“Ədəbiyyat və incəsənət”in Qiraət saatı rubrikasında bu gündən etibarən siyasi romanlar müəllifi kimi tanıdığınız Adəm İsmayıl Bakuvinin bu dəfə eşq romanı ilə tanış olacaqsınız.
“Eşq mələyi” sizi bir başqa dünyaya aparacaq. Orada haqq ilə nahaq, yalan ilə həqiqət, namus ilə əxlaqsızlıq mübarizə aparır. Bu sayaq mübarizələrdə ədalət qalib gəlirmi?
Bu sualın cavabını romanı bitirərkən biləcəksiniz.
Əziz oxucu. Bu real həyat hekayəsi səndə həm qəzəb, həm mərhəmət, həm sevgi və həm də nifrət hissləri oyadacaq. Ona görə də, çalış, əsas günahkarların kim olmasının fərqində olub günahsızlara bəraət verməyi bacarasan. Bu, sənin ən böyük ədalətin olar.
Hər gün bir qədər dirçəlməyən məhəbbət hər gün bir qədər ölürmüş.
Xəlil Cübran
1-ci hissə
Əlyazmanın təqdimi
Notariat kontorunda müdirin otağını əməliyyatçı qızların otağından iri şüşə arakəsmə ayırır. Süleyman səkkiz ildi ki, buranın müdiri idi, səkkiz ildi burada monoton iş icra edirdi. Hər səhər qızları yığıb (bu səkkiz ildə heyət, təbii ki, tam şəkildə bir neçə dəfə dəyişilmişdi) iclas keçirir, sonra qızlar öz iş yerlərinə adlayır, o da kabinetində oturub əvvəl qəzetlərə, indi saytlara baxır, katibəsinin gətirdiyi çaydan içir, telefonla dostlardan hal-əhval tutur, qızların gətirdiyi sənədləri imzalayır, təsdiqlədikləri sənəd yiyələrini qəbul edirdi. Axşam iş saatı bitir, piyada evə gedərkən Fəvvarələr meydanından keçir, insanlara göz qoyur, özlüyündə gözünü tutanları saf-çürük edirdi. Geyimlərini, özlərini aparmalarını detal-detal analiz edib vəzifələrini, hansı rayondan olmalarını, xasiyyətlərini, ailəli olub-olmamalarını, sosial vəziyyətlərini – bu sayaq şeyləri tapmağa çalışırdı. Sonra da evinə gedir, bu iş və küçə monotonluğu evdə də iş monotonluğu şəklində davam edirdi. Arvadı qabağına çay-çörək qoyur, hökmən hansısa ehtiyacı üçün ondan pul istəyir, qohum-əqrəbanın, tanış-bilişin hansısa xeyrini, yasını, xoşbəxtliyini, yaxud bədbəxtliyini müzakirəyə buraxırdı. O da ara-sıra “hm”, “belə de” kimi ibarələrlə arvadını yola verir, qızının dərsləri ilə maraqlanır, televizora baxır, sonra da yatırdı. Hərdən də bazar günləri kimsə qonaq gələr, yaxud kimgiləsə qonaq gedərdilər. Özlüyündə öz həyatına “gündüz axıra, axşam naxıra” adını qoymuşdu.
Bu gün də ilk baxışda hər şey adi idi. Katibəsi Zümrüd çay gətirmiş, konfet qabındakı konfetlərin azalması müqabilində qabın üstünü doldurmuşdu. Süleyman da çaydan qurtumlaya-qurtumlaya siyasi xəbərləri “Haqqın.az”, mədəniyyət xəbərlərini də “Ədəbiyyat və incəsənət” portallarından alıb keçmişdi komanda.az saytına, idman xəbərlərinə. Bu vaxt şüşənin o tərəfindən səs-küy gəldi, bir saqqallı gəncin içəri soxulmaq istədiyinin, katibəsinin də “Süleyman müəllim yalnız işlə bağlı kimisə qəbul edir” kəlmələrini söylədiyinin şahidi oldu. Və yenicə istəyirdi ki, durub qonşu otağa keçərək gənci ədəb-ərkana dəvət etsin, bir də gördü gənc özünü içəri atdı.
Gəncin bu özbaşınalığı və həyasızlığı onu özündən aldı, həmişə təmkinli görünsə də, bu dəfə təmkini pozuldu.
-- Ay insan, bu nə özbaşınalıqdır? Bu nə tərbiyəsizlikdir? Sənə içəri olmaz deyirlərsə, demək ki, olmaz da. Sən niyə öz meşə tərbiyəni zorla bura gətirirsən?
Gənc bu hücumdan duruxub qaldı, əlində tutduğu bir qom vərəqi qoltuğuna sıxıb asta səslə dedi:
--Mən sizin yerlinizəm, Bayat kəndindənəm.
