Super User

Super User

Çərşənbə, 02 Avqust 2023 14:00

Teatr ustadı

Bu gün Xalq artisti Tofiq Kazımovun anım günüdür

 

Ona Azərbaycan teatrının Staniskavskisi də deyirlər… Bu gün unudulmaz teatr xadimi, şair Səməd Mənsurun ailəsində dünyaya göz açan Azərbaycanın görkəmli teatr rejissoru, pedaqoq, Xalq artisti Tofiq Kazımovun vəfatından 43 il ötür.

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb. Böyük sənətkarın səhnə həyatı verdiyi tamaşaların finalı özü bir tamaşa idi. Bu böyük sənətkarın adı hər zaman xalqımızın yaddaşında yaşayacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov 1943-cü ildə yaralanaraq ordu sıralarından tərxis edilib və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrda bir sıra yaddaqalan obrazlar yaradan sənətkar 1945-1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb.

Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərən Tofiq Kazımov Vilyam Şekspirin “Antoni və Kleopatra”, “Hamlet”, “Fırtına”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Bağlardan gələn səs”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Şıxəli Qurbanovun “Sənsiz” və digər ədiblərin pyesləri əsasında bir-birindən maraqlı tamaşalar hazırlayıb.

Onun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası, düşüncə tərzinin itiliyi müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapıb.

Uzun illər Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs demiş Tofiq Kazımov, həmçinin bir sıra sənətkarlar barədə monoqrafiyalar yazıb. “Çağırış”, “İşıqlı yollarda”, “Şəfəq”, “Qoçaq Polad” və digər pyeslərin müəllifi kimi tanınan T.Kazımov mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib. Onun quruluşunda səhnə təcəssümü tapan “Şəhərin yay günləri”, “Antoni və Kleopatra”, “Sevilya ulduzu”, “Lənkəran xanının vəziri”, “Pəri cadu”, “Yalan”, “Yağışdan sonra”, “Ölülər” və onlarla digər tamaşalar ozamankı teatrsevərlərin yaxşı xatirindədir.

Milli rejissor sənətimizin korifeylərindən sayılan Tofiq Kazımov yaradıcılığının çiçəkləndiyi bir vaxtda - 1980-ci il avqustun 2-də avtomobil qəzası zamanı dünyasını dəyişib və Fəxri xiyabanda torpağa tapşırılıb.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

 

ABŞ-ın Portland şəhərində keçirilmiş XXI Millətlər Festivalında ölkəmizi Meyn Azərbaycanlıları Cəmiyyəti təmsil edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, “Deering Oaks” parkında gerçəkləşdirilmiş festivalda Meyn Azərbaycanlıları Cəmiyyətin sədri Tərlan Əhmədovun rəhbərliyi ilə Azərbaycan pavilyonu təşkil edilib. Burada xalqımızın zəngin mədəniyyətini, milli mətbəxini əks etdirən nümunələr və Azərbaycan brendinə məxsus məhsullar nümayiş etdirilib.

Tərlan Əhmədov bildirib ki, Azərbaycan bayrağının festivaldakı digər ölkələrin bayraqları sırasında yer alması icmamıza xüsusi qürur hissi yaşadıb. Onun sözlərinə görə, yerli sakinlər Azərbaycan mədəniyyətinə və mətbəxinə böyük maraq göstəriblər: “300-dən çox iştirakçı pavilyomuzun qarşısında növbə tutaraq milli mətbəx nümunələrimizə qonaq oldular. Meyndəki icmamız və Bostondan gələn dostlarımız bu hadisəni yaddaqalan etdilər”.

Qeyd edək ki, icma fəalları Azərbaycan guşəsini ziyarət edənlərə ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, eləcə də Meyn Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Çərşənbə, 02 Avqust 2023 15:30

Ana dilim bal kimi

 

Dünən Ana Dili Gününü qeyd etdik. “Ədəbiyyat və incəsənət” portalı Mina Rəşidin bu tarixə həsr edilmiş yazısını təqdim edir. 

 

Dil millətin yaranışı və inkişafı ilə meydana gəlir. Buna uyğun olaraq, elmi rəylərə görə, Azərbaycan dilinin inkişafı III-VII əsrlərdə başlayıb, XI əsrdə Qafqazda və qonşu ölkələrdə geniş yayılıb, XII əsrdə isə ədəbi dil kimi tam formalaşıb. Səfəvilər dövlətində saray və ordu dili kimi dövlətin ilk rəsmi dili Azərbaycan dili olub.

Əski dövrün Azərbaycan dilinin leksik tərkibi ərəb və fars sözlərinin çoxluğu ilə seçilir. Zaman-zaman Azərbaycan dili "türki", "türk dili", "Azərbaycan türkcəsi", "tatar dili", "Qafqaz tatarlarının dili" kimi adlandırılıb.

