Super User
Fransanın səfiri bizim yazıçının romanını oxumağı tövsiyyə etdi
Fransanın ölkəmizdəki səfiri xanım Ann Buayon yazıçı Adəm İsmayıl Bakuvinin yeni çıxmış “Paris üçbucağı” romanı barədə Tvitterdə xoş sözlər yazmışdır: “Yağışlı bazar günü üçün çox uyğundur”.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sözügedən roman Parisə ezamiyyətə gedən azərbaycanlı oğlanla orda ilk baxışdan vurulduğu fransız qızın sevgisindən bəhs edir, bu sevgiyə qızın milliiəyətcə erməni olan nənəsinin qurduğu maneələr sonda uçurulub dağıdılır.
Roman “Azərkitab” Yayınlarında işıq üzü görmüşdür.
Adəm İsmayıl Bakuvi Bakı şəhərində anadan olub. Elmlər doktorudur. Yüzlərlə analitik və publisistik məqalələr, 3 monoqrafiya, 20-yə yaxın elmi araşdırma müəllifidir.
İdarəetmə üzrə Beynəlxalq simpozium və konfranslarda dəfələrlə moderator kimi iştirakçı olub.
2021-ci ildə “Məhşər divanı: Yalanın 17 anı” sənədli romanı ilə ədəbiyyatda debüt edib. Müəllifin bəşər tarixində ən qatı cinayətkar hesab etdiyi 17 erməninin utopik məhkəməsindən bəhs edən bu əsəri ciddi rezonans doğurub.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Bəzən bir xəbər adamı sarsıdır
“Ədəbiyyat və incəsənət” portalının “bir cümlə-bir xəbər” rubrikasında bu dəfə sarsıdıcı bir xəbərin acı təəssüratları dayanır.
Çox savadlı tələbələrimizdən birini itirdik.
Cəmi 15 gün tələbə həyatı yaşayan Xədicəni xilas etmək mümkün olmadı.
Ötən il BDU-nun Hüquq fakültəsinə qəbul olan Xədicə Qarakişiyevanı sentyabrın 29-da dərsdən evə qayıdan zaman piyada keçidində maşın vurmuşdu. Uzun müddət koma vəziyyətində qalan Xədicə iki gün öncə dünyasını dəyişib.
Xədicə Tarix üzrə Respublika Fənn Olimpiadasının bürünc medalçısı idi. O Zaqatalada təhsil aldığı məktəbi fərqlənmə attestatı və gümüş medalla bitirmişdi.
Fotoya baxın, gənc, gözəl, ağıllı, savadlı bir qız qəfildən həyatdan necə gedə bilər axı. Bu fotonu çəkdirəndə o, ağlına gətirə bilərdimi ki, cəmi bir neçə saatdan sonra hansısa gözü qızmış birisi onu piyada keçidində vurub həyatdan aparacaq?
Onun nə qədər arzusu özüylə qəbrə gömüldü.
Həyat çox qəddardır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
“Ataşah əfsanəsi” barədə nə bilirik?
“Ədəbiyyat və incəsənət” portalı biznesdə ədəbi-bədii mətnlərin ifadə olunması kimi çox maraqlı bir mövzuya toxunur. Qısa müddətdə ölkənin qida sənayesi və kosmetika məhsulları sahəsində görünən uğurlar əldə edən “Ataşah” brendinin baş meneceri Paşa Məcidov brendin istifadə etdiyi əfsanəni diqqətinizə çatdırır.
Lap qədim zamanlarda Ataşahın məmləkətinə qəfil ölüm kabusu gəlmişdi, insanlar sürətlə qırılırdı. Naəlac qalan Ataşah xəzinəsinin ağzını açıb İbn Sina başda olmaqla ən güclü təbibləri dəvət etdi, dedi, camaatı bu bəladan xilas edin, sizi dünya malına qərq edəcəyəm.
İbn Sinanın nəzərini məmləkətdə hamının süst, halsız olduğu halda yalnız Ataşahın gümrah olması cəlb etdi, sən demə, Ataşah üçün hər səhər həvəngdəstədə bitki tumlarını əzib yağını çıxarırlarmış, o da damla-damla içirmiş.
Beləcə, İbn Sina bu sehirli yağların sirrini faş etdi. Dünyanın dörd tərəfində insanlar qara zirə, nar, üzüm, çaytikanı, kətan, qoz, badam, qabaq kimi bitkilərin yağlarını çəkib içməyə başladılar. Möcüzə sürətlə baş verdi. Xəstəliklər getdi, qadınlar gözəlləşməyə, kişilər cüssəli olmağa başladılar. Hamı cavanlaşdı. Sonsuzların evlərindən uşaq qığıltısı eşidildi.
Min il bundan qabaq Ataşahın itirilən reseptini taparaq bu gün “Ataşah” şirkəti bitkilərin faydalı xüsusiyyətlərini tam saxlamaq üzrə ən effektiv metod olan kriogen texnologiyası yolu ilə təbii yağlar istehsal edir, sağlamlığın və uzunömürlülüyün keşiyində dayanır.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Sənə bir məktub yazdım... - Poetik qiraətdə Elxan Yurdoğludur
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsinin diqqətçəkən şeirlərindən ibarət Poertik Qiraət rubrikasında bu həftə Elxan Yurdoğlunun şeirlərinin növbəsidir.
SƏNƏ BİR MƏKTUB YAZDIM
Sənə bir məktub yazdım,
Tələsmirəm göndərəm,
Hələ zərfə qoymuram.
Məktubun hər sətrində
Sənin gülüşlərin var –
Oxumaqdan doymuram.
Sənə bir məktub yazdım,
Hər sirrim içindədi –
Oxumaqçün darıxma.
Bir sevda gizlətmişəm,
Hər gün zərfi sığalla,
Mən ölməyincə baxma.
Sənə bir məktub yazdım,
Min məktuba əvəzdi...
Min romana, min şeirə.
Soruşma bu dövrdə
Məktub da hardan çıxdı,
Nə oldu birdən-birə!?
Sənə bir məktub yazdım,
Nədən korluq çəkdimsə,
Səndən umub yazmışam.
Hər cümlədə dolmuşam,
Sıxmışam gözlərimi –
Bərk-bərk yumub yazmışam.
Sənə bir məktub yazdım,
Bir ildi hər gün bir az
Hərf-hərf yazmışam.
Xəttim pisdi, amma ki,
Sənə yazıram deyə,
Elə zərif yazmışam.
Sənə bir məktub yazdım,
Ünvanın yox... Boş qalsın
Zərfin üstündə: Hara...
Bəlkə, uzaqlardasan?
Bəlkə, elə üstünə
Yazım ki: "Uzaqlara".
Sənə bir məktub yazdım,
Bir qərar da vermişəm –
Göndərəcəm hər yana.
Yəqin ki, biri mütləq,
Bir şəkildə çatacaq
Sən yaşayan ünvana.
Sənə bir məktub yazdım,
Çatmasa da, sevənlər
Bir-birinə oxuyar.
Amma səhər yuxudan
Duran kimi bu şeiri
Birinci sən oxu, yar...
Sənə bir məktub yazdım,
Tələsmirəm göndərəm,
Hələ zərfə qoymuram.
Məktubun hər sətrində,
Sənin gülüşlərin var –
Oxumaqdan doymuram.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Yazı-pozu bilməyən Aşıq Ələsgərin təsəvvüfə söykənən yaddaş və bəsirət möcüzəsi
“Ədəbiyyat və incəsənət” portal Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın Aşıq Ələsgər yaradıcılığına növbəti baxışını sizlərə təqdim edir.
