Yaşlanmış uşaqlıq - AKTUAL Featured

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Dünyaya insan gəlir, hərə bir taledə, hərə bir dərddə. Eyni şəhərdə fərqli həyatlar.

Uşaq və yaşanılmamış uşaqlıq. Günün yarısını oyuncaqlarıyla, yarısını dərsini hazırlamaqla, geri qalan hissəsini isə ailəsi ilə əyləncəli vaxt keçirən uşağın həyatını, sadəcə, oxu kitabında ev dərsini evdəki səs-küydən (ana,atasının davasından) stolun altında gizlənib əzbərləyərkən gördük.

Öz otağında dişlərini fırçaladıqdan sonra təzə gecə paltarlarını geyinib, bir gün atasının, o biri gün isə oxuduğu nağıllar ilə yuxuya dalan uşaqlardan da olmamışıq. Hər hansı bir filimdən izləyirdik bu səhnələri.

Müəllimələrimizin  məktəbdə anamız olması da həqiqət deyildi. Doğrudan, bu sözü kim uydurub məşhur edib, hər il verlişi izləmə sayısını keçən Xoşqədəm də bilmir heç.

Biz yeni ilin gəlməyini Şaxta babanın verəcəyi hədiyyələr üçün səbirsizlikə gözləyən, günləri bir-bir sayan uşaqlardan yox, şaxta baba paltarı geyinib evə 2,3 manat aparan uşaqlardan olmuşuq. Elə o vaxtdan həyat əsil üzünü göstərib bizə. Buna zirəklik, gözüaçıqlıq deyirsinizsə, hə, gözüaçıq uşaqlar olmuşuq.

İnciyərik deyə, heç kim sözlərini seçməyib. Kökümüz alınsın deyə ağlayanlardan deyil, sulugöz, qorxaq deyilməsin deyə qəlbimizi parçalayanlardan olmuşuq.

Ad günümüzdə sevdiyimiz yeməklər bişirilməyib. "Nəyə lazımdır, hər ilin eyni gününü mənasızca qeyd etmək"?

Hər "5"-imiz üçün 20 qəpik vermirdi sinif yoldaşlarımızın ataları kimi bizim atamız. 

Bəs biz nə üçün var idik ki, böyüyəndə onlara baxmaqdan savayı. Dünyaya gəlmə səbəbimiz valdeyinlərimizi qocalanda tək qoymamaq idi. 

Məktəbdə də vəziyyət ürəkaçan idi, yarı savadlı müəllimlərimiz: “Bu müəllim uşağıdır, qohum uşağıdır, bu 8 marta bahalı hədiyyə gətirmişdi, o biri gətirməmişdi” demədən, hər uşağın öz zəhmətinə, savadına görə qiymət verirdi. 

Arxa partada oturan şagirdlər müəllimin bütün ailə problemlərindən xəbərdar idi, amma kimin hünəri çatardı ki müəllimə dərs keçək desin. Dərslərdən çox müəllimlər sayəsində insanların iç üzlərini tanıdıq, əzbərlədik. 

Birtəhər məktəbi yola verib, həyatımızla bir tutduğumuz  (hətta daha artıq), universitetə də qəbul olduq. Elə fikirləşməyin ki, hər birimiz istədiyimiz ixtisaslara qəbul olduq və bundan sonrası asan olacaq. 

Kimimiz valdeyinimizin cavanlıqda arzuladığı, kimimiz gəliri çox olan, kimimiz də oxuyaq da ortada qalmayaq dediyimiz ixtisasa qəbul olduq. 

Hər kəs ali təhsil alacaq deyə bir şey yoxdur ki, dostum. Bəzilərimiz də buranı oxuyaq, sonra universitetə verərik deyərək kollecə getdik. 

Təbii ki, bu sözümüzü də tutmadıq və kolleci bitirdikdən sonra bəzilərimiz ər mənzilinə, bəzilərimiz isə əsgərliyə getdik və anamızın bizim üçün seçdiyi qız ilə (yaxud oğlanla) xoşbəxtçiliyi daddıq. 

Anlayacağınız, 2/3 ilimizi bayram təmizliyində tozu alınan diplom üçün xərclədik. Əsas odur ki, biz də 2 manatlıq dönər ayranla həyatda qalaraq tələbəliyin nə olduğunu bildik və bundan da əsası, nəsildə savadlı statusunu qazandıq. Bizim də valideyin və yarısavadlı müəllimlərimiz heç kimdən  əskik  qalmayaraq  şəklimizin altından ; "Tələbə adın mübarək"  sözlərini yaza bildilər. 

Həə, beləliklə mükəmməl təhsil ocaqlarımız da rüşvətin nə olduğunu bilməyən fənn müəllimlərimizin və dekanlarımızın da imtahanından keçərək filankəsin diplomlu, oxumuş qızı, oğlu olduq.  Həm beləcə yanıma hazırlığa gəlin deyə dərsdə bizə gün verib işıq verməyən müəllimlərimizə də xeyir vermiş olduq. Onların bazarları daha da tanındı və böyüdü. Çünki biz Nərmin, Fatimə, Nigar, Əli olmaq bir yana, filankəsin şagird hazırladığı uşaq, filən nömrəli məktəbin uşaqı, filənkəsin oğlu, qızıyıq. 

Həə, yadımdan çıxmamış, həmişə sona saxlanılan, imtahandan kəsildiyinə, zəhmətinin boşa getməsinə, ailə basqısına görə yox, zay işləri olduğuna, narkoman olduğuna, qudurmuşluğu ucbatından, hansısa qız və yaxud da oğlanın eşqi başına vurduğu üçün özünü öldürən daha müasir çıxması üçün desək, intihar edən  xəyallarında tələbə olan, amma adı abituriyent olaraq qalanları da yad edək. Allah onlara rəhmət eləsin. 

Sizin də başınızı ağrıtmayım, gedim görüm  hansı iş yerində day-dayısının gözü ilə iş görüşməsinə girəcəm. Kimin seçiləcəyi məlumdur, amma təlimlər keçirib tələblərin olan-qalan pullarını endirimlə 19 manat olan biletlərinə xərclədən motivatorların dediyi kimi; "Möcüzələrə inanın" 

 

Qeyd: Şəxsi həyat hekayəsi deyil, lakin gerçək həyat hekayələrindən təsirlənərək yazılmışdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.