbiyə alan insan sonucda mütləq özü nümunəvi tərbiyəsi olan insana çevriləcək. Bu tip insan da öz növbəsində ətrafındakılara tərbiyəli olmaq mədəniyyətini aşılamağa başlayır, gələcək nəslin tərbiyə əxz edərək formalaşmasına təkan verir.
Primitiv bir misal çəkim. Tərbiyəli olmaq o demək deyil ki, hər hansı bir məclisdə yeməyi süfrəyə dağıtmayasan. Tərbiyəli olmaq odur ki, yanında əyləşən şəxs bunu edəndə onu pərt vəziyyətə salmamaq üçün özünü görməməzliyə vurasan.
2) Möhkəm ailəyə malik olmaq.
Uğura doğru yönələn gəncin möhkəm, sağlam ailədən çıxması, bir-birini anlamaq, bir-birinə güzəştə gedə bilmək üstünlüklü, münasibətlərin inam və etibar üzərində bərqərar olduğu, dedi-qodusuz, qanqaraçılıqdan uzaq, problemsiz ailənin üzvü olması da şərtdir. Belə ailə bütün qüvvələrini həyat hədəfinə yönəltməkdə, bir növ, sənin səfərbəredicin ola bilir.
Burada kişi-qadın münasibətləri də vacib detaldır. Fikri və arzuları üst-üstə düşən ərlə arvadın həyatı qədər gözəl həyat ola bilməz. Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi (ailəni kiçik dövlət adlandırırlar) başlıca rol oynayır. Gənclər ailə həyatı qurarkən mütləq doğru seçim zərurətini də lazımınca dərk etməlidir. Hər cəhətdən bir-birini təmin edən cütlüklər ailə həyatı qurmalıdırlar. Hətta, belə bir deyim də var: çalış özünlə bir boyda olan arvad alasan, özündən hündürünü alsan ayaqları altında qalıb taptalana bilərsən.
3). Milli kök və dini mənsubiyyətə bağlılıq.
Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.
Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.
Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.
4) Yüksək səviyyəli təhsil ala bilmək.
Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma mən ali təhsili də uğur etalonunun bir parçası hesab edirəm. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universiteti mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.\
5) Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti.
Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib bir nəsnənin adını çəkə bilən şəxs hələ mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.
Fiziki durumu zəif olan, xəstə olan insanın uğura doğru yolu, təbii ki, əngəllənir. Öncə özünü sağalt, fiziki durumunun qeydinə qal, sonra uğur yoluna çıx.
Məncə, hər bir insan xəstələnib həkimə getmək əvəzinə xəstələnməmək üçün həkimə getməlidir. Sağlam həyat tərzi – sağlam qidalanmaq, fiziki hərəkətdə olmaq, zərərli vərdişlərdən uzaq durmaq, təbiətlə vəhdətə sığınmaq – bax bütün bunlar uğur qazanmaq istəyən insanın xarakterik xüsusiyyətləri olmalıdır.
6). Yaxşı əhatə dairəsinə malik olma.
Səni kimlər əhatə edir, dost-tanışların kimlərdir, komandan kimlərdən ibarətdir, bunlar çox əhəmiyyətli nəsnələrdir və uğur qazanmaq istəyən insançün çox vacib şərtlərdəndir. Və çox maraqlıdır ki, bütün liderlik konsepsiyalarında lider olmaq şərti tək özünün liderlik qabiliyyətindən, avtoritarlığından ibarət deyil, həm də ardıcıllarının, ətrafının, sənin idarəçiliyində olanların bu işdə sənə nə dərəcədə dəstək durmalarından, onların iş qabiliyyətlərindən, sənin onlarla münasibətdə nə qədər demokratikliyə önəm verməyindən asılıdır.
İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığın mənzili, avtomobilini, pal-paltarını ara-sıra dəyişdiyin kimi lazımi anda və lazımi məqamda ətrafını da dəyişə bilməyin çox vacibdir.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Milli Dram Teatrının dekabr repertuarı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı dekabrda maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısında dayanıb. Şənbə günü - dekabrın 2-də “Dantenin yubileyi”, bazar günü - dekabrın 3-də isə “Qarabağnamə” və “Şükriyyə” tamaşaları təqdim edilib.
Bəs növbəti günlər hansı tamaşalar təqdim olunacaq?
