BİRİ İKİSİNDƏ – Şəfa Vəlinin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Şəfa Vəlinindir.


 

***

 

Sonra baxdım, pəncərəmə qar düşür,

Dam altında iki pişik bürüşür,

Armud ağacında "mak-mak" oynayan

Sərçəcik hamıdan betər üşüyür...

...mən demədim dərdimi təbiətə...

 

Sonra baxdım, qarda xatirə qalıb,

Üzülən də, sevinən də tapılıb...

Oxuduğum son xəbər məhz beləydi:

"asfalt üstə çılpaq körpə atılıb..."

...mən demədim dərdimi təbiətə...

 

Sonra baxdım, yollarda sürüşən çox,

Ürəkdən qovulan, gözdən düşən çox...

Getdilər... Getməyə yeri olanlar...

Qaldı dərdəcərlər... Dərddə bişən çox...

...mən demədim dərdimi təbiətə...

 

Sonra baxdım...

Sonraya saxladığım

Bütün “əlvida”lar ömür sandığım,

ağzının kilidi həyam, abırım...

... Əvvəldə ölmüşdü “bəxtdən” umduğum...

...məni dinləməyə üzü gəlmədi

Təbiət Ananın, Tanrı Atanın...

 

 

***

 

“Uç-uç baba” uçurmağa bir ümid,

Zəzzəquma üfürməyə nəfəs qalmadı...

Azaldı ölçülər,

Pozuldu qafiyələr:

“Tanrı” dediyimiz də unuda bilərmiş

Ən gözəl əsərini...

 

“Uç-uç baba” axtarmağa bir ümid,

Tulça turşusu qoymağa həvəs qalmadı...

...şeirlər duyulmadı,

Hekayələr oxunmadı:

“Tanrı” dediyimiz də ovuda bilirmiş

Əsərindən incimiş ürəyini...

 

Qışdı...

Yanvardı...

Gündü...

Bayaq çıxdım həyətə...

... “uç-uç baba” tapammadım...

Zəzzəqumanın qaralmış yarpağına

Bir ovuc qar yayxanıb...

Qara da qıyammadım...

... Bizik...

Etdiyimizdi...

Etmədiyimizdi...

Başından sonunadək qaçdığımız ömrün

günahkarı da, xilaskarı da

“Tanrı” dediyimizdi...

 

 

***

 

Şəkinin dumanı nazlanır axı,

Çəkir ürəyimi pişik  dalaşı,

Qonşuda söz qalıb: qapıarası,

Qızların göyçəyi piyada gəzmir,

Naza həsrət daşlar küçə həyası...

İndi necə edim, nə deyim ki mən,

Olmayım dumanda nazdan narazı?

 

Şüşədən rübəndlər dəbə düşəndən,

Gizlənir eyvanlar pərdə dalında...

...Yaman çəkinirəm qara pişikdən

Pusur hənirimi qapı dalında...

Nazın çəkmədiyim boz pişiklərin

“ah” qoxur küsəyən mırıltıları...

Şəkinin dumanı nazlanır axı...

 

Bir naz da mən atdım xatirələrə,

Bu gün də yadıma salmadım səni...

...Nə eyvan, nə də ki pişik deyiləm,

Qatım abrıma, aldadım səni...

Mənimki, uzağı, bircə tumardı,

Çəkəsən ruhuma, dönəm olam mum...

...bilirəm...

Bilirəm, gözəl axtaran,

Şəkidə eyvan da, qara pişik də,

Bu daşlı yollarda ölən ümid də,

Lap elə Şəkinin özü də məsum...

...Bir mən günahkaram...

Bir də ayrılıq...

Şəkinin dumanı nazlanır axı...

 

 

***

 

Ay qırmızı papaqlı,

Ay hamıdan küsən qız...

Əlləri umacaqlı,

Boy-buxunu süsən qız...

 

Yenə kimə inandın?

Aldadan tapıldımı?

“Dağ haqqı”ydımı andın,

Dağlarda haqq qaldımı?

 

Yazdığın “son mesaj”la

Hansı qarğış yol aldı?

Bir sərçə qayğısıyla

Keçmədiyin yol qaldı?

 

Ay qırmızı papaqlı,

Saçı daraqtanımaz...

Eşqi “başı qapazlı”,

Arzuları gülaçmaz...

 

Ömrün önündən çəkil,

Nə olacaq, olacaq...

İkimizdən bir şəkil,

Bir xatirə qalacaq...

 

Aç saçını, tök üzə,

Qocalmaqdan da qorxma...

Bir bayatı çək bizə,

Və də eşqdən oxuma...

 

 

***

 

“Tale” deyib çəpərlədin ömrümü,

Çıl-çırpını qıra-qıra gəlirəm...

Kül qalmayıb ocağımda tökməyə,

Başı daşa vura-vura gəlirəm...

“Ah”larımla uçurtduğum “evlər”i

Vicdanımla hörə-hörə gəlirəm;

Mən səninçün darıxıram, İlahi...

 

Əminsən, ömürdü mənə verdiyin?

Yaşamağı öyrətməyi unutdun...

İki gilə göz yaşıymış ümidim,

Adına əkdiyim gülü qurutdun...

Gedən-gedənədir xatirələrdən,

“Dost payı” dediyin çayı soyutdun;

O pay üçün darıxıram, İlahi...

 

Qaçqın düşdüm bələyimdə, bilirsən,

Beşiyimi yada verdin... Öz işin...

Bir noyabr sazağında buzladı,

Canım oldu qar havası-əl işin...

Ağrı-ağrı, sancı-sancı doğulan

Şeirim də, hekayəm də söz işin;

Susmağınçün darıxıram, İlahi...

Mən səninçün darıxıram, İlahi...

 

“Ədəbiyyat və incəsənət”

(30.11.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.