Super User
“Orda azadlıq var...” - Tural İsmayılovun şeirləri
“Ədəbiyyat və incəsənət” portalı Tural İsmayılovun şeirlərini təqdim edir. İstedadlı gənc olan Tural xeyli müddətdir ki, ədəbi gəncliyin təmsilçisidir. Amma son aralar onu bir politoloq, siyasi şərhçi kimi də görürük. Turalın yenidən şeirə qayıdışı, əlbəttə ki, əlamətdardır.
Səssizliyin ovçusu
Sükutum səsin dəyərsizliyindəndir,
Bəzən susmaq hissi
Danışa bilməmək arzusu
Üsyan etməməyin aşiqidir
Səssizliyin ovçusu olan qəlblər.
Təəccübümüz dünyanın ədalətsizliyindəndir,
Savaşlarda tökülən qanlar
Yarım qalmış xəyallar
Mələk olan körpələrin gözləridir
Paramparça olan qəlblərin dənələri.
Düşüncə burulğanlarında it-batmışlıqdır,
Cəmiyyətin xofu
Arzuların heçliyi
“Yaxşı olacağ”a inamsızlıqdır
Yaradıcı ruhun qəlibləri.
Xəritələrdə dünyanın qəskarlığıdır,
Qılınclar oynadı
Toplar partladı
Qırıcılar indi də bombalayır,
Hardasa bir şair evində
Misraların yanmağıdır səssizliyin simvolikası.
Səmada hər şey
Səmada hər şey var
Orda azadlıq var,
Quşlar qanad çırpanda sən dərdlərinlə boğulursan
Orda sonsuz ümmanlar var,
Qaçmağa yer axtaranda ora gedə bilmirsən
Orda axtarış var
İnsan özünü fəth etməmişkən oranı fəth etmək istəyir
Və orda bir göy var ki,
Ayla Günəş anlaşıb bir-birini əvəzləyir
Sən isə Yeri tarimar edirsən.
Freyd
Bəzən elə uzaqlardadır ki doğmalar
Bəlkə heç tanımırıq
Bəzən isə elə yaxındadır ki yadlar
Evimizin içində onlarla danışırıq.
Bir axşam yuxumuzdadır uzaqdakı doğmalar
Görmürük
Amma danışırıq
Eşitmirik
Amma duyuruq
Bir də var ki,
Ən yaxınımızla aramızda kainatlar var,
Eşidirik,
Danışırıq,
Ola bilər ki, hətta sevirik,
Amma yaşaya bilmirik.
Bildiyimiz isə birdir
Freydin sirrləri bizim reallıq güzgümüzdür.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
“Zəfərin uşaqları” hekayə müsabiqəsinin qısa siyahısı açıqlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı, “Hədəf Şirkətlər Qrupu” MMC-nin baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsinə göndərilən hekayələrin qısa siyahısı məlum olub.
ANAİB-dən “Ədəbiyyat və incəsənət portalına bildirilib ki, qaliblərin mükafatlandırılması mərasimi iyunun 2-də XI ANAİB Kitab Sərgisində (II Xırdalan Kitab Sərgisi) keçiriləcək.
Müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir. Müsabiqə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir.
Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (ilk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq) və ilk 3 yerin qalibi diplom və pul ilə mükafatlandırılacaq. Bundan başqa hekayələr “Auidokitab” tərəfindən səsləndirilib platformanın tətbiqinə yerləşdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
AYB-də Mənsurə Qaçayqızının kitabı təqdim olunub
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı-publisist Mənsurə Qaçayqızının “Yad şəhərin yuxusu” adlı hekayələr kitabının təqdimatı keçirilib.
Mina Rəşidin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, tədbirdə ilk olaraq yazıçı, Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəyli bir müəllif kimi Mənsurə Qaçayqızını qonaqlara təqdim edib. M.Qaçayqızının yazılarının gözəl ruhundan, maraqlı təsvirlərindən söhbət açan yazıçı müəllifə daha böyük uğurlar arzulayıb. Sonra tədbirin aparıcısı yazıçı Narıngül Nadir müəllifin hekayələrinin özəlliyindən danışaraq qonaqlara söz verib.
