
Super User
Film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə keçirilən film layihələri müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq keçirilib.
AzərTAC xəbər verir ki, dekabrın 2-də Nizami Kino Mərkəzində təşkil olunan tədbirdə müsabiqənin seçim komissiyasının üzvləri kinodramaturq İlqar Fəhmi, teatrşünas Aydın Talıbzadə və rejissor Fehruz Şamiyev iştirak ediblər.
İlqar Fəhmi bildirib ki, bu müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektora dəstək verilməsindən ibarətdir.
Onun sözlərinə görə, müəyyən müzakirələrdən sonra qaliblər səs çoxluğu əsasında seçilib. Dövlət sifarişi, kommersiya və sənət filmi istiqamətlərində 1-i qısametrajlı, 3-ü tammetrajlı sənədli, 2-si qısametrajlı, 4-ü tammetrajlı bədii, 1-i qısametrajlı animasiya olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib. Ekspert şurasının yekun qərarı ilə dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihənin 9-u, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin hamısı Ekspert şurası tərəfindən təsdiq edilib. Ekspert şurasının son iclasında səsvermə nəticəsində 11 qalib layihədən ikisi- “Qorqud və Zəhra”, “Sözün varsa, de” səs çoxluğu ilə ssenarinin inkişaf proqramına yönləndirilib. “Borc” və “Arılar və qəbirlər” film layihələrinin isə təkmilləşdirmə və ssenarinin inkişaf proqramına cəlb olunduqdan sonra istehsala buraxılması tövsiyə edilib.
Müsabiqənin son dərəcə şəffaf keçirildiyini bildirən Aydın Talıbzadə 120-yə yaxın film ssenarisinin müzakirə olunduğunu qeyd edib. Ssenarilər tam olaraq bəyənilməsə də, onların arasında xoş təsir bağışlayanlar da var idi.
Filmlərin maliyyələşməsinin uğurlu addım olduğunu diqqətə çatdıran Fehruz Şamiyev deyib: “Son 3 ildə Azərbaycanda film istehsalı dayandırılmışdı. Belə bir zamanda bu filmlərin maliyyələşməsi çox uğurlu addım oldu. Onların çəkdiyi əziyyətə biz öz yanaşmamızı göstərdik. Kino kollektiv sənətidir. Bu ssenarilərin ən uğurlularını seçib istehsalata buraxmaq doğru addımdır. Seçim zamanı iclasın bütün gedişinin katiblik tərəfindən protokolu tərtib olunaraq arxivləşdirilib. Azərbaycan Dövlət Film Fondunda müsabiqənin pitçinq mərhələsi təşkil olunan zaman seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə bizlərlə birlikdə televiziya rəhbərlərinin də iştirakı təmin olunub.
Müsabiqənin hər hansı mərhələsi ilə bağlı narazılığı olan iştirakçılar Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apellyasiya komissiyasına müraciət edə bilərlər. Komissiyaya 9 nəfər yerli və xarici peşəkar kinematoqrafçıdan ibarət heyət cəlb edilib. Apellyasiya komissiyasına son müraciət dekabrın 7-si tarixinə təyin olunub.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Kino Agentliyinin elan etdiyi müsabiqə nəticələrinə sözardı
Xəbəriniz oldu əlbəttə, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsinin nəticələri açıqlandı.
“Ədəbiyyat və incəsənət” portalı bu nəticələri dərhal sizlərə əlçatan etdi.
Mədəniyyət Nazirliyi elan etmişdi ki, müsabiqəni keçirməkdə məqsəd ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi idi.
Buna nə dərəcədə nail olundu?
Əvvəla qeyd edək ki, kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslər tərəfindən dövlət sifarişi, kommersiya, müəllif, debüt və tələbə filmləri kateqoriyaları üzrə layihələrin təqdim edildiyi müsabiqənin Seçim komissiyasının qiymətləndirməsinə əsasən, dövlət sifarişi, kommersiya, sənət və debüt istiqamətində 30, tələbə alt istiqaməti üzrə isə 16 layihə məqbul hesab edilərək pitçinq mərhələsinə buraxılmışdı.
Müsabiqənin müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının iştirakı ilə noyabrın 23-24-də Azərbaycan Dövlət Film Fondunda təşkil olunan pitçinqdən öncə Ekspert şurası Seçim komissiyasının təqdim etdiyi layihələrin ssenariləri və digər zəruri sənədləri ilə yaxından tanış oldu. Pitçinqdə müəlliflər layihələrini açıq şəkildə müdafiə etdilər.
