Super User

Super User

Bəli, bu gün çox əlamətdar bir gündür, görkəmli qazax yazıçısı və ictimai xadim Oljas Süleymenovun anadan olmasının 87-ci ildönümüdür. 

Oljas Süleymenovu nəinki Qazaxıstanda, Orta Asiyada, postsovet məkanında, Rusiyada, Avropada, Asiyada, Amerikada, Afrikada, Avstraliyada – bir sözlə, bütün dünyada tanımayan yoxdur. 

“Ədəbiyyat və incəsənət” portalı professor, ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoyun Oljas Süleymenov yaradıcılığında türk etnik tarixinə baxış” sərlövhəli yazısını təqdim edir. 

 

 

Yaradıcılığının ilk dövrlərindən başlayaraq onun əsərləri (xüsusən “Yer, insana əyil!”, “Az i Ya”, “Arqamaklar”, “Günəşli gecələr”, “Gil kitab”, “Yazının dili”, “Tanrının təbəssümü”, “Kəsişən paralellər”, “Türklər tarixə qədər” və s.) oxucular və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Haqqında çoxsaylı qazax ədəbiyyatşünasları ilə yanaşı, rus Andrey Voznesenski, Rimma Kazakova və Lev Anninski kimi şairlər, ukraynalı D.Pavlıçko kimi tanınmış tənqidçilər dəyərli fikirlər söyləmişlər. O, hələ gənclik dövründən Sorbonn və Kolumbiya kimi dünya şöhrəti universitetlərin auditoriyalarında məruzələrlə çıxışlar etmişdir. 

1975-ci ildən başlayaraq O.Süleymenovun Azərbaycanla yaranan yaradıcılıq əlaqələri illər keçdikcə daim möhkəmlənmiş və zənginləşmişdir. Bu intensivliyi gücləndirən bircə məqama O.Süleymenovun öz fikirləri ilə nəzər yetirək: “80-ci illərin sonu – 90-cı illərin əvvəllərində mən SSRİ Ali Sovetinin deputatı idim. 1990-cı illərin 20 Yanvar faciəsi günlərində Moskvadakı “Moskva” mehmanxanasında 39 faiz temperaturla yatırdım. Gecə saat 3-də yaradıcılığına çox hörmətlə yanaşdığım Bəxtiyar Vahabzadə mənə zəng etdi. O, çox narahat idi. Xeyli danışdı… başa düşdüm ki, Bakıda nə isə, hansısa xoşagəlməz bir hadisə baş verib. O dedi: “Buraya gəl, bizdə tanklardır...”. Mən indi də sevinirəm ki, ona xəstəliyim barədə heç nə demədim. Desəydim, düz olmazdı... o, məni düzgün başa düşməzdi. “Azərbaycanın xeyli dostlarına” zəng etdim, hadisə ilə bağlı bildirdim, onlar gəlmədilər. Mən yır-yığış edib, aeroporta getdim. Onda mülki təyyarələrin Bakıya uçuşuna icazə vermirdilər. Öz deputat mandatımdan istifadə etməklə yarıhərbi təyinatlı təyyarə ilə Bakıya uçdum”.

Oljas Süleymenov Azərbaycan və qazax xalqlarının tarixi, etno-psixoloji, fəlsəfi-estetik dünyagörüşünə toxunarkən bu xalqların vahid mənəvi-mədəni məkanı birləşdirdiyini söyləmişdi.

İlk qələm təcrübələrində o, yalnız Qazaxıstanda istedad nümayiş etdirəcək bir şair kimi tanınmağa başlasa da, Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil aldığı zaman bir dava-dalaşa görə oradan xaric edildikdən sonra Alma-Ataya qayıdıb “Kazaxskaya pravda” qəzetində çalışdığı zaman redaktor Fyodor Boyarski ona ilk insanın kosmosa uçması ilə bağlı bir şeir yazmağı sifariş verir. Gecə vaxtı o, şeirlə bağlı bəzi qeydlər etsə də, 12 aprel günü Qaqarinin kosmosa uçması ilə bağlı xəbər verildikdə artıq bu şeir həmin qəzetin səhifələrində çap olunur. Nəinki oxucular onunla qəzet səhifələrində, həm də həmin şeiri listovka şəklində təyyarələrdən Alma-Ata və digər Qazaxıstan şəhərləri üstünə səpirlər. Şeirin bu uğuru O.Süleymenovu son dərəcə həvəsləndirir və qürurlandırır və o, cəmi bir həftə ərzində onu poemaya çevirib, “Yer, insana əyil!” adı altında may ayında nəşr etdirir.

O.Süleymenovun əsərlərində, hər şeydən öncə, fikir dərinliyi, genişlik, fəlsəfəçilik və polemiklik daha çox diqqəti məşğul edir. Onlardakı aydın ekspressiya, gözə dəyən daha kamil obrazlılıq, incə yumor, dəlici satira, gözlənilməz poetik dövriyyələr və s. özünü yetərincə nümayiş etdirir. Əsərlərinin episentrində ən vacib məsələ qazax xalqının mənəvi dünyasının tərənnümü, qazax səhra ənginliklərinin vəsfi dayanmaqdadır.

Təsadüfi deyildir ki, məhz qeyd edilən keyfiyyətlərinə görə O.Süleymenovun poetik əsərləri oxucu və tənqidçilərin daha çox rəğbətini qazanıb. Onun yaradıcılığı nəinki qazax ədəbiyyatşünasları, həm də digər ədəbiyyatların nümayəndələri K.Simonovun, N.Tixonovun, L.Anninskinin, M.Auezovun, Q.Musrepovun Ç.Aytmatovun, E.Mejelaytisin və onlarca bu kimi başqa təfəkkür daşıyıcılarının diqqətini cəlb edib.

Qeyd edək ki, O.Süleymenovun ədəbi istedadı kinodramaturgiyada da yetərincə gözədəyən olub. O, “Atalar torpağı”, “Mavi marşrut”, “Qış sahə işləri vaxtı deyil”, “Adəmi qəbul edin”, “Sonuncu keçid”, “Qırmızı yovşan” (“Məhəbbət”) XIX əsrin ünlü qazax şairi Məhəmbət Utəmisov haqqında, “Ah, Peterburqda necə də maraqlı idi” (Cahangir xan haqqında) və xeyli digər filmlərə ekran vəsiqəsi verib.

