Super User
“Gəzirəm səndən aralı…”
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün yenidən Yusif Nəğməkarla görüşürsünüz. O, “…Azadlığı yox” deyir.
Suyun əsirliyi seldə,
Qurağın azadlığı yox,
Selin də Kürlüyü eldə,
Qırağın azadlığı yox.
Oy, köksümdə oyuq oyan,
İlləri sanalamayan.
Telləri şanalamayan
darağın azadlığı yox.
Eh... Azərbaycan maralı!...
Rəngim də solub-saralı...
Gəzirəm səndən aralı --
İrağın azadlığı yox.
Zirvəm itir...
tap tağında,
Bisütunu çap dağında.
Sinəsi söz taptağında
varağın azadlığı yox.
Dirilik "Zəm-zəm" içməyən,
Qaşıq qanından keçməyən,
Hünər zəmisi biçməyən
orağın azadlığı yox.
Qəm dimdikdə dən kimiyik,
Qeysə, Leylə tən kimiyik.
Bölünmüş Vətən kimiyik --
Bu çağın azadlığı yox.
Ruh dönsə, dilim dillənməz,
Ümid qönçəm də güllənməz.
Zəfər eşqiylə yellənməz
bayrağın azadlığı yox.
Qeyfətə yol-qala bağlı,
Ha kibrit çək, qala, bağlı...
Yanmağı vüsala bağlı
çırağın azadlığı yox.
Hürr anı ara, Nəğməkar,
Ulu, tək TANRI sənə yar.
Azadlığın torpağı var,
Torpağın azadlığı yox...
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Ev lüləkababı
Aysel Qarayeva, “Ədəbiyyat və incəsənət”
Bugün sizinlə ev üsulu lülə kababın hazırlanması reseptini paylaşacağıq. Ləzzət alacağınıza tam zəmanət veririk.
Ərzaqlar :
500 qram qiymə
100 qram quyruq
Zövqə uyğun baş soğan.
Bunların hamısını çəkib zövqə görə ədviyyatlar əlavə edirik ...
Əlinizlə əti xeyli yoğurun, sonra çöp şişlərə keçirib yarım saat soyuducuda gözlədib sobaya qoyun, 250 dərəcədə 30 dəqiqə bişirirun.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
İntihar etmək istəyən qızın hekayəti
“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında İnci Məmmədzadənin “Təmiz qəlbin mükafatı” povestindən bir parçanı dərc edir.
1-ci hissə
1 ay sonra... Saatın çalması ilə yuxudan ayılıb yuyunmaq üçün hamama daxil oldu. Duş qəbul edib mətbəxə keçdi və anasının hər səhər erkəndən oyanıb hazırladığı təamları evinin günəşi ilə söhbət edə- edə yeməyə başladı.
-Mənim baş tacım bu gün özünü necə hiss edir?- üzünü anasına tutub sual verdi.
-Bizi Yaradana şükür, yaraşıqlı oğlum, - deyə cavab aldı.
Bir xeyli söhbət etdilər. Afiq yeməyini bitirib yataq otağına keçdi. Dünəndən seçib kənara qoyduğu qara kostyumu əyninə geyindi. Ağ köynəyin üzərindən ona yaraşan qara cizgili qalstuk taxıb dəsti tamamladı. Aynada özünə baxıb saçlarını daradı, Məkkədən gətirilən, namaz qılarkən istifadə etdiyi ətiri boynuna, biləyinə və üzünə sürüb işə getmək üçün otağın qapısına tərəf yönəldi. Qapını açıb zala keçdi və oradan anasını səsləyib dedi:
– Anacan, işə gedirəm, bir sözün, məndən hər hansı bir istəyin varmı?
Mətbəxdən şirin ləhcəli, Allahın övlada bəxş etdiyi ən gözəl nemətlərdən biri olan anasının səsi eşidildi:
-Nə zaman qayıdarsan, ananın gül balası? O, hər zaman Afiqi belə əzizləyərdi – 9 ay əzab əziyyətlə bətnində böyüdüb qucağına aldığı ilk gündən 26 yaşına kimi. Oğlu gülümsədi və tez də cavab verdi:
– Bakıya xas tıxacı da nəzərə alsaq, saat 7-də yəqin ki. Alınacaq nə isə lazım olsa zəng edərsən, sultanım.
Bunları deyib anasına tərəf əyildi. MasaAllah, idmançılara xas boya malik idi. Allah vergisi idi bu ona. 3 ilə yaxın voleybol və basketbolla məşğul olması da boyunu uzatmışdı. Anasının boynundan və üzündən öpdü, hər zamankı kimi halallıq alıb qapıdan çıxdı. Yol qapısını açıb küçədə saxladığı Volkswagen markalı avtomobilinə əyləşdi, açarı çevirdi, hərəkətə gəlib evi arxasında qoydu və birbaş işlədiyi Socar Neft şirkətinə sürdü.
2-ci hissə
Afiq evin ikinci övladı idi. Orta təbəqəli bir ailədə dünyaya göz açmışdı. Valideynləri müəllim işləyirdi. Anası orta məktəbdə fizika, atası isə universitetdə iqtisadiyyat fənnini tədris edirdi. Özündən böyük bacısı Nuricahan da təzəlikcə ailə qurmuşdu. Ömür yoldaşı Almaniyada təhsil aldığı müddətdə orada özünə iş qurduğu üçün evlənib xaricə köçdülər. Qardaşı Afiqin yaxın dostu olduğu üçün evlərinə gəlmişdi Namiq. İlk dəfə həmin gün tanış olmuşdu bu iki gənc. O gündən bəri bir- birlərini sevməyə başlamış və iki ay sonra üzük taxıb, 10 gün sonra isə ailə həyatı qurmuşdular.
Zərifə xanım qız övladından sonra Afiqi də evləndirib, onun da xoşbəxt günlərini görmək istəyirdi. Ona görə də özü üçün gəlin də axtarırdı. Anasına elə gəlirdi ki, oğlu könül işlərinə vaxt ayırmır, ancaq şirkətin işləri ilə məşğul olurdu. Afiq şirkətdə rəhbər müavini olaraq çalışırdı. Savadı, bacarığı, cana yaxınlığı ilə hər kəsin rəğbətini qazanmışdı, ən çox da qızların. Şirkətdə çox qız ona qəlbində yer ayırmışdı. Amma o, qızlara dönüb baxmırdı. Bəlkə də baxmaq istəmirdi, qəlbində illər əvvəl yaranan yanğı hissinə görə...
