ÖTƏN İLLƏRDƏ BU GÜN – Vaqif Aslanın ümidləri və ümidsizliyi

İntiqam Yaşar, “Ədəbiyyat və incəsənət”

 

 Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri- Vaqif Aslandan götürdüyüm müsahibənin üstündən keçən bu müddətdə qocaman yazarın ümidləri doğrulubmu? Bəs ümidsizlikləri necə? Adətən biz müsahibələri isti-isti oxuyuruq. Amma zaman keçdikdən sonra onlara yenidən göz yetirmək çox faydalıdır.

Vaqif Aslanın ümidləri və ümidsizliyi barədə suallara cavabı isə müsahibəni oxuduqca tapacaqsınız.

 

 

- Salam Vaqif müəllim, 2021-ci il necə keçdi sizin üçün? 2022-ci ildən gözləntilər?

 

-Salam, əziz İntiqam. Sizinlə həmsöhbət olmaq, mənə görə, gəncliklə ahıllığın polemikası kimidir.

2021-ci il mənim üçün sevinc ili oldu: ona görə ki, hələ 2020-ci ilin 8 noyabrından etibarən erməni işğalı altında olan torpaqlarımızın əksər hissəsi azad edilmişdi.

2021-ci il mənim üçün qürur ili oldu: ona görə ki, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə havası ilə 2021-ci ilə keçdim.

29-31 avqust 2021-ci il tarixdə Respublika Prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etdiyi “Vaqif Poeziya Günləri” çərçivəsində Şuşada oldum. Oraya “Zəfər Yolu” ilə getdim.

“Anam, mən şəhid oldum”, “Salam, Tanrıkut əsgər! Tanrıkut əsgər, salam”, “Azıx mağarası” (“Ruhlarla söhbət” poemasından) kimi şeirlərim “Ədalət” ( №11 (5843) 30 yanvar 2021.Səh.14) qəzetində, Şuşada “Vaqif Poeziya Günləri”ndən təəssüratlarım isə “Gediş”, “Ziyarətin qəbul olsun, Məhərrəm”, “Şuşada əsən külək”, “Əzizə xanım”,”! -Onlar kimlər idilər? - Ermənilər idilər” adlı şeirlərim nümunəsində “Ədəbiyyat qəzeti”ndə (Şənbə, № 36 (5322),11 sentyabr 2021-ci il. Səh.19), “Ədəbiyyat qəzeti”ndə çap edilən şeirlərim də daxil olmaq şərti ilə “Çağır, Fəxrəddin, çağır”, “Şəkili İlham” şeirlərim ”Şəki Bələdiyyəsi” qəzetində ( (№ 09 (204). Sentyabr 2021. Səh.8-9) çap edilmişdir.

 Sözügedən şeirlərim Bakı, “Nurlar” N/P Mərkəzində çox nəfis şəkildə nəşr edilən “Bütün yollar Şuşaya aparır” (Bax.Səh. 243-251) kitabına daxil edilmişdir. Xalq yazıçısı Elçin Əfəndiyevin “Ön söz”ü və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Şuşada M.P. Vaqifin türbəsi önündəki çıxışı ilə başlayan tarixi bir kitabda təmsil olunmaq qürurvericidir.

2021-ci ildə “Ədəbiyyat və zaman dilemması qarşısında” adlı kitabım ADPU Tədris-Metodiki Şurasının qərarı ilə dərs vəsaiti kimi nəşr edilmişdir.

2021-ci ildəki uğurlarımdan biri də budur ki, 1997-ci ildə işıq üzü görmüş “Ruhlarla söhbət” poemam özbəkcə və Anadolu türkcəsində çap edilmişdir. Poemamın özbəkcəsini ünlü şair Gülzirə xanım Şaripova, Anadolu türkcəsini isə istedadlı şair Yusif Aslan həyata keçirmişdir. Türkdilli dövlətlərin siyasətinə dəstək fondu tərəfindən sifarişi və tərcüməsi reallaşdırılan bu hadisə məni sevindirir və qürurlandırır.

21yanvar 2022-ci ildə moderator.az İnformasiya Agentliyinin verdiyi  xəbərə görə Təbrizdə “Xarı bülbüllər” adlı şeirlər toplusu ərəb əlifbası ilə  və 1000 tirajla çap olunmuşdur. Orada Güney və Quzey Azərbaycanın 110-na yaxın şairinin  Qarabağı vəsf edən şeirləri toplanmışdır. 604 səhifə həcmində olan bu topluda mənim şeirlərimə də yer verilmişdir. 