AŞIQ ƏLƏSGƏR ŞEİRİNDƏ HƏRFLƏRİN VƏ SÖZLƏRİN DİLİ
Şeir sənətinin qədim zamanlardan bu günə kimi simvolik bir dil olduğunu
qəbul etmək sözlərin yaratdığı assosiasiyalar və xatirələrlə bağlıdır. Sözdə ən kiçik
işarə vahidi olan hərflər şairlərə həm səs alliterasiyası, həm şəkil dəyəri, həm də
anlam mənbəyi kimi ifadə imkanı verməklə onun dilindəki müstəqim və məcazi
mənaları zənginləşdirən əsas ifadə alətlərindən biri detal olmuşdur. Hərflərin sirli
bir məna daşıdığı inancı, şəkilli yazı kimi tanınan ilk hərf sistemindən Kabbala
simvolizmindəki müqəddəsləşmə prosesinə qədər xüsusi bir dil olan poeziya dilinə
sıx təsir göstərmişdir. Günümüzdə də bəzi yerlərdə (dini-fəlsəfi yazılarda, eləcə də
şeirlərdə, loqolarda və s.) hərflər, ulduz və yaxud digər işarələr bu qədim anlama,
anlatma metodunun yaşadığını və gələcəkdə də davam edəcəyini göstərir. Bu
ənənəvi düşüncədəki ülvilik poeziya mədəniyyətimizdə hürufilik və əbcəd hesab
etiqadıyla uzun müddət mövcud olmuşdur.
Aşıq Ələsgər şeirində həm poetiklik baxımından, həm də ustadın səsi, nəfəsi,
mənəviyyatı, dini-əxlaqi zənginliyi kimi özünü göstərən bu qayda Azərbaycan-türk
ədəbiyyatının əsrlər boyu davam edən ənənəsinə bir baxış bucağı, öz bacarığını
nümayiş etdirmək, müxtəlif mövzularda məlumat vermək kimi sənət anlayışını
şərtləndirən amillərdəndir. Bu üsuldan da istifadə bacarığını “Allahın adı ilə”
şeirində üzə çıxarmışdır.
İbtidada “əlif” – Allah,
“Bе” – birliyə dəlalətdi.
“Tе” – təkdi vahidi-yеkta,
Arif bu еlmə bələddi.
“Sе” – sabitdi doğru yola,
“Cim” – ucadı, bax calala,
“Hе” – mеhribandı halala,
Münkir ondan xəcalətdi.
“Xе” – birdi xaliqi-əkbər,
“Dal” – doğru doqquz fələklər,
“Zal” – zikr еylə dildə əzbər,
“Rе” – rəsulumuz Əhməddi.
“Zе” – zəbanı aç xudaya,
“Sin” – salam еt, gеtməz zaya,
“Şin” – şövq еlə o mövlaya,
Qеyri söhbət məsiyətdi.
“Sad” – səbri şahi-hеydərə,
“Zad” – zərbin vurdu Əntərə,
“Ta” – tərif çıxdı göylərə,
Ağam kani-şücaətdi.
“Za” – zülm еdəcək düşmənə,
“Еyn” – həyati-çеşmanə,
“Ğеyn” – ğül-ğüli-dövranə,
“Fе” – fəna, “qaf” – qiyamətdi.
“Kaf” – “kun” ilə tutub qərar,
“Lam” – lal, nеcə hеsab vеrər,
“Mim” – möminə yol göstərər,
İsmi-paki Məhəmməddi.
“Nun” – nida еylər hər zaman,
“Hе” – hamıya yеtər fərman,
“Vav” – vay dеyər, yatma, oyan,
Sanma səhni-zərafətdi.
“Lam – əlifla” – birdi Allah,
“Yе” – yеkdi adil padişah.
Ələsgər, tutduğun günah
Bağışlansa, çox hörmətdi.
Şeirə Allahın simvolu olan “əlif” hərfi ilə başlayan şair bəndlərdə ərəb
əlifbasında olan iyirmi səkkiz hərfin hamısını sırası ilə şeirə gətirir. Yazı-pozu
bilməyən şairin ərəb əlifbasını bu qədər dərindən duyub hiss etməsi onun təsəvvüfə
söykənən yaddaş və bəsirət möcüzələrindən sayılmalıdır. Bu üsul klassik
ədəbiyyatda özəl yeri olan “əlifnamələr”in bir başqa formasıdır. İbtida –
(başlanğıc, əvvəl). Ustad, “Başlanğıcda Allah vardı, - deyir, yəni Allah əzəlidir,
sonrakı hərflər isə özündən sonrakı sözün və ya misradakı digər sözün ilk hərfidir.
Üçüncü bənddəki “doqquz fələk” göyün doqquz qatdan ibarət olmasına
işarədir ki, bu, Nizaminin, Nəsiminin və b. poeziyalarında da görülür:
Bir günəş qəndilidir göyün doqquz tağında,
Son nəbidir, nəbilər üzüyü barmağında.
… Doqquz fələk qibləsi yolunda taybataydı.
Bu altı günlük nərgiz saçıntək ətir yaydı.
Peyğəmbərin adı şeirin bir bəndində Əhməd, digər bəndində isə Məhəmməd
olaraq qeyd edilməsi klassik üsluba uyğunlaşdırılmışdır. İslam ədəbiyyatında XXI
əsrdən etibarən rast gəlinən “yaşnamələr”, “vücudnamələr”, “həyatnamələr”,
“ömürnamələr” janrıdır ki, burada ömrün çağları dördlüklə, bəzən də məsnəvi
üslubunda yazılır. Bu janrın başqa bir xüsusiyyəti də odur ki, yazıçının yaşadığı
məkanın, eləcə də onun biliyinin və mövzuya münasibətinin təsirini daşıyır. Eyni
zamanda, bir epoxa kimi uşaqlıq, gənclik, qocalıq, ahıllıq və yaxud da yüksək
məqamın mərtəbələri olaraq təsvir olunur. Bu üslubda, adətən, şairlər tarixdə iz
qoymuş böyük şəxsiyyətlərdən və ya keçmişdə yaşayan uzunömürlü insanlardan
bəhs edirlər ki, ustad Aşıq Ələsgər də bu ənənəni davam etdirmişdir.
Klassik Şərq poeziyasında ərəb hərfləri öz təsvir forması ilə rəmzi mənalarda
müxtəlif bədii bənzətmələr məqamında işlədilir. Məsələn, “əlif” hərfi boy, qamət,
“ayn” (eyn) - göz, “kaf” - qaş, “mim” - ağız, “sin” - diş, “dal” - qəddi-qamətin
bükülməsini, “nun” - nöqtə və kirpiklər kimi rəmzi mənaları bildirir. Odur ki,
həyatın bütün gizlin sirləri hərflərdən yaranan mənalarla aşkar olur.
“Allahın adı ilə” şeiri ərəb əlifbasındakı hərflərin müxtəlif forma, simvol,
məna və sıralanma xüsusiyyətlərindən istifadə edilərək işlənmişdir. Şeirin özəlliyi
isə hərflərin hər birinin mənalandırılmasında Allahın Məhəmməd Peyğəmbərin pak
sifətlərinin və Hz.Əlinin səbr və şücaətinin göstərilməsi və İslam dininin
qüdrətinin təfsiridir.
Maraqlı da olsa, filoloq alım İman Cəfərov “Aşıq Ələsgər yaradıcılığı və
dünya poeziyası ənənələri” adlı məqaləsində şeirdə işlənən əbcəd hərflərinin
hürufizmlə bir əlaqəsi olmadığını qeyd edir. O, yazır: “Təbii ki, bu şeiri hürufizmlə
də əlaqələndirməyə ehtiyac yoxdur. Sadəcə Aşıq Ələsgər dünyanı gözəl görən və
göstərən bir zəka sahibi olduğunu bir daha təsdiqləmişdir. Azərbaycan, eləcə də
İnsanlıq təfəkküründə tale ilə razılaşmaq deyilən bir konsepsiya da mövcuddur.
…Aşıq Ələsgərin fikrincə, insanlar kimi, onların taleləri, yaxud aşığın dili ilə
desək, bəxtləri də qəflətdə ola bilər, qocala bilər, küsə bilər və s. Ələsgər görə,
bəxti dəyişməyin yolu haqqa tapınmaq, haramdan əl çəkməkdir.”
