Uraqan Abdullayev, “Ədəbiyyat və incəsənət”
Son
Qurban əbədi olaraq gözlərini yumdu. O, etdiyi əməllərin qurbanına çevrilmişdi. Artıq bu işin geri dönüşü ola bilməzdi.
***
Bir neçə dəqiqə öncə
Gözlərini son dəfə açan Qurban iynəni axtarmağa başladı. Yerişindən ləngliyi hiss olunurdu. Nə gücü, nə də əvvəlki ağlı yerində deyildi. İynə onun hər şeyini əlindən alsa da hələ də əl çəkə bilmirdi. Qulağına səslər gəldikcə yox deməyə çalışsa da özü ilə bacarmadı.
İynəni tapıb dozasını müəyyən etdikdən sonra onu artıqlaması ilə doldurdu. Əlinə götürüb hələ də ona baxmağa davam edirdi. İynə onun əlində çox iyrənc görsənirdi. Bunu etmək istəmirdi. Özündə güc toplayıb onu kənara qoyacaqdı ki, iynə dilləndi:
– Dayan, nə edirsən?
Qurban cavab verdi:
– Sənə yox deyirəm.
İynə qışqırmağa başladı:
– Sadəcə bir dəfə dadıma baxmalısan. Özün görürsən ki, daha digərləri təsir eləmir. Qurban qulağına gələn səsi dinləyərək yenidən iynəni əlinə aldı. İynəni damarlarına yeritdikdə rahatladığını hiss etdi:
– Sadəcə bir dəfə. Göylərə yüksəlmək üçün kəməri qoluna bərkit, məni damarına qəbul elə. Yavaşca gözlərini yum...
***
Bir gün öncə
Öz yatağında gözlərini açdığı zaman Nəsibəni gördü. Nəsibə bütün gecəni onunla birgə keçirmişdi. Kefini pozmayan Qurban əli ilə Nəsibənin saçlarına toxunduqda qadın yerindən dik atıldı. Bütün gecə Qurbanla birgə etdiklərini yadına salıb əlləri ilə başını tutdu:
– Biz nə etdik, Qurban? Ərim bilsə məni öldürər.
Qurban gülməyə başladı:
– Məncə o bilsə də sənə heç nə etməz. Ailəli olduğun üçün narahat olma. Mənim də ailəm var.
– Axı o, sənin də dostundur. – Nəsibə geri çəkildi. – Özümü günahkar hiss edirəm.
– Məndən sonra heç kimlə etməzsən. Hər şeyin dadına bir dəfə baxmaq lazımdır.
– Yalnız bir dəfə – desə də ürəyində düşündü: "Görəsən bu artıq neçəncidir?" Nəsibə yenidən təkrarladı:
– Amma, sadəcə bir dəfə...
Qurban yorğanı üstlərinə çəkməzdən öncə qapılarının nömrəsinin 19 olduğuna diqqət yetirdi.
***
2 gecə öncə Saatına baxdığı zaman 19:00 göstərirdi. Sadiq pula görə öz anasını da satardı. Qurban da onun yanına əliboş gəlməmişdi. Pulu stolun üstünə qoyub Sadiqdən dərmanları aldı. Sadiq təlimatlarını səsləndirməyə başladı:
– Bu dərmanları Nəsibənin çayına qat. İçdikdən sonra ağlı başında olmayacaq. Qurban fikirli halda soruşdu:
– Sadiq, bəlkə dərmanlar lazım deyil?
Sadiq dedi:
– Bir dəfə o da dadına baxsın, qurdunuzu öldürün.
– Bəs bu nədir? – Stolun üstündəki paketi göstərərək soruşdu.
– İynədi. Onları da hədiyyə edirəm, bu dəfə məndən olsun.
– Yox, götürmüyüm e...
– Əşşi götür, bir dəfəynən heç nə olmaz. Qurban dərmanları və iynəni götürüb Sadiqə sual verdi:
– O əri tərəfindən satıldığını bilir?
Sadiq tərs-tərs baxdı:
– Pulunu vermisən, kefini çək, gerisi sənə qalmayıb, Arvadımdır, özüm bilərəm.