8 dekabr – “Ölülər”
9 dekabr – “Xurşidbanu Natəvan”
10 dekabr – “Ah, bu uzun sevda yolu”
15 dekabr – “Cəhənnəm sakinləri”
16 dekabr – “Qarabağnamə”, “Filumena Marturano”
17 dekabr – “Dəli yığıncağı”
23-31 dekabr – “Yeni il” tamaşası
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
7 uşağın bayram sevincini əlindən alan valıdeyinlərə insaf diləyirəm
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Salam, Şaxta baba. Necəsən? Deyəsən bir az gecikmişəm sənə məktub yazmağa. Bir az yox, bir xeyli. Haradasa 15 il qədər. Eynilə xəyallarıma gecikdiyim qədər.
Cəmiyyətin realistika axınına qapıldığım andan etibarən xəyallarımın boş, məktublarımın ünvansız olduğunu öyrənməyə başladım. Elə o vaxtdan bəri məktublarım ünvansız, yarım, nəysələr və bəlkələrlə dolu xəyallarım isə ümidsizliklərə gömülmüş idi. Bu gün yenidən xəyal qurmağa, məktub yazmağa başlayıram. Qulağa qəribə gəlsə də, uzun zaman sonra yalnız özüm üçün məktub yazıb bir şey istəyəcəyəm səndən. Əslində, yeni il qabağı istənilən mağazadan ala biləcəyim, hətta deyərdim ki, çox ucuz, ancaq mənim üçün daim özəl mənası olan, göy kağıza bürünən, adını hələ də bilmədiyim, uşaq vaxtından "cız-bız" adlandırdığım, yananda qığılcım çıxardan uzun dəmir çubuqlardan istəyirəm. Uşaqlıqdan bəri yeni ili mənim üçün xüsusi edən ən gözəl hədiyyə atamın, anamın, baba-nənəmin mənə hədiyyələrimin yanında verdiyi elə bu cızbızlar idi. Çox sadə görünsə də, özüm özümə onlardan çoxlu alsam da, mən məhz onu səndən almaq, uşaqlığıma - xəyallar qurmağı bacardığım, məktublarımı gəlib aparıb hədiyyə gətirdiyin vaxtlara qayıtmaq istəyirəm.
Bundan əlavə, səndən bu hədiyyənin nisbətində daha böyük bir hədiyyə istəyirəm. Bəlkə də, birinci istəyim Laplandiyadan gəlməyə dəyəcək qədər önəmli olmasa da, mənim ikinci diləyim səni düşündürə və həyata keçirmək üçün cəhd etməyə vadar edə bilər. Biz uşaq olandan bəri ailədə müsəlmanlıq və islami keyfiyyətlər haqqında tərbiyə alsaq da, valideynlərim nə mənə, nə də bacıma din mövzusunda ayrı-seçkilik etməməyi, sayğı duymağı öyrədib. Belə ki, qapı qonşularımızdan biri - 7 uşaqlı ər-arvad və qaynana ilə birgə bir otaqda yaşayan kasıb bir ailədir. Ancaq, bir az cəmiyyəti və dinləri şəxsi dərk edəndən bəri onların vahabi olduqları üçün özlərini din adı altında çox şeydən təcrid etdiklərinin, bəsit insani ehtiyaclarını ödəyə bilmədiklərinin, övladlarına yaşlarının ötüb keçməsinə baxmayaraq təhsil, normal geyim, hətta, qida belə verə bilmədikləri halda yardım qəbul etmədiklərinin şahidi olmaq mənə təsir edir. Şaxta baba, bilirəm ki, sən uşaqlar üşüməsin deyə onlara papaq, əlcək, palto, corab gətirirsən və sən özlərini müsəlman adlandırdıqları üçün yeni ili qarşılamağı özlərinə ayıb bilib "xristian bayramına" qarşı gələn valideynlərin də sözlərinə fikir verməyib uşaqları sevindirməkdən vaz keçmirsən.
Ümid edirəm məktubum sənə çatar və məni yenidən xəyal qurmağın gözəl olduğuna inandırarsan.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Bu gün Qazaxıstan mədəniyyəti günləri başa çatacaq
Dekabrın 2-də Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlanıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu gün başa çatacaq mədəniyyət günlərinin maraqlı proqramı var.
Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilb.
Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib.
Bu gün isə Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq.
Bu gün həm də Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Şaxtababaya məktub yazmaq günü, yaxud İmam Hüseynin çiyin yarası
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Demə, 4 dekabr dünyada Şaxtababya məktub yazmaq günüymüş.
