BU GÜN FORUMUN İKİNCİ GÜNÜDÜR
Könül, “Ədəbiyyat və incəsənət”
Mədəniyyətin əsas qolunu təşkil edən yaradıcı sənayelər, bir qayda olaraq diqqətdən kənarda qalır, necə deyərlər, öz başını saxlayaraq inkişaf edirdi. Halbuki yaradıcı sənayelər çoxşaxəli şəbəkəyə malik olaraq əsasən mənəvi təlabatı ödəyən və daha çox təmənnasız xidmətə köklənən, humanitar məzmunlu olan mədəniyyətin maliyyələşməsini təşkil edə bilirlər. Yəni, dünya mədəniyyəti tək patronlar hesabına deyil, həm də yaradıcı sənayelər hesabına maliyyələşirlər.
Kiçik bir arayış təqdim edim: Məlum olduğu kimi, Yaradıcı və Mədəniyyət Sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olmaqla iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya və innovasiyaları birləşdirən sənaye növüdür. YMS-lər ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual - video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiya sahələrindən ibarətdir və bu sahələrin biznesinin inkişafını nəzərdə tutur.
Çox yaxşı haldır ki, Azərbaycanın yeni mədəniyyət naziri və onin komandası heç nəyin kölgədə qalmasına imkan vermir.
Noyabrın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun açılış mərasimi oldu.
Əvvəlcə iştirakçılar kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilmiş Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO 2023) ilə tanış oldular. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.
Açılış mərasimində mədəniyyət naziri Adil Kərimli çıxış etdi və forumdan gözləntilərin böyük olduğunu bildirdi. Nazir söylədi:
“Dövlətimiz mədəni və yaradıcı sahələrə önəm verir. Ona görə dövlət strategiyasına uyğun mövcud ekosistemlərin fəaliyyətini araşdırmaq, bu sahəni inkişaf etdirmək əsas məqsədimizdir. Düşünürəm ki, forumda ortaq problemlər səslənəcək və onların həlli istiqamətində işlər görüləcək".
Sonra çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev keçirilən forumun ölkə iqtisadiyyatına müsbət töhfə verəcəyini diqqətə çatdırdı. Bildirdi ki, İqtisadiyyat Nazirliyi tərəfindən “İnnovasiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanır və sözügedən layihə dövlət orqanlarında razılaşdırma mərhələsindədir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa forumun yaradıcı və istedadlı şəxslərə imkanlar yaradacağını vurğuladı. Qeyd etdi ki, bu cür forumlar ölkənin potensialını üzə çıxarmağa imkan yaradır.
Dünən həm də “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya təşkil olundu.
Qeyd edim ki, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə keçirilən tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fondun fəaliyyəti barədə danışdı, Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirdi.
“British Council” təşkilatının yerli ofisinin direktoru Nərgiz Hacıyeva “Creative Spark: Ali Təhsil Müəssisəsi Proqramı” adlı layihənin uğurla həyata keçirildiyini vurğuladı, bildirdi ki, “Creative Spark” Birləşmiş Krallığın dəstəyi ilə ümumilikdə yeddi ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.
Art market üzrə litvalı mütəxəssis, “artXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaite yaradıcı və mədəni sənayenin yalnız gözəllik deyil, həmçinin iqtisadiyyat olduğunu bildirdi. O, insanların düşüncə tərzini dəyişərək, bu sahənin gəlir mənbəyinə çevirməyin vacib olduğunu söylədi.
Qırğızıstanda Yaradıcı Sənayelər Assosiasiyasının sədri Daniar Amanaliyev, ölkəsində fəaliyyət göstərən Yaradıcı sənaye parkı haqqında danışdı.
Tədbirdə digər çıxış edənlər - Beynəlxalq Biznes və Texnologiyalar İnnovasiyaları üzrə israilli ekspert Tal Catran və Marketinq və Rəqəmsal transformasiya üzrə ekspert Fəxri Eminov kreativ sənayenin inkişafının iqtisadiyyata töhfəsi barədə danışdılar.
Üç gün davam edəcək forumun bugünkü ikinci günündə də müvafiq dövlət qurumlarının rəhbərlərinin və yaradıcı sektorun təmsilçilərinin iştirakı ilə ayrı-ayrı sahələr üzrə yaradıcı sənayelərə dair panel sessiyalar və dəyirmi masalar keçiriləcək.
Noyabrın 29-30-da Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar da təşkil olunacaq.
Sonda bir xatırlatma da edim. Məhz 2021-ci ildə - BMT tərəfindən elan edilmiş “Dayanıqlı İnkişaf üçün Yaradıcı İqtisadiyyat Beynəlxalq İli”ndə təşəbbüs qrupu uzun müddətdir ki, üzərində çalışdığı bir ideyanın həyata keçirilməsi sevincini ictimaiyyətlə bölüşdü. Belə ki, nəhayət yaradıcı sənayelərin inkişafı sahəsində koordinasiyanın həyata keçirilməsi, bu sahədə beynəlxalq və yerli layihələrin idarə olunması, yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla bu sahəni tənzimləyən dövlət qurumlarını və biznes tərəfdaşları əlaqələndirəcək Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis olundu.
Elə hazırkı Forumda bu federasiya da fəal iştirak etməkdədir.
Bir sözlə, bizləri çox maraqlı və faydalı daha iki forum günü gözləyir.
“Ədəbiyyat və incəsənət”
(29.11.2023)