2022-ci ildən gözləntilərimə gəlincə, onu deyə bilərəm ki, vətənimizlə bağlı qürurverici hadisələr baş versin və bizi daha da şərəfləndirsin.

 

           -Vaqif müəllim, Şəkidən paytaxtın ədəbi mühiti necə görünür?

 

-Uzaqdan baxdıqca uca dağlar necə görünürsə, eləcə - parlaqlığı və qaranlıqları ilə.

Paytaxtda çox ünlü yazıçılar, şairlər, dramaturqlar, tənqidçilər, publisistlər və digərləri yaşayırlar. Paytaxt okean, onlar aysberqlər kimidirlər. Onlar ədəbi qaynarlıqlar içindədirlər. Əyalətdən baxanda paytaxt nəşriyyatlar, qəzet və jurnallar rəngarəngliyində bərq vuran ulduz kimi görünür: ədəbi ulduzları ilə səma təsiri bağışlayır. “Balıq dəryada böyüyər” məsəlinə “ və balina olar”  sözlərini də əlavə etmək istərdim.

Bu halda paytaxt ədəbi mühiti cilvəli və cazibəli, iclaslarda, təqdimatlarda, “İmza günləri”ndə, yaxın və uzaq ölkələrə ezamiyyətlərdə və səyahətlərdə olmaq əyalətdə yaşayan ədibə bəxtəvərlik kimi görünür...

 

Amma bütün bunlarla bərabər “ədəbiyyatın ən qısqanc qadından da qısqanc olduğunu” nəzərə alsaq, onda paytaxtın ədəbi mühiti ədəbi qısqanclıqlar, ədəbi ehtizazlar və ehtiraslar səhnəsidir qənaətinə gəlmiş olarıq. Onda  paytaxt ədəbi mühitinə yaxınlaşıb, özünü işə salmaq istəmirsən. Böhtandan və şərdən uzaq olmaq istəyi səni o mühitə yaxınlaşmağa qoymur.

 Bu halda isə paytaxt ədəbi mühiti qorxunc və qəddar görünür.  

 

- Haçansa düşünmüsünüzmü gərək Bakıda yaşayardım, daha qaynar ədəbi mühitdə yazıb yaradardım. Yoxsa elə Şəkidə yazıb-yaratmaq daha xoşdur Vaqif Aslana?

 

-“Gərək Bakıda yaşayardım, daha qaynar ədəbi mühitdə yazıb yaradardım” düşüncəsi ilə yaşadığım vaxtlarım da olmuşdur. Kömürçü ailəsində doğulmağım, atamın qabarlı əllərinin halal qazancı ilə boya-başa çatmağım həmişə məni ana torpağa daha da yaxınlaşdırmışdır.  Bir də ki:

Fərq etmir kim razı, kim narazıdır...

Necə var, elədir alın yazısı.

Ən incə yazıdan incə yazıdır...

Taleyin, iqbalın qalın yazısı.

                     *

Yarpaq yaşıldırsa, xəzəl sarıdır...

Yaşıllıq, sarılıq yarı-yarıdır.

Nə olsun toplayan, yığan arıdır...

Çiçəklə yazılıb balın yazısı.

                      *

Çaşanda günah yox, tale çaşdırır.

Təpədən qorxana dağlar aşdırır.

Qapqara olsa da, göz qamaşdırır

Al yanaq üstündə xalın yazısı.

                      *

Elə bilməyin ki, mən dərdə yadam...

Varmı bu dünyada dərdsiz bir adam?

Saniyə-saniyə yazılır, atam!

Əhvalın yazısı, halın yazısı.

                      *

Uyma, Cumayoğlu, məqama, yaşa!

Toxuma özünü qayaya, daşa!

Ayaqlara deyil, yazılıb başa

Papağın, örpəyin, şalın yazısı!

Ətə-qana dolduğum yerdə yazıb yaratmağı xoşbəxtlik sayıram. Axı, nəyim varsa, onu Yaradan mənə əmanət olaraq vermişdir.

 

- Şəkidə ədəbi mühit ürəyinizcədirmi? Çatışmayan, yaradıcı sferaya mənfi təsiri olan amillər varmı?

 

-Şəki qədim yerdir. Burada prototürkün anatomiyası və genetik yaddaş kodları qorunmaqdadır.  Şəkilinin  “gözünü yeyim” müraciəti ilə “öz başını özün yeyəsən” ifadəsi arasında bir insan tipindən digər insan tipinə keçidin izləri, min illər boyunca formalaşan düşüncə və təfəkkür tərzimizin  evolyasiyası vardır.

