“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində yaşı 35-ədək olan şairlərin şeirlərinin dərcini davam etdiririk. Bu gün növbə Malik Atilayındır
Malik ATİLAY
BİR İNTİHARIN TARİXÇƏSİ
Siqnal səsi daş kimi düşüb
Şüşə kimi çilik-çilik edər fikirlərini,
Anidən ayılar sərxoş adam,
Ayılar xəyala getdiyi yolun ortasında,
Ayılar ağrılarından, acılarından...
Bir az geriyə qaçar,
Bir az qabağa.
Sürücü yazıq bilməz
Sağa qaçsın,
Sola qaçsın.
Heç bilmədiyi bir oyunun içində,
Hara gedəcəyini bilmədən qalar...
Sərxoş adamın film kimi gözünün önündən keçər yaşamadıqları,
Qızının əlindən tutub dərsə aparmamağı,
Yoldaşının üzünə gülməməyi,
Oğlunun çiyninə əlini qoymamağı...
Əyləc səsi.
İçini qurd yemiş ağac kimi yerə yıxılan adam.
Sıraya düzülər maşınlar
Tanımadıqları adamın cənazə namazına...
KİMİN GÖZ YAŞIDI BELƏ?..
Kimin göz yaşıdı belə?..
Bir evdə bir cüt gözdən çıxıb.
Min evin damından axır,
Min-min adamı isladır.
Kimin göz yaşıdı belə?..
Oğluna sarı açılan
İsti-isti güllələri
Bir damcısıyla soyudur…
Kimin göz yaşıdı belə?..
Sahibsiz əsgər məzarının
Qapqara mərmərdəki
Üzünü-gözünü yuyur…
Kimin göz yaşıdı belə?..
GƏMİLƏR FİT VERİR YUXULARIMDA
Tərk edilib suyun dibinə batmış
Gəmilər fit verir yuxularımda.
Əlsiz-ayaqsız düşmənim,
Dili lal, gözləri kor dünənim.
Hücum çəkir üstümə qoşun-qoşun.
Qarsız, amma qaranlıq bir gecəsiydi qışın,
Dörd dost idik,
Qaranlığa yelləncək qurub
Söyüşlü şeirlər oxuyurduq…
Qaranlığı qan qırmızısı şəraba boyamaq istəyərək
Dənizə qarşı.
Yaşamağa çalışırdıq uduzub-udub.
Üstündən illər keçib həmin gecənin,
Mən burdayam,
Xoşbəxtəm evimdə,
Xoşbəxtəm hər səhər gözümü açanda sevdiyim qadını gördüyüm üçün,
Dünənki Malik ölüb,
Sabahkı Malik tərk edib bizi,
Bircə söyüşlü şeirlər oxuyan Malik qalıb.
Hələ də
O qaranlıq gecədə...
Dodaqaltı şeirlər pıçıldayır...
DİVAR SAATI
1.
Hər tik-takında
Bir xatirə yatan divar saatını,
Xatirələri oyatmaqdan qorxurmuşcasına
Üsulca götürdü divardan.
2.
Həyatın hər anına
Şahidlik edən divar saatının
Yazdığı cümləyə nöqtə qoydu,
Kəllə sümüyünü deşib çıxan gülləylə.
3.
Yalnız adamlar
Bir yerdən sonra əşyalarına çevrilirlər.
Məsələn, ürəyi əsir yalnızların,
Birdən ürək döyüntüsü,
Divar saatının tik-takından ayrı döyünər.
KƏDƏRLİ UŞAQLAR
1.
Bəlkə də, oyuncaqçı,
Əli yetməyən oyuncaqlarda
Gözü qalan uşaqların
Kədərli baxışlarını
Silirdi vitrindən…
2.
Mən qar yağmasın deyə, dualar edən
Uşaqlar gördüm,
Allah!
Mən
Və o uşaqların cırıq çəkmələri şahiddir
O gecələrə.
Suya düşmüş xəyalların paradı
Başucundakı divara cızıq ataraq
Çəkəcəyi cəzanın hesabını tutan dustaq kimi
Ürəyində suya düşmüş xəyalların paradı var.
İlk cızıq atandan yadigardı ürəyində,
Səni necə tərk etmişdi, xatırlayırsan?
Gələcəyəm, demişdi.
O gün gözləyə-gözləyə öyrənmişdin
Həyatın ağzından tikə kimi torpağa düşən
heç kəs geri qayıtmır.
Ananı itirdiyin gecə
Heç xəbərin olmamışdı yan otaqda
Bir yuxudan daha dərin yuxuya adlayan qadından.
O gündən sayı-hesabı yox
ömrünə qar kimi enən ağrıların, dərdlərin –
O gündən ürəyin mil-mil şagird dəftəri...
Usta dirijor və qələbə nəğməsi
Qollarını itirsə də geri dönməyən əsgər,
Olmayan qollarıyla
Yol göstərmək istəyirdi yoldaşlarına…
İndi
Fərqi yox idi, amma
Ondan uzaqda döyüşən qolları
Ön cəbhədə
Usta dirijor kimi
Qələbə nəğmələri bəstələyirdi…
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)