3-cü hissə
2014-cü il 21 iyun ... 11-ci sinfi bitirirdi bu il. Sinif yoldaşları ilə birgə restoranda yer ayırıb məzun gününü qeyd etmişdilər. Məclis bitib hər kəs evinə yollanırdı, elə Afiq də. Birdən nə isə xatırladısa tanışının evinə getməli oldu ilk öncə. Dostu dənizkənarı yerləşən bir binada yaşayırdı. Fikirli halda avtobusdan enib aşağıya doğru irəlilədi. Yanğılı ağlama səsi eşidib ayaq saxladı. Kim isə hönkürtü ilə ağlayıb göz yaşı tökürdü. Başını səs gələn tərəfə çevirəndə dəhşətə gəldi. Qız bardyorları aşıb digər tərəfə keçmişdi. İlk ağlına gələn onun intihar etmək fikri oldu. Çünki dənizə atlanması an məsələsi idi. Afiq irəli gedib qızı səslədi. Üzünü çevirəndə oğlanı görən Asnifat həyəcanlandı, ağlamasını kəsib soruşdu:
- Sən kimsən?
Qız utandı qeyri ixtiyari “sən” deyə müraciətindən.
-Adım Afiqdi- oğlan cavab verdi - Sizə nə olub?
Bu dəfə o özü sual ünvanladı qarşısında dayanan bu kədərli qıza.
- Yaşamaq istəmirəm daha, bezmişəm həyatımdan.
Onunla üz-üzə dayanan bu cavan gənc bir an duruxdu. Nə edəcəyini, qızı necə bu intihar fikrindən döndərəcəyini düşündü. O bilirdi ki, intihar heç vaxt çıxış yolu olmayıb. Ağlı kəsəndən namaz qılırdı, Rəbbinə bağlı bir gənc idi. Hər intihar hadisəsi eşidəndə də pis olurdu. İnsanların canına qıyması ona görə heç vaxt çıxış yolu deyildi. Səbr etməliydi insan hər çətinliyə rəğmən. Axı bu dünya həm şirin, həm də acı günləri ilə bir imtahan dünyası idi. Bilirdi ki Allah verən canı yenə Allah alar.
Birdən qızın səsi onu düşüncələrdən ayırdı.
- Gedin buradan, məni tək qoyun .
-Baxın, intihar etməklə siz heç bir şey qazanmayacaqsınız. Əksinə bu, geri dönüşü olmayan bir yola sürükləyər sizi. Allah Nisə surəsi 29-cu ayədə “özünüzü öldürməyin” buyurub. Gəlin dərdiniz nədirsə birlikdə çıxış yolu tapaq.
Gəncin sözləri qıza sanki təsir etmişdi. Bardyorları keçib, intihar fikrindən əl çəkdi. Aşağıya enib oğlana yaxınlaşdı.
-Düz deyirsiniz. Bu yola necə ağıl qoydum, özüm də bilmirəm. Bəlkə də yaşadığım çətin günlərdən qurtulmaq istədim.
Qızın şirin ləhcəsi oğlana xoş gəldi.
- Allah böyükdür, səbr edin - deyib – onu sakitləşdirməyə çalışdı. Daha sonra adını soruşdu qara saçlı, xumar gözlü qızdan.
- Asnifat- qız cavab verdi. Sanki sakitləşmişdi oğlanın sözlərindən sonra.
- Kimsən, kimlərdənsən? Afiqin sualı qızı deyəsən kövrəltdi.
- Əslən Qusarlıyam. Burda doğulub - böyümüşəm. Atam Qayınbəy burda alverlə məşğul idi. Anam isə evdar qadın idi. Bir gün qapı çalındı. Anam yaxınlaşıb açdı, kiminləsə nə isə danışırdı, daha doğrusu çöldəki şəxs danışırdı o, isə dinləyirdi. Birdən anamın ağlama səsini eşitdim. Otaqdan çıxıb ona tərəf getdim. Əyilib başını sığalladım. Anacan niyə ağlayırsan?- deyə soruşanda aldığım cavab məni elə bil dağdan aşağı tulladı. Atamı pul üstündə ürəyindən bıçaqlayıb öldürmüşdülər. Borc verəndə insan yaxşı, amma pulunu istəyəndə pis olur? Başa düşə bilmirəm insanların pis niyyətli xislətini. Dünyada necə də vicdansız insanlar yaşayır. Gözləri dolur. Amma nədənsə ağlamır. Bəlkə də vaxtında çox ağladığı üçün.
- Nə üçün intihar edirdin?- bayaqdan diqqətini qızdan ayırmayan Afiq soruşdu.
- Atamın ölümündən sonra mənə anam baxıb böyütdü, əziyyətimi çəkdi. Yeri gəldi atalıq etdi. Çox çətinlik çəkdik o zamanlar. Amma yenə də üzümüz gülürdü, çünki birlikdə idik. Bir-birimizə dayaq olurduq. İndi isə... Dözməyib ağlamağa başladı.
Oğlan qızın anasını da itirdiyini başa düşmüş kimi – Allah rəhmət eləsin - dedi sakit, bir az da kövrək səslə.
-Allah razı olsun -deyib danışmağa davam etdi Asnifat. Anamı xəstəlikdən itirdikdən sonra mənə ana tərəfim baxdı. Atam evin tək övladı idi, ona görə əmidən, bibidən bir qohumun yox idi. Nənəm və babamda hələ atamın sağlığında ikən vəfat etmişdilər. Anamı torpağa dəfn etdikdən sonra dayım məni yanına apardı. 1 ilə yaxın onlarla birlikdə qaldım. İlk başlar mənə yaxşı baxırdılar, üstümdə titrəyirdilər. Amma sonralar hərəkətlərində, sözlərində özümə qarşı soyuqluq hiss etdim. Öyrəndim ki dayımın işləri yaxşı getmirmiş. Pul baxımdan sıxıntı çəkirdilər. Özləri, uşaqların xərci, üstəlik mənim də xərcim olanda ehtiyacları qarşılaya bilmirdilər. Bu vəziyyət bir neçə gün daha çəkdi. Dayım qərara gəldi ki, məni xalamın yanına aparsın, bir az da o baxsın deyə düşünmüşdü. Elə də oldu. Mən xalamgilin yanına köçdüm. Orada da mənə yaxşı baxdılar bir müddət, amma sonra... Sonra hazırlıq xərclərim də oldu və xalamgilin üzərinə daha çox yük düşdü. Dayım və xalamdan başqa qohumum yox idi daha. Ona görə də uşaq evinə göndərməli oldular, daha baxa bilmirdilər mənə. Onları da qınamıram, öz övladlarınınmı qayğısına qalsınlar, mənimmi, bilmirdilər.