Mövzu və hadisələrə sadəcə öz gözümüzdən açılan pəncərə ilə deyil də, müxtəlif pəncərələrdən baxmağı, fərqli aspektlərdən yanaşmağı sevirəm. Və bunun yanında həm də heç vaxt Şaxtababya məktub yazmamış, Şaxtababanın varlığına bəlkə heç vaxt inanmamış, bəlkə də inandırılmamış biri olaraq bu mövzuya da fərqli bir baxış bucağından yanaşmaq istədim.
Ümumiyyətlə kim idi Şaxta baba? Məramı nə idi onun?
Yeni il günü uşaqları öz maraqlı hədiyyələri ilə sevindirən, maralların çəkdiyi uçan bir arabası və hədiyyə dolu bir torbası olan qırmızı geyimli, saç-saqqalı ağarmış yaşlı bir kişi idi o, elədirmi?
Və bir az da dərinə ensək, əslində, uşaqların könlünü xoş etmək, möcüzələrə inandırmaq üçün uydurulmuş bir əfsanə idi o, hansı ki, o hədiyyələri də axı deyəsən valideynlər qoyurdu.
Bəlkə də bu açmayla bir çox insanı xəyal qırıqlığına uğratdım. Çünki bəlkə hələ də bir çoxu təhtəlşüurda əfsanə olduğunu bilsə də inanmağa davam etmək istəyirdi ona.
Gerçək olmağını istəyəcək qədər gözəl bir əfsanədir doğrusu Şaxta baba, fəqət , təssüf ki, bizim dünyamız o Şaxtababanın dünyası deyil.
Çünki bizim dünyamız uşaqların sadəcə hədiyyə, sadəcə oyuncaq istədiyi bir dünya deyil. Və yaxud da, elə bir dövrə hələ gəlib çata bilməyib.
Çünki bizim dünyamızda uşaq çox olsa da, uşaqlıq çox azdır.
Şaxtababa tam olaraq yalandır da demirəm əslində, Şaxtababının mövcudluğuna inanmayın da demirəm, çünki bizim dünyamızda, yəni uşaqların oyuncaq deyil də, sadəcə tox qarın, isti geyim, doğma dam, himayədarlıq, səmimi sığal və şiddətsiz, müharibəsiz bir həyat arzuladığı dünyanın da öz şaxta babaları bir vaxtlar mövcud olub əslində, lakin onları tapmaq üçün uzaq keçmişə səfər etmək lazımdır. Gəlin həmin uzaq keçnişə bu gün birlikdə səfər edək.
1400 il əvvəl...
(Mənbələrdən)
İmam Əlinin dövründə hər səhər ehtiyaclı ailələr evlərindən çıxanda qapının ağzında ərzaq qoyulduğunu görərlərmiş. Kimsə gecə vaxtı dolaşıb bir-bir bu ailələrin qapısına ərzaq qoyarmış. Amma uzun illər heç kim o ərzaqları qoyanın kim olduğunu bilmirmiş.
Taa İmam Əli dünyadan köçənə qədər bu ərzaqları qoyan şəxsin kim olduğu sirr idi.
Yalnızca İmam Əli vurulduğu günün səhəri anlamışdı əhali o ərzaqları qoyanın kim olduğunu.
Çünki o gün səhər heç kim qapısında ərzaq tapmamışdı.
(Qırmızı ağıl kitabından)
Kərbəla faciəsindən sonra Bəni-Əsəd qəbiləsinin adamları Kərbəlada İmam Hüseynin parça-parça edilmiş bədəninin yanına gələndə də görüblər ki, o həzrətin çiyninin üstündə bir yara var, amma o, qılınc, nizə və şallaq yarasına bənzəmir, sanki nəsə davamlı olaraq çiyinə sürtünüb və belə bir yara əmələ gəlib. Onlar İmam Səccaddan həmin yaranın necə yarandığını soruşublar. İmam Səccad buyurub: "O, atamın hər gecə çiyninə qoyub yoxsullara apardığı un, çörək və xurma kisələrinin izidir". İmam bu işi o qədər görmüşdü ki, çiynində onun izi qalmışdı.
