“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini yekunlaşdırır. Bu gün növbə Ulucay Akifindir.
ADINI BİLMƏDİYİM ŞEİR
mən müharibə görməmişəm,
vuruşmamışam Stalinqrad uğrunda,
nə Berlin divarının qarşısında
qurban getməmişəm bir mərmiyə…
ya da bir at belində,
qılınc-qalxanım əlimdə
atılmamışam döyüş meydanına,
amma bilirəm –
barmaqlar həmişə düşmən olub çəkilən tətiyə.
boğuşmamışam aslanlarla Afrika çöllərində,
hücum etməyib mənə yekədişli bir timsah
Nil çayının sahilində.
heç köpək balığı da görməmişəm,
amma üzmüşəm onlarla bir sularda
Ağ dənizdə, Qara dənizdə…
qərar verə bilməmişəm heç vaxt
əsmərlər daha gözəldi, sarışınlar, ya kürənlər?
çox axtarmışam sevgini ağ bənizdə, qara bənizdə.
güllərin adlarını da bilməmişəm,
amma çox sevmişəm qoxularını,
fərqi nə – adı Bənövşədi, Nərgiz, ya Lalə?..
sərxoş olub ayaqyalın gəzmişəm dəniz sahilində,
çox içmişəm eşq şərabından,
gecələr dolub-boşalıb piyaləm.
heç küləkləri də tanımamışam,
bilməmişəm adlarını –
hansı xəzridi, hansı gilavar?
amma sevmişəm onları da,
ona görə
pis günlərə yox,
gözəl günlərə “bir külək idi, əsib keçdi” demişəm.
bir külək kimi əsib keçib
adını unutduğum
qadınlar ömrümdən.
heç vaxt görməmişəm,
eşitməmişəm Allahı,
amma həmişə sevmişəm,
ümidlə gözləmişəm O gələcək sabahı…
dua etmişəm İstanbulda məsciddə,
Tiflisdə bir kilsədə,
Piterdə sinaqoqda…
həəə, indi yadıma düşdü,
mən eşitmişəm,
mən görmüşəm Allahı!
KÖLGƏ
bu qədər savaş və qanın,
ölümlər və yalanın içində
əlimin tərsiylə itələyib bu yumru dünyanı
masamın üstündən,
şeir yazmaq istəyirəm sənə.
şeir yazmaq – bacardığım ən gözəl biçimdə
şeir yazmaq istəyirəm sənə,
üçüncü minilliyin iyirminci ilində.
şeir yazmaq –
Adəmin Həvva ilə danışması kimi –
Insanoğlunun birinci dilində.
ey sən,
bütün uzaqları özünə məskən bilən!
hansı şəhərin yollarını xoşbəxt edir indi ayaq izlərin?
gündüzlər hansı küçələrdə rəqs edir kölgən,
gecələr hansı otaqlarda gizlənir?
ey sən,
bütün uzaqları özünə məskən bilən!
mən tanıyıram sən yaşayan küçəni də,
şəhəri də, ölkəni də
tanıyıram, səni isidən günəşi də,
səni üşüdən küləyi də,
tanıyıram səmanda uçan quşları,
tanıyıram bütün səndə unudulmuşları…
demirəm ki, o günəşi, quşları,
o küləyi, o küçəni, şəhəri…
demirəm ki, mənə ölkəni göndər,
heç olmasa, heç olmasa hərdən bir,
heç olmasa, heç olmasa gecələr,
heç olmasa mənə kölgəni göndər.
BAYILDA AXŞAMÇAĞI
Adın dodağımda çiçəkləyər hər axşamçağı,
hər axşamçağı sən yadıma düşərsən.
günəş qürub edəndə dağların arxasında,
hər axşamçağı sən yadıma düşərsən,
dəniz qoxusu neft qoxusuna qarışanda.
Hər axşamçağı
adamlar ötüb keçəndə yanımdan,
ağaclar ötüb keçəndə yanımdan,
dəniz ötüb keçəndə yanımdan,
sən yadıma düşərsən.
Bibiheybət məscidindən azan səsi
yayılar dağlara,
dalğalara,
yayılar ağaclara,
dənizə,
üzümü tutaram göylərə
“Ya Rəbb, mən də Sizin bəndənizəm”.
Adın dodağımda çiçəkləyər hər axşamçağı,
hər axşamçağı sən yadıma düşərsən.
Salam verərəm tanımadığım balıqçılara,
onlar da alar salamını tanımadıqları bu adamın.
Hər axşamçağı
xəbərsiz gələn bir kədər
çökər şəhərin üstünə,
çökər adamların, dağların,
ağacların, dənizlərin üstünə.
Və hər axşamçağı
adın çiçəkləyər dodağımda,
hardan gəldiyini bilmədiyim
bir ümid cücərər içimdə.
Ya Rəbb, nə yaxşı ki,
bu şəhərin, ağacların,
bu dənizin, dalğaların,
balıqçıların, balıqların
ümidi kədərindən az deyil.
ÖMRÜN XIRMANI
Şərtini şumda kəsmədiyimiz
ömrün xırmanındayıq.
Bundan sonra günəş çıxmasa da olar,
yağış yağsa da...
İndi ömrümün iyirmi yeddi
rəfində hamı yerbəyerdi
bundan sonra dost itirməsəm də, olar,
düşmən qazansam da...
Küləklər sığal çəkər şəhərin səssizliyinə,
daha gündüzlər uzanmasa da olar,
gecələr qısalsa da...
Mən elə bilirdim hamının
Allahı var bu yer üzündə,
daha Allah heç kimin olmasa da, olar,
hamının olsa da...
GİZLƏNPAÇ
ucuz ətin şorbası ilə bayram keçirən ailələr
şükür etməyi öyrətdi uşaqlara –
bizim balaca məhəllənin
kiçik evlərində...
o uşaqları
nə atalar sözləri aldada bildi,
nə də qorxuda bildi kapitalizmin qəddar marşları...
və beləcə,
kasıb ailələrin uşaqları da
yavaş-yavaş böyüməyə başladı...
O uşaqlar ki,
küçə davalarında
nə döyülənə lağ etdi,
nə döyəni alqışladı,
kin saxlamadı ürəyində.
O uşaqlar ki,
düzəltdiyi ilk oyuncaq
taxtadan silah oldu
müharibənin nəfəsini,
hiss etdi kürəyində.
O uşaqlar ki,
bacı, qardaş sözlərinin
qan bağı ilə yaranmadığını bildi,
dost dediklərimiz də
ailəmiz qədər bizdəndi.
Və biz
gizlənpaç oynayanda da
dostlarımızın tapa biləcəyi yerdə gizləndik.
“Ədəbiyyat və incəsənət”
(04.12.2023)