Super User

Super User

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah - avqustun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 8-13 metr təşkil edəcək, səhər 15-20 metr/saniyə olacaq, axşam arabir 23-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 30-35° isti olacağı ehtimal edilir.

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz əsasən şimal və qərb rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38° isti, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Çərşənbə, 02 Avqust 2023 16:06

Maestro Niyazinin xatirəsi yad olunub

 

Avqustun 2-də məşhur Azərbaycan dirijoru və bəstəkarı, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı, Hacıbəyovlar nəslinin parlaq nümayəndəsi Maestro Niyazinin vəfatından 39 il ötür.

 

AzərTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və onun filialı Niyazinin mənzil-muzeyinin rəhbərliyi və əməkdaşları, tanınmış musiqiçilər, ictimaiyyət nümayəndələri Fəxri xiyabanda Niyazinin məzarını və Bakı şəhərindəki abidəsini ziyarət ediblər. 

Muzeyin kollektivinin hər il sənətkarın doğum və vəfat günlərində xatirəsini yad etdiyi, həmçinin bəstəkarın mənzil-muzeyində onunla bağlı tədbirlərin keçirildiyi haqqında məlumat verilib.

Çıxışlarda görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.

Qeyd edilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.

Bildirilib ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatını alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

Sonra hər dəfə olduğu kimi, bu dəfə də muzeydə “Açıq qapı” günü təşkil olunub. 

Həmçinin muzeyin Musiqi Həvəskarları Klubunun üzvləri Maestro Niyazinin xatirəsini yad etmək üçün muzeyi ziyarət ediblər.

Qonaqlara Niyazinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, onun haqqında müxtəlif illərdə çəkilmiş sənədli filmlər, videokonsertlər, musiqisinin müəllifi olduğu filmlər nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

2 avqust kino günüdür. Azərbaycan kinosunun tarixinə adı qızl həriflərlə yazılan bənzərsiz aktyorlardan biri də Hamlet Xanızadə olub. O, parlaq istedadı ilə Həsənəğa Turabov, Həsən Məmmədov, Şahmar Ələkbərzadə, Səməndər Rzayev, Fuad Poladov kimi sanballı aktyorların sırasında özünə yer alıb. Cəmi qırx səkkiz il ömür sürüb. Amma bu qırx səkkiz ildə elə uğurlara imza atıb ki, bu uğurlar ona xalq məhəbbəti qazandırıb, ölməzlik gətirib. Adı hələ də ehtiramla yad olunur, ruhuna rəhmətlər dilənilir. Onun yaratdığı obrazların heç biri tamaşaçı diqqətindən kənərda qalmayıb, hər biri yaddaşlarda dərin iz buraxıb...

O, təkcə istedadlı aktyor deyildi, həm də Azərbaycanın qeyrətli oğullarından biri idi. Vətənin, xalqın namusunu çəkən, onun yolunda ölüməyə belə hazır olan aktyor əslində 20 Yanvar faciəsinin qurbanı oldu. 1990-cı ilin yanvar hadisələri onu çox sarsıtmışdı. Tez-tez “Şəhidlər Xiyabanı”na gedir, şəhidlərin məzarlarını ziyarət edirdi.

Növbəti dəfə fevralın 2-sində, çəkilişdən sonra dostlarıyla birlikdə şəhidlər xiyabanına yollanır. Orada güclü başağrıları tutduğu üçün dostları onu evinə gətirirlər. Özündə olmadığını görüb təcili xəstəxanaya çatdırırlar. Bir gün reanimasiyada qalandan sonra, səhərə yaxın keçinir.

Hətta şəhidlərimizin 40 mərasimini görmək belə ona nəsib olmadı…

Bu gün həm də onun günüdür. Yaşasaydı, bu gün 82 yaşlı sənətkar kino gününü yəqin ki, həmkarları ilə birlikdə qeyd edəcəkdi. Amma heyf, çox heyf ki, 33 ildir aramızda yoxdur...

