Super User

Super User

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

 

Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

Xəbər verdiyimiz kimi, mayın 12-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. Təntənəli mərasim “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Şuşa şəhərində gerçəkləşib.  

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüraliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və türk dövlətlərindən rəsmilər, incəsənət ustaları və kollektivləri iştirak ediblər. 

Mərasimdə mədəniyyət naziri Adil Kərimli çıxış edib. Maraqlıdır, mədəniyyət nazirimiz hansı məsələlərə toxunub? 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə nazir qonaqları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada salamlamaqdan məmnunluğunu dilə gətirib.

Bildiri  ki, bu il Azərbaycan və türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngindir. Belə ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli lideri, türk dünyasının əvəzsiz liderlərindən biri olan Heydər Əliyevin 100 illik yubileyi geniş təntənə ilə qeyd olunur və bununla əlaqədar 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş, Türkiyə Cumhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi türk dünyasında böyük təntənə ilə qeyd olunur. Fürsətdən istifadə edərək, bütün TÜRKSOY ailəsini bu münasibətlə təbrik edirik.

Nazir qeyd edib ki, Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi türk dünyası tərəfindən Şuşaya olunan xüsusi ehtiramın təzahürüdür.

Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan bir şəhərdir. Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir.

Ulu öndər Heydər Əliyev deyirdi ki, “Şuşa, Azərbaycanın gözüdür! Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir! Şuşa hamı üçün əzizdir”.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev xalqımızın mədəniyyət mərkəzi olan Şuşaya və xalqımızın mədəni irsinin qorunmasına xüsusi önəm verirdi.

Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

30 illik erməni işğalı dövründə Şuşa, o cümlədən Azərbaycanın 20 faiz ərazisi dağıdılmış, talan edilmişdir. İşğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri, qəbirüstü abidələr və digər mədəni irs nümunələri erməni vandalizminə məruz qalmışdır.

Nəhayət, 30 illik işğaldan sonra, 2020-ci il 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edərək türk dünyasına möhtəşəm Zəfər yaşatmışdır.

Şuşanı azad görmək Heydər Əliyevin ən böyük arzularından biri olub. Bərpa olunmuş Şuşa məscidlərində 2 gün öncə səslənən azan Şuşaya yenidən Azərbaycan mədəniyyəti və mənəviyyatının qayıdışının rəmzidir.

Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsimizin bərpası istiqamətində geniş işlər həyata keçirilir:

"Əsası 1989-cu ildə qoyulan və işğal səbəbindən uzun illər keçirilə bilməyən "Xarıbülbül" festivalı azad Şuşada artıq 3-cü ildir təşkil edilir. Vaxtilə Sovet İttifaqı ölkələri kimi təmsil edilən qardaş türk dövlətləri artıq bu festivalda müstəqil dövlətlər kimi iştirak edir. Üç gün davam edən festivalın dünən bağlanış mərasimini dost respublikaların nümayəndələri ilə birgə keçirdik".

Adil Kərimli deyib ki, türk dövlətləri birliyinin möhkəmləndirilməsi və türk dövlətlərinin bir-birinə bağlanmasında mədəniyyətin başlıca rolu var. Bu faktı nəzərə alan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin TÜRKSOY-un yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. Siyasi fəaliyyətinin hər bir dövründə Türk dünyası birliyinin təmin olunması, mədəni əlaqələrin genişləndirilməsi, türk dövlətlərinin inteqrasiyası, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi Ulu öndər Heydər Əliyevin ən ümdə məqsədlərindən biri olmuşdur.

Artıq 30 ildir fəaliyyət göstərən TÜRKSOY bu gün beynəxalq aləmdə nüfuzlu təşkilata çevrilmişdir. Səmərəli və məhsuldar fəaliyyəti ilə TÜRKSOY xalqlarımızın öz tarixi-mədəni köklərinə bağlı qalmasına və qarşılıqlı inteqrasiya proseslərinə davamlı töhfələr verməkdədir.

Qeyd edim ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, geniş tədbirlər planı hazırlanmışdır.

Bununla əlaqədar oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur. Forum coğrafiyamızda mədəniyyət üçün çalışan bütün maraqlı tərəfləri bir araya gətirməyi və birgə mədəniyyətimizin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. İnanıram ki, Azərbaycanın bu təşəbbüsü həm bizim həmkarlar, həm beynəlxalq təşkilatlar, həm də elmi dairələrimiz və yaradıcı sənayelərimiz tərəfindən dəstəklənəcək.

Əminəm ki, Şuşada baş tutacaq Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək.