Hesab edirik ki, 1960-ci illərin əvvəllərindən onun “Köçərilər və Rus”, “İqor polku haqqında dastan”da qaranlıq yerlər”, “Az i Ya” (1975) mövzusunda eposşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq və ədəbiyyatşünaslıq kimi sahələri çevrələyən kitabı nəşr olunub ki, həmin kitab Moskvadakı akademik dairələrdə xeyli mübahisələrə səbəb olub. Mübahisələrin əsasını təşkil edən ən başlıca problem isə O.Süleymenovun türklərin digər dünya xalqları arasında adekvat yerini göstərib, onların dünyanın ən qədim mədəni xalqlarından biri kimi təsdiqlənməsi, əsərin alt qatına enərək orada türklərə məxsus dil yaruslarını ortaya çıxarması ilə bağlı idi. Məhz rus alımlərinin əsərə O.Süleymenov rakursundan yanaşmanı qəbul etmədiklərindən “Az i Ya”ya düz 8 il bir üzünün üstündə qadağalara məruz və şair praktik olaraq bədii-poetik yaradıcılıq arenasından kənarlaşdırıldı...

2014-cü ilin mayında O.Süleymenovun “Sözün Kodu” adlı yeni kitabı nəşr olunub ki, bu kitabda əsasən o, türk mədəniyyəti ilə bağlı məsələləri araşdırmağı qarşıya məqsəd qoyurdu. 2015-ci ildə O.Süleymenov ilk dəfə olaraq uşaqlar üçün “Ev ocağının sehrli nağılları” adlı kitabını nəşr etdirib.

Türk xalq etnogenezi ilə bağlı əvvəl “Keçmiş illərin hekayəti”nə (diplom işi), “İqor polku haqqında dastan”a (namizədlik dissertasiyası) diqqət yetirməklə o, öz tədqiqatlarıyla sanki “İqor polku haqqında dastan”ın mətninin öyrənilməsinə start verməklə “...Dastan”ın öyrənilib tədqiq edilməsində yeni konsepsiyanın ortaya çıxmasına vəsiqə verdi. Süleymenov “...Dastan”da dilçilik, leksikologiya, istorioqrafiya, etnologiya, epos və s. məsələlərlə yanaşı, həm də türkizmlərin etnoloji mənbələrini də dərindən açıb ortaya qoymaqla rus elmində yer almış qeyri-münbit elmi fərziyyələrin də əsassız olduğunu göstərdi. Lakin O.Süleymenovun “İqor polku haqqında dastan”a belə obyektivcəsinə yanaşması, ona böyük başağrısı hesabına başa gəldi. Belə ki, adını çəkdiyimiz dastanla bağlı O.Süleymenovun “Az i Ya” əsəri işıq üzü gördükdən sonra bu böyük türk mücahidinin başı üstündə qara buludlar uçuşmağa başladı. Rus alimləri heç nəyə və heç kimə məhəl qoymadan əsəri sağdan–sola, öndən arxaya, şaquli və üfüqi – bütün istiqamətlərdə və müxtəlif yönlərdən vurmaqda davam etdilər. SSRİ Elmlər Akademiyasında 50-yə yaxın akademikin keçirdikləri bir iclasda B.Rıbakov, D.Lixaçov kimi akademiklər O.Süleymenovun bu əsərini “bəd” və “rusa qarşı” yazılmış mənbə kimi dəyərləndirdilər. Bununla belə, Süleymenovun opponentləri və digər alimlər “Az i Ya” əsərində türk və rus mədəniyyətlərinin qarşılıqlı təmaslarda olduğunu da qeyd etməklə, həm də dolayısı ilə Süleymenovun konsepsiyasının yetərincə səmərəli olduğunu da etiraf etmiş oldular.

Şairin çeşidli yaradıcılığı, şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, monqol, qırğız, özbək, Ukrayna, Belarus, türk və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqlif qrafik yazının köməyi ilə onların raşşifrovkasını “Az i Ya”, “Yazının dili”, “Türklər tarixə qədər”, “Sözü Kodu”, “Etimologiyaya giriş” və başqa bu kimi tədqiqatlarında bəşər övladının təkamülünün geniş təbəqəsinin öyrənilməsindəki “ağ ləkələri” etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə görüb ortaya çıxarmağa müvəffəq olub.

O.Süleymenovun təfəkküründə şair Allah kimi dərk olunmaqdadır. Yəqin buna görə də o, “Şərq yoxdur, elə Qərbin özü də yoxdur... Yalnız Günəşin doğuşu və qürubu bir də böyük söz – Yer var” deyirdi şair. Özünün erkən şeirlərindən birində (“Puşkin meydanında”) “Şair gərək Allah kimi gözəl olsun bu dünyada” deyirdi. Bunu söylədikdə dahi Puşkini Yaradıcı ilə müqayisə edən Süleymenov belə fikri sadəcə poetik metafora olaraq işlətmirdi. Bununla o, şairin cəmiyyətdəki yerini əvvəlcədən müəyyənləşdirməklə onu elə bir zirvəyə qaldırır ki, bununla o, özünü də həmin “yüksəkliyə məhkum edib” şairin belə adının daim böyük fəxarətlə daşıyacağına işarə edirdi:

Şair gərək Allah kimi

gözəl olsun bu dünyada,

Kim Puşkini görüb, demək,

O görübdür Allahı da.

Allah boydan balacadır, 

qapqaradır çəkmə kimi,

Dodaqları qalın, böyük 

gözlərində dövrün qəmi...

O.Süleymenov hansı mövzuda yazır yazsın, onun lirik vüsəti özünün şəxsiyyəti kimi çoxtərəflidir. Ən adi söz və söz birləşmələri arasında onun son dərəcə çeşidli və rəngarəng bir dünya duyumu var. Təsadüfi deyildir ki, O.Süleymenovun yaradıcılığında, bir tərəfdən, A.S.Puşkin müdrikliyini görmək mümkündürsə, digər tərəfdən A.Blok, V.Mayakovski və V.Xlebnikovun yeniliyini, A.Voznesenski dərinliyini və mürəkkəbliyini, Məhəmbət Ütemisovun məğrurluğunu və canlılığını, Abay Kunanbayev poeziyasının fəlsəfi əzəmətini, A.Tvardovski epik yaradıcılığının qeyri-adi ilmələrini sezmək mümkündür. Əslində müxtəlif amplualı dünya şairlərinin yaradıcılığının hər hansı konkret bir yaradıcı şəxsiyyətin təfəkküründə yer almasının özü son dərəcə əlahiddə, qeyri-adi və yeni əzəmətli keyfiyyətdir. Oljas Süleymenovun yaradıcılığı məhz qeyd etdiyimiz rakurslarda unikal və fenomenaldır!