Tədbirdə yazıçı və şairlərdən Təranə Vahid, Kənan Hacı, Fəxrəddin Teyyub, Ay Bəniz Əliyarlı, Fəxrəddin Meydanlı, Şəfəq Sahibli və başqaları çıxış edərək Mənsurə xanımın yazılarının dəyərindən danışıb, şeirlərindən nümunələr söyləyiblər.
Qeyd edək ki, AYB-nin üzvü, M. Qaçayqızı Bərdə rayonunun Uğurbəyli kəndində anadan olub. ADPU-nun Riyaziyyat fakültəsini bitirib. O, Şəhid polkovnik-leytenant Elzamin Təhməzova həsr olunmuş “Şuşanın qoxusu gəlir”, Şuşada şəhadətə ucalan Şəhid Baxış Rəhimliyə ithaf edilən “Çinar ömrü” və başqa kitabların müəllifidir.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Nassim Taleb: “İnsanlar hamısı isə özünüaldanışın böyük ustalarıdır”
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim etməkdəyik. Dünyaşöhrətli sosioloq və kouç Nassim Talebin «Qara qu quşu» kitabından geniş bəhs edəcəyik. Ümumi tirajı 10 milyon nüsxəyə çatan, artıq 32 dildə oxunan «Qara qu quşu»nda ən əsas bizim qəfil baş verənlərə, xüsusən iri masştablı hadisələrə qarşı korluğunuz barədə danışılır. Səbəbi araşdırılır ki, niyə bəşəriyyət diqqətini qloballara deyil, lokallara ayırır, niyə alimlər və qeyri-alimlər, dühalar və qeyri-dühalar milyonları unudub qəpik-quruşları sayırlar? Niyə biz nəhəng təsirlərə malik mümkün ola biləcək əhəmiyyətli hadisələrə deyil, xırda-xuruş işlərə səfərbər oluruq? Yeri gəlmişkən, hədəfi düz seçməməkdən qaynaqlanan uğursuzluğun kökündə həm də bunlar dayanır axı.
Nassim Talebin maraqlı və düşündürücü fikirlərindən seçdiklərimdən hər gün 5-ni sizlərin ixtiyarına çatdıracağam. Beləliklə, növbəti 5-lik:
- Tarix və cəmiyyətin irəli hərəkəti sürünməklə deyil, çapmaqla baş verir.
- Mən qəfil dərk etdim və indi də bu təəssüratla yaşayıram ki, biz hamımız retrospeksiya üçün əla bir maşınıq, insanlar hamısı isə özünüaldanışın böyük ustalarıdır.
- İnsanları kateqoriyalara bölmək vacibdir, amma vacib olduğu qədər də iki kateqoriyanın sərhədində mövcud olanların yerləşdirilməsi üçün problemlidir.
- Müəyyən hissə kapital bizi varlıya çevirə bilməz, düzdür, amma güzəranı düşünmək qayğısına qalmadan bir işlə rahat məşğul olmağa imkan yaradır. O, bizi beyin fahişəliyindən, daxili təzyiqlərdən azad edir.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Vandalizm bu dəfə Sabirabadda!
Tarixi abidədə aparılan icazəsiz təmir-bərpa işlərinin qarşısı alınıb
Son günlər tarixi abidələrə edilən müsaxilələr intensivləşib. Növbəti xəbər Sabirabad rayonundandır.
Sabirabadın Qurban Namazəliyev küçəsində yerləşən 4952 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsində qanunsuz təmir-bərpa işlərinin aparıldığı aşkar edilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Salyan Regional idarəsinin əməkdaşları tərəfindən abidəyə baxış keçirilən zaman aşkar olunan təmir-bərpa işləri dərhal dayandırılıb.
Diqqətə çatdırılıb ki, abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının rəyi nəzərə alınmaqla, Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır.
Əks halda aparılan hər hansı təmir-bərpa işləri tarixi abidəyə müdaxilə kimi qiymətləndirilir və abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Nüsrət Kəsəmənlinin nəvəsi “Mister Azerbaijan” oldu
Mayın 30-da "Miss & Mister Azerbaijan - 2023" Milli gözəllik müsabiqəsinin final mərhələsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqənin kişi qalibi adını görkəmli Azərbaycan şairi, sevgi şeirləri dillər əzbəri olan Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli qazanıb.