Şeirinin digər bir bəndinə nəzər salaq:
“Sad” – səbri şahi-Hеydərə,
“Zad” – zərbin vurdu Əntərə 1 ,
“Ta” – tərif çıxdı göylərə,
Ağam kani-şücaətdi. 2
Bu bənddə “Sad” – səbri şahi-Hеydərə” misrası ilə şair “Qurani-Kərim”in
38-ci surəsi olan “Sad” surəsinə diqqət çəkir ki, bu surə 87 ayədən ibarətdir və
ümumilikdə “Qurani-Kərim”ə və kitabda adı çəkilənlərə inanmağa, iman
gətirməyə çağırır. Adı şərəfləndirilənlərə and içir ki, şərəfli “Qurani-Kərim”
insanlara bu dünyada və ruhani həyatda fayda gətirə bilən hər şeyi xatırladır. Və
burada Aşıq Ələsgər həmin surənin, daha dəqiq desək, surədəki andın şahi-
Hеydərə - Hz.Əliyə səbr verdiyini vurğulayır. İkinci misrada – “Zad” – zərbin
vurdu Əntərə” o səbrlə (yuxarıda qeyd edilən) və inancla Hz. Əlinin Əntərə
vurduğu zərbəni qeyd edir.
Üçüncü misra – ““Ta” – tərif çıxdı göylərə” “Qurani-Kərim”in 20-ci surəsi
olan “Ta-Ha” surəsinə əsaslanır. 135 ayədən ibarət olan bu surə “Ta-Ha” ilə
başlayır, “Mən pak, qüsursuz və hidayət edənəm. Ey Muhəmməd!” ayəsi ilə davam
edir. Surə ümumilikdə Allahın sifətlərini vəsf edir.
Bəndin sonunda “Ağam kani-şücaətdi” deməklə, şair Hz.Əlini tərifləyir, onu
şücaətin mədən yeri adlandırır, aliliyini, qüdrətini tərənnüm edir, ilahiləşdirilmiş
obrazını yaradır. Və həmin ilahiləşdirilmiş obraz - o məqam oxucuya “Allahın
bütün özəllikləri insanda birləşib, insanın bütün özəllikləri isə Allahda mövcuddur.
Kainat aləmində bir bütünlük vardır, - fikrilə “Ənəl-Həqq” deyən Mənsur Həllacı
və onun nurlu, eyni zamanda əzablı yolundan davam edən, Allah – insan
vəhdətinin özünüifadəsi kimi “Ənəl-Həqq”i təkrarlayan İ.Nəsimi zirvəsini
xatırladır.
1 Əntər - Qamus qalasının fəthi uğrunda gedən döyüşlərdə Hz.Əlinin öldürdüyü tanınmış yəhudi sərkərdə
2 Kani-şücaət – şücaət məkanı, şücaətin dolaşan yeri (damarlarındakı qanda şücaətlik var, - anlamında)
Aşıq Ələsgər şeirdə hərflərlə müxtəlif elementlər arasında əlaqə qurur. Burada
digər şairlərdən fərqli olan odur ki, şair şeiri hərflərin şəkil, forma yox, məna
xüsusiyyətlərini nəzərə alaraq qurub. Məsələn, “göz” mənasını verən “eyn” hərfini
bəzi şairlərin fərqli metaforalarda işlətməsinə baxmayaraq, o bu hərfə klassik
Azərbaycan şairlərinin mənalandırmalarına əsasən yanaşır, açıq və ya dolayısı ilə
onlara istinad edir. Bu fikri şeirin bir bəndində izah edək.
Məsələn: ““Za” – zülm еdəcək düşmənə, “Еyn” – həyati-çеşmanə, “ğеyn” –
ğül-ğüli-dövranə, “fе – fəna, “qaf” – qiyamətdi.” Bu bənddə “za” - zalım, “eyn”
(sözün düzgün yazılışı: ayn) – göz, göz bəbəyi, “ğеyn” – (sözün düzgün yazılışı:
ğayn) gözlərin buludlanması, “fе”- (sözün düzgün yazılışı: fə) - pis, yox olma,
fanilik, “qaf” – qəfil, qəflət mənalarında işlənmişdir ki, şairin duyğularını belə şərh
edə bilərik: zülm edənlər məzlumların gözlərindəki həyat eşqini görməzlər, (onlara
davamlı zülm edərlər), onların gözləri buludlanar (qürurlarından: könül sıxıntılarını
göstərməmək üçün), qəflət yuxusunda olanlar isə pisliklərinə davam edərlər, amma
qiyamət günü mütləq gələcəkdir.
Sonrakı bəndə nəzər salaq: ““Kaf” – “kun” ilə tutub qərar, “Lam” – lal, nеcə
hеsab vеrər, “Mim” – möminə yol göstərər, İsmi-paki Məhəmməddi.”
“Qurani-Kərim”dəki müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli
sürülmüş nəzəriyyələr həddən artıq çoxdur və rəngarəngdir. Məsələn, bir mənbəyə
əsasən, “Kün Fe Yekün” ayəsinin mənası ruhani aləmdən maddi aləmə, maddi
aləmdən də ruhani aləmə doğru davamlı hərəkəti təsvir edir. Digər bir mənbəyə
əsasən, Allahın yaradılış sirrinin nişanəsidir. Təsəvvüf düşüncəsinə görə, bütün
varlıq aləmi səslə, kainat isə sözlə ifadə olunur.
“Qurani-Kərim”in təfsirçilərinə görə isə “kaf” hərfi Allahın böyük adlarından
olan “Kafi” (kifayət edən) adına işarədir.
Qeyd edək ki, müqəddəs hərf sayılan “Kaf” Nəsimi poeziyasında da əzəli
bədii obraz kimi yer tutan iki hərfdən biridir (digəri "nun"dur.) “Kafi nundan
vücuda gəldi cahan, Əgər anlar isən, əyandır söz.” Göründüyü kimi, “Kaf” Nəsimi
şeirində sözün amalı, cahanın və cahandakı bütün surətləri təsvir edən ilk bənzərsiz
obrazdır ki, Aşıq Ələsgər də bu ənənəyə, bu inanca bağlı olaraq, şeirdə bədii ifadə
üsullarını daha da zənginləşdirmək baxımından bu kimi yaradılışa dair dini-mistik
təsəvvürləri öz poeziyasında istifadə etmişdir.
“Kun” – “ol” hikmətinin anlamı “Qurani-Kərim”in yayılmasında ən çox
istifadə edilən meyardır. “Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir
işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” - deyər, o da (fövrən)
olar.” (Bəqərə Surəsi, 117-ci ayə)
“Lam” “Yunus” surəsinin birinci ayəsindəki ikinci hərf-sözdür (Əlif, Lam,
Ra.) ki, ayə ümumilikdə müşrikləri Allaha inama və imana çağırır. Otuzuncu ayədə
deyilir: “Orada hər kəs əvvəlcə gördüyü iş barəsində xəbər (hesabat) verəcək və
həqiqi ixtiyar sahibi olan Allahın hüzuruna qaytarılacaqdır. (Müşriklərin) uydurub
düzəltdikləri bütlər isə onlardan (uzaqlaşıb) qeyb olacaqlar.”
Şair də bu bənddə ““Lam” – lal, nеcə hеsab vеrər” – deyərkən bu ayəni
diqqətə çatdırır. Bütlərə - lallara (cansızlara) inanmağın əbəs olduğunu bildirir.
“Qurani-Kərim”in 29 surəsinin əvvəlində gələn bu hərflərə “hurufi-müqəttə`ə
(ayrı-ayrılıqda oxunan hərflər)” deyilir. İslam inancına görə bu hərflər qeybi-
həqiqətlərdən xəbər verir ki, onun elmi Allahın və onun izn verdiyi insanların
ixtiyarındadır. Bu hərflərin daşıdığı məna Allahla peyğəmbər arasında rəmz və
işarə olduğu üçün onlar peyğəmbərin özü və onun canişinlərindən – imamlardan
başqa kimsələrə tam şəkildə məlum deyildir. Mütəal Allah müəyyən məsələlərə
görə sirrini adi insanlardan gizlətdiyi bu hərflərin vasitəsilə kainatda olan bir sıra
elm və həqiqətləri ancaq bəzi şəxslərin bilməsinə icazə və işarə vermişdir. Demək
ki, Dədə Ələsgər də o şəxslərin arasında idi.
“Mim” müqəttəsi “Qurani-Kərim”də 17 dəfə təkrar olunur. “Mim” yüksəliş
yayıdır, Məhəmmədin həqiqətidir. Hədis dərəcəsinin təcəllisi İlahilik – İlahlıq
məqamının təcəllisi, yəni həmd dərəcəsidir. Aşıq Ələsgər “Qurani-Kərim”in
özəlliklə “Duxan” (duman) surəsini rəhbər tutaraq deyir: “Mim – möminə yol
göstərər, İsmi-paki Məhəmməddi.” – yəni Məhəmməd Peyğəmbər həqiqət yolunu
aydınladandır.