Bu günkü Şəki ədəbi mühitində paytaxt ədəbi mühitinin kiçildilmiş modelini görmək o qədər də çətin deyildir. Əlbəttə ki, Şəki ədəbi mühitində hamı Mirzə Fətəli, hamı Bəxtiyar Vahabzadə deyildir.  Bu yaxın illərdə dünyasını dəyişənlərdən Şahid Məmmədkərimovun, Mayis Səlimin, Rəsul İlməddinoğlunun, hal – hazırda yaşamaqda olanlardan Musa Həşimovun, Qoca Xalidin, Akif Elşirin, Yusif Şükürlünün və başqalarının yaradıcılığı diqqəti cəlb edir.

Şəki ədəbi mühitində də usta bir plagiatlıq, üstünə təbəssüm qatı çəkilmiş paxıllıq və sair əlamətlər mövcuddur. Bu da zəmanənin bir çox səbəblərdən maddi istiqamətlərə meylli olmasından, bəzi qurumlara yarınmaq  və barınmaq xislətindən irəli gəlir. Paytaxt mühiitində olduğu kimi əyalətlərdə də yaradıcı sferaya mənfi təsiri olan amillər vardır.  Az qala, hamının bir-birini tanıdığı Şəkidə mənfi təsirə malik olan amillər üstünə gün  düşən  qar kimi tez-tələsik əriyib gedir.

 

            - Ədəbiyyat aləmində dostlarınız çoxdurmu?

 

-“Dostum çoxdur” deməkdə çətinlik çəkirəm. Ona görə ki, dost çoxluğundan şikayət etmək günahdır. Bununla belə “Tanrım, məni dostlarımdan qoru, düşmənlərimlə özüm bacararam” məsəli də vardır.  Dostların hamısı eyni olmur. Onların beş günlüyü də olur, on beş günlüyü də...  Dostun ərköyünü isə lap qəribə olur.

 

Öydüm, yenə doymadılar dostlarım...

Söydüm, yenə doymadılar dostlarım.

Acığımdan kəndir aldım özümçün...

Qoymadılar, qoymadılar dostlarım.

                      *

Bəziləri çevrildilər, döndülər...

Yağı damıb qurtardıqca titrəyən

Çıraq kimi öləziyib söndülər.

Bəzi vaxtlar paltar kimi atılıb,

Bəzi vaxtlar geyildilər dostlarım.

Sürtüldülər, yeyildilər dostlarım.

Salam - kəlam yoxa çıxdı bir anda.

Sanki dostum deyildilər dostlarım.

                           *

Vaxtlı-vaxtsız vaxtımı da aldılar.

Çəkib məni vaxtsızlığa saldılar.

Qarışqatək daraşdılar canıma...

Ac qurd kimi susadılar qanıma...

Doymadılar, doymadılar dostlarım.

Gedib aldım darağacı özümçün...

Deyəcəkdim axır ki, son sözümü.

Öz əlimlə asacaqdım özümü.

                            *

Qoymadılar, qoymadılar dostlarım.

Ölüm nəydi, axır mənə onu da

Qıymadılar, qıymadılar dostlarım.

 

Ədəbiyyat aləminə gəldikdə    ümumi mənzərə, demək olar ki, dəyişmir. Burada məzmun gözəlliyi özünü göstərir: polemika, mühakimə, bədii mübadilə, ifadə tərzi , yanaşma üstünlük təşkil edir.

Ədəbiyyat aləmindəki  dostlarım sırasında   Şöhlət Avşar, Tehran Əlişanoğlu, Ramiz Əskər, Azər Turan, Xəyal, Rza, Vaqif Qurbanov, Vaqif Yusifli, Barat Vüsal, Ramiz Qusarçaylı, Sərvaz Hüseynoğlu, Yusif Savalan, Zabil Pərviz, Əkbər Qoşalı, İntiqam Yaşar,  Mahir Cavadlı, Fəxrəddin Əsəd, İsmayıl İmanzadə, Ənvər Əhməd, İnqilab İsaq, Xəzangül, Gülnarə Məmmədli, Əjdər Ol, rəhmətlik  Eldar Sibirel, Etibar Etibarlı, Qara Əhnədli və indicə adları dilimin ucunda olan neçələrinin xüsusi yeri vardır.