1929-1939-cu illərdə latın qrafikalı əlifbamız olub. Sonra bu kiril əlifbası ilə əvəz edilib. 1991-ci ildən Azərbaycan yenidən latın qrafikalı əlifbaya keçib.

Ana dilinin müasir anlamda dövlət dili kimi işlənməsini vacib edən ilk qəti rəsmi sənəd Azərbaycan Xalq Cumhuriyyətinin 1918-ci il iyunun 27-də Azərbaycan dilinin dövlət dili elan edilməsilə bağlıdır. Qeyd edək ki, o vaxt dilimiz "Türk dili" adlanırdı. AXC 1918-ci il avqustun 28-də ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar qəbul edib.

Müasir Azərbaycan dövlətinin memarı Ümummilli liderimiz Heydər Əliyev dilimizə, mədəniyyətimizə həmişə xüsusi qayğı göstərib. Onun 2001-ci ildə dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi naminə verdiyi Fərman da bu qayğının nümunəsidir. 2004-cü ildə Naxçıvan şəhərində dilimizin şərəfinə "Ana dili" adlı abidə ucaldılıb. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı da, dövlətimizin, onun ali rəhbərliyinin Ana dilimizə olan həssas, qayğıkeş münasibətini əks etdirir.

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımız prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin düşünülmüş siyasəti və güclü ordumuzun sayəsində işğalçılardan azad edildi. Bu, böyük bir Zəfərdir! Doğma Ana dilində ölkə rəhbərimizin söylədiyi "Yaşasın Azərbaycan!", "Qarabağ Azərbaycandır!" kimi unudulmaz şüarlar bütün dünyaya səs saldı. Öz haqqı uğrunda savaşıb Zəfər qazanmış bir millət kimi dünya bizi öz dilimiz və əməlimizlə daha yaxşı tanıdı...

Şükürlər olsun ki, bu gün Vətənimizin əsas atributları olan üçrəngli Bayrağımız, səkkizguşəli Gerbimiz, qəlb oxşayan Himnimiz və özümüzə məxsus gözəl, rəvan dilimiz var.

Bayramımız mübarək!

 

Ana Dilim - bal kimi,

Danışmaqdan doymuram.

Mən onu neçə dilin

İçində qoruyuram.

 

Anamın laylasıyla

Mən boy atıb böyüdüm.

Onun şirin diliylə

Fərəhlənib öyündüm.

 

Çoxlu nağıl söyləyib

Nənəm bu dildə mənə.

Əlifbanı öyrəndim

Mən sevinə-sevinə.

 

Çox sevirəm yurdumun

Bayrağını, Himnini,

Mən sevirəm anamı,

Həm də, ana dilimi!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə Poetik qiraət rubrikasında yeni imza təqdim edir: Şəfa Vəli. 

Onun bu şeirini çox bəyənəcəyinizə əminik. 

 

 

Günlərlə kompüterindən uzaq qalan mən və zehnimdə yığılıb qalan səslərin sözə çevrilməyə can atması...

 

*

Zehnimdə sərçələr yuva qurub, gəl, 

Bir ovuc vüsal səp, mən də sevinim...

Bilirəm, bombozdu, yumrudu əcəl,

O gedir... 

Gedirəm...

... Belə sevirəm...

 

Gözümdə səhra var, bulud olub gəl,

Bir əlçim kölgə sal yanağım üstə..

Hissləri süzmüsən, qupquru qalıb

Kədərim ömrümün yamağı üstə... 

 

Hər həkim yamaqçı, hər dərman yamaq-

Keyidən, yatıran, iştah gətirən...

Min ildi dilimdə adın umacaq,

Min ildi ürəyim sevda ötürən...

 

... Getdiyin uzaqlar elə tanışdı,

Xəylalım min dəfə dolanar-gəzər...

Sərçələr zehnimdə yuva qurmuşdu...

Bir şeir üfürdüm, uçub getdilər... 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Rəsm qalereyası: Karl Lüdviq Fridrix Bakker, “Səhər salamı” (1870)

Günün fotosu: PUA “Moskva- Siti” kompleksində partlayıb

 

Foto: Euronews

 

Rusiya səmalarında yenidən PUA-lar meydan oxuyublar. Onlardan ikisini RF Müdafiə Nazirliyi Narofominsk və Odintsovo səmalarında zərərsizləşdirsə də biri Moskvaya soxularaq “Moskva-Siti” kompleksi qülləsinə - 21-ci mərtəbəyə çırpılmışdır.