Noyabrın 28-də isə Azərbaycan Milli İncəsənət Muzeyində film layihələri müsabiqəsilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirildi.
İclasda pitçinqin nəticələrinə əsasən, istehsalına dəstək göstərilməsi təklif olunan dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihə və 16 tələbə filmi layihəsi, eləcə də Ekspert şurasının mövzu və ideyasını nəzərə alaraq təklif etdiyi “Arılar və qəbirlər” (“SFN Production” MMC) və “Borc” (“Bakı Media Mərkəzi” MMC) tammetrajlı bədii film layihələri müzakirəyə çıxarıldı.
Nəticədə 4 tammetrajlı bədii, 3 tammetrajlı sənədli, 2 qısametrajlı bədii, 1 qısametrajlı sənədli, 1 qısametrajlı animasiya film layihələri, habelə 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsi Mədəniyyət Nazirliyi və ARKA-nın hər hansı müdaxiləsi olmadan Seçim komissiyası və Ekspert şurası tərəfindən açıq səsvermə yolu ilə təsdiq edildi.
Maliyyə ayrılacaq layihələr bunlar oldu:
1-tammetrajlı bədii filmlər:
“Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC),
“Borc” (“Bakı Media Mərkəzi” MMC),
“Arılar və qəbirlər” (“SFN Production” MMC)
2- tammetrajlı sənədli filmlər:
Nargin” (“Karvan Production” MMC),
“Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC),
“Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC)
3-qısametrajlı bədii filmlər
“Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC)
4- qısametrajlı sənədli filmlər:
“Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC)
5-qısametrajlı animasiya filmləri:
“Narqız” (“Peri Film” MMC)
6- Və 16 qısametrajlı bədii və sənədli tələbə filmləri.
Mədəniyyət Nazirliyi həmçinin istehsalına dəstək göstərilməsi məqsədəuyğun sayılmayan bir sıra layihələrin ssenarilərinin inkişaf etdirilməsi məqsədilə ARKA tərəfindən yaradılmış Film laboratoriyasına təqdim olunmasını da təklif etdi və artıq bu prosesə start verilibdir.
Keçirdiyi müsabiqənin tam demokratikliyinə və şəffaflığına əmin olan nazirlik Apellyasiya komissiyası da yaradaraq nəticədən narazı qalanların bu komissiyaya müraciət edə bilməsinin qayğısına qaldı.
Dekabrın 2-də isə Nizami Kino Mərkəzində müsabiqə yekunlarına aid brifinq keçirildi və müsabiqənin seçim komissiyasının üzvləri - kinodramaturq İlqar Fəhmi, teatrşünas Aydın Talıbzadə və rejissor Fehruz Şamiyev bir daha müsabiqənin obyektiv keçməsini gətirdikləri dəlillərlə sübuta yetirdilər.
(Brifinq barədə geniş yazını təqdim edəcəyik)
Müsabiqə öncəsi suyu bulandırmaq, kino tariximizdə ilk dəfə rast gəlinən, hər bir istedadlıya şans yaradan bu müsabiqəyə ləkə yaxmaq istəyənlər sosial mediada paylaşımlar edirdilər ki, “nəticələr öncədən bəllidir və nazirlik öz adamları olan filankəslərə maliyyə ayrıracaq”. Və bu proqnozların heç biri özünü doğrultmadı.
Yalnız ən yaxşılar seçildilər. Demək ki, kinomuz ölü nöqtədən qalxmaqda, tamaşaçılar şit və bayağı komediya filmləri əsarətindən azad olunmaqdadır.
Belə də olmalı idi. Axı Mədəniyyət Nazirliyinin hazırkı komandası “qaranlıq bir künc-bucaq qalmasın” strategiyası ilə işləyir. Bu strategiya əvvəlki dönəmlərin zülmətini aydınlığa çıxarmaqdadır. Nə deyirik, həmişə işıqlıqda!
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəviyə həsr edilən xoreoqrafik musiqi gecə keçirilib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib. Bu barədə Filarmoniyanın yaydığı məlumatda deyilir
Tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Filarmoniyasının foyesində Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, şairə həsr olunmuş kitablar, rəsm əsərləri ilə tanış olublar.
