Super User
“O ah-naləli dərviş də mən idim…”
Matruşka JK imzası ilə yazılarını redaksiyaya təqdim edən müəllif adını gizli saxlamağa üstünlük verir. Sadəcə onu deyə bilərik ki, gənc xanımdır.
Uzaqlarda - dərinlərdə - qəlbimdə bir yer var. Və o yerin bir gecəsində ocaq başında birisi əyləşib musiqi ifa edirdi. O ifa sanki uzaqlardan qulağıma gəlib çatırdı. Mən yeyin addımlarla ocağa yaxınlaşırdım. Qalanan ocağın tüstüsü isə gözlərimə dolurdu. Gözlərimə dolan tüstü təkrar gözlərimdən çıxıb qarşımda musiqi ahəngiylə rəqs edən insana bənzər bir varlığa dönüşürdü. O qədər nurani, o qədər gözəl bir şeyə dönüşürdü ki, insan demək yalan olardı. O, bir mələkiydi yəgin. Başqa zaman olsaydı qorxardım. Elə bil, ovsunlanmışdım o an.
Gözlərimə baxaraq əlimi əlinin içinə qoydu. Əlimizi də qəlbimə qoydu. Gözlərini yumdu. Mən də gözlərimi yumdum. Birdən musiqi səsi uzaqlaşdı, sonra yenidən musiqi səsi çox yaxından gəldi. Gözümü açanda qaranlıq bir meşədə bir ocağın başında oturmuş bir dərvişin musiqi ifa etdiyini gördüm. Amma o qədər ah, nalə ilə ifa edirdi ki, qəlbinin kədəri gözlərindən, səsindən axıb tökülürdü.
Ona yaxınlaşdım. Kədərli gözlərindən axan yaşları qırışlanmış yanaqlarını isladırdı. Sakitcə əllərimlə yanağına axan gözyaşlarını sildim. Danışan gözləriylə dayandırdığı ifasına davam etdi.
Musiqi vasitəsi ilə sanki məndən kömək dilənirdi. Hər ah-naləli ifasında ürəyim bir az da parçalanırdı.
O da əlimi əlinin içinə qoydu. Əlimi də qəlbimə. Gözlərini yumdu. Gözlərimi yumdum. Bu zaman da səsdən uzaqlaşıb uzaqlara getdim. Gözlərimi açanda hiss ettim ki, o, nurani mələk də mən idim. O, ah-naləli dərviş də. İfa ettiyi musiqi isə ruhumun ifasıydı. Hiss ettim ki, nəinki, mən kainatdayam, kainat da məndədir.
Həyatda hər şey iç-içədir. İnsanda da..
M. C. Rumi demişkən: “Bir ben var benden içeri”
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)
Dövlət Film Fondunda 80 mindən çox film materialları qorunub saxlanılır - REPORTAJ
Dünyanın ən nüfuzlu kinorejissorlarından biri olan Luis Bunuel deyir ki, kino hissləri, arzuları və şüuraltını izah etmək üçün ən yaxşı vasitədir. Bu sahə dünya mədəniyyətində möhkəm dayaqlar yaradıb. Günümüzdə Azərbaycan incəsənətinin sürətlə inkişaf edən sahələrindən biri olan kinonun tarixi dünya kinosu ilə eyni anda yaranıb və keşməkeşli günlərdən keçərək mütərəqqi inkişaf yolu qət edib. Bu qiymətli incəsənət nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi üçün tarixən müxtəlif üsullardan istifadə edilib. Hazırda filmlər rəqəmsal cihazlarda saxlanılır, əvvəllər isə kinolentlərdən istifadə olunurdu. Ölkəmizdə istehsal olunan film kinolentlərinin nüsxələri Dövlət Film Fondunda qorunur.
2 Avqust - Azərbaycan Kinosu Günü ərəfəsində Bakı Dövlət Universitetinin AzərTAC-da təcrübə keçən tələbələri Dövlət Film Fondunda olublar.