Ruhun şad olsun, kinomuzun generalı- Hamlet Xanızadə!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

 

Kino və teatrda sənətdən başı çıxan böyüklərin təlabatını ödəyib onlara özünü sevdirmək üçün ustalıq bəs edir. Amma uşaqların sevgisini qazanmaq üçün tək ustalıq da kifayət etmir. Burda gərək həm də bir psixoloq olasan. Uşaqların sevə-sevə “Ələkbər əmi” adlandırdıqları Əməkdar Artist Ələkbər Hüseynov məhz belə bir sənətkar idi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün unudulmaz aktyor, öz duzlu-məzəli çıxışları ilə tamaşaçı qəlbinə yol tapan Ələkbər Hüseynovun vəfatından 16 il ötür.

Bir çox televiziya tamaşalarında uğurlu, özünəməxsus obrazlar yaradan, eyni zamanda, Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində bir-birindən maraqlı obraz və tamaşalar qalereyası ərsəyə gətirən Əməkdar artist Ələkbər Hüseynov yaradıcılığı ilə ürəklərə yol taparaq, böyük tamaşaçı sevgisi qazanıb.

 

Ələkbər Hüseynov 1961-ci il iyulun 7-də Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. "Keçəlin toyu" tamaşasındakı "Keçəl" rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatlarına layiq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatını alıb. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Əməkdar artist Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də uzunsürən xəstəlikdən vəfat edib. 

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Çərşənbə, 02 Avqust 2023 14:00

Teatr ustadı

Bu gün Xalq artisti Tofiq Kazımovun anım günüdür

 

Ona Azərbaycan teatrının Staniskavskisi də deyirlər… Bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun vəfatından 43 il ötür.

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.

Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.

Onun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.

Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan “Şəhərin yay günləri”, “Antoni və Kleopatra”, “Sevilya ulduzu”, “Lənkəran xanının vəziri”, “Pəri cadu”, “Yalan”, “Yağışdan sonra”, “Ölülər” və onlarla digər tamaşalar ozamankı teatrsevərlərin yaxşı xatirindədir.

Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci il avqustun 2-də avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

 

ABŞ-ın Portland şəhərində keçirilmiş XXI Millətlər Festivalında ölkəmizi Meyn Azərbaycanlıları Cəmiyyəti təmsil edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, “Deering Oaks” parkında gerçəkləşdirilmiş festivalda Meyn Azərbaycanlıları Cəmiyyətin sədri Tərlan Əhmədovun rəhbərliyi ilə Azərbaycan pavilyonu təşkil edilib. Burada xalqımızın zəngin mədəniyyətini, milli mətbəxini əks etdirən nümunələr və Azərbaycan brendinə məxsus məhsullar nümayiş etdirilib.

Tərlan Əhmədov bildirib ki, Azərbaycan bayrağının festivaldakı digər ölkələrin bayraqları sırasında yer alması icmamıza xüsusi qürur hissi yaşadıb. Onun sözlərinə görə, yerli sakinlər Azərbaycan mədəniyyətinə və mətbəxinə böyük maraq göstəriblər: “300-dən çox iştirakçı pavilyomuzun qarşısında növbə tutaraq milli mətbəx nümunələrimizə qonaq oldular. Meyndəki icmamız və Bostondan gələn dostlarımız bu hadisəni yaddaqalan etdilər”.

Qeyd edək ki, icma fəalları Azərbaycan guşəsini ziyarət edənlərə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də Meyn Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Çərşənbə, 02 Avqust 2023 15:30

Ana dilim bal kimi

 

Dünən Ana Dili Gününü qeyd etdik. “Ədəbiyyat və incəsənət” portalı Mina Rəşidin bu tarixə həsr edilmiş yazısını təqdim edir. 

 

Dil millətin yaranışı və inkişafı ilə meydana gəlir. Buna uyğun olaraq, elmi rəylərə görə, Azərbaycan dilinin inkişafı III-VII əsrlərdə başlayıb, XI əsrdə Qafqazda və qonşu ölkələrdə geniş yayılıb, XII əsrdə isə ədəbi dil kimi tam formalaşıb. Səfəvilər dövlətində saray və ordu dili kimi dövlətin ilk rəsmi dili Azərbaycan dili olub.

Əski dövrün Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə seçilir. Zaman-zaman Azərbaycan dili "türki", "türk dili", "Azərbaycan türkcəsi", "tatar dili", "Qafqaz tatarlarının dili" kimi adlandırılıb.

