Heyran Zöhrabova, "Ədəbiyyat və incəsənət"
20 noyabr ölkə tariximizdə iki böyük hadisə ilə yadda qalıb. Onlardan biri əlamətdar hadisə olsa da, digəri isə böyük olduğu qədər həm də ağır bir faciədir.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Azərbaycana məxsus və göyərtəsində yüksək rütbəli dövlət xadimlərinin, millət vəkili və jurnalistlərin olduğu "Mi-8" hərbi helikopteri erməni hərbi dəstələri tərəfindən vuruldu.
Terror aktı nəticəsində aralarında Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, nazir müavini Qurban Namazəliyev Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayevin də olduğu ümumilikdə 22 nəfərdən ibarət olan sərnişin və şəxsi heyyətin hamısı həlak olub.
İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqlənib.
Belə ki, 1991-ci il noyabrın 7-də Qarabağdakı münaqişə ilə bağlı vəziyyəti yerində araşdırmaq üçün Xankəndinə nümayəndə heyyətinin göndərilməsinə qərar verilir. Mixail Qarbaçovun köməkçisinin Bakıya zəngindən sonra xüsusi siyahı tərtib edilir. Bu siyahıya Azərbaycan Kommunist partiyasının 2-ci katibi Viktor Polyaniçko rəhbərlik etməli idi. SSR-i rəhbərliyi dövlət katibi Tofiq İsmayılov və baş prokuror İsmət Qayıbovun da səfərdə iştirak etməsini istəyir. İlkin siyahıdan millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları çıxarılır. Lakin, daha sonra siyahı bir daha yenilənir və Viktor Polyaniçkonun adı niyəsə siyahıdan çıxarılır. Millət vəkillərinin adları isə yenidən siyahıya qaytarılır. Noyabrın 19-da gecə saat 23:00 da siyahı təsdiqlənir. Noyabrın 20-si səhər saat 11:00 radələrində nümayəndə heyyətini gətirən 2 helikopter Ağdama enir. Dövlət katibi Tofiq İsmayılovun başçılığı ilə Ağdam xalq deputatları soveti icraiyyə komitəsinin binasında yığıncaq keçirilir, daha sonra nümayəndə heyyəti vəziyyəti yerindəcə araşdırmaq üçün Xankəndinə getməyə qərar verir. Saat 12:57 -də Ağdamda "Mi-8" tipli iki helikopter uçuşa hazırlanır. "69" nömrəli "Mi8" əsas helikopter olmalı, 2-ci "72" nömrəli "Mi8" isə onu müşyiət etməli idi. Lakin, saat 13:48-də ikinci helikopter heç bir müşayiət olmadan numayəndə heyyətini götürərək havaya qalxır. Çox keçmədən Xocavənd rayonunun Qarakənd istiqamətində uçan helikopterlə rabitə əlaqəsi kəsilir. Helikopter 14:42- də Qarakənd kəndi yaxınlığında 300 metr yüksəklikdə vurulur. Baş vermiş faciə barədə İrəvan radiosu saat 16:15, Tehran radiosu 16:40-da Moskva radiosu 17:00 da xəbər yaysa da, faciə barədə xəbərin Azərbaycanın Prezident Aparatına saat 19:55 -də çatdığı bildirilir.
Terror aktının baş vermə səbəblərini araşdırmaq üçün Xankəndində yerləşən rus hərbi qarnizonunun hərbi prokrurona qarşı uçuşun düzgün idarə olunmaması və insan tələfatı maddəsi ilə cinayət işi açılır.
Bu günə qədər cavabsız qalan suallardan biri də odur ki, niyə onları hərbi vertalyot müşayiət etmirdi, münaqişə bölgəsi olduğu halda niyə ehtiyyat tədbirləri görülməmişdi?
Helikopterin qara qutusunu araşdırmaq üçün azərbaycanlı mütəxəssisləri yaxına buraxmırlar. Hadisədən bir neçə gün sonra hadisənin baş vermə səbəblərini öyrənmək üçün qara qutunu Rusiyaya göndərirlər. Halbuki qara qutunu Gəncədəki helikopter zavodunda da açmaq olardı. Sonralar isə Rusiyaya göndərilən qara qutudan heç bir səs sorağ çıxmır.
Viktor Polyaniçkonun adının nümayəndə heyyətinin siyahısından silinməsi, Qarbaçovun xüsusi istəyi ilə 20 yanvar hadisələri zamanı SSR-i Ali Sovetində çıxış etmiş və Qarbaçov da daxil olmaqla bütün iştirakçıları 20 yanvar şəhidlərinin xatirəsini yad etmək üçün ayağa qalxmağa məcbur edən Tofiq İsmayılovun, Qarabağda baş verən iğtişaşlara görə dəfələrlə Qarabağa səfərlər etmiş, hadisələri yaxından izləmiş, həmin hadisələrə görə erməniləri günahlandırmış və onlara qarşı adekvat addımların atılacağını bildirən baş prokuror İsmət Qayıbovun siayhıya əlavə olunması, helikopterin heç bir müşaiyət olunmadan havaya qalxaraq Xankəndinə istiqamət götürməsi, hadisə barədə xəbəri ilk Yerəvan radiosunun yayması, helikopterin qara qutusunun Gəncədəki helikopter zavodunda açılması mümkünkən azərbaycanlı mütəxəssislərin yaxına buraxılmayıb qutunun Rusiyaya göndərilməsə və birdə ondan xəbər çıxmaması, bunların hamısı təsadüf idimi sizcə?
Və əvvəldə də qeyd etdiyim kimi 20 noyabr ölkə tarixində həmdə əkamətdar bir hadisə ilə yadda qalıb.
Belə ki, Qarakənd terorunun 29-cu il dönümündə, yəni 2020-ci il (44 günlük müharibə dövründə ) noyabrın 20-də Ağdam rayonu erməni işğalından azad edilmişdir.
Onu da qeyd edək ki, Ağdam rayonu 23:07:1993- cü il tarixində ermənilər tərəfindən işğal olunmuşdu.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)