Nazir çıxışının sonunda tədbirin keçirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, TÜRKSOY Katibliyinə, əlaqədar müvafiq qurumlara və əməyi keçən hər bir kəsə təşəkkürünü bildirdi.

 

Və sonda qısa olaraq digər çıxışçılara da toxunaq.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimiz tərəfindən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri haqqında danışdı. Bildirdi ki, Şuşada mədəni infrastrukturun yaradılması da diqqətdə saxlanılır.

TÜRKSOY-un baş katibi Sultan Raev Şuşanın tarixən Azərbaycan və bütövlükdə türk dünyasına bəxş etdiyi ədəbiyyat və mədəniyyət xadimlərindən danışdı. O, Şuşanın mədəni zənginliklərinin təbliğinə həmişə diqqət yetirəcəklərini diqqətə çatdırdı.

Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüralıyev türk dövlətləri arasında əlaqələrin əhəmiyyətindən, bu kontekstdə mədəniyyət amilinin zəruriliyini vurğuladı. O, türk dövlət başçılarının son illər çox vacib qərarlar qəbul etdiklərini bildirdi.

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu ata yurdunda olmağından məmnunluğunu dilə gətirdi. TÜRKSOY-un yaranması və fəaliyyəti haqqında məlumat verdi.

Sonra TÜRKSOY-un mükafatları təqdim olundu.

Daha sonra konsert proqramı təqdim edildi.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar TÜRKSOY-un baş katibi Sultan Raevə Bəxtiyar Vahabzadə mükafatını təqdim etdi.

Qeyd edək ki, 2022-ci il 31 mart tarixində Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY üzv ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.

Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimovanın “Heydər Əliyevin gücü, yaxud özünəqayıdışın Cavid intibahı” adlı məqaləsini təqdim edir.

 

 

 

Heydər Əliyev siyasətinin məfkurəçilik, türk əxlaqına xidmət ruhu 1982-ci ildə daha bir müdhiş hadisə ilə nəhayətsiz miqyas aldı. Böyük Azərbaycan şairi Hüseyn Cavidin nəşinin Sibir çöllərindən vətənə gətirilməsi haqda sərəncam verdi Heydər Əliyev. Azərbaycanın Cavid ideyalarına doğru hərəkət dövrü belə başladı.

                  

Həsrət, səni mərd yıxdı ki, sən insafa gəldin,

Qırx ildi gəlirdin, gəl, a Cavid, səfa gəldin.

 

Fikrət Qoca bu misraları həmin dönəmdə və həmin mötəbər hadisə münasibətilə qələmə almışdır. Bu şeirdə Heydər Əliyevin obrazı “mərd”lik rəmzi kimi xarakterizə olunur. “Həsrət, səni mərd yıxdı ki, sən insafa gəldin”… Amma nəyin həsrəti? Axı söhbət 1937-ci ilin repressiya dalğasının güdaza verdiyi faciə qəhrəmanından gedir. Dövrün tədqiqatçıları bu məqamı dönə-dönə vurğulayırlar: “İstər klassik, istərsə də müasir Azərbaycan yazıçılarının bir çoxunun yenidən böyük ədəbiyyata qaytarılması məhz Heydər Əliyevin iradəsi, qətiyyəti və nüfuzu sayəsində mümkün olmuşdur. 1937-ci il yazıçılarının böyük bir qismi 1956-cı ildə formal surətdə bəraət alsa da, onların ədəbiyyata dönüşü, ədəbiyyatda öz layiqli yerlərini tutması məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur” (Vilayət Quliyev).

Haqlı fikirdir, 1956-cı ildə bəraətlər verilmişdi. Amma bu bəraətlərdən sonra belə repressiya olunmuş yazıçılarımızın irsinə münasibətdə durulma tam şəkildə bərqərar olmamışdır. Onların yaradıcılığının təhlil və təqdimində 1937-ci ilin хofu hələ də qorunurdu. Məsələn, 1958-ci ildə Əhməd Cavadın kitabına ön söz yazan Məmməd Rahim şairi hələ də zəhmətkeş adamlardan, onların həyatından yazmadığına, daha çox pessimist əhvalın üstün olmasına görə qınayırdı.  Yaxud  Əhməd Cavadın həyat və yaradıcılığını tədqiq etmiş filologiya elmləri doktoru Əli Saləddin şairin 1992-ci ildə “Seçilmiş əsərləri”nin ikicildlik nəşrini hazırlayanda oxucuya təqdim edilən stenoqramları özünəməxsus şəkildə ixtisar etmişdi. Əziz Mirəhmədovun, Kamal Talıbzadənin və b.-nın da tədqiqatlarındakı mübahisəli baxışları bura əlavə etsək, bəraətin yalnız kağız üzərində qaldığı təsəvvürü yaranırdı. Rəsmi sənədlər üzərində bəraətlər verilib, amma düşüncədə hələ də repressiya havası, qorxusu, ürpərtisi, həyəcanı davam edirdi.

