Bu dəfə gələcəyə səyahət edəcəyəm - QIZIMA SƏSLƏNİRƏM Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

Səyahət etməyi sevirsiniz? Mən sevirəm. Ən çox da keçmişə səyahət etməyi sevirəm. Nə dəyişdi, nə düzəldi, nələri dəyişə bildik, nə qədər inkişaf etdik - bunları görmək ümidilə ən çox keçmişlə bugün arasında müqayisələr aparıram. Bir müddət öncə sizinlə qadın hüquqları mövzusunda bir yazımı paylaşmışdım. Son dönəmlər aktual olan mövzulardan biri. Bir digər aktual mövzu isə Qaraqandır ki, bununla bağlı ilk dəfədir nə isə yazıram. Qaraqanın "BİRİNCİ DƏRƏCƏ" komandası artıq təxmin edir mövzu nədir. "Qızım" tracki.

Bu səfər isə keçmişə yox, gələcəyə səslənəcəyəm.

 

Qızım. Çox qəribə bir dünyaya göz açacaqsan. Olduqca maraqlı, acı dolu, sevinc dolu, bəlkə çox uzun, bəlkə sıradan bir həyat yaşayacaqsan. Bilməyini istədiyim çox şey var. Bu həyatda nə olur olsun, güclü olmaq hər insanın, hər bir qadının ilkin borcudur. Amma mən istəyirəm ki, sən məcbur olmayasan heç nəyə. Mən sənin arxa, dayağın olacağam. Sən də mənim gücüm, hüzurum. Bu dünyada nə olur olsun, hər yıxılanda sənə baxacaq, səndən güc alacağam. Hal-hazırda mənim 19 yaşım var. Amma bir gün sən mənim olsan, mənim həqiqətən bir qızım olsa, sənə bu dünyadan fərqli bir dünya verəcəyəm, söz verirəm. Sən heç vaxt eşitməyəcəksən "Sən qadınsan, dur bu işi gör" cümləsini. Sən heç vaxt görməyəcəksən bədəninin hər hansı bir yerində mavi, yaşıl, bənövşəyi rəngləri. Qızım. Səninlə danışmaq istədiyim, sənə demək istədiyim bir neçə şey var, yaxşı dinlə məni. Sən bu dünyaya gələndə, bil ki, bir mələk kimi gələcəksən və ömrünün sonunadək bir mələk olaraq qalacaqsan. Heç kim sənin qürurundan, sənin qəlbindən, sənin səbrindən və xətrindən üstün olmayacaq. Heç kimin din anlayışı, mentalitet düşüncəsi sənin həyat tərzini bəlirləməyəcək. Sən azad bir qadın kimi yetişəcək, hür bir insan kimi formalaşacaqsan. Sənin öhtəliklərin olmayacaq, sənin seçimlərin olacaq. Sənin məcburiyyətin yox, istəyin olacaq. Qızım. Sənin gələcək planların nə olacaq bilmirəm, amma mənim sənlə bağlı arzularım odur ki, hər şeyin üstəsindən tək gələcək qədər güclü, əlini ağdan qaraya vurmaq istəməyəcək qədər də zərif olasan. Bütün dünyanın sirlərini açacaq qədər zəki, amma qəlibləşdirilmiş dərsləri vecinə almayacaq qədər də ağıllı olasan. Sən bu dünyada necə olursan ol. Ən gözəl şəkildə var olacaqsan. 

Qızım. Mən səni kişilərə düşmən yetişdirməyəcəyəm. Sən həyatın hər anında insanları sevməyi öyrən, bunu istəyirəm, sevgi dolu ol. Bu dünyanın kirinə, nifrətinə inad, ən gözəl sən gül, ən çox sən xoşbəxt ol. Ruhumun sözü-avazı... Hər zaman əlinin biri yuxarı, biri aşağı baxsın. Mevlana rəqslərində olduğu kimi... Bir əlin dua etsin, bir əlin daim kömək etsin, daim ölümü bilsin və unutmasın. Nifrət, kin, əsəb kimi duyğulardan xəbərsiz ol. Sən bu dünyanı qüsursuz bil, qüsursuz tanı, qüsursuz yaşa. Amma səhv etməkdən də qorxma. Səhvlərinlə birlikdə böyü, düzlərinlə özünə bir cığır aç. Əsrlərin kitablarını oxu və bil ki bu dünya, sənin dünyan sadəcə sevgiylə, sənin o kiçik qəlbindəki nurla gözəlləşəcək. Daim işıq saç. Kiməsə görə yox, öz yolların aydınlıq olsun deyə. Kimdənsə qorxma, hətta yaradandan belə. Öz qəlbini o qədər gözəl tanı, o qədər gözəl yetişdir ki, tanrının səni sevdiyindən o qədər əmin ol ki, əllərin səmaya qorxuyla yox, hüzurla açılsın daim. Bil ki, sadəcə o olacaq sənin qəlbinə fərəhlik verən və sənin qurduğun, sənə qurduğum yepyeni nağıllar aləminə bənzər o dünyada sənə dəstək olan.

Sən biləcəksən ki, sənin anan əslində gənc bir yazıçı olmaq xəyalı qurub və minlərlə qadına aid yazı yazıb, hətta bəzən üsyanlar  edib tanrıya ki, niyə bu qədər canlar yanır?! Amma sən elə bir dünyada yaşa ki, əsla üsyan edəcək səbəbin olmasın. Sən kişilərdən qorxmaq yerinə tanrıya "yaxşı ki bu dünya qadın və kişilərin birlikdə həyat sürdüyü yer olaraq qurulub" deyə biləcək qədər şanslı ol. 

Qızım. Mən sənə söz verirəm ki, həmçinin sənin nə atan, nə qardaşın sənin həyatını almayacaq səndən. Sənə səndən başqası toxunmayacaq, səni səndən başqası gücdən sala bilməyəcək. Və mənim sənə yeganə şərtim odur ki, sənə yaradacağım dünyanın sənin olduğunu unutma. Unutma ki, səni heç sən də yıxa bilməz. Səni sevirəm. Mən var olmayan, amma var olanda daha çox sevəcəyim qızımı çox sevirəm. Diləyirəm, heç vaxt "kaş ki" deməzsən. Çünki mən sənin üçün bu cəmiyyəti "yaxşı ki" deyiləcək hala gətirməyə çalışacağam.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.