Super User

Super User

 

Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 nəfər ukraynalı uşaq Azərbaycana gətirilib. 

 

AzərTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar Bakı, Şamaxı, Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaqlar. 

Peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək. 

Qeyd edək ki, onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

 

Dünən axşam saatlarında “CinemaPlus Gənclik Mall” kinoteatrında Mədəniyyət Nazirliyinin, Kino Agentliyinin və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" adlı silsilə film nümayişlərinin açılış mərasimi keçirilib. 

 

Mərasimdə əvvəlcə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə çıxış edərək, Azərbaycan kinosunun inkişafı istiqamətində təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən söz açıb: "Azərbaycan Kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə klassik Azərbaycan filmləri festivalını keçirməyi düşündük. Bu yolda bizə dəstək olan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyasına sonsuz təşəkkürümüzü bildiririk ki, burada nümayiş olunacaq filmləri bizə təqdim etdilər. Biz bütün bu filmləri tam yeni formatda yenilədik və bunu də sizə nümayiş etdirmək istədik". 

Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov kino nümayəndələrini təbrik edərək bildirib ki, 2 il bundan əvvəl Rusiya kinoteatrlarında oxşar bir təşəbbüslə çıxış etdik və təxminən bir həftə ərzində Azərbaycan kinosu Moskva kinoteatrlarında nümayiş olundu: "Azərbaycan kinosunun qərib ölkədə nümayişi bizim üçün qürurverici idi. Orada klassik filmlərimizlə yanaşı, müasir filmlər də nümayiş olunurdu. Eyni zamanda, Azərbaycanın səssiz filmləri də orada təqdim edildi. Bizim milli filmlərimiz universaldır və bütün ölkələrdə nümayişə tam yaralı ekran əsərləridir".

Xalq artisti, kinorejissor Vaqif Mustafayev bu layihənin gözəl təşəbbüs olduğunu vurğulayaraq Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib, həmçinin bütün kino ictimaiyyətini təbrik edib.

Sonda 1985-ci ildə istehsal edilən "Bəyin oğurlanması" filmi tam yenilənmiş versiyada nümayiş olunub. 

Bildirək ki, avqustun 10-dək “Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı” üzrə 21 Azərbaycan filminin nümayişi təşkil olunacaq. 

Giriş sərbəstdir.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

Avqustun 25-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində əfsanəvi musiqiçi, bəstəkar, multi-platin prodüser və DJ Villi Villiam “White Fest” musiqi festivalı çərçivəsində heyrətamiz DJ proqramı ilə pərəstişkarları qarşısına çıxacaq.

 

Bu isti avqust axşamı yayın ən unudulmaz anına çevriləcək. Çünki həmin gün dünyaşöhrətli musiqiçi Villi Villiam pərəstişkarlarına unudulmaz musiqi axşamı bəxş edəcək. Musiqili gecədə musiqiçinin ən parlaq rəqs hitləri və mahnıları təqdim olunacaq.

Villi Villiam DJ, prodüser olmaqla yanaşı, bir çox mahnıların müəllifi və ifaçısıdır. O, “Grammy” mükafatı daxil olmaqla xeyli sayda digər musiqi mükafatlarına layiq görülüb. Musiqiçi eyni zamanda J.Balvin, Beyons, Afrocak, Stiv Aoki, David Guetta kimi dünyaşöhrətli sənətçilərlə işləyir. 

Qeyd edək ki, bütün yay boyunca “Sea Breeze” kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerjidolu fantastik əyləncə vəd edən festivalda dünyaca məşhur bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq. Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya - bütün bunlar festival çərçivəsində “Sea Breeze Event Hall” məkanına gələn qonaqları gözləyir.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı bu il eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq və festival sentyabrın 15-dən 22-dək keçiriləcək.

Festivala film qəbulu artıq sona çatıb. Belə ki, xarici və yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilib. Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak hüququ qazanacaq. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmlərin adları tezliklə açıqlanacaq. 

 

Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.

Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.