Sonuncu bənddə işlənən (“Lam – əlifla” – birdi Allah, “Yе” – yеkdi adil
padişah.) “Lam”, “əlif” və “ye”dir ki, əbcəd hesabında yeganə “lam”dır ki, “əlif”lə
eyni olaraq bir (1) “ye” isə on (10) olaraq hesablanır. Bunların cəmi 12 edir ki, bu
da Məhəmməd peyğəmbərin dini və siyasi xəlifələri olan 12 imamı təmsil edir.
Aşıq Ələsgər bu şeirdə Allaha inamını, Peyğəmbərə, onun dininə imanını,
Əhli-Beytə və 12 imama dərin məhəbbətini dilə gətirərək, sözünün qüdrətini
nümayiş etdirmiş və bununla da adını həm dini ədəbiyyatın, həm də aşıq
ədəbiyyatının tarixinə həkk etdirmişdir.
Bunu da qeyd edək ki, təkrarları çıxmaq şərti ilə bu hərfləri bir yerə
topladıqda “Siratu Aliyyin haqqun numsikuhu”, yəni “Əlinin tutduğu yol haqdır,
biz də o yolu tutub gedirik” cümləsi alınır. Aşıq Ələsgərin şeirlərindən bildiyimizi
(Hz.Əlinin yuxuda ona vergi verməsi) nəzərə alsaq görərik ki, bu şeir şairin yolunu
bir daha bəlli etmək məqsədilə yazdığı şeirlərdəndir.
Nümunələrdən də göründüyü kimi, söz şeirdə qeyd oluna bildiyi kimi
verilməyə də bilər və oxucuya gizli – şifrəli olaraq yönəldilə bilər. Yüksək
səviyyəli oxucu həmin kilid sözü özü tapır, sonra onun vasitəsilə şeirin “qapısını
açır”.
“Allahın adı ilə” şeiri də müəmma, sirr, hərf və söz oyunları ilə yazılmışdır.
Məlum olduğu kimi, müəmma da bir klassik ədəbi formadır ki, bu, adətən, Allahın
adları (esmaü'l-hüsna), Peyğəmbərin sifətləri və imamların xüsusiyyətlərini gizli
olaraq anladır və belə halda, şeirin lüğətini fərqli anlamlı sözlər təşkil edir. Bu
şeirdə şairin məqsədi dinləyiciyə (oxucuya) gizli ünsürləri tapmaq üçün zəka
oyunu “oynatmaqdır.” Düşünürük ki, oxucu şeirdəki hərf və söz oyunlarını tam
dərk etmədən keçə də bilər, lakin şeirin ümumi anlamını fəhmlə dərk edir. Çünki
belə mətnlər şeirin olduğu kimi şairin də ruhunu ötürə bilir.
Necə ki, M.Füzuli “Ənisül-qəlb” (Qəlbin hekayəti) qəsidəsində müəmma olan
həqiqəti bu cür vəsf edirdi: “Elə gizlənməmişdir ki, həqiqət sirri gözlərdən, Ki,
açsın hikmət əhli əql üzündən bu müəmmanı.” Yəni, bu müəmmaları açmaq üçün
əql qədər fəhm də gərəkdir.
Qeyd etdiyimiz kimi, Aşıq Ələsgər poeziyasında hərflər kimi söz oyunları da
vardır ki, o şeirlər hələ də tədqiq və təsnif edilməmişdir. Bu şeirlərin araşdırılması
Aşıq Ələsgər irsinin klassik aşıq ədəbiyyatındakı daha layiqli yerini üzə çıxarmaq
üçün mühüm mənbə olacaq və bu sahədə gözəl nümunələr vermiş şairlərin sırasına
qatılaraq klassik xalq ədəbiyyatı tariximizi zənginləşdirəcəkdir. Bu məqsədlə şairin
“Əssəlatü həşt ərkan” (dodaqdəyməz) şeirini təhlil edək. Şeiri təhlil etmək üçün
mənbəyə əsaslanırıq.
(Aşıq Ələsgər. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, s.23-24)
Əssəlatü həşt ərkan, 3
Əhli-dil, hal cənginə.
Əhli-dil, hal gəldi ərlər,
Sеyr еlər ahənginə.
Əhli-dil, hal tirü tiğü
Xədənginə, cənginə;
Cənginə, xədənginə,
Ahənginə, hər rənginə.
Əssəlatü şindi, aşıq,
Еndirərsən yеlkəni;
Şindi, aşıq, əldə sazın
Əl çalar gəstirgəni.
Ah еdərsən, gəl dеyər,
Gеtsən sana yazıq səni;
Yеlkəni, gəstirgəni,
Gеt, səlsəli çal sənginə.
Əldən gеtdi ixtiyarın,
Ah еdərsən, gəl dеyər;
Həsrət çəkər еhtidarın,
Cəhd еylər, istər əsər.
Ah еdərsən, gəl dеyər,
Şindi səni tənzil еdər;
Səd həzarın çətin yеtər
Ələsgərin dənginə.
Öncə şeirdəki yanlış yazılan sözlərin düzgün yazılışını qeyd edək və
anlaşılması çətin olan sözləri izah edək:
3 (Şеirdə bir çox misraların mənasını aydınlaşdırmaq olmur. Güman ki, divani təhrif olunmuşdur. Buna
baxmayaraq, Aşıq Talıbın hafizəsində qalmış olan variantda hеç bir dəyişiklik aparmadıq (Tərtibçi).
1. Əssalat – namaz
2. Həst (“həşt” sözü səhv yazılıb) – var (vardır)
3. Ərkan – rükn. *Rükn – dayaq, dirək, əsas
4. Əssəlatü həst ərkan – Namaz dinin rüknüdür.
5. Tirü – qılınc
6. Tiğ(ü) – nizə
7. Xədəng – sərt taxtadan emal edilən ox
8. Göstərgə (“gəstirgə” sözü səhvdir) – göstərici; bir işin, prosesin gedişi
haqqında müəyyən təsəvvür yaradan şey
9. Səlsəl – quş adıdır
10. Səng – daş
11. Şindi - indi
12. İqtidar (“ehtidar” sözü səhvdir) – güc
13. Əsər - nişanə, əlamət, bir şeyin varlığına dəlalət edən hal. Əsər qalması
14. Tənzil – göydən enmə
15. Səd – yüz
16. Hezar (“həzar” sözü səhvdir) – min
17. Dəng – bərabər, tay; cüzi bir hissə
Şeirin adından da göründüyü kimi, (Namaz dinin rüknüdür) şair insanları
namaza çağırır, həmçinin onlara bu yolun çətinliyini bildirir, eyni zamanda,
namazın ərkanlarından– qaydalarından danışır. Bildiyimiz kimi, namazın qaydaları
– niyyət, qiyam (ayaq üstə), təkbir, rüku və iki səcdədir ki, bunların hansısa biri
unudularsa, namazı yenidən qılmaq lazım gəlir. Şiə məzhəbinə mənsub olanlar bu
qaydalara qibləni və ahəngi (avazla qiraət etmə) də əlavə edirlər. Aşıq Ələsgər də
şiə olduğu üçün o qaydalara sadiq qalır. Şeirin ümumilikdə şərhi belədir:
Namaz İslam dininin rüknü – dayağı, sütunudur.
1-ci bənd: Hal əhli bu savaşa girə bilər. Burada: Şair namaz qılmağı Allaha
imtahan vermək kimi tutur, bu sınağa girməyi nəfsi ilə savaşa girmək kimi izah
edir. Bu savaşa girə bilməyənlər – namaz qılmayanlarsa sadəcə onun ahəngini seyr
edənlərdir.
2-ci bənd: Namaz qılanların – nəfsi ilə savaşa girənlərin ləvazimatları
olmalıdır ki, burada qılınc, nizə, ox sözləri nəfsi-müdafiədə istifadə predmetləridir.
3-cü bənd: İndi – namazda olan vaxt, aşıq (burada: həm də aşiq), yelkənləri
endirərsən – Allah qarşısında diz çökərsən, Ona yenilərsən (bilə-bilə) və sənin bu
əməlinə aşıqlar (aşiqlər) əl çalar.
