Mən ölmək istəmirəm - AKTUAL Featured

Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”

 

 

https://youtube.com/watch?v=K4FSFir7zTw&si=kJHxvPYKEogooq0a

 

Salam, dəyərli oxucular. Oxuduqdan sonra və ya əvvəl izləmənizi istərdim. Öyrənəcək çox şeyimiz var. Bizim insan olma yolunda atacaq hələ çox addımımız var...

 

“Dərs bitdi...”

Dərs başlamışdı. Hər kəs yerində oturub bərk səslə danışır, gülür, müəllimin jurnalı yoxlamasını gözləyirdi. Qələm masaya 2 dəfə dəydi. Bu taqqıltı susmağa və artıq vaxtın gəldiyinə işarə idi. Yoxlama zamanı yetişdi.

-Ləman Məmmədova?

+Burada.

-Elxan Səfərov?

+Burada.

-Aysel Nəbizadə?

+Burada.

-Elina Hacıyeva?

+Müəllim yoxdu, bugün başımız dinc, sinfimiz əxlaqlıdır.

 

Gülüş səsləri... Müəllim heç bir reaksiya vermədi, əksinə, sanki uşaqları təsdiqləmişcəsinə güldü, üstündən keçdi…

 

-Davam edək, uşaqlar, sakitliyi pozmayın. -Aytən Nəsrullayeva

+Buradayam, müəllimə

-Əminə Bulud.

+Müəllim o da yoxdur.

*Müəllim, mən buradayam!

-Əminədən nə əcəb? O ki dərs buraxmazdı?

*Necə yəni yoxdur? Buradayam axı?!

Elina: -Əminə, onlar bizi eşitmir, boşuna çabalama.

 

-Nəysə. Şəbnəm də burada?

+Yox, o da yoxdur. 

*Aaa, necə yəni? Biz ki burada oturmuşuq?!

-Allah bilir, yenə harada gəzir. Nəysə, uşaqlar dərsə başlayaq. 

 

* * *

Keçmişə qayıdaq bir az. Düşünək. Axı insan düşünən varlıqdır. Həqiqətən, insan düşünən varlıqdırsa, insan sayılırıqmı biz? Dindən danışan bu qədər adam var, amma dinin qaydalarını yada belə salmırlar, dindar oluruqmu biz?

Necə də qəribədir. Necə də acınacaqlıdır. Hər an, hər saniyə bir qadın daha şiddətə məruz qalır, canı yanır, öldürülür. Azərbaycanda, dünyada hər gün yeni cinayət məsələləri aşkarlanır. Bəşəriyyətin yarandığı gündən bu yana birlikdə yaşayan 2 canlı nə zaman düşmən oldu bir-birinə bu qədər? 

Çox yox, bir neçə ay əvvəl 4 nəfər tərəfindən təcavüz görüb, sonra da binadan atıldı 15 yaşlı Şəbnəm. Kim xatırlayır? Bəlkə də heç kim. Ya da, o qızcığazın adaşı, Şəbnəm Şirin, Türk vətəndaşı gözəllər gözəli bu xanım öz sevgilisi tərəfindən bıçaqlanaraq öldürüldü. Niyə? Ayrılmaq istədi deyə. Bu canidən qurtulmaq istədi deyə... Qurtula bilmədi...

Cavab tapa bilmirik bu suallara. Nə zaman nifrət sardı qəlblərimizi? Körpəcik qızlar ana olur, körpə sahibi olur. Axı uşağın uşağı olar? Zaman gedir, aylar, illər, əsrlər gedir. İnsanların qəlbləri də getdikcə daşlaşır. Düşün ki, sənin min bir əziyyətlə böyütdüyün, toxunmağa qıya bilmədiyin zərif gülünü qırır şərəfini itirən biri. Düşün ki, hər cür çətinliklə böyütdüyün ağacının budaqlarını qırır mənliksizin biri.

 

Bir neçə il keçir balaca Nərminin yandırılaraq öldürülməsindən. Qatil naməlum qaldı, yoxsa tapıldı? Bəlkə də çoxumuz maraqlanmadıq. Bəlkə də adını belə unutduq onun... Ya da, Əminədən bəhs edək bir az. Qızının gözləri önündə boğazı kəsilən Əminə. Son cümləsi "Mən ölmək istəmirəm" olan Əminə...