Qurban sağ-sola baxaraq dedi:
– Bəs Nəsibə hardadır?
– 19-cu otaqda səni gözləyir.
Qurban heç nə demədən dərmanları götürüb 19-cu otağa getdi.
***
Bir il əvvəl
Universitetin çıxışından çıxarkən Nərgizin əlini tutan Qurban onun üçün böyük sürpriz hazırlamışdı. Birlikdə kafeyə yollandıqda Nərgiz bütün kafenin bağlandığını gördü. Süfrə bəzənmiş, musiqiçilər öz ifalarına başlamışdılar. Bu mənzərəni görən Nərgizin gözləri doldu. Keçib yerlərinə əyləşərkən Qurban və Nərgiz çox xoşbəxt görünürdü.
– Sən nəsə içəcəksən? – Nərgiz soruşdu. Qurban cavab verdi:
– Sevgimizi gücləndirəcək nə varsa ondan istəyirəm.
Nərgiz gülümsəyərək cavab verdi:
– Səninlə evlənməyə bir şərtlə razı olaram. Həmişə məni sevəcəyinə söz ver! Söz ver ki, heç vaxt mənə xəyanət etməyəcəksən.
Qurban cibindən bir siqaret çıxardıb yandırdı.
Damağına qoyaraq tərəddüt etmədən dedi:
– Söz verirəm...
Nərgizin bir anda siması dəyişdi:
– Siqareti atacağına söz vermişdin.
– Nə edim? Ata bilmirəm zəhrimarı. – Qurban qədəhi alkaqollu içkilərlə dolduraraq dedi:
– Xüsusi olaraq bu gün üçün içmək lazımdır. Nərgiz dedi:
– Sən axı içmirdin?
– Bu gün üçün içəcəyik.
Nərgiz duruxdu:
– Əgər sən içirsənsə, mən də dadına baxaram.
Qurban təkid edərək dedi:
– İç, insanı mexoş edir. Hər şeyin dadına bir dəfə baxmaq lazımdır. Sadəcə bir dəfə – deyib cibindəki siqareti stolun üzərinə qoydu.
***
5 il öncə
Qurban üçün bu da çox maraqlı görünürdü. O, insanın düşüncələrinə sakitlik qatıb, özünə güvənməyən insanların güvənini artırmağa kömək edirdi. Qurban heç bir zaman pis vərdişlərin əsiri olmamışdı. Hətta içki belə içməmişdi. Bundan sonra nə iş, nə də ki, ailə qurduğu zaman pis vərdişlərə qoşulmağı düşünmürdü. Buna rəğmən siqaretin dadına baxmalı olduğuna özünü inandırmışdı. Dükandan aldığı siqareti cibinə qoyaraq cəld gizlincə oradan uzaqlaşdı. Qurban məktəbli olduğundan ailəsi tərəfindən əlindəki siqaretin bilinməsini istəməzdi. Yan-yörəsinə baxıb kibriti dodaqlarına yaxınlaşdıraraq siqareti yandırdı:
– "Hər şeyin dadına baxmaq lazımdır" – düşünərək ilk siqaretini ciyərlərinə çəkdi.
Xülyalara qapılacaqdı ki, arxadan Sadiqin səsi eşidildi:
– Niyə gözləmədin məni? Necədir, xoşuna gəldi?
Qurban dedi:
– Pis deyil, amma bunu çəkim, daha çəkməyəcəm.
– Nə oldu, nə tez qorxdun?
Qurban mövzunu dəyişərək başqa bir sual verdi:
– Nərgiz hardadır?
– Səni gözlədi, sonra da dərsdən çıxıb evə getdi. Sən onu sevdiyini demisən.
– Demişəm, evlənmək üçün universiteti bitirməli olduğumuzu deyib. Universiteti bitirdikdən sonra...
– Pah... oxuyub-oxuyub ağ günə çıxacaq. Beş günlük dünyadı, götür birini də çək.
Qurban və Sadiq gülümsəyərək ikinci siqaretlərini də yandırdılar. Qurban nəyin əsirinə çevriləcəyini vaxt ötdükcə anlayacaqdı.
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)