“İçərişəhər” Dövlət Qoruğu İdarəsi “Sultan Murad darvazası”nın qarşısındakı ərazi ilə bağlı məlumat yayıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQ) “Sultan Murad darvazası”nın qarşısındakı ərazi ilə bağlı yayılan xəbərlərin ictimaiyyətdə suallar yaratdığı üçün əlavə məlumat paylaşıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, məlumatda qeyd olunan pilləkən ərazisinin XX əsrin 60-cı illərindən başlayaraq ardıcıl qaydada inşa edildiyi bildirilir. 

Diqqətə çatdırılır ki, son illər boyu iqlimin təsiri nəticəsində yol örtüyü və pilləkən daşları fiziki və bioloji aşınmaya məruz qalıb, sakin və qonaqlar üçün pilləkənlərdən istifadə zamanı narahatlıq yaradıb.

“2023-cü ilin birinci rübündə aparılmış təmir bərpa işləri zamanı öncədən qoyulmuş və bərpa oluna biləcək daşlar saxlanılaraq yenidən istifadə edilib, pilləkən hissəsi mövcud relyefə uyğun oxşar daş materialından istifadə edilərək örtülüb, səkilər yenilənib, işıqlandırma təmin edilib və ərazi tam olaraq abadlaşdırılıb. Məlumat üçün bildiririk ki, qeyd olunan pilləkən ərazisi Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil deyil”, - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, sözügedən bərpa işi bir neçə gündür, sosial mediada müzakirələrə səbəb olub. Ərazidəki pilləkənlər və ümumiliklə bərpa işi insanlar tərəfindən tənqid edilib.

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.