Beş əsas fəaliyyət istiqaməti olan Fond
Dövlət Film Fondu Bakı şəhəri, Moskva prospekti 1D ünvanında yerləşir. Fondun həyətinə daxil olduqda sağ tərəfdə yerləşən kiçik və ortahəcmli çəkiliş kranlarını və kömürlə işləyən işıq qurğularını görürük. Muzeyin əməkdaşı bizi qarşılayır və birlikdə fondun binasına daxil oluruq. 2008-ci ildə Prezident İlham Əliyevin “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən inşa olunmuş zövq oxşayan binanın birinci mərtəbəsində yer alan guşədə Ümummilli Lider Heydər Əliyevin kino xadimləri ilə görüşlərini əks etdirən fotolar nümayiş olunur.
Keçmiş sovetlər dönəmində Azərbaycanda “Film Fondu” anlayışı olmayıb. Ona görə ki, həmin dövrdə çəkilən filmlər birbaşa olaraq Moskvaya təhvil verilirdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra belə bir təşkilatın yaranmasına ehtiyac duyulub. Məhz bu səbəbdən də 1994-cü ildə Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Film Fondu yaradılıb. Fondun 5 əsas fəaliyyət istiqaməti var; filmlərin bərpası və qorunması; milli və xarici kino sənətinin təbliği; arxiv material-faktlarının toplanması; elmi – tədqiqat və araşdırma işlərinin aparılması; beynəlxalq əlaqələr üzrə işlərin aparılması. Fondda 80 mindən çox saxlanma vahidi həcmində film materialları qorunub saxlanılır.
Binanın dəhliz divarlarında xronoloji ardıcıllıqla film çəkilişlərinin kadr arxası fotoları sərgilənir. Burada bir çox məşhur Azərbaycan filminə aid çəkilişləri görmək mümkündür. Şəkillərə baxdıqca bir anlıq keçmişə səyahət edirik. Bundan başqa “İşarəni dənizdən gözləyin”, “Uzaq sahillərdə”, “Qırmızı qatar” və digər ekran əsrlərində istifadə olunan gəmi, qatar və s. maketlər bizdə böyük maraq oyadır.
Bu otaqda 5 dəqiqədən artıq qalmaq insan sağlamlığı üçün təhlükəlidir
Fondun əməkdaşı bizi filmlərin saxlandığı otaqla tanış edir. Mavi, qırmızı və sarı rəngli lentlərin saxlandığı otaqda temperatur aşağı, hava isə rütubətsiz idi. Öyrəndik ki, mavi rəng pozitiv, qırmızı neqativ yüklü lenti, sarı isə səs yazısı olduğunu bildirir. Lentlərə ziyan dəyməməsi üçün müxtəlif prosedurlar aparılır. Bu otaqda 5 dəqiqədən artıq qalmaq insan sağlamlığı üçün təhlükəlidir.
Daha sonra fondda fəaliyyət göstərən muzeydə oluruq. Azərbaycanda kino muzeyi ilk dəfə “Azərbaycanfilm” kinostudiyasının nəzdində 1970-ci illərdə yaradılıb. Təəssüflər olsun ki, 90-cı illərdə həmin muzeyin fəaliyyəti dayandırılıb. Bu səbəbdən də eksponatlar təhlükə altında qalıb. 1996-cı ildə kino muzeyi Film Fondunun tərkibində bərpa olunub. Ötən müddətdə fərqli məkanlara səpələnən və kino xadimlərimiz, onların ailələri tərəfindən qorunub, saxlanılan eksponatlar yenidən muzeyə təhvil verilib.
Üzərində saat olan zərif üzüyə baxmamaq mümkünsüzdür
Bir otaqlı kiçik muzey özlüyündə böyük tarix yaşadır. Bir zamanlar televizor ekranlarında baxdığımız filmlərdə istifadə olunan əşyaları indi canlı olaraq görürdük. "Sehrli xalat" filmindəki sehrli xalat, "Qatır Məmməd" filmindəki Qatır Məmmədin obrazı üçün istifadə edilən əşyalar da bu Fonddadır. Burada qorunan ən qədim eksponat 1910-cu ilə aid Fransa istehsalı olan kameradır. Demək olar ki, Azərbaycanın bütün səssiz filmləri bu kameranın önündə çəkilib. Dövlət Film Fondunda qorunan ən qədim afişa isə 1934-cü ilə aid olan rejissor Mikayıl Mikayılovun “İsmət” filminin afişasıdır.
