YADDAQALAN, MARAQLI, BOL TƏƏSSÜRATLI - Ədəbiyyat Fondu 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Bildiyiniz kimi, 5 gün ərzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 9-cu  Beynəlxalq Kitab Sərgisi keçirildi. 

Noyabrın 11-də açılışı olmuş və dünən- noyabrın 15-dək davam edən sərgidə Azərbaycan Yazıçılar Birliyini qurumun Ədəbiyyat Fondu təmsil edirdi. Fondun sərgidə iştirakına toxunacağıq, indisə ümumən sərgi barədə. 

 

13 ölkədən 30 xarici və 109 yerli təşkilat

 

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, deputatlar və digər rəsmi şəxslər iştirak edirdi.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri bildirdi ki, bu gün Azərbaycan dövləti kitab sənayesinə, eləcə də gənc yazarların inkişafına xüsusi diqqət yetirir: “Kitab sərgisi çərçivəsində kitabların toplanması üçün bir sıra vacib tədbirlər görülüb”.

A.Kərimli işğaldan azad olunmuş ərazilərdə ermənilərin dağıtdığı kitabxanalardan da danışıb: “İşğaldan azad olunmuş bölgələrdə kitablar və kitabxanalar ciddi ziyan görüb. Biz də həmin kitabların sərgiyə gətirib burada nümayiş olunması üçün xüsusi işlər görmüşük. 30 il işğal dövrü ərzində Azərbaycan mədəni irsinə məxsus 927-dən çox kitabxana və 5 milyona qədər kitab fondu tamamilə məhv edilib. Bütün bunların bərpa edilməsi və Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq".

Sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edirdi. Sərgidə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar iştirak edirdilər. 

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil edildi. Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbir keçirildi.

Eyni zamanda Türkiyənin görkəmli yazarları, elm adamları, tanınmış aktyorları və xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunurdu. Məşhur yazar İskəndər Palanın adını isə xüsusi qeyd etmək istəyərdim.

 

Ədəbiyyt Fondu fəal idi

 

İndi isə Azərbaycan Ədəbiyyat Fondunun sərgidə iştirakı barədə. 321 nömrəli stenddə Azərbaycan yazıçılarının - AYB üzvlərinin (o cümlədən Xalq yazıçıları Anarın, Çingiz Abdullayevin, Xalq şairi Vahid Əzizin, eləcə də Səlim Babullaoğlunun, İlqar Fəhminin, Varisin, Ramiz Qusarçaylının, Yunus Oğuzun, Adəm İsmayıl Bakuvinin, Hümbət Həsənoğlunun, Faiq Balabəylinin və digərlərinin) kitabları sərgiləndi. 

Burada eyni zamanda AYB-nin “Ulduz”, “Qobustan”, “Literaturnıy Azerbaydjan”, “Dünya ədəbiyyatı” kimi nəşrləri də nümayiş olundu. 

Yazıçılar gün ərzində burada öz oxucuları ilə görüşüb onlar üçün kitab imzaladılar. (Adilə Nəzərin, Nigar Arifin imza saatlarını xüsusən qeyd etmək istərdik).

Eyni zamanda sərginin təqdimat zonalarında müxtəlif maraqlı tədbirlər həyata keçirildi. 

 

“Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə” 

 

Noyabrın 15-də sərgi çərçivəsində Yazıçılar Birliyi və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı beynəlxalq müstəvidə” mövzusunda panel müzakirəsi xüsusi diqqət qazandı. 

Gənc yazarların, elm, incəsənət və media xadimlərinin, məktəblilərin iştirak etdiyi panel Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varisin moderatorluğu ilə keçdi.

Varis ədəbiyyatımızın beynəlxalq müstəvidə yeri, görülən və görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırdı. 

Tədbirdə çıxış edən yazıçı Yunus Oğuz Azərbaycan tarixinin və mədəniyyətinin çox qədim olduğunu dedi: “Bizim başlıca məqsədimiz ölkəmizin qədim tarixini dünyada tanıtmaqdır. Bu vəzifə balaca oxucularımızın və gənclərimizin üzərinə düşür”.

Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz qeyd etdi ki, Azərbaycan xalqının böyük və zəngin ədəbiyyatını yalnız ümumiləşdirərək dünyaya çatdırmaq mümkündür. O, həmçinin Cənubi Azərbaycan ədəbiyyatı barədə də bilgilər verdi. 

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair İntiqam Yaşar bildirdi ki, dünyada ədəbiyyatın təbliğ edilməsi nəşriyyatların üzərinə düşür. Beynəlxalq əlaqələrin qurulmasında isə keçirilən ənənəvi kitab sərgiləri və festivallar mühüm rol oynayır.

Onun sözlərinə görə, hər il Bakı Beynəlxalq Kitab Sərgisində müxtəlif ölkələrdən nəşriyyat evləri iştirak edir. Bu isə gələcəkdə əməkdaşlıq etmək üçün gözəl bir fürsətdir.

Sonra tədbir panel diskussiyalarla davam etdi, moderator və məruzəçilər sualları cavablandırdılar. 

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.