1982-ci il. Sovet dövrü hələ bitməmişdi, heç buna işarələr belə yox idi. Dildə repressiyaya məruz qalanlar haqda gerçəklər tuğyan edirdi, amma kağız üzərində yanlış elmi-ədəbi yalanlar meydan sulayırdı. Çünki xof hələ çəkilməmişdi, ideoloji yanlışlığa uğrama qorxusu gerçəklərdən hələ daha öndə idi. Heydər Əliyev bu addımı ilə gerçəyi qorxulardan önə çıxartdı, Cavidin nəşini vətənə qaytarmaqla  elə ilk növbədə, qorxunun üzərindəki örtüyü götürüb atmağa müvəffəq oldu. “Cavidə qayıdış” məqaləsində Azər Turan yazır: “Biz 37-ci ili xatırlamırıq. Biz onu xatırlaya bilsəydik, Azadlıq barədə bir belə nikbin danışa bilməzdik. Biz 37-ci ildən sonra doğulmuşuq. Amma hamımız, şair demişkən, 37-də tutulmuşuq. Xatirələrimizin və genetik yaddaşımızın qolundakı qandalı isə 1982-ci ilin 26 oktyabrında açdılar. Biz 1982-ci ilin 26 oktyabrında azadlığa buraxıldıq”.

“Ədəbiyyat qəzeti”nin “Repressiya dalğası: gerçək və gizlinləri ilə” adlı “müzakirə saatı”nda tədqiqatçı Cəlal Qasımovun bu fikirləri ilə razılaşmamaq olmur: “Bəraət dövründə – 56-cı ildən sonra udanlar və uduzanlar oldu. Fikrimcə, Cavid uduzanlar siyahısındadı,  R.Axundov, V.Xuluflu isə udanlar. Əvvəla, sual edirəm ki, Cavid 37-də güclü idi, yoxsa 56-da? 37-də Cavid türkçü kimi, turançı kimi böyük idi. 56-da isə ona bir sovet mundiri geyindirib kiçiltdilər. “Cavid və oktyabr inqilabı” adlı yazılar yazıldı. Əlbəttə, o dövrdə Cavid bəraət almasaydı, 4 cildliyi çıxmayacaqdı, haqqında danışılmayacaqdı, dərsliklərə düşməyəcəkdi, haqqında monoqrafiyalar yazılmayacaqdı. Lakin bütün bu proses onun dilinə, üslubuna toxunulmaqla həyata keçdi. Məncə, bu reabilitasiya Cavidin sovet hökumətindən intiqamı deyildi. Sistemin özünün özündən intiqamı idi. Məncə, Cavidin bəraəti onun Sibirdən dönüşü ilə başladı. Cavidin dönüşü, əslində, Cavidə dönüşün başlanğıcı oldu. Nə idi  Cavidə dönüş? Cavidə dönüş türkçülüyə dönüş, turan əxlaqına dönüş, Cavidə dönüş sufi təfəkkürünə dönüş, mili-mənəvi əxlaqi dəyərlərə dönüş idi”.

1982-ci ildə Cavidin qayıdışı ilə milli mədəniyyətin yeni epoxası başladı. Bu həm də Heydər Əliyev siyasətinin 1969-cu ildən bəri xalqın mənəvi dirçəlişinə, ictimai özünüdərk və milli təfəkkür oyanışına doğru addım-addım gəldiyi yolun qanunauyğun sonucu kimi meydana çıxır. Heydər Əliyevin meydana qoyduğu bu miqyassız iş poeziyada izini qoymadan ötmür. Bəxtiyar Vahabzadə nəfəsinin poetik qatında özünə yer alır:

 

Yanar sinəsiylə buz qıranların,

Haqq səsi, dağ səsi tutub dünyanı.

Səni torpağına qaytaranların

Ömrü uzun olsun, torpağın sanı.

 

Mirvarid Dilbazinin odlu misraları mənzərəni duyub tanımağa imkan verir: 

 

Sağ ol, xalqımızın igidi, mərdi!

Bu, bir şücaətdi, bu, bir hünərdi.

Getdi sinəmizdən Cavidin dərdi,

Unutmaz bu haqqı millətin sənin.

 

Əhsən kamalına, əqlinə əhsən!

Bir xalqın oğlusan, demirəm təksən.

Sən xalqa endikcə yüksələcəksən,

Adi xidmət deyil xidmətin sənin.

