“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Şəhanə Müşfiqindir.
Şahanə MÜŞFİQ
ELƏ GƏLDİN Kİ...
Bir səhər bir ömrü dəyişə bilərmiş,
Xəbərim yoxdu.
Günüylə, günəşiylə,
Saatı, dəqiqəsiylə,
Küçədən şütüyən maşınları,
İnterneti axsaq kompüteri,
Barmaqlarımı məngənəsinə həbs edən məqalələri,
İş yerimin qapısı ağzında yemək gəzən pişiyi,
Pəncərəm önündə dən axtaran sərçələri...
ilə adidən adi bir gündü o gün.
Yenə də tələsirdim, hara, nəyəsə.
Saatın dəqiqəsini tutdum,
Məqalənin son nöqtəsini qoydum,
Kompüteri söndürdüm,
Sərçələrə gülümsəyib pişiyin yanından keçdim,
Küçədəki maşınları ötdüm...
Planımdakı yerə,
Bilmədiyim ömrə doğru yol aldım.
Sənə imiş qaçaqaçım,
Sənə imiş gəlişim,
Xəbərim yoxdu.
Gözləmədiyim, ummadığım zamanda qarşılaşdıq iki yad doğma kimi.
Günəşin ziyasıyla nurlanan dünya kimi
Nura qərq oldu dünyam
Gözlərinin gecəsindən doğan günəşlə...
Mən səni axtarmırdım ki,
Aramadığım səhərlərdə,
Rast olmadığım günlərdə,
Yolum düşməyən təqvimlərdə gəldin ömrümə.
Elə gəldin ki, “get” deməyə cəsarətim,
“Qal” deməyə gücüm olmadı.
Gözlədim,
Gözlədim ki, anlayasan susqunluğumu,
Gözlədim ki, görəsən əllərimi...
Hə...
Kimi gözdən, kimi ürəkdən, kimi gülüşdən sevər.
Mən də əllərdən sevdim.
Əllərinin qabarında açan xoşbəxtlik çiçəklərinə su verdim öpüşlərimlə,
O çiçəklərlə bəzəndi saçlarım hər gecə, hər səhər.
Sevdim səni.
Sorğusuz, sualsız,
Gözləntisiz sevdim.
Mən səni sevmək üçün yox,
Sənin üçün sevdim...
***
Yadam özümə…
Bu külək özünə oxşamır nəsə,
Əhvalı dəyişib, halı dəyişib.
Hara əsdiyini özü də bilmir,
Cığırı dəyişib, yolu dəyişib.
Bu küçə heç tanış gəlmədi mənə,
Necə səssizlikdir, necə qaranlıq.
Yoxmu bu küçədə Allah bəndəsi,
Dayanıb dinləsə məni bir anlıq?
Bu yollar nə qədər yaddır, İlahi,
Əvvəl heç düşməyib yolum bu yola.
Sonu haralardır, hara aparır?
Nə yolla özümü salım bu yola?
Mən ki tanımıram bu adamları,
Nə yaman soyuqlar, nə yaman yadlar.
Sanki bu dünyada yaşamırlar heç,
Bəlkə, yaşamaqdan daha doyublar?
Güzgüdən boylanan o adam kimdir?
Gözləri nə qədər kədərli baxır.
Həyat pərçimlənib sanki gözünə,
Ordan damla-damla torpağa axır.
Tanıya bilmirəm daha heç kimi,
Özüm də yad oldum özümə, Allah!
Daha istəmirəm xatirə, yaddaş,
Məni heç qaytarma özümə, Allah!
ÜŞÜMƏYİN RESEPTİ
Üşümək nədir, bilirsənmi?!
Qışın soyuğuna,
Küləyin səsinə,
Yağışın nəminə,
İldırımın dəhşətinə,
Qarın bəyazlığına üşüməyi demirəm;
Səssizliyə,
Ümidsizliyə,
Təkliyə,
Gedənlərə,
Bir də heç zaman dönməyəcəklərə,
Göz yaşlarına,
Gözündən asılan baxışlarına,
Çarəsizliyə üşümək...