Süleyman kəndlərinin adını eşidib azacıq yumsaldı, hətta kövrəldisə də, özünü o yerə qoymadı.
-- Mənim yerlimsən deyə gərək gəlib burda belə həngamə çıxarasan? Az qalırsan başımıza çıxasanee.
Sonra onun saqqalına irad tutdu:
-- Bu nə sir-sifətdi? Bir ülgüc almağa pulun yoxdu sənin?
Süleyman bu yaratdığı məsafəni daha bir müddət saxlamaq istədisə də, maraq ona güc gəldi və oğlanın əsil-nəcabətini soruşdu, “kimlərdənsən” sualı da oğlanı duruxmuş vəziyyətdən dərhal çıxartdı.
--Babaş kişinin oğluyam. Siz kənddən cavan vaxtı çıxmısız, bilirəm, Bakıya oxumağa gəlmisiz. Atam sizdən on yaş böyükdür, o, yəqin, xatirinizdə qalar. Amma anam Suğranı mütləq tanımalısınız. Ana tərəfimin sizinlə qohumluq əlaqələri var. Anamın anası Pərqu nənəylə sizin bibiniz dost-doğma xalauşaqlarıdır.
Süleyman ha fikirləşdisə, deyilən kəslər yadına düşmədi. Belədə oğlana dedi ki, yaxşı, sözünün Mustafasını de, nə üçün gəlmisən?
Oğlan özünü təqdim etdi:
--Mən Elgün Bayatam. Gənc yazıçı. Yeni bir roman yazmışam. Budur. --Qoltuğundakı vərəqləri masanın üstünə qoyub nitqinə davam etdi. --İstəyirəm siz bir həmyerlim kimi sponsorluq edəsiz, kitab çıxarım. Çünki başqa cür mümkün deyil.
Üst vərəqdəki “Fahişə” yazısını görəndə sanki Süleymanı ildırım vurdu, yerindən dik atıldı.
-- Bu nə tərbiyəsizlikdi? Bu nə sözdü bura yazmısan?
Gənc and-aman elədi ki, bu, romanın adıdır, bu sözün izharında da bir tərbiyəsizlik yoxdur. Dilin lüğət tərkibini təşkil edən, jarqon və vulqar sözlər terminologiyasına aid olmayan normal bir sözdür “fahişə”. O dedi, bu, qəbul etmədi, bu dedi, o, rədd etdi, xeyli söz güləşdirdilər.
Hər halda gəncin yalvarışlarının müqabilində “Mən bu adda kitaba bir manat da sərmayə qoymaram” hökmünü çıxaran Süleyman əvvəldən üç abzas oxuyası olandan sonra isə bir maraq duyub romanı evə aparıb tanış olacağına söz verdi.
Üstdən bükmələdi də ki, “Fahişə” sözü gözə soxulmasın, evdə həyat yoldaşı, qızı görməsin.
Evə gedəndə yenidən Fəvvarələr meydanında qız-qadınlara göz qoydu, qoltuğundakı kitab sanki cismini yandırırdı.
Gənc qızların şit, qıcıq gətirən davranışları onu fikirlərə qərq etdi. Yer üzündə gedən prosesləri düşündü, Azərbaycanı düşündü. Xalqların bir-birinə inteqrasiyası sonucda mental köklərdən ayrılmaya aparır, adət-ənənələrdən uzaqlaşdırır. Burada namus, ismət deyilən milli dəyərlər də zərbələrə tuş gəlir. Ölkədə fahişəliyin nə qədər çoxaldığını düşündü. Fahişəlik çoxaldıqca mənəvi aşınmanın nə qədər artdığını düşündü. Diqqət etdi, qaba və vulqar danışanları, dodaqları və sinələri silikonluları, damaqları siqaretliləri, dar retuzla, yaxud gödəkdən-gödək ətəklə vulqarcasına bədən əzalarını çöldə qoyanlarıdigər kütlədən seçdirdi, belələrinin nə qədər çox olmalarının fərqində oldu ilk dəfə. Son illər ölkənin rəsmi statistikası ailələrin dağılması statistikasının sürətlə artmasını ortaya qoyur. Ailələrin dağılmasının həm də bu mənəvi aşınma ilə bağlı olduğunu düşündü.
Evə gəlib çıxanda xeyli süst və halsız idi. İştahası da yox idi. Bir stəkan çay içib yatağa uzandı. Yuxusu ərşə çəkilmişdi. Həyat yoldaşı yuxuya dalanda gətirib yanına qoyduğu romanı əlinə aldı, “Fahişə” yazılı vərəqi suçlucasına hövlnak çevirib növbəti vərəqdən oxumağa başladı.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)