Super User
Bu gün Qusarda maraqlı konsert olacaq
Mədəniyyət Nazirliyi tərəfindən iyul ayı üçün musiqi kollektivlərinin regionlara qastrol səfərləri davam edir.
Nazirlikdən verilən məlumata görə, bu çərçivədə Nicat Aslanovun caz kvarteti bu gün saat 16.00-da Qusar rayon Mədəniyyət Mərkəzində “Milli ruhun caz melodiyaları” adlı konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, qastrol səfərləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunur.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Moldova arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Moldova Respublikasının Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüşüb.
Fonddan verilən məlumata görə, görüşdə türk xalqlarının çoxəsrlik dəyərlərinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi istiqamətində fəaliyyət göstərən təşkilatın xarici dövlətlərlə əlaqələrin qurulmasına mühüm önəm verməsindən söz açılıb.
Təşkilat tərəfindən Türk və digər dünya xalqları arasında mədəni mübadilələrin intensivləşdirilməsi məqsədilə həyata keçirilmiş layihələrə diqqət çəkilib. Fondun əsas prioritetləri sırasında müxtəlif ölkələrdə məskunlaşmış türk etnik kökənli xalqların irsinin mühafizəsi qeyd olunub. Eyni zamanda təşkilatın Moldova Respublikası ərazisindəki Qaqauziya Muxtar Bölgəsində yaşayan türk mənşəli qaqauz xalqının mədəni-mənəvi dəyərlərinin yaşadılması yönündə əməkdaşlığa hər zaman açıq olduğu vurğulanıb.
Görüşdə Fond ilə Moldova Respublikası arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində gələcək birgə əməkdaşlığa dair müzakirələr aparılıb.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
“MədəniyyətimİZ” layihəsi çərçivəsində növbəti görüş
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Əməkdar artistlər Tahir İmanov və Bəhram Bağırzadə ilə olacaq.
“İRƏLİ” İctimai Birliyinin mətbuat xidmətindən AzərTAC-a bildiriblər ki, YARAT Müasir İncəsənət Mərkəzində keçiriləcək görüşdə əsrin çempionları Ulu Öndər Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək.
Tədbir müddətində həmçinin “Sağlam milli yumorun inkişafında Heydər Əliyev amili” və “Teatral satiranın günümüzdə əhəmiyyəti və cəmiyyətdə nüfuzu” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsində gənc müğənnilərin ifasında populyar musiqi nümunələri təqdim olunacaq.
Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.
Layihə çərçivəsində indiyədək müxtəlif mədəniyyət xadimləri ilə görüşlər həyata keçirilib. Tədbirlərin il ərzində davam etməsi planlaşdırılır.
Görüşdə iştirak etmək istəyən gənclər https://shorturl.at/sxy47 link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Günün fotosu: Ruslar Odessanın məşhur kilsəsini bombaladılar
Günün fotosu: Ruslar Odessanın məşhur kilsəsini bombaladılar
Dini məkanlar müharibədən ən az zərər çəkən yerlər olur. Xüsusən, eyni din daşıyıcıları müharibə edərkən. Amma bu həqiqət ruslar üçün deyil.
Rusların raket hücumu zamanı Odessada ölənlər və yaralananlar var. 6 yaşayış binası dağıdılıb. Şəhərin ən böyük pravoslav kilsəsi olan Spaso-Preobrajensk kilsəsi də ciddi dağıntılara məruz qalıb.
Fotonun müəllifi: Euronews Digital
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Azərbaycan neftinin qiyməti 84 dolları ötüb
Açıq Portfeldə pozitiv xəbər: Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,78 dollar artaraq 84,15 dollar olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Ukraynada Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb
Ukraynanın Çerkassı vilayətində Azərbaycanın dövlət qurumlarının serverlərinə hücum edən xaker saxlanılıb.
Bu barədə AzərTAC-a Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Çerkassı vilayətinin kiberpolis əməkdaşları Azərbaycan Respublikasının dövlət qurumlarının serverlərinə DDoS hücumları həyata keçirən hücumçunu ifşa ediblər”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, xaker beynəlxalq hüquqi yardım tələbi çərçivəsində ifşa olunub.
Çerkassı xakerinin hücumları ölkə əhəmiyyətli obyektin infrastrukturunun kompüter sisteminin işinə qəsdən mane olmağa səbəb olub.
“Axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 40 yaşlı şübhəli şəxsdən kompüter və şəbəkə avadanlıqları, rəqəmsal disklər və mobil telefonlar götürüblər”, - deyə nazirliyin məlumatında qeyd edilib.
Hazırda yoxlama davam edir, şübhəlinin qanunsuz fəaliyyətinin digər epizodları müəyyən olunur.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Diqqət! Bu gündən hava şəraiti pisləşəcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 24-dən 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müraciətdə FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.
“Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə bildirilib.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Planeti sürətli moda epidemiyasından necə xilas etməli?
SON DƏRƏCƏ AKTUAL
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu yaxınlarda bir dostum İtaliyaya getmişdi. Əbədi şəhər olan Romanı, su üzərində bərqərar olmuş Florensiyanı gəzməklə yanaşı, təbii ki, modanın Parisdən sonrakı ikinci vətəni olan Milana da güzar etmiş, bol təəssüratla dönmüşdü. Təəssüratlarını mənə danışdıqdan sonra maraqlı bir məsələyə də toxundu. O, yaşadığı otelin konfrans zalında maraqlı bir tədbirə şahidlik edibmiş. Modanı əsrin bəlası hesab edən aktivistlər cavabdehləri tez bir zamanda dünyanı başına alan atılmış köhnə paltarların yaratdığı cır-cındır qəbristanlıqlarının sürətlə böyüməsinin qarşısını almağa səsləyirdilər.
Düzü, dostumun bu söhbəti mənə olduqca təəccüblü gəldi. Şəxsən mən köhnə paltar təhlükəsindən xəbərsiz idim. O vaxtdan mövzunu gündəmimdə saxladım və bazaar günü Euronews xəbərlərində bu barədə süjet görəndə bu dəfə daha təəccüblənmədim.
Florensiya yaxınlığındakı Toskano əyalətində yerləşən Prato şəhəri bir zamanlar – daha dəqiqi, orta əsrlərdə qitənin tekstil paytaxtı olub. Bu gün isə Pratoda Avropanın ən böyük tekstil rayonu mövcuddur. Və burada təkrar parça emal edən ən böyük kombinat vardır, dünyadakı bütün təkrar papça emalının 15 faizi tək burda başa gəlir. Yəni, hər yerdən istifadəyə yararsız pal-paltar bura gətirilir, burda təkrar emal edilib yenidən istehlaka göndərilir.
Süjet Pratoda çəkilmişdi. İnsanlar kameralara danışırdılar. Bir qadın deyirdi:
-Biz daha çox paltar alırıq, amma bu paltarlar xidmətimizdə çox az dayanır. Səhər bunlar dəbdən düşür. Yeniləri dəbə minir. Biz də bunları atıb yenisini alırıq. Və bu səbəbdən də dünya cır-cındırla dolur, tekstil sənayesi isə ekologiyanı çirkləndirən əsas nəsnəyə çevrilir.
Bəli, ucuz paltarlar, tez-tez dəyişən moda daha çox zəhərli maddələrin ətrafa atılmasını təmin edir.
Prato kombinatının marketinq və kommunikasiya rəhbəri Aliçe Tezi söyləyir:
-Təkrar emala gəlmiş materialın ən yaxşı halda 60 faizi yararlı sayılır, qalanı atılır. Təkrar emaldan çıxanda daha 50 faiz itki olur. Yerdə qalan hissə ya atılır, ya termoizolyasiyaya məruz qalır. Beləcə, biz təkrar emaldan çıxan parçanı fabriklərə, zibilisə yerə gömürük.
Təkrar emaldan çıxan parçalar kimyəvi məhlullarla zəngin olduqları halda onları ekoloji təmiz, saf məhsul adı altında sırımaq da var.
Rifo kompaniyasının sahibi Nikollo Şipriani isə deyir:
-Biz təbii məhsula üstünlük veririk, sintetik məhsullardan qaçırıq. Təbii məhsul isə pambıq və ipəkdir. Biz təkrar emal keçmiş parçalardan əsla istifadə etmirik. Ona görə də vicdanımız təmizdir. Biz əksini edənlərlə tərəzinin eyni gözündə dayanmaqdan usanmışıq. Belə olmaz.
Bəli, biznesdə hamı qazanmaq istəyir, itirənsə təbiət və insanlıqdır. Və məşhur telekanalın süjeti də sonda bu ehtimalı ona görə ortaya atır ki, insanlar az da olsa ümidlənsinlər.
Yekunda deyildi ki, Pratoda gələn il ikinci təkrar parça emalı kombinatı da tikilir. İşbazlar böyük gəlirlər əldə etməkdə israrlıdır. Bununla belə, aktivistlər təbiətə ciddi ziyan vuran Prato kombinatının ikiqat vergiyə cəlb edilməsi məsələsini gündəmə çıxarıblar. Gəliri isə kimyəvi zəhərlənməyə məruz qalan insanların müalicəsinə sərf etmək nəzərdə tutulur.
Hansısa tamaşamızda belə bir fikir var.” Ah, moda, moda. Salmısan bizi oda”.
