Super User

Super User

SONDA MÖHTƏŞƏM BİR KONSERTLƏ

 

 

 

Bakıda keçirilən Özbəkistan mədəniyyət günlərinə yekun vurulub. 

Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakının bulvar ərazisində tanınmış özbək sənətçilərinin iştirakı ilə konsert proqramı təqdim olunub. 

Mədəniyyət günlərinin möhtəşəm bağlanış mərasimi üçün təşkil olunmuş tədbirdə məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Nəsibə Abdullayeva, Fərrux Zakirov, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları zəngin repertuarları ilə sevənlərinin qarşısında çıxış ediblər.

Konsert boyu sənətçilər repertuarlarında yer alan ən populyar mahnılarını ifa ediblər. 

Özbəkistandan ölkəmizə təşrif buyurmuş sənətçilər bənzərsiz ifaları ilə bir daha böyük tarixə malik zəngin mədəniyyətə sahib olduqlarını göstəriblər. 

Tədbirdə Özbəkistandan çoxsaylı qonaqlar və Bakıda yaşayan bu ölkənin vətəndaşları iştirak ediblər.

Özbəkistan folklor ustalarının konsert proqramı maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(07.08.2023)

Ədəbi mənzərəni dolğun əks etdirməyi bacaran “Ədəbiyyat qəzeti"ni köşklərdən və ya abunə vasitəsilə əldə edə bilərsiniz. Sabahkı sayın anonsunu “Ədəbiyyat və incəsənət” portalı diqqətinizə çatdırır. 

 

 Cavanşir Yusifli – Ədəbiyyatın yetişmək istədiyi üfüq

 

Tehran Əlişanoğlu – Ümummilli lider Heydər Əliyev memuar ədəbiyyatında

 

Elçin – İntiqamın iki missiyası (İntiqam Qasımzadənin 80 illiyinə)

 

Umberto Ekonun “Bomba və general” əsəri Həmid Piriyevin tərcüməsində

 

Sabir Rüstəmxanlı – Azərbaycan sevgisinin gur işığı (Orxan Aras haqqında)

 

Soyuq ağıl yanar ürəyə qarşı? – Pərvinin təqdimatında 1975-ci ildə “Literaturnaya qazeta”da çap olunmuş Anar, Tamaz Çiladze, Lev Anninski və Yevgeni Sidorovun ədəbiyyat söhbəti

 

Mətanət Vahid – Məcnunluq – yaradıcı insanın stixiyası, Leyli – ilham mənbəyidir (Vahid Məmmədlinin “Leyli və Məcnun” romanı haqqında)

 

Azad Qaradərəli – “Sevgili Vətən” (Radiopovest. İkinci hissə)

 

Sevinc Elsevər – “Qara buludları qovan” (Hekayə)

 

İlham Qəhrəman – Şeirlər

 

Qurban Bayramov – Orxan Paşanın şeiri, qoşa qanadın sehri... (Elm və sənət adamının poeportretindən cizgilər)

 

Nargis – Əlvida, ana, əlvida, spagetti saçlı qız...

 

Xulio Kortasar - “Parisli gənc bir xanıma yazılan məktub” Azad Yaşarın tərcüməsində

 

Əlövsət Bəşirli – “Ömüryolu” (Xatirə-povestdən səhifələr)

 

Varis – “Qar yağmasın...” (Hekayə)

 

Qoşqar Qaraçaylı – Şeirlər

 

Turan Uğur – “İsmayıl müəllim, mən sizi eşitdim” (İsmayıl Şıxlı haqqında)

 

Sərvaz Hüseynoğlu – Məzuniyyət günlərinin yalqızlığında, yaxud Adil Cəmillə xəyali söhbət

 

Sabir Rzayev və ya yarımçıq qalmış dialoq – Hidayətin “Burdan min atlı keçdi” kitabından

 

Etibar Poladlı – 75-dir yaşın sənin... (Zakir Abbas-75)

 

Təranə Əlizadə - Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı (Zakir Abbas-75)

 

Aydın Tağıyev – “Bax belədir təbiətim...” (Şabranlı şair Zakir Bayramlının 75 illiyinə)

 

İftixar – “Canavar dişi” (İkihissəli qəhrəmanlıq dramı)

 

Mehdi Zahid – Şeirlər

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

Cümə, 04 Avqust 2023 23:22

Beləsinə nə deyəsən?

 

Bakıda 200 manatlıq saxta əsginaslarla yaşlı insanları aldadan şəxs saxlanılıb

 

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb. 

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə naməlum şəxsin kimliyi müəyyənləşdirilib. Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə o, saxlanılıb. Həmin şəxsin üzərində 200 manat saxta əsginas aşkarlanıb. 

Vüsal Əmrahovun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə olunur. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirir.

 

AKİ-dən verilən məlumata görə, ittifaq hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi verəcək.

VII “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək. Əsas mövzusu “KosmoDarvinizm: Dolça əsri” olan builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, insana dəyər verənlərin, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematoqrafik araşdırmalarla bölüşməkdir.

Bütün kinematoqrafçılar “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarvin: Ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə yarışacaqlar.

Azərbaycan Kinematoqrafçılar İttifaqı artıq bir neçə ildir ki, “DokuBaku” Beynəlxalq Sənədli Filmlər Festivalının rəsmi tərəfdaşıdır. İttifaq ənənəvi olaraq festival ilə əməkdaşlıq edir və bu ənənəni davam etdirmək niyyətindədir.

