“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə ustad şair Ramiz Qusarçaylı görüşür.
Mahur hindi...
Məni saldı yaman dərdə,
Əriyirəm pərdə-pərdə,
Bu Şuşalı pərdələrdə
Öləcəyəm...
yuxum çindi,
Mahur hindi...
“Rast” dəstgahı dərd ayəti,
“Əraq” əzmin “Vilayəti”,
Ruhum, öt bu qiyaməti
Yer yarılar sussam indi
Mahur hindi...
Mizrab zildə dəm əhlidi,
Qərib avaz bəm əhlidi,
Can qürbətdə qəm əhlidi,
Qəmdən qəmə yollar mindi
Mahur hindi...
Məcnun könül biyabandı,
Leyli eşqin zülfü qandı,
Cabbar, Seyid, Zülfü, Xandı,
Naləsində daş da dindi
Mahur hindi...
Muğam Rəbbin səs rəngidi,
Səs də ruhun ahəngidi,
Ölüm ömrün son cəngidi,-
Bir təsnif də Ramizindi...
Mahur hindi...
Mahur hindi...
“Ədəbiyyat və incəsənət”
(23.11.2023)