Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Eyni kitabı oxumuruq, amma eyni duyğularla oxuyuruq. Məsafələri yox edən ülvi duyğularla. Bu məsafəni ölçmək üçün uzunluq vahidi işə yaramaz ki... Sən özünlə özün arasında məsafəni ölçə bilərsənmi? Amma ruhum cismimi qoyub ruhuna yoldaş olub. Qəlb özünə yaxın qəlbi tapar deyimini təsdiq edib. Səni tapandan özümü itirdim söyləyə bilərəm. İndi səndən bir xahişim var: Gəl birlikdə Məni tapmağa gedək.
Əgər birinci sən tapsan, sualın belə olsun: “Tapdığın o qədər dəyərlidir ki, özündən qaçaq düşmüsən?"
Mənə də maraqlıdır, "o" nə cavab verəcək. Əslində həm sadə, həm də dili lal edən bir sualdır. Ona görə sadə sualdır ki, cavabı :"o var, mən isə yox" olacaq. Ona görə susqunluq yaradır ki, böyük bir sevgini hansı bir cümləyə sığdırmaq olar ki? Axı o sevginin gücünü təsvir edəcək bir cümlə bilmirəm. Bəlkə, Sən bilirsən, amma mən bilmirəm. Bəlkə də," mənim nəyimi sevdin"- soruşacaqsan. Heç bu suala da cavab tapa bilməyəcəyəm. Amma bu zaman qəlbin ritmlərində belə melodiya səslənəcək:
Mən döyünürəmsə, səbəbidir yar,
Qəlb qəlbə bağlansa, hissləri duyar.
Görünməz körpülər tez qovuşdurar,
Mənim varlığımda o yarım da var.
“Ədəbiyyat və incəsənət”
(30.11.2023)