4-cü bənd: Ah edərsən, gəl deyər – hər dəfə çətinliyə düşəndə tövbə edərsən,
yenə səni bağışlayar (Allah), əgər bir də tövbəni pozsan, yazıq sənin halına. Sən bu
əyilməyi (Allah qarşısında, namazda) göstəriş üçün, yalandan edərsən. O zaman
get, Səlsəl quşunu daşla vur. Bu bir bənzətmədir ki, klassik ədəbiyyatda Səlsəl
quşunun adı çox çəkilir. Göyərçindən bir az böyük, çox ayıq və cəld quşdur. Şair
demək istəyir ki, quşu daşla ovlamaq necə çətindirsə, sənin də bağışlanman elə
çətin olacaq.
5-ci bənd: İxtiyari-ixtiyarsız yenə səhv edərsən (namazı tərk edərsən), yenə
tövbə edərsən, həsrət çəkərsən, gücünü toplayıb yenidən cəhd edərsən, yenə
tövbəni qəbul edər, (Allah) istəyər ki, sənin xeyir əməldə bir izin, əlamətin qalsın.
Müəllif burada “Qurani Kərim”ə əsaslanıb. “De: Ey Mənim bəndələrim
–özlərinin əleyhinə olaraq hədlərini aşanlar! Ümidinizi Allahın rəhmətindən
üzməyin. Allah bütün günahları bağışlar. Günahlardan keçən və rəhimli olan təkcə
Odur.” (“Zümər” surəsi, 53-cü ayə) “Allaha tövbə edib, Ondan əfv diləməzlərmi?
Günahlardan keçəndir, rəhimlidir Allah”. (“Maidə” surəsi, 74-cü ayə) (7)
6-cı bənd: Yenə ah edərsən, yenə sənə gəl, - deyər. Səni göylərdən endirər –
ayağına gətirər (imana, hidayətə, bağışlanmağa). Yüz min dəfə də gəlsən, sən
Ələsgərin tayı, onun bir hissəsi ola bilməzsən (əməldə).
Ümumilikdə həyatın bütün sahələrində özünə yer tapa bilən Aşıq Ələsgər
şeirinin səyi əsasən İslamı yaşamaq, yaşatmaq, yaymaq olmuş və o, dilindən sazına
süzülən əksər şeirlərini bu səy çərçivəsində formalaşdırmışdır. Bunun ən gözəl
nümunələrini İslam dininin əsasını təşkil edən etiqad prinsiplərini təbliğ edən
şeirlərində görürük. Şair haqqı tapmaq üçün öncə özünü o yolda hazırlayır, sonra
ədaləti bərqərar etmək üçün yaymağa çalışır. Şairin bu mövzuda yazdığı hər şeirini
dua əvəzində qəbul etmək olar. “Еylə” şeirinin bir neçə bəndinə baxaq:
Yеri, göyü, ərşi, kürsü yaradan,
Adil padişahsan, ədalət еylə.
Könlümün nöqtəsin çıxart qaradan,
Məni doğru yola dəlalət еylə.
Klassik türk ədəbiyyatında “könül” həm sevginin, həm də ağılın məskəni
olaraq qəbul edilir. Şair burada Yaradandan xahiş edir ki, onun könlünün nöqtəsini
qaradan çıxartsın, doğru yolu ona göstərsin, əgər onun ağlının bir nöqtəsində belə
qara (qaranlıq) nəsə qalıbsa, (Allahı tanımaqda) o qaranlığı aydınlatsın.
Qəddim əyib, qəm xirqəsin gеyirəm,
Məhəbbət odundan taam yеyirəm,
Lеylü-nəhar “Ya hu!”, “ya hu!” dеyirəm,
Çıxıbdı qəlbimdən “ibadət еylə”.
Bu bənddə yenə eyni fikir davam edir. Qəddi əyilən, qəm xirqəsi geyən,
məhəbbət (Allaha) odundan təam yeyən şair gecə-gündüz “Ya Hu!”, “Ya Hu!”
(HU Allahın adı olduğu üçün böyük hərflə yazılmalıdır.) – deyib cağırır ki, ona,
qəlbinin “İbadət еylə!” hökmünü yerinə yetirməkdə kömək etsin.
Bilirik ki, təsəvvüf İslam dininin olduğu qədər türk xalq ədəbiyyatının da bir
qoludur. Burada bir haşiyə çıxaq. “Hu” nədir? Məlumat üçün qeyd edək ki,
təsəvvüfdə HU İlahiyə xitabdır, çağırışdır. Sufi inancına görə, hər kəs Allahı
xatırlayanda, bir istəyi, arzusu, diləyi olanda Onu çağırar – bu və ya digər ifadə ilə.
Amma hamı bilməz ki, dillərinə gətirsələr də, gətirməsələr də, hər gün iyirmi dörd
min dəfə bu sözü təkrarlayırlar. Necə? Hər gündə 24 saat var, hər canlı hər gün 24
min dəfə “Lеylü-nəhar” – gecə-gündüz nəfəs alıb-verir. Diqqət etsək, hər nəfəs
verdikdə nəfəsimizdən “Hu” səsi çıxar ki, bu səsi ancaq o şəxs, bir də Hu – yəni
Allah duyar. Heç kəsin bir dəfə alıb-verdiyi nəfəs ikincisinə bənzəməz. Nəfəsimiz
zamana, məkana əsasən, hal və vəziyyətimizlə (həyəcan, təşviş, qorxu, rahatlıq və
s.) əlaqədar dəyişər.
Xəstə könül, sürün dost irahına,
İslam sərdarına, din pənahına.
Ələsgər, yön çеvir şahlar şahına,
Yapış ətəyindən, şikayət еylə.
Şair bu bənddə birinci bənddə dediyi könlündəki nöqtə boyda qaranlıq (şəkk
də demək olar) üçün xəstə düşən könlünə xitab edir ki, sürün dost irahına (yoluna).
Burada dost yenə də Aşıq Ələsgərə “buta” verən Hz.Əlidir. Hz.Əliyə tərəf sürünüb,
yönünü “şahlar şahına” – Məhəmməd Peyğəmbərə çevir, ətəyindən tutub (qara
nöqtəni könlünə salandan) şikayət et, - deyir.
Aşıq Ələsgərin digər şeirləri kimi bu şeirin özündə də bir ab-hava, musiqi var.
Aşıq musiqisi musiqinin təsnifatında ümumi anlayış olaraq yer aldığı kimi, dini
mövzularda yazılan şeirlərin musiqisi də yerli xalq musiqisindən təsirlənir. Bu
baxımdan Aşıq Ələsgər İslami, təsəvvüfi şeirlərini də xalq musiqisi – aşıq havaları
üstündə oxuyub yaymışdır.
Varlıq aləmi bütövlükdə obyektiv gerçəkliyin simvollarıdır. Simvolları başa
düşmək mütləq varlığı dərk etməkdir. Simvolizmin mənasını tam dərk etmək,
müəyyən mənada Rəbbi hər yerdə görmək, bununla da hər şeyi
müqəddəsləşdirmək deməkdir. Sufilər kainatı güzgülər toplusu kimi görürlər. Bu
güzgülər müxtəlif formalarda bir-birini seyr edir və bir-birinə vəhdət təzahürünü
müxtəlif şəkildə əks etdirirlər. Aşıq Ələsgər şeirindəki simvollar – hərflər,
müəmmalı sözlər onun irfan ədəbiyyatından kifayət qədər məlumatlı olmasından
xəbər verir.
