“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.
62-Cİ DƏRC
“Əlif atasını tapmışdı. Ona qarda irəliləməyə kömək etmək istəyirdi, amma atası razılıq vermirdi, deyirdi, qadınlara kömək et, məndən narahat olma.
Çay qurşaqdan yuxarı idi. Bu şaxtada suyu paltarlı keçmək – donub ölmək riskini göz altına almaq demək idi.
Bununla belə, heç kəs həya edib soyunmadı.”
Romanın təsirli epizodları izləyiciləri axıradək gərginlik içində saxladı.
Hava artıq qaralmışdı, Divanın Baş Hakimi üzünü müttəhim kürsüsündə vurnuxan Monte Melkonyana tutdu:
-Monte Melkonyan, şahid ifadələri və ekspert rəyləri ilə sizin cinayətininz tam olaraq sübut edilmişdir. Bu nümayiş olunan filmlər, dinlənilən musiqilər, yazılmış kitablar isə sizin cinayətininzi gələcək əsrlərə daşıyacaqlar. 1993-cü ilin 12 iyununda Azərbaycanın Mərzili ərazisində gedən döyüşlər zamanı siz azərbaycanlılar tərəfindən açılan güllə ilə qətlə yetirilmiş, Axirət dünyasının sakini olmusunuz. Bununla da Əsas dünyada tərətdiyiniz misilsiz cinayətlər cəzasız qalmışdır. Divan sizə Qeybedilmə cəzası kəsir. Belə ki, bu qədər cinayətin iştirakçısı olmuş şəxsin bizim bu Axirət dünyamızda da yaşaması yolverilməzdir. Divan qanunlarına görə ittiham olunan və cinayətləri tam sübut olunan şəxsə son söz demək ixtiyarı verilir. Buyurun, son sözünüzü söyləyin.
Monte Melkonyan sel kimi axan tərini sildi, icazə alıb hərbi buşlatını çıxararaq özünü bir qədər yelpiklədi, sonra ağır-ağır danışmağa başladı:
-Möhtərəm cənab Hakim, möhtərəm Divan iştirakçıları, şahidlər, zərərçəkənlər və tamaşaçılar, tarix boyu ermənilər yaşayan hər bir ərazidə analar öz balalarına müxtəlif laylalar oxuyublar. Sasunda analar “ruri-ruri”, Vanda “ayrur-ayrur”, Muşda “urur-urur”, Aknda “oror-oror”, bir başqasında “na-na”, digər birində “ey-ey” oxuyublar, dialektlər müxtəlif, mətnlər müxtəlif olub. Mən, qeyd edildiyi kimi, Amerika Birləşmiş Ştatlarında, Kaliforniyada dünyaya göz açmışam. Anam məni hər gecə yatırdanda, eləcə də istirahət günlərində günortalar dayə yanına aparmayıb özü yatırdanda, iki-üç yaşımın bu xatırələrini əsla unutmaram, mənə çox qədim tarixi olan bir laylay, oxşama oxuyardı. Çar-ana bunu əfsanəyə görə oğlu Günəşə oxuyarmış. Bunu guya, heç kəs eşidə bilməzmiş. İlk dəfə ölməkdə olan oğlunu xilas etmək istəyən bir ana hər halda eşidir. O, dəmir cam götürüb dirilik suyu axtarışına çıxıbmış, Günəşin hüdudlarına yetişəndə ana dirilik suyunu tapır, həmin dəm Çar-ananın Günəşə söylədiyi sehirli laylasını da eşidir. Gəlib dirilik suyunu içirdərək və hər gecə bu laylanı oxuyaraq ana öz övladını xilas edir. Mənim anam tam 6 yaşıma kimi bu laylanı mənə oxuyurdu, 6 yaşımda – onda ki, artıq məktəbə getmək yaşım idi, püxtələşmişdim, mənə həmin o əsrarəngiz laylanın mənşəyi ilə bağlı bir tarixçə danışdı. Bu tarixçəyə görə, həmin bu laylay öz əzəlini Qərbi Ermənistandan – Akndan götürüb. Etnoqraf Ovsep Canikyan onu qələmə alaraq, lentə köçürərək bugünümüzə qədər gətirib çıxarıb. Akna yol dərin bir dağ sıldırımından keçərmiş. Sonra da yolçunun qarşısında inanılmaz gözəlliyə malik bir təbiət lövhəsi açılarmış. Bibliya çayı sayılan Fəratın sahilində yerləşirdi Akn. Təbii daş pillələrlə çay sahilindən ora qalxırdın. Aknda Areq adlı rayon varmış. İlk dəfə laylay məhz orada oxunubmuş. Anam bu yerə çatanda kövrəldi, göz yaşlarını gizləyə bilməyərək hıçqırdı, dedi, bizim əcdadlara malik həmin torpaqlar indi bizdə deyil, türklərin işğalı altındadır. Bizdə yalnız vətənimizin rəmzi olan Akn laylası, bir də nisgil və kədər qalıb. Anam bunları dedı, ardınca da pıçıldadı ki, türk bizim düşmənimizdir. İllər öncə eynən