Burada Azərbaycanın bir çox tanınmış kino xadimlərinin şəxsi əşyalarını görmək mümkündür. Şərqin ilk qadın kinorejissoru Qəmər Salamzadənin əşyaları nümayiş olunan stenddə üzərində saat olan zərif üzüyə baxmamaq mümkünsüzdür. İlk dəfə idi ki, belə bir üzük görürdük.
Muzeydə saxlanılan tələbə bileti
Azərbaycanın korifey sənətkarı Adil İsgəndərov aktyorlar üçün zamanında teatr studiyası açıb. Bizim bir sıra məşhur filmlərdə rol almış aktyorlarımız yenidən orada tədris prosesində iştirak ediblər. Onlar həm öyrənib, həm də öyrədiblər. Həmin studiyaya aid xüsusi tələbə bileti olub və bu tələbə bileti də dəyərli eksponat kimi muzeydə saxlanılır.
Vaxtı ilə “Azərbaycanfilm”də çəkilişlər zamanı fotosınaqlarda istifadə olunan fotoaparat da eksponatlar sırasındadır. Bu fotoaparat fotoqraf Pərviz Quliyevin arxivindəndir. Demək olar ki, bütün məşhur aktyorlarımız bu kameranın önündə fotolarını çəkdiriblər.
Cinlərin əlində tutduğu dəyənək
1997-ci ildə çəkilmiş “Qərib cinlər diyarında” filmində cinlərin əlində tutduğu dəyənəklərdən biri də Fondda saxlanılır. Həmin filmdə ikinci operator vəzifəsində işləyən kinooperator Ələkbər Muradov dəyənəklərdən birini götürüb özündə saxlayıb və daha sonra Fonda təhvil verilib. İllər keçdikcə keyfiyyətini itirən dəyənək Fond tərəfindən bərpa olunub.
“Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimin əsgərlərə sabun payladığı çamadanı yəqin ki, filmi izləyən hər kəs görüb. Bax, həmin çamadan da burada qorunub, saxlanılır.
Eksponatları izləyərkən gözümüz bir diploma sataşdı. Öyrənirik ki, bu diplom 30 yaşında film çəkilişləri zamanı faciəvi şəkildə həlak olan gənc rejissor Ramiz Əsgərovun “Yaşamaq gözəldir, qardaşım” adlı filminə aiddir.
Fondun beynəlxalq əlaqələri
Dövlət Film Fondu işini günün tələblərinə uyğun qurmaqla yanaşı, həm də beynəlxalq əlaqələrin inkişafına da xüsusi diqqət ayırır. Belə ki, Fond 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq Kino Arxivləri Federasiyasının (FİAF) tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərir. Bunun üçün Fond Federasiyanın Brüssel şəhərində yerləşən qərargahı ilə müntəzəm olaraq əlaqə saxlayır, onlardan müxtəlif adda kino ədəbiyyatları, dünya kinosunda arxiv işinin təşkili və bu sahənin inkişafındakı yeniliklər haqqında informasiyalar alır.
Burada olarkən onu da öyrəndik ki, Fondda 11100 adda Azərbaycan və dünya kino əsərlərinin orijinalları və nüsxələri saxlanılır. Həmçinin Fondda kino tarixi ilə bağlı 12 mindən çox foto, dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri qorunur.