Gecədə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, onun sözlərinə bəstələnmiş romanslar yer alıb.
Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, "Göygöl" Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər.
İlk dəfə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən gecə geniş tamaşaçı kütləsi tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Mədəniyyət naziri tanınmış kinorejissor Akif Rüstəmovu ziyarət edib
Mədəniyyət naziri Adil Kərimli dekabrın 2-də tanınmış kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovu evində ziyarət edib. Naziri müşaviri Orxan Fikrətoğlu müşayiət edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Nazir qocaman kinematoqrafçının Azərbaycan kinosuna verdiyi töhfələri yüksək qiymətləndirdiyini bildirib, ona nazirliyin Fəxri diplomunu təqdim edib.
Akif Rüstəmov ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, ömrünün 55 ilini kinoya həsr edən Akif Rüstəmov "Azərbaycanfilm” kinostudiyasında lentə alınan 40-dək ekran əsərində (“Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, "Babək", "Nizami", "Dərviş Parisi partladır", "Bağ mövsümü", "Güllələnmə təxirə salınır" və s.) ikinci rejissor kimi çalışıb, "Axırıncı dayanacaq” bədii filminə quruluş verib.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)
Bakıdan Laçına körpüsalanlar...
Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”
Bir dekabr "Laçın Şəhəri Günü"dür. Bu müqəddəs gündə Bakıdan Laçına gedən yolu inşa edən, buradan körpü salan şəhidlərimizi xatırlamaq vətəndaş kimi borcumuzdur.
ŞƏHİD VAQİF SALMANOVUN QIZI
Laçına gedən yolumuz hələ onu itirdiyimiz ilk illərdən başladı. Bu barədə müsahibim - şəhid Vaqif Salmanovun qızı Vüsalə xanım atası ilə bağlı öz xatirələrində qeyd edir:
"Atam şəhid olanda mənim 15, atamın isə 45 yaşı var idi. Demək olar ki, uşaqlığımın ən gözəl illərini atamla bir keçirmişəm. Onun itkisini hələ də qəbul edə bilmirəm. Doqquz ay idi ki, Laçın rayonu erməni daşnakları tərəfindən işğal olunmuşdu. Daha sonra atam Müdafiə Nazirliyinin xüsusi tapşırığı ilə Ermənistanın Şamsız kəndinə kəşfiyyata göndərildi. 60 km sərhədi keçəndən sonra atam şəhidlik zirvəsinə ucaldı. Amma bibimoğlu itkin düşdü. On bir gündən sonra atamı danışıqlar vasitəsilə Birinci Şəhidlər Xiyabanında dəfn etdilər. Atam mənim qəhrəmanım idi. Mən həmişə fəxr etmişəm ki, vətənpərvər bir insanın qızıyam. Həmişə də fəxr eləyəcəyəm. Mənim atam çox mehriban insan idi. Öz övladlarına, ailəsinə, qohum-əqrabasına, ən əsası da, vətəninə bağlı bir insan idi.
Heç vaxt xətrimizə dəyməyib. Vətənini sevməyi, türkçülüyünə bağlı olması, heç kimə boyun əyməməsi, əqidəliliyi mənə nümunə olmuşdur. Índi mən özüm müəlliməm və gündəlik olaraq bir neçə insanla ünsiyyətdə oluram. İşlədiyim illər ərzində hər zaman hörmət görmüşəm. Bir şəhid övladı olaraq bu qüruru daşımaq tamam başqa bir hisdir. Ona görə də həmişə fəxr edirəm.
Atam həmişə məni müəllim olaraq görmək istəyirdi. Elə buna da nail oldum. O, xüsusilə tarix müəllimi olmağımı istəyərdi, lakin ibtidai sinif müəllimi oldum, amma indi istəyirəm ki, qızım tarix müəllimi olsun.
İkinci Vətən Müharibəsindən sonra doğma torpaqlarımıza böyük qayıdışımız başlayıb. Bir müəllim kimi öz şagirdlərimə bunu anlatmaq mənə fəxarətdir. Bir laçınlı olaraq mən də böyük qayıdışın bir parçasıyam."