Cavidin nəşinin niyə məhz Naxçıvanda basdırılması da ayrı özəlliyi ilə diqqət çəkir. Nəriman Həsənzadənin xatirələrində buna əmin oluruq: “Bir də Təbriz nisgili var idi Heydər Əliyevin. Hüseyn Cavidin nəşini uzaq Sibirdən vətənə gətirmişdi. Cavidi niyə Naxçıvanda basdırmaq istədi, burda yox? Söhbət gedirdi bu barədə həmin ərəfələr. Mən yanında durmuşdum, kimlərləsə söhbət edəndə dedi, elə Naxçıvan yaxşıdı ki, Təbrizdən gələndə onu ziyarət eləyib gələcəklər. Bura qədər dərin düşünürdü Heydər Əliyev”.

Cavidlə bağlı missiya bununla yekinlaşmır. Həmin vaxt  Heydər Əliyevin göstərişi ilə Naxçıvanda Hüseyn Cavidə məqbərə tikilməsi qərara alınır. Lakin 1982-ci ildə respublikadan gedəndən sonra bu yöndə heç bir iş görülmür. Liderin 1993-cü ildə ölkəyə rəhbər kimi qayıdışından sonra işlərə yenidən təkan verilir. Naxçıvanda Hüseyn Cavidin əzəmətli məqbərəsi hazırlanır. Məqbərədə Cavidlər ailəsi – Cavidin, Müşgünaz və Ərtoğrulun məzarları yan-yana uyuyur.

Açılış 1996-cı ildə, oktyabrın 29-da baş tutur. Bütün ölkə elitasının, ədəbi ictimaiyyətin diqqəti bu hadisəyə köklənir. Açılışdan az sonra Xalq şairi Məmməd Araz prezidentə həyəcan və ehtiramla dolu məktub ünvanlayır: “Sizi təbrik edirəm, möhtərəm prezident Heydər Əliyev, siz, dahi Cavidin cənazəsini, obrazlı desək, dünyanın axırından çiyninizdə Bakıya gətirməklə kifayətlənmədiniz; onu yenidən çiyninizə götürüb doğulduğu yurda gətirdiniz. Onu Müşgünaz xanımla və Ərtoğrulla birlikdə bir nur odasına tapşırdınız. Siz bu əməlinizdən nə qədər məmnunsunuz. Naxçıvanda keçən təntənəli günlərdə buna şahid olduq. Siz bu yüksək əməllərin birinci müəllifisiniz!”

Xəlil Rza Ulutürk “Gündəliy”ində Heydər Əliyevin bu addımını qəhrəmanlıq kimi səciyyələndirir: “Mən dahi Hüseyn Cavidimizin cənazə qalıqlarının ən uzaq məsafədən, Sibir qəbiristanından qatarla və təyyarə ilə Bakıya gətirlməsini, respublika ictimaiyyətinin diqqətində dayanmasını və təntənəli biçimdə şairin öz vətənində, Naxçıvanda torpağa tapşırılmasını, Molla Pənah Vaqifin məqbərəsi və heykəlinin Şuşada, ən yırtıcı düşmənin dar gözləri qarşısında ucaldılmasını və bu mərasimin böyük milli bayram kimi qeyd olunmasını, əzəmətli Respublika sarayının yaradılmasını, bu cür yüzlərcə təşəbbüs və tədbirləri də Heydər qəhrəmanlığı anlayışına daxil edirəm”.

Zəlimxan Yaqub məqbərənin təntənəli açılış mərasimində “bu türbən mübarək olsun, bu qeyrətə eşq olsun”, – deyə Heydər Əliyevin Cavidlə bağlı gördüyü işləri poeziyanın dili ilə əbədiləşdirdi:

 

Ulu qüdrət olan yerdə yeri yoxdur dərd-azarın,

İşığına yığışmışıq bir türbədə üç məzarın.

Sən Allahın dostusanmış, son səfərin, son güzarın,

Vətən adlı Məkkə oldu, hac oldu, Cavid əfəndi.

Ləyaqətin bu millətə tac oldu,  Cavid əfəndi.

