Super User

Super User

Bazar ertəsi, 24 İyul 2023 11:00

Uraqanın “Qaranlıq pıçıltılar”ı

“Ədəbiyyat və incəsənət” portalı gənc olsa da kifayət qədər oxucu auditoriyasına malik olan Uraqanın bir nəsr nümunəsini oxucularının ixtiyarına verir.

 

Həyatın bəxş etdiyi hədiyyələr nəfəs aldıqca qarşımıza çıxmağa davam edir. Qız heç nəyi düşünmədən ruhunu ölüm laylasının çərpələnginə bağladığı zaman külək onu çox-çox uzaqlara uçurdu. Həzin meh çərpələngə bağlamış ruhunu özüylə birgə hərəkət etdirirdi. İlk başda hündürlükdən çox qorxdu, amma o, çərpələnglə uçduqca qərara aldı ki, ruhunu tamamilə ona təslim etsin. Əgər nə vaxtsa, bir yerə çırpılacaqsa, daha buna öyrəşmişdi, amma istəməzdi ki, çərpələngə bir şey olsun, sınsın, qırılsın, və ya istəmədən ona bir xətər yetirsin.

Qızın ruhu çərpələnglə uçaraq həzin mehi içinə aldıqca rahatladığını hiss edirdi. Sanki mehin ürəyinə qatdığı sərinlik beynindəki bulanıqlığı durultmaqla yanaşı, həm də ürəyindəki tozu da silib süpürürdü.

Çərpələnglə irəlilədikcə yağışın damcı səslərini eşitdi. Qısa bir müddət sonra islanmasına baxmayaraq anladı ki, indiyə kimi heç vaxt özünü bu qədər güvəndə hiss etməmişdi. Ona görə də sakitcə yağış notları ilə bəstələnən musiqidən həzz almağa başladı.

Yağışdan sonra çıxan günəş qısa bir zamanda onun əsrarəngiz göyqurşağı görməsinə səbəb oldu. Qız başını qaldırıb onu saxlayan çərpələngə baxdı. Bununla o, sanki çərpləngə nəsə deməyə çalışırdı. Fəqət özü də bilirdi ki, bu mümkünsüzdür.

Sanki bu an çərpələng onun duyğularını oxudu, demək istədiyi sözləri dilə gətirmədən qızı başa düşdü. Qadın qüruru elə bir həddədir ki, onlar hər zaman hər şeyi demək məcburiyyətində deyillər. Elə qadına yaraşan da budur. Möhtəşəm qadınlar bir işarə işarə ilə, bir jest ilə nə demək istədiklərini ifadə edirlər. Amma bu da, arifə bir işarədir.

Göyqurşağının rəngləri müxtəlif çalarları ilə yarımhalqa kimi görünürdü. Digər göyqurşaqlarından fərqli olaraq bu halqalara yaxınlaşdıqca nə gözdən itir, nə də ondan uzaqlaşmırdı. Əksinə ora doğru yaxınlaşdıqca rəngarəng halqaların üzərində kiminsə əyləşdiyini sezdi.

Çərpələng dartılaraq göyquşağına doğru yaxınlaşdıqca halqaların üzərində əyləşən və onu özünə tərəf çəkən par-par parıldayan birini gördü. Bu şəxs ipləri əlində bərk-bərk saxlayıb özünə tərəf çəkirdi. Çox keçməmiş çərpələngi rəngarəng halqaların üzərində saxladı.

Yalnız bu zaman qız anladı ki, çərpələngi uçuran parıltı daha öncə qarşısına çıxıb onunla söhbət edən həmin varlıqdır. Ona yaxınlaşıb yanında əyləşdiyi zaman qız bir xeyli heyrətləndi. Bu ki onun kitabxanada qarşısına çıxan həmin oğlan idi. Onun burada nə işi ola bilərdi?

Qızı göyqurşağının üzərinə endirsə də, o, çərpələngdən ayrılmaq istəmirdi. Axı onu buralara bu çərpələng gətirib çıxarmışdı. Buraxıb buraxmayacağından əmin deyildi.

“O, getməlidir.” Bir anda mələyin səsini eşitdi.

“Hara?” qeyri-ixtiyari olaraq üzünü oğlana çevirdi. Amma oğlan ona bir qram da olsun diqqət yetirmədi.

“Sənin kimi insanları xilas etməyə” parıltı saçan varlıq dərindən nəfəs alaraq yenidən ipi boşladı və çərpələngi havaya buraxdı. Beləcə çərpələng çox uzaqlara yollanaraq gözdən itdi.

“Burada nə işin var?” qız sual dolu nəzərlərlə dilləndi. Amma onun mənasız baxışlarından heç nə anlaya bilmədi. Oğlan üzünü çevirib qıza baxdı. Sanki ona baxarkən nələrisə ifadə etməyə çalışırdı. Çərpələngin iplərini əllərindən bir az boşlayaraq pıçıldadı:

“Balıq tuturam.”

“Dənizə tor buraxmaq əvəzinə səmaya çərpələng buraxmaqla?”

“Mənim məqsədim onları xilas etməkdir.”

“Kimdən?”

“Elə özlərindən!”

“Onları özündən niyə xilas edəsən ki?”

“Özümüzə elədiyimiz haqsızlıqları bir başqası bizə qarşı edə bilməz.” üzünü yenidən buludlara çevirib səmaya baxaraq əlavə etdi, “Biz icazə verməsək heç kim bizi üzə bilməz.”

“Amma məni çox üzdülər, ən yaxınlarım, ən çox sevdiklərim məni çox incitdi. Onlar məni sevmir. Bilmirəm”. Qızın gözləri doldu. Harada olduğunu anlaya bilmədi.

 “Biz haradayıq?”

“Mənim yanımda” – Oğlan soyuqqanlılıqla dilləndi.

“Bəs siz kimsiniz?” Qız bir anda siz deyə müraciət etdi.

O isə gülümsədi, amma cavab vermədi, sanki qızın sualını eşitməmişdi. Sakitcə əlavə etdi:

“Gedək mənimlə”

Yerindən durarkən qız da onunla birlikdə ayağa qalxdı.

“Bəs çərpələng?” Bir anda qızın ağlına çərpələngin aqibəti gəldi.

“Çərpələngi pianoya bağlayacağam. Beləcə musiqilər insanların duyğularını yansıtdıqca nə onları yalnız buraxar, nə də yıxılmağa qoymaz.”

Göyqurşağından aşağı endikdə gözlərinə çoxlu sayda güzgü göründü. Hərəsi ayrı formada, hərəsi ayrı görüntünü əks etdirirdi. Qız güzgülərin önündən keçdikcə özünü fərqli görüntülərdə görüb çox təəccübləndi.

Bəzisində çox eybəcər, bəzisində çox gözəl, bəzisində çox yaşlı, bəzisində isə uşaq kimi. Nə qədər dayanıb o güzgüləri seyr etsə də, heç birində yanındakı parıltı saçan oğlanın yansımasını görə bilmədi.

Mələk arxadan yavaşca qızın kürəyinə toxundu. Qızı ən gözəl göstərən güzgünün qabağında dayanıb qulağına pıçıldadı.

“Bu güzgülərdə olan əkslərini görürsən? Hər biri müxtəlif formada səni əks etdirir.” Nəfəsini dərdi və sözünə davam etdi, “Onların hər biri sənə baxanların gözləridir. İnsanlar səni hansı formada görürsə, o formanı alırsan. Önəmli olan odur ki, sən özünü hansı güzgüdən, yəni kimin gözlərindən baxmaq istəyəcəksən. Bax, qarşında dayanan güzgü səni dünyanın ən gözəl xanımı kimi görür və göstərir. Sən isə özün haqqında deyirdin ki, “gözəl deyildim, amma çirkin də sayılmazdım, bəs insanlar məni niyə niyə sevmir?” – Bəlkə səni sevən, hər gecə dərdinə yanan hələ qabağına çıxmayıb. Həyat isə səni o insanla görüşdürə bilmək üçün yaralayaraq hazırlayıb sənə dərs verirdi.”

Oğlan bunu deyib bir anda qızı güzgünün içinə itələdi.

Bununla o, güzgünün içinə daxil olub heç gözləmədiyi bir boyuta keçdi.