Cənubdan Şəhrək, Behnaz Xürrəm, Seyid Mahmud İbadi, Seyid Məhəmməd Çavuşian,  Səttar Təbrizi, Bəhruz İmani, ABŞ-dan Nasir Əlixani,  Türkiyədən Yusif Aslan, Əhməd Qaytançı,Hasan Kallimci, Asim Yekələr, Şevki Dinçal, Özbəkistandan Gülzirə Şaripova, Moskvadan Cəfər Sadiq və başqaları mənim ədəbiyyat aləmindəki  dostlarımdır.

 

          - Həm də universitetdə müəllimsiniz, tələbələrdə ədəbiyyata maraq necədir?

 

-Tələbə işıqlı sabah deməkdir. Mən gələcək dahiləri onların simasında görürəm. Bəli, gənclik həmişə istedadlıdır. Tələbələrimə həsr etdiyim şeirimdə aşağıdakı notlar vardır:

Dörd dəfə dünyanın qışından çıxıb,

Dörd dəfə birlikdə yaz yaşamışıq.

Bizləri hər dəfə vaxtsızlıq sıxıb,

Hər dəfə yazları az yaşamışıq.

                   *

Dayandım xitabət kürsüsündə mən,

Məni dinlədiniz partalarda siz.

İndi bildinizmi nə üçün, nədən

Siz mənim döyünən ürəyimsiniz.

                    *

Sizə Bilqamısdan söz açanda mən,

Yaman yaşayırdım haqqı, düzlüyü.

Nur kimi yağırdı gözlərinizdən

Öləri olanın ölümsüzlüyü.

                  *

Ey Bamsı Beyrəklər, Salur Qazanlar!

O – Burla xatundur, bu – Banu Çiçək.

Dastan söyləyənlər, yazı yazanlar

Söyləyiblər doğru, yazıblar gerçək.

                     *

Gördüm, baxışınız təzədir, tərdir,

Mən də yaddaşımın tozunu sildim.

Sandım ki, oğlanlar Füzulilərdir,

Qızlar da Şirindən şirindir, bildim.

                    *

Haçan söhbət açdım Yusif Vəzirdən,

Yaş olub yanaqda gilələndiniz.

Sanki qaldırdınız Cavidi yerdən,

Müşfiqlə birlikdə güllələndiniz.

                    *

Çox mətni oxuyub gözlərinizdən,

Sizə mühazirə söyləmişəm mən.

                    *

Sizin üzünüzdə yanan işıqlar,

Bu rənglər, naxışlar, bu yaraşıqlar

titrədib məni.

İçimdə oxunan dəli nəğməni

Şəhriyar diliylə demişəm sizə.

Bəxtiyar diliylə demişəm sizə.

                    *

Məmməd Araz deyib Arazlaşmışam,

Gəncləşib sizinlə tarazlaşmışam.

                     *

O qədər öymüşəm Dədə Qorqudu

Danışa-danışa Qanturalıdan.

Min dəfə demişəm yaşamaq budu !

Tutsan, sevgini tut, tutma xalıdan.

Gözümü yandırıb qəlbimin odu,

Misal gətirmişəm Aşıq Alıdan.

                     *

Demişəm boş şeydir əlli də, yüz də,

Yoxsa səadətin şöləsi üzdə.

                     *

Sizsiniz ən böyük dövlətim, varım,

Mənim əzizlərim, tələbələrim.

Siz mənim bugünkü fəxrim,vüqarım,

Siz mənim sabahkı qələbələrim.

                      *

Dörd dəfə dünyanın qışından çıxıb,

Dörd dəfə birlikdə yaz yaşamışıq.

Hər dəfə bizləri vaxtsızlıq sıxıb,

Hər dəfə yazları az yaşamışıq.

                 ***

Əgər söhbət tələbələrdə ədəbiyyata maraqdan gedirsə, burada təkcə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” fakültəsində təhsil alanlar deyil, digər ixtisaslara yiyələnmək istəyənlər də iştirak edirlər.  Bunu müxtəlif ixtisaslardan gələn ədiblərimizin simasında  daha da aydın görmək olar: N. Vəzirov, Ə. Haqverdiyev, Y.V. Çəmənzəminli, Məmməd Araz, Vaqif Cəbrayılzadə və başqaları...

 

- AYB-nin Şəki bölməsinin sədrisiniz, nə kimi işlər görürsünüz, nə kimi planlar var?

 

-AYB-nin Şəki bölməsi müstəqillik illərinin bəhrəsidir. Onun  fəaliyyət göstərə bilməsi üçün İ.Nakam adına Şəki şəhər Mərkəzi kitabxanasında yazarlara bir otaq verilmişdi. Təxminən on il bundan əvvəl Mərkəzi kitabxananın bərpa məsələsi ortaya çıxdı. Kitabxana bərpa ediləndən sonra isə biz otaqsız qaldıq. Bunun üstündən illər keçsə də, baş verən hadisə bütün əlaqədar instansiyalara məlum olsa da, nəticə olmadı ki, olmadı....