Məlum edək ki, gənc, istedadlı Cavidan Kəsəmənli aktyordur. O, həm də Vətən Müharibəsi iştirakçısı, Müharibə Veteranıdır.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Halal çempionatda halal uğur!
Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvləri beynəlxalq çempionatda uğurla çıxış ediblər
Milli Kulinariya Mərkəzindən gedəndən sonra ölkənin tanınmış kulinarı Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Assosiasiyası yaradaraq mətbəximizin təbliği işini davam etdirir. Və budur, assosiaaiyanın üzvlərindən ibarət milli kulinariya komandamız Tatarıstanda keçirilən Dünya Halal Çempionatında uğurla çıxış edib. Çempionatda iştirak edən 15 komanda öz milli mətbəxlərini nümayiş etdirib. Çempionat çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Azərbaycan-Qarabağ Milli Mətbəx Günləri təşkil olunub. Milli mətbəx günlərinə görə Azərbaycan Milli Kulinariya Komandası qızıl medallarla mükafatlandırılıb (7 komanda üzvü – 7 qızıl medal).
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə ötən gün Bakıda çempionatın yekunlarına dair mətbuat konfransında Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov məlumat verib.
Sözçü bildirib ki, çempionatda kulinarlarımız Azərbaycan mətbəxindən müxtəlif xörəklər, salatlar və şirniyyatlar hazırlayaraq təqdim ediblər. Həmçinin Milli Mətbəx günlərində canlı milli musiqi və rəqslər ifa olunub. Eyni zamanda milli geyimlərimiz nümayış edilib.
Tahir Əmiraslanov deyib ki, tədbirdə iştirak edənlərə “Qarabağ mətbəx inciləri” kitabı hədiyyə olunub:
“Xüsusən vurğulamaq istərdim ki, ölkəmiz tədbirdə həm WICS prezidenti kimi, həm beynəlxalq münsiflərin sədri qismində, həm də təşkilatçı kimi təmsil olunub. Çempionatda Kazan şəhərinin komandası birinci kubok və qızıl medal, Azərbaycan isə ikinci kubok və gümüş medal qazanıb. Milli komandamızın kapitanı əfsanəvi usta aşpaz Ziya Şahbazov idi. Komanda üzrə və fərdi yarışlardan komandamız 13 qızıl, 12 gümüş və 1 bürünc medal qazanıb”.
Tədbirdə çıxış edən digər natiqlər çempionatın milli mətbəximizin tanıdılması baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonda Beynəlxalq Halal Çempionatında iştirak etmiş kulinarlarımıza diplomlar təqdim olunub.
Tahir Əmiraslanovun çıxışından seçmələr növbəti buraxılışlarda diqqətinizə çatdırılacaq.
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Milli Xalça Muzeyində bu günə həsr olunmuş festival keçiriləcək
İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir. Həmin gün azyaşlı uşaqlara hədiyyələr, yeni libaslar alınır, onları gəzməyə, əyləncə yerlərinə aparırlar. Mövzuya keçməzdən əvvəl əməkdaşımız Kənan valideyinlərə xatırlatma edir ki, böyük uşaqlar da gərək bu gün diqqətdən kənarda qalmasın. Onların hədiyyəyə ehtiyacları olmaya bilər, amma ildə bir dəfə bu bayram günündə onlarla səmimi danışmağa, onları dərk etməyə çalışsanız əla olar.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, əlamətdar gün münasibətilə Azərbaycan Milli Xalça Muzeyi uşaqlara gözəl bir hədiyyə hazırlayıb. Belə ki, muzeyin uşaq şöbəsi tərəfindən açıq havada təşkil olunan musiqili-əyləncəli festivalda müxtəlif rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim ediləcək. Burada həmçinin muzeyin Uşaq Birliyi və Uşaq Musiqili Teatr Studiyasının üzvlərinin iştirakı ilə şöbənin əməkdaşları tərəfindən səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq.