 

Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2013)

Azərbaycan Bəstəkarlar İttifaqı “Heydər Əliyev İli” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bəstəkar, Xalq artisti professor Azər Dadaşovun “Fortepiano əsərlərinin ən yaxşı ifası” üzrə VI beynəlxalq müsabiqə elan edib.

 

Bəstəkarlar İttifaqından verilən məlumata görə, noyabr ayının 20-22-də Bakıda keçiriləcək müsabiqə 2 mərhələdən ibarətdir. 

Müsabiqədə yaş məhdudiyyəti qoyulmur. İştirak etmək istəyənlər noyabrın 10-dək sənədlərini Azərbaycan Bəstəkarlar İttifaqına (Tel: (012) 598 08 86) təqdim etməlidirlər (ərizə, 13x18 ölçüdə 2 rəngli fotoşəkil, doğum haqqında şəhadətnamə, xasiyyətnamə, iştirakçının bütün turlar üzrə proqramı).

Müsabiqənin təşkilat komitəsi və münsiflər heyətinin sədri – Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, UNESCO-nun “Sülh artisti”, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadədir.

Müsabiqənin birinci mərhələ üzrə proqramına A.Dadaşovun fortepiano silsilələrindən biri – “Çiçəkçin” (7 rəqs),“6 miniatür”, “6 qəmli pyes”, “6 prelüd”, “Atmacalar” (6 konsert pyesi), 1 saylı sonatina, 2 saylı sonatina, 3 saylı sonatina, “lirik pyeslər”in ifası daxildir.

İştirakçılar öz istəklərinə uyğun olaraq seçdiyi silsiləni bütöv, yaxud onlardan hissələri ifa edə bilərlər.

Müsabiqəlinin ikinci mərhələ üzrə proqramına A.Dadaşovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş fortepiano ilə kamera orkestri üçün “Poema”sı (iki piano üçün köçürmə) daxildir.

Münsiflər heyətinin qərarı ilə seçiləcək qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunacaq.

Müsabiqədə birinci yer üçün 1000 manat və birinci dərəcəli diplom, ikinci yer üçün 750 manat və ikinci dərəcəli diplom, üçüncü yer üçün 500 manat və üçüncü dərəcəli diplom nəzərdə tutulur.

Dövlət, ictimai və özəl təşkilatlar müsabiqənin qalibləri üçün özlərinin xüsusi mükafatlarını təsis edə bilərlər. 

Müsabiqənin bütün iştirakçılarına xüsusi sertifikat və xatirə medalyonları veriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

Sirr deyil ki, mədəni elmli və gözəl insan xalqın genfondunda əsas yer tutur. Bütün bu məziyyətlər isə sağlam yaşam tərzindən qaynaqlanır. Yəni, sağlam həyat sürən adamın beyni elmi dərk etməyə, ruhu mədəniyyəti qəbul etməyə, cismi də gözəl qalmağa rahatlıqla nail olur. Və sağlam yaşam tərzinin bir sirri də sağlam qidalanmaq, bütün vitamin və mikroekenenləri qədərincə qəbul etməkdir. 

“Ədəbiyyat və incəsənət” portalının bu dəfə açmaq istədiyi mövzuya, düşünürük ki, heç bir oxucu biganə qalmayacaq. 

 

Çaytikanı yağı

İnsan orqanizminin havadarı

 Əbəs yerə çaytıkanı yağı ən faydalı yağlardan hesab edilmir ki? Həm həzm sisteminə kömək edir, həm iltihab, şiş və mikrob əleyhinə xüsusiyyətlərə malikdir, üstəlik, dərinin, saçların və dırnaqların sağlamlığına da müsbət təsir göstərir.

Azərbaycanın ən saf təbiətində yetişən çaytikanını toplayaraq yağını sizlər üçün əlçatan etdik!

 

Ədəbiyyat və incəsənət”

(04.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən bəyənilən şeirlərinin təqdimatı sırasında bu həftə Əbasət Purhəsənin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

Şair Əbasət Purhəsən bu gün “Uşaqlıq yoldaşım” deyəcək. 

 

UŞAQLIQ YOLDAŞIM

 

Hava ağlayırdı ağırlığından,

Elə anlayırdım çırpınırsan sən.