Azərbaycan kinosunun 125 illiyinin, “Azərbaycanfilm” kinostudiyasının isə 100 illiyinin qeyd olunduğu bu günlərdə Fondla tanışlıq bizə kino tariximizlə bağlı çox şeyləri yenidən xatırlatdı. Bir daha əmin olduq ki, bu gün ölkəmizin təxminən bir əsrə yaxın film ehtiyatlarını saxlamaq qabiliyyətinə malik Dövlət Film Fondunda geniş miqyasda görülən mühüm və əhəmiyyətli işlər milli kino sənətimizin dəyərli incilərinin – müxtəlif illərdə çəkilmiş filmlərin daha mükəmməl və etibarlı qorunmasına imkan yaradır.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)
“Hədis” filmi Asiyanın nüfuzlu festival müsabiqəsində
Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin maliyyə və ideya dəstəyi ilə “Animafilm Studio” studiyası tərəfindən istehsal edilən “Hədis” qısametrajlı animasiya filmi Cənubi Koreyanın 25-ci Bucheon Beynəlxalq Animasiya Festivalının əsas müsabiqə proqramına daxil edilib.
AzərTAC xəbər verir ki, festival 20-24 oktyabr tarixlərində Bucheon şəhərində keçiriləcək.
Ekran əsəri 101 ölkə üzrə 3015 film arasından seçilib. Qısametrajlı kateqoriyada yarışa cəmi 84 film layiq görülüb.
“Hədis” qısametrajlı animasiya filmi haqq-ədalət uğrunda mübarizə aparan gənc qızdan bəhs edir və 2022-ci ilin sentyabrın 21-də İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş 22 yaşlı Azərbaycan türkü Hədis Nəcəfiyə həsr olunub, İranda gender, etnik və mədəni ayrı-seçkiliklə mübarizə aparanlara ithaf olunub.
Bundan öncə ekran əsərinin beynəlxalq premyerası dünyanın ən böyük animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təşkil olunub.
Qeyd edək ki, filmin rejissoru Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri İsmayıl İman və N.Ağamalıyevadır. Ekran əsərinin partiturasında Azərbaycanın məşhur ifaçısı Sevda Ələkbərzadənin musiqisi səslənir.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Tarixə rakurs etsək görərik ki, Sovet dövründə yaranmış əngəllərə baxmayaraq, sarsılmaz təməlləri olan Azərbaycan dili mövcudluğunu qoruya bilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində müstəqil Dilçilik İnstitutunun yaradılması dilçiliyimizin bir elm kimi inkişafına ciddi təkan verib. Sonrakı illərdə Azərbaycan dilinin mövcud təhlükələrdən qorunması və gələcək nəsillər üçün mühafizə edilməsi istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusi qeyd etmək lazımdır. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Müasir müstəqil Azərbaycan Respublikasında dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə nəzər salır. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. 2003-cü il yanvarın 2-də isə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Xatırladaq ki, həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.
Bəli, nə danaq, rus dili gündəmimizdə hələ də hegemonluq etməkdədir.
İndi dünya dəyişir, sisyasi baxışlar da həmçinin. Rusiyanın əvvəlki statusu da tezliklə tarixə gömüləcək. Və onda rusca danışmaq dəbu də tam yox olacaq.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)
“Atatürk” serialı oktyabrda ekranlara gəlir
Aras Bulut İynemlinin baş rol aldığl "Atatürk" serialının aqibəti bəlli olub.
“Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, 6 bölümdən ibarət olan layihə film kimi "Disney plus"da yayımlanacaq.
Film oktyabrın 3-də kinoteatrlarda və yalnız Türkiyədə nümayişə buraxılacaq.
Qeyd edək ki, ekran işinin daha əvvəl də film kimi təqdim olunması planlaşdırılırsa da, onun serial kimi ərsəyə gəlməsinə qərar verilmişdi.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə qərara alıram:
1. Hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunsun:
26 avqust – Laçın şəhəri günü
4 oktyabr – Cəbrayıl şəhəri günü
17 oktyabr – Füzuli şəhəri günü
20 oktyabr – Zəngilan şəhəri günü
25 oktyabr – Qubadlı şəhəri günü
8 noyabr – Şuşa şəhəri günü
20 noyabr – Ağdam şəhəri günü
25 noyabr – Kəlbəcər şəhəri günü.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 iyul 2023-cü il
Bir il öncə: Yazıçılarımız nə oxuyur, nə dinləyir və nəyə tamaşa edirlər?