ƏKBƏR PƏNAHOVUN ANASI
Şəhid-kapitan Əkbər Pənahovun anası Mayqa xanım da öz oğlunu xatırlamaqla yanaşı, bu gün azad Qarabağa qayıdışımızın vacibliyini belə vurğuladı:
"Mən şəhid-kapitan Əkbər Pənahovun anası Mayqa anayam. Əkbər prezidentimizin “Dəmir yumruğu” altında birləşənlərdən biri oldu. Oğlumun döyüş yolu Murov dağından keçdi. Yaralı halda Kəlbəcərdə döyüşə davam etdi və elə Kəlbəcərdə də şəhid oldu. Oğlumun nəşinə doqquz ay sonra qovuşdum. Deyirlər, Allah sevdiyi bəndələri sınağa çəkir. Əkbərimin döyüş yolu da, şəhidliyi də əzablı olub. Əkbər Pənahov hərbçi ailəsində böyümüşdü. Onun atası I Qarabağ Müharibəsinin veteranıdır. Oğlum da atası kimi üçrəngli bayrağa and içib döyüşə getdi. Bu gün evimizdə Əkbərin iki oğul övladı böyüyür. Mən düşünürəm ki, onun oğulları Vətənə, atalarına layiq böyüməli, onun ruhunu şad etməlidir. Bu gün mən fəxr edirəm ki, Əkbər kimi bir oğulun anasıyam. Əsas odur ki, oğlum Vətənə olan borcunu yerinə yetirdi. Onsuz da, biz şəhid analarının bir gözü ağlayıb, bir gözü güləcək.”
Mən əminəm ki, Vaqif Salmanov və Əkbər Pənahovun timsalında bütün şəhidlərimizin ruhu şaddır. Çünki onları heç zaman unutmayan qızları, oğulları, valideynləri var.
Şəkildə: Müəllif və Mayqa ana
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)
Misir nümayəndə heyəti "ASAN xidmət"də
Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən məlumat verilib.
Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb.
Görüşdə “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq edildiyi vurğulanıb.
Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)
Ər Riyaddan mükafatla!
Noyabrın 29-da Səüdiyyə Ərəbistanının paytaxtı Ər Riyadda “Dünya Kulinariya Kitabları Mükafatı Təşkilatı” 29-cu dəfə ödülvermə mərasimi keçirib. Azərbaycanı bu tədbirdə Milli Kulinariya Assosiasiyasının rəhbəri Tahir Əmiraslanov tərtib etdiyi “Dolmalar Azərbaycan mətbəxində. 381 nüsxə” kitabı ilə təmsil edib.
Və kifayət qədər uğurla. “Son 25 ildə dərc edilən ən yaxşı kulinariya kitabı”nominasıyasında “Dolmalar Azərbaycan mətbəxində. 381 nüxsə” kitabı mükafata layiq görülüb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına açıqlama verən Tahir Əmiraslanov mərasimdə 100-dən çox ölkənin iştirak etdiyini qeyd edərək Azərbaycan adına qazanılan bu uğurdan qürurlandığını qeyd edib, habelə fürsətdən istifadə edərək Ər Riyaddakı Səfirliyimizin və Diasporamızın nümayəndərinə təşəkkürünü bildirib.
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)
Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Qazaxıstanın ölkəmizdəki səfiri Alim Bayel ilə görüşüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.
Görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.
Səfir Alim Bayel iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə, həmçinin dekabrın 2-5-də ölkəmizdə keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)
Tarixi dəyişən bir addım... - ROZA PARKSDAN DANIŞAQ
Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
Və nəhayət payızın yavaş-yavaş qışla əvəzləndiyi, ilin son ayına - dekabr ayına gəlib çatdıq.
Gəlin birlikdə ölkə və dünya tarixində 1 dekabra təsadüf edən ən yaddaqalan hadisələrə bu dəfə bir başqa gözlə nəzər salaq.
1 dekabr ölkə tariximizdə çox mühüm və əlamətdar bir gündür. 28 illik əsarətdən sonra nəhayət Laçın rayonu 2020-ci ilin bu günündə erməni işğalından azad edilmişdir.
2020-ci ildə baş verən 44 günlük vətən müharibəsindəki qalibiyyətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən dekabr ayının 1- i Laçın rayonu Azərbaycana təhvil veridi.
Qeyd edək ki, Laçın rayonu 1992-ci ilin may ayında ermənilər tərəfindən işğal olunmuşdu.
İşğal zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər sağlamalığını itirib.
Dünya tarixində isə 1 dekabr qara dərili Roza Parksın adı ilə bağlıdır.