Əlimi uzaldıb əlimə aldım,

Sənə layla çaldım doyunca dünən.

 

Ovcumun içində yuxuya keçdin,

Körpə uşaq kimi, ətsan quş kimin.

Ağzını yumurdun lal dünyamıza,

Ya sona çatırdı sənin də qəmin.

 

Sən elə ovcumu qucaqlamışdın,

Səni ovucumdan ata bilmirdim.

Yuxu gözlərimi alırdı, ancaq –

Sənsiz yuxularda yata bilmirdim.

 

Ovcumun içindən ayrılmadın heç,

Səni sevə-sevə öldürdüm dünən.

Uşaqlıq yoldaşım, bayram balığı,

Daha çırpınmayır nə mən, nə də sən...

 

Ədəbiyyat və incəsənət”

(03.08.2023)

Avqustun 4-də YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında “Müqəssir zövq” qrup sərgisi çərçivəsində “Poetikon” adlı tədbir təşkil olunacaq. 

 

Olduqca maraqlı təcrübə vəd edən tədbirdə, müstəqil şairlərin ən ifadəli və düşündürücü şeirləri səslənəcək.

Tədbir zamanı tamaşaçılar da şeirlər haqqında öz fikirlərini və şərhlərini bölüşə biləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

BU GÜN MEHRİBAN ƏLƏKBƏRZADƏNİN AD GÜNÜDÜR

 

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Deyir ki;- “Teatr ali sənət növü olduğu üçün bir növ, elitar sənətdir. Bu sənətin kütlə üçün olması fikri isə, kommunist ideologiyasının yanlış lozunqu idi. Yadınızdadır, bir zamanlar deyilirdi ki, səhnə həyatdan bir pillə yuxarıdır. Amma, mən deyirəm ki, sənət xalq üçün, kütlə üçün deyil. Doğrudur, bu gün tamaşalara müxtəlif tamaşaçılar gəlir, zallar boş deyil, amma məqsədli tamaşaçı yox dərəcəsindədir. Yəni tamaşaçıların əksəriyyəti nəyəsə baxmağa gəlsə də, konkret zövqü və sənət mühakiməsi olanı azdır. Tamaşaçı sənətə əyləncə növü kimi baxırsa, o, tamaşadan heç bir ideya, mesaj ala bilməz...”

 

İti zəka, zəngin bilik, dərin təfəkkür, hadisələri araşdırmaq qabiliyyəti, olanlara mükəmməl şərh vermək, parlaq istedad hər insana nəsib olmur. Onun ərsəyə gətirdiyi bütün sənədli televiziya filmlərində, səhnə əsərlərində bu keyfiyyətlər açıq-aşkar görünür…

 

“Hər bir millətin mədəniyyət göstəricisi onun teatra münasibətilə ölçülür. Musiqidə isə bu əsasən simfonik musiqinin dərki kimi qəbul edilir. Burada bir həssas məsələ də var, “haradan filan qədər pul qazana bilərəm”i düşünən adam üçün “Tik-Tok” daha çox maraqlıdır. “Harda daha çox əylənə bilərəm?” deyən insan üçün gecə barları, restoranlar və s. daha cəlbedicidir. Onun üçün teatr və sənət rakursu cəlbedici deyil. Yəni əylənmək, dincəlmək düşüncəsində olan adama teatr təfəkkürü, zövqü yaddır. Digər tərəfdən isə, dövrün zaman anlayışı, vaxta münasibət baxımından bu gün tamaşaçını teatrda saxlaya bilmirik. Məcburiyyətdən tamaşaları qısa zaman çərçivəsinə görə hesablayırıq. Əvvəllər 3 saat, 4 saat nümayiş etdirilən tamaşalarımız vardı. İndi məcburiyyətdən 1 saat, 1 saat 30 dəqiqə, uzağı 2 saatla kifayətlənirik. Tamaşaçını iştirakçıya çevirmək cəhdi mənim əsas istəyimdir. Ötən vaxtlarda bir təcrübə etdim: tamaşanın ən gərgin yerində tamaşaçıdan reaksiyanı almağı yoxladıq. Yəni görüm, bu tamaşaçı səhnəni necə və nə dərəcədə qavrayır? Reaksiyalar heç də teatrı anlayan, sənəti dərk edən tamaşaçıdan xəbər vermirdi. Bizdə emosiyaya təsir var, amma mən şüura təsirdən bəhs edirəm. Ən dəhşətlisi bax budur. Bu sənətdə çalışanların, böyük mənada, dramaturji bazası yox dərəcəsindədirsə, müasir teatr üslubları və formaları haqqında təsəvvürü yoxdursa, özünü bu sənət vasitəsilə köçürə bilmək ifadəsi yoxdursa, demək ki, heç nə yoxdur. Yol da yanlışdır, mövcudluq da. Mənim fikrimcə, bu gün Azərbaycan teatrlarını söküb yenidən yığmaq lazımdır. 26 teatr yox, 10 teatrla qənaətlənmək, ciddi islahatlar aparmaq gərəkdir, bütünlükdə teatra münasibət dəyişməlidir. İdarəetmədən, inikasa qədər. Çünki indiki teatrlarımız 40-cı, 60-cı illərin teatrı deyil. Sürət başqa sürətdir, dövr başqa dövrdür...”- söyləyir.

