Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
16 yaş üçün
Diqqətlə düşünəndə görürsən ki, başlanğıcda olan həvəsi kontrolda saxlamağı öyrənmək lazımdır. Bir çox insan həvəsə düşüb çox sürətlə başlayır. Tez alışan tez yandığı kimi, qarşınıza qoyduğunuz məqsədin ilk addımlarında tələsmək çox təhlükəlidir. Tələsdiyin zaman səhvlər etmək ehtimalın da artır, səhvlərin çoxaldıqca bu işin sənə uyğun olmadığını düşünməyə başlayırsan.
Bu səbəbdəndir ki, başlamazdan öncə öyrənmək və analizi düzgün aparmaq çox önəmlidir. Eynilə maşın sürməyi öyrəndiyimiz zaman qaza yavaş basdığımız kimi, öz həvəsimizi də yavaş-yavaş artırmalıyıq. Sürətə yox, diqqətə önəm verdiyin zaman həmin şeyi daha yaxşı mənimsəmiş olursan. Öyrəndiyin işi avtopilot rejimində idarə edib işləri axına buraxmaq ən gözəlidir. Hər işin əvvəli çətin, davamı zövqlüdür. Yetər ki, tutduğun işdən yorulmayasan, gücünü düzgün bölə, enerjini lazım olana xərcləyəsən.
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)