“Ulduz” jurnalının noyabr-dekabr sayı bizləri yenə sevindirəcək

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Gənclərin, ədəbiyyat sevərlərin sevimli jurnalı olan “Ulduz" jurnalının noyabr-dekabr sayının işıq üzü görməsi xəbərini alınca, Baş redaktor Qulu Ağsəslə əlaqə yaratdıq və ilin son sayında gedən materiallarla tanış olduq. 

 

Jurnal Elşad Baratın Vətən müharibəsi şəhidlərinə həsr edilmiş silsilə şeirləriylə açılır. 

“Şeir vaxtı" rubrikasında Günel Balakişinin, Xəyalə Sevilin, Zöhrab Mehdinin, İsmayıl İmanzadənin və Aysel Xanlarqızının şeirləri dərc edilib.

“Nəsr" rubrikasında Məmməd Məmmədlinin "Mən atamı xatırlamıram" hekayəsi, eləcə də Günel Natiqin "İki simvol: bal və qarışqa" başlıqlı araşdırma yazısı yer alıb. 

“Ulduz" jurnalı ilə "525-ci qəzet"in ortaq layihəsi çərçivəsində Məti Osmanoğlunun hazırladığı "Gənc yazarlar üçün nəzəriyyə dərsi"nin cari mövzusu "Ədəbiyyatşünaslıq və təkamül nəzəriyyəsi"dir. 

İlham Abbasov romantizmin son cəngavəri adlandırılan,  Nobel mükafatı laureatı Herman Hessenin həyat və yaradıcılıq yoluna nəzər salır. 

Dilarə Adilgilin "Tək adam" başlıqlı yazısı Ənvər Məmmədxanlının  110 illiyinə həsr edilib. 

Gürcü şairi, esseisti, nasiri, ssenaristi və bəstəkarı Bulat Okucavanın "Tərcümə saatı"nda yer almış şeirlərini dilimizə Hicran Hüseynova çevirib. 

Jurnalın əməkdaşı Taleh Mansurun təqdimatında "Yazı masası"nın bu dəfəki qonağı şair, publisist, Əməkdar incəsənət xadimi Barat Vüsaldır. 

Şirməmməd Nəzərlinin "Natamam bir əsrin özəl nöqtələri" başlıqlı yazısı müəllifin keçdiyi həyat yoluna işıq tutur. 

Rəşid Faxralının "Gerçək nağıllar" mənzum hekayəsində Vətən müharibəsində canından keçmiş vətən oğullarının qəhrəmanlıqlarından söhbət açılır. 

Növbəti səhifədə jurnal böyük sayğı hissi ilə Azərbaycan ordusunun  2023-cü ilin senytabrında həyata keçirdiyi lokal antiterror əməliyyatı zamanı şəhid olmuş Mustafa Hüseynovun bir zamanlar ifa etdiyi "Gəldim Qarabağa bahar çağında" başlıqlı şeirini təqdim edir. 

Nəhayət, "Dərgidə kitab" rubrikasında Nəriman Qasımoğlunun şair, ədəbiyyatşünas və tərcüməçi Qasım Qasımzadəyə həsr etdiyi "Türkiyə həm sizindir, həm də bizim" sərlövhəli yazısını təqdim edir.

Jurnalın son səhifəsindəki “Dərgidə sərgi" rubrikasında isə Şirməmməd Nəzərlinin çəkdiyi fotolar yer alıb.

İlin son “Ulduz”unu qaçırmayın!

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.