Tədbirdə Penza şəhərindəki Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində “Geyim dizaynı” ixtisası üzrə təhsil alan tələbələrin “Stilizə olunmuş Azərbaycan milli geyimi” sərgisi də nümayiş olunacaq.
Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” tədris proqramı çərçivəsində muzeyin balaca dostlarının öz əlləri ilə yaratdıqları geyimlərdən ibarət “Məxmər fashion show” moda nümayişi isə festivala xüsusi rəng qatacaq.
Maraqlı, rəngarəng proqramı olan festivalda müxtəlif ustad dərsləri, diskoteka təşkil olunacaq, həmçinin uşaqlara çəmənlikdə piknik edərək proqramı izləmək imkanı yaradılacaq.
Daha bundan başqa nə istəyirsiniz? İndi qalır sadəcə valideyinlərin işaqları festivala aparmaları!
“Ədəbiyyat və incəsənət”
(01.06.2023)
Qırmızı ölüm aparatının repressiya kabusu – Yakutiyanın Baş yazarı portalımıza yazır
“Ədəbiyyat və incəsənət” portalına tanınmış jurnalist Aida Eyvazlının vasitəsilə Yakutiya Yazıçılar İttifaqının sədri, Saxa Yakutiya Republikasının xalq şairi Natalya Xarlampyeva “YAKUTİYANIN REPRESSİYAYA UĞRAYAN YAZIÇILARI” yazısını təqdim edib. Yazını dilimizə Aida Eyvazlı çevirib. Yazını oxucularımıza təqdim edirik.
Mən uzaq Yakutiyadan bizim türk qan qohumlarımızı salamlayıram. Bizim yazımız, taleyimiz, bəxtimiz və ədəbiyyatımız, başımıza gətirilən bədbəxt hadisələr də eynidir, bir-birinə bənzəyir. Bu gün – 31 mayda Qazaxıstanda Siyasi Repressiya qurbanları anılır. Digər türk xalqları da ayrıca belə bir gün keçirsələr yaxşı olar. Repressiya olunanların hər birinin xatirəsi bizim üçün əzizdir.
Mən bu gün sizə yakut ədəbiyyatının baniləri olan üç klassik yakut yazıçısı haqqında danışmaq istəyirəm. Onların çox ağır taleləri olub. Çar Rus İmperiyasının dövründə belə hesab edilirdi ki, yazılı yakut ədəbiyyatı 125 il bundan əvvəl yaranıb. Biz də 2025-ci ildə ədəbiyyatımızın 125 ilini qeyd edəcəyik. Bu tarix bizə hələ sabiq sovet dövründən diqtə edilib, hələ ki, onu belə qeyd etməliyik. Lakin hər bir xalqın şifahi, xalq yaradıcılığı, folkloru, mifləri və əfsanələri vardır. Bizim Saxa xalqının isə bütün bu mədəni dəyərləri daha da zənginləşdirən OLONXO kimi qəhrəmanlıq dastanı vardır. Dünya dastanlarının mahir bilicisi Vladimir Derjavin bizim Olonxonu - “Yenilməz Nyurgün Batır “ dastanını ilk dəfə rus dilinə çevirib. Bu dastanı Gilqamış dastanına bərabər tutub. Həqiqətən də məna etibarı ilə bizim Olonxo çox möhtəşəmdir. Burada dünyanın yaranışı, xeyirin göylərdə dövran etməsi, ədalət və haqq, azadlıq uğrunda mübarizə aparan qəhrəmanların mədhi və onların dünyaya əmin-amanlıq gətirməsi haqqında danışılır... Ona görə də, əgər söhbət Saxa xalqının yaradıcılıq tarixindən, ədəbiyyatından gedirsə, o zaman bu, 125 ilə sığmayan bir salnamədir.
Bu gün mən sizə yakut ədəbiyyatının 3 klassiki haqqında danışmaq istəyirəm. 1900-cü ildə Aleksey Kulakovskiy Eksekülya “Bayanayın alqışı” adlı poema yazdı. Kulakovskinin adının mənası qartal deməkdir. Bayanay tayqanın ruhudur, o ovçuları qoruyur və uğur gətirir. Buna görə də Bayanay ruhunu daima sakiləşdirməli və alqışlamalısan. Kulakovskiy də bu məqsədlə “Bayanayın alqışı” poemasını qələmə almışdı.