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

İyunun 16-da Heydər Əliyev Mərkəzinin səhnəsində məşhur Vyana Kamera Orkestri çıxış edəcək. 

 

Konsertin solisti fleyta ifaçısı, müxtəlif ölkələrdə keçirilən konsert və festivallarda Azərbaycanı uğurla təmsil Nicat Məmmədovdur. 

Vyana Kamera Orkestrinin konsertinə biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar. 

1946-cı ildə yaradılan Vyana Kamera Orkestri dünyanın ən yaxşı musiqi kollektivləri siyahısında qərarlaşır. Kollektiv tanınmış dirijorlar, solist və müğənnilərlə əməkdaşlıq edir. 

Vyana Kamera Orkestri konsertlərini əsasən öz daimi yaradıcı meydanı olan “Vienna Musikverein” konsert zalında təqdim edir. Bu baxımdan Bakı konserti musiqisevərlər üçün əsl hədiyyə olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 08:00

76-cı Kann Film Festivalının açılışı oldu

Kannın “Palais des Festivals” sarayında 76-cı Kann Film Festivalının açılışı olub.

Tədbirə Conni Deppin iştirkı ilə çəkilmiş “Jann Dübarri” filmilə start verilib.

Açılış mərasimində Deplə yanaşı, Uma Turman, Katrin Denev, Maykl Duqlas və həyat yoldaşı Ketrin Zeta-Cons kimi məşhurlar da görüntüləniblər.

 

Duqlas fəxri Qızıl Palma budağına layiq görülüb və ailəsi ona dəstək olmaq üçün mərasimə qatılıb.

Əsas müsabiqənin builki münsiflər heyətinə “Kvadrat” və “Kədər üçbucağı” filmlərinə görə “Qızıl palma budağı” mükafatını almış isveçli rejissor Ruben Estlund rəhbərlik edir.

Qeyd edək ki, festival mayın 27-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Azərbaycan Respublikasının keçmiş mədəniyyət naziri Anar Kərimov İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri təyin edilib.

 

Bu barədə ICESCO-nun rəsmi səhifəsində məlumat verilib.

Bildirilib ki, Anar Kərimov ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq Sektorunun rəhbəri kimi təşkilatın üzv dövlətlərdəki müxtəlif qurumları, eləcə də beynəlxalq təşkilatlar və orqanlarla tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, bütün dünyada onun əhatə dairəsinin genişləndirilməsi və təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində proqramlarının dəstəklənməsi üçün lazımi maliyyə resurslarının cəlb edilməsi işlərinə öz töhfəsini verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

"Güfte Edebiyat" Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları elan edilib.

1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə "Güfte edebiyat" mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.

2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.

3. Şeirlər vəznli və ya vəznsiz ola bilər.

4. Hər bir iştirakçı ancaq bir şeirlə təmsil oluna bilər.

5. Mövzu sərbəstdir.

6. Əsərlər ən çox 2 A4 həcmində olmalıdır.

7. Təqdim olunan əsər əvvəllər heç yerdə dərc olunmamalıdır. Əks halda, yer tutsa da, nəticəsi ləğv ediləcək.

8. Əsərlər sağ üst küncündə ləqəb yazılmış halda təqdim olunmalıdır.

9. İstirakçılar adının, soyadının, tərcümeyi-halının, ünvanının, ləqəbinin, telefon nömrəsinin və fotosunun olduğu sənədi təqdim etməlidir.

10. Əsərlər kompüterdə, Times New Roman, 12 ölçüsündə və 1.0 sətir aralığında yazılmış olmalıdır.

11. Yarışmaya təqdim olunan əsərlər dala qaytarılmayacaq və müəllif hüquqları "Güfte edebiyyat" da olacaq.

12. Şərtnamədə qeyd olunmamış məqamlarla əlaqədar yaranan fikir ayrılıqlarında təşkilat komitəsinin qərarları əsasdır.

Münsiflər heyəti

Seçim:

1. Fikret Yazıcıoğlu
2. İdris Gürdal
3. Mehmet Özcan Yasdıbaş
4. Rabie Ruşid
5. Ülviyye Ebulfezqızı

Final:

1. Prof. Dr. Abdullah Şengül
2. Talat Ülker
3. Celalettin Kurt
4. Ali Saçıkara
5. Sündüs Arslan Akça
6. Mahmut Hasgül
7. Aysel Xanlarqızı Seferli

Yarışma təqvimi:

Elan: 24 aprel 2023

Son qəbul: 15 oktyabr 2023

Seçim: 15 oktyabr-5 noyabr 2023

Final: 5 noyabr-5 dekabr 2023

Nəticələrin açıqlanması: 10 dekabr 2023

Mükafatlandırma mərasimi: 24 dekabr 2023

Mükafat:

1-ci yer: 5000 TL

2-ci yer: 3000 TL

3-cü yer: 2000 TL

Həvəsləndirici mükafat: 1000 TL

Müraciət:

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 15:30

Çin sərgisi davam edir

Çinə ölkəmizdə maraq böyükdür. Mübaliğəsiz deyə bilərik ki, bu marağın arxasında ölkəmizə daşınan ucuz Çin malları dayanırdı, indisə bu şərq ölkəsinin mədəniyyəti də diqqət mərkəzindədir. 

“Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin Azərbaycan Milli İncəsənət Muzeyində açılması diqqətçəkəndir.  Bu sərgi Çinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində davam edir. Və kifayət qədər də auditoriya toplayır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgi üçün ayrılmış ekspozisiya zallarında Çin incəsənətinə məxsus qədim tanrılar və müdriklərin heykəlləri, rəsm əsərləri, məişətdə istifadə olunan toxuculuq məhsulları, çini vazalar, mebellər və s. nümayiş olunur. Təşkil edilən sərginin ekspozisiyası Çin fəlsəfəsinə uyğun olaraq semantik məna daşıyır.