1929-1939-cu illərdə latın qrafikalı əlifbamız olub. Sonra bu kiril əlifbası ilə əvəz edilib. 1991-ci ildən Azərbaycan yenidən latın qrafikalı əlifbaya keçib.

Ana dilinin müasir anlamda dövlət dili kimi işlənməsini vacib edən ilk qəti rəsmi sənəd Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsilə bağlıdır. Qeyd edək ki, o vaxt dilimiz "Türk dili" adlanırdı. AXC 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edib.

Müasir Azərbaycan dövlətinin memarı Ümummilli liderimiz Heydər Əliyev dilimizə, mədəniyyətimizə həmişə xüsusi qayğı göstərib. Onun 2001-ci ildə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi naminə verdiyi Fərman da bu qayğının nümunəsidir. 2004-cü ildə Naxçıvan şəhərində dilimizin şərəfinə "Ana dili" adlı abidə ucaldılıb. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı da, dövlətimizin, onun ali rəhbərliyinin Ana dilimizə olan həssas, qayğıkeş münasibətini əks etdirir.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş siyasəti və güclü ordumuzun sayəsində işğalçılardan azad edildi. Bu, böyük bir Zəfərdir! Doğma Ana dilində ölkə rəhbərimizin söylədiyi "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" kimi unudulmaz şüarlar bütün dünyaya səs saldı. Öz haqqı uğrunda savaşıb Zəfər qazanmış bir millət kimi dünya bizi öz dilimiz və əməlimizlə daha yaxşı tanıdı...

Şükürlər olsun ki, bu gün Vətənimizin əsas atributları olan üçrəngli Bayrağımız, səkkizguşəli Gerbimiz, qəlb oxşayan Himnimiz və özümüzə məxsus gözəl, rəvan dilimiz var.

Bayramımız mübarək!

 

Ana Dilim - bal kimi,

Danışmaqdan doymuram.

Mən onu neçə dilin

İçində qoruyuram.

 

Anamın laylasıyla

Mən boy atıb böyüdüm.

Onun şirin diliylə

Fərəhlənib öyündüm.

 

Çoxlu nağıl söyləyib

Nənəm bu dildə mənə.

Əlifbanı öyrəndim

Mən sevinə-sevinə.

 

Çox sevirəm yurdumun

Bayrağını, Himnini,

Mən sevirəm anamı,

Həm də, ana dilimi!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə Poetik qiraət rubrikasında yeni imza təqdim edir: Şəfa Vəli. 

Onun bu şeirini çox bəyənəcəyinizə əminik. 

 

 

Günlərlə kompüterindən uzaq qalan mən və zehnimdə yığılıb qalan səslərin sözə çevrilməyə can atması...

 

*

Zehnimdə sərçələr yuva qurub, gəl, 

Bir ovuc vüsal səp, mən də sevinim...

Bilirəm, bombozdu, yumrudu əcəl,

O gedir... 

Gedirəm...

... Belə sevirəm...

 

Gözümdə səhra var, bulud olub gəl,

Bir əlçim kölgə sal yanağım üstə..

Hissləri süzmüsən, qupquru qalıb

Kədərim ömrümün yamağı üstə... 

 

Hər həkim yamaqçı, hər dərman yamaq-

Keyidən, yatıran, iştah gətirən...

Min ildi dilimdə adın umacaq,

Min ildi ürəyim sevda ötürən...

 

... Getdiyin uzaqlar elə tanışdı,

Xəylalım min dəfə dolanar-gəzər...

Sərçələr zehnimdə yuva qurmuşdu...

Bir şeir üfürdüm, uçub getdilər... 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Rəsm qalereyası: Karl Lüdviq Fridrix Bakker, “Səhər salamı” (1870)

Günün fotosu: PUA “Moskva- Siti” kompleksində partlayıb

 

Foto: Euronews

 

Rusiya səmalarında yenidən PUA-lar meydan oxuyublar. Onlardan ikisini RF Müdafiə Nazirliyi Narofominsk və Odintsovo səmalarında zərərsizləşdirsə də biri Moskvaya soxularaq “Moskva-Siti” kompleksi qülləsinə - 21-ci mərtəbəyə çırpılmışdır.

Ruslar məsiliyyəti Ukraynanın üzərinə atmışlar. 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.