-Bu il uşaq evindən də buraxılacaqsan, bəs sonra harada qalacaqsan?
Afiq sualı verəndə qızın üzünə yox, dənizə baxırdı. Nə isə fikirləşirdi elə bil.
- Qalmağa heç bir yerim yoxdu daha, ona görə də bu yolu seçdim, başqa bir yol görmədim, daha doğrusu artıq mübarizə aparmaq istəmədim həyatda. İntihar o vaxt mənə çıxış yolu kimi göründü. Amma sənin sözlərin məni elə bil yuxudan ayıltdı, doğru yolu göstərdi.
İkisi də daha danışmadı. Bir neçə dəqiqə belə səssiz oturdular. Afiqin – Durun gedək- deməsi ilə aradakı sükut pozuldu
- Haraya? Sual anidən çıxdı Asnifatın iki dodağının arasından.
Durub söhbətlərinə davam edərək yola düzəldilər.
-Mənim xalam tək yaşayır. Onun yanına gedək, bəlkə razı olar, onunla qalmağına. İstəyərsənmi ?
Qız əvvəl tərəddüd etdi oğlanın bu təklifi ilə razılaşmağa. Amma başqa bir qalacaq yeri də yox idi. Ona görə də təklifi qəbul etdi.
Bir müddət yol gedib xalasının evinə çatdılar. Bloka daxil olub pilləkənləri qalxdılar. Ayaq saxlayıb dayandılar. Artıq evin qapısına çatmışdılar. Afiq qapını döydü. Evdən – gəldim, gəldim xalasının quzusu – deyə səsləndi ev sahibəsi. Qapı arxasında dayanan gənclər gülüşdülər. Buraya gəlməzdən qabaq Afiq xalasına zəng edib gəlmələri barədə xəbər vermişdi. Xədicə xala evdə tək yaşayırdı. Ailə qurmamışdı. Ana, atasını da 1 il aralığı ilə itirmişdi. Qapını açıb üzündə gülüş uşaqları qarşıladı.
-Gəlin içəri -deyib onları evə dəvət etdi. Gənclər dar dəhlizdən keçib zala daxil oldular, göstərilən yerdə əyləşdilər. Ev sahibəsi qonaqlara göz gəzdirib üzünü Afiqə tutdu:
-Telefonda vacib bir məsələ var deyirdin, gecənin bu vaxtı vacib olan nədir belə? Həə... Bir də bu xanım qızımız kimdi? Tanış eləmədin bizi - dedi gülümsəyərək.
-Yerini rahatlayıb - Asnifatdır adı - dedi.
-Həə... Gözəl qızdır.
-Xalacan bu xanımla dəniz kənarında tanış olduq. Ana və atası vəfat edib. Uşaq evində qalırdı, amma 18 yaşı tamam olduğu üçün oradan çıxarılacaq. Qalmağa da başqa yeri yoxdur
- Allah rəhmət eləsin, qızım. Bəs qohumların yoxdurmu?
- Allah razı olsun – dedi qız titrək səslə. Amma digər suala cavab verə bilməyib başını aşağı dikdi.
Onu belə görən gənc - Gəl, xala biz çöldə bir az söhbət edək- söylədi.
Ayağa qalxıb mətbəxə keçdilər. Oğlan qızın danışığını xalasına nəql etdi.
-Ağlıma sən gəldin qala biləcəyi yer olaraq. Sənə də uyğun olarmı?
Xədicə xala bu evdə tək qalırdı. Bir az düşünüb - Niyə də olmasın – deyə başını yuxarı-aşağı tərpətdi. Oğlan sevindiyindən xalasını elə qucaqladı ki, az qala boğulacaqdı ev sahibəsi. Zala keçdilər. Üzünü qıza çevirib – Yeni evin xeyirli olsun inşəAllah - dedi.
Asnifat əvvəl duruxdu, daha sonra nə demək istədiyini başa düşər kimi təşəkkür etdi gəncə.
-Allah razı olsun sizdən, etdiyiniz yaxşılıq bir gün qarşınıza çıxsın inşəAllah.
- Cümləmizdən - Afiq təşəkkürünü qəbul etdi. Daha sonra hər ikisi ilə də sağollaşıb qapıdan çıxdı və birbaş evə yollandı. Saatına baxdı, artıq yeni bir günün başlanmasına az qalırdı…
Qeyd: Mətnin həvəskar tərəfindən qələmə alındığını nəzərə alın.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Bakılı oğlanlar Tahir İmanov və Bəhram Bağırzadə YARAT-da
YARAT Müasir İncəsənət Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadə ilə görüş keçirilib. Bu barədə
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidməti məlumat yayıb.
“MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutan tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan “MədəniyyətimİZ” layihəsinin koordinatoru Riad Cəbrayılov qeyd edib ki, 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş layihə çərçivəsində müxtəlif mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlər keçirilir. Respublikada mədəniyyət sahəsinin inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirən Riad Cəbrayılov diqqətə çatdırıb ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Planet Parni İz Baku” KVN teatrının bədii rəhbəri, Əməkdar artist Tahir İmanov çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin hər zaman mədəniyyət xadimləri, həmçinin KVN teatrının kollektivi ilə səmimi görüşlər keçirərək, onların fəaliyyətini daim diqqət mərkəzində saxladığını qeyd edib. Əməkdar artist vurğulayıb ki, “Bakılı oğlanlar”ın qazandığı bütün uğurların təməlində həmişəyaşar liderin KVN teatrına göstərdiyi misilsiz dəstək dayanır.
Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində cəmiyyətin mövcud nöqsanlarının satirik dildə ifadə olunmasının ən böyük dəstəkçisi idi. Diqqətə çatdırılıb ki, hazırda milli yumor sənətinin inkişafında mövcud problemlərin həlli olduqca mühüm istiqamətlərdən biridir və gənclər bu istiqamətdə təşəbbüskar olmalı, kreativ və yenilikçi ideyalar irəli sürməlidirlər.
