Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın 130 illiyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 6-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın 130 illiyinə həsr olunmuş tədbir təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Muzeyin elmi kütləvi işlər şöbəsinin müdiri Xanımbacı Abdinova Azərbaycanın ilk qadın pianoçularından olan Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolu, onun musiqi mədəniyyətimizin inkişafında fəal iştirakı, maarifpərvər, pedaqoji fəaliyyəti haqqında çıxış edib.

Bildirilib ki, Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Şəhərdəki “Müqəddəs Nina” qızlar məktəbində oxuyub, burada mükəmməl musiqi dərsləri də alıb. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi Azərbaycanın mədəni həyatında fəal iştirak edib. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində də səylərini əsirgəməyən Xədicə Qayıbova repressiya qurbanı olub.

Tədbirdə “Ömür sonatası” sənədli filmi nümayiş olunub. Azərbaycan Televiziyasının “Sabah” studiyası tərəfindən Xədicə Qayıbovanın 130 illik yubileyi münasibətilə çəkilmiş “Ömür sonatası” sənədli filmi bu il geniş tamaşaçı auditoriyasına təqdim olunub. Filmin rejissorları Namiq Ağayev, Anaxanım Abdullayeva, ideya müəllifi və prodüseri Xalq artisti Ramiz Həsənoğludur.

Filmin nümayişindən əvvəl Xədicə Qayıbovanın rolunu ifa etmiş pianoçu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı, filmin məsləhətçisi, Bakı Musiqi Akademiyasının prorektoru, professor, Xalq artisti Yeganə Axundova yaradıcılıq prosesi haqqında təəssüratlarını bölüşdülər.

Tədbir Nərgiz Salmanlının və Bakı Musiqi Akademiyasının tələbələrinin ifalarında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Çıxışlar və musiqi ifalar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış və Xədicə Qayıbovanın həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

 

“Ədəbiyyat və incəsənət”

(07.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.