Kulakovsikinin ali təhsili yox idi, lakin ana dilimiz üçün onun xidmətləri heç bir ölçüyə gəlməz. O, universitetlər bitirən alim və akademiklərdən da çox iş görüb. O, xalqımız üçün təkcə mötəbər ədəbiyyat yaratmaqla kifayətlənməyib, eyni zamanda bizim folklorumuzu, adət-ənənəmizi araşdırıb və elmi məqalələr yazıb. Onun yazdığı əsərlər bu gün də öz aktuallığını itiməyib. Lakin bununla belə onun yaratdığı əsərlərin içərisində “Şamanın yuxusu”nu xüsuisi ilə qeyd etmək lazımdır. Bu əsəri oxuyanda görürsən ki, yazıçı illər əvvəl başlayacaq qloballaşmanı və bu prosesin azsaylı xalqların həyatına gətirəcəyi fəlakətləri yazıb. Aleksey Yeliseyeviç özündən sonra “Yakut ziyalılarının məktubu” adlı çox böyük fəlsəfi əhəmiyyəti olan əsər qoyub gedib. Həmin 1912-ci illərdə siyasi sistem rus dilində yazmağı tələb edirdi. Bu əsəri rus dilində yazmaqla xalqın taleyini həll eləyən rus məmurlarının onu eşitməsini istəyirdi. Bu əsərində o xalqın inkişafının müstəvisini, onun Rus imperiyasında yerini göstərmək istəyir. Əsərdə göstərilən bir çox məqamlar bu gün də bizim xalqı narahat edir.
Aleksey Yeliseyeviçin ardınca isə Anempodist Safronov - Alampa gəlir. Alampa ən incə ruhlu şeirlər yazan lirik şairdir, demək olar ki, yakut lirik ədəbiyyatının banisidir. Əgər Kulakovski “Şamanın yuxusu” poemasında olduğu kimi sosial, siyasi, elmi mövzuları qələmə alırdısa, Alampa insan qəlbinin ən mübhəm və incə çırpıntılarını, duyğularını, insanın bu dünyada mövcudluğunu, sevgi və məhəbbəti canlı və obrazlı şəkildə yazırdı. Onun hər bir sətri bu gün də bizi həyəcanlandırır, duyğulandırır. Yakutiyanın Yazıçılar Birliyi Anempodist Safronov-Alampanın əsərlərindən ibarət ədəbi irsini əbədiləşdirmək üçün bu gün də yorulmadan çalışır. Ötən il, biz Alampanın bir şeirini dünyanın 33 dilinə çevrrərək, bir şeirindən ibarət nəfis hədiyyəlik kitabını çap etdik. Alampanın özündən sonra nəslini davam etdirəcək heç kimi qalmayıb. Lakin biz, Yakutiyanın Yazıçılar Birliyi onu Yakut poeziyasının atası hesab edirik.
Ədəbiyyatımızın üçüncü klassiki isə prozaik, dramaturq Nikolay Denisoviç Neustroyevdir. Onun ömür yolu uzun olmayıb, çox cavan ikən dünyasını dəyişib. Onun yazdığı dram əsərləri bu gün də bizim teatr səhnələrimizi bəzəyir, onun yazdığı əsərlərə filmlər çəkilir. Onun əsərləri hər gün özünə yeni oxucular cəlb edir.