Aşıq Ələsgər təkbaşına bir məktəbdir, heyif ki, bugünədək o məktəbi tam
oxuyan, məzun olan olmayıb. O, Azərbaycan xalq şeirinin ustadı, Şərq-islam
düşüncə həyatının əsl zəhmətkeşidir. Yaradıcılığını araşdırdıqca əmin oluruq ki,
Aşıq Ələsgərin düşüncəsi ilə dilinin məsafəsi yoxdur. Şairin dediyinin “yüzdə
doxsanı özü olmalıdır” prinsipi ilə yanaşsaq, deyə bilərik ki, Dədə Ələsgər bizim
həqiqət dilində danışan, amma bizim çox gec duyduğumuz səssiz
qəhrəmanlarımızdan biridir. Əsərləri ilə bizə Haqq yolu – özünü tapmaq yolunu
qoyub gedib. O, təhsilsiz, amma bilikli, ziyalı, zəhmətkeş, türk-islam
mədəniyyətini yaxşı bilən önəmli bir şəxsiyyət idi.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq geniş tədbirlər planı hazırlanıb. TÜRKSOY, Azərbaycan Respublikasının müvafiq nazirlikləri və digər dövlət qurumları, habelə digər əlaqədar təşkilatlarla birgə illik tədbirlərin və bir sıra yeni layihələrin həyata keçirilməsi gündəlikdədir. Bu xüsusda, böyük məmnuniyyət hissi ilə elan etmək istərdim ki, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur.
Bu sözləri mədəniyyət naziri Adil Kərimli “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı–2023” ilinin rəsmi açılış mərasimində deyib.
“Forum coğrafiyamızda mədəniyyət üçün çalışan bütün maraqlı tərəfləri bir araya gətirməyi və birgə mədəniyyətimizin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. İnanıram ki, Azərbaycanın bu təşəbbüsü həm bizim həmkarlar, həm beynəlxalq təşkilatlar, həm də elmi dairələrimiz və yaradıcı sənayelərimiz tərəfindən dəstəklənəcək. Şuşa ötən əsrlərdə mədəniyyətimizdə, klassik musiqimizdə bir sıra yenilikləri ilə tarixə düşdü. Əminəm ki, Şuşada keçiriləcək Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək”, - deyə mədəniyyət naziri vurğulayıb.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Elçin modern Azərbaycan ədəbiyyatının yaşayan ən böyük ustadlarından biridir
Xalq yazıçısı, milyonların sevimlisi Elçinin 80 illik yubileyi oldu. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı professor, ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoyun “Azərbaycan ictimai-siyasi, mədəni-mənəvi reallıqları və Elçin yaradıcılığı” sərlövhəli məqaləsini oxucularına təqdim edir.
Elçin yaradıcılığı ilə tanışlığımın yaşı dörd onilliyin o yanından boylanır. Ədəbi cəbhə yönündə irəliləyişı az qala gözlərim önündə baş vermişdir. Sənətkar hər il demək olar ki, bədii məqsədə tuşlanan nəzəri düşüncələrini ovxarlaya-ovxarlaya oxucularla hər yeni görüşündə qələmi ilə özünün fərqli təfəkkür sahibi olduğunu sübut etməkdədir. Elçin yaradıcılığı bu gün elə bir kamil səviyyəyə yetişmişdir ki, o, özünü nəinki ünlü yazıçı-nasir, həm də orijinal dramaturq, avtobioqrafizm janrında öz fərdi möhürünü qoymağı bacaran esseist, ssenarist, ədəbiyyatşünas-tənqidçi kimi təsdiq etmişdir. Oxucular Elçini orijinal bədii yaradıcılıqla yanaşı, praqmatik çaplı məqalələr müəllifi kimi də yaxşı tanıyırlar. Ədəbi tənqid sahəsində çalışanlar, ədəbiyyatşünaslar onun yazdıqlarını nəzərdən keçirdikcə əsərləri ilə bağlı mübahisələr edir, mühakimələr irəli sürür, polemik nəzər nöqtələri sərgiləyirlər.
Elçin hələ əvvəllər XX əsrin 80-ci illərində proletar ideologiyasının kəshakəsində “Против провинциализма в литературе” (“Ədəbiyyatda əyalətçiliyə qarşı”) məqaləsində qoyduğu problemlərlə sovet tənqidinin nəzərini yetərincə cəlb etməyi bacarmışdı. Eyni zamanda onun tənqid sahəsində əvvəl yazdıqlarına baxmayıb, söylədiklərinə diqqət yetirməsək belə, XXI əsrdə qələmə aldığı həcmcə kiçik, mahiyyət etibarı ilə dəyərli “Sosrealizm bizə nə verdi?”, “Aqoniya”, yoxsa təkamül?” kimi sanballı monoqrafik tədqiqatlarında tarixi dövrə, ədəbiyyatın və ədəbiyyatşünaslığın problemlərinə sırf fərdi baxış bucağından yanaşdığının şahidi oluruq. Bu yaxınlarda Türkiyəli doktor, professor Salim Conoğlunun oxuduğum belə bir fikri ilə razılaşırıq ki, Elçin modern Azərbaycan ədəbiyyatının yaşayan ən böyük ustadlarından biri olmaqla onu ədəbiyyat məsələlərinin incələnməsi, roman və hekayə janrının ünlü nümayəndəsi kimi dəyərləndırmək daha zəruridir. Elçinin mövzu və obrazları, qəhrəman və personajları, epik, dramatik və perifrastik sənət dünyasının ifadə imkanları o qədər rəngarəngdir ki, o, daim öz kosmosunda, öz qravitasiyasında, öz gəmisinin göyərtəsində oturub, kürrəyi-ərzi dolaşmaqla dünyanı fərdi baxış bucağından seyr edib orada gördüklərini ictimaiyyət və tənqidçilərlə bölüşməkdədir.
Elçin yaradıcılığının nə qədər orijinal olduğunu onun digər əsərləri ilə yanaşı, “Baş” romanının mətninə, infrastrukturında yer almış qəhrəmanların, obrazların və personajların, struktur-kompozisiyasının, ideya-məzmun özəlliyinin, Azərbaycan xalqının tarixi keçmişi, ictimai-sosial, siyasi-kulturoloji, etnik-tarixi, mədəni-mənəvi həyatı ilə birbaşa bağlı olan məqamları, realist, postrealist, modernist və postmodernist, yanaşmalarının Elçinsayağı bədii tryüklərini bilmədən natamam görünərdi.
Elçinin bədii yaradıcılıq axtarışları XX əsrin 60-cı illərinin lap əvvəllərinə təsadüf etsə də, qısa zaman kəsiyində o, ədəbiyyat cəbhəsində imzası daha tez-tez görünən yazıçılardan olmuş, digər tanınmış bədii-poetik təfəkkür sahibləri R.Rza, B.Vahabzadə, N.Xəzri, Anar, İ.Hüseynov, S.Əhmədli, İ.Məlikzadə, İ.Əfəndiyev, X.R.Ulutürk, M.Araz və başqaları kimi 60-cılar ədəbiyyatının yadda qalacaq simalarından birinə çevrilmişdir. Ədibin “Mahmud və Məryəm”, “Bülbülün nağılı”, “Ağ dəvə”, “Ölüm hökmü”, “Dəlixanadan dəli qaçıb”, “Baladadaşın ilk məhəbbəti”, “Dolça”, “Bayraqdar”, “İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti”, “Qarabağ şikəstəsi”, “Canavarlığın anatomiyası”, 10 cildlik “Seçilmiş əsərləri”, tamamilə yeni nəşr olunmuş “Salyerinin son günü” və s. kimi yaratdığı nümunələr geniş auditoriyalara yayılaraq Azərbaycan, sovetlər birliyi, Avropa və dünya xalqlarının oxucu ictimaiyyətinə çatdırılmış, rəğbətlə qarşılanmışdır.
1970-ci illərdən Elçin dramaturgiyada özünəməxsus yeniləşmələr etməyə çalışsa da, 90-cı illərdən bu proses daha intensiv xarakter almışdır. “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Diaqnoz D” (“Mənim ərim dəlidir”) triptixi kimi maraqlı əsərləri ilə o, daha çox gündəmi zəbt edirdi. Elçinin dram əsərləri özünün fərqli dramaturji gedişi, orijinal mövzuları, qeyri-adi süjet xətləri və situasiyaları, yeni obrazlar qalereyası ilə tez-tez diqqət mərkəzinə düşürdü.
“Qatil”, “Teleskop”, “Cəhənnəm sakinləri”, “Şekspir” və s. kimi dram nümunələri tamaşaçını yetərincə duyğulandıran əsərlərdəndir. Təsadüfi deyildir ki, Elçinin dram əsərləri müxtəlif janr formalarını özündə çevrələmək baxımından da diqqətəlayiqdır: komediya, tragikomediya, kədərli komediya, xronika, həyat xronikası, məhəbbət dastanı (“Mahmud və Məryəm”), faciə, absurd, improvizasiya və s. kimi maraqlı dramaturji janrlardakı bu dram əsərlərinin əksəriyyəti Azərbaycanın müxtəlif teatrlarında müxtəlif illərdə tamaşaya qoyulmuşdur.