1955-ci ildə ABŞ-da irqi ayrıseçkiliyin dövlət səviyyəsində hökm sürdüyü bir dövrdə Roza Parksın atdığı bir addım tarixi dəyişdi.
Belə ki, sözü gedən dövrdə ABŞ-ın bəzi əyalətlərində irqi ayrıseçkilik artıq son həddə çatmışdı. Buradakı avtobuslarda ağ dərililərlə qara dərililər eyni sırada otura bilməzdi. Ön oturacaqlarda sadəcə ağ dərililər əyləşə bilərdi, qara dərililər isə yalnız arxa oturacaqlarda əyləşməli idi. Orta sradakı oturacaqlar isə dəyişən statuslu idi. Bu oturacaqlarda ağ dərililərin sırası dolana qədər qara dərililər də əyləşə bilərdilər. Əgər bütün yerlər dolu olduğu zaman avtobusa bir ağ dərili minərdisə bu zaman qara dərili qalxıb öz yerini ağ dəriliyə verməli və özü ayaq üstə səfər etməliydi. Ayaq üstə duracaq yer də qalmadığı təqdirdə isə qaradərili avtobusdan enməli idi. Bunlarla yanaşı həmçinin qara dərililər ön qapıdan avtobusa qalxıb gediş haqqını ödədikdən sonra təkrar avtobusdan enərək arxa qapıdan minməli idilər.
1955-ci ilin 1 dekabrında ABŞ-ın Alabama ştatının Montqomeri şəhərində Roza Parks adlı 42 yaşlı qaradərili dərzi bir qadın axşam saat 6-da işdən çıxıb evə gedərkən mindiyi avtobusda ortadakı dəyişən statuslu oturacaqların birində əyləşir.
Səfər zamanı sürücü dəyişən statusdakı oturacaqlarda oturan qara dərililərdən qalxıb yerlərini ağ dərililərə verməyi tələb edir.
Bu oturacaqlarda əyləşən qara dərililər bir-bir qalxıb yerlərini ağ dərililərə verdiyi bir zamanda Roza Parks avtobusda çox böyük təccüb doğuran bir davranış sərgiləyir. Roza az öncə onun yanında pəncərə qırağında əyləşən, lakin sürücünün qalxın əmrindən sonra yerindən qalxan qara dərili kişinin yerinə keçib oturur və laqeyd bir şəkildə sürücünün gözlərinin içinə baxır. Sürücü əsəbləşərək Parksdan niyə qalxmadıgını soruşduqda O, "Yerimi bir başqasına verməli olduğuma inanmıram" söyləyir.
Belə olduqda sürücü polis çağırır və Roza Parks həbs olunur. 5 dekabrda keçiriən məhkəmədə Roza Parks ictimaiyyət qaydalarına tabe olmadığı səbəbi ilə 14 dollarlıq cərimə cəzası alır. Məhkəmə günü şəhərin bütün qaradərili sakinləri oraya axışır. Və irqçi ayrıseçkiliyə qarşı böyük bir hərəkat başlayır. Uzun illər haqsızlığa məruz qalan qaradərililər öz haqlarının müdafiəsinə qalxır.
Sözü gedən hərəkata rəhbərliyi isə Martin Lüter Kinq edir.
Tam 381 gün boyunca Montqomeridə bir nəfər qara dərili belə avtobusa minmir. Hamı öz işinə, dərsinə, bir sözlə hər yerə piyada gedir. Maşını olan qaradərililər digər qaradərililəri lazım olan ünvana avtobus gediş haqqısı qiymətinə öz maşınları ilə aparırlar. Hətda qaradərililərin bu hərəkatına bəzi ağdərililər də qoşulur. Ağdərili ev xanımları da bu hərəkata dəstək olaraq eyni məbləğə qaradərililəri öz avtomobilləri ilə daşımağa başladı. Avtobus sərnişinlərinin 70%-dən çoxu qaradərili olduğu üçün avtobus şirkətləri böyük maddi ziyana uğradı.
Vəziyyətin belə olduğunu görən ağdərili irqçilər qaradərililərə hucumlar etməyə başlayırlar. Lakin, qara dərililər başladıqları mübarizədən vaz keçməyərək onu sona qədər davam etdirirlər. Və nəhayət 21 dekabr 1956 cı ildə məhkəmə qərarı ilə qaradərililər artıq avtobusda istədikləri yerə otura bilmək hüququ aldılar.