Qeyd edək ki, “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunub. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru), həmçinin çexiyalı rejissor və prodüser Veronika Yanatkovadır (proqram tərtibçisi).

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

“Ədəbiyyat və incəsənət” portal Xalq Yazıçısı Kamal Abdullanın “Məhəbbət adası” adlı yeni hekayəsini təqdim edir. 

 

Deyirlər ki, halva-halva deməklə ağız şirin olmaz. Düz deyirlər. Bir dəfə desən, olmaz. İki dəfə desən, olmaz. Əlli dəfə desən də olmaz.

Amma sən bunu sabah tezdən günəş çıxınca deməyə başlasan və axşam günəş batıncaya qədər aramsız desən, ölü-ölü keçən günlərin bir günü, əslində, günlərin yox, gecələrin bir gecəsi qəflətən yuxudan ayılıb ağzının dərin bir guşəsində, boğazına yaxın bir yerdə vaxtilə əziz bir adamının yas mərasimində udquna-udquna yediyin o şirindən şirin zəfəranlı halvanın unudulmuş dadını hiss etməyə başlayacaqsan. Sən əvvəl-əvvəl bu dadı tanımayacaqsan. Sən onu unutmusan. Amma yox, belə deyil. Bu unudulmuş dad sənin ağız boşluğunun dərinliyindən qarşısıalınmaz lava kimi baş qaldıracaq, dişlərinin ətinin dibinə çökəcək, oradan onu sovurduqca gəlib dilinə qədər çatacaq, dilinin üstünə, arxasına, yanlarına - hər tərəfinə yayılacaq, dilindəki bütün uyumuş dad sinirlərini məst edərək yavaş-yavaş, nəhayət ki, özünü sənin yadına salacaqdır. Bəli, bu odur. Unudulmuş, amma qayıtmış halva dadı.

İndi isə təsəvvür edin ki, "halva" yerinə sidq-ürəklə "Allahım, sən mənə qanad ver" deyirsən. Yenə də hər gün aramsız deyilən bu sözlər deyildiyi yerdən hansısa ucalığa yol alır, orada o sözlər bəlkə də dəfələrlə deyildiyindən zəhlə tökməyə başlayır və sən gecələrin birində, yox, bu dəfə sübh açılarkən hiss edirsən ki, çiyinlərində qəribə bir ağırlıq var. Arxana boylana bildiyin qədər boylanıb görə bildiyin qədər görə bilirsən ki, çiyinlərindən iki qara qanad pardaxlana-pardaxlana çıxmaqdadır. Allahının sənə, inanırsan ki, yazığı gəlmişdir və o səni əfv etmişdir. Sənə məhkum olunub salındığın bu həbsxanadan qaçmaq imkanı vermişdir.

...Qanadlar sənin vücudundan tam çıxıb məsələ bitəndən sonra mən çiyinlərimdə yenə də əvvəlki yüngüllüyü hiss etdim. Heç kimin gözünə görünmədən alatoranlıqda o tərəfə, bu tərəfə qaçdım, yeni halımı sınaqdan keçirməyə çalışdım. Uçmaq mənə əvvəl-əvvəl inandırıcı gəlmədi. Amma ayaqlarım yerdən ayrılırdı, mən görürdüm ki, mən az qala boşluğa addım ata-ata uçuram. Qanadlarım dəniz dalğalarının üstü ilə qayığı irəli aparan iki böyük avar kimi məni az qala ucsuz-bucaqsız səmaya uçururdu. Qanadlarım başımın üstündəki nəhayətsizliyə can atırdı, səmaya doğru çırpınırdı. Bu, bir möcüzə deyildi. Bu, bir həqiqət idi. Bəli, yalnız bu zaman mən inandım ki, mənim səsimi eşidiblər, məni bağışlayıblar və bu mənfur adadan, onun özü boyda həbsxanadan uçub qaçmaq üçün mənə qanad veriblər. Sanki deyiblər: Sən indi uça bilərsən. Mən xoşbəxt idimmi?! Bəli, mən özümü xoşbəxt sayırdım.

Mən gözdən, qulaqdan uzaq, səs çatmayan, ün yetməyən bu qərib məkanda - hamı tərəfindən unudulmuş bu adadakı onun özü boyda həbsxanaya atılıb illərlə orada məhbus olub qalmışdım. Bu ada dünyada yaşayanların hamısından gizli şəkildə öz həyatını sürməkdə idi. Onun varlığı barədə dünyadakıların heç birinin məlumatı yox idi. Sakit okeanın ortasında qəribə parametrlərdə və qəribə maqnit burulğanlarının arasında yer alan bu kiçik ada  onun yanından nadir hallarda üzüb keçən gəmilərin belə gözünə görükmürdü. Uca göylərdən bu adanın başı üstündən uçub keçən təyyarələr də onu sezmirdilər. Bizim dünya ilə bu adanın bütün əlaqələri kəsilmişdi. Göydəki ulduzlar yanımızdakı və nə vaxtsa bizim dünyamız olan dünyadan bizə sanki daha yaxın idilər. Bu ada kənardan baxanlar üçün tamamilə görünməz bir məkan idi. Özü də başdan-başa həbsxanadan ibarət məkan.