Görüş müddətində “Planet Parni İz Baku” KVN teatrının çoxsaylı tamaşa və filmlərindən fraqmentlər nümayiş etdirilib. Tədbir “Sağlam milli yumorun inkişafında Heydər Əliyev amili” və “Teatral satiranın günümüzdə rolu və cəmiyyətdə nüfuzu” mövzularında panel müzakirə ilə davam edib, qonaqlar Ulu Öndərlə olan ən səmimi xatirələrindən söhbət açıblar.
Tədbirin davamında auditoriyanın çoxsaylı sualları cavablandırılıb.
Görüşün bədii hissəsində “Avroviziya-2022” mahnı müsabiqəsinin ölkə təmsilçisi Nadir Rüstəmli, gənc müğənni Yusif İsmayılov və “Jafarlinsky Band”in ifasında populyar musiqi nümunələri təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Sevgidə qum saatı effekti
Unudulmaz sevgi romanlarından parçalar
Sevgi də — sonu sənin iradəndən asılı olmadan, sonunu sənin təyin etmədiyin bir mövcudiyyətdir. Sevgi limiti məhz qum saatının sənə verdiyi vaxt limiti kimidir. Bəxtinə iri qablı qum saatı düşdü, onun ömrü uzun, kiçiyi düşdü, qısa olacaq.
Amma bir gün ağlıma gəldi ki, sevgidə də limitsizlik mümkündür, insan sevgini vaxt diktə etmək qabiliyyətindən büsbütün məhrum edə bilər.
Eynən Əlif Hacıyevlə Qalinada olduğu kimi. Onların qum saatlarında qumun bir qabdan digər qaba tökülməsi müddəti sadəcə əbədidir.
“Qırmızı ləçəklər”, Varis
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Mikayıl Müşfiqin şeirləri İspaniya və Almaniya ədəbiyyat portallarında yayınlanıb
İspaniyanın populyar “Alquibla”, Almaniyanın “Spruechetante” ədəbiyyat portalları Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin ispan və alman dillərinə tərcümə olunmuş “Həyat sevgisi” və “Yeni gənc” şeirlərinin yayımına başlayıb.
Mərkəzdən verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan dilinə tərcümə müəllifləri – ispan filoloqu Eva Kontreras və Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, alman dilinə tərcümə müəllifləri – alman filoloqu Kerstin Kraps və Mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Alquibla” və “Spruechetante” ədəbiyyat portalları mütəmadi olaraq səhifələrində Xuan Gil Albert, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Haruki Murakami, Fridrix Şiller, Volfqanq Höte, Teodor Fonten, Carlz Dikkens, Tomas Braun kimi dünya yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Öz səadətini elmdə tapan Səadət xanım...
İMADƏDDİN NƏSİMİNİN TƏDQİQATÇISININ DOĞUM GÜNÜNƏ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
“Ulduzların sözü-söhbəti sənsən!
Göylərə nur çilər Ayla səadət!
Qönçələrin eşqi, ülfəti sənsən!
Körpələrə çalır layla səadət!”
Bu dəfəki söhbətimə Rafiq Zəkanın sözləri ilə başlamağım əbəs yerə deyil. Çünki qəhrəmanımın adı da Səadətdir. Bu sözün mənası isə- həyatda ən yüksək məmnunluq hissi və ya bir şəxsin hər hansı bir şeydən duyduğu dərin sevinc hissini bildirir...
Qürurlu xanımdır. Özünə inamı çox yüksəkdir, fəhminə, zəkasına, ağlına həmişə inanıb. Olduqca cəlbedici və xoşa gələndir. Amma tələbkar olduğundan onunla ünsiyyət qurmaq elə də asan deyil, xarizmatik insandır. İdealistdir və hər şeyin ən yaxşı olmağını arzulayır...
Hər hansı bir tarixi şəxsiyyətin həyat və yaradıcılığını araşdırıb, heç kimin bilmədiyi faktları üzə çıxarmaq, onu fərqli şəkildə təqdim etmək çox çətindir. Tədqiqatçıdan böyük hünər, ciddi təhlil, dərin savad tələb edir. Haqqında söhbət açmaq istədiyim filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva neçə illərdir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığını araşdırır. Bu istiqamətdə bir sıra uğurlara imza da atıb...
Deyir ki,- “Nəsiminin müraciət etdiyi janrlar və şeirinin poetikası haqqında bir neçə tədqiqat əsərində bəhs olunsa da, bu şairin söz sənəti haqqındakı görüşləri, əsərlərində yer alan ədəbi kateqoriya və terminlərə indiyədək diqqət yetirilməmişdir. Adı daha çox hürufiliklə bağlı yad olunan Nəsiminin ədəbi fəaliyyətinin istiqamətləri, ədəbi-tənqidi görüşləri və poetika elmi ilə əlaqəli nəzəri biliyi barədə indiyədək araşdırmalarda pərakəndə və çox zaman səthi məlumatlar verilmişdir. Halbuki onun hər iki divanında yer alan janr və poetik formalar zənginliyi və rəngarəngliyi baxımından divan ədəbiyyatında çox az şairin ədəbi mirası ilə müqayisə oluna bilər. Nəsiminin əsərlərinin arxitektonikası, onun poetik ənənələri sinkretik təqdimi, fərdi yaradıcılıq eksperimentləri, poetik sözə həssas və elmli münasibəti şeir sənətinə dərindən bələdliyini göstərir. Şairin hər iki divanında şərq şeir sənətinin həm təcrübi və tətbiqi şəkillərini, həm də onun nəzəri biliklərinin ifadələrini müşahidə etmək mümkündür”…
Xarekteri olduqca güclüdür. Çalışdığı sahədə özünü yüksəyə qaldırmağı bacarır. Nə istədiyinin fərqindədir və istədyinə çatmaq üçün əzmlə addımlaya bilir. Zamana meydan oxuyur, qarşısına çıxan səddi asanlıqla ram etməyi bacarır...