 

Gəncədə dünyaya gəlsə də Sumqayıt şəhərində, elə mənim də yaşadığım 8-ci mikrorayonda böyüyüb böya başa çatıb. Yaxşı yadımdadır, atası, rəhmətlik Zaur kişinin "Pobeda” avtomobili də vardı. 

 

Deyir ki;- “Ailədə atama ən çox bənzəyən mən idim. Və atam ən həlledici məqamlarda mənim “qətiyyətli davranışım”da babama heyrətamiz bənzərlik görürdü. Hərçənd ki, mən xüsusi bir şey hiss etmirdim. Amma atam “eynən atama bənzəyirsən” deyirdi, səndən əla hakim olar. Bu peşəni çox sevirdi deyə məni həkim görmək istəyirdi. Lakin ürəyimin səsi atamın səsindən daha güclü oldu. Çox sonralar peşəmlə bağlı müəyyən məyusluqlar olanda, ürəyimin səsinə qulaq verməyimə görə özümü qınadığım vaxtlar da olub. Amma seçdiyim peşə məni özümü ifadə etməyim üçün əsas vasitə oldu. Anladıqlarımı duymaq, duyduqlarımı anlamaq kimi. Elə seçimlər etməliyik ki, qazandığımız şeylər itirdiklərimizə dəysin. Həmişə seçimi elə etmişəm ki, qazandığım itirdiklərimdən çox olub. Atam isə bu peşəmlə, mənim seçimimlə “Mir Cəfər Bağırov və ya qırmızı terror” filmimdən sonra barışdı. Birdəfəlik qəbul etdi...”

 

Haqqında söhbət açdığım Mehriban Ələkbərzadə 1982-ci ildə Sumqayıtdakı 17 saylı orta məktəbi başa vurduqdan sonra bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı uğurla başa vurub. Həmin il təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib. 1990-cı ildə Lənkərandan Bakıya qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini ərsəyə gətirib. 1991-ci ildə Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissor işləyib.

Mehriban xanım müxtəlif vaxtlarda Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyirə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb. "Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu verilişlərdə bir sıra layihələrlə tamaşaçıların zövqünü oxşayıb. 

2017-ci ildə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru vəzifəsinə təyin olunub. Bir müddət orada işlədikdən sonra bir il də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət Akademik Milli Teatrının bədii rəhbəridir.

