QİRAƏT SAATI: Məhşər divanı, yaxud yalanın 17 anı – Adəm Bakuvinin romanı Featured

“Ədəbiyyat və incəsənət” portalının Qiraət saatında Adəm İsmayıl Bakuvinin “Məhşər divanı, yaxud yalanın 17 anı” sənədli romanının dərci davam edir. Roman erməni millətindən olan bəşəriyyət canilərinin utopik məhkəməsindən bəhs edir. Onu nəinki oxumaq, hətta ən maraqlı faktları yaymaq, təbliğ etmək lazımdır.

 

 

 

61-Cİ DƏRC

 

Söz yenidən birinci xanıma adladı:

-1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. Xocavənd rayonunun işğalı zamanı Melkonyan və dəstəsi misligörünməz vəhşətlər həyata keçirmişlər. Təkzibedilməz faktlar var: Melkonyan şəxsən özü insanların qətlə yetirilməsində, onlara işgəncə verilməsində iştirak edib. Ardınca isə Melkonyan Xocalı qətliamının əsas fiqurlarından biri olub.

Divan Hakimi mikrofonunu işə salıb söylədi:

-Bu yerdə mütləq Azərbaycanın işğal edilmiş Xocavənd rayonu barədə ekspertlərin rəyini dinləməyimiz yerinə düşər. Buyursunlar ekspertlər.

Yaşlı ekspert eynəyini düzəldib mətni oxumağa başladı:

-1992-ci il oktyabr ayının 2-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin 1458 km² sahəsi, 10 min nəfərdən çox azərbaycanlı əhalisi, 1 şəhər, 2 qəsəbə və 81 kənddən ibarət olan qədim Xocavənd rayonunu işğal etdilər. Hazırda Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonunun yalnız Nərgiztəpə adlanan hissəsi (114 min m²) Azərbaycanın nəzarətindədir və rayonunun 13 minə yaxın əhalisi Azərbaycanın əsasən Beyləqan rayonu, eləcə də müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşıblar. 1988-ci ilin fevralından başlayan Ermənistanın Azərbaycana təcavüzü zamanı Xocavənd rayonu 145 şəhid (onların 13 nəfəri qadın, 13 nəfəri uşaqdır) verib. 43 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakinlərdən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olmub, bir ailədən olan 3 uşaq hər iki valideynini itirib. İşğaldan əvvəl Xocavənd rayonunun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi Mento Melkonyanın başçılığı altında  yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb. Bu vandallar tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə məssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə, eləcə də rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 km avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 km su kəməri xətti dağıdılıb, talan edilib və yararsız hala salınıb.

Divan Hakimi yenidən söz sahibi oldu:

-Mən cənab ekspertlərdən xahiş edərdim ki, Monte Melkonyanın və dəstəsinin fərman verdikləri və icra etdikləri vəhşiliklərlə, insan qətlləri ilə yanaşı onların tarixin izlərinə vurduqları ziyan, tarixi abidələrin məhvi ilə bağlı dağıdıcı fəaliyyətlərinə də toxunulsun. Bizim Divan ədalət divanıdır, insanlarla yanaşı, tarixin, mədəniyyətin də məhvinə fərman verənlərə hökm kəsir. Hörmətli Divan tamaşaçıları, bu yerdə mən ürək ağrısı ilə bildirmək istəyirəm ki, Monte Melkonyanın ən böyük cinayətlərindən biri də dünya mədəniyyəti irsi siyahısına salınan, bir milyon yaşı olan Azıx mağarasına vurduğu ziyandır. Buyursunlar, ekspertlər bu xüsusda danışsınlar.