 

Bu şeir nümunələri və fikirlər, əlbəttə ki, görülən işin heyranlığı qarşısında dillənən poetik rübabın səsi idi. Amma bir də Turan Cavid vardı. Cavidlər ailəsinin son yadigarı... Turan xanımın xatirəsində Heydər Əliyevin obrazı – Cavid sevgisi, sevinci, heyranlığı, qədirbilənliyi və ən əsası, Cavid duyumu ilə daha işıqlı, daha gerçək mahiyyəti ilə sərgilənir. Həmin sevgini görmək üçün Azər Turanın “Cavidnamə” kitabında yer alan, müəllifin Turan Cavidlə olan söhbətinə istinad etməyin məqamıdır: “Аçılışа хüsusi təyyаrə ilə getdik. Təyyаrədə hаmıylа görüşdü, öz kаbinəsinə getdi və məni dəvət etdi. Şəkil çəkdirdik. Cavidin əsərlərinin sаyı ilə mаrаqlаndı. Cavid hаqqındа çох mаrаqlı fikirlər söylədi. О, Cavidi bilirdi. 1983-cü, 1984-cü illərdə də mən bunun şаhidi оlmuşdum. 1983-cü ildə Mоskvаdаn yаydа istirаhət üçün Bаkıyа gəlmişdi. 1983-ün 24 sentyаbrındа Аzdrаmаdа “İblis”ə bахmаğа gəldi. О gün аktyоrlаr çох gözəl оynаyırdılаr. Tаmаşаdаn sоnrа müzаkirədə əsəri elə dəqiq təhlil elədi ki... Zаrаfаtındаn dа qаlmаdı. Dedi ki, indi məndən sоruşsаlаr ki, İblisi görmüsən, cаvаb verərdim ki, bəli, – Hаmleti göstərib – İblis belə оlаr, – dedi. İkinci dəfə 1984-cü ildə, sentyаbrın 15-də Rus Drаm Teаtrındа “Şeyх Sənаn”а bахdı, rəhmətlik Zərifə хаnımlа birgə. I hissədən sоnrа məni qоnаq оtаğınа çаğırdı və içəri girən kimi “tаmаşаdа bir neçə оbrаzı iхtisаr ediblər”, – söylədi. Düz deyirdi. Sоnrа isə musiqidən dаnışdı. Fikrətin musiqisini çох təriflədi və kоrərəbin mаhnısını ifа elədi, sözləri və melоdiyаnı dəqiq ifа edirdi. Təəccüb ediləcək bir hаl idi. Drаmаturgiyаnı yахşı bilirdi, duyurdu. О, Cavidi Şekspirlə deyil, Höte ilə müqаyisə etməyin tərəfdаrıydı. “Fаust”lа “İblis”i müqаyisə edirdi.

Əliyev, umimiyyətlə, Cavidə qаrşı çох həssаsdı. Həttа 1997-ci ildə məqbərəni оktyаbrın 14-də – Ərtоğrоlun rəhmətə getdiyi gündə ziyаrət etmişdi.

– Bu, bir təsаdüf deyildi?

– İnаnmırаm ki, təsаdüf оlsun.

– Qаyıdаq məqbərəyə...

– Məqbərənin lentini kəsdi, gələn qоnаqlаr, vəzifə sаhibləri ətrаfımızdаydı, pillələri qаlхаndа Heydər Əliyevə: “İkimizdən bаşqа heç kəs içəri girməsin. Bu, ikimizin hаqqıdı», – dedim. Hаmı аyаq sахlаdı və biz içəri girdik.

Məqbərənin аçılışındаn sоnrа ziyаfət verdi. Ziyаfətdə Şаhmаr Əkbərzаdə “Yаs içində tоy” şeirini охudu. “Kəcаvən mübаrək, tоyun mübаrək, məzаrdаn məzаrа gəlin köçürsən” misrаlаrı Əliyevə çох təsir etdi. Yаnаşı оturmuşduq. Bir dаhа оnа təşəkkür edəndə: – “Bаşqа cür оlа dа bilməzdi”, – dedi.

Muzeyin аçılışındа dа belə оldu. Burа yаlnız оnu dəvət etdim. Yegаnə muzeydi ki, аçılışınа Heydər Əliyev tək gəlmişdi. Cavidin аd günündə, 120 illiyinin tаmаm оlduğu gün. Bu, çох səmimi bir görüş оldu... Yəqin ki, hər bir kəsi Аllаh Yer üzünə bir işdən ötrü gətirir. Görünür, Cavidin məzаrını Vətənə köçürmək üçün bu аdаm I kаtib оlmаlıydı. Məqbərənin də, muzeyin də аçılmаsınа о, uşаq kimi sevinirdi, fərəhlənirdi”.