 

“Deyirlər ki, teatrda rejissor və ya bədii rəhbər kişi peşəsidir. Amma əsla belə deyil. Və mən, ümumiyyətlə, qadın-kişi peşə fərqinin tam əleyhinəyəm! Ortada qol-əzələ gücü yox, intellekt və duyum fərqliliyi söz konusudur. Mədəniyyətin teatr adlı təsisatında səlahiyyətləri öz əlinə alıb, öz iradəsini diktator üsulu ilə hamıya diktə edən bu peşə kişilərin daha çox xoşuna gedir. Əlbəttə ki, onu qadınla paylaşmaq istəmirlər. Bəzən də bu qadın dəsti xəttidir deyən həmkarlarım öz xıncını qadının zəif cins olduğunu vurğulamaqla, onun yaratdığının da zəif olmasını qabartmaq istəyirlər. Qadın rejissorlar məhz bu kişi rejissorlardan həmişə güclü olub. Kişilərdən fərqli olaraq, qadının daha həssas araşdırmaçı gücü xüsusi qısqanclığa səbəb olur. Tələbə vaxtı çox sevdiyim bir rejissor pedaqoqun “Əgər intellektin olmasaydı, sənə deyərdim ki, qadın hara, rejissorluq hara? Amma sənə deyə bilmirəm”- deməsi onda olmasa da, sonralar məndə bu fərqin tam əleyhinə olması mövqeyini formalaşdırdı. İntellekt fərqini cins fərqiylə qarışdıracaq deyilik ki... Fəaliyyətim boyu əmin oldum ki, əksər kişi rejissorlardan intellekt və peşəkarlıqda həm güclüyəm, həm də cəsarətliyəm. Nə qədər təkəbbürlü səslənsə də deyirəm.”- söyləyir.

 

2003-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 2013-cü ildə isə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb. Bir neçə ildir ki, ardıcıl olaraq Prezident mükafatı alır.

 

Deyir ki;- “Mən mövcud, bəlli, işlənmiş formanı sındırmağa, özümü ifadəyə meylli biriyəm. Bunu bəzən yeni forma, avanqard, yaxud yeni dəb adlandırırlar. Hər zaman anladıqlarımı duymağa, duyduqlarımı işimə qüsursuz köçürməyə çalışıram. Nə necə görünür, necə qəbul olunur mənə maraqlı deyil. Yetər ki, sonuca qane olum.”

 

Hər kəsin bir daxili dünyası var, - deyirlər. Onun dünyasında haqq-ədalət öz zəhmiylə hökm sürür, həyat tərzini büsbütün nizamlayır. Necə deyərlər, onu düzə düz, əyriyə əyri söyləməyə vadar edir. Həm də rejissor və həm də bədii rəhbər kimi mükəmməldir. Bir sıra tamaşalara, onlarla filmə quruluş verib. Deyir ki, hər hansı bir həqiqəti axtarıb tapmaq istəyirsənsə, sadəcə tarixin boz səhifəsini araşdırmalısan. Yəni gözləməlisən ki, həmin rəngli səhifə nə vaxt bozaracaq. Bozarandan sonra bütün bəzəklər, təhriflər silinəcək. Sadəcə hadisələrin məğzi qalacaq. 2008-ci ilin əvvəllərində mətbuata verdiyi açıqlamasında televiziya fəaliyyətinə son qoyduğunu bildirib. Bunu nə üçün etdiyini bilmirəm, amma Mehriban xanım hər gün "sehirli qutuda" səbirsizliklə gözlədiyimiz, yeri görünən adamdır. Bayağı verilişlərin baş alıb çoxaldığı zamanda onun müəllif proqramı ilə hər hansı bir televiziya kanalında görünməsi həmin telekanala nüfuz gətirməzmi? Bəli, tarixin rəngli səhifəsi bozaranda həqiqət olduğu kimi görünəcək. Onda Mehriban xanım Ələkbərzadəni indikindən də çox sevəcəklər…

 

Avqustun 4-də Mehriban Ələkbərzadənin növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, sevgi və ehtiramımı bildiririk. Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2023)

Cümə, 04 Avqust 2023 12:15

45 min 117 kredit və 8 min qeydiyyat

“Ədəbiyyat və incəsənət” portal  sizə Açıq Portfel rubrikasında iki statistik məlumatı təqdim edir.

 

Birinci məlumat: İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə indiyədək 45 min 117 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 664 milyon 164 min 941 manatdır.

İkinci məlumat: Cari ilin 6 ayı ərzində 8 min 12 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların da 87,9 faizi yerli investisiyalı, 12,1 faizi isə xarici investisiyalıdır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,3 faizi elektron qaydada qeydə alınıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.