bu cür sözləri anamın anası da anama söyləyibmiş. Harda ermənilər yaşayırsa, orada layladan sonra analar eyni tərzdə uşaqlarının qulağına pıçıldayırlar ki, türk sənin düşmənindir. Mən də bütün ermənilər kimi bu ruhda tərbiyə almışam, bu ruhda böyümüşəm. Bütün şüurlu həyatımı türklərlə mübarizəyə həsr etmişəm. Əgər dünyanın ən humanist haqq-ədalət müəyyənləşdiricisi olan Axirətin Divanı mənə cəza çəkirsə, mən nəkarəyəm, demək, günahkaram, bağışlana bilmərəm. Amma hər halda bir şey xahiş edəcəyəm. Necə ki, məni bu yola “milli maraqlar” adlı yazlmamış, şifahi ümumerməni kodeksi sürüklədi, məndən əvvəl də milyonlar bu yola sürüklənmişdi, məndən sonra da milyonlar bu yola sürüklənəcəklər. Xahiş edirəm, Axirət divanı Əsas dünyaya xəbər göndərsin, bu kodeks qadağan olunsun. Barı, bundan sonra mənim xalqım yalançı ideologiyanın, mif və əsatirlərin qurbanı olmasın. Mən dünən milli məsələdə ustad sandığım akademik Aqanbekyanın peşman olub burada necə ağladığına şahid oldum. Demək, bu yol düzgün yol deyilmiş. Tökdüyüm qanlara, kəsdiyim başlara görə Tanrı qarşısında üzr istəyirəm. Əvf olunmayacağımı bilsəm belə üzr istəyirəm.
Sürəkli alqışlar altında iki üzübağlı şəxs gəlib Monte Melkonyanı səhnənin arxasına apardı.
Bəzən şərəfsiz ömür sürmüş insana hansısa milli maraqlar naminə şərəfli ömür yarlıkı yapışdırır, onu milli qəhrəman səviyyəsinədək ucaldırlar. Amma tarix yalanı, saxtakarlığı əsla sevməz, gec-tez mütləq hər şey öz yerini alır. Şərəfsizlər tarixin zibilliklərinə gömülür, ruhları üfunət qoxusuna bürünmüş halda əzab çəkməli olur.
Divan bağlandı, Məhkəmənin daha bir günü arxada qaldı. İnsanlar yerlərindən əsla tərpənmək istəməsələr belə, yenə də durub gecələmək üçün evlərinə yollandılar. Sabah ertədən isə yenidən burada olacaqlar. Sabah ittiham olunan şəxs bugünkü kimi döyüşçü və terrorçu deyil, o yazardır, qələm əhlidir. Amma türkün düşmən olması ideologiyasının ən qatı tərəfdarıdır, qələmiylə qətllərə fərman vermiş birisidir. Döyüşçü qatildən fərqli olaraq ziyalı qatil həmişə daha çox maraq doğurur. Çünki ziyalılığın missiyası nədir? İnsanlığa bilik, elm, maarifçilik bəxş etsin, yaxşı əxlaq, gözəl davranış əxs eləsin. Ziyalı insanlığı qan tökməyə, baş kəsməyə çağırırsa, ultra millətçiliklə zəhərlənmiş kəlmələri ilə qanlar tökürsə, bu artıq öz yayından çıxmış oxun gözlənilən yox, tam gözlənilməz traektoriya cızması deməkdir.
Ona görə də, sabah Divanı qurulacaq şəxsin peşəsi anons ediləndə onu tanımayan Axirət əhli çox səbirsizləndi ki, sabah tez açılsın, bu şəxsin kimliyini bilsinlər, onun sifət cizgilərinə baxıb, nitqini dinləyib bu qədər qəddarlığının, vəhşiliyinin kökünü öyrənsinlər. Özü də, maraqlı olan o idi ki, bu şəxs Əsas dünyanın sakini idi, cinayəti sübut olunarsa, Divandan dərhal sonra qeybedilmə cəzası ilə bu şəxs hər iki dünyada yaşamaqdan məhrum oluna bilərdi.
16-CI PROSES
KİM KARDAŞYAN
Növbəti səhər açıldı, növbəti gün insanlar yuxudan duran kimi Baş Meydana axışmağa başladılar. Aylarla davam edən böyük proses yekunlaşmaq üzrəydi, son iki nəfər qalmışdı. Dünəndən anons etmişdilər ki, bu gün mühakimə edilən şəxs cinayətkar yazardır. Hamı da sənəti ilə fəaliyyəti kəskin təzad təşkil etdiyi üçün bu şəxsi canlı olaraq lənətləməyə səbirsizlənirdi. Amma növbəti şəkildən örpək salınanda qorxulu kişi obrazı əvəzinə gülümsər bir qadın obrazı göründü. Yerbəyerdən bu simanı tanıyıb “Aaaaaa, Kim Kardaşyan!” deyə səslənənlər də oldu, bəziləri “Bu ki yazar deyil, bu pornoaktrisadır”, “Tanıdım, “Ulduzlarla rəqs” realiti-şousunda iştirakçı olub” , - deyə Divanı qurulanı daha yaxından tanıdıqlarını da isbatladılar.