Adamı için-için yandırar,
Bir ilıq gecədə –
İsti yorğan-döşəyinin içində düşər canına,
Ürəyini dondurar,
Nəfəsindən Onsuzluğun ətri gələr,
Əllərində heç duymadığın əllərinin hərarəti üşüyər,
İslaq saçlarından süzülər
heç görmədiyin gözlərinin yaşı,
Elə bilərsən saçlarında yurd salıb baxışı...
Zamansızdır,
Məkansızdır üşümək...
Günəşin nurundan imdad olmaz
içində qış bəsləyənə,
Tanrının ədalət payına heyrət;
Üşüyə-üşüyə yanıb kül olmaq yazılıbmış
birisinin alın dəftərinə...
DARIXAN QADIN
Nə üzlü qonaqmış bu darıxmaq da,
Fikrimdən qovuram, qəlbimdən gəlir.
İndi bahar fəsli deyil, mən bilən,
Bəs necə burnumda qoxun güllənir?
Belə darıxmağı kim icad edib?
Görüm darıxmaqdan məntək boğulsun...
Sənsiz gözlərim də yolun itirib,
Gəl ki, yazıqlar da “evə yığılsın”...
Xoşbəxt günümüzdən xatirə şəkil –
Gözümün kökütək saralıb indi.
Yollar da üstümə sənsiz qayıdır,
Görüm zəhrimara qalsın həsrəti!
Boyumdan yekədi, əynimə gendi,
İçində itmişəm bu darıxmağın.
Qayıt, duman gözlüm, qayıt, yubanma,
Yolunda boy atıb “Darıxan qadın”.
AYRILAQ...
Bu ayrılıq heç xoşuma gəlmədi,
Gəl barışaq, sonra yenə ayrılaq.
Bircə dəfə ayrılmağın nə dadı,
Təkrar-təkrar, dönə-dönə ayrılaq.
Belə ayrılığa mən necə dözüm?!
Gərək gözlərindən ayrıla gözüm.
İnadkar qəlbimə yetməyir sözüm,
Əlim küssün əllərinə, ayrılaq...
Alışmasın öpüşünə yanağım,
Unutsun adını gərək dodağım.
Səssiz getmə, tutulacaq qulağım,
Çıxaq zilə, düşək bəmə, ayrılaq.
Gəl tələsmə, ayaq saxla bir anlıq,
Göz yaşımı qoy çantana yavanlıq.
Deyirlər ki, soyuq olur ayrılıq,
Həsrətini sər üstümə, ayrılaq...
...bu ayrılıq heç xoşuma gəlmədi,
Gəl barışaq, sonra yenə ayrılaq.
Bircə dəfə ayrılmağın nə dadı,
Təkrar-təkrar, dönə-dönə ayrılaq!
GÜNAH DAŞIYIRAM…
Müharibə şəkilləri asılıb
gözlərimlə dünyanın arasında.
Güllələnmiş körpənin “ana” hayqırtışı
bəzəyir qulaqlarımı –
Sırğa əvəzi.
Şəhidlərin qanı dolanıb nişan barmağıma,
Matəm rəngiylə bəzənib toy çadırım.
Övladı qollarında can verən ananın,
Yolunmuş saçlarıdır başımdakı duvağım.
Günahsız qurbanların naləsi qopur
vağzalı sədalı qara zurnadan.
Zülm, işgəncə dolub yatağıma,
Qarnına süngü keçirilmiş gəlinin,
“Günah”ını daşıyıram bətnimdə.
Onun ahu-fəryadını,
Ahını daşıyıram bətnimdə.
Dırnaqlarımın arasına dolub
“Siyasət” adlı əjdahanın süfrəsindəki
sümüklərlə bəslənən torpaq.
…və mən – qələmlə silahın arasında can verən zavallı!
“Ədəbiyyat və incəsənət”
(01.12.2023)