Bu həbsxananın divarı, qoruması yox idi. Oradakı məhbuslar ada daxilində nə istəyirdilər edirdilər. Hara istəyirdilər gedirdilər. Bir-birilə yoruluncaya qədər gəzişib ünsiyyət bağlayırdılar. Bu adada boy atıb ucalan cürbəcür ağaclarda ilboyu yetişən cürbəcür meyvələrdən yeyirdilər. Okeanda istədikləri qədər çimirdilər, qumluqda istədikləri qədər istirahət edirdilər. Onların sanki hər şeyə ixtiyarı çatırdı. Bu adamları sanki belə bir əcaib həbsxanaya salıb sonra unutmuşdular. Onlara əbədi istirahət bəxş etmişdilər. Amma bu istirahətin çəkilməz, ağır məqamı da yox deyildi. Bu məhbuslar üçün ən əzablı olan bu idi - onlar bilirdilər ki, o uzaq və sevimli dünya artıq əlçatmazdır. Onlar əbədi olaraq bu gözdən uzaq adada yaşamağa məhkumdurlar. Buradan çıxış yolu axtarıb tapmaq əbəsdir. Hər gün eyni yeknəsaqlıq. Hər gün eyni simalar. Hər gün eyni söhbətlər. Bu onları - üzmürdümü, bu onları üzürdü.

Mən özümü o adadan qaça bilmiş yeganə məhbus hesab edirdim və indi bu ahıl çağımda, gəlib yenidən sevdiyim, amma məni unutmuş dünyaya dönməyimlə özümü xoşbəxt sayırdımmı?! Bilmirəm. Qanadlarım çiyinlərimdən çıxan sabah mən hamıdan gizlənə-gizlənə sahildə heç kimin gəzib-dolaşmadığı bir yerə gəldim. Yaşıl ot üzərində sahilə tərəf yeridikcə çiynimdəki qanadlar arxamca sürünürdü. Düşünürdüm ki, işimi bitirdikdən sonra onları öz yerinə - kürəyimə necə qaytara biləcəyəm?! Bu fikir ideya-fiks olub məni heç cürə rahat buraxmırdı.

Adadakı həbsxananın adını, daha doğrusunu desəm, adanın adını məhbuslar özləri qoymuşdular. Adanın adı Məhəbbət adası idi. Bura məhbuslar yarızarafat, yarıciddi Məhəbbət həbsxanası da deyirdilər.

Məhəbbət həbsxanasına oradakı məhbusları dünyanın müxtəlif yerlərindən yığıb gətirmişdilər. Onların yeganə günahı dünyada yaşadıqları zaman öz sevdikləri şəxsi hər şeydən, hər kəsdən artıq sevməkləri olmuşdu. Onlar sevdikləri qadını hər şeydən, hətta Tanrıdan artıq sevmişdilər. Bu azmış kimi bunu hər yerdə bəyan belə etmişdilər. Və indi belə məlum olurdu ki, Tanrı onları buna görə bağışlaya bilmir. Və Tanrı onları bu adaya salmaqla, dünya ilə əlaqələrini kəsməklə cəzalandırırdı. Tanrının prinsipi bu idi - hər şey qədərində olmalıdır.

Bura gətirilənlərin gəlişi qəribə şəkildə baş verirdi. Hər dəfə gətirilən yeni məhbus okeanın sahilində, sarı qumların üstündə özündən getmiş şəkildə tapılırdı. Onları bu adaya ucsuz-bucaqsız okeanın suları gətirirdi. Heç birinin yaddaşında bura necə gəlib düşdükləri barədə kiçicik də olsa, bir şey qalmırdı. İlk vaxtlar bu ada onlara ekzotik bir yer kimi görünürdü. Sonra isə depressiya dövrü başlayırdı. Dünyada qoyub gəldikləri və itirdikləri heç bir şey bu adamları rahat buraxmırdı. Bu adamlar saatlarla, günlərlə sahildə ağac kimi dayanıb okeanın nəhəng hüdudsuzluğuna baxırdılar. Baxdıqca baxırdılar, yorulmurdular. Xatirələrin qoynundan heç cür çıxa bilmirdilər. Xatirələr bu adada verilən ən ağır işgəncə idi. Tanrının qisası bundan ibarət idi.

Onu da deyim ki, geri qayıtmaq yolunu mənə qanadlarım öyrətdi. Göy üzü ilə qanadlar özləri məni aparırdı. Okeanın üstü ilə uçduqca qanadlarım öz-özünə hərdən tənbəl-tənbəl, hərdən isə yeyin-yeyin yellənirdi və mən tamamilə heç bir iş görmədiyimdən, boş-bekar olduğumdan həyatımdakı cürbəcür hadisələri yaddaşımda canlandırır, onları gözümün önündən kino lenti kimi keçirməyə çalışırdım. Yadıma vaxtilə kimlərəsə dediyim və bununla qəlblərə dəydiyim sözlər, bədxah sandığım adamlara qarşı yönəltdiyim haqlı və haqsız əməllər düşürdü. Suallar, suallar məni rahat buraxmırdı. Niyə məni sevənlər bu qədər çox sevdilər, niyə mənə nifrət edənlər bu qədər çox nifrət etdilər?! Hər şey qədərincə olsaydı, biz daha rahat və daha hüzurlu həyat sürməzmiydik?!