Sadəcə ölüm deyil ki, məhv edən gül baxçalarımızı. Qol-budağını qırırlar böyümək arzusundakı fidanlarımızın. Təhsildən yayındırılan, tez evləndirilən körpələr, şiddət görən qadınlar... Niyə bu qədər çabalayırıq ümidlərini qırmaq üçün körpələrin?

Hər gün yeni hekayələr yazılmağa başlayır dünyaya gələn hər körpəylə birlikdə. Və hər gün yenə hekayələr yarım qalır, canilərin əllərində. Baxdığımız, gördüyümüz, görmədiyimiz hər yerdə bir nəfəsə möhtac qalan qadınlar var. Niyə? 

Minlərlə həyat var gözlər önündə yox olub gedən. Bir neçəsini xatırlayırıq sadəcə. O da bəlli-bəlirsiz bir xatirə şəklində... 

Kimdir bu qadınlar? Axı nə üçün rahatca nəfəs almaq belə çox görülür bizlərə?

 

“Mən Şəbnəməm. Qatili öz sevdiyi, əllərini tutduğu adam olan Şəbnəm. Günahım “azad” olduğumu sandığım ölkədə insan olduğuna inandığım birini sevmək idi...” 

 

“Mən Nərminəm. İtkin düşən, yanmış cəsədi tapılan və yenə də “qızın gözlərində çox bilmişlik var” deyilən o balaca Nərmin. Günahım məni ölümə sürükləyən şəxsə uşaq olduğumu, saf olduğumu bildirmək, mənlə oynamaq istədiyinə inanmaq idi.”

 

“Mən Elinayam. Günahım nədir, açığı mən də tam bilmirəm. Bəlkə də ailəmin günahlarının cəzasını ödədim mən. Bir də, deyəsən saçımdakı rəngləri sevmədilər. Amma niyə, bilmirəm, axı həyat rəngarəng gözəl idi.

 

“Mən Əminəyəm. Günahım Azadlıq istəməkdir. Azad yaşamağı, sevməyi, nəfəs almağı diləməkdir. Mənə verilən qısacıq həyatı yaşaya bilməyi arzu etməkdir. Mən ölmək istəmirdim. Övladım var idi, işim var idi, mənim həyatım var idi.” 

 

Milyon illərdir xor görülürük. Milyon illərdir, yox sayılır, heç edilirik. Qız uşaqlarının diri-diri basdırıldığı vaxtlardan illər, əsrlər keçib, amma nə fayda? İllər də keçsə insanlar eyni. İnsanlar ölü, insanlıq ölü... Ruhlarımıza kir dolub. Alışırıq artıq televiziyalarda, sosial şəbəkələrdə gördüyümüz o iyrənc səhnələrə. 

Deyəsən, problem elə alışmamızdadır. Bu iyrəncliklərin artışına göz yumuruq. 

Bəs hara qədər?

Oyan,ey əhali. Oyan, ey xalq. Oyan artıq. Biz artıq yaşamaq istəyirik, ölmək istəmirik. Mənim nəfəs almağa, yaşamağa ehtiyacım var. Mən ölmək istəmirəm!

Dinlə məni. Mən qadınam. Ailədə sadəcə bir əlavə boşqab kimi görülən, nəsil davamında iştirak edə bilməyən qadın. Hər etdiyi, hər dediyi tənqid edilən, ”qız uşağısan”  deyilərək geri plana atılan qadın.  

Mən qadınam. Anayam mən. İnsanam ən başlıcası. Oxumaq istəyirəm. Dinləmək, rəqs etmək, mahnı oxumaq. Mən də sevə bilmək istəyirəm. Mən də azad olmaq istəyirəm. İstəyirəm küçədəki üzərimdə olan hər baxış çəkilsin göylərə. Azad olmaq qəlbimdə həbs saxlanılan göyərçindir sanki. Mən artıq rahat gülə bilmək istəyirəm. Sadəcə 8 martda yox, hər gün özəl olmaq istəyirəm. Öz istədiyim peşə ilə məşğul olmaq, öz seçimlərimi etmək istəyirəm. Mən oyuncaq deyiləm, amma oyun oynamaq istəyirəm. Uşağam hələ mən. Qəlbi, ruhu, hisləri olan insanam mən də. Mən yaşamaq istəyirəm. Mən ölmək istəmirəm.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.