Əhli-beyt imamlarının hamısında bu cür imamət nişanələri olub. Əgər "nübüvvət möhürü" barəsində nəsə eşitmisinizsə, bilin ki, bu kisələrin izi də Əhli-beytin imamət möhürü sayılır. Onlar bunu həzrət Peyğəmbərdən öyrəniblər. Bu onların arasında bir mədəniyyət olub. Onlar ədalətli hökumət qurmaq istədiklərini bəyan ediblər. Amma fikirləşiblər ki, həmin hökumət qurulana kimi də boyunlarına bir sıra vəzifələr düşür və mümkün olan hər yerdə həmin vəzifələrə əməl etməlidirlər.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Bu gün görkəmli rus yazıçısı, Azərbaycan sevdalısı Nikolay Tixonovun doğum günüdür
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Əsla deməyin ki, bu niyə ilin ayın bu vədəsində hansısa bir rus yazarının doğum gününü ayrıca qeyd edir. Sözümün canı var, əlbəttə ki.
1914-1918-ci illər Birinci Dünya müharibəsi, 1918-1920-ci illər Rusiyanın Vətən müharibəsi və 1941-1945-ci illər II Dünya müharibəsinin iştirakçısı olmuş Nikolay Tixonov üçün həyat ən böyük müəllim olub, üstəlik, ona gen-bol material verib. Görkəmli yazıçının yaradıcılığında sülh, şərq xalqlarının milli azadlıq və istiqlaliyyət uğrunda mübarizəsi, Sovet xalqlarının dostluğunun tərənnümü başlıca yer tutub. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə, o cümlədən Azərbaycan dilinə və bir çox xarici dillərə tərcümə edilib. Azərbaycan xalqının yaxın dostu olan Tixonov 1941-ci ildə Sankt-Peterburqda - Ermitrajda Nizami Gəncəvinin 800 illik yubileyinin keçirilməsinin təşkilatçılarından olub. Blokada şəraitində, aclıq və ölümlə üzbəüz qalmış bir şəhərdə azərbaycanlı şairin anılması kitablara düşən, yaddaşlardan silinməyən bir hadisədir əlbəttə. Tixonov dəfələrlə Azərbaycana gəlib, ölkəmiz haqqında bır sıra şeirlər, Azərbaycan ədəbiyyatı, onun görkəmli simaları haqqında məqalə və xatirələr yazıb. Azərbaycan xalqını ilk dəfə “şair xalq” adlandıran da məhz o olub.
Sadalamıram, Nikolay Tixonov SSRİ-nin bütün mükafatlarına layiq görülüb, 40 il dalbadal deputat olub. Bizimkilər də ona “Xalq şairi” fəxri adını veriblər. O, 1979-cu il fevral ayının 8-də Moskva şəhərində vəfat edib. Xaçpərəst də olsa, Allah rəhmət eləsin deyək ona.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Ömər Xəyyam, Pol Elüar və Kamal Abdulla
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
4 dekabra təsadüf tarixi gün və hadisələri diqqətinizə çatdırıram:
Şaxta babaya hədiyyə sifarişi günü
Şərqi Avropa ölkələrində balaca uşaqları xoşbəxt etmək üçün bu gün xüsusi ünvanlar açıqlanacaq, uşaqlar ora Şaxta babadan istədikləri hədiyyələrin adlarını yazacaqlar, xüsusi fondun maliyyəsi hesabıan bu hədiyyələr alınıb dekabrın 31-də uşaqlara çatdırılacaq. Bəlkə biz də belə bir iş görək? Heç olmasa şəhid və qazi övladlarının yeni il arzularının reallaşmasına köməklik göstərək? Əlbəttə, təzadlar ölkəsində yeni il gecəsində Laplandiyada əsl Santa Klausla görüşən, Mayamidə şellənən, Kanarda əylənən, Eyfel zirvəsində şampan partladan, özünə sifarişlə son model Ferrari gətizdirən kəslər belə bir aksiyaya qoşulmayacaqlar. Amma rasiondan əti, kərə yağını, meyvəni yığışdıran, təzə paltar almağı yadırğayan, zorən on bir nömrəli marşrutdan istifadə edən kəslər mütləq bir-iki manat artırıb balacaları sevindirmək istəyəcəklər. Təşəbbüs göstərəkmi?
Qəhvəyi ayaqqabı gəzdirmə günü
Nəyi qoyub nəyi axtarırsınız, ay şimali avropalılar. Bir gün öncədən kimdə bu rəng ayaqqabı yoxdursa alır, 4 dekabrda hamı ancaq qəhvəyi ayaqqabı geyinir. Gözəl mənzərədir, bütün ayaqlarda eyni rəngdə ayaqqabılar. Əsatirə görə, dəridən düzəlmiş ilk ayaqqabı məhz qəhvəyi olub, ona görə də ilin bir günü həmin o ilk ayaqqabı yad edilir.