Ağdərili irqçilərin bu qərar münasibəti çox sərt oldu. Onlar avtobuslara silahlı hucumlar təşkil etməyə başladılar. Roza Parks 1957-ci ildə ölüm hədələrinə məruz qalması, özünün və ailə üzvlərinin ağdərililər tərəfindən heç yerdə işə götürülməməsi səbəbindən əvvəl Vircinyaya daha sonra isə Detroitə köçməyə məcbur olur. Lakin Roza Parks başladığı mübarizəni burada da davam etdirir.
Martin Lüter Kinqin rəhbərlik etdiyi etiraz dalğası isə getdikcə daha da genişlənir və nəhayət 1964-cü ildə dərinin rənginə görə ayrıseçkiliyə son qoyan vətəndaş hüquqları haqqında qanunun qəbul olunmasına nail olur.
Bundan sonra bu hərəkatın simvoluna çevrilən Roza Parks bir çox ad və medallars laiq görülür.
O, Time jurnalı tərəfindən XX əsrin insan haqları müdafiəçisi seçilir.
Roza Parks 2005-ci ildə vəfat edib, onun vəfat etdiyi gün Montqomeri və Detroitdə avtobuslardakı ilk oturacaqlara matəm lentləri bağlanıb.
ABŞ-ın keçmiş dövlət katibi Konoliza Rays "Roza Parks olmasaydı mən dövlət katibi ola bilməzdim söyləmişdir.
Qeyd edək ki, başlıqdakı şəkli Roza Parks başlatdığı hərəkat uğurla nəticələndiyi zaman elə həmin avtobusda çəkdirmişdir. Və həmin avtobus da bu gün Henri Ford muzeyində saxlanılır. Aşağıda gördüyünüz şəkildə Obamma həmin avtobusda və məhz həmin oturacaqda əyləşib.
Bəli əziz oxucu bəzən illərlə davam edən haqsızlığa qarşı atılan kiçik bir addımla bütöv bir tarixi dəyişir.
"Ağın qaradan, qaranın da ağdan heç bir üstünlüyü yoxdur."
Məhəmməd peyğəmbər.
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)
“Gedən qayltmaz” - ESSE
Gülnaz Talıbova, “Ədəbiyyat və incəsənət”
Payız idi. Yenə küləyi özüylə gətirmişdi.
Külək, niyə belə əsirsən, külək,
Niyə ümidimi kəsirsən, külək?!
Külək onu məndən aldı, özünə yoldaş edib əsməyə başladı. O isə heç müqavimət göstərmədən dönüb dedi:
-Artıq mən küləyəm, məni sınama. Mən özgəyəm, məni saxlama.
Axı doğmalaşmışdıq. Necə oldu ki, özgə olduq?
Mən qışqırdım:
-Külək, məni yaralama. Onu məndən aralama.
Mənə sarı boylanan olmadı.
Ara-sıra mənə deyərdi: "Külək olsam, saçlarını daramağa qoyarsanmı?"
Ancaq indi nəinki saçlarım, ən ağrılı orası idi ki, xəyallarım da pərişan olmuşdu.
Külək ümidimi kəsə bilmədi. Onların dalınca qaçmağa başladım.
Ardınca o qədər yüyürdüm ki,
Qayıdıb özümə çata bilmədim.
Günlər keçdi. Otağımda oturmuşdum. Pəncərəni azacıq açıq saxlamışdım. Öz-özümə oxuyurdum:
-Pəncərəmin pərdəsini havalandıran rüzgar,
dənizləri köpük-köpük dalğalandıran rüzgar.
Uzaqlardan səs gəldi:
-Əs, əs, dəli küləyim, ol, mənim köməyim. De, ona sevgimi yenə necə söyləyim?
Bu səs mənə çox tanış idi. Az keçmədi ki, pəncərəm taybatay açıldı. Ah! Hansı üzlə otağıma daxil olmuşdu? Dili topuq çala-çala dedi:
-Bağışla, bağışla, məni bağışla.
Mənsə cavabında…
Mənsə cavabında söylədim ki:
-Payızdan qayıtmaq olmaz bahara,
sən mənim deyilsən, mənim deyilsən...
Gedən qayıtmaz. Qayıdışı da yersiz olar…
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)