Bəs gəlin görək bu üç klassikin taleyi necə oldu? 1946-cı ildən etibarən bu üç yazıçıya qarşı burjuaziya milliyyətçiliyi ittihamı ilə kampaniya başladı. Stalin rejimi belə hesab edirdi ki, bu üç yazıçı varlıları tərənnüm edir və mülkədarların ideologiyasını cəmiyyətə daşıyırlar. Əslində, Alampa və Neustroyev kimi Kulakovskiy də sovet rejimini qəbul etmişdi, bu sistemin qayda-qanunlarına tabe olub, sistem üçün işləyirdi. Son məqəmda onların bu xidmətləri nəzərə alınmadı, onları milliyyətçilikdə günahlandırdılar. Kulakovskiy və Neustroyev repressiyanın məngənəsindən qaça bilsələr də, onlara qarşı edilən haqsızlığa dözməyib, bu dünyandan tez köçdülər. Alampa isə... 1928-ci ildə milli təşkilat yaratmaq maddəsi ilə ittiham olunaraq, xüsusi təhlükəli siyasi və ağır cinayətkar kimi Sibirin Solovetsk adalarındakı “Solovka” məcburi əmək düşərgəsinə göndərildi. O, Yakutskda Yemelyan Yaroslavskiyə cəza müəssisəsinin dəyişdirilməsi barədə məktubla müraciət etdi. Yaroslavski özü ziyalı kimi siyasi baxışlarına görə sürgündə olsa da, hakimiyyət dairələrində fikirlərinə hörmətlə yanaşılırdı. Yaroslavskinin təqdimatına əsasən Alampanı Solovkadan Arxangelskə, sonra isə İrkutska sürgün etdilər. Cəzasını çəkib vətəninə qayıtdıqdan qısa bir müddət sonra, Alampa da repressiya düşərgəsində çəkdiyi ağır zillətlərin nəticəsində çox yaşaya bilmədi, 1935-ci ildə dünyadan köçdü.
Bunlar azmış kimi, daha sonra yazıçılarımızın əsərləri repressiyaya uğradı. 1952-ci ildə Yakutiya Vilayət Partiya Komitəsi katibi Semyon Zaxaroviç Borisov tərəfindən Kulakovskinin, Alampanın və Neustroyevin əsərlərinə tamamilə qadağa qoyulması haqqında qərar qəbul edildi. Bu qərara əsasən məktəblərdə, texnikumlarda, ali təhsil ocaqlarında bu yazıçıların həyatı və əsərlərinin öyrənilməsinə qadağa qoyuldu. Kulakovskinin bir oğlu qalmışdı. Onun oğlu Reas Alekseyeviçin övladlarının təhsil aldığı məktəbdə, kitabxanalarda onların gözü qarşısında babaları Kulakovskinin əsərləri götürülərək tonqallarda yandırılırdı... İllər keçəndən sonra Kulakovskinin nəvələri bu xatirələrini danışanda, təbii ki, müasir dövrün insanları bu acı xatirələri ürək ağrısı ilə dinləyirdilər.
Bu görkəmli yazıçıların əsərlərinin yığışdırılması, adlarının çəkilməsinə qadağa qoyulması təbii ki, saxa xalqı, yakut ədəbiyyatı, yakut ziyalıları üçün ağır zərbə idi. Bu, gənc yakut ədəbiyyatının kökünə vurulan baltaya bənzəyirdi. Lakin sən demə bu hələ başlanğıc imiş...
1937-ci ildə Saxa xalqının böyük oğlu, respublikanın rəhbəri, istedadlı yazıçı, şair və siyasi xadim Platon Alekseyeviç Oyunski Moskvada həbs olunaraq, əvvəlcə İrkutska, sonra isə Yakutskdakı həbsxanaya gətirilmişdi. O, dahi bir insan, parlaq rəhbər idi. İstintaqçılar onu Sovet İttifaqının əleyhinə olaraq, Yaponiya kəşfiyyat idarəsinə işləməkdə etirafa məcbur etdirmək istəsələr də, Oyunski onların bu ittihamını rədd edirdi. Görmədiyi bir işi necə etiraf edə bilərdi ki? O bolşevik idi, o sovet hakimiyyətinə inanırdı, Sovet hakimiyyətinin qurduğu respublikanın rəhbəri idi, əsərlərində daima qırmızı inqilabı mədh edirdi... Yakutsk həbsxanasında işgəncələrə tab gətirməyən Platon Alekseyeviç məhkəməyə qədər dözə bilmədi... 1939-cu ildə ölüm xəbəri yayılan Platon Oyunskinin harada güllələndiyini bu gün də kimsə bilmir. Əfsuslar olsun ki, bu gün də Platon Oyunskinin məzarı yoxdur. Onun təmiz adı 1957-ci ildə reablitasiya olundu.