Ruslar məsiliyyəti Ukraynanın üzərinə atmışlar. 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Çərşənbə, 02 Avqust 2023 16:30

Yusif Nəğməkardan aforizmlər

“Ədəbiyyat və incəsənət” portalı Yusif Nəğməkarın aforizmlərini təqdim edir. Öncə isə şair özü öz aforizmlərinə şərh verir. 

 

 

Bəribaşdan mövzuya aydınlıq gətirim ki, bu fikirlər , konkret bir, üç, beş adama ünvanlanmayıb.

Əslində, mən söylədiyim bu ibrətli fikirləri, inanın ki, hər kəsdən çox, özümə də deyirəm...

İnsan mənəviyyatını ayaqda saxlamağa xidmət edən ayrı-ayrı hikmətli kəlamlar bəzən bir romanın təsirində ola bilir...

Etiraf edim ki, əksər qələm dostlarım şeirlərimlə yanaşı, bu qəbildən olan yazılarımın da sorağında olduqlarını bildirirlər...

Nə deyirəm ki?! Olsun.

Varını verən utanmaz...

 

*Yanı yamanların durma yanında,

Çünki yalmananı çoxdur onun da...

 

*Hərcayı məclisdə oturma başda,

Min tənə görərsən hər gözdə, qaşda...

 

*Hər kim ki, hayqırır: - "Yaxşı edirəm!",

Bil ki, onu sarmış pis etdiyi qəm...

 

*Niyyəti sağlamsa, xoşdur qonaqlıq,

Deyilsə, kələkdir -- sonu qınaqlıq...

 

*Dost ki bir düzünü min səhvə yozur,

O, səndən kənarda axtarır hüzur...

 

*Təmənna duyduğun yığnaqdan çəkin,

Çəkin, çıxılmasın cəmindən çəkin...

 

*Badəni badəyə hər vuranda sən,

Əyyaş vücudlardan səs gələr:--"əhsən!.."

 

*Qadını əlçatanlıq əldən aşağı salar,

Yalnız o, əlçatmazlıq xislətilə ucalar...

 

*İnciklik anlamazlıq olan yerdə baş verər,

Ancaq qəlbən sevənlər qəlp "qəlpə"yə boş verər...

 

“Ədəbiyyat və incəsənət”

(02.09.2023)

Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir. 

“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq. 

 

Üzüm çəyirdəyi yağı

 Əsl gözəllik vasitəsi!

Tərkibində bol-bol andioksidant toplanan, ürək-damar sisteminin qüsursuz fəaliyyətinə kömək edən, yaşlanma əleyhinə güclü təsir xüsisiyyətlərinə malik olan, qida əlavəsi və kosmetoloji vasitə kimi əvəzsiz sayılan üzüm çəyirdəyi yağını soyuq sıxım vasitəsilə sizlərə əlçatan etdik.

Təki sağlam və gözəl olasınız!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Çərşənbə, 02 Avqust 2023 15:00

Aman ayrılıq…

AYRILIQ ƏN ÇOX KİŞİLƏRƏ TƏSİR EDİR, YA QADINLARA?

 

Səbinə Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Mövzu ilə bağlı psixoloqlara müraciət etdim. Ayrılıq ən çox kişilərə təsir edir, ya qadınlara? Qadınlar bitən münasibətlərin ardından ancaq özlərinin kədərləndiyini hesab edirlər. Əslində isə…

 

Hər insan “son”da bir daha heç kimi belə sevməyəcəyəm, heç kimə belə vurulmayacağam kimi fikirləşir. Xüsusən qızlar şişmiş gözləri ilə əlində yaylıq onun nə etdiyini düşünməkdən başqa heç nə etmirlər. “Əminəm, bütün gün kefdədir… Allah bilir kimlərlə gəzir… Bəlkə də çoxdan birini sevir artıq… məni unudub…” Bunlar yeni ayrılan qadının düşündükləridir.

 

Əslində isə çox vaxt elə ilk və tez unudan qadınlar olur. Qadınların fikrinə görə, ayrılığa ancaq onlar pis olur, ancaq onlar yas tuturlar. Əksinə, kişilər də ayrılıqlardan təsirlənirlər. Üstəlik də tərk edən qadındırsa, onda əzabları daha artıq olur. Haminin ağlına gəlir: niyə? Beləliklə, sizə bunun səbəblərini təqdim edir:

ayriliq

 