Ən vacib sual isə mənim üçün bu idi. "Dəyərdimi?!" Məhəbbət adasına düşməyimin səbəbkarı dünyadan - mənə əziz olan adamlardan, sevdiyim şəhərdən, sevdiyim küçələrdən, meydanlardan, bağçalardan, məni sevən dostlarımdan, evimdən, eşiyimdən ayrılmağıma, əldə etdiklərimi itirməyimə, ən vacibi isə geridönməzliklə az qala barışmağıma dəyərdimi?! Mən o məzlumbaxışlını Tanrıdan daha artıq sevdiyimi bəyan eləməyimlə kimə, nəyi sübut elədim?! Uça-uça mən vaxtilə necə də böyük səhvə yol verdiyimi düşünürdüm. Mən vaxtilə düşünürdüm ki, bu boyda məhrumiyyətlərə bu boyda sevgi yəqin ki, dəyməzdi. Mən onun yaddaşından, əlbəttə ki, silinib getmişdim. Onun məzlum baxışları məni daha heç yerdə axtarmır. Beynimdən "axtarmır" sözü keçdi, yadıma məni sarsıdan haman söhbət düşdü.

...Mən itəndən sonra məni düz bir ay axtarmışdılar. Nə ölüm, nə dirim barədə heç bir məlumat əldə edə bilməmişdilər. Polis məmuru, nəhayət, gəlib dostlarıma və ona belə bir elan etmişdi:

- Bu adamı çox axtardıq. Onun nə ölüsü tapıldı, nə də dirisi. Onu mərhum kimi qeyd edirik. Başqa çarəmiz yoxdur. Başınız sağ olsun.

Dostlarım içərisində ən yaxın bildiyim Hamlet bu zaman demişdi.

- Onu daha axtarmağa dəyməz. Çünki o elə adamdır ki, sağ olsaydı, bu qədər gizlənməyə, sadəcə, hövsələsi çatmazdı. Üzə çıxardı.

Mən bu söhbət barədə hardan bilirəm?! Sonralar adaya gətirilən məhbuslar içərisində haman polis məmuru ilə rastlaşdım. O özü mənə yaxınlaşdı. Mənə tanışlıq verdi və danışdı ki, mənim itməyimdən sonra ilk baxışda məzlum görünən o qadın onlara öz sakit oturuşu, heç nə bildirməyən baxışı ilə necə işkəncə verirmiş. Bu, əlbəttə, o idi. O məzlum görünməyi bacarırdı.

Qara buludların arasına girirəm. Nə aşağı görünür, nə də yuxarı. Ürəyim şiddətlə vurur. Amma qanadlarım məni az qala ildırım sürətilə bir qədər də ucalara, bu qaranlığın üzərinə qaldırır. Artıq o qara buludları özümdən aşağıda görməyə başlayıram. Ürəyimin zərbələri yavaşıyır. Uçuş yenə də öz sakit məcrasına düşüb rahat şəkildə davam edir.

...Onunla mənim aramda qəribə mübahisələr olurdu. Biz bir-birimizlə hər məsələdə anlaşa bilirdik. Amma bir məsələdə heç cür eyni fikrə gələ bilmirdik. Kimsə buna güləcək. O deyirdi ki, sən mənim qafiyəmsən. Mən deyirdim ki, yox, sən mənim qafiyəmsən. İndi düşünürəm ki, heç bunun da üstündə mübahisə edərlər?! Biz ikimiz də bir-birimizin qafiyəsi idik. Qafiyələrin hansı hansınındır - bunu bilmək olarmı?!

Polis məmuru mənə danışırdı.

- Bir ay bu qız bizim başımıza oyun açdı. Hər gün eyni vaxtda səhər saat 9-da idarəyə gəlirdi, məzlum-məzlum bir küncdə oturub bizə baxdıqca baxırdı. "Mən onu burda gözləyəcəyəm" deyirdi. Gözlərinin dərinliyindəki kədər o qədər böyük idi ki, onu oturduğu yerdən ayırıb çölə çıxarmaq heç kimin ağlına gəlmirdi.

- Sonra, sonra nə oldu? - Mən hövsələsiz halda soruşdum.

- Bir aydan sonra biz onu bir daha görmədik. Bir gün əvvəl qərarımızı sənin dostlarına, yaxınlarına söylədik. O da orada idi. Axtarışlar əbəsdir, biz əlimizdən gələni etdik - dedik. Bu adam bir daha üzə çıxmayacaq. O bunu dinləyib susdu, cınqırını da çıxarmadı. Heç bir söz belə biz bu qızdan eşitmədik. Nə nalə, nə bir hənirti. Nə yalvarış, nə təhdid... Bircə o yadımda qalıb ki, üzü daşa dönmüşdü. Məzlum baxışları yox olmuşdu. Elə o daş üzlə də oturduğu yerdən ayağa qalxıb sakitcə çölə çıxdı. Bir daha onu görmədik.

"Bir ay... Bu adamın vəfası bircə aya qədər çəkdi..." - mən düşündüm.

Polis məmuru mənim çaşqınlığımı duyub susdu. Mən hiss elədim ki, o yenə nə isə demək istəyir. Düşünür ki, desin, ya deməsin. Əlacsızlıqla gözləməyə başladım.