Pəncərəyə düşən işığın şəfəqləri bu otağı az da olsa işıqlandırırdı. Qız ətrafına baxdıqda küncə qısılmış bir ədəd divan, qarşılarında isə bir televizor gördü. Oğlan televizora yaxın gələrək pultu əlinə alıb onu yandırdı. Əyilərək aşağıdan bir disk çıxartdı. Diskin üzərində qızın rəsmi və onun da arxasında qaranlıq kölgə görsənirdi.

Yenidən üzünü çevirib qıza baxdı:

“Hazırsan?”

“Nəyə?” Qız anlamadı.

“Burdan o tərəfə mən gələ bilməyəcəyəm” deyərək geri çəkildi.

Heç nə demədən diski televizora qoşmağı ilə qızın həyatı bir film lenti kimi gözünün qarşısında canlandı.

Bir anda sanki hadisələri televizordan deyil, reallığın özüymüş kimi izləyirdi. Qaranlıq otaq yox olmuş, qarşısında keçmiş xatirələri canlanmışdı. Yaşamış olduğu həyatına geri dönüb keçmişinə bir daha baxdı. Yaşadığı zaman düşündüyü fikirləri onu təqib edən qaranlıq bir pıçıltı kimi eşidə bilirdi:

“Beynimi ələ keçirən qaranlıq fikirlər bir sarmaşıq kimi uzanıb, çoxalırdı. Bundan yorulmuşdum. Artıq gecələr yatmaq işgəncə halını almışdı. Sanki daima məni izləyən, arxamca gələn qara, iri bir kölgə vardı. O hər zaman arxamca gəlirdi. İndi olduğu kimi. Varlığını hiss edə bilirdim. İlk başlarda ondan qorxsam da, artıq öy-rəşmişdim.”

Beləcə, öz həyat filminin lentlərini izlədikcə anladı ki, qaranlıq kölgə elə onun özüdür ki, var. Bu illər ərzində təqib olunduğunu sandığı qaranlıq kölgə əslində onun özü, ölümündən sonrakı həyatıymış. Qaranlıq kölgə hər şeyə səbəb olan həmin günə gəlib çatdığı zaman susdu. Geri çəkilərək qızı yalnız buraxdı. Anasının “tez gəl” deməsini uzaqdan eşidərkən, sevilməyən bir övlad olduğunu düşünmüşdü. Gözlədiyi şeylər anlayış, sevgi, sayğı və bir az da qayğı idi.

Qaranlıq kölgə düşündü: “Kaş keçmiş halına qayıda və bu qıza söyləyə bilsəydi, “bir az daha səbrli ol, həyat elə birini qarşına çıxardacaq ki, sən onun varlığı üçün hər gün Allaha şükürlər edəcəksən.”

Amma təəssüf ki, kölgə qıza yaxınlaşa bilmirdi. Hər dəfə bunu demək üçün yaxınlaşmaq istəyərkən qız ondan qorxub qaçmağa başlayır və özü üçün bir hasar yaradırdı. Bu vaxta qədər o, öz qaranlığından qorxmuşdu. Öz içindəki boşluq onu daxildən məhv etmişdi.

Qaranlıq kölgə lentləri diqqətlə izlədikcə atası ilə mübahisəni, sevgisiz atasının onu necə alçaltdığını təkrar izləmək istəyirdi. Amma o anda atası ilə olan son xatirəsinin əvəzinə atasının dərd-kədərdən büzüşüb haldan-hala düşmüş simasını gördü. Atası tabutun kənarında yerə yıxılıb tabutun taxtasını sığallıyırdı. Dırnaqları ilə tabutu nə qədər caynaqlamağa çalışsa da, heç bir xeyri olmurdu. Tabutu açsadyı belə, qızını həyata qaytara bilərdimi?!

Son mübahisəsində o, ağır ittihamları eşitdiyi üçün dözmür, nəfəs ala bilmədən gözlərindən yaş axıdırdı.

Qızından eşitdiyi “sən mənim atam deyilsən” sözü atasının qulağında cingildəyirdi. Axı atası nə edə bilərdi ki, öz sevgisini qızına göstərə bilməmişdi. Bəzi insanlar hər an öz sevgilərini hiss etdirməyə çalışarkən, bir başqaları bu sevgini göstərə bilmir və ya göstərməkdən çəkinirdi. Qorxurdular ki, bunu etsələr...

Soyuq külək bir anda əsərək bütün kadrları buxara çevirdi. Vəhşi dalğaların sərtcə qayalıqlara vuraraq çıxartdığı səs gecənin ecazkarlığına mirvari bir boyunbağı ilə bəzəyirdi sanki.

“Allahım, yardım et mənə” deyərək başını qaldırıb bağırdı. Əslində o ürəyində yalvarsa da, qaranlıq kölgə qızın içindəki səsi duya bildi. Arxasında peyda olduğu zaman qız qaranlıq kölgənin varlığını hiss edirdi. Amma daha qorxmurdu.

“Yenə də burdasan?” qız dedi. Heybətli varlığı həmişə yanında idi. Heç zaman onu tək buraxmamışdı. Qızı öz qaranlığına qəbul edib bağırmağa başladı. Qaranlıq dayanmadan qıza yaşamın gözəlliyindən bəhs edirdi. Amma qız bütün bu səsləri pıçıltı kimi hiss edirdi. “Ölüm məni çağırır” deyərək özünü dənizin boşluğuna ataraq heç nə düşünmədən əbədi olaraq gözlərini yummaq istədi.

Daş qayalıqlardan tullanarkən dənizin onu qəbul edəcəyini düşünürdü. Di gəl, belə olmadı. Dəniz 2 yerə ayrılarkən qız gəldiyi yolla o boşluqda addımlamağa başladı. Bu zaman dənizin necə 2 yerə parçalandığını gördü. Qaranlıq hələ də pıçıldamağa davam edirdi. Qız sadəcə o pıçıltıları dinləmək istədi. “Səsini duymaq istəyənə bir fısıltın yetər” deyirdilər. Qız bu gün həmişə qorxub qaçdığı qaranlığı dinləməyə başladı. Yavaşca gəldiyi yolla geri addımlayaraq dayandığı uçurumun kənarındakı dənizi tərk etdi.

O, dənizi tərk etdikcə dəniz yenidən birləşməyə başlayıb bir bötüv oldu.

Bu dəfə nə o qaranlıq, nə çərpələng, nə də ki, o oğlan vardı. Qəlbi dəfələrlə ayaqlar altında qalıb əzilməsinə baxmayaraq hələ də dimdik ayaqda durmağa çalışan qızın hekayəsi idi bu. Nə olursa olsun başına gələcək hadisədə özündə güc toplayıb geri dönən qızın hekayəsi idi.

Bütün ağrıları ilə mübarizə aparacaq qədər güclü və həyatın zərbələrindən yıxılmayacaq qədər güclü idi bu qız.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Bazar ertəsi, 24 İyul 2023 10:45

Gran-pri uğrunda 11 film yarışacaq

VI “Animafilm” Beynəlxalq Animasiya Festivalına filmlərin qəbulu başa çatıb

 

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə sentyabrın 6-dan 10-dək VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək. 

Festivalın təşkilat komitəsinin açıqlamasına görə, animasiya filmləri FilmFreeway platforması vasitəsilə qəbul edilib. Müraciətlərin zamanı artıq bitib. Əsərlər yerli və beynəlxalq kateqoriyalar üzrə qəbul olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Festivalın saytına istinadən Qran-pri uğrunda yarışacaq filmləri təqdim edir:

“Çaça” (Çin), “Hidari” (Yaponiya), “Şəfəq saçan səma altında” (Kanada), “Fizika” (Çin), “Sevgi şarları” (İsveçrə), “27” (Fransa), “Bapbalaca adam” (Fransa), “Gecə” (İtaliya), “Yengəc” (Estoniya), “Eeva”  (Polşa), “Müharibənin sonu” (Çin)

 

Qaliblər üçün aşağıda qeyd edilən mükafatlar nəzərdə tutulur:

• Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları və 2024-cü ildə Annecy Beynəlxalq Animasiya Film Festivalına (Fransa) səyahət.

• Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi - GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.

• Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

• Tamaşaçı rəğbəti mükafatı.

• Tərəfdaşların xüsusi mükafatları.

Müsabiqənin şərtlərinə əsasən, filmlər 2020-ci il yanvarın 1-dən sonra çəkilmiş olmalıdır. Filmin 50 faizindən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur. İştirakçı (rejissor, prodüser və ya digər səlahiyyətli şəxs) film üzərində hüququ olmasını və onun festivalda nümayişinə səlahiyyətli olduğunu bəyan etməlidir.

 

“Animafilm” Azərbaycanın ilk və tək animasiya festivalıdır. 2018-ci ildən başlayaraq təşkil olunan festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə görüşdürür, yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

ADINA DÖVLƏTİN POEZİYA GÜNÜ KEÇİRDİYİ DAHİ SƏNƏTKAR NİYƏ VURULSUN  AXI?

 

Ramiz Göyüş, “Ədəbiyyat və incəsənət” üçün

 

44 günlük Vətən müharibəsindəki Zəfərimiz hər bir azərbaycanlının həyatında dönüş nöqtəsi oldu və bu Zəfərin müəllifləri, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan əsgəri Azərbaycanın yaradıcı insanlarına bir coşqu, ruh və enerji verməklə yeni bir ovqat gətirdi.

 

Bu möhtəşəm Zəfərə töhvə vermək məqsədilə ilk dəfə qələmə sarılan da ədəbiyyat adamları oldu. Azərbaycan Yazıçılar Birliyinin birgə səyi və təşəbbüsü ilə Zəfərimizdən çox keçməmiş maraqlı bir toplu- “Qarabağ dastanı” kitabı nəşr edildi. Nəşrin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçızı Anar müəllimdir. Yazıçı-jurnalist Rəşad Məcidin kitaba yazdığı ön sözdən məlum olur ki, müharibə günlərində torpaqlarımız işğaldan azad edildikcə Anar müəllim Qarabağdan olan  yazıçıları, şairləri arayaraq təbrik edir, onlara öz doğma yurdları haqqında yazılar yazmağı tövsiyyə edirmiş.

Kitaba İşğaldan azad edilmiş rayonlarda doğulmuş,  yeniyetmə və gənclik  dövrləri həmin bölgələrdə keçirmiş görkəmli ədəbiyyat adamları və ziyalılarının- Elçinin, Aqil Abbasın, Elçin Hüseynbəylinin, Ramiz Rövşənin, Şirindil Alışanlının, Rəşad Məcidin xatirə-esseləri ilə yanaşı, Molla Vəli Vidadidən başlamış bu günümüzədək yaradıcılıqları ədəbiyyat tariximizdə qırmızı xətlə keçən klassiklərin və çağdaş ədəbiyyatımızın görkəmli və tanınmış nümayəndələrinin yaradıcılığından nümunələr  daxil edilmişdir ki, bu da nəşrin dəyər və sanbalını daha da artırmaqla yanaşı poetik bir ovqat yaradır. 

Kitabın görkəmli ictimai-siyasi və dövlət xadimi, Xalq yazıçısı Elçinin 1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışına həsr olunmuş xatirə-esse ilə başlamasınının isə önəm və əhəmiyyətini  xüsusilə vurğulamaq istərdik.

Bu kitab müasir Azərbaycan oxucusu üçün Qarabağı daha yaxşı tanımaq, başa düşmək və onun əhəmiyyət və mahiyyətini daha dərindən dərk etmək baxımından dəyərli bir mənbə olmaqla, həm də Qarabağşünaslıq elmi üçün qiymətli və samballı bir töhfədir.   

Bu yazını hazırlamaqda əsas  məqsədim həmin kitabda yazıçı-publisist Mehriban Vəzirin “Qarabağın görkəmli xanımları” araşdırmasında getmiş uydurmalar və təhrif olunmuş tarixi faktlar barada mövqeyimi bildirməkdən ibarətdir. 

Mehriban Vəzir Qarabağın məşhur xanımları- Ağabəyim Ağa, Gövhər Ağa və Həmidə xanım Cavanşir barədə araşdırmasında, xüsusilə Ağabəyim Ağa ilə  bağlı hisəsində öz bədii təxəyyülünə geniş meydan vermişdir. 

Oxuculara aydın olsun deyə Mehriban Vəzirin araşdırmasındakı fikirlərini olduğu kimi təqdim edirəm: “ Ağabəyim ağa daima yürüşlərdə olan Məhəmməd bəyi gözləyirdi. Məhəmməd bəy də xan əmisinə bu söhbəti açacaq- elçilik edəcək möhtərəm adam arayırdı. Məhəmməd bəyin qədəryazar seçimi xanın can dostu, vəziri Molla Pənah Vaqif olur... 

Məmməd bəy vəzir Vaqifdən elçilik etməyi xahiş edir. Vəzir Məhəmməd bəyi xatircəm  edib Ağabəyim ağanı istəmək üçün İbrahim xanın hüzuruna yollanır. Vaqif acınacaqlı  günlər keçirən Qacar ordusunun Şuşa qalasına yaxınlaşması ilə çarəsizliyə düşmüş İbrahim xanın durumundan cəsarətlənib Ağabəyim ağanı Məhəmməd  bəyə deyil, öz oğlu Əli bəyə istəyir. Əlbəttə, başı qalda  olan xana bu yersiz elçilik ağır təsir edə bilərdi”... 

Mətndən göründüyü kimi Mehriban Vəzir Məhəmməd bəy və Ağabəyim Ağa dastanı qurmaq, onları uğursuz, nakam bir eşqin qurbanı kimi təqdim etməyə cəhd edir.    

Mehriban Vəzirin qeydlərində ikinci narahat doğuran məsələ Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu zamanı Vaqifin oğlu Əli bəylə birlikdə Qazax-Bəyazidə qaçması ifadəsi ilə bağlıdır. Mehriban Vəzir yazır: “İbrahim xan ailəsi və yaxın adamları ilə Şuşanı tərk edəndə nədən o qafilədə can dostu Vaqif yox idi? Niyə böyük dövlət adamı Vaqif Qacar şahın gəlişini duyub da qorumasız-filansız oğlu Əli bəy ilə Qazax-Bəyazidə qaçmalı oldu?” kimi sualların cavabını şəxsi münasibətlərdə aramaq lazımdı.”  

Araşdırmanı oxuyarkən məndə belə bir sual yarandı? Doğrudanmı Mehriban Vəzirin Ümummilli liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin, “Qarabağnamə”lərin müəlliflərinin, Azərbaycanımızın işıqlı ziyalıları və maarifçiləri Mirzə Fətəli Axundovun, Qasım bəy Zakirin, Hüseyn Əfəndi Qayıbzadənin, Fransız mənşəəli rus şərqşünası Adolf Berjenin, Firudin bəy Köçərlinin, Əbdürəhim bəy Haqverdiyevin, Salman Mümtazın, Həmid Araslının, Araz Dadaşzadənin, Yusif Vəzir Çəmənzəminlinin, Səməd Vurğunun, İlyas Əfəndiyevin, Nazim Axundovun, Aqil Abbasın fikirlərindən və nəhayət görkəmli dilçi və ədəbiyyatşünas alim, akademik Nizami Cəfərovun 2017-ci ildə Vaqifin 300 illik yubileyi münasibətilə yazmış olduğu “Molla Pənah Vaqif” fundamental monoqrafiyasında Molla Pənah Vaqifin bir dövlət xadimi və müasir Azərbaycan ədəbi dilinin yaradıcısı kimi fəalyyəti barədə yazdıqlarından məlumatı yoxdur? Əgər yoxdursa, mən onlardan bir neçəsini Mehriban Vəzirə xatırlatmaq istədim:

“Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri  meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir səlnaməmizin parlaq  səhfələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi- mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan  tarixinə həmçinin siyas xadim kimi daxil olan Vaqif taleyülklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir”. (Azərbaycan Prezidenti İlham Əliyev) . 

- “Vaqif kəmal, ədəb və elm sahibi bir sima idi. Əgər Çinin fəsahət səhrasının ahusu onun səlis təbinin sümbülüstanında pərvəriş tapan qəzəllərin maralı ilə bərabərlik iddiası etsə, tamamilə səhvdir. Əgər bəlağət Bədəxşanının ləli, onun sinəsinin xəzinəsində toplanmış parlaq beytlər və çox az tapılan qiymətli mirvarilər qarşısında xəcalətindən qızarsa tamamilə düzgündür” (Mirzə Adıgözəl bəy Qarabaği)

   -“Məşhur Axund Molla Pənah bir sahibi-kəmal və müddəbir və təcrübəli və şair və xoşməqal adam idi. Əsli Qazax camaatından idi. Amma gəlib Qarabağda İbrahim xanın hüzurunda izzət və şöhrət və xüsusiyyət hasil etmişdi ki, xanın ondan kənar məsləhəti olmazdı. Onun vəziri və mötəmidi idi. Və hər ümuri-hökumət və qeyridə Axund Molla Pənahın tədbiri və müşavirəsi ilə rəftar edərdi. Hər necə düşmüşdüsə ona yaxşı inanıb etimadi-külli etmişdi ki, hamı övlad və əqrabalarından artıq onun xətrin və hörmətin mənzur edirdi. Və külli-ixtiyarın ona vermişdi. 

(Mir Mehdi Xəzani)

    -“Və bir də İbrahim xana vəzir hesab olan Molla Pənah imiş. Belə ki, hər bir məsləhəti Molla Pənah ilə olurmuş və Molla Pənahın əsli  Qazax-Şəmşəddindən gəlibdir... Çox sahibi-kamal və qabil adam imiş və yaxşı təbii-şeiri var imiş. Bu ağ könüllər oxuduğu zikrlər təmamən Molla Pənahın kəlamıdır... Qərəz, xoşbəxt adam imiş. Mərhum İbrahım xanın həddən artıq iltifatı var imiş.

Hər məsləhəti ki, Molla  Pənah görərmiş, gərək həmən tövr  olaymış. Ona görə bir məsəl xalqın arasında məşhurdur. Belə deyir ki,” Hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz”(Baharlı)

-“Mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalətini gördüm ki, zikr etdiyim şərti bir növlə onda gördüm”(Mirzə Fətəli Axundov)

    -“Onun şeir və qəzəliyyatı bizim Azərbaycan türklərinə ziyadə xoş gəlir və hər nə onun qələmindən zühura gəlibsə... tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olub”. (Firudin bəy Köçərli)

   -“Ərəbcə, farsca dərin bir məlumat və föqəlada bir istedada malik olan bu nadir sima vəzir olduğu halda, yenə elə, xalqa yanaşmış və şeirlərini də tamamilə öz doğma ləhcəmizdə söyləmişdir. Cavanşir sarayı Vaqifi deyil, Vaqif sarayı mənimsəmiş və dilimizə, ədəbiyyatımıza da çox böyük xidmətlər göstərmişdir. “Lisani-rəsmi”si farsca olan İbrahim xan Cavanşir xanlığının rəsmi dili ilə daim mübarizədə olaraq o dilə və o ədəbiyyata öz əsrində fayiq gələn böyük Vaqifin şeirləri o qədər rəvan və o qədər şirindir ki, insan oxumaqla doymur, bütün kitabı birdən su kimi başına çəkmək və içmək istəyirsən. Vaqif tam mənası ilə el şairi olaraq, həm də mücəddadır. Bu münasibətlə də nəzərimizdə Vaqifin qayət böyük dəyəri vardır.”(Salman Mümtaz)

   - “Vaqif geniş xalq kütlələri içərisindən çıxıb, nəhayət dövlət xadimi kimi yüksəlməyə müvəffəq ola bilmiş, mütərəqqi şəxsiyət olduğundan, sənətkarlıq qüdrətini və siyasətdəki bacarığını hər kəsdən əvvəl qiymətləndirən xalq” hər oxuyan Molla Pənah olmaz” zərb məsəlini yaratmaqla, şairə qiymət vermişdir”. (Həmid Araslı)         -“Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” romanının əsas surətləri tarixi şəxsiyyətlərdir. Əsərdəki  hadisələrin mərkəzində görkəmli şair və dövlət xadimi M.P. Vaqifin bədii obrazı dayanır... Vaqif və onun dövrü haqqında əsl həqiqəti uydurma şeylərdən, mövcud olan yanlış fikir və təsəvvürlərdən təmizləyib ortaya çıxarmaq və mərkəzində Vaqifin obrazı dayanan tarixi roman yazmaq asan deyildi.

“Qan içində” romanı göstərir ki, Y. V. Çəmənzəminli Vaqiflə maraqlanmağa başladığı vaxtdan ələ keçirə bildiyi məxəzlərə əsasən düzgün münasibətdə olmuş, şairin parlaq bədii obrazını yaratmaqla ədəbiyyatşünaslıq və tarix elmlərinə, ümumiyyətlə demiş olsaq, müasirlərinə bir növ nümunə göstərmiş, örnək ola bilmişdir” (prof.Tofiq Hüseynov)

     Repressiyaların qanlı dönəmində-1938-ci ildə Vaqifə ən böyük mənəvi abidəni Xalq şairi Səməd Vurğun ucaltmış, özünün məşhur “ Vaqif” dramı ilə həm Vaqifə, həm də özünə xalqın qəlbində əbədi bir abidə ucaltmışdır. Böyük şair keçən əsrin 40-cı illərində Vaqifə həsr etdiyi şeirlərinin birində dahiyanə uzaqgörənliklə yazırdı:

       Qalxacaq şairin bir gün heykəli,

       Bizim Qarabağın Cıdır düzündə,

       Vaqif canlanacaq onun özündə.

 

Böyük  Şairin bu arzularını isə dahi çəxsiyyət Heydər Əliyev yerinə yetirdi.  Ulu öndər Heydər Əliyevin Vaqifə olan böyük sevgisinin təzahürü idi ki, hələ heç Azərbaycanda rəhbər olmadığı zamanda -1967-ci ildə Şuşada olarkən Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdilər. Onun göstərişi ilə məzar tapılmış və dağılmış məzarı ziyarət etmişdi.  Ulu öndər o zaman gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" bildirmişdi.

“Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. 1982-ci il yanvarın 14-də qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdur. (Bu əlamətdar hadisəni Xalq yazıçısı Elçin “Qarabağ dastanı”na təfsilatı ilə daxil etmişdir. R.G.) Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. Onu da nəzərə almalıyıq ki, Molla Pənah Vaqif təkcə şair yox, eyni zamanda, Qarabağ xanının vəziri idi. Sovet dövründə sovet ideologiyası, sovet hökumətinin tarixlə bağlı yanaşması belə idi ki, xanlıqlar tarixin qara ləkəsi kimi qələmə verilirdi. Bütün bunlara baxmayaraq, Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdır və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdır”. (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev)

Görəsən “Yeni Azərbaycan ədəbiyyatının, eləcə də yeni(milli) Azərbaycan ədəbi dilinin yaradıcısı, Azərbaycan xalqnın mütərəqqi tarixi şəxsiyyəylərindən biri” (Nizami Cəfərov) haqqında qarayaxma nəyə və kimə lazımdır?

Səbəb və məqsəd nədir ki, Mehriban Vəzir məşhur dövlət xadimi və körkəmli şair, Azərbaycan xalqının qəlbində böyük sevgi və məhəbbətlə özünə adidə ucaltmış Molla Pənah Vaqifə münasibətdə tarixi həqiqətləri təhrif edirək başqa bir tərəfin”xeyrinə” saxtalaşdırmağa cəhd edir. 

“Qarabağnamə”lərdən və diğər tarixi və bədii mənbələrdən məlumdur ki, Məhəmməd bəy şux qaməti, baxımlı xarici görkəmi və igidliyi və dəliqanlılığı ilə Qarabağda  və ətraf xanlıqlarda ad çıxartşmışdı. O zaman onun 35 yaşı vardı və artıq iki dəfə evlənmişdi. 

İbrahim xanin Gəncə xanı Cavad xanın bacısı Tutubəyimdən olan, öz gözəlliyi, istedadı, şairliyi, ağlı və kamalı ilə məşhurlaşmış Ağabəyim ağa da yenicə 15 yaşına qədəm qoymuşdu. O da faktdır ki, onların aralarında olan böyük yaş fərqinə baxmayaraq, bir-biri ilə sevgi münasibətləri var idi. 

Tarixi qaynaqlardan məlundur ki, Vaqifin İbrahim xanla çox yaxın olmasını Məhəmməd bəy heç zaman qəbul etməyib, onu həmişə öz yolunda maneə hesab edib (Həm xanlıq taxtına çıxmaq, həm də Vaqifin ikinci arvadı Qızxanıma yiyələnmək arzusunun reallaşmasında) və həmişə bu münasibətə qısqanclıqla yanaşıb. Belə olan halda: - birincisi, necə ola bilərdi ki, Məhəmməd bəyin  axtardığı möhtərəm adam – elçi, heç zaman sevmədiyi və həmişə paxıllığını çəkdiyi Vaqif oldu?

İkinci, Molla Pənah Vaqif müdrik bir şəxsiyyət olmaqla bərabər həm də yüksək idrak, mədəniyyət, əxlaq və mərifət sahibi idi. Belə olduğu halda necə ola bilərdi ki, 80 yaşlı müdrik bir qoca, Şuşanın mühasirə günlərində - şəhər əhalisinin quraqlıqdan, uzunmüddətli mühasirədən əziyyət çəkərək aclıq, səfalət və qorxu içində yaşadığı günlərdə, eləcə də  İbrahim xanın da çarəsiz vəziyyətə düşdüyü bir məqamda elçilik eşqinə düşsün və bu elçilik məqamında Məhəmməd bəyə xəyanət edərək Ağabəyim Ağanı Məhəmməd bəyə yox, oğlu Əli bəyə istəsin? Mehriban Vəzirin yazdığı elçilik fantaziyası ən bəsit düşüncəli adamı belə inandırmaq gücündə deyil. 

Üçüncü.  Nə “Qarabağnamə”səlnamələrində, nə də Əhməd bəy Cavanşirin tarixi oçerkində bu elçilik barədə bir kəlməyə belə rast gəlinmir.

 Mehriban Vəzirin “ İbrahim xan ailəsi və yaxın adamları ilə Şuşanı tərk edəndə nədən o qafilədə can dostu Vaqif yox idi? Niyə böyük dövlət adamı Vaqif Qacar şahın gəlişini duyub da qorumasız-filansız oğlu Əli bəy ilə Qazax-Bəyazidə qaçmalı oldu?” kimi sualların cavabını şəxsi münasibətlərdə aramaq lazımdı” “tapıntısı” ilə bağlı isə düşünürəm ki, “nədən yox idi?” sualı ilk növbədə mərhum İbrahim xanın ruhuna ünvanlanmalıdır.

Və müəllif Vaqifin Məhəmməd bəy tərəfindən öldürülməsi məqamından çox asanlıqla keçərək bu faciləi hadisəni sönük cümlələrlə, siradan bir ölüm faktı kimi qeyd edir: “Mühacirətdən Qarabağa dönmüş İbrahim xanla qardaşı oğlu Məhəmməd bəyin münasibətləri gərginləşmiş, Vaqifin və bir sıra yaxın adamlarının edamı xanı qəzəbləndirmişdi” qeydləri ilə kifayətlənir.

Mehriban Vəzirin Vaqifə kin-küdurəti o qədərdir ki, bu 35 yaşlı, iki dəfə evlənmiş Məhəmməd bəyin iki eşq cəbhəsində- Ağabəyim Ağa və Vaqifin gənc övrəti Qızxanım  ilə fəallığını görmək istəyində deyildir.

Biz Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində İbrahim xanın ailəsini götürüb Şuşadan “qaçması” və ya Şuşanı “tərk etməsi” ifadələri barədə müzakirə açmaq fikrində deyilik. Bunu tarixçilərin və səlnaməçilərin ixtiyarına buraxırıq. Lakin “Vaqifin oğlu Əli bəylə birlikdə qaçması” fikri ilə əlaqədar yenə səlnaməçilərə və araşdırmaçılara müraciət etməli olacam. Əvvəla onu deyim ki, tarixi mənbəələrdə Vaqifin oğlu Əli bəy və ya Qasım ağa haqqında məlumatlar ümumiyyətlə çox azdır və görünən odur ki, onun o zaman cərayan edən hadisələrə elə bir təsiri olmamşdır.

Mirzə Camal Qarabaği yazır:-“Molla Pənahın bir yaxşı cəmilə və gözəl və məşhur övrəti var idi ki,  çox sahibi-camal və şöhrətli Məhəmmədbəy dəxi onun hüsn və camalını və tərifini eşidib ona əlaqə bağlamışdı. Övrət cavan və cahilə və axund qoca və piranə idi və əlavə Məhəmmədbəyin rəşadət və şücaəti və xoşəndam və kamal və fərəsəti və padşah xəzinəsinin əlində olmağı və cavan öğlanlığı övrəti dəxi ziyadə əlaqələndirmişdi. Övrət Məhəmməd bəyə demişdiki, nə qədər Molla Pənah axund ölməyib hali-həyatda sağ ola, mən şərən sənə gedə bilməm. Bir səbəb bu idi və bir dəxi qeyri bir para adamlar özlərinin səlahiyyətdarlığı üçün Məhəmmədbəyi təhrik etmişdilər ki, Məhəmmədbəy Molla Pənah axundu öldürə və o səbəbə İbrahim xandan uzaq ola və onlar da Məhəmmədbəyin hüzurundan sahibkar və  nəfibərdar olalar ki, rəşid və kəramət adamıdır və xəzinə sahibi və hünərmənd kimsədir, onları mühafizət edə, xoş keçələr. Qərəz, hər hal ilə Məhəmmədbəyin əmri və izin və işarəsilə Molla Pənah axundu və Qasım ağa adlı bir oğlunu öldürürlər”. ( Y. V. Çəmənzəminlinin “Qan içində”kitabından)

Məhəmməd bəy Cavanşırin nəvəsi, “Qarabağnamə”lərin müəlliflərindən biri olan Əhməd bəy Cavanşir “Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair” əsərində yazır: ”Mehrəli bəyin ölümündən sonra  müharibəni onun oğlu Məhəmməd bəy davam etdirdi... O öz uşaqlığını İbrahim xana düşmən münasibət bəsləyən yaxın qohumlarının yanında keçirmişdi. İbrahim xanın düşmənləri Məhəmməd bəyin şəxsində öz mənafelərini əks etdirən bir hakimi görürdülər. Buna görə də onlar Məhəmməd bəydən bərk yapışmışdılar. Lakin o vaxtlar İbrahim xanı  hakimiyyətdən salmaq və Məhəmməd bəylə əvəz etmək çox da asan deyildi; buna görə də müxalifət əlverişli şərait gözləyirdi.”   Əhməd bəy Cavanşir fikirlərini davam edərək xanın yaxın qohumu Mirzəli bəyin dilindən yazır:  “Onun atası (Mehrəli bəy R.G) daima sizinlə mübarizə edirdi; özü isə anasının sizə ərə getməsinə razı olmayıb onu öldürdü. Həmçinin sizə ən sədaqətli olan saray adamı Molla Pənahı da öldürdü; indi isə ölkəni beş ay idarə etdikdən sonra bu qədər təkəbbürlü və sərvətli olduğu halda, onun gələcəkdə dinc oturacağına kim zamin ola bilər?”

Mirzə Yusif Qarabaği özünün məşhur“Tarixi Səfi” əsərində yazır: “İbrahim xan Ağa Məhəmməd xanın qətl xəbərinin eşitdikdən sonra oğlu Mehdiqulu ağanı Qarabağa göndərdi. Bir azdan sonra onun ardınca böyük oğlu Məhəmmədhəsən ağanı da yola saldı. Özü də bir neçə həftədən sonra  Qarabağa gəldi və hakimiyyəti əlinə aldı. Qarabağ hakimi Məhəmməd bəyin hakimliyi dövründə Molla Pənah ilə öz arasında olan ədavətə görə, fürsətdən istifadə edərək  Molla Pənahı oğlu ilə birlikdə qətlə yetirdi.”

Həsən İxfa Əlizdənin “Şuşa çəhərinin tarixi” səlnaməsindən: “Şahın ölümünü yəqin etdikdən sonra İbrahimxəlil xan bir neçə ay Qarabağa gəlmədi. Bu dövrdə əlinə çoxlu  variyyət düşmüş Məhəmməd bəy Cavanşir cavanlıq qüruru ilə, eləcə də bir para dələduz müfəttin şəxslərin fitvasına uyub hökmranlıq xəyalına düşdü və asudə olmaq üçün” İbrahim xanın tərəfdarı” hesab etdiyi şəxsəri sıradan çıxarmağa başlıdı.”

Rəvayət olunur ki, şahın ölümündən sonra Vaqifin İbrahim xana göndərdiyi bir məktub Məhəmməd bəyin əlinə keçir... Onsuz da Vaqifdən şübhələnib onu öldürməyə bir bəhanə axtaran Məhəmməd bəyin əlinə əlverişli  imkan düşür. Məktubu əsas tutaraq Vaqifin oğlu Əli ağa ilə bir yerdə öldürülməsi haqqında əmr verir. Bununla kifayətlənməyən Məhəmməd bəy Vaqifin evini talan edib yandırır.”

“Ağa Məhəmməd şahın öldürülməsi nəticəsində Qarabağ hakimiyyəti Məmməd bəyin əlinə keçdi... Vaqif yenə sarayda idi. Qarabağdakı vəziyyəti yazıb İbrahim xana bildirmişdi... Məmməd bəy hakimityyəti ələ almaqda Vaqifi öz qarşısında ən böyük maneə hesab edib onu aradan qaldırmağı qət etdi. Vaqif oğlu ilə tutulub Xəzinə qayasından atılmağa məhkum olundu.” (Yusif Vəzir Çəmənzəminli)

Yenə də istər-istəməz belə bir sual yaranır. Tarixi faktlara (həqiqətlərə) gözardı edərərk Məmməd bəy Cavanşiri (Batmanqılıncı) mifləşdirmək, ondan qəhrəman obrazı yaratmaq nəyə və kimə lazımdır? Bəlkə xanlıqda əmisi İbrahim xanın tənbehlərinə baxmayaraq ipə-sapa yatmamasında, başının dəstəilə dəli-doluluq etməsində, anasını qətlə yetirməsində, Şuşada Qacardan “iltifat görməsində” (onda Vaqif zindanda yatırdı) Vaqifin günahı var? Bəs qoca şairin gözəl övrətini şərəfsizcəsinə ( bu günün etik dəyərləri ilə yanaşsaq) götürüb Şuşanı tərk etməsinə nə ad vermək olar?

Nümunələrdən göründüyü kimi bu əsər və səlnamələrin heç birində elçilik və Vaqifin oğlu Əli bəylə Qarabağdan Qazağa qaçması barədə bir kəlmə belə yoxdur. Yalnız Mir Mehdi Xəzaninin “Kitabi Tarixi Qarabağ”dakı fikirlərdən başqa: ”Xan Dağıstana, Car və Balakənə gedən vaxtda Molla Pənah, çün Muğanlı Cəmil ağanın ittifaqı ilə, Təklə Muğanlı həmçinin əslən Qazax elindəndir, ikisi də Tiflis canibinə getmişdilər. Ordan Qarabağa müaviyyət edən zamanda və yainki, bir rəvayətdə  Qarabağdan Ağa Məhəmməd şahın xofundan qaçıb xanın dalınca o tərəfə əzm etdiyi halda Gəncə dağlarının həvaləsində Gəncə hakimi Cavad xan onu özünə ümdə olan sovqat bilib, tutub öz ittifaqı ilə Ağaməhəmməd şahın hüzuruna gətirmişdi. Çünki şah onu tutub çoxdan qətlə yetirmək istəyirdi... Qəzara iş şöylə oldu ki, o gecə 

şahı öldürdülər. Molla Pənah salamat qurtardı... Ancaq  Məhəmməd bəyin əlində giriftar olub qətlə yetişdi. Səbəbi-qətli bu idi ki, çün Axund mərhum İbrahim xanın yanında sahibi –ixtiyar və müdəbbirkar olan vaxtlarda Məhəmməd bəy ona çox  hörmətlər elədi ki, onun tədbiratı səbəbinə xandan bir para təmannaları var idi, əmələ gələ. Axund vasitəçilik eləyə, onu İbrahim xana ziyadə yaxın qıla və bəlkə qızını da ona ala ki, müqtəzi ül-məram ola. Amma onun bu mütalibatı axundi-məzburdan hasil olmamışdı və onun məsulatını icabət qılmamışdı.”

Qarabağ xanına himayə və kömək vəd etmiş Ruisyanın imperatriçası Yekaterinanın   qəfil ölümü Qafqazda vəziyyəti tamam dəyişdi və vəziyyətdən istifadə edən Ağaməhəmməd şah Şuşaya yenidən hücuma hazırlaşmağa  başladı. Şuşa tarixinin bilicisi, yazıçı Yusif Vəzir Çəmənzəminli “Qan içində romanında yazır: “Vəziyyət çox ağır idi, indi Ağaməhəmməd şaha müqavimət göstərmək qətiyyən qabil deyildi. Barışmaq da ola bilməzdi, çünki düşmənçilik çox dərinləşmişdi. Vaqif yenə ümidini şimaldan kəsməyərək məsələni aydınlaşdırmaq istədi:- İrakli xan Rusiyyəyə bizdən yaxındır,- dedi- hər halda gedib, bir onun da fikrini bilmək lazımdır.

Xan bu fikrə razı oldu. Tiflisə getməyi Vaqifin özünə və muğanlı Cəmil ağaya tapşırıb dedi:- gedin görək, hal-qəziyyə nə minval üzrədir... 

Vaqif ilə Cəmil ağanı o biri gün Tiflisə yola saldılar.”

Beləliklə ümumiləşmə aparaq:

Əvvəla onu vurğulamaq istərdik ki, hadisələri tarixi kontekstdən ayırmaq, dövrün münasibətlər (etik, sosial, ictimai-siyasi, şəxsi...) ierarxiyasını nəzərə almamaq nə etik, nə də tarixi baxımdan doğru hesab edilə bilməz.

Vaqiflə Məhəmməd bəy arasında münasibətlərin gərgin olmasının cəbəbləri aşağıdakılar idi: Birincisi, Məhəmməd bəy  Vaqifin İbrahim xana çox yaxın olması səbəbindən onu  həmişə xana qısqanır və hakimiyyət iddiasında olduğu üçün bu yolda onu özünə ən böyük maneə hesab edirdi;

Həsən İxfa Əlizadə yazır: “Məhəmməd bəy  hər kəsdən artıq  Molla Pənah Vaqifdən qorxur və ondan şübhələnirdi. O, Vaqifin xalq arasındakı nüfuzunu yaxşı bilirdi. Vaqif həm də İbrahim xana sadiq bir vəzir idi.”

İkincisi, Məhəmməd bəyin Vaqifin ikinci arvadı, ondan yaşca xeyli cavan və baxımlı olan Qızxanıma gözü düşmüşdü və onu almaq istəyirdi. Lakin Qızxanım ona cavab vermişdi ki, nə qədər ki, Vaqif sağdır bu sövda baş tuta bilməz və bu səbəbdən Məhəmməd bəy Vaqifi aradan götürmək üçün bəhanə axtarırdı;

Üçüncüsü, Məhəmməd bəy İbrahim xanın qızı, ağıl, kamal və gözəllikdə məşhur olan Ağabəyim Ağanı almaq üçün Vaqifdən elçi getməsini xahiş etmiş, lakin Vaqifdən rədd cavabı almışdı.

Şuşada hakimiyyətdə olduğu aylarda Məhəmməd bəy xalqın dəstəyini qazanmaq məqsədilə Vaqifi öz tərəfinə çəkərək, onu baş vəzir təyn etmək istəmiş, lakin ondan ciddi təpki almışdı. Məşhur tədiqatçı, yazıçı-publisist  Şəmistan Nəzirlinin tədiqatlarına görə bir səbəb də bu idi.

Məhəmməd bəy bu səbəblərdən Vaqifi aradan götürmək üçün bəhanə axtarırdı və bu bəhanə də ələ düşdü.

“Rəvayət olunur ki, şahın ölümündən sonra Vaqifin İbrahim xana göndərdiyi bir məktub Məhəmməd bəyin əlinə keçir. Molla Pənah Vaqif Ağa Məhəmməd şahın ölümü ilə əlaqədar İbrahim xanı təbrik edir... onu tezliklə Şuşaya çağırırdı. Onsuz da Vaqifdən şübhələnib onu öldürməyə bir bəhanə  axtaran Məhəmməd bəyin əlinə əlverişli imkan düşür. Məktubu əsas tutaraq Vaqifin öz oğlu Əli ağa ilə öldürülməsi haqda əmr verir. Bununla kifayətlənməyən Məhəmməd bəy Vaqifin evini talan edib yandırır”. (Həsən İxfa Əlizadə)

Vaqifin oğlu Əli bəylə guya xəbərsiz- filansız Qazax- Bəyazidə qaçması ilə bağlı isə fakt budur ki, hələ İbrahim xan ailəsi və ətrafı ilə birlikdə Şuşanı tərk etməmiş

Ağaməhəmməd şah Qacarın hücumundan qorunmaq üçün Gürcü çarı İraklidən kömək almaq məqsədilə Vaqifi həmyerlisi Cəmil bəylə birlikdə Tiflisə göndərmişdi (digər mənbəədə Kolanıya), Qarabağa qayıdanda isə vəziyyət tamam dəyişmiş və onu tutub Qacarın hüzuruna gətirmişdilər. Bu dəlillər Mehriban Vəzirin araşdırmasında gətirdiyi faktları təkzib edir.    

Görünən odur ki, deyəsən 44 günlük Vətən müharibəsindəki qələbədən sonra mədəniiyyət paytaxtımız Şuşada, şəhərin tarixi-mədəni və ədəbi simvollarından bir olan Vaqifin məqbərə kompleksinin bərpası, adidəsinin qoyulaması, Vaqif poeziya günlərinin böyük təntənə ilə keçirilməsi kimlərinsə, o cümlədən Mehriban Vəzirin  “tarixi-sentimental fərziyyəsi”nə  uyğun gəlmir.

Vaqifin taleyi də dövrü  qədər mürəkkəb, faciəli və çox maraqlıdır. Böyük yazıçı Yusif Vəzirin bu fikrləri hələ də öz qüvvəsindədir: ”İndiyə qədər Vaqifin həyatına və dövrünə dair ətraflı olaraq bir əsər meydana çıxmamışdır. Yazılanlarda tarixi materiallarla  bərabər bir çox uydurma şeylər var. Buna səbəb ədəbiyyatçılarımızın tarixi materiala elmi olmayaraq yanaşması və tarixçilərimizin fəaliyyət göstərməməsidir. Halbuki Vaqifin dövrünə dair türk, rus və fars dillərində olduqca bol material var. Başlıca qusurlardan biri də materialların ayrı-ayrı əllərdə olub istədikləri kimi şərh edilməsindədir...

Məncə, Vaqifi dövrü ilə bərabər qavramaq üçün dərin bir tədqiqat lazımdır”. 

Haqlı sözə nə deyəsən.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

                                                                                                  

                                                                                              

                                                                                                    

 

 

 

 

 

 

 

 

                           

Ana dili mədəni orijinallıq və ailə əlaqələrinin ən mühüm aspektidir. Ana dilinin qorunub saxlanılması şəxsiyyət üçün həlledici əhəmiyyət kəsb edir və özünü müsbət qiymətləndirmənin formalaşdırılmasına köməklik edir. Dil etnosun unikal eyniləşdirmələrindən biri olaraq, onun üçün olduqca vacibdir.

 

AzərTAC STMEGİ Beynəlxalq Xeyriyyə Fonduna istinadla xəbər verir ki, bu fond əvvəldən cuuri dilinin qorunub saxlanılması və öyrənilməsini əsas vəzifələri siyahısına daxil edib. Fondun prezidenti Qerman Zaxaryevin təşəbbüsü ilə cuuri dilində elektron ədəbiyyat kitabxanası yaradılıb, audiokitablar kolleksiyası artırılır. Dünyanın müxtəlif ölkələrində “Cuuri dili dərsləri” proqramı uğurla reallaşdırılır. Yaxın vaxtlardan cuuri dili dərsləri Bakı sinaqoqunda da keçirilir.

“Cuuri dili dərsləri həftədə iki dəfə keçirilir. Biz aprel ayında kurs açdıq. Müraciət edənlər hələ ki, çox deyil: 5-6 tələbə dil öyrənir. Lakin mən əminəm ki, dilə maraq artacaq. Əsas olan, dilin qorunub saxlanılması, onun inkişaf etdirilməsidir. Mən dağ yəhudiləri dilinin qorunub saxlanılmasına yönələn unikal layihəyə görə Fondun prezidenti Qerman Zaxaryevə təşəkkür etmək istəyirəm”, — deyə cuuri dili müəllimi Elçin Məmmədov qeyd edib.

Latviyadan olan tələbə Aqnesa Svyatska cuuri dili dərsindən təəssüratlarını STMEGİ fondu ilə bölüşüb: “Mən Latviyadan Bakıya bir neçə il bundan əvvəl gəlmişəm. Həyat yoldaşım dağ yəhudisidir, onun atası Qusar şəhərində dünyaya gəlib, dağ yəhudilərinin dilində danışır. Rəfiqəm mənə sinaqoqda cuuri dili dərslərinin keçiriləcəyindən bəhs edəndə, mən çox böyük məmnuniyyətlə yazıldım ki, qaynatam ilə cuuri dilində danışa bilim. Bu dil mənim çox xoşuma gəldi, çünki yox olan dillər kateqoriyasına aiddir, onu öyrənmək və inkişaf etdirmək çox vacibdir. Mən hər həftə dərslərə çox böyük həvəslə gedirəm. Dağ yəhudilərinin dili bir qədər Azərbaycan dilinə bənzəyir, rus sözlərindən də istifadə olunur. Mənə elə gəlir ki, müəyyən səviyyədə Azərbaycan dilini bilməklə, cuuri dilini öyrənmək o qədər də çətin olmaz”.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Bazar ertəsi, 24 İyul 2023 10:00

İlk peşəkar qadın rəssamımızı unutmadıq

Xalq rəssamı Maral Rəhmanzadənin anadan olmasının 107 ili tamam oldu

 

Azərbaycandan çox məşhur rəssamlar çıxıb.  Əzim Əzimzadə, Bəhruz Kəngərli, Tahir Salahov, Toğrul Nərimanbəyov, Səttar Bəhlulzadə, Cavad Mircavadov, Sakit Məmmədov… Bu sırada bir qadın ismi də var, Maral Rəhmanzadə. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, peşəkar rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, Dövlət mükafatı laureatı  olan Maral Rəhmanzadənin ötən gün anadan olmasının 107-ci ildönümü tamam oldu. 

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.

1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan Maral Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib. İnstitutu bitirdikdən sonra Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlib. 1941-ci ildə rəssamın atası “xalq düşməni” elan olunub, altı aydan sonra Daşkənd həbsxanasında vəfat edib. M.Rəhmanzadə Bakıya qayıdaraq yaradıcılıq fəaliyyətini davam etdirib.

Rəssamın “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt–Rustavi” və digər əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş olunub. O, əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.

M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. O, qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.

İstedadlı rəssam kitab qrafikası sahəsində də geniş fəaliyyət göstərib, bədii əsərlərə illüstrasiyalar çəkib. M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.Puşkinin “Yevgeni Onegin” və M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların müəllifidir. M.Rəhmanzadə səfər etdiyi xarici ölkələrin həyatından silsilə qravürlər yaradıb.

Əsərləri xarici ölkələrdə incəsənət sərgilərində (İngiltərə, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan və s.) nümayiş etdirilib. Dəfələrlə Moskvada, Bakıda və Azərbaycanın digər şəhərlərində, eləcə də Şri-Lankada (1958), Kubada (1964) və İranda (1991) fərdi sərgiləri açılıb. “Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.

M.Rəhmanzadə milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medallara, o cümlədən “Şöhrət” ordeninə layiq görülüb.

Rəssam 2008-ci il martın 18-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub. 

Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə mediaya açıqlamasında bildirib.

 

Kənan Quluzadə qeyd edib ki, Qarabağ bölgəsinin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilməlidir ki, biz bu bölgəni, doğrudan da dünya üçün çox cəlbedici bölgə kimi təqdim edək. “İşğaldan azad edilmiş ərazilərin geniş turizm potensialı nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən bir sıra istiqamətdə layihələr reallaşdırılır. Belə istiqamətlərdən biri də Kəlbəcərdi. Burada turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub. Kəlbəcərin çox böyük və zəngin turizm potensialı var. Layihələr çoxdur. İstisuyun bərpası və turistlərin bura cəlb olunması da gündəmdə olan məsələdir”, - deyə Agentlik nümayəndəsi bildirib. 

K.Quluzadə diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərdə turizmin inkişafına müxtəlif yanaşmalar var. Bu, həm rayonlar üzrədir, həm də mövzular üzrə, misal üçün, xalçaçılıq, mətbəxlə bağlı, muğam ilə əlaqəli inkişafdır. Layihələr hələ ki, müzakirə mövzusudur, ancaq artıq bu istiqamətdə ilk addımlar atılıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

Bazar ertəsi, 24 İyul 2023 09:00

“İddiaçılar”ın yerinə “Kapitan”

80-ci Venesiya Film Festivalının açılış filmi niyə əvəzlənib?

 

 

Venesiya Film Festivalından növbəti xəbərimiz var. Festivala Amerika filmlərinin qatıla bilməyəcəyi təhlükəsi barədə sizlərə xəbər vermişdik. İndi də bəlli olub ki, bu il 80-ci dəfə keçiriləcək Venesiya Film Festivalının açılış nümayişi üçün elan edilən İtalyan rejissoru Luka Quadaqninonun “İddiaçılar” filmi festivalda iştirak etməyəcək.

 

“Ədəbiyyat və incəsənət” portalı TASS-a istinadən xəbər verir ki, “İddiaçılar” filminin əvəzinə Venesiya Film Festivalı digər italyan rejissoru Eduardo  De Ancelisin “Kapitan” filminin nümayişi ilə açılacaq. Müharibə mövzusunda olan, batmış düşmən gəmisinin ekipajını xilas edən sualtı qayıq kapitanından bəhs edən “Kapitan” filmi həmçinin festival çərçivəsində təşkil olunacaq əsas müsabiqədə iştirak edəcək. 

Bəs dəyişikliyə səbəb nədir? 

Festivalın rəhbəri Alberto Barbera dəyişikliyin səbənini açıqlamadan “Kapitan” filminin məziyyətlərindın bəhs edib. Onun deyib: 

“Kapitan” filmi olduqca aktual mövzulara toxunur. Kapitan Salvatore Todaro obrazı öz insani hərəkəti ilə hərb sahəsinin qəddar qanunlarlna qarşı çıxır. Todaro həyatda yaşamış təbii personajdır. O, 1942-ci ildə 34 yaşında vəfat edib”, - deyə A.Barbera vurğulayıb.

Burdan belə anlamaq olar ki, müharibə mövzusu hazırda aktual olduğu üçün festivalın açılış filmi də psixoloji trillerdən savaş filminə əvəzlənib. 

Qeyd edək ki, festivalın tam proqramı iyulun 25-də təqdim olunacaq. Müsabiqənin Jürisinə amerikalı rejissor Damien Şazel rəhbərlik edəcək.

Və yenə də təkrarlayırıq: Amerika Kinorejissorlar Gildiyası tətil elan etdiyindən ola bilər ki, amerikalılar Venetsiyaya gəlməsinlər və festival sırf Avropa festivalı olsun!

 

Şəkildə: Rejissor Eduardo de Ancelis təzə xəbərdən çox məmnundur.

 

“Ədəbiyyat və incəsənət”

(24.07.2023)

 

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi Serbiyada keçirilən 30-cu Paliç Avropa Film Festivalında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb.

 

Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmini Avropa Film Festivalının münsifləri cəmiyyətdə yaşanan bir nəslin çəkdiyi acıları göstərən ən yaxşı film adlandırıblar.

Qeyd edək ki, ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, eləcə də quruluşçu rəssam Rafiq Nəsirovdur. Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

Mədəniyyət Nazirliyi tabeliyindəki kitabxanaların kitabxana fondlarını yeni nəşrlərlə zənginləşdirmək məqsədilə “Nəşrlərin satınalınma müsabiqəsi”ni elan edib. Müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni Nazirlik tərəfindən yaradılan Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya həyata keçirəcək.

 

Nazirlik məlumat verir ki, iştirakçılar tərəfindən nəşrlər avqustun 24-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən olunmuş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək. Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən aşağı) olan nəşrlərin satın alınmasına yol verilmir.

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və ya fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

İştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satın alınması göstərilən nəşrlərdən 2 nüsxə Azərbaycan Milli Kitabxanasına təqdim edilməlidir.

Müsabiqəyə aşağıdakı mövzular üzrə son iki ildə çap olunan nəşrlər təqdim edilməlidir:

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Ulu Öndər haqqında çap olunmuş nəşrlər;

Yüksək ədəbi-bədii dəyərə malik bədii əsərlər;

Elmi və elmi-kütləvi ədəbiyyat (təbiət elmləri (kimya, fizika, mexanika, coğrafiya, biologiya, astronomiya və s.), ictimai (sosial) elmlər (tarix, hüquq, fəlsəfə, psixologiya, iqtisadiyyat, linqvistika, politologiya, antropologiya, etika və s) texniki (tətbiqi) elmlər (kompüter mühəndisliyi, süni intellekt, kənd təsərrüfatı, ekologiya və s.);

Uşaq ədəbiyyatı;

Milli adət və ənənələr, bayramlar, tarixi rəmzlər və toponimlər barədə nəşrlər;

Azərbaycan etnoqrafiyası və milli-mədəni irsinə aid nəşrlər;

Vətən müharibəsinə aid yüksək məzmuna malik nəşrlər;

Görkəmli ədəbiyyat, incəsənət və ictimai xadimlər haqqında araşdırmalar və memuarlar.

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satın alınması nəzərdə tutulan nəşrlər barədə yekun siyahı tərtib edilir. Komissiya tərəfindən seçilən nəşrlərin satın alınması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcəkdir.

Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və Azərbaycan Milli Kitabxanasına təhvil verilir.

Müsabiqə və Komissiyanın fəaliyyəti ilə bağlı müəyyən edilmiş meyarlarla aşağıdakı linklərə daxil olaraq tanış olmaq mümkündür:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə nəşriyyat və çap məhsullarının istehsalı, buraxılışı və satın alınmasına dair Meyarlar (https://culture.gov.az/medias/media/other/720/neshrlere-dair-meyarlar.pdf)

Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiyanın fəaliyyətinə dair Meyarlar https://culture.gov.az/medias/media/other/721/komissiyaya-dair-meyarlar.pdf)

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

 

“Ədəbiyyat və incəsənət” portalı Hümbət Həsənoğlunun “Dilək” adlı essesini təqdim edir. 

 

İstəyirəm, səni götürüb aparım Parisə! 

Əvvəl gedərik Paris Notr Dam kilsəsinə, dua edib, adama bir şam yandırarıq. Sonra səni qaldıraram Eyfel qülləsinə, oradan ayağına sərilmiş Parisə baxarsan, onu sənə hədiyyə edərəm. Sonra Tüleri bağında nahar edərik. Bir az Luvr muzeyində gəzişərik. Mütləq Mona Lizanın sirli təbəssümünə təbəssümlə də cavab verərik. Axşam Parisin və dünyanın ən gözəl küçəsi olan Şanzelizedə qol-qola gəzərik. Orda sənə bir qızılgül alaram, səni sevdiyimi etiraf edərəm.

Elə həmin küçədə yerləşən Mulen Rujda tamaşaya baxa-baxa şam edərik. Gecə də Parisin səmasındakı aya tamaşa eləyərik. 

Səni təəccübləndirmək üçün deyərəm ki, bu elə bizim Azərbaycanımızın ayıdır, buralara da işıq salır. 

Səhər reysi ilə də Bakıya qayıdarıq…

 

P.S. Arzuya bax, sevgilim…

 

“Ədəbiyyat və incəsənət”

(21.07.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.