İsti yay günlərinin, adətən, mədəniyyət menyüsü fərqli olur. Çox maraqlıdır, yazarlarımız hazırda hansı musiqiləri dinləyir, hansı filmlərə baxır, hansı kitabları oxuyurlar?
“Ədəbiyyat və incəsənət” portalının ekspress-sorğu rubrikasında Ümid Nəccari ötən il bu gün bu suala cavab axtarıb.
Aqşin Yenisən:
Hazırda Daron Acemoğlu və Ceyms A. Robinsonun birgə yazdıqları "Millətlərin çöküşü" və Engelqardtın "Tərəqqi - qəddarlığın təkamülü kimi" kitablarını oxuyuram.
Rüstəm Behrudi:
Son aylarda 2 ağır əməliyyat keçirmişəm. Buna baxmayaraq, dostlarımla 2 yeni kitabımı çapa hazırlayıram. Kitabları dostlarım Tural Turan və Emil Rasimoğlu tərtib edib, "Məzarlıqda bitən yovşan" kitabının tərtibçisi və redaktoru Emil bəy, ön sözün müəllifi Tural Turandır. Buradan onlara təşəkkürümü bildirirəm!
İndi oxuduğum kitabsa Donald Valşın "Tanrı ilə söhbət" kitabıdır. Motsarta bütün fəsillərdə qulaq asıram.
Şərif Ağayar:
Həsən Quliyevin "Arxetip azərbaycanlılar" kitabını oxuyuram. Əla kitabdır və bir ilkdir. Bizi bu yöndən araşdıran olmayıb. Hərçənd, çox vacib məsələdir. Bütün ağlı başında olan soydaşlarıma məsləhət görürəm. Bir gün bizdən nəsə çıxsa orda bu kitabın rolu mütləq olacaq. Baxmaq isə... Bu günlərdə Cem Yılmazın Netflixdəki "Erşan Koneri" layihəsinə baxdım, bir daha əmin oldum ki, bu adama film çəkməyi qadağan eləmək lazımdır. Çox avantüristdir. Düzdür, baxdıqca əylənirsən, amma belə sənət olmur. Yaxşı ki, Ezgi Mola və Zafer Algöz vardı, yoxsa davam edə bilməyəcəkdim. Çağlar Çorumlu da yaxşı performans göstərir. Başqa audio kitablar və ədəbi verilişlər dinləyirəm. Gündəlik kompüterdə işləyirəm deyə, film izləməyi bir müddət dayandırmışam. Amma davam edəcəyəm. Kinosuz olmaz. Cem Yılmazın ümidinə qalmaq dəhşətlidir.
Qismət Rüstəmov:
Bu aralar Alice Mertonun mahnılarına ilişmişəm. Bundan əlavə, artıq yarım ildir ki, günün çox hissəsini audio kitab dinləyirəm, daha çox skandinav detektivlərini. Kitab kimi almadığım, almayacağım populyar ədəbiyyatın audio versiyasını dinləmək həm rahatdır, həm də trendləri, meyilləri anlamaq üçün yaxşıdır.
