Könül, “Ədəbiyyat və incəsənət”
“Formula 1” yarışları ilə adını dünya avtomobil idmanının yol xəritəsinə yazdıran Azərbaycan növbəti addımını atıb. Belə ki, Bakımızın füsünkar Heydər Əliyev Mərkəzi dekabrın 5-dən 8-dək Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində 2023-cü ilin yekununun ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) ev sahibliyi edir.
Və bununla bağlı olaraq Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olundu.
128 ölkədən nümayəndələr, o cümlədən FIA prezidenti Mohammed Ben Sulayem
FIA rəsmiləri paytaxtımıza gəlib.
FIA həftəsi qonaqlarının qarşılanma tədbirində çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti, Heydər Əliyev Fondunun icraçı direktoru, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs etdi.
“FIA və Azərbaycan Avtomobil Federasiyası komandası olaraq qonaqların hər birinin Bakıda özünü evdəki kimi hiss etməsi üçün çalışdıq və əminik ki, mötəbər qonaqlar ölkəmizdən müsbət təəssüratlarla ayrılacaqlar”
Çıxış üçün söz alan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illər ölkəmizdə avtomobil idmanının sürətlə inkişaf etdiyini, cəmiyyətdə bu idman növünə marağın artdığını söylədi, Azərbaycan Avtomobil Federasiyasının rəhbərliyinə görülən işlərə görə minnətdarlığını bildirdi.
Təbii ki, hamı səbirsizliklə FIA prezidenti Mohammed Ben Sulayemin çıxışını gözləyirdi. 2021-ci ilin dekabrından Federasiyanın rəhbərliyini qəbul etmiş, milliyyətcə ərəb olan FİA prezidenti Azərbaycan Avtomobil Federasiyasına, şəxsən Anar Ələkbərova, Azərbaycan hökumətinə bu tədbirə evsahibliyi etdiyi üçün təşəkkür etdi, bütün dünyaya ölkə mədəniyyətini “Formula 1” kimi tədbirlərlə göstərməklə Azərbaycanın daha gözəl nəticələr əldə edəcəyinə əminlik bildirdi.
Qeyd edim ki, Bakıda ilk dəfə təşkil olunan FIA Baş Assambleyasının iclası ilə yanaşı, FIA Fondu və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları da keçiriləcək. Həmçinin mükafatlandırma mərasimi çərçivəsində FIA pilotları da Bakıya səfər edəcək.
Xatırladım ki, FIA Baş Assambleyalarının iclasları və FIA Mükafatlandırma mərasiminin paytaxtımızda keçirilməsi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunub. Avtomobil idmanı sahəsində belə miqyaslı beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparıb. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.
İndi isə bir qədər proqram barədə. Heydər Əliyev Mərkəzi FIA tədbirlərinin əsas məkanı olacaq.
Heydər Əliyev Mərkəzinin foyesində tədbir boyu Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə cəlbedici xarici görünüşü və unikal texniki göstəriciləri ilə fərqlənən klassik və idman avtomobilləri sərgilənəcək. Bunlar “Lamborghini Huracan Sterrato”, “Legends Car” (Ford Coupe 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Cadillac Model M”, “Packard 645 Dual Cowl Phaeton” avtomobilləridir.
2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi isə dekabrın 6-da məhz Heydər Əliyev Mərkəzində təşkil ediləcək.
FIA Baş Assambleyasının yekun iclası dekabrın 8-də keçiriləcək.
Elə həmin gün Bakı Konqres Mərkəzində FIA Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək və bu mərasimdə avtomobil idmanı sahəsində müxtəlif nominasiyalarda mükafatlar təqdim ediləcək.
Bəli, Bakı möhtəşəm tədbirə evsahibliyi edir və paytaxtımızın qonaqları da çox xoşbəxtdirlər.
“Ədəbiyyat və incəsənət”
(06.12.2023)