AYB Şəki bölməsi ictimai əsaslarladır. Hər bir rayonda bölmə yaradılana qədər şimal-qərb bölgəsi üzrə fəaliyyətdə olmuşdur. Yaradıcı insanları ədəbi dərnək vasitəsi ilə birləşdirmişdir. 2006-cı ildə müstəqillik  illərimizdə Şəki ədəbi mühitini  əks etdirən “Söz, söz, söz” adlı ilk almanaxı çap etdirmişdir. Bir çox ədibin ilk kitabı bu dövrdə işıq üzü görmüşdür.

Gələcək planlardan danışarkən onu deyə bilərəm ki, pərakəndəliyi aradan qaldırmaq zəruridir. Gələcəyə ümidlə baxıram. Yerləşməyimiz və səmərəli fəaliyyət göstərməyimiz üçün paytaxtın  bizə kömək əlini uzatması  vacibdir.

 

 - Ədəbi cameəni hansı ədəbi orqanlar vasitəsi ilə izləyirsiniz?

 

-Hansısa bir yerə yığışdıqda “Ədəbiyyat qəzeti”ndə, “Azərbaycan” jurnalında dərc edilən yazıların müzakirəsi bizi daha çox məşğul edir. “Ədalət” qəzetində gedən elmi,bədii və publisistik yazıları da bunlara əlavə edirəm. Yenicə işıq üzü görən bədii əsərlərə də  baxışlar bir üstəlik. Eyni zamanda yerli müəlliflərin əsərlərinə də diqqət yetiririk.

Şəkidə “Şəki”, “Şəki Bələdiyyəsi”, “Şəki region”, “Şəki təhsili” kimi qəzetlər çap edilir. Yerli yazarların yaradıcılığı “Şəki Bələdiyyəsi” və “Şəki region” qəzetlərində daha çox öz əksini tapır. Bu orqanlarda elmi-publisistik məqalələrə də geniş yer verilir.

 

- Paytaxt ədəbi qurumlarından gözləntiləriniz, bölgəyə nə kimi dəstəyi vacib hesab edirsiniz?

 

-Paytaxt ədəbi qurumları bölgələrə, bir çox hallarda, dinləyici auditoriyası kimi baxır. Mən çox istərdim ki, paytaxt ədəbi qurumları bölgəni ən yeni nəşrlərlə təmin etsin. AYB-nin bölmələri arasındakı əlaqələrin gücləndirilməsi üçün ilk növbədə müstəqillik illərində yaranan bölmələrə diqqət yetirsin. Müstəqillik illərində yaranan bölmələrin ictimai əsaslarla fəaliyyəti maddi-texniki imkanların olmaması üzündən bölgənin ədəbi inkişafı ilə uzlaşmır.  Paytaxt ədəbi qurumları məhz bu məsələdə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıb, həllinə dəstək verməlidir. Bu məsələ həll olunarsa,  bölmələrarası əlaqələr daha da genişlənər. 

 

           - Gənclərdən yaradıcılığını izlədiyiniz imzalar varmı?

 

-Hansı gəncin yaradıcılığında  plagiatlıqdan uzaq, məddahlıqdan kənar elementlər varsa, onlara xüsusi rəğbətim vardır. Onu da deyim ki,  əsərdə yüksək bədii səviyyə olduğu halda belə, ədəbi sürtüklük ikrah hissi doğurur. Şüarçılıq, hay-küyçülük əsəri gözdən salır. Məqsədli yazılan əsərlər də uzunömürlü olmur. Ədəbiyyat tarixində buna aid yüzlərlə nümunə göstərmək olar.

“Gənclərdən yaradıcılığını izlədiyiniz imzalar varmı” sualına cavab olaraq hazırki mərhələdə bizim milli qeyrət, ədəbi vicdan daşıyıcıları olan onlarla gənc yazıçı və şairimiz vardır. Mən onları həvəslə və qürur hissi ilə oxuyuram. Yaxından tanıdığım, yaradıcılığına bələd olduğum gənclərdən elə sizin özünüzün, Vasif Zöhraboğlunun, Tural Adışirinin, Zaur İlhamoğlunun və başqalarının uğurları məni çox sevindirir. 

 

P.S. Suallara cavab tapdınızmı?

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.