Xatırladaq ki,  “Çin İncəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin açılış mərasimi 2023-cü il martın 29-da Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. 

Sərgi 30 iyun 2023-cü il tarixinədək davam edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcini davam edir. Növbəti hekayə ilə tanış olun. 

 

Xilaskar

 

Heydər yay tətilində Nərgiz bibisinin yaşadığı Urud kəndinə gedərdi. Bu kənd öz gözəlliyi ilə digərlərindən çox fərqlənərdi. Sanki tanrı bu yerlərə bir-birindən gözəl, ecazkar təbiət mənzərələri bəxş etmişdi. Heydər hər addımda bu obada, hər dağ cığırında, çay sahillərində bir sehrli aləm görərdi. Bu aləm içində uşaqlığının maraqlı bir səhifəsi yaşanmışdı. Gözəl mənzərəsi, təbiəti olan bu kənd o qədər xoşuna gəlirdi ki, tətil qurtaranda belə oradan getmək istəmirdi. Vaxtının çoxunu demək olar ki, kəndin mərkəzindən axan iti dağ çayının – Bazarçayın sahilində keçirərdi. O, daşların üstündən hoppana-hoppana çayı adlayar, ürəyində bu daşları sayar, neçəsini adlayandan sonra çaya çatdığını əzbərdən bilərdi. Bu onun hər günki məşğuliyyəti idi. Yayın qızmar çağında bir də görürdün ki, günəş görünməz oldu, hava soyudu. Belə olanda Heydər çayda çimə bilmədiyi üçün çox kövrələrdi. Dumduru axan çaya xeyli tamaşa edər, çayın dibindəki ən xırda daşlar, o daşların arasında var-gəl edən, tələskən çömçəquyruqlardan gözünü çəkməzdi.

Tez-tez kənd uşaqları ilə çaya gəlib tilovla dabanbalığı, şitbit balığı, bəxtləri gətirəndə isə çayın dərin yerindən qızılbalıq tutardılar. Elə oradaca tonqal qalayıb bişirib yeyərdilər. Hərə evdən pendir, göyərti, yuxa gətirər, yaxınlıqdakı bostanda əkilmiş tər xiyardan, uzunsov pomidordan dərib, birlikdə deyə-gülə iştahla yeyərdilər. Hər gün çay qırağında, təbiətlə ünsiyyətdə olmaqdan o böyük zövq alırdı. Demək olar ki, çayın şırıltısına saatlarla qulaq assa da, yenə də doymurdu. Heydər həm də çayda yaxşı üzürdü.  Hərdən uşaqlarla mərcə girib, qayaların üstündən çaya tullanıb dərin yerdəki suyun altında 2 dəqiqə qala bilirdi. Əsasən, uşaqlarla “Nov daş”da körpünün altında çimərdilər.

Heydərin Rəfi adlı bibisi oğlu ondan üç yaş kiçik idi. Çox sadəlövh, təmizqəlbli, hər şeyə inanan bir oğlan idi. Üzməyi bilmirdi. Heydər onunla zarafatlaşmağı, cırnatmağı xoşlayırdı. Bir gün Rəfi çayın kənarındakı qayalıqdakı daşın üstündə oturub çayda üzən uşaqlara tamaşa edirdi. Heydər ona qarşısındakı daşı göstərib deyir: “Bax qarşındakı bu daş var ha, indi bir dua oxuyacağam, bu daş yeriyəcək. Əvvəlcə gözlərini yum, sonra dediklərimi təkrarla”.

Rəfi gözlərini yumub, onun dediklərini tutuquşu kimi təkrarlayırdı, doğrudan da möcüzə baş verəcəyini gözləyirdi. Heydərsə dodağının altında Rəfinin onu güclə eşidə biləcəyi bir səslə deyirdi:- “Yekə qulaq, qaban baş, heç görmüsən yeriyə daş?” Rəfi bir neçə dəfə təkrarlayandan sonra onun dediklərinə diqqətlə qulaq asır, başa düşür ki, onu dolayır. Üzmək bilməyən Rəfi çaya tullanıb Heydəri tutmaq istəyəndə çayın sürətlə axan suları onu ağuşuna alır, bir neçə dəqiqə ərzində su bəndinə tərəf aparır. Rəfi əl- qolunu tərpədir, amma batmaq təhlükəsi ilə artıq çayın dərin yerinə düşür. Bunu görən Heydər onun batacağını görüb, tez üzüb ona çatır, dərhal onun saçından yapışıb özünə tərəf çəkib suyun üzərinə çıxarır. Beləcə Rəfini xilas edir. Rəfiyə qarşı etdiyi hərəkətindən peşman olsa da, onu xilas etdiyinə çox sevinir. Bu hadisədən sonra Heydər Rəfiyə üzməyi öyrədir. Həm də təkcə Rəfiyə yox, üzmək bilməyən digər uşaqlara da. Sonralar Rəfi Heydərdən də yaxşı üzgüçü olur.

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2013)

Cümə axşamı, 18 May 2023 17:00

Uzaq adalarıq biz…

“Ədəbiyyat və incəsənət” portalının sevilən Poetik qiraət rubrikasında daimi müəlliflərimizdən olan Cəlilabadlı ustad şair Əlizadə Nuri “Uzaqlıq” deyəcək. 

 

Nə olsun yanımdasan?-

Nə Rumdasan, nə Çində.

Ayrı dünyalardayıq

Eyni damın içində.

 

Eyni kupelərdəyik,

Amma ayrı qatarda.

Aradakı bu boşluq

Min adama çatar da.

 

Sən çiçəyə əl açdın,

Mən də kəpənəklərə.

Qoy bahar sənin olsun

Payız qalsın təklərə.

 

Elə soyumuşuq ki-

Gec əriyən qarıq biz.

Bir dəryanın içində

Ayrı damlalarıq biz…

 

Özümlə savaşanda,

Özüm girdim araya.

Yanımdasan… özgəni

Çağırıram haraya…

 

Sevgimiz oğurlanıb-

Boş bir muzey kimiyik.

Günümüz də ayrıdı-

Güney, qüzey  kimiyik.