İd-il-Burbara günü
Böyük bir təzad: Helloun bayramına bənzəyən bu gün xristian müqəddəsi Varvaranın şərəfinə qeyd edilir, amma gördüyünüz kimi, ad özü ərəbcədir, xristianlı müqəddəsin adına bayramı əsasən islam dünyasında - İordaniyada, Livanda, Suriyada, Fələstində, hətta qardaş Türkiyədə bayram edirlər.
Beynəlxalq hepard günü
Afrika savannalarının ən görkəmli sakini olan hepardlar (dilimizə çita kimi tərcümə edilsə də mən nədənsə bu çita variantını qəbul edə bilmirəm) bir də İranın Xorasan bölgəsində yaşayırlar. Bir vaxtlar Azərbaycanda da yaşayırdılar, amma kökləri kəsilib. Onların sürəti hətta saatda 135 km-ə çatır. Bu, bir rekord. Həmçinin, 120 km/saat sürəti sadəcə 3,1 saniyəyə yığırlar. Bu, digər rekord. Əgər hepard bu sürətlə uzun müddət qaçarsa bədən hərarəti 460 C-ni keçər (bu, növbəti rekord), bu isə onun beyin fəaliyyətinə ciddi zərər verə bilər. Buna görə də onun ov vaxtı 1 dəqiqədən çox çəkmir. Ən çox 20 il yaşayan hepardların maksimal sürətdə qaçarkən addımlarının arasındakı məsafə bəzən 15 m-ə çata bilir. Bu da daha bir rekord. Bu qeyri-adi canlının kökünün kəsilməməsi naminə bu gün onun günüdür, onları qorumaq cəmiyyətlərə ismarıc ediləcək.
Kamal Abdulla, Pol Elüar və Ömər Xəyyam
İnformatika günü. Məktəblərdə artıq belə bir fənn keçilir. Bu gün kimin informatika dərsi varsa ikiqat səylə çalışsın. Barburka günü. Şaxtaçılar günü bayramıdır, təşəbbüs polyaklardan gəlib. Kaberne-fran günü. Şərabsevənlərə sübut edilir ki, bu növ şərab adi qarışıq növ deyil, daha artığıdır. ABŞ-da isə milli peçenye günüdür. Düzdür, ABŞ-ın Qazaxla heç bir əlaqəsi yoxdur, amma nədənsə məndə məhz indi bir sual doğuldu, görəsən niyə Qazaxda peçenyeyə qəlet deyirlər?
1987-ci ildə krım tatarları SSRİ-dən növbəti zərbə alıblar, onlara öz ana vətənləri olan Krımda və Krasnodarda qeydiyyata alınma məhdudiyyəti qoyulub. Həmin gün qəzadan sonra Çernobıl AES-in 3-cü enerji bloku fəaliyyətini davam etdirib. 1982-ci ildə tetraamelya sindromu ilə doğulmuş, əlsiz-ayaqsız olan dünyaca məşhur motivasiya məşqçisi, missioner Nik Vuiçiç dünyaya gəlib. 1950-ci ildə Azərbaycanın xalq yazıçısı, “Yarımşıq əlyazma” romanı ilə adını ədəbiyyat tariximizə yazmış Kamal Abdullanın doğum günüdür. 1946-cı ildə Moskvada ilk “Moskviç – 400” avtomobili yığılıb. 1922-ci ildə ünlü fransız aktyoru, “Fanfan tülpan” filmi ilə adını tarixə yazmış Jerar Filipp dünyaya gəlib. 1913-cü ildə televiziya pultunu kəşf etmiş amerika ixtiraçısı Robert Adler doğulub. 1895-ci ildə dünya poeziyasının ən görkəmli nümayəndələrindən olan fransız Pol Elüar dünyaya gəlib. 1808-ci ildə Napoleon nəcib iş görərək əsarətdə saxladığı İspaniyada inkvizisiyanı ləğv edib. 1791-ci ildə Britaniyanın “Observer” qəzetinin ilk sayı işıq üzü görüb. 1674-cü ildə fransız yezuitləri ABŞ ərazisində Çikaqo adlı şəhər salıblar. 1131-ci ildə dahi fars-tacik şairi, dünyanın bütün sirlərini şərab üzərindən açan filosof Ömər Xəyyam dünyadan köçüb.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)