Nəsiminin diri-diri dərisinin soyulmasını və onun həmin zaman şeir söyləməsini xalqın şairə olan məhəbbətindən yaranmış əfsanə olduğunu düşünür. Nəsiminin iki dəfə ailə qurduğunu iddia edir. Bundan əlavə alimlərin ortaq türk dili təklifinə onun da öz yanaşması vardır:- “Ortaq türk dili fərqli bir anlayışdır. Keçən əsrin əvvəllərində də bu iddianı irəli sürənlər olub. Onlar ortaq türkcə deyəndə tatar türkcəsini, Mərkəzi Asiya xalqlarının, Qafqaz, İran və Türkiyə türklərinin hamısının anlaya biləcəyi ortaq ədəbi dil ideyasını təklif etmişdilər. Amma onu gerçəkləşdirə bilmədilər. Çünki canlı dil hər zaman qalibdir və süni müdaxilələri qəbul etmir. Düşünürəm ki, dilimiz gələcəkdə də bu çoxyönlü, müxtəlif niyyətli gizli və aşkar həmlələrə məğlub olmayacaq. Bu cür müdaxilə - mövcud sözləri, xalq tərəfindən qəbul olunmuş bir çox kəlmələri "ərəbcədir" deyə süni və kütləvi şəkildə dildən çıxartmaq və başqa bir qrup sözü dilə gətirərək, əsassız əvəzetmələr doğru qərar deyil. Sözlərin dildə oturuşması zaman istəyir. Bundan başqa, hər ərəb dilində olan kəlməni də zərurət olmadan dilimizdən çıxara bilmərik. Türkiyə dilçiləri bir əsrə yaxındır ki, ədəbi dildə təmizləmə aparır. Bununla belə, onların da ədəbi dilində yetərincə ərəb sözləri var. Bunlar elə sözlərdir ki, bizdə onun ya tələffüzə daha yatımlı variantı var, ya da türkcə qarşılığı mövcuddur”- söyləyir...
İşgüzar, çalışqan, əzmkar insandır. Maraqlı iddiaları ilə həqiqətin harada olduğunu ortaya çıxara bilir. Yalan danışmağı xoşlamır. Cəsarətli və mərd xanımdır. Davranışı, yüksək mədəniyyəti ilə seçilir. Müvəffəqiyyət onun üçün çox əhəmiyyətli olduğundan gərgin iş rejiminə, çətinliklərə qatlaşmağı bacarır…
Deyirlər ki, elə bir zaman gələcək ki, İsrafil SURunu çalacaq. Yer Göylə birləşəcək. Yəni bu dünyada heç kim olmayacaq- öz səadətini tapanlardan başqa…
Bir halda söhbətimə “səadət” kəlməsi ilə başladım, elə səadətlə də bitirmək istəyirəm. Bu dəfə Bəxtiyar Vahabzadədən bir bənd söyləyəcəm:
“Tapdım səadəti dara duşəndə,
Alıb öz gücümü xəyallarımdan.
Kiməsə... nəyəsə... hardasa... mən də,
Gərək olduğumu bildiyim zaman...”
Bu gün Səadət xanımın növbəti ad günüdür. Onu bu münasibətlə təbrik edir, can sağlığı, elmi araşdırmalarında uğurlar və səadətin mükəmməl anlamı olan- XOŞBƏXTLİK arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
“Ağ və qaranın arasında sonsuz sayda- ağımtıl, ağabənzər, qaramtıl, qaravari və s. kimi rənglər var” - Kamal Abdulla
AMEA-nın həqiqi üzvü, birinci dərəcəli dövlət müşaviri, Xalq yazıçısı Kamal Abdulla ilə “Xalq qəzeti”ndə Anar Turanın maraqlı müsahibəsi gedib. Onu nəzərinizə çatdırırıq.
– Kamal müəllim, illər keçdi, ədəbiyyatımızdan, elimizdən böyük isimlər gəldi keçdi. Bəs bügünkü durum sizi qane edirmi?
– Təbii ki, ümumiyyətlə, ömrümüzdə, ictimai həyatımızda çox gözəl və çox məsuliyyətli, son dərəcə tutumlu illər yaşadıq. Vətən mücadiləmiz 44 günlük müharibə ilə başa çatdı. Xeyirli olsun millətimiz üçün, torpaqlarımız üçün. Ədəbiyyatımızda, elmimizdə yeni adlar yarandı. Bu təbiidir, zamanın və həyatın təbii axarıdır. Mənə elə gəlir ki, bugünkü durumla bağlı sualın cavabı bir qədər qəribə səslənsə də “Qane edir”– deyərdim. Yəni ədəbiyyatımız da var, ədəbi tənqidimiz də, ədəbi əsərlər barədə müxtəlif fikirlər söyləyən insanlarımız da. İnsanlarımız kitab oxuyur, sənətlə maraqlanır, mədəniyyət əsərləri ilə maraqlanırlar. Sərgilər keçirilir, müsiqi əsərləri səslənir. Mədəniyyətimiz özünün bütün sahələrində inkişafdadır.
Elə güman edirəm ki, Azərbaycan bu gün, həqiqətən də, son dərəcə güclü iqtisadi, siyasi inkişafı ilə yanaşı, eyni zamanda, mədəni, elmi tərəqqisini də yaşayır. Bu, o demək deyil ki, hökmən hansısa elm sahəsində mütləq bir sıçrayış olmalıdır, hökmən bütün dünya bu barədə danışmalıdır. Bəzən bizdə müəyyən elmi institutlarda çalışan mütəxəssislərdən gözləyirlər ki, bunlar nəsə sıçrayışvari bir tapıntı, nəsə şedevr əsərlər ortaya qoysunlar. Bu, belə olmur onun da öz vaxtı var. Ona doğru, addım-addım tələsmədən son dərəcə böyük bir hazırlıq işləri görə-görə getmək lazımdır.
– Siz cəmiyyətdə, ilk növbədə dilçi-alim, ədəbiyyatşünas kimi tanındınız. Amma siz həm də dəyərli ədəbi əsərlərin müəllifisiniz. Nə vaxt hiss elədiniz ki, həm də yazıçısınız?
– Vallah, bu, deyəsən, əgər səhv etmirəmsə, 8 yaşımda baş verdi, çünki ilk şeirimi mən o vaxt yazmışdım. Söhbət ondadır ki, bir uşaq orta məktəbdə şeir yazırsa, özünəməxsus bir iddiası olur. O iddianı yavaş-yavaş həyat tənzimləyir, başqa sözlə, həyat onu sürtür, dəyişir, eşir-əliyir və gəlir sənin öz real cizgilərinə çevrilir. Sən öz real cizgilərin içindən görünməyə başlayırsan. Məndə də belə oldu. Özümü deyim ki, bir yazıçı kimi hiss edirəm, ya bir alim kimi hiss edirəm –məndə belə şeylər yoxdur. Kim kənardan nə şəkildə görürsə– eləyəm.
– Sizin nəsildə mərhum alimimiz Xudu Məmmədovun “Qoşa qanad” baxışına bir sevgi gördük. Sizcə, bu gün o “Qoşa qanad” baxışı aktualdırmı?