 

Yaradan neynəsin ki,

Belə dostuq, yarıq biz?

Bir- birinə bitişik

Uzaq adalarıq biz…

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

Cümə axşamı, 18 May 2023 16:00

Futbolun kuryoz qaydaları

“Ədəbiyyat və incəsənət” portalı “Aktual mövzular” rubrikasında bu dəfə qəribə də olsa, futboldan damışacağıq. Rubrikanı Tural aparır. Futbol da bir incəsənətdir. 70-ci illərdə Hollandiyanın nümayiş etdirdiyi total futbolu ən dahi rəsm əsəri, musiqi kompozisiyası, bədii ədəbiyyat nümunəsi ilə bir tutmurdularmı, tuturdula

 

 

Futbolun kuryoz qaydaları:

Qapıçı ilə müdafiəçi formalarını dəyişsə…

 

Klub rəhbərlərinin və azarkeşlərin hakimləri ittiham etdiyi vaxtda heç kim bəzi futbol qaydalarının ağlasığmaz olmasından danışmır. Hərçənd, elə qaydalar var ki, gülməli, hətta biabırçıdır. Hər halda Almaniyanın məşhur Bild nəşrinin qeyri-adi futbol qaydalarından bəhs edən yazısını oxuduqca bu qənaətə gəlməmək mümkün deyil.  Bu halların hər biri Azərbaycan stadionlarında da yaşana bilər. Belə olan halda, qaydanı bilməyənlərin əlindən nə hakimlər, nə də başqası yaxa qurtara bilər. Həmin qaydalara nəzər salmaq maraqlı olardı. Özü də bu, hakimlərimizə və klub rəsmilərinə də lazımdır.

 

Birinci vəziyyət:

Oyun başlamayıb. Komandalar meydana çıxmaq üzrədir. Futbolçu rəqibinə zərbə endirib, onu yerə çırpır.

Hakim nə etməlidir?

Heç nə! Qırmızı vərəqə göstərilə bilməz. Rəqibi vuran futbolçu heç nə olmayıbmış kimi, oyunu davam etdirir. Sadəcə, baş verənlər protokola yazılır.

 

İkinci vəziyyət:

Oyun başlamayıb. Lakin futbolçular meydanda dayanıb hakimin fitini gözləyir. Futbolçu rəqibini vurur.

Hakim nə etməlidir?

Vuran oyunçuya qırmızı vərəqə göstərilir. Lakin onun komandası əvəzetməyə əl ataraq, meydana başqa futbolçu buraxır.

 

Üçüncü vəziyyət:

Top boş qapıya yuvarlanır. Artıq qol olacaq... Amma bu an meydana qaçan azarkeş topu saxlamağa çalışır. Lakin bacarmır və top qapı xəttini keçir.

Hakim nə etməlidir?

Qol qeydə alınmır. Mübahisəli top qərarı verilir. Əgər meydana qaçan zədələnərək meydanı tərk edən futbolçudursa, qol sayılır.

 

Dördüncü vəziyyət:

Kubok oyununun 120 dəqiqəsi qalibi müəyyənləşdirməyib. Lakin bir komandanın 3 futbolçusu qırmızı vərəqə alıb.

Hakim nə etməlidir?

Penalti seriyası ərəfəsində digər komanda bu zərbələri vurmaq hüququnu itirən 3 üzvünü müəyyənləşdirir. Və hər komandada 8 futbolçu penalti vurmaq imkanına malik olur.

 

Beşinci vəziyyət:

Oyunun gedişində qapıçı ilə müdafiəçi formalarını dəyişirlər. Yeni qapıçı topu əlinə götürür.

Hakim nə etməlidir?

Oyuna davam. Lap küçədə olduğu kimi, qapıçı dəyişdirilir. Lakin növbəti dəfə oyun dayananda, hər iki futbolçuya forma dəyişməsinə görə sarı vərəqə göstərilir.

 

 

“Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

 

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

16-cı dərc

 

Araya bir sükut çökdü.

Mən uşaqlardan eşitdiklərimi təhlil edərək aldığım bu informasiya sayəsində artıq yeni, çox güman ki, son fazasına daxil olan araşdırmamda növbəti gedişlərimi fikirləşərkən, uşaqlar susub daha hansı sualları verəcəyimi gözləyirdilər.

-Daha iki sualım olacaq. Deyin görüm, uzun müddətdir ki, məşğələyə gəlirsiniz. Heç bu müddətdə Tahir müəllimin yanına kiminsə gəldiyini görmüsünüzmü, qohum ya qonşu? Bu birinci sual. İkinci sualımsa belədir. Fasilə vaxtı söhbət edərkən bir- birinizi adınızla çağırırdınızmı?

-Heç vaxt heç kimi görməmişik. Adımızısa hə, çəkmişik, dəqiq yadımdadır, -Tərlan hər ikisinin yerinə cavab verdi.

Hər iki uşağın əlini sıxıb təşəkkürümü bildirdim.

-Niyə təşəkkür edirsiniz, Bəxtiyar müəllim, biz neylədik ki? -Ləman dedi.

-Sonra bilərsiniz, uşaqlar, indi isə haydı dərsə davam. Yoxsa idman müəllimi hirslənib sizi də, məni də döyər. Baxın necə əzələləri var.

Uşaqlar gülüşdülər.

Uşaqlarla evdə sağollaşıb iş otağına keçən Tahir müəllimin həyətə çıxmamasını onun dediklərindən dəqiqləşdirmişdim.

Yaxşı, bəs Babaxanın qoyduğu dolabı aparması barədə ən azı qardaşını məlumatlandırması lazım deyildimi? Bəlkə tələsirmiş və ya onun özünün səsə çıxacağını düşünərək deməmişdi, Tahir müəllim həmin vaxt arxa otaqda olduğundan həyətdəki səsləri eşitməmiş, Babaxan isə sonradan zəng vuraraq və ya növbəti gəlişində deyəcəyini düşünərək getmişdir. Bu mümkündür.

Bəs əksinə imişsə, Babaxan dolabı apardığını qardaşının görməsini istəməyibsə?

Yenə də suallar, suallar… Tələsməliydim.

Tahir müəllmdən götürdüyüm əlaqə nömrəsini yığdım.