- Sən bilmirsən, burdan qaçıb gedən olub, ya necə? Ümumiyyətlə, bu mümkündürmü? - Polis məmuru ümidlə mənim üzümə baxdı. Üz-gözümdən, naümid baxışımdan hiss elədi ki, doğru sual verməyib, bu sualın cavabı yoxdur və bir "ah" çəkib mənim mövzumu davam etdi.

 

- Bilmirəm, bu məsələyə, yəni, o qıza nə qədər dəxli var, ya yoxdur - Polis məmuru söhbətini yavaş-yavaş tamamlayırdı, - amma bir məsələni də istəyirəm, sənə deyəm. Bizim bəyənatımızdan iki gün sonra şəhərimizdəki Sultan qayasını bilirsən, sıldırım bir qayadı. Oradan bir qız, məlumat gəldi ki, özünü dənizə atıb. Nə qədər axtardıq, o qızın cəsədini tapa bilmədik. Bəlkə də səninki ilə heç bir əlaqəsi yoxdur. Amma hər halda... O qızı heç soruşan, itdiyini maraq edən olmadı. Sən yəqin bilərsən, sənin adamının bir qohumu-zadı var idi?

Mənim qafiyəmin heç kimi yox idi. Tənha idi. Tale onu mən yaşayan şəhərə necə, nə təhər, niyə atmışdı, bunu mən onda da bilmirdim, indi də bilmirəm.

Polis məmuru gözünü okeanın nəhayətsizliyinə dikərək söhbətinin sonunda bir də bunu dedi.

- Sultan qayasından tullandığı o yerdə...

- Nə? Nə? Məktubmu qoymuşdu? Bir işarətmi buraxmışdı?

- Yox, yox, boş ver. Bunun məsələyə yəqin ki, dəxli yoxdur. Qayanın üstündə bizimkilər balaca kağız parçası tapmışdılar.

Mənim az qala nəfəsim dayanacaqdı.

- Kimsə kağızı yazandan sonra cırmışdı, yazılanları qaralamışdı. Bir sözü oxumaq isə çətinliklə də olsa mümkün oldu. "Qafiyə..." Hə, o çətin oxunan söz "qafiyə" idi... Bizim hamımıza qəribə gəlmişdi. "Qafiyə"nin məsələyə nə dəxli vardı?! Biz o kağızı itmiş qızın işinə heç tikmədik də...

 

... Adadan qanad çalıb 500 kilometr okeanın üstü ilə uçandan sonra Qrinviçlə 38 dərəcə sağa döndüm və bir qədər keçdikdən sonra uzaqda hansısa işıqların yandığını gördüm. Əlbəttə ki, bu şəhər mənim şəhərim deyildi. Və bu şəhərdə Sultan qayası adlanan sıldırım qaya yox idi. Amma bu artıq mənim dünyam idi və ürəyimdə mənə daha bir şans verdiyinə görə Allahıma dualar etdim. Ondan daha çox heç nəyi və heç bir şeyi sevməyəcəyimə özümə bir daha söz verdim. Vaxtilə belə etsəydim, bütün başıma gələnlər də olmayacaqdı. Qafiyələr də bir-birinin yanında durub bir-birinin qarovulunu çəkəcəkdilər. Amma indi mənim qafiyəm mənə daha lazım olmayacaqdı. Sultan qayasını mən unutmalı idim. Mən yaşamalı idim.

Qanadlarımdan necə xilas olacağam, onları nə edəcəyəm sualı öz-özünə həll oldu. Ayağım torpağa - əsl torpağa dəyən kimi bu qanadlar çiyinlərimdən öz-özünə yox oldu, əriyib getdi. Sanki onlar əvvəldən olmamışdılar, mənim kürəyimdən çıxmamışdılar və məni okeanın üstü ilə bu nəhəng və qorxulu məsafədən keçirib bura gətirməmişdilər.

Ayağım sahilə toxunandan sonra ətrafa boylandım. Yaxınlıqda bir kolluq vardı. Bu kolluqdan qarışıq və ehtiraslı səslər gəlirdi. Kişi və qadın səsləri idi. Bir-birinin sözünü kəsə-kəsə, nəfəsləri bir-birinə qarışa-qarışa aramsız danışırdılar. Mən hələ insan dilini tam unutmamışdım. Bu adamlar bir-birinə tükənməz məhəbbətlərini bəyan edirdilər. Bir-birinə kimin o birini daha çox sevdiyini sübut etməyə çalışırdılar. "Təki bir-birinə deməsinlər ki, mən səni hər şeydən artıq sevirəm" fikrini ağlımdan keçirməyə belə macalım olmadı. Kolluqdakı kişi səsi qürurla pıçıldadı.

- Mən səni... hər şeydən artıq sevirəm.

