Bakıdan Laçına körpüsalanlar... Featured

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

Bir dekabr "Laçın Şəhəri Günü"dür. Bu müqəddəs gündə Bakıdan Laçına gedən yolu inşa edən, buradan körpü salan şəhidlərimizi xatırlamaq vətəndaş kimi borcumuzdur.

 

ŞƏHİD VAQİF SALMANOVUN QIZI

Laçına gedən yolumuz hələ onu itirdiyimiz ilk illərdən başladı. Bu barədə müsahibim - şəhid Vaqif Salmanovun qızı Vüsalə xanım atası ilə bağlı öz xatirələrində qeyd edir:

"Atam şəhid olanda mənim 15, atamın isə 45 yaşı var idi. Demək olar ki, uşaqlığımın ən gözəl illərini atamla bir keçirmişəm. Onun itkisini hələ də qəbul edə bilmirəm. Doqquz ay idi ki, Laçın rayonu erməni daşnakları tərəfindən işğal olunmuşdu. Daha sonra atam Müdafiə Nazirliyinin xüsusi tapşırığı ilə Ermənistanın Şamsız kəndinə kəşfiyyata göndərildi. 60 km sərhədi keçəndən sonra atam şəhidlik zirvəsinə ucaldı. Amma bibimoğlu itkin düşdü. On bir gündən sonra atamı danışıqlar vasitəsilə Birinci Şəhidlər Xiyabanında dəfn etdilər. Atam mənim qəhrəmanım idi. Mən həmişə fəxr etmişəm ki, vətənpərvər bir insanın qızıyam. Həmişə də fəxr eləyəcəyəm. Mənim atam çox mehriban insan idi. Öz övladlarına, ailəsinə, qohum-əqrabasına, ən əsası da, vətəninə bağlı bir insan idi. 

Heç vaxt xətrimizə dəyməyib. Vətənini sevməyi, türkçülüyünə bağlı olması, heç kimə boyun əyməməsi, əqidəliliyi mənə nümunə olmuşdur. Índi mən özüm müəlliməm və gündəlik olaraq bir neçə insanla ünsiyyətdə oluram. İşlədiyim illər ərzində hər zaman hörmət görmüşəm. Bir şəhid övladı olaraq bu qüruru daşımaq tamam başqa bir hisdir.  Ona görə də həmişə fəxr edirəm. 

Atam həmişə məni müəllim olaraq görmək istəyirdi. Elə buna da nail oldum. O, xüsusilə tarix müəllimi olmağımı istəyərdi, lakin ibtidai sinif müəllimi oldum, amma indi istəyirəm ki, qızım tarix müəllimi olsun. 

İkinci Vətən Müharibəsindən sonra doğma torpaqlarımıza böyük qayıdışımız başlayıb. Bir müəllim kimi öz şagirdlərimə bunu anlatmaq mənə fəxarətdir. Bir laçınlı olaraq mən də böyük qayıdışın bir parçasıyam."

 

ƏKBƏR PƏNAHOVUN ANASI

Şəhid-kapitan Əkbər Pənahovun anası Mayqa xanım da öz oğlunu xatırlamaqla yanaşı, bu gün azad Qarabağa qayıdışımızın vacibliyini belə vurğuladı:

"Mən şəhid-kapitan Əkbər Pənahovun anası Mayqa anayam. Əkbər prezidentimizin “Dəmir yumruğu” altında birləşənlərdən biri oldu. Oğlumun döyüş yolu Murov dağından keçdi. Yaralı halda Kəlbəcərdə döyüşə davam etdi və elə Kəlbəcərdə də şəhid oldu. Oğlumun nəşinə doqquz ay sonra qovuşdum. Deyirlər, Allah sevdiyi bəndələri sınağa çəkir. Əkbərimin döyüş yolu da, şəhidliyi də əzablı olub. Əkbər Pənahov hərbçi ailəsində böyümüşdü. Onun atası I Qarabağ Müharibəsinin veteranıdır. Oğlum da atası kimi üçrəngli bayrağa and içib döyüşə getdi. Bu gün evimizdə Əkbərin iki oğul övladı böyüyür. Mən düşünürəm ki, onun oğulları Vətənə, atalarına layiq böyüməli, onun ruhunu şad etməlidir. Bu gün mən fəxr edirəm ki, Əkbər kimi bir oğulun anasıyam. Əsas odur ki, oğlum Vətənə olan borcunu yerinə yetirdi. Onsuz da, biz şəhid analarının bir gözü ağlayıb, bir gözü güləcək.”

 

Mən əminəm ki, Vaqif Salmanov və Əkbər Pənahovun timsalında bütün şəhidlərimizin ruhu şaddır. Çünki onları heç zaman unutmayan qızları, oğulları, valideynləri var.

 

Şəkildə: Müəllif və Mayqa ana

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.