-Salam, Tahir müəllim. Sizi Bəxtiyar Nəzərli narahat edir.

-Salam Bəxtiyar müəllim. Yəqin nəsə bir xəbər var ki, yığmısınız. Ümidvaram ki, yaxşı xəbərdir.

-İnşallah olacaq. İndi isə bir şeyi sizinlə dəqiqləşdirmək istəyirdim. Uşaqlarla son söhbətim zamanı həyətinizdə paltar dolabı olduğunu, sonradan isə dolabı kiminsə apardığını dedilər.

Tahir müəllimə son məlumatı Zabitədən aldığımı deməyim vacib deyildi. Çətin ki, o özü də dolab aparılandan sonra uşaqların məşğələyə gəlmədiklərinin fərqinə varaydı.

-Dolabı ora qardaşım qoyub. Bir tanışının evi söküntüyə düşüb. Əşyalarını dəyər-dəyməzinə satırmış, Babaxan da bu dolabı alıb. Tanışının evi yaxın olduğu üçün dolabı müvəqqəti olaraq bura qoyub. Apardığınısa, nədənsə mənə deməyib. Heç mən də fikir verməmişəm.

-Nə əcəb sonradan zəng-zad da eləyib deməyib?

-Əşşi onun xasiyyəti belədir. Elə uşaq vaxtı da beləydi. Öyrəşmişik onun bu xasiyyətinə. Yəqin nə vaxtsa gələndə deyəcək. O dolab olmasaydı son dörd ayda onu cəmi bircə dəfə görmüşdüm. O da, yaxın qohumumuzun yasında. Həm də tez- tez Rusiyaya gedib-gəlir. Ona görə bir şəhərdə yaşasaq da, çox az-az görüşürük.

-Bəs bağı varmı,  birdən bağ qonşusu olarıq qardaşınızla?

Bağım olmasa da, Tahir müəllimə bu yalanı uydurmağa məcbur idim.

-Açığı, gediş-gəlişimiz yoxdu deyə maraqlanmamışam. Memuar yazmağım çox vaxtımı apardığından, son illər də səhhətim imkan vermədiyindən evdən çölə az çıxıram, qohum-əqrəbadan da heç kimə baş çəkmirəm. Babaxansa ya bizə gəlmir, ya da ayda-ildə bir dəfə gələndə beş-on dəqiqə ayaqüstü söhbət edib gedir. Ona görə heç nə deyə bilmərəm.

Tahir müəllim azacıq düşünüb belə bir əlavə də etdi:

-Ancaq yasda olarkən oradkılardan biri Babaxanla görüşəndə, dedi ki, səni tez-tez Zabrat qəsəbəsi tərəfdə görürəm. Bəlkə oralarda, şəhər kənarında ev alıb, deyə bilmərəm.

Deməli Zabrat qəsəbəsi.

Müəllimdən lazım olanları öyrəndim. Bir şeydən başqa. Elə bir şey ki, bunu ondan soruşa bilməzdim. Özüm yerində dəqiqləşdirməliydim. O bilmədən.

Maraqlı idi. Bu cinayətin izi ilə haralara gedib çıxsam da, yenidən hadisələr məni bu saf insanla danışmağa, ya da onun həyətinə qayıtmağa vadar edirdi.

Məktəbin qarşısında saxladığım maşına əyləşəndə yol polisi tərəfindən şüşəsilənə taxılmış cərimə talonunu görüb gülümsədim. Hər şey düzdür. Bura təhsil ocağının qarşısıdır, parkinq deyil. Talonu götürüb maşına əyləşdim və Tahir müəllimin evinə üz tutdum.

Yolda Layiqədən zəng gəldi.

-Salam, şef.

-Salam, ey əvəzolunmaz köməkçim. Tam zamanında zəng vurmusan.

Layiqənin ona belə müraciət etməyimi xoşladığını bilirdim.

-İcazə verin məruzə edim.

-Başla.

-Hazırda kapitan Qasımlının yanındayam. Dediyiniz tarixdə və saatda elə bir yük maşını ətrafdakı heç bir kameranın görüntüsündə müşahidə olunmur.

 Bu yaxşı xəbər deyildi. Layiqənin əhvalı isə dediklərinin əksindən xəbər verirdi. Ona görə də, susub onun daha nə deyəcəyini gözlədim.

-Mənsə bununla kifayətlənmədim. Görüntüləri ardıcıllıqla izləməyi Rəşad müəllimdən xahiş etdim və elə növbəti günün görüntülərində oxşar əlamətləri olan yük maşınının səhər saat 10 radələrində “Kubinka” ərazisindən çıxdığını, Bakıxanov küçəsini kəsərək Cəlil Məmmədquluzadə küçəsinə tərəf getdiyini aşkar etdik.

-Afərin.

-Görüntünü yaxınlaşdıraraq maşının dövlət nömrə nişanını müəyyən etdik. Hazırda Rəşad müəllim sürücüsünün şəxsiyyətini və ünvanını dəqiqləşdirir.

-Bütün bunlara görə sağ ol. İndi sənə bir şey deyəcəyəm. Bizi maraqlandıran tarixdən düz iki gün əvvələ, saat 20 radələrinə də bax. Böyük ehtimalla həmin maşını yenə də gələn görməyəcəksən, ancaq ərazini tərk etməsini görəcəksən. Telefonu isə kapitan Qasımlıya ver.

-Salam, Bəxtiyar müəllim.

-Salam Rəşad müəllim. Nə yenilik var?

-Nərmin itən günü tanışım vasitəsi ilə ona gələn zəngləri yoxlatdırmışdım. İndi mobil operatorun sorğumuza cavabı əsasında Nərminin telefonuna son günlər gəlmiş zəngləri də təhlil etdim. Heç bir nəticə vermədi. Adi zənglərdir. Sürücünün ünvanı bilinən kimi əməliyyat qrupunu ardınca göndərəcəyəm.

-Yaxşı. Ancaq indi o sürücüdən vacib bizə lazım olan bir fiqurant peyda olub. İsmiyev Babaxan Səfixan oğlu. Bu ikimizin də tanıdığı Tahir müəllimin qardaşıdır. Yük maşının sürücüsü ilə yanaşı onun da ünvanını müəyyənləşdirib təcili saxlanılmasını təmin edin. Bu adama çoxlu suallarım olacaq.

