Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Salam, Şaxta baba. Necəsən? Deyəsən bir az gecikmişəm sənə məktub yazmağa. Bir az yox, bir xeyli. Haradasa 15 il qədər. Eynilə xəyallarıma gecikdiyim qədər.
Cəmiyyətin realistika axınına qapıldığım andan etibarən xəyallarımın boş, məktublarımın ünvansız olduğunu öyrənməyə başladım. Elə o vaxtdan bəri məktublarım ünvansız, yarım, nəysələr və bəlkələrlə dolu xəyallarım isə ümidsizliklərə gömülmüş idi. Bu gün yenidən xəyal qurmağa, məktub yazmağa başlayıram. Qulağa qəribə gəlsə də, uzun zaman sonra yalnız özüm üçün məktub yazıb bir şey istəyəcəyəm səndən. Əslində, yeni il qabağı istənilən mağazadan ala biləcəyim, hətta deyərdim ki, çox ucuz, ancaq mənim üçün daim özəl mənası olan, göy kağıza bürünən, adını hələ də bilmədiyim, uşaq vaxtından "cız-bız" adlandırdığım, yananda qığılcım çıxardan uzun dəmir çubuqlardan istəyirəm. Uşaqlıqdan bəri yeni ili mənim üçün xüsusi edən ən gözəl hədiyyə atamın, anamın, baba-nənəmin mənə hədiyyələrimin yanında verdiyi elə bu cızbızlar idi. Çox sadə görünsə də, özüm özümə onlardan çoxlu alsam da, mən məhz onu səndən almaq, uşaqlığıma - xəyallar qurmağı bacardığım, məktublarımı gəlib aparıb hədiyyə gətirdiyin vaxtlara qayıtmaq istəyirəm.
Bundan əlavə, səndən bu hədiyyənin nisbətində daha böyük bir hədiyyə istəyirəm. Bəlkə də, birinci istəyim Laplandiyadan gəlməyə dəyəcək qədər önəmli olmasa da, mənim ikinci diləyim səni düşündürə və həyata keçirmək üçün cəhd etməyə vadar edə bilər. Biz uşaq olandan bəri ailədə müsəlmanlıq və islami keyfiyyətlər haqqında tərbiyə alsaq da, valideynlərim nə mənə, nə də bacıma din mövzusunda ayrı-seçkilik etməməyi, sayğı duymağı öyrədib. Belə ki, qapı qonşularımızdan biri - 7 uşaqlı ər-arvad və qaynana ilə birgə bir otaqda yaşayan kasıb bir ailədir. Ancaq, bir az cəmiyyəti və dinləri şəxsi dərk edəndən bəri onların vahabi olduqları üçün özlərini din adı altında çox şeydən təcrid etdiklərinin, bəsit insani ehtiyaclarını ödəyə bilmədiklərinin, övladlarına yaşlarının ötüb keçməsinə baxmayaraq təhsil, normal geyim, hətta, qida belə verə bilmədikləri halda yardım qəbul etmədiklərinin şahidi olmaq mənə təsir edir. Şaxta baba, bilirəm ki, sən uşaqlar üşüməsin deyə onlara papaq, əlcək, palto, corab gətirirsən və sən özlərini müsəlman adlandırdıqları üçün yeni ili qarşılamağı özlərinə ayıb bilib "xristian bayramına" qarşı gələn valideynlərin də sözlərinə fikir verməyib uşaqları sevindirməkdən vaz keçmirsən.
Ümid edirəm məktubum sənə çatar və məni yenidən xəyal qurmağın gözəl olduğuna inandırarsan.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)