Belə... Oktyabr yalnız böyük Cavidin doğum tarixi ilə bağlı deyil, həm də  onunla eyni bütövlükdə assosiasiya verən Heydər Əliyev xidmətinin yad olunduğu zaman vahididir. Türk ruhunu, turan sevdasını  uca tutub ən kəskin zaman aşamalarından zədəsiz çıxaran bu iki dahi şəxsiyyətin ömür bioqrafiyası milli varlığımızın idrak məqamıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

 

Bazar ertəsi, 15 May 2023 10:15

“Nəğmə qapısı” qapısını açdı

Bu günlərdə şair, yazıçı, publisist, AYB Gəncə təşkilatının məsləhətçisi Aləmzər Əlizadənin lirik şerlər, uşaq şerləri, hekayələr, povest və pyeslərdən ibarət “Nəğmə qapısı” adlı yeni kitabı işıq üzü görüb.  

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Elm və Təhsil” nəşriyyatında çap olunan kitabın redaktoru şair Aydın Murovdağlıdır.

Xatırladaq ki, bundan əvvəl müəllifin ölkədə və ölkə hüdudlarından kənarda sayca on altı  ("Sarı eynək", "Küsən güllər", "Şəfəqin sırğaları", "Ətirli kəpənək", "Ülviyyənin kitabı", "Göyün işığı", "Adımdan danışıram", "Gözdən çıxan qara tikan", “Pyeslər", "Fələk və mən", "Son çiçək", "Şəffaf hörüyün rəfiqələri", "Seçilmiş əsərlər II cild", "Кого ищет луна", "Четыре рассказа", "Anatağın ay yuxusu") kitabı işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

 

Biz biznesdə, peşə fəaliyyətində uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablardan 10-na nəzər yetirdik. İndi də gəlin, ümumiyyətlə adi insanı uğurlu insana çevirən, insanın düşüncə tərzini, adət və xasiyyətini, xarakterik cəhətlərini dəyişən ən populyar kitablardan 10-na nəzər yetirək.

 

Beləliklə, seçilən növbəti 10-luğu sizlərə təqdim edirəm.

 

1-5-ci yerləri ötən günlərdə sizlərə təqdim etmişdik. Bu dəfə 6-cı yerlə tanış olun.

 

 

 

1.Entoni Robbins. «Özündə nəhəngi oyat»

 

2.Robin Şarma. «Titulsuz lider»

 

3.Bodo Şefer. «Qaliblərin qanunları»

 

4.Tom Piters. «Özünü brendə çevir»

 

5.Con Maksvell. «Uğurlu insanlar necə düşünür”

 

 

 

 

6.Marşal Qoldsmit. «Başından uca tullan»

 

Dünyanın ən böyük biznes liderlərinin məsləhətçisi olan Marşal Qoldsmitin bu kitabı mahiyyətcə çox paradoksaldır. O, həyatda uğur qazanmaq istəyən insanlara yox, artıq uğur qazanmış insanlara həsr olunub. O insanlara ki, onlar can atdıqları hər şeyə çatıblar, özləri ilə qürur duya bilirlər.

 

Bəs belə insanlar nədən narahat olsunlar ki? Müvəffəqiyyətdən baş gicəllənməsinin qurbanı olmaqdan!

 

Marşal Qoldsmitə görə, pik nöqtəyə çatan insanlarda əksərən «daxili kartı» itirmək sindromuna rast gəlinir. Özündənrazılıq, özündən müştəbehlik elə bir həddə çatır ki, belə insanlar daha öz hərəkətlərinə görə hesabat vermir, cəmiyyətlə hesablaşmırlar. Başqalarının rəylərinə daha ehtiyac duymur, təkmilləşməyə, öyrənməyə, inkişafa daha maraq göstərmirlər. Beləcə də yerlərində saymağa başlayırlar. Amma bu da hələ hamısı deyil. Yerində saymaqdan sonra mütləq geriləmə, qazanılanların itirilməsi fazasının gəlməsi labüddür.

 

Marşal Qoldsmit müvəffəqiyyətdən başın gicəllənməməsi yollarını göstərir və oxucusunu da əmin edir edir ki, bu yazılanlara əməl etsə o, mütləq başından uca tullana biləcək!

 

Müəllifin əsər boyu aşılamaq istədiyi odur ki, əvvəlki uğurlar elə bir an gəlir ki, insana daha böyük uğurlar əldə etmək üçün maneçilik törətməyə başlayır. Bundan qaçmaq çox vacib və zəruridir. Uğur qazanmaqla gələn mənfi, zərərli vərdişlərdən qopmağın Qoldsmit qaydaları çox effektivdir, bunu öz üzərilərində yüzlərlə  biznes liderləri təcrübədən keçiriblər.

 

Təsadüfi deyil ki, «Forbes» bu şəxsi dünyanın yüksək idarəetmə sisteminin ən nüfuzlu 5 mütəxəssisindən biri adlandırıb.

 

«The Wall Street Journal» isə onu dünyanın 10 ən dahi biznes-kouçundan biri elan edib.