-Baş üstə, Bəxtiyar müəllim. Başqa?

-Bu gecə mənə köməyiniz lazım olacaq.

-Mən hazır.

Bir qədər fasilə verdim.

-Bir də bir xahişim olacaq.

-Əlbəttə, buyurun.

-Hələ ki, Tahir müəllim heç nə bilməsin. Qardaşının tapılması üçün ona müraciət etməyin. Ünvanını başqa üsullarla müəyyən edin.

İndi də Rəşad susdu. Amma bu, çox çəkmədi:

-Başa düşürəm. Hər şey siz dediyiniz kimi olacaq.

Telefonda Layiqənin uzaqdan gələn sevincli səsi qulağıma dəydi, -Tapdım, tapdım!

 Ardınca Qasımlıdan telefon aparatını alan Layiqə -Bəxtiyar müəllim, tapdım, axşam saat 9-a işləmiş bu ərazidən çıxır, -dedi. -Cızıqlarından, bəzi başqa əlamətlərindən də görünür ki, hər iki halda ərazidən çıxan eyni yük maşınıdır. Ancaq Siz haradan bilirdiniz ki, iki gün əvvəl də axtardığımız maşın orada olub?

-Sonra bilərsən, -Layiqəyə də Ləmana verdiyim cavabı verdim. Layiqə o qədər əmin idi ki, bu dəfə maşının dövlət nömrə nişanlarına təkrarən baxmağı belə lazım bilməmişdi.

-Sən ofisə qayıt və dincəl. Rəşad isə axtardığımız adamları tapandan sonra mənimlə əlaqə saxlasın.

Artıq günortanı keçmişdi. Maşını Tahir müəllimin evinə bir tin qalmış saxlayıb düşdüm. İndi əsas məsələ müəllimdən çox Zabitə ilə üz-üzə gəlməmək idi.

Bu arvad yadıma düşəndə qeyri-ixtiyari dodağım qaçdı. Yəqin ki, indi Zabitə “cüvəllağı” adlandırdığı Tərlanı hər məşğələyə gələndə ciddi-cəhdlə güdərək onda bir səhv tapmağa və növbəti gəlişimdə etimadımı qazanmaq üçün bu barədə mənə məlumat verməyə çalışacaqdı. Çünki belə insanların psixologiyasına bələd olan biri kimi tamamilə əmin idim ki, onunla söhbətimizdən sonra yalnız bir istiqamətdə işləyən beyni bu yolla məndən əldə edəcəyi qazancını əlli manatdan yüz manata qədər qaldıra biləcəyi barədə ona fasiləsiz siqnallar ötürməyə başlamışdı. Hər şey bir yana, deyəsən, yazıq uşağı da işə salmışdım. Yaxşı ki, qəbul imtahanlarına az qalıb.

Uzaqdan boş küçəni müşahidə etdim. Məllimin də, Zabitənin də küçə qapıları bağlı idi. Sürətlə dayandığım yer ilə müəllimin qapısı arasında olan məsafəni qət etdim və qapını itələyib həyətə keçdim.

Gözlədiyim kimi həyət boş idi. Yəqin müəllim yenə də arxa otaqda, memuarları üzərində işləyirdi. Əslində Tahir müəllimlə rastlaşacağımın heç bir qorxusu yox idi. Uzaqbaşı ona bir-iki əhəmiyyətsiz sual verib, şübhələrimin doğrulması üçün həyətdə mənə lazım olan yeri ötəri gözdən keçirməyim də kifayət edərdi. Ancaq bütün işlərim kimi bunu da ötəri etmək istəmirdim.

Yavaşca irəli keçib qızılgül kollarının yanında, uşaqların durub söhbət etdikləri yerdə dayanıb ayaqyolu tərəfə baxdım. Sonra ayaqyoluna girdim və qapını arxadan bağladım.

Lazım olan şeyləri öyrənmək üçün mənə üçcə dəqiqə bəs etdi. Gəldiyim kimi də sakitcə həyətdən çıxıb maşına tərəf getdim…

 

* * *

Şişman ehtirasdan elə uçunurdu ki, otağın qapısını arxasınca örtməyi da unudub qıza tərəf addımladı. Titrəyən əlləri ilə laqeyd baxışlarla ona baxan qızın qolundan tutub çarpayıya uzatdı. Qız heç nə ifadə etməyən baxışlarla tavana baxır, müqavimət göstərmirdi. Heyvanlara xas instinklə qarşısındakı qurbanın ondan zəif olduğunu hiss etməsi şişmanın olan-qalan ağlını da başından aldı. Daha dayanmağa taqəti qalmamışdı. Ayağa qalxıb şalvarının kəmərini açmağa başladı…

 

* * *

Yolüstü yüngul bir qəlyanaltı alıb ofisə gəldim. Yəqin Layiqə də ac idi. Birlikdə yemək yeyib polis bölməsində baş verənləri üzbəüz özündən eşitmək istəyirdim.

Ofisə girəndə Layiqəni oturduğu yerdə mürgüləyən gördüm. Qapının səsinə ayılan Layiqə cəld ayağa qalxıb salam verdi. Əlimdəki torbanı ona uzadıb dedim:

-Bir-bir.

Hələ yuxusu qaçmayan köməkçim key-key torbaya baxıb sonra onu məndən aldı. Yəqin fikirləşirdi ki, torbanın içindəki “bir-bir” adlandırdığım şey görəsən nə ola bilər.

-Şef, bir-bir nədir və bu torbanı neyləyim?

-Torbanı aç və içindəkilərdən bir qəlyanaltı hazırla. Bir-bir isə o deməkdir ki, bu gün səhər sən məni yuxudan oyatmışdın, indi mən səni oyatdım. Hesab bərabərləşdi.

Layiqə başını yelləyib mətbəxə keçdi. Hiss olunurdu ki, hələ ayıla bilməyib.

Bir azdan mətbəxdən səsi gəldi:

-Yemək hazırdır, Bəxtiyar müəllim.

Mətbəxə keçib süfrəyə əyləşdim.

-Sən yeməyəcəksən?

-Mən yemişəm, siz nuş edin. Kapitan Qasımlı nahar etməmiş məni buraxmadı.

-Mən də onun yerinə olsam buraxmazdım da, -deyib güldüm.

