Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar

Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Mədəniyyət və Yaradıcı Sənayelər Forum”unda” Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar” mövzusu müzakirə edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Azərxalça” ASC İdarə Heyətinin sədri, Əməkdar incəsənət xadimi, “Q Gallery Baku” və “Q Gallery Berlin”in təsisçisi Emin Məmmədovun moderatorluğu ilə keçirilən paneldə çıxış edən YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri, kurator Fərəh Ələkbərli məkanın xarici əlaqələri ilə bağlı məlumat verib. “İnsanların incəsənət biliklərinin inkişaf etdirilməsi üçün bir çox layihələr həyata keçiririk. Biz rəssamlara onların fikirlərini reallaşmasında dəstək oluruq, həmçinin xarici rəssamların əsərlərini Bakıda nümayiş olunması üçün köməklik göstəririk”, - deyə F.Ələkbərli vurğulayıb.

Ta(r)dino 6 İncəsənət Platformasının təsisçisi Əsli Səmədova özünün fəaliyyəti barədə söz açıb. Son beş ildə çağdaş incəsənət sahəsində çalışdığını qeyd edən platformanın təsisçisi, kuratoru olduğu azərbaycanlı rəssamların sərgilərinin xarici ölkələrdə təşkil olunduğunu diqqətə çatdırıb.

Azərbaycanlı rəssam, incəsənət xadimi Faiq Əhməd “Fly to Baku. Müasir Azərbaycan İncəsənəti” layihəsində iştirakından danışıb. Layihənin xarici əlaqələrin qurulması, fikir mübadiləsinin aparılmasında böyük rol oynadığını bildirib. Qeyd edib ki, rəssam mütləq incəsənət institutları ilə əlaqədə olmalıdır.

Rəssamın əsərlərinin ikinci bazara çıxarılması barədə söz açan F.Əhməd, bunun mühüm nailiyyət olduğunu vurğulayıb.

İncəsənət kuratoru, sənətşünas Məhbarə Abbasova bölgələrdə çalışan rəssamların xaricə çıxışının, həmçinin kolleksiyaçı sənəti üzrə tədrisin Azərbaycanda olmaması barədə danışıb. O, sadəcə Bakıda deyil, həmçinin bölgələrdə yaşayan yaradıcı insanların da sərgilərdə aktiv iştirakının vacibliyini vurğulayıb.

Sonda panel sessiyası müzakirələrlə davam edib.

Bu gün və sabah Heydər Əliyev Mərkəzində forum çərçivəsində “Türk dünyası animasiya şəbəkəsinin qurulması”, “Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” və digər mövzularda dəyirmi masalar olacaq. Həmçinin “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi də təşkil ediləcək.

“Yaradıcı həftə” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulur

 

“Ədəbiyyat və incəsənət”

(29.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.