O kolluğa təəssüflə baxıb oradan tez aralandım.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalının Həftənin sitatı rubrikasında bu dəfə Avropa Kino Akademiyasının üzvü, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayevin Azərbaycan kinosunun 125 illiyi və "Azərbaycanfilm" kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı tədbirində söylədiyi fikirlər yer alır: 

 

“Bizdə kino sənayesinin yaranmasına böyük ehtiyac var. Bu yaxınlarda məndən soruşdular ki, kino olmasa, nə olar? Dedim ki, "kino olmasa, böyük fəlakət baş verməz, lakin yaxşı kinonun olmaması, böyük faciələrə yol aça bilər. Mən həm də tamaşaçıyam. Uşaqlıqdan kinoya baxmağı sevirəm. Çalışıram ki, kinorejissor kimi maraqlı filmlər çəkək. “Bəyin oğurlanması” filmi 1985-ci ildə çəkilib. Bu gün də dildən düşmür və hələ də reytinqlidir. Kino sənayesi mütləq yaranmalıdır. Mən bunun əksinə inana bilmərəm”.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında Zahirə Cabirin “Qoşa qırmızı palıd” hekayəsini təqdim edir. 

 

Laçının Hacışamlı sıx meşəsində şam, vələs, ağcaqayın, qarağac, akasiya, dəmirqara kimi irigövdəli ağaclar bitirdi. Bu səfalı, yaşıl meşədə iki nəhəng qırmızı palıd ağacı yan-yana böyüyür, sanki bütün meşəni qoruyurdu. Onlar o qədər qocaman idilər ki, heç kəs, hətta boz mamır belə, palıdların nə vaxtsa cavan olduğunu xatırlaya bilmirdi. Yazda qoca palıdların qalın budaqlarında turac, kəklik, qaratoyuq  şən nəğmələr oxuyar, budaqdan-budağa qonardı.  Palıdın kölgəsində bitən bənövşələr, inciçiçəkləri başlarını qaldırıb aşağıdan yuxarıya sevinclə palıda baxar, sanki demək istəyirdilər ki: “Yüz illərin qocaman, cəsur palıdı, çox sağ ol! Biz sənin kölgəndə asudə yaşayırıq.”

Qışda güclü qar fırtınası meşənin hər yerini ağ örtüyə bürüyəndə,  solmuş xəzəl çiçəkləri qar altında qalanda iki nəhəng kimi qoşa qırmızı palıd ağacları meşəni qoruyurdu.

 

Bir gün gözəl yurd yerlərinin başı üzərini qara buludlar aldı. Düşmən min bir hiylə ilə hər bitkisi min bir dərdə əlac, hər bulağının suyu möcüzə olan qəhrəman yurd yerlərini ələ keçirdi. Meşələrin sərvətinə  göz dikmiş xain düşmənlər talan etməklə kifayətlənməyib, əllərinə keçən nə varsa qırıb-çatdılar. Həmin vaxt qış fırtınası qopdu, səs-küylə kolluqlardan keçdi, düşmən əlinə keçməsin deyə ağacların zirvələrini qırdı və möhkəm gövdələri yıxdı. Yalnız nəhəng qoşa qırmızı palıd ağacları həmişəki kimi möhkəm və düz dayandılar, zülmü görsələr də bu torpaqların sahiblərinin tezliklə gələcəyi günü gözlədilər. Ancaq bu qədər güclü olmalarına baxmayaraq, həsrətdən gündən-günə qocaldılar.

Qocaman qoşa palıdların bitdiyi bu meşənin kənarında, kiçik bir təpədə çəmənliklə örtülmüş bir daxma vardı. Daxmanın iki kiçik pəncərəsi meşəyə baxırdı. Bir vaxtlar bu daxmada meşənin bəyi, sahibi yaşayırdı. İndi bu daxmada xain qonşuların əsir saxladığı kiçik bir ailə yaşamaqdaydı. Düşmənlər Laçını işğal edəndə Azər kişi ayağından yaralanmış, vaxtında yaraya baxılmadığından ayağı kəsilmiş, qoltuq ağacına möhtac olmuşdu. Arvadı Nargilə həyətlərinə düşən mərmi nəticəsində həyatını itirmişdi. Əsir düşən Azər körpələrinin sağ qalmalarından ötrü hər zülmü çəkməyə, onların dedikləri hər bir işi görməyə razı olduğunu bildirmişdi. O gözəl xarrat idi. Vaxtilə evlərin qapı, pəncərələrini, cehizlik sandıqları düzəldərək çox gözəl naxışlarla bəzəyən Azər indi çarəsiz halda, meşədəki  ağacları göz yaşı ilə kəsir, çəlləklər düzəldib ermənilərə verirdi. Düzələn bu çəlləklər çox baha qiymətə şərab zavodlarına göndərilirdi. Bu ailədə bir oğlan, bir qız uşağı da böyüyürdü. Oğlanın adı Rəfiq, qızın adı isə Sevil idi. İlboyu uşaqlar meşədəki cır meyvələri toplayıb qurudur, qışa azuqə toplayırdılar. Qışda isə meşədə qurduqları tələdəki quşlar, heyvanlarla atalarını sevindirərdilər. Neçə dəfə uşaqları aparmaq istəsələr də ata onları qorumuş, uşaqlarının ona kömək etdiklərini söyləmiş, əks halda onlar üçün daha çəllək düzəltməyəcəyini bəyan etmişdi. Pul hərisi işbazlar sevdalarından əl çəkmişdilər.

Artıq neçə illər idi ki, bu yerlərdə sərt qış özünü göstərirdi. Bu il yenə də meşəyə güclü qar yağmışdı. Bir gün bacı-qardaş, yəni Rəfiq və Sevil meşəyə getdilər ki, meşədə qurduqları tələyə baxsınlar. Yəni görsünlər ki, hansı heyvan, quş tələyə düşüb. Yaxınlaşanda tələlərdən birinə balaca ağ dovşan, digərinə isə kəkliyin düşdüyünü gördülər. Dovşan da, kəklik də sağ idi, onların ancaq ayaqları tələyə ilişmişdi.