-Yaman da, -deyib Layiqə əda ilə çiyinlərini atdı və dönərək mətbəxdən çıxdı.

Ən yaxşısı bu qızı belə mövzuda dindirməmək idi. Yoxsa əlinə ilk fürsət düşən kimi yenə də atmacasını atdı. Gülünün qulaqlarından iraq.

Telefonu götürüb Gülünü yığdım.

-Neynirsən? -Gülü ilə heç vaxt salamlaşmaz, elə birbaşa söhbətə keçərdik. Ümumiyyətlə aramızda qəribə danışıq tərzi formalaşmışdı.

-Evdəyəm, sən?

-İndi ofisdəyəm, ancaq bir azdan heç yerdə olmayacağam.

-Nə vaxtacan?

-Fikirləşirəm ki, gecəyə, ya da sabah səhərə qədər.

-Yenə pendirlə pomidor-xiyar?

-Bu dəfə bibər də almışam.

Zarafatım Gülüyə sirayət etmədi. Sabah səhərə qədər məni axtarmaması barədə etdiyim xəbərdarlıq, nə qədər möhkəm qadın olsa da, onun rahatlığını növbəti dəfə əlindən almışdı.

Danışığımdan vaxtımın məhdud olduğunu bilən Gülü, - Gözləyəcəyəm, -dedi.

-Gələcəyəm, -deyib xətti kəsdim.

“Gələcəyəm” deməyim Gülüdən çox özümə aid idi. Əvvəllər polis sıralarında çalışarkən iştirak etdiyim əməliyyatlarda bir o qədər də ağına-bozuna baxmaz, yarana biləcək təhlükələrdən o qədər də qorunmazdım. Elə buna görə də, növbəti əməliyyatlardan birində sağ qolumdan güllə yarası almışdım. Güllə qol sümüyümü zədələdiyi üçün uzun müddət müalicə olunmuşdum. Söhbətimin əvvəlində sizə deməsəm də, çox bağlı olduğum polis sıralarından vaxtından tez getməyimin səbəbi yaralanmağım olmuşdu. Hərdən qolumda baş qaldıran dözülməz ağrılara görə. Yaxşı ki, hərdən…

Gülü həyatıma daxil olduqdan sonrakı illərdə, hər bir əməliyyatdan qabaq ona “gələcəyəm” deməklə söz verir, əməliyyat zamanı isə ona verdiyim sözü tutmaq üçün son dərəcə ehtiyatlı olmağa özümü məcbur edirdim.

Neçə illər sonra tapdığı xoşbəxtliyini itirməsinə yol verə bilməzdim. Elə özümün də…

Rəşad Qasımlı zəng edənədək gözləməli idim. Bu iki nəfərin, sürücü ilə Babaxanın söylədikləri ilə bəlkə də artıq bu cinayət açılacaq, Nərminin yeri bilinəcəkdi.

Layiqəni dinləmək üçün mətbəxdən çıxıb ofisdəki masamın arxasına keçdim.

Ancaq kresloma əyləşən kimi Rəşaddan gələn zəng buna mane oldu.

-Sürücünü saxlamışıq.

-Bəs Babaxandan nə xəbər var?

-Burada hər şey bir az qəlizdir. Ünvanını müəyyən edən kimi evinə yollandıq. Həyat yoldaşı harada olduğu barədə məlumatsızdır. Tez-tez evdə gecələmədiyini bildirdi, verdiyi mobil nömrəsinə də zəng çatmır. İşlətdiyi mobil telefon ümumiyyətlə şəbəkədən ayrıldığı üçün koordinatlarını müəyyən etməkdə mobil operator bizə heç bir köməklik edə bilmədi. Görünür, telefonu söndürdükdən sonra söküb cərəyan mənbəyini ayırıb. “Bəlkə bağ evləri var, orada olar” deyə soruşdum, “bu gördüyünüz evimizdən başqa heç bir mülkümüz yoxdur”, dedi yoldaşı. Ola biləcəyi bütün yerlərə əməkdaşları göndərmişəm. Bir əməkdaş da evinə yaxın yerdə pusquda durub. Dövlət Yol Polisi İdarəsinə avtomaşınının saxlanılması barədə təlimatlandırma ötürmüşəm. Axtarırıq, ancaq hələ ki, nəticə yoxdur. Sürücünü isə dindirmişəm.

Rəşadla danışdığımı eşidən Layiqə mətbəxə qayıtdı. Oturmasına işarə verib Rəşadla söhbətimə davam etdim.

-Çox gözəl. İstəyirsiniz sürücünün dediklərini sizə danışım.

-Maraqlı olar, -Rəşad təəccüblə dedi.

- Bəri başdan deyim ki, yük maşının sürücüsü hadisələrdən kənardadır. Bildiyi də çox az şey var. Ola bilsin ki, Babaxanı tanıyır. Ancaq ötəri. Nərmin itməmişdən iki gün əvvəl Babaxan qardaşı Tahir müəllimin həyətində qoyduğu dolabı aparmaq üçün onunla qardaşı evinə gəlib. Gözləməsini söyləyərək həyətə girib. Ancaq bir azdan qayıdıb dolabı iki gün sonra  aparacağını bildirərək onu yola salıb. İki gün sonra isə həmin yerdə axşam saat 8-də görüşüblər. Ona maşında gözləməsini tapşırıb. Bundan az keçmiş üst-başından cin hürkən bir sərxoş sərgərdan sürücüyə yaxınlaşıb onu söhbətə tutub. Sürücü onu başından etməyə çalışarkən Babaxan yaxınlaşaraq həmin avaranı köməyə çağırıb və onlar həyətə keçiblər. Sürücü isə yük yerinin arxasını açıb gözləyib. Dolabı qoyduqdan sonra Babaxan kabinəyə, qonşunun uşağının dama düşmüş topunu götürməyə gedən həmin avara isə qayıdaraq yük yerinə minib və sürüb gediblər. Ancaq çox uzağa yox. Maşın elə “Kubinka”dakı həyətlərdən birinə girib və dolabı düşürdükdən sonra ya o həyətdə, ya da başqa bir yerdə qalıb.

-Düzdür, -Qasımlı daha artıq təəccüblə dedi.

-İndi əlavələrini elə, -dedim.


Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(18.05.2023)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.