Filmlərlə bağlı uzun bir siyahı yazmaq olar. Birini seçək. Son vaxtlar baxdıqlarım içində yadımda qalan Culiya Dükornaunun Kannda qalib gələn provakativ "Titan" filmidir. Film hədsiz estetizə edilmiş avtomobil mühərrikinin, motorun təsviri ilə başlayır. Bu proloq artıq texnika-insan münasibətləri ilə bağlı hazırlıqdır. Sonra yolda bir maşın gedir, balaca qızcığaz arxa oturacaqdan atasını-sürücünü-tanrını təpikləyir ki, kəmərini tax və qəza... Bu qəzada balaca qızın başında titan parçası qalır, ondan sonra o, avtomobilləri sevməyə başlayır. Yetkinlik yaşında sözün bütün mənalarında maşınların dünyasına daxil olur, kadillakların dünyasında seksual şou göstərir. İki döşünün arasında Bukovskinin “Love a dog from hell” (Sevgi cəhənnnəmdən gəlmə bir köpəkdir) kitabının adını tatu etdirən bu qız Dükornaunun provakativ, şərti dünyasında bir avtomobildən hamilə qalır, cinayətlər törədir, kimliyini dəyişdirmək üçün özünü oğlan kimi təqdim edir. Kimliyin statik yox, dəyişkən, performativ olduğuna vurğu edən rejissor, şübhəsiz ki, çağdaş dünyanın feminist və post-humanist nəzəriyyətlərindən bəhrələnir. Filmin əsas personajı olan qız oğlan kimi kobud görünmək üçün özünü döyür, burnunu sındırır. Dükornau həmişə qadın kişinin yarımçıq formasıdır deyən ənənəvi görüşü tərsinə çevirir: kişi qadının burnu sındırılmış, qadınlıqdan mühacirət etmiş forması ola bilərmi? Bu sərt film başdan-ayağacan bu cür provakativ suallar qoyur.
Son vaxtlar Xavier Serkas, Valeriya Luiselli və Dog Solstadın kitablarını oxudum. Hər üçünü bəyəndim, xüsusilə Valeriya Luisellinin “İtmiş uşaqlar arxivi” romanını. İndi isə sırada İşiquronun külliyatı var...
Ulucay Akif:
Hazırda işimin başındayam və böyük iştahla məzuniyyəti gözləyirəm. Sonuncu oxuduğum kitab Lyosanın "Yaramaz qızın sərgüzəştləri" oldu. Təxminən 2-3 həftə əvvəl oxumuşam. Çox əla roman idi. Yeniyetməlik dövrümü, o illərdə yaşadığım sevgiləri yadıma saldı. İndi çox yorğunam, heç nə oxuya bilmirəm, heç film də izləmək olmur. Onsuz da mənim işim elə oxumaqla bağlıdır, amma redaktor kimi oxumaqla oxucu kimi oxumaq arasında çox böyük fərq var. Ən əsası, oxucu kimi oxuyanda daha çox zövq ala bilirsən, yorulmursan. Yaxşıca istirahətə ehtiyacım var. 3-4 gün sonra məzuniyyətim başlayır, çantamı belimə vurub rayonlarımızı gəzmək istəyirəm. Mümkün olduğu qədər telefon və sosial şəbəkələrdən uzaq durmağa çalışacağam. Məzuniyyət planlarım arasında kitab oxumaq, film izləmək yoxdur. Yatmaq, gəzmək, axşam pivə içə-içə futbola baxmaq istəyirəm.
İstirahət üçün xaricə getməyimizə böyük əngəl olan AZAL-a da atəşli salamlarımı çatdırıram.
Mahir Mehdi:
Son vaxtlar daha çox Sevda Ələkbərzadəni dinləyirəm, bir də sözsüz musiqiləri... Axırıncı Pyer Pazolinin bir neçə filminə baxmışam, Zamyatinin "Biz" romanını və yerli müəlliflərin hekayələrini oxumuşam... Məndə mədəniyyət menyüsü fərqli deyil, burda yay da, qış da eynidir.
Samirə Əşrəf:
Açığı elə çox musiqiyə qulaq asan biri deyiləm. Qarşıma hansı musiqi çıxsa, dinləyirəm. Amma bu yay Köfn qrupunu kəşf etdim. Yaxşı musiqilər düzüb, qoşurlar. Arada müğənni Dilarə Kazımovanın mahnıları qarşıma çıxır. Qulaq asıram. Fərqli səs və üslubu var.
Filmlərə çox baxa bilmirəm. Daha çox sənət filmləri izləyirəm. Çünki vaxt azdı, xüsusi siyahım var ki, imkan düşdükcə, o siyahıdan seçib baxıram. Ümumiyyətlə, təsadüfi filmə baxdığımı xatırlamıram. İndi İran, italiyan və ispan filmləri cəlb edir. Onlara imkan olsa, baxacam.