- Buraxın bizi gedək! Anamız gəlmədiyimizi görsə, pərişan olar, ağlayar. Qoymayın analarımız ağlasın! – dovşan, kəklik səslənib imdad istədilər.  

Bacı, qardaş çox təəccübləndilər. Onlar heç vaxt meşə heyvanlarının və quşlarının insan kimi danışdığını eşitməmişdilər.

- Qardaş, sən də eşitdin. Onlar bizdən imdad diləyir, gəl onları buraxaq! –deyə Sevil dilləndi.

Az keçmədi ki, o qardaşı ilə birlikdə tələləri ehtiyatla açdı. Dovşan azadlığı hiss edən kimi, bacardıqca sürətlə meşənin dərinliklərinə qaçdı. Kəklik isə qanadlarının daşıya bildiyi qədər sürətlə uçdu.

“Dara düşsəniz, qoşa palıdın yanına gedin, onlar sizə kömək edəcək” - dovşan çaparaq qışqırdı. Eynilə bu sözləri kəklik də təkrarladı.

İllər keçdi. Artıq uşaqlar böyümüşdülər. Amma dovşanın, kəkliyin dediyi sözlər onların yadından çıxmamışdı. Həmin illərdə ataları neçə dəfə düşmənlərin sifarişiylə qocaman palıdları kəsmək istəmişdisə, onlar qoymamışdılar. İndi artıq ataları ölmüş, bütün ağır işlər onların öhdəsində idi. Rəfiq atasının ona öyrətdiyi xarratlığı davam etdirir, hər əzaba qatlaşır, bacı-qardaş ikilikdə birtəhər haqqın zəfər çaldığı günü gözləyirdilər.

Bir son payız gecəsi meşədə güclü küləklər əsdi. Külək bu torpaqların, meşələrin sahibinin gəlməsi xəbərini verdi. Qoşa palıd bu xəbərə sevinib sakitləşdi. Əsən güclü külək vıyıltıyla daxmanın köhnə, sökük pəncərələrindən girib damın uçurdu. Son dəfə əlləri heç nəyə çatmayan düşmən evləri dağıdır, yandırır, ağacları kəsirdi. Qoşa palıdı nə qədər baltasalar kəsə bilmədilər. Bu möcüzə onları qorxutdu, əllərindəki baltanı atıb qaçdılar.

Elə həmin an Rəfiq, Sevil qoca palıdın səsini eşitdilər: “Yanıma gəlin, mən sizi qoruyacağam” - dedi. Onların yadına uşaq olanda dovşan və kəkliyin dediyi sözlər düşdü.

“Qardaş, nə qədər ki, bizi öldürməyiblər qaçıb gedək, palıdlar bizi çağırır” – Sevil dedi.  Onlar tezliklə qoşa qırmızı palıda çatdılar. Palıd budaqlarını aşağı əyib vaxtilə onları kəsməyə qoymayan sadiq dostlarını qucaqladı. İndi heç bir fırtına onları qorxuda bilməzdi. Küləyin sədaları altında yellənən qoşa palıd sevindiyindən öz mahnısını oxudu:

İllərlə əsir oldum.

Bənövşə ayağımda,

Hər yaz çiçək açsa da,

Həsrət ilə sahibimi gözlədim.

Nə atılan güllələr,

Nə də mişar səsləri,

Bizi heç qorxutmadı,

Bizi əyə bilmədi.

Ədalət zəfər çaldı,

Halal mala, haram qatan,

Axırda əli boş qaldı.

 

Sevil və Rəfiq palıdlara qoşulub şən mahnını ucadan oxudular. Elə bu vaxt kölgə kimi atalarının əlində mişarla dayandığını gördülər. Amma, onun gözlərində bir sevinc vardı. Sanki o da palıdı kəsmədiyinə, övladlarının qoşa palıdın sayəsində qurtulduğuna sevinirdi.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

Cümə, 04 Avqust 2023 16:30

Səhnəmizin İsfəndiyar kişisi

 

Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum gününə

 

Onu azərbaycanlı tamaşaçılara ən çox sevdirən Rejissor Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində oynadığı İsfəndiyar kişi obrazı olub. Bu obraz insanlara sanki bir mənəvi, əxlaqi dəyərlər aşılayıb. 

Bu gün Azərbaycanın tanınmış, görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Xalq artisti Məmmədrza Şeyxzamanovun doğum günüdür. Bəli, həmin o İsfəndiyar kişini oynayan aktyorun! 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1915-ci il avqustun 4-də Gəncədə anadan olan sənətkar 2 yaşında ikən atasını itirib. Ailənin bütün yükünü anası Böyükxanım çiyinlərində daşımalı olub. Repressiya illərinin ən ağır sınaqlarından keçən ailə həmin dövrün çətinliklərinə məruz qalıb. M.Şeyxzamanov ibtidai təhsil aldığı müddətdə şagirdlər arasında istedadı, tərbiyəsi, savadı və biliyi ilə fərqlənib. 

Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz toxumlarını səpməkdə idi. Ona görə də orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olub. 1934-cü ildə Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılovun təşəbbüsü ilə teatra dəvət edilib. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edib. Bu, gələcək aktyorun peşəkar teatr səhnəsinə, sənət zirvəsinə doğru aparan yolda atdığı ilk müvəffəqiyyətli addımı olub. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olub. Azərbaycanda aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyib. Çalışdığı dövrdə “Vaqif”, “Fərhad və Şirin”, “Yaşar”, “İki qardaş” və digər tamaşalarda yaddaqalan obrazlar yaradıb. Yaratdığı müxtəlif səpkili obrazlarla daha çox tanınıb və sevilib. Teatrda “Göz həkimi”ndə Şahbazov, “Qış nağılı”nda Poliksen, “Fərhad və Şirin”də Xosrov, “Vaqif”də Qacar, “Otello”da Otello, “Aydın”da Aydın, “Qaçaq Nəbi”də Qaçaq Nəbi kimi bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradıb. Rollarını o qədər böyük aktyorluq məharəti ilə ifa edib ki, obrazın xarakterini aça bilib. Onun səslər içində seçilən, əsl səhnə və kino səsi olub. Həyatda da o, təkrarolunmaz və xaraktercə mətin, zəngin dünyagörüşə malik bir şəxsiyyət idi. 

M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə çıxıb. Bununla da kino yolunda ilk uğurlu çıxışı olub. Daha sonra Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilib. Müxtəlif illərdə “Qızmar günəş altında”da Alı kişi, “Leyli və Məcnun”da Dərviş, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Onu bağışlamaq olarmı”da polkovnik Qurbanov, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm kimi obrazlar yaradıb. 1963-cü ildə böyük sənətkar Adil İsgəndərovun Sabit Rəhmanın ssenarisi əsasında quruluş verdiyi “Əhməd haradadır” musiqili komediya filmində Şirin kişi rolunda çıxış edib. Rahat və yaradıcı sənətkar olduğundan onunla çalışmaq asan olub və hamıya xoş təsir bağışlayıb.

1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rejissor Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edib. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik M.Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən olub.

Qeyd edək ki, Xalq artisti Məmmədrza Şeyxzamanov 1984-cü il yanvarın 25-də 68 yaşında vəfat edib.

Və anadan olmasından 108 il ötən unudulmaz səhnə ustası Məmmədrza Şeyxzamanov Azərbaycan sənət tarixində öz yeri olan, bir çox uğurlara imza atmış sənətkarlardandır ki, onu unutmağa haqqımız yoxdur.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

 

Tanınmış uşaq yazarı Vüqar Haqverdiyevin “Qıvrımsaçın hoqqaları” adlanan yeni nağıl kitabı çapdan çıxıb. Nəşrin redaktoru yazıçı və tərcüməçi Əyyub Qiyas, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə, rəssamı isə müəllif özüdür.

 

Kiçikyaşlı uşaqlar üçün nəzərdə tutulan sözügedən kitab “Tutuquşu Cimi”, “Uçan mələfə”, “Bağça uşaqları zooparka gedir”, “Qızıl ilan” əməliyyatı” və “Uşaqlar sirkdə” adlı bir-birindən maraqlı beş hissədən ibarətdir. Əsər uşaq bağçasına gedən beş yaşlı dəcəl bir oğlanın başına gələn qeyri-adi sərgüzəştlərdən və əyləncəli hadisələrdən bəhs edir.

Müəllifin süjetlərə uyğun çəkdiyi rəngarəng və cəlbedici illüstrasiyalar uşaqlara əsərdəki obrazları və baş verən hadisələri daha aydın təsəvvür etməyə köməklik edir.

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən Özbəkistan mədəniyyət günləri çərçivəsində Muqimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edib, qardaş ölkənin sənət ocağının yaradıcı heyəti “Qayınana” tamaşası ilə azərbaycanlı teatrsevərlərin görüşünə gəlib.

 

Xalq artisti, korifey sənətkar Nəsibə Zeynalovanın baş rolda oynadığı 

“Qayınana” (Məcid Şamxalov, Zakir Bağırov, Tofiq Quliyev) komediyası Azərbaycan Mədəniyyətinin qızıl fondunda qərarlaşıb, “Qaynana” deyəndə hər bir azərbaycanlı məhz Nəsibə xanımı nəzərdə tutur. Və bu obrazda başqa heç kəsi görməyə alışmamışıq. Amma bu dəfə özbəklər tamaşadakı bütün rolları çox məharətlə ifa etdilər və bizdə belə bir təəssürat yarandı ki, Nəsibə xanım sağ olsaydı özü də bu tamanı bəyənərdi. 

 

Özbək “Qaynana”sının rejissoru Daston Xakberdiyev, dirijoru Akmal Turayev, rəssamı Cəlalədin Rahimov idi. 

Xatırladaq ki, özbək teatrının ifasında “Qayınana” tamaşası Musiqili Teatrın səhnəsində ötən ilin dekabrında rejissor, Əməkdar incəsənət xadimi Əsgər Əsgərovun quruluşunda Özbəkistanın Kattakurqan Şəhər Dram Teatrının kollektivinin iştirakı ilə də nümayiş olunmuşdu. Özü də 3 gün dalbadal, anşlaqla! 

 

“Ədəbiyyat və incəsənət”

(04.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.