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(15.05.2023)

 

 

 

 

AZƏRBAYCAN ƏDƏBİYYAT MƏRKƏZİNİN FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universiteti tərəfindən bu ali məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı “Heydər Əliyev və müstəqillik” adlı birgə tədbir təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, əvvəlcə universitetin prorektoru, professor Bahadır Xalıqov Özbəkistan-Azərbaycan münasibətləri, ölkələrimiz arasındakı tarixi, mədəni yaxınlıq barədə tədbir iştirakçılarına məlumat verib. O, Ulu Öndərin Azərbaycanın müasir dövlətçiliyinin əsasını qoyduğunu qeyd edərək, Heydər Əliyevin biliyə, elmə və texnologiyaya böyük əhəmiyyət verdiyini bildirib. Prorektor Heydər Əliyev Fondunun hökumətin həyata keçirdiyi təhsil siyasətinə güclü dəstək verdiyini və “Yeniləşən Azərbaycana yeni məktəb” kimi layihələr çərçivəsində ölkədə yüzlərlə məktəb binasının inşa edildiyini vurğulayıb.

Sonra Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi Kərimulla Məmmədzadə Ulu Öndərin Azərbaycan xalqının taleyində oynadığı roldan söz açaraq, bugünkü qüdrətli Azərbaycanın Heydər Əliyevin əsəri olduğunu vurğulayıb. O deyib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti bir məktəbdir. Gənc nəslin nümayəndələri bu məktəbdən yetərincə faydalanmalıdır. Onun nitqlərində yer alan ümumbəşəri hikmətamiz fikirlər hər bir vətəndaş üçün qiymətlidir”. 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Heydər Əliyev İli” ilə bağlı layihələrindən söz açan K.Məmmədzadə artıq bu sahədə bir neçə böyük tədbirin, konfransların, dostluq konsertlərinin təşkil olunduğunu, Özbəkistanda “Heydər Əliyev – 100” poçt markasının buraxıldığını, həmçinin Ulu Öndərin hikmətamiz fikirlərinin özbək və türk dillərinə tərcümə olunaraq artıq nəşrə hazırlandığını vurğulayıb. 

Universitetin kafedra müdiri, professor Nurbay Cabbarov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elm və təhsilin inkişafına böyük diqqət ayırdığını və bu sahələrin inkişafı üçün müasir prinsiplərə cavab verən addımlar atdığını söyləyib. O, müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndərin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi islahatların qlobal xarakter daşıdığını və bu islahatların ölkənin hazırkı rəhbərliyi tərəfindən inamla davam etdirildiyini bildirib.

Daha sonra professor Səadət Muxammedova və dosent Gülbahar Aşurova çıxışlarında Heydər Əliyevin Azərbaycan dilinə vermiş olduğu böyük əhəmiyyətdən və dəyərdən söz açaraq, müasir Azərbaycan dilinin bir dövlət dili kimi formalaşmasında, güclənməsində Ümummilli Liderin xüsusi xidmətlərindən bəhs ediblər. 

Bədii hissədə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sözügedən universitetdə yaradılmış Məhəmməd Füzuli adına Azərbaycan ocağının tələbələrindən ibarət “Füzuli dilbəndləri” qrupunun üzvləri Heydər Əliyev və Azərbaycan haqqında şeirlər səsləndiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

 

Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbirlər davam etməkdədir.

 

AzərTAC xəbər verir ki, təntənəli mərasimlərdən biri klassik musiqinin beşiyi hesab edilən Vyana şəhərində baş tutub. Şəhərinin mərkəzində yerləşən “Konzerthaus” mədəniyyət evinin Böyük Zalında Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş qala-konsert və sərgi keçirilib.

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkil etdiyi qala-konsertdə Avstriya rəsmiləri, Vyanada akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycanın bir sıra Avropa ölkələrindəki səfirləri, Avstriyada yaşayan soydaşlarımız və musiqisevərlər iştirak ediblər. Konsert dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb və proqramda Cüzeppe Verdi, Fikrət Əmirov, Cakomo Puççini, Qara Qarayev, Niyazi, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli, Ruqqero Leonkavallo və digər bəstəkarların əsərləri yer alıb.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Sahib Paşazadə və Afaq Abbasova, gənc ifaçılar Atəş Qarayev və Daria Rıbak, Berlin və Vyana Dövlət Operalarının solisti Etiyen Dupui Azərbaycan və italyan operalarından ariya, duet və tersetlər, eləcə də bəstəkar mahnıları ifa ediblər. Yusif Eyvazovun Fikrət Əmirovun “Sevil“ operasından Balaşın ariyası, Afaq Abbasovanın ifasında həmin bəstəkarın “Azərbaycan elləri” mahnısı, Atəş Qarayevin ifasında isə Asəf Zeynallının “Ölkəm” romansı alqışlarla qarşılanıb. Daria Rıbak və Etiyen Dupui isə italyan bəstəkarlarının operalarından ariyaları yüksək məharətlə ifa ediblər.

