“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə şair Əlizadə Nuri “Sənə yağış dərirəm” şeiri ilə görüşür.
Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından.
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qüruram sənə,
Cəhənnəm əzabıyla...
Yüz il duran deyiləm,
Sizin elçi daşından.
Sənə üzük yonuram
Çiçəklərin qaşından...
Sənin üzünə baxıb,
Ayı da danmaq olar.
Səndən ömür düzəldib
Min il yaşamaq olar.
Gör harda tapdım səni-
Güllərin nəfəsində.
Bir nəğmə yazdım sənə
Axan çayın səsindən...
.. Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə,
Buludun budağından...
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)