Bu yaxınlarda gürcü ədəbiyyatının nümayındəsi, müasirimiz olan Şota İataşvilinin ”Həvəskar” romanını bitirdim. Xoşuma gəldi. İndi Pamukun “Masumiyyət muzesi”nə başlamışam. Pamuku oxumaq zərrəbin tələb edir. Amma buna dəyər.
Emil Rasimoğlu:
Öncə onu deyim ki, mənim üçün zaman məfhumu sadəcə insan münasibətlərində öz aktuallığını saxlayır. Fəsillərə gəldikdə isə yaradıcılıq prosesində fəsillərin birinin digərindən fərqlənmə məsələsi mənə yaddır. Çünki yer üzündə hər nə varsa enerjidir, eləcə də fəsillər. Bütün fəsillərin ötürdüyü bir enerji var. Sadəcə həmin enerjinin ötürüldüyü ünvanı doğru tapmaq lazımdır. Mən dörd fəsilin dördündə də həyat tərzi kağız, qələm, şeir, sənət, Tanrı adamam. Hal-hazırda da mütəmadi olaraq mütaliə edir, yaradıcılıqla məşğul oluram. Ən çox xarici kitablardan, mətbuatdan tərcümələr oxuyuram. Buraya tək ədəbiyyatı əks etdirən kitablar deyil, fəlsəfi, psixoloji mətnlər də daxildir. Eyni zamanda hazırkı yerli ədəbi prosesi də diqqətlə izləyir, çoxların içindən azsaylı əsərləri, nümunələri oxuyuram.
Bilirsiniz, mütaliədə də gərək fərdilik xüsusiyyətini qoruyasan, kütləviləşməyəsən. Musiqiyə gəldikdə isə elə hal-hazırda sorğunuza Bethoveni dinləyə-dinləyə cavab verirəm. Ən çox xarici filmlərə baxır, musiqilər dinləyirəm.
Nemət Mətin:
Bu istidə kondisionerin köləsinə çevrilməyi düzgün bilmədiyim üçün kitab oxuya bilmirəm. Arabir qısa hekayələr, 60-80 səhifəlik kitablara göz gəzdirirəm. Sərinlik gətirən musiqilər var. Onları dinləyirəm- “Tufan var”, “Bakı gecələri”, “Ay sonatası” və s.
Filmə gəldikdə, həssas zövqümə güvənərək nadir filmlərə baxıram. Hansılar ki, şişirdilmiş film siyahılarında yoxdur.
Maha (Cavidan):
İyul ayının istisi məcbur edir ki, enerji balansını tənzimləyəsən. Bu halda, məncə özüm üçün ən doğru olanı seçmişəm: elə yay havasının özü kimi qaynar ritmli, amma həm də sərinkeş quraşdırılıbmış kimi rahatlıq gətirə bilən nümunələri. İndi Latın Amerikası musiqisi daha çox səslənir evdə, çünki o ritmlərdən əlavə enerji almaq mümkündür. Axşamlar isə həzin piano ifası fonunda yağış səsi dinləyirəm. Baxdığım film və seriallar da eyni ovqatdadır. Dinamik detektiv qarışığı olan melodramlar. Məsələn, bu dəqiqə "Qrand Otel" adlı İspan serialına baxıram, primitiv tərəfləri olsa da, beynimi yükləmir və "mən bu epizodu belə, ya elə edərdim" kimi fikirlərə də yer saxlamır. Yay üçün əladır. Söz yox ki, keçən yay baxdığım "Xatırla, sevgili" türk serialının yerini vermir. Hərçənd, onu da sırf beyin dincəlməsi üçün seçib izləmişdim, lakin həm ssenarisi, həm rejissor işi ruhumu silkələmişdi.
Kitaba gəldikdə isə, hazırda C. D. Roulinqin "Təsadüfi vakansiya" romanını oxuyuram.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)
Qara zirə yağı - günümüzün trendi
Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir.
“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq.