Konsertdə Azərbaycan tarında səslənən əsərlər böyük maraqla qarşılanıb. Azərbaycan bəstəkarları Vasif Adıgözəlovun “Qərənfil” əsəri və Həsən Rzayevin “Çahargah“ rapsodiyası Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadənin təqdimatında tamaşaçıları heyran qoyub. Dünyaşöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin bəstələdiyi “Dəniz” kompozisiyası orkestrin müşayiəti ilə onun ifasında tamaşaçılarda xüsusi xoş ovqat yaradıb.

Konsert Azərbaycan milli ruhunun klassik üslubda ən parlaq təzahürlərindən biri olan, rəngarəng melodiyalarla zəngin “Azərbaycan kapriççiosu” əsəri ilə yekunlaşıb.

Konsertdən sonra “Konzerthaus” mədəniyyət evinin Votruba salonunda ”Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda sərginin açılışı olub. Sərginin açılışında Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, xüsusilə isə Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyəti müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və ölkənin siyasi, iqtisadi və mədəni inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun siyasi iradəsi, bacarığı və müdrüklüyü sayəsində Azərbaycan öz dövlətçiliyini qoruyub saxlaya bildi və bu gün Ümummilli Liderin qurduğu bünövrə üzərində müasir Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. 

L.Qasımova qala-konsertin ərsəyə gəlməsinə dəstək göstərən bütün tərəfdaşlara, xüsusilə yorulmaz xidmətinə görə Xalq Artisti Yusif Eyvazova, Əməkdar artist Fuad İbrahimova və bütün yaradıcı heyətə minnətdarlığını ifadə edib, eləcə də Azərbaycan məhsullarının təqdimatına görə “Savalan” şirkətinin rəhbərliyinə təşəkkür edib.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxışında Ulu Öndərin dünya siyasətində tutduğu yerə nəzər salıb, onun Azərbaycan dövlətçiliyi üçün göstərdiyi fəaliyyətdən bəhs edib. Qeyd edilib ki, müasir Azərbaycan tarixinin hər bir mərhələsi, eləcə də Azərbaycan mədəniyyətinin inkişafı Ulu Öndər Heydər Əliyevin irsi ilə sıx bağlıdır. Heydər Əliyevin təbirincə desək, Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının Dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək onun bütün ömrünün məqsədi olub.

Səfir bildirib ki, Heydər Əliyevin yürütdüyü siyasət Azərbaycanın mədəniyyətini, musiqisini və adət-ənənələrini azərbaycançılıq ideyalarını ölkə hüdudlarından da kənarda yüksək səviyyədə ifadə edən bir gücə çevirdi.

R.Sadıqbəyli həmçinin diqqətə çatdırıb ki, 10 illik yubileyi də qeyd edilən Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyətinin və musiqisinin Avstriyada tanıdılmasında mühüm rol oynayır.

“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusuna həsr olunmuş bu sərgidə onun hakimiyyətdə olduğu dövrlərdə incəsənət xadimləri ilə şəkilləri, ölkənin aparıcı mədəniyyət obyektlərinin açılışında iştirakı, eləcə də onun təşəbbüsü ilə təşkil olunmuş mühüm mədəni-kütləvi tədbirlərdən fotolar nümayiş olunub. Sərgi tamaşaçılara Heydər Əliyevin Azərbaycan mədəniyyəti, musiqi, teatr və kino sənəti, eləcə də incəsənətin digər sahələrinə göstərdiyi diqqət və qayğı barədə dolğun təəssürat almağa imkan yaradıb.

Sərgi ziyafətlə davam edib.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

Bazar ertəsi, 15 May 2023 15:00

İkinci təyinat

Xəbər verdiyimiz kimi, bu günlərdə mədəniyyət naziri Adil Kərimli yeni təyinatlar barədə iki əmr imzalayıb. Bunlardan birincisi ilə sizi az öncə tanış etmişik.

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

İndi isə ikinci təyinat barədə.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, o, “Tərəqqi” medalı, 1998-ci ildə Respublika muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

Bazar ertəsi, 15 May 2023 14:00

Birinci təyinat

Bu arada bu mədəniyyət naziri Adil Kərimli iki təyinat barədə əmr imzalayıb.

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

 

M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.

İkinci təