Üfüq xətti - ESSE

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

 

Üfüq xəttində sıraya düzülmüş arzular, nə üçün buraya toplaşmısınız?  Səmanın sinəsi hamınız üçün yetərlidir. Niyə məhz burada, həyəcan və səbirsizliklə gözləyirsiniz?

Neçə baxışlar toqquşmuşdur bu səmada. İldırımlar bəlkə də,  o baxışların toqquşmasından yaranmışdır. Yağışlar isə o baxışların göz yaşlarıdır. Çünki o toqquşmuş baxışlar çoxlarına yalnız kədər adlı bol "leysanlar" vermişdir.  Bu baxışların sahibləri acılardan qurtulmaq üçün, arzularının gerçəkləşməsi  üçün onları üfüq xəttinə yola salmışdır. Yenəmi anlamadın məni? 

 

Yaxşı, dostum mən sadə cümlələrdən bir ağac əkib budaqları ilə fikrimi şaxələndirim. Sən də sadəcə sus və dinlə.

Yer kürəsi dairəvidir deyirlər, amma biz yerlə göyün birləşməsini deyil, onların nə qədər uzaq olduqlarını öz gözlərimizlə görürük. Gördüklərimiz elmin isbatını anlamır. Bilirsənmi niyə? Çünki qəlbimizdə bəzən elə boşluq yaranır ki, bu boşluq hər saniyə kainatda tək və qərib olduğumuzu xatırladır. Bu zaman biz yer və göyün ayrı qalıb əziyyət çəkməsini düşünürük. 

Amma birdən yol çəkən və kədərdən sarsılan gözlərimizdə üfüq xətti canlanır. Bir anlıq bu mənzərə möhtəşəm qalibiyyət hiss etdirir və kədər, qəm Günəş böyüklüyündən ani imtina edib kibritin közərən və sönən nöqtəsinə çevrilir. Bax, bu zaman dostum, qəlbi dərd zəncirləri ilə sıxılanlar arzularını üfüq xəttinə yola salırlar ki, göy və yer birləşdiyi yerdə onların arzuları da sevinsin, bəlkə, bu arzular da həyata keçib sahiblərinə kainat boyda sevinc yaşatdılar. Hə dostum, indi üfüq xəttində sıraya düzülmüş arzuların həyəcanını anladınmı?  Qanadsız qanadlanmağı, susmaqla danışmağı, gülüşlə ağlamağı və daha nələri deyim?

Sən sualını üfüq xəttində gözləyən arzulara ver, mən isə artıq bu möhtəşəm mənzərənin seyrində suallarıma cavab tapmışam. 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.