– Çox dəyərli bir ziyalımız, alimimiz olan Xudu Məmmədov Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Siyavuşu” əsərini qoşa qanada bənzədirdi. Mənə elə gəlir ki, Xudu müəllimin sözlərində böyük həqiqət var. O, gözəl bir bənzətmə ilə bizim elmimizin, mədəniyyətimizin qoşa qanad durumunu izah edib.
– Cəmiyyətdə belə bir qənaət var ki, alim sırf elmlə məşğul olmalıdır, yazıçı da ədəbiyyatla. Elə ki, məmur oldular, yaradıcılıqda bir baryer yaranır. Amma siz fəaliyyətinizlə bunun əksini sübut etmisiniz. Məmur kimi də uğurlar qazanmısınız, alim kimi də, yazıçı kimi də.
– Zənnimcə, bu, insanın özündən asılıdır. Mən harada olmuşamsa o istiqamətdə çalışmışam ki, bildiyimi yaradıcı şəkildə reallaşdırım. Beynimdən keçənləri reallaşdırmaq həmişə mənim arzum olub. Bu mənada mən, məsələn, universitetdə çalışmışamsa kafedra müdiri kimi, rektor kimi də buna bir məmurluq deməzdim. Çünki universitetdə rektor da haradasa yaradıcı bir işdir.
– Amma siz həm də ölkə Prezidentinin müşaviri olmusunuz.
– Bəli, cənab Prezidentin müşaviri oldum. Dövlət başçısı bizim qarşımıza elə dəqiq, Azərbaycan üçün vacib və faydalı tövsiyələr və vəzifələr qoyurdu ki, onları yerinə yetirmək üçün təkcə məmur olmaq lazım deyildi. Cənab Prezident bizim həmin istiqamətdə yaradıcı şəxs kimi fəaliyyətimizi də tənzimləyirdi.
– Bu yaxınlarda siz hörmətli alimimiz Rafiq Əliyevlə həmmüəllif olaraq “Dədə Qorqud dastanı və qeyri-səlis məntiq” əsərini çap etdirdiniz. Qəribədir, qeyri-səlis məntiq deyəndə, əsasən, texniki fənlər – riyaziyyat, fizika, elektrotexnika nəzərdə tutulur. Siz bədii-bioloji yaradıcılıqla qeyri–səlis məntiqin əlamətlərini görürsünüz.
– Mən sizə bir şey deyim, bunu Rafiq müəllimdən eşitmişəm – o, bizim böyük alimimiz Lütfi Zadə ilə yaxından tanış idi, onun bir növ mənəvi-elmi varisi də sayılır – deyir ki, qeyri-səlis məntiqin sosial elmlərə tətbiq olunmasını Lütfi Zadə özü arzu edirdi. O, bu nəzəriyyəni sosial elmlər üçün nəzərdə tutmuşdu. Təəssüf ki, sosial elmlərdən əvvəl müəyyən informasiya nəzəriyyəçiləri, informatiklər, kibernetiklər, başqa mühəndislər başladılar o nəzəriyyənin prinsiplərini dəqiq elmlər istiqamətində işlətməyə və müəyyən iqtisadi nailiyyətlərə də nail oldular.
Doğru qeyd edirsiniz ki, biz ilk dəfə olaraq Rafiq müəllimlə “Kitabi-Dədə Qorqud”a üz tutduq. Oğuz türklərinin ən qədim abidəsi olan bu dastan bu istiqamətdə bizə çox gözəl örnəklər verdi. Məsələn, qeyri-səlis məntiqin əsas ruhu, canı ondan ibarətdir ki, bir növ onun mənəvi azadlığını göstərmək üçün imkanlar verir. Onun seçim imkanının genişliyini göstərir, dünyanı daha obyektiv, daha real şəkildə görmək üçün şərait yaradır. Onun qarşısında duran Aristotel məntiqi vaxtikən əgər dünyanı iki rəngdə: ağ və qara rənglərdə görürsə, qeyri-səlis məntiq rəngli televizorda olan kimi dünyanı onun bütün çeşidli rənglərində görməyə çalışır.
Ağ və qaranın arasında sonsuz sayda- ağımtıl, ağabənzər, qaramtıl, qaravari və s. kimi rənglər var. Biz onları bəzən görmürük, hətta görürüksə də onları ifadə etməkdə çətinlik çəkirik. Çünki bizim dilimiz bizim şürumuzdan həmişə arxada qalır. Bu mənada, Zadənin qeyri-səlis məntiq ideologiyası ondan ibarətdir ki, insan sanki mütləqiyyət dövründən beyni, şüuru ağ və qaraya bölünür. Ağ, ya qara, bu, bir mütləq anlayışların hakimliyi dövrüdür. Elə bil, dağ çayıdır burula-burula gəlib birdən böyük bir dənizə yaxud da, okeana qarışır.
Bu mənada qeyri-səlis məntiq bizim əcdadlarımızın təsəvvüründə özünü göstərirdisə və “Kitabi– Dədə Qorqud” dastanında da öz əksini tapırdısa, bu o deməkdir ki, bizim əcdadlarımız demokratik düşüncəyə malik olublar. Həmin demokratik düşüncə özünün ərsəyə gətirdiyi dastanda öz əksini tapıb: nə ölüdür, nə diri. Aristotel deyirdi ki, ya ölüdür, ya diri, amma nə ölüdür, nə diri. Bəlkə bu komadadır? Koma ölü ilə diri arasında bir haldır. Aristotel iki əkslik arasında 3-cünü istisna edirdi. Üçüncü ola bilməzdi. Qeyri-səlist məntiq isə onun içinə 2-ci, 3, 4, 5-cini də gətirə bilir ki, Dədə Qorqud dastanında bunu kifayət qədər nümunələrinə rast gəlinir.