Elçin barədə söz açdıqda onun elmi-nəzəri yaradıcılığı da bəhs etdiyimiz bu çeşidli təfəkkür sahibinin fəaliyyətinin xüsusi tərkib hissəsi kimi maraqlıdır: “Tənqid və ədəbiyyatşünaslığın problemləri”, “Klassiklər və müasirlər”, “Ədəbiyyatımızın yaradıcılıq problemləri”, “Tənqid və nəsr”, “Ədəbi düşüncələr”, “Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesinin problemləri”. “Klassik aşıq poeziyasında dünya obrazı”, “Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti”, “Şəxsiyyət və istedad (Cəfər Cabbarlı)”, “Cəfər Cabbarlı”, “Sosrealizm bizə nə verdi”, XIX əsr ədəbiyyatına fərdi baxış sərgiləyən “Aqoniya”, yoxsa təkamül?” və s. kimi monoqrafik araşdırmaları və məqalələri, Moskva jurnallarında və müxtəlif dərgilərdə dərc edilmiş ədəbiyyat problemləri ilə bağlı düşüncələri Elçini orijinal və novator ədəbiyyatşünaslar sırasına qoymuşdur.
Elçin bir sənətkar olaraq cəmiyyətdə baş verən proseslərə son dərəcə diqqətlə nəzər salmaqla konkret tarixi dövr üçün hansı problemlərin qabardılmasını, onların diqqət mərkəzinə çəkilməsini özünün bədii prioritetinə çevirir. Çünki o, birbaşa daxilində yaşadığı cəmiyyətin tarixi, mənəvi, siyasi, ictimai problemlərindən qaynaq alıb, özünün bədii əsərlərini həmin cəmiyyətə çatdırmağı sənətkarlıq və vətəndaşlıq borcu hesab edir. Fikrimizcə, digər çoxsaylı əsərlərində (məsələn, “Dəlixanadan dəli qaçıb”, “Mənim ərim dəlidir?”, “Ah, Paris, Paris!..”, “Cəhənnəm sakinləri” və s.), olduğu kimi “Qarabağ şikəstəsi”, “Canavarlığın anatomiyası”, “Baş” və s. bu qəbildən olan nəsr nümunələrində; ədəbi tənqidin ən aktual məsələlərini çevrələyən “Sosrealizm bizə nə verdi?”, “Aqoniya”, yoxsa təkamül?” və s. məhz Elçinin sosial-ictimai və mədəni-mənəvi məsələlərə sayıqbaşlı sənətkar baxışının özünəməxsus konturlarını çevrələməkdədir.
Elçin bədii nəsr, dramaturgiya, absurd teatr və ədəbi tənqid janrlarında son dərəcə produktiv işləyən təfəkkür sahiblərindəndir. Adlarını çəkdiyimiz sənət sahələrində Elçin nə qədər bənzərsiz nümunələr yaratsa da, onun “partiturasının” çoxsəsli “orkestrində” 2015-ci ildə oxuculara və tədqiqatçılara təqdim etdiyi “Baş” romanının mövqeyi tamamilə fərqlidir. Elçin yeni bədii nəsr nümunəsi yaradarkən heç də burada “partituranı” sadəcə olaraq əlləri ilə hərəkət edən dirijor kimi yox, eyni zamanda dispetçer kimi beynində öz “simfoniyanın” bütün mürəkkəb sxemini hər bir anda doğru-düzgün təcəssüm etdirməyi bacaran yaradıcı şəxsiyyətdir. “Baş” romanı nəşr olunduqdan sonra əsərin “tənqid təsərrüfatımızda “oxunuşu”, “təfsiri” sahəsində xeyli fərqli yönlü araşdırmalar aparıldı. Məqalə və materiallar, tədqiqat işləri və monoqrafiyalar işıq üzü gördü. Mübahisələr yarandı, bəzən bir-birini təkzib edən, bir-birinə zidd baxışlar ortaya gəldi. Televiziya kanallarında, media müstəvisində materiallar bir-birini əvəzlədi. N.Cəfərov “Tarixin müasirliyi və ya “Baş”ın metafizikasından “O”nun” apokalipsisinə”, V.Yusifli “Ədəbi hadisə. İsti-isti. Elçinin “Baş” romanı haqqında”, N.Şəmsizadə “Baş”ın səyahəti. Xalq yazıçısı Elçinə ədəbi məktub”, Ə.Cahangir “Baş”lanğıc. Birinci hissə. “Baş” romanında reallıq və metafizika – məsələsi və onun “On üçüncü gecə. Xalq yazıçısı Elçin haqqında məqalələri və yenə də onun “Baş”lanğıc. II hissə. Elçinin “Baş” romanında tarix və metafizika məsələsi (Cahangir Ə. Bakı, “Təhsil”, 2016, 160 s.), V.Nəsib. “Baş qeyrət romanımız – “Baş”, yazıçı Qanturalının Cavanşir Yusifli ilə Elçinin “Baş” romanı haqqında söhbəti”, T.Əlişanoğlunun “Tarixi janrın həqiqətləri. 2015-ci ilin tarixi romanları materialında Elçinin “Baş” və S.Rüstəmxanlının “Şair və şər” romanlarına baxış, T.Vəlixanlının “Azərbaycan tarixi məsələləri ən yeni Azərbaycan nəsrində” və bu sətirlərin müəllifinin 15-dən artıq çeşidli problematikalı məqalələri və əsərin tənqidi oxunuşuna həsr etdiyi “Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində” (Tağısoy N. Elçinin “Baş” romanı struktur-funksional təhlil müstəvisində. Bakı, “Təhsil”, 2017, 272 s.) mövzulu polemik monoqrafiyası nəşr olundu. Bütün qeyd edilənlərə baxmayaraq, hesab edirik ki, Elçinin “Baş” romanı hələ də sona qədər gərək ola biləcək müstəvidə təhlil süzgəcindən keçirilməmişdir. Odur ki, onun digər müstəvilərdə oxunuşu indən sonra da davam etdirlilməlidir.
Elçin yaradıcılığını bir qədər dərinləşdirilmiş aspektdə təhlilə cəlb edərkən “müəllif – mətn – oxucu” triadasını nəzərdən keçirməyə ehtiyac duyulur. Burada biz bir qədər mahiyyətə vararaq onu da söyləməyi vacib hesab edirik ki, bədii mətn yaradıldığı zaman oxucunun kongeniallığı (Kongeniallıq latın dilində olan “con (cum) – birgəlik, eyni vaxtda və genius – ruh” mənasına gəlir. Kongenial ideya istiqaməti, üslub və fikir obrazları ilə uyğunluq deməkdir) fikri heç də bütün hallarda müəllif təfəkküründə yer almır. Bununla belə, bu, oxucu üçün mətnin özünün dil xüsusiyyətləri ilə lap başlanğıcdan ortada dayanır. Bunları söylədikdə böyük amerikan şairi Uolt Uitmenin dedikləri yadımıza düşür - “Dahi poeziya yalnız dahi oxucular olduğu zaman yarana bilər”. Etiraf edilməlidir ki, Elçin nəsri düşündürücü yaradıcılıqdır. Onun əsərlərinin təhlilinə yanaşarkən nəzəri instrumentarilər bolluğundan təyinatına görə istifadə etməyi bacarmaq lazımdır.
Elçinin “Baş” romanının bədii əsər olaraq hansı prinsiplər və yaradıcılıq metodu ilə yazılmasına da birmənalı cavab vermək mümkün deyildir. Çünki burada əsərin baş qəhrəmanı knyaz Sisianov bir tərəfdən mücərrədlik “çəkisizlik” və “şəffaflıq” şəraitində təqdim olunursa, belə olduqda bu romanı mücərrəd idealist roman tipi kimi dəyərləndirmək olar. Lakin burada digər mövqedən Elçinin nəinki Pavel Sisianovun, həm də başqa personajlarının hərəkət və davranışlarına baxsaq, onların əksəriyyətində psixoloji halların, psixologizmlərlə dolu davranışların şahidi oluruq ki, belə olduqda əsərdə qəhrəman və obrazların dünyaya fərqli baxışının şahidi olarıq. Deməli, belə olduqda “Baş”ı psixoloji roman tipi kimi səciyyələndirə bilərik. Yaxud elə ekstremal məqamlarla da görüşürük ki, romanda obrazların davranışları əsərdə müəllifin alt semiotik işarələri onu digər roman formalarından və növündən qoparıb tərbiyəvi roman janrına yuvarlandırdığını görərik.