1. Kişilər ayrılanda özlərini yalnız və müdafiəsiz hiss edirlər…

Hadisəyə qadın tərəfindən baxsaq, qadın hadisəni ən incə detalına kimi rəfiqəsinə danışır. Qadın kişinin ayrılıq hekayəsini kiminləsə bölüşməməyini qarşı tərəf üçün önəmi olmadığı ilə əlaqələndirir. Əslində isə kişilərin çətinliklərini qadınlar qədər danışmamalarının tək səbəbi həddindən artıq məyus olduqları və danışmağın onlar üçün daha da çətin olduğunu düşünməkləridir. Qadınlar dostları ilə danışdıqca özlərini tək hiss etmirlər və özlərini daha tez ovundura bilirlər, daha tez özlərinə gəlirlər. Sevgililəri isə… “Heç pis olmadım da… nə idi dözmüşəm bu vaxta kimi ona…” deyə danışıb güclü olduqlarını sübut etməyə çalışırlar. Lakin bu vəziyyət onları daha da çətin psixoloji vəziyyətə salır.

 

2. Kişilər özlərini də aldadırlar…

Kişilər əzab çəkdiklərini, dünən yanında olan sevgilisi üçün dəli kimi darıxdığını və onsuz qalmağın nə qədər çətin olduğunu bilsələr də, qəbul etmək istəmirlər. Özlərini ayrılıqdan təsirlənmədiklərinə inandırmağa çalışırlar. Bunu büruzə verməsələr də bu dərd onların içdən yeyib məhv edir və əzabları artır gün-gündən azalmaq yerinə…

 

3. Qadınlar bir müddət sonra başqası üçün qollarını açırlar…Artıq yas bitib. Çəkilməsi lazım olan ayrılıq yası başa çatıb… Qadın bir müddət sonra onun geri dönməyini gözləyir. Əgər dönmürsə, artıq yeni bir həyata başlamaq vaxtıdır – deyə düşünür. Çünki sevilmək və arzu edilmək onların yaralı qəlblərini sağaltmaq üçün kifayət edir. Hətta daha da irəli gedir, keçmişin üstündən elə qalın xətt çəkir ki, heç keçmişi get-gedə yada salmırlar belə. Nə qədər böyük sevgi yaşamış olsalar da…Ancaq kişilər bu ayrılığı aydınlaşdırmadıqca yeni duyğularının tamamilə külə dönməyini görmədikcə, yeni münasibətlərə başlamağı düşünmürlər də. Hətta bütün bunları artıq geridə qoyduqlarını düşünsələr də, yeni sevgililərini hər zaman əvvəlki ilə müqayisə etməyə başlayırlar. Bu da yenə də keçmişi unutmaq ucun çox zaman lazım olduğunu sübut edir. Bu da xoşbəxt olmaq üçün uzun zaman tələb edən zəhmətdir.

 

4. Qadın ən çox “ayrılsaq nə olar?” kimi fikirləşir…

Hər qadın münasibətləri problemsiz davam etsə belə “birdən ayrılsaq…” sualını özlərinə çox vaxt verirlər… Beləliklə, ağlında olmasa da özünü bir ayrılığa hazırlayır. Lakin kişilər bu vəziyyəti ancaq bir problem olanda ağıllarına gətirdikləri üçün, ayrılığa hazır olmurlar və çox ciddi yaralar alırlar. Mənəvi sarsıntıdan ayılmaq düşündüyümüzdən də çətin olur…

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Çərşənbə, 02 Avqust 2023 14:00

Əbasət Rurhəsənlinin “Bəzəkli mankən”ı

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən bəyənilən şeirlərinin təqdimatı sırasında bu həftə Əbasət Purhəsənin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

Şair Əbasət Purhəsən bu gün “Bəzəkli mankən” deyəcək. 

 

BƏZƏKLİ MANKƏN

 

Bazar qabağında bəzəkli mankən,

Hər gələn əl atır donuna sənin.

Yaşamağın üçün açılmır donu,

Soyuq şəhrimizdə geydiyin donun.

 

Əllərin əlimdə, əlin əlimi,

Əlinin içində saxlaya bilmir,

Nə çəpik çalırlar qabağımızda?!

Nə üçün görənlər ağlayır, gülmür?

 

Mən səni sevdiyim qıza oxşatdım,

Ya şəhər ağılsız, ya da mən dəli!

Bir dəyqə özümü sevindirməyə,

Sənin də abrına toxundum, bəli.

 

Səndən ayrılıram, bilirəm ancaq,

Əynindəki donu götürəcaqlar.

Bilmirəm bəlkə də oğlan paltarın,

Geydirib əyninə, toy tutacaqlar.

 

Bəlkə də bazardan, bazara köçüb,

Gözdən düşəcəksən, gic qalacaqsan.

Bilmirəm, sabahın heç kimsə bilmir,

Bəlkə də sevdiyim qız olacaqsan!..

 

Ədəbiyyat və incəsənət”

(02.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.