Qara zirə yağı
Günümüzün trendi
Ümumi tonusu və iş qabiliyyətini yüksəldən, allergik reaksiyaları azaldan, çəkini normallaşdıran, qanda qlükozanın səviyyəsini salan, bakteriyalara, viruslara, parazitlərə, göbələklərə təsir göstərə bilən, qaraciyərin keşikçisi sayılan qara zirə yağı immun sistemini də möhkəmləndirən çox qiymətli bir vasitədir.
Stressli, viruslu dövrümüzdə bu yağ əvəzsizdir.
Təsəvvür edin ki, hətta müqəddəs “Quran” kitabında da bu yağın hədsiz faydalarından bəhs edilib.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)
Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu davam edir
Noyabrın 10-dan 15-dək paytaxtımızda XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.
Festivalın Təşkilat Komitəsindən verilən müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə 30 dəqiqə, “Cinemobil”ə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər.
Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-dək filmfreeway.com/bakuisff platforması üzərindən göndərməlidirlər. Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur. Müəlliflər filmlərini festivalın saytı (www.filmfestival.az) vasitəsilə sentyabrın 20-dək göndərə bilər.
Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” və “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.
“Cinemobil”ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur. Müsabiqənin yarışma bölümündə mübarizə aparacaq filmlər iki nominasiya uğrunda yarışacaq. Belə ki, “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək.
Festivala göndərilən bütün filmlər Seçim Komissiyasının ixtiyarına veriləcək. Peşəkar mütəxəssislərdən ibarət olan həmin heyət festivalın müsabiqə bölmələrində yarışacaq filmləri müəyyənləşdirəcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək. Festivalın müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı oktyabrın 25-də elan olunacaq.
Qeyd edək ki, Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır. “Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir. Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi Bakı Beynəlxalq Qısa Filmlər Festivalı artıq 14 ildir ki, əzmlə yoluna davam edir. Məqsəd ölkəmizdə kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi özündə əks etdirir. Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film festivallarında, “Oskar”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.
“Ədəbiyyat və incəsənət”
(01.08.2023)
Əbasət Rurhəsənlinin “Birinci sual”ı
“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən bəyənilən şeirlərinin təqdimatı sırasında bu həftə Əbasət Purhəsənin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır.
Şair Əbasət Purhəsən bu gün “Birinci sual” deyəcək.
BİRİNCİ SUAL
Ölümlər şirindi, ölümlər acı,
Yoxsulluq ölümün biridi bəlkə.
Biz hələ dünyadan nə bilirik ki,
O qız, o oğlanın əridi bəlkə?!
Ağaclar köynəyin dəyişir nədən?
Küçədən, küçəyə min sualım var.
Yadımda babamın nağıllarında,
Bir nağıl deyirdi: “Axtaran tapar.”
Axtardım, tapdığım bu gün sən oldun,
Ah qundaq, sənin də dərdin çox imiş.
Inqıltı səsinə analar gəldi,
Heç eləbil sənin anan yox imiş!..
Gözlərimdə yollar, içimdə dağlar,
Səni evlərinə kimlər aparar?
Atalı, analı yetim qundağın,
Bələyin kim açar, başın kim dadar?
Günəş də küsürdü dağın dalından,
Quşlar da göylərdən yığışırdılar.
Sızıltı səsinə can-can deyənlər,
Sadağa tullayıb soruşurdular.
Sən qucağımdaydın, mən oturmuşdum,
Kiçik əllərini üzümə çəkdin.
Dilənçi deyildik, biz qərib idik,
Beynimdə nə varsa gözümə tökdün.
Yolun qırağına kim qoyub səni,
Bəlkə də yenidən Həvva doğubdur!
Bizi göydən yerə gətdiyi kimi,
Səni də cənnətdən yerə qovubdu.
Biz hələ dünyadan nə bilirik ki,
Bir uşaq qolumda, ana olmuşam.
Atası kim ola, anası kimdi?
Birinci sualda hələ qalmışam...
Ədəbiyyat və incəsənət”
(01.08.2023)