Yaşlı ekspert estafeti gənc ekspertə ötürdü. O, təmkinlə mətni oxumağa başladı:

-Xocavənd ərazisində 72 adda dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mədəniyyət abidələri vardır. Bunlar Azərbaycan xalqının tarixinin, mədəniyyətinin nümunəsi olan abidələrdir. Daha önəmlisi isə, onların arasında bəşər tarixinə şahidlik edən çox qiymətli xəzinələr də var. Bunların sırasında Salakətin kəndinin yaxınlığında, Quruçay vadisində 1,5 milyon il yaşı olan Azıx mağarasını birinci olaraq göstərməliyik, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid “Ritiş” qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən “Ərgünəş” qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid “Rzaqulu Bəy” türbəsi, Xocavənd kəndi yaxınlığında “Aşıqlı Qoşa” günbəzi, Böyük Tağlar kəndində 1241-ci ilə aid Alban məbədi, Tuğ kəndindəki “Qırmızı” məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələrini göstərmək olar. Bu abidələr müəyyən zərər çəkərək işğalçıların əlinə keçmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində rayonun tam olaraq  dağıntıya məruz qalmış mədəni və dini abidələri də vardır, bunlardan Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsini, I-V əsrlərə aid Alban qəbiristanlıqlarını, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqlarını, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağını, Qaradağlı kəndinin ərazisində qeydə alınan, III-VI əsrlərə aid olan Alban qəbiristanlıqlarını, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli pirini, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzini, Qaradağlı kəndi ərazisindəki Yel pirini və digər qiymətli tarixi abidələri göstərmək olar.

Baş Hakim çıxışçılara minnətdarlığını bildirib söylədi ki, bugünkü proses əvvəlkilərdən bir qədər fərqlidir, biz burda musiqi və filmə də yer verməyi planlaşdırmışıq.

O dedi:

-Mən səhnəyə fransız bəstəkarı Pyer Tilloyu dəvət edirəm. O, “Xocalı 613” musiqi pyesinin müəllifidir. Əsər Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımı qurbanlarının xatırəsinə həsr olunmuşdur. Pyesin premyerası 21 fevral 2013-cü ildə Parisin Müqəddıs Roş kilsəsində keçirilmişdir. Konsertdə 350 senator, Fransa Milli Assambleyası üzvləri və musiqi həvəskarları iştirak etmişlər. Konsert proqramı dirijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrinin iştirakı ilə baş tutmuşdur. Əsərdə balaban partiyasını musiqiçi Şirzad Fətəliyev, skripka partiyasını isə Nyu-Yorkun Culyard məktəbinin ilk azərbaycanlı məzunu, AAC-nin mədəniyyət məsələləri üzrə məsləhətçisi Səbinə Rakçeyeva ifa etmişdir. Pyer Tilloyon “Xocalı 613” musiqi pyesinin Böyük Britaniya premyerası isə 26 fevral 2013-cü ildə Londonda, Parlament binası yanında yerləşən Müqəddəs Con Smit meydanında, Xocalı soyqırımı qurbanlarının xatirəsinə təşkil olunmuş konsert çərçivəsində keçirilmişdir. 500-dən çox lord, parlament üzvləri, diplomatlar və musiqi həvəskarlarının iştirak etdiyi konsertdə əsər drijor və bəstəkar Loran Petijerarın rəhbərliyi, Londonun "Orion" orkestrinin iştirakı ilə ifa edilmişdir.

Bəstəkar Pyer Tilloy alqış sədaları altında səhnəyə çıxdı, skripka, balaban, zərb alətləri və simli alətlər orkestri də səhnədə yer aldı.

Pyer Tilloy söylədi:

-Xocalı qırğını Azərbaycan xalqının yaddaşında ən həssas və kədərli hadisələrdən biri kimi qalmışdır, bu hadisə bütöv bir xalqın hələ də əziyyət çəkdiyi uzun sürən Qarabağ münaqişəsi ilə əlaqəlidir. Adətən "yaddaş" adlandırılan bir mexanizm mövcuddur ki, o, vulqar pafosdan uzaq formada insanlığı unutmadan qorunur və onun ləyaqətinin keşiyində durur. "Yaddaş" həmişə, siyasi və inqlabi kontekst çərçivəsindən çıxaraq insanlara onların qəlbinin dərinliklərinə toxunacaq əsas dövrlər, çətin anlar və dramları xatırladan musiqiçilər və digər sənətkarlar üçün yaradıcılıq bayrağı olmuşdur. Marş və konflikt ritmləri fonunda "Laçın" və "Sarı gəlin" xalq mahnılarının musiqisindən istifadə olunaraq ərsəyə gəlmiş bu musiqini dinləyin, sülh arzulayaraq, qan tökən cəlladlara nifrət edərək dinləyin!