O gündən edibarən adları repressiya siyahısından çıxarılan yazıçılarımızın əsərləri də reablitasiya olunmağa başladı. Onların adlarının xalqa qaytarılması üçün çox ağır və şərəfli işlər görüldü, əsərləri yenidən çap olunmağa başladı. Bu gün mən bu adların xalqa qaytarılmasında əməyi keçən, ədalətin bərqərar olmasında mübarizə aparan klassiklərimiz haqqında da danışmaq istəyirəm. Onlardan biri professor Georgiy Prokopyeviç Başarin idi. O hələ 1946-cı ildə “Üç yakut realist-marrifçisi” adlı əsər yazmışdı. 1952-ci ildə o partiya orqanlarının maneələrinə məruz qaldı və pariya sistemindən çıxarıldı, elmi adlarından məhrum edildi, həbs olunmamaq üçün Moskvaya qaçaraq gizləndi. Başarin bizim klassiklərimizin təmiz adlarının bərpa edilməsi üçün çox fədakarlıq edibdir. Axır ki, onun həqiqəti qalib gəldi. Bu 1962-ci ildə baş verdi, həmin gün vilayət partiya komitəsinin bürosunda üç yakut klassikinin xalqı üçün işlədiyi və heç bir burjua millətçisi olmadıqları haqqında qərar qəbul edildi.
Yakutiyanın xalq yazıçısı Semyon Petroviç Danilov da klassiklərimizin ədəbi irslərinin tapılması və toplanması, çap edilməsi, oxuculara çatdırılması üçün çox böyük əmək sərf edib. Məhz onun əməyi sayəsində o klassiklərin əsərləri çap olunaraq yenidən məktəblərdə, ali təhsil ocaqlarında öyrənilməyə başlandı. Beləliklə, bizim klassiklərimiz yenidən xalqa qaytarıldı. Bu yolda çalışanların hamısının xatirəsi bizim üçün əzizdir. 2020-ci ildə Rusiyanın “Molodaya qvardiya” nəşriyyatında “Tanınmış insanların həyatı” seriyası ilə Semyon Danilovun həyatından bəhs edən kitabım işıq üzü gördü.
Mən onu deyə bilərəm ki, repressiyalar yazıçıların reablitasiyasından sonra da bitmədi... Elə insanlar var ki, rejimin ağır əzablarını bütün həyatları boyu, yaradıcılıqları boyu hiss etdilər, onların həyatları, yaradıcılıqları məhv oldu... Onların arasında şair Arbita, prozaik Dalan da var idi. Yazıçı Dmitriy Dıdayevin əsərlərinə isə 1970-ci illərdən sonra qadağa qoyuldu. Onu qeyd edim ki, biz yazıçıların qələmini hər zaman nəzarətdə saxladılar, buna baxmayaraq, bizə əziz olan adları reablitasiya etməyə müvəffəq olub, xalqa qaytara bildik. Bunun yakut xalqı üçün böyük əhəmiyyəti vardır.
Mən 2019-cu ildə Bakıda qonaq idim. Burada qonaq olduğum zamanı ilk görmək istədiyim I Türkoloji Qurultayın keçirldiyi ünvan oldu. Mən bu binanın, o divarların içərisində olmaq istəyirdim. 1926-cı ildə qurultayda iştirak edən bizim nümayəndə heyətimizin rəhbəri Kulakovski idi. O, yarı yolda xəstələnərək, Moskvada qalmalı olmuşdu. Yazıçılar Alampa və Kyündyə və Vilayət Komitəsinin üzvü İsidor Baraxov qurultayın işində iştirak etmişdilər. Onların addımladığı həmin pilləkənlərlə qalxmaq, onların açdıqları qapıdan keçmək, onların oturduqları iclas salonunda olmaq mənim üçün böyük mənəvi zövq idi. Bu mənim ömrümün ən xoşbəxt anları idi.
O gündən bu günə, 1926-cı ildən bəri biz türk xalqları hər zaman bir-birimizin yanında olmağa cəhd etmişik, talelərimizin ümumi problemlərinin haradan qaynaqlandığını yaxşı bilmişik.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)
Vaqif Sultanlının mühacirət ədəbiyyatı ilə bağlı yeni araşdırması işıq üzü görüb
Filologiya elmləri doktoru, professor Vaqif Sultanlının yenicə yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı: başlanğıcdan günümüzədək” kitabı ən qədim dövrlərdən çağdaş dönəmədək mühacirətin keçib gəldiyi yolun, zəngin ədəbi-bədii və nəzəri-kulturoloji irsin araşdırılması baxımından önəm daşıyır.
Azərbaycan Dövlət Nəşriyyatında çap olunan bu kitab müəllifin mühacirət ədəbiyyatı ilə bağlı ilk araşdırması deyildir. Belə ki, onun “Ağır yolun yolçusu” (1996), “Azərbaycan mühacirət ədəbiyyatı” (1998), “Ömrün nicat sahili” (2004) kitabları və çoxsaylı məqalələri bu mövzuda qələmə alınıb. Həmçinin araşdırmaçının İstanbulda yayımlanmış “Azərbaycan mühacirət ədəbiyyatı” (2007), “Ruhun ağrıları” (2010) kitabları da köçmən ədəbiyyatı ilə bağlıdır.
Vaqif Sultanlının yeni kitabını əvvəlki araşdırmalarından fərqləndirən əsas cəhət burada mühacirət ədəbiyyatının tarixinə bütöv və sistemli şəkildə yanaşılmasıdır. Müəllif ilk tədqiqatlarından fərqli olaraq burada VII əsrin sonları VIII əsrin əvvəllərində Mədinəyə köç etmiş məvali şairlərdən başlayaraq Sovetlər Birliyinin dağılmasından sonra mühacirətin yayılma arealına qədər geniş zaman kəsimini əhatə edib, bu dönəmdə yaranmış ədəbi-kulturoloji irsin ümumi mənzərəsini canlandırıb.
Monoqrafiyada Azərbaycanın Quzeyinin çar Rusiyası tərəfindən işğalı ilə başlayan dönəmin miqrasiya axınları fonunda ədəbi-mədəni sferada yaşanan proseslərə yer verilib. Həmçinin rus-sovet müstəmləkəçiliyi dövründə mühacirət ədəbiyyatının keçdiyi mərhələlər işıqlandırılıb, ayrı-ayrı şəxsiyyətlərin ədəbi portreti yaradılıb.
Müəllif kitaba yazdığı “Ön söz”də tədqiqatla bağlı qənaətlərini belə ümumiləşdirir: “Bəzən bеlə bir fikir səslənir ki, mühacirət heç bir zaman sözün həqiqi mənasında böyük ədəbiyyat yaratmamış, dünya ədəbi fikrinə qeyri-adi sənət örnəkləri bəxş еtməmişdir. Bu məntiqin kifayət qədər ciddi еlmi-faktоlоji arqumеntlərə söykənmədiyini qеyd еtməklə yanaşı, bеlə bir məqama diqqət yеtirməyə еhtiyac vardır ki, tariхin müəyyən, bəlli bir zaman kəsiyində ədəbiyyatı хalqın, vətənin talеyi ilə bağlı məsələlər düşündürdüyündən ədəbi-bədii kritеriyaların bir növ “unudularaq” arхa plana kеçdiyi məqamlar da оlur. Buna görə də mühacirət ədəbiyyatı dəyərləndirilərkən onu yaradanların yalnız ədəbi istedadı deyil, sosial-əxlaqi mövqeyi də nəzərdən qaçırılmamalıdır”.
Müəllifin qənaətincə, qədim tarixə malik olan mühacirət ədəbi-bədii və nəzəri-kulturoloji irsi bütöv Azərbaycan mədəniyyətinin ayrılmaz parçasıdır.
Monoqrafiyanın mühüm özəlliklərindən biri müxtəlif dövrlərdə Azərbaycanın Güneyindən ayrı-ayrı ölkələrə mühacirət etmiş ədəbi şəxsiyyətlərin yaradıcılıq irsinin də araşdırılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(31.05.2023)