Orada qəhrəman yeni paltara pul xərcləməyin zülmünə acıyır. Amma indi həqiqətən də moda bizi oda salır. Çünki, tək büdcəmizə deyil, canımıza da ziyan edir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Güneydən səslər: “Təbriz dəlixanalarının divarlarla öpüşən dəliləri…” - Zaman Paşazadə
“Ədəbiyyat və incəsənət” portalında dərc edilən Güney Azərbaycan ədiblərinin ən yaxşı nümunələrini diqqətinizə çatdırmaqdayıq.
Portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağlanln təqdimatında Zaman Paşazadənin həftəsi başa çatır.
O, bu dəfə “Evə qayıdırdım” deyəcək.
EVƏ QAYIDIRDIM…
Günəş saçmalamağa başladı
Durub özümü oyaqlığa vurdum
Məxmər darıxmalarım əynimdəykən şəhərə çıxdım
Nəbzini yoxladım
Hələ də yanıb-sönürdü trafik ışıqları
Bəlkə də inqiza tariximizi alnımızda yanlış oxumuşdu Nostradamus
Bəlkə də inqiraz tariximizi ertələmişdi Zeus
Öz yarasını yalayan pişik kimi idi şəhər
Divarlarında yazılan şeirdən bunu sezmək olurdu:
“Dinozavrların öldüyü çağda
Peyğəmbər yoldaykən
Mən sənin şairin idim.”
Neft dəkəllərinin zambi dişləri torpağa batıb-çıxdıqca şeirə dolmuşdu
Bəraheni
Neft dəkəllərinin dalından
dinozavrların ölüm mədlulunu çıxarmışdı
Amma unutmuşdu şairlərin nəsli kəsildikdə şeir doğulur
Özgürlüyə çıxır kələmələr.
Unutmuşdu Təbriz dəlixanalarında divarlarla öpüşən dəlilər
Ağrılarını öpüşlə yazırlar.
Amma təbriz öz quyruğunu çalan ilan kimidir
Dolanbac küçələrində dolanıb özümlə qarşılaşarkən bunu anladım
Mə “Düşmənsiz bir savaşçı
Özümdən bir düş-mən kopiyalayıb savaşdım.”
Özümü uzaltdım bulvara
Nəbzimi yoxladı narkoman bir kişi;
Quş dedi quşsan rahatlayacaqsan
Barmağımı saldım boğazıma
Bir quş çıxartdım
Uç dedim, uçsan rahatlayacaqsan
Baxıb gülürdü şəhər
Durub özümü ağıllılığa vurdum
Pambıq dəliliyim əynimdəykən
Evə qayıdırdım…
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)
Livanda “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabın təqdimatı olub
Erməni işğalı zamanı İslam mədəniyyətinə aid abidələrin məruz qaldığı dağıntıları özündə əks etdirən, Azərbaycanın Livandakı səfirliyi tərəfindən çap etdirilmiş ərəb dilindəki “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitabın Livanın şimalında Akkar vilayətinin Kavaşra kəndindəki liseydə fəaliyyət göstərən “Azərbaycan otağı”nda təqdimat mərasimi keçirilib.
Səfirlikdən AzərTAC-a bildirilib ki, tədbirdə səfirliyin heyəti ilə yanaşı, Akkar vilayətinin din xadimləri, bələdiyyə rəhbərləri, yerli icra nümayəndələri, məktəb direktorları və kənd sakinləri iştirak ediblər. Təqdimatın əvvəlində slaydlarla işğal dövründə ermənilər tərəfindən Qarabağda dağıdılmış məscidlərin şəkilləri nümayiş etdirilib, “Qarabağ işğaldan əvvəl və sonra” adlı kitab, eləcə də orada əks olunan faktlar barədə məlumat verilib.
Tədbirdə çıxış edən bölgənin imamı Mustafa Xoder məscidlərin ibadətgah olduğunu və məscidlərə qarşı edilmiş bu vəhşiliyi vandalizm aktı kimi qiymətləndirib.
Həmçinin dinə, xalqa mənsubiyyətindən asılı olmayaraq dini-mədəni abidələrə qarşı barbar hərəkətlər pislənərək, bunun yolverilməzliyi qeyd olunub və bu cür münasibətin daim qarşısının alınmalı və onu törədənlərin məsuliyyətə cəlb edilməli olduğu vurğulanıb.
Ümumilikdə çıxışlar zamanı İslam mədəniyyətinə aid məscidlərin dağıdılması və təhqir olunması faktları mədəni-tarixi irsə qarşı göstərilmiş barbarlığın bariz nümunəsi kimi qiymətləndirilib.
Sonda tədbirdə iştirak edən qonaqlara kitabın nüsxələri hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(24.07.2023)