Tamaşaşılar alovlu nitqi alqışlaya-alqışlaya ecazkar musiqinin təsirinə düşdülər. Bu müsiqi o dəhşətli qarlı günü, əli avtomatlı acımasız saqqallı qatılləri və güllələrə qurban gedən qadınları, qocaları uşaqları göz önünə düzdü.

Ardınca daha bir neçə saat ərzində “26.02.92” və “Düşmən laylası” qısametrajlı filmləri nümayiş olundu. Sonra səhnəyə litvalı rejissor Andreas Brokas dəvət edildi. Xocalı faciəsindən bəhs edən, 2015-ci ildə çəkilmiş “Sonsuz dəhliz” filmini bu litvalı rejissor çəkmişdir. Xocalı qırğınından söz açan bu sənədli film Azərbaycanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır. Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. Ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayətlərini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və icraçıları – erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. Onların bir çoxları erməni terrorçuları və başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar. Filmin primyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdir. “Sonsuz dəhliz” sənədli filminin prodüserləri Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşundur (ABŞ). Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. İngilis dilində çəkilmiş filmin subtitrləri Çin, türk, fransız, italyan və alman dillərinə tərcümə olunub.

“Sonsuz dəhliz” filmindən sonra Xocalı soyqırımından bəhs edən, ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəri olan  “Zülmətdən qaçarkən” sənədli filmi nümayiş olundu. ABŞ Los-Anceles istehsalı olan və burada fəaliyyət göstərən yəhudi kinematoqrafçıları tərəfindən çəkilmiş bu sənədli film Xocalı soyqırımının canlı şahidlərinin müsahibələri və onların tükürpədici ifadələri vasitəsilə 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri diqqətə çatdırdı. Filmdə həmçinin ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımı pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilməsi Divan tamaşaçılarında böyük maraq oyatdı..

Elan edilmiş fasilədən sonra Xocalı soyqırımı hadisələrindən bəhs edən daha iki sənədli film --“Müharibə uşaqları” və “Biz qayıdacağıq”  nümayiş olundu. “Müharibə uşaqları” filmində faciə zamanı valideynlərini itirmiş yeddi uşağın taleyindən ağrılı notlarla bəhs edilirdi. “Biz qayıdacağıq” adlı ikinci filmdə isə Milli Qəhrəman Hikmət Nəzərlinin keçdiyi döyüş yolu barədə söhbət açılırdı.

Ardınca tammetrajlı film – “Haray” filmi nümayiş olundu. Azərbaycanfilmin istehsalı olan bu filmdə Xocalıda insanlığa qarşı törədilmiş tükürpədici qətliam öz əksini tapmışdır. Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə şahid olan iki yeniyetmənin baş qəhrəman kimi təqdim edildiyi filmin sonunda bacı və qardaşın intiharı ekran əsərinin finalını çox təsirli etmişdir. Xüsusən aktyor Ceyhun Mirzəyevin ifası tamaşaçıları məftun etdi.

 Ardınca göstərilən digər filmi - “Qırmızı qar”ı da həyəcansız seyr etmək mümkün deyildı.

Diktorlar elan etdilər ki, Xocalı mövzusunda kifayət qədər film çəkilmişdir. Onlardan bu faciə haqqında dünya xalqlarına real məlumatlar vermək üçün istifadə olunur. Bu filmlər Xocalı dəhşətlərini dünyaya çatdıran ən əhəmiyyətli təbliğat vasitəsidir. Və prosesin mədəniyyət tədbirləri hissəsinin sonunda azərbaycanlı yazıçı Varis Yolçiyevin Xocalıda erməni işğalçıları ilə mübarizədə qəhrəmanlıq göstərərək şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevdən bəhs edən“Qırmızı Ləçəklər” romanından fraqmentlər oxundu...

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.