Varis yazır
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varisin “Azərbaycan ədəbiyyatının inkişafına müsbət təsir edə biləcək amillər hansılardır və bu yolda addımlayan gənclər, əsasən, nələrə diqqət etməlidirlər?” mövzusunda mühazirəsini diqqətinizə çatdırır.
Azərbaycan ədəbiyyatının inkişafına müsbət təsir edə biləcək amillər çoxdur, bunların bəziləri ümumədəbiyyat faktlarıdır, bəziləri sırf Azərbaycan üçündür, spesifikdir.
Ondan başlayaq ki, hazırda bütün dünyada mədəniyyətə 3-cü minilliyin İKT basqısı hiss edilir. İnsanlar mobil telefonların və internetin əsarətində ikən kitab mağazaları, teatr və konsert salonları, kino zalları, rəsm qalereyaları boşalır, ağıllı telefonlar hər şeyi öz əllərində cəmləşdirirlər. Hətta kitab yazmaq, film çəkmək, musiqi bəstələmək tədricən süni intellektlərə tapşırılmaqdadır. Belə bir zamanda üstəlik, pandemiya, müharibə, iqtisadi tənəzzül, təbii fəlakət, qlobal istiləşmə kimi faktorlar da bir yandan “sabaha ümid yoxdur” təhlükəsi ilə insanları zombiləşdirir, mənəvi deqradasiyaya aparır.
Bax belə bir çətin zamanda ədəbiyyat sanki seyt-notdadır, edilən hər bir gedişə çox cüzi vaxt ayrılır.
Odur ki, bu faktorları nəzərə alıb yazıçılar bu fərqli yeni insan üçün - 3-cü minilliyin insanı üçün yeni ədəbiyyat yaratmalıdırlar. Yəni, cəmiyyətin sosial sifarişini, oxucunun maraq və istəklərini nəzərə almayan, günün tələbləri ilə səsləşməyən ədəbiyyat oxunulmayacaq, sandıqda qalacaq. Bu ədəbiyyatın inkişafının qızıl qanunudur. Kim də desə ki, belə ədəbiyyat əsl ədəbiyyat deyil, yanılacaq. Çünki hər dövrün öz ədəbiyyatı olur, bu normal tendensiyadır. Kitab əmtəədir, heç kəsə gərək olmadısa, demək, özünü doğrultmadı. Özünü doğrultmadısa, sənin gətirəcəyin arqumentlər (mən gələcək üçün yazıram, yaxşı kitab kütlə üçün deyil, oxucunun səviyyəsi aşağıdır, dekodentçilik ədəbiyyatın əsasıdır və s.) bilmərrə əsassızdır.
Spesifik problemlərə gəlincə, Azərbaycanda nəşriyyatların mətbəə funksiyası daşıması, yazıçılara nəşriyyat sifarişinin olmaması, kitab bazarının kiçik, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması, mediada və cəmiyyətdə mənəviyyat mövzularının kölgədə qalması, reklamvericinin yoxluğu ədəbiyyatımızı inkişafdan saxlayan amillərdir, demək ki, inkişaf üçün də məhz bu amillər aradan qaldırılmalıdır.
Ölkəmizin çox istedadlı ədəbi gəncliyi var. Dövrün nəbzini tutan, qeyd etdiyim faktorlara söykənən mətnlər yazmaq, qlobal ədəbi inteqrasiyanı nəzərə alıb məhəlliçilikdən uzaqlaşmaq, ustad yazarlardan ara-sıra dərslər, tövsiyyə və məsləhətlər almaq, ədəbiyyatşünaslıq elmindən xəbərdar olmaq, ədəbi prosesləri izləmək, daha çox mütaliə edib elitar ədəbi zövq formalaşdırmaq vacibdir.
Mən 2016-cı ildə Nyu-Yorkda Bestseller yazmağın qızıl qaydaları kursunu alanda bizə ən birinci bu qaydanı öyrətmişdilər: Sənə çağdaş oxucunu öz kitabına cəlb etmək üçün cəmi üç abzas şans verilir, bu üç abzasda oxucunu maqnit kimi cəzb edə bilməyəcəksənsə, sənin kitabın oxunmayacaq!
“Ədəbiyyat və incəsənət”
(16.11.2023)