Elçinin iti müşahidəli sənətkar kimi ədəbiyyatımız qarşısında xidməti ondadır ki, o, müasir dövrdə yeni roman texnologiyaları formalarının və tiplərinin yaranmasından yaxşı xəbərdar olduğunu sübut etməkdədir. Çünki qənaətlərimizə görə Elçin Qabriel Qarsia Markes, Milorad Paviç, Frans Kafka, Ümberto Eko, Cozef Xeller, Filip Dik, Kurt Vonnequt, Orxan Pamuk, Əlif Şəfəq, Murat Munqan, Xaruki Murakami və onlarca başqalarının yaradıcılığı ilə bağlı müvafiq təsəvvürlərə malik olduğunu yaradıcı təfəkkürü ilə sübut etməkdədir. Fikrimizcə, Elçin dünya ədəbiyyatında roman janrında baş verən avanqard istiqamətlərin mahiyyətini, postmodernizmdəki qeyri-müəyyənliyi, fraqmentarlığı, ironiyanı, “dekonstruksiyaya” uğradılmış, hibridləşdirilmiş obrazların bədii yaradıcılıqda hansı rol oynamağı ilə bağlı geniş təsəvvürlərə malik olduğunu da ortaya qoymaqdadır. Postmodernizmdə məlum olan dekonstruksiya simulyakr işarələrin getdikcə daha da güclənərək müasir roman texnologiyalarında “vakuumu” inamla doldurduğunu da yaxşı bildiyindən xəbərdarıq. Odur ki, “Baş” romanın xeyli xüsusiyyətlərinə nəzər salarkən biz burada müəllifin sırf fərdi dekonstruksiya imkanlarından yararlandığını da yaxşı görürük. Elçinin bu romanda ən çeşidli diskurslardan (təbliğati, məişət, tarixi, elmi və s.) istifadə etdiyini də sezirik ki, yaradılan bu mətn məhz Elçinin bədii düşüncəsinin məhsulu olaraq ortaya gəlir. Yeri gəlmişkən qeyd edək ki, postmodernizmin verbal paradiqmasında çoxmənalı anlayışlar strukturalistlər tərəfindən dövriyyəyə buraxılmaqla nitq təşkilinin spesifik üsulu, yaxud spesifik qaydası kimi qəbul edilir. Konkret söz mətninin postklassik düşüncə məkanına məxsus olduğu bildirilir. Odur ki, bu gün roman janrının öz klassik janr formalarından qopub, xeyli dərəcədə deformasiyaya uğradığını da qəbul etməyə ehtiyac duyulmaqdadır.
Elçin “Baş” romanında elə bir özünəməxsus fərdi bədii gedişlər etmişdir ki, biz onların bütün roman mətninin alt qatına enərək əsərin süjet konstruksiyası, süjetin bədii forma kateqoriyası, süjetdənkənar elementlər, tarixi fon və bədii təxəyyül, portret xarakteristikası, Sisianovun prototipi, personajlar sistemi, xarakterlərin psixologiyası, xronotopun süjetyaradıcı element kimi əsərin mətnində yeri, “Baş” romanının poetikasında postmodernist estetika, postrealist və postmodernist xətlər və gedişlər, romandakı mistik-idillik təsvirlər, Elçinin Sisianovun obrazını ikiləşmə və bütövləşmə kontekstində təqdim etməsi bəhs etdiyimiz romanın nəinki Elçin yaradıcılığının Azərbaycan da və türk bədii məkanında, həm də daha geniş çevrədə götürsək, dünya romançılığında nəzərə çarpacaq ədəbi hadisə olduğuna əsaslar yaratmaqdadır.
Xalq yazıçısı Elçin çoxsaylı fundamental nəsr əsərləri, xüsusilə “Baş” romanı ilə Azərbaycan ədəbiyyatı tarixində, yeni paradiqmalı, yeni strukturlu və yeni məzmunlu roman yaratması ilə janra fərdi baxış bucağından yanaşmaqla öz möhürünü vurmuşdur. 80 yaşını tamam edən Elçin bu gün yenə də əvvəlki kimi böyük həvəs və vüsətlə ədəbiyyatımızın və ədəbiyyatşünaslığımızın inkişafı naminə intensivliklə və şövqlə çalışmaqdadır. Ona bu gərəkli fəaliyyətində davamlı uğurlar arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın nümayəndələri İçərişəhəri ziyarət ediblər
Bakıda UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS), qurumun Azərbaycan Milli Komitəsinin və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq seminar keçirilib.
Bu seminar çərçivəsində ICOMOS ekspertlərinin və İsrail, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən olan mütəxəssislərin UNESCO-nun Ümumdünya İrs Məkanı olan İçərişəhərə səfəri olub.
Seminar iştirakçıları İçərişəhərin dünya irs məkanı kimi mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası, eləcə də zəngin mədəni irsin təbliği istiqamətində gördüyü işlərlə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
“Euronews” telekanalında “Xarıbülbül” festivalı ilə bağlı kadrlar nümayiş etdirilib
“Euronews” telekanalında Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalından kadrlar nümayiş etdirilib.
Sözügedən görüntülər məşhur "No comment" rubrikasında yerləşdirilib.
"Azərbaycanın Qarabağ bölgəsinin mədəniyyət paytaxtı Şuşada növbəti dəfə "Xarıbülbül" Musiqi Festivalı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına üzv ölkələrin musiqi və rəqs qrupları Cıdır düzündə keçirilən festivalda çıxış ediblər”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı Şuşada mayın 9-dan 11-dək keçirilib. Üç gün davam edən festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunub.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)
Naxçıvan kitab sərgisinin iştirakçılarını Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qəbul edib
Xəbər verdiyimiz kimi, 13-14 may tarixlərində Naxçıvanda “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin baş sponsorluğu, “Hədəf” kurslarının sponsorluğu ilə Ümumilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB I Naxçıvan Kitab Sərgisi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalının məlumatına görə, mayın 13-də sərgi iştirakçılarından bir qrupunu Azərbaycan Prezidentinin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli qəbul edib. Görüşdə Naxçıvan Kitab Sərgisinin ideya rəhbəri, təşkilatçı qurum olan ANAİB-in sədri Şəmil Sadiq, digər təşkilatçı qurum olan “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis, professor Qulu Məhərrəmli, Mətbuat Klubunun təsisçisi Arif Əliyev, “Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, istiqlal şairi Rüstəm Behrudi, filosof Qəşəm Əhmədoğlu və digər şəxslər iştirak ediblər.
Qonaqları salamlayan Fuad Nəcəfli Naxçıvan bölgəsində gedən yenilənmə prosesinin mahiyyətini izah edib, görülən və qarşıda duran işlərdən danışıb, Naxçıvanda kitab sərgisinin keçirilməsini mütərəqqi hadisə adlandırmaqla nüfuzlu qonaqları vaxtaşırı bölgəyə gəlməyə çağırıb.
Şəmil Sadiq, Rəşad Məcid, Elçin Şıxlı, Qulu Məhərrəmli, Varis, Rüstəm Behrudi çıxış edərək səfər və sərgi təəssüratlarını bölüşüblər, ədəbiyyatın, mətbuatın hazırkı durumunu müzakirə ediblər.
Xatırladaq ki, sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüşlər keçirilib, oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qurublar.
Sərgi çərçivəsində yazıçı Varisin, şair Rüstəm Behrudinin, habelə uşaq yazıçısı Zahid Xəlilin imza mərasimləri baş tutub.
Bundan başqa kitab bayramında təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi” panelləri ilə çıxış ediblər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da olub.
Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da baş tutub.
Kitab sərgisi ailəlikcə sərgiyə gələn naxçıvanlılar üçün əsl bayrama çevrilib.
“Ədəbiyyat və incəsənət”
(15.05.2023)