Hamı prosesin açılışını gözlədi ki məsələ tam aydınlaşsın, nəhayət, hakimlər səhnədə öz yerlərini tutdular, Baş Hakim müəmma pərdəsini aradan götürdü:
-Əziz Divan əhli, əziz tamaşaçılar, bu gün biz Andronik Ozanyandan sonra ən qatı canı hesab etdiyimiz bir şəxsi – yazar ola-ola insanları qan tökməyə, baş kəsməyə çağıran bir manyakı ittiham edəsi idik, sabah da sıradakı yeganə xanımı. Amma həmin xanım Divan heyətinə müraciət edərək öz prosesinin ertələnməsini xahiş etdi, buna səbəb kimi əsəblərinin tam tarıma çəkildiyini və daha bir gün gözləməsinin mümkünsüzlüyünü göstərdi. Hakimlər məşvərət edib belə qərara gəldik ki, bu mühakimə olunan şəxsin qadın olması nəzərə alınsın və xahişi təmin edilsin. Beləliklə, prosesin növbəti – sonuncudan əvvəlinci günü mühakimə edilən şəxsi – Amerika aktrisası, realiti-şou ulduzu, fotomodel Kim Kardaşyanın müttəhimlər kürsüsünə gətirilməsinin təmin olunmasını xahiş edirəm.
İnsan kütləsi mühafizəçilərin əhatəsində səhnəyə qaldırılan açıq-saçıq geyimli, bədən əzaları qabarıb çıxmış qadını görcək uğultu qopardı, bəziləri bu tanış simaya nifrətlə baxsalar belə, bəziləri hətta rəğbətlə, hətta sevgiylə tamaşa etdilər.
Qadın gəlib müttəhimlər kürsüsündə əyləşdi, o, kürsüdə əyləşəndə Baş Hakim yarızarafat, yarıgerçək sözlər söyləyib publikanı əyləndirdi:
-Əsas dünyadan gəlmiş 39 yaşlı Kim 3 gün sonra Los-Ancelesdə “Teen Choice Awards” mükafatlandırma mərasimində iştirak edəcəyini, bir həftə sonra Milanda defiledə çıxış edəcəyini, daha 10 gün sonra Bollivudda “Səhranın çiçəyi” filmində çəkilişlərə başlayacağını iddia edir, xəyalən həmin mərasimlərdədir, arxayındır ki, gedib iştirak edəcək, fərqinə varmır ki, Axirət dünyasının Divanından hələ heç kəs cəzalandırılmadan qurtulmayıb.
Kim özünü yelləyərək yerindən səsləndi:
-Bir şeyi unutdunuz, möhtərəm hakim, XXL dərgisinin üz qabığı üçün fotosessiyam var, gələn ayın əvvəli Londonda olmalıyam.
Tamaşaçılar gülüşdülər, Baş Hakim də gülümsəyərək nitqinə davam etdi:
-Bəli, Kim Əsas dünyaya qayıtmağa, gördüyünüz kimi çox iddialıdır.
Kim yenidən yerindən replika atdı:
-Mənim milyonlarla İnstagram və YouTube izləyicilərim yeni post və süjet gözləyirlər, əmindilər ki, bu post və süjet pozitiv olacaq.
Zalda yenə gülüşmə və alqış sədaları eşidildi.
Baş Hakim zalda sakitlik yaranandan sonra Kim Kardaşyana müraciət etdi:
-Xanım Kim Qardaşyan, millətlərarası münasibətlərdə və əxlaqa zidd məsələlərdə ittihamla gəlib Divana çıxmısınız, proses necə olacaq, nələr baş verəcək, necə yekunlaşacaq, düzü mən də bilmirəm, yəni öncəki günlərdə öncədən hansı hökmü çıxaracağıma təqsirləndirilənin dosyesi ilə tanış olan kimi qərar vermişdim. Amma indi, düzü, bir az tərəddüdüm var. Yeri gəlmişkən, fürsətdən istifadə edib sizə bir sual verim. 2009-cu ildə “Qeyri-real blokbaster” filmində yaratdığınız qadın roluna görə “Ən pis qadın rolu” kateqoriyasında “Qızıl moruq” mukafatına layıq görülmüsünüz. Bu bir təsadüfdür, yoxsa priyomdur?
Kim gülümsəyərək...
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(20.11.2023)