Küçücük ölüm adlı bir anlayış var. Salur Qazan, Qan Turalı küçük ölümə düçar olurlar. Bu, nə deməkdir? Elə bərk yatırlar ki, onları oyatmaq mümkün olmur. Düşmən gəlir, onları öldürmək ərəfəsinə çatır, qəhrəmanımız yatır. O zaman Oğuz igidləri yeddi gün, yeddi gecə yatardılar. Bunun adına küçücük ölüm deyilirdi. İndiki tibbi dillə desək bu komadır. Yəni üçüncüdür nə ölüdür, nə diri. Bu cür misallar Dədə Qorqud dastanında kifayət qədər var. Biz bunları üzə çıxarırıq. Baxın seçim iki idi: ya ölü, ya diri. Amma indi koma da girdi araya neçə oldu seçim? Təbii ki, üç. Elə məqamlar var ki, orada 4-cü 5-ci hallar da var. Deməli, seçimin imkanı böyüyür, genişlənir. Bu, nəyi göstərir? Bu, bir başa demokratik yanaşmanın siqlətini göstərir. Yəni məsələyə mütləqiyyət, diktatura şəklində deyil, məsələyə daha yumşaq obyektiv aləmə olan kimi yanaşma cəhdimiz var.
– Yəni, qısası, əcdadlarımız, babalarımız qeyri-səlis də düşünüblər?
– Yox, mən deməzdim ki, qeyri-səlis düşünüblər. Orada Aristotel məntiqinin də öz yeri var. Bunun da öz veri var. Babalarımız, əcdadlarımız ən azından dünyanı olduğu rəngarənglikdə görmək arzularını ortaya qoyublar.
– Siz Bakı Slavyan Universitetində rektor olmusunuz. Sizin rəhbəyliyinizlə universitet ilk dəfə olaraq, bir ali təhsil ocağı qəlibindən çıxıb mədəni mərkəzə çevrildi. Xarici ölkələrdə Slavyan Universitetinin Azərbaycan dili mədəniyyət mərkəzləri açılırdı. İndi Azərbaycan Dillər Universitetinin rektorusunuz. Bu ənənə davam edirmi?
– Bakı Slavyan Universitetində əsası qoyulan o ənənələr ulu öndər Heydər Əliyev tərəfindən tövsiyə olunmuşdu ki, Bakı Slavyan Universiteti slavyan dünyasını əks etdirməlidir, onunla əlaqələr qurmalıdır. Slavyan ölkələri ilə münasibətlərini qurmalıdır, o ölkələrin universitetlərindəki mötəbər şəxslərin gəlişini təşkil etməlidir. Tələbə mübadiləsi aparılmalıdır. Universitetdə biz türk mərkəzi də açdıq. Mənə elə gəlir ki slavyan dünyasını, türk dünyası olmadan, türk dünyasını da slavyan dünyası olmadan öyrənmək mümkün deyil. Bunların ikisi hökmən bir-birini tamamlamalıdır.
Doğrudur, başqa ölkələrdə də Azərbaycan dili mədəniyyət mərkəzləri açılırdı. Bizdə olduğu kimi, tutaq ki, bolqar dili dərslərimizdə bolqar mədəniyyətini təbliğ etmək üçün müəyyən işlər görürdüksə, Bolqarıstanın paytaxtında, Sofiya Universitetində Azərbaycan dili mərkəzi açmışdıq. Eyni zamanda, Rusiyada Yekaterinburq Universitetində Azərbaycan dili mərkəzimiz var idi və ilaxır.
Əlbəttə, bu ənənələr indi də Azərbaycan Dillər Universitetində davam etdirilir. Bu gün burada 20-dən çox dil öyrənilir. Onların hər birinin bir mərkəzi var. Və bu dil mərkəzlərimizdə biz işimizi elə qurmağa çalışırıq ki, güzgüvari şəkildə həmin ölkələrdəki universitetlərdə də Azərbaycan dili və mədəniyyəti və yaxud da Azərbaycan dili və multikulturalizm mərkəzlərini aça bilək. Bu şəkildə Çində, Rusiyada, Serbiyada, Ruminiyada belə mərkəzlər fəaliyyət göstərir. Macarıstan, BƏƏ və bır sıra başqa ölkələrdə də bu istiqamətlər üzrə işlər görülməkdədir.
– Multikulturalizm, tolerantlıqla bağlı sual vermək istəyirəm. Necə düşünürsünüz, bizim xalqın o dəyərlərə bağlılığı nə dərəcədədir?
– Bilirsinizmi, Prezident İlham Əliyev multikulturalizmi Azərbaycanın dövlət siyasətinin bir komponenti etdi. Bu ulu öndərdən gələn bir tövsiyə idi. Ulu öndər Azərbaycan multikulturalizminin siyasi bazasını hazırlamışdı. Yəni Azərbaycanın müxtəlif bölgələrində yaşayan xalqlara münasibətini elə əks etdirirdi ki, o münasibət bizim siyasətmizin aparıcı ünsürünə çevrilirdi. Bunu çox böyük bir siyasi uzaqgörənliklə Prezident İlham Əliyev davam etdirdi. Və Azərbaycanda multikulturalizm təntənəsini xalqımıza da, bütün dünyaya da yaşatdı.
Baxın multikulturalizm ili qeyd olundu, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərməyə başladı. Və bu gün Azərbaycan multikulturalizmi bütün dünyada qəbul olunan bir modeldir. Azərbaycanda yaşayan xalqlar, bütövlükdə, Azərbaycanın gücüdür. Bunu ulu öndər deyirdi. Yəni Azərbaycanın gücü bizim, Azərbaycan xalqlarının hamısının bir yerdə gücüdür. Bax, budur multikulturalizmin dayaq nöqtəsi. Və bir də Prezident İlham Əliyev bunu həmişə vurğulayırdı. Azərbaycan multikulturalizminin tarixə gedən qədim kökləri var, qaynaqları var.
Ədəbiyyatımızda, mədəniyyətimizdə bu qaynaqlar var, ictimai-fəlsəfi fikir tariximizdə də var. Bu qaynaqlar bizim klassiklərimizin, böyük sənətkarlarımızın əsərlərində də özünü göstərir.
Biz çox zaman bu misraların üzərindən asanlıqla keçirik, amma aləmin qəmdən xali edilməsi nə deməkdir? Təsəvvür edirsinizmi, 16-cı əsr bir Azərbaycan şairi. Əslində, o, bir renosans şairidir. Biz Da Vinçidən, Rafaeldən danışırıq, görkəmli möhtəşəm simalardan danışırıq və çox zaman unuduruq ki, onların Qərbdə təbliğ etdiyi o humanist dəyərlər Azərbaycanda da təbliğ edilib.
Azərbaycan şairləri tərəfindən təbliğ edilib. Füzuli aləm deyəndə o bütün insanları nəzərdə tuturdu. Ağlı, qaralı, sarılı bütün insanları. Bu, özü multikulturalizmin himnidir desək, səhv etmərik. Yəni Füzulidən, Nizamidən, Nəsimidən gələn multikultural dəyərə malik misralar, ölməz deyimlər Azərbaycan multikulturalizminin ulu öndər və İlham Əliyev tərəfindən siyasi bir istiqamətə çevrilməsinin əsas səbəbi oldu.
– Deyirsiniz ki, “Dədə Qorqud”da Təpəgöz suyun qabağını kəsmişdi. Basat gəldi Təpəgözü öldürdü, suyun qarşısı açıldı. Suqovuşan su anbarının azad edilməsini də buna bənzətmək olar. Çağdaş ədəbiyyatımız bu qəhrəmanlığı necə bədiiləşdirir?
– Təbii ki ədəbiyyatımız ölkəmizin sülh siyasətini dəstəkləməli və ona arxa durmalıdır. Qarabağ müharibəsi ilə bağlı bəzi əsərlər yazılıb, diqqətəlayiq əsərlər var, filmlər çəkilib.
Amma prinsip etibarilə, Qarabağ haqqında bizim bu böyük müharibədə, mücadiləmizdə qalib gəlməyimizin əsl təsviri, ədəbi, bədii, mədəni, mənəvi təsviri hələ irəlidədir. Bir müddət keçməlidir ki, bir az kənardan biz bu hadisələrə baxa bilək. Bizim o cəngavərlərimizin dik qayalara dırmaşmalarının ağırlığını, siqlətini duya bilək, onu başa düşək. Onları ora nə qaldırırdı? Onların evi, eşiyi, ailəsi vardı, bütün bunları arxada qoyub Şuşaya qalxmağa onları nə təhrik edirdi?
Şübhəsiz ki, Azərbaycan Bayrağı, Azərbaycan Himni, Azərbaycan Prezidentinin məsuliyyət və kəskinliklə dediyi sözlər. Onları qayaların üstündən Şuşa şəhərinə və bütün Qarabağa elə bil ki, quş kimi qanadlandırırdı. Mənə elə gəlir ki, bütün bunları axıra qədər dərk etmək üçün bir ədəbiyyat, bir mədəniyyət adamı üçün müəyyən bir vaxt lazımdır. Vaxt lazımdır ki, bunun bütün möhtəşəmliyini biz olduğu kimi qəbul edə bilək. O bizim canımıza hopmalıdır. Prinsip etibarilə, bu Qələbə təkcə Azərbaycanın Ermənistan üzərində qələbəsi deyildi. Bu saflığın, təmizliyin, doğruluğun, əyrilik, yalan, böhtan üzərində qələbəsi idi. Bütün dünya da bunu bu cürə qəbul etdi. Çünki artıq hamı bilirdi ki, Qarabağla, Azərbaycanla bağlı problemlər hansı səviyyədədir. Ulu öndər əlində, sanki, coğrafiya müəlliminin çubuğu nə qədər xarici ölkə prezidentinə Qarabağ haradadır, Azərbaycan haradadır, Ermənistan haradadır, dərsini vermişdi. Bütün bunlar boşa gedə bilməzdi.
Onlar da bunu bilirdilər, bəs qəbul edirdilərmi? Bəli, artıq yavaş-yavaş onu da qəbul edirlər.
– Maraqlı müsahibəyə görə sağ olun!
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Azərbaycan İstiqlal Muzeyini yarım aya 6336 nəfər ziyarət edib
Son altı ayda Azərbaycan İstiqlal Muzeyini 6336 nəfər qonaq ziyarət edib.
Bu barədə muzeyin direktoru Sədi Mirseyibli bildirib.
Onun sözlərinə görə, ziyarətçilərdən 2724 nəfəri məktəbli, 366 nəfəri xarici turist, 1696 yerli vətəndaşlar olub.
“Eyni zamanda 15 nəfər şəhid ailəsinin üzvləri, 204 nəfər hərbi qulluqçu, 1076 nəfər ali təhsilli şəxs və 4 nəfər isə fəxri qonaq muzeyi ziyarət edib.
Muzeyimizi ziyarət edən xarici turistlər arasında Böyük Britaniya, Pakistan, ərəb ölkələrindən olan turistlər üstünlük təşkil ediblər”, -deyə S.Mirseyibli söyləyib.
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)
Bu gün XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
Bu gün XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı başlaylr. Zövqlü və elitar musiqinin məkanına çevriləcək Qəbələdə yenidən musiqi virtuozları bir araya gələcəklər.
Avqustun 2-nədək davam edəcək festival Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edəcək.
Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə baş tutacaq. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Xalq artistləri Dinarə Əliyeva (soprano), Əvəz Abdullayev (bariton), Samir Cəfərov (tenor), Yusif Eyvazov (tenor) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano) çıxış edəcəklər.
2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq. Festival günlərində Bakı Kamera Orkestri, “Clarte” klarnet kvarteti, “Qaytağı” instrumental ansamblı, Litva Kamera Orkestri, Xalq artistləri Ənvər Sadıqov, Fərhad Bədəlbəyli, Gülnaz İsmayılova, Murad Adıgözəlzadə, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Əməkdar artistlər Emil Əfrasiyab, Fuad İbrahimov, Fəridə Məmmədova, respublika və beynəlxalq müsabiqələr laureatları – Atəş Qarayev, Dennis Həsənov (Rusiya), Elmina Həsənova, Əli Məmmədov, Humay Hacızadə, Mahir Tağızadə, Mustafa Mehmandarov, Nərgiz Kəngərli, Osman Mustafazadə, Rüstəm Zeynalov, Səidə Tağızadə, Ümidə Abasova, Vurğun Vəkilov, istedadlı gənc solistlər, muğam ifaçıları, Dmitri Sitkovetski (Böyük Britaniya, dirijor), Mixail Lidski (Rusiya, piano), Henri-David Varema (Estoniya, violonçel), Mariuş Patira (Polşa, violin) və digərləri çıxış edəcək.
Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun 90 illik yubileyi, tanınmış pianoçu Bella Davidoviçin 95, dahi bəstəkarlar Sergey Rahmaninovun 150 illik və İohannes Bramsın 190 illik yubileyləri də festival çərçivəsində xüsusi musiqi proqramları ilə qeyd ediləcək.
Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc ifaçıların konserti, Mixail Lidski (piano) və Henri-David Varemanın (violonçel) ustad dərsləri də olacaq.
Bir sözlə, baxmağa və dinləməyə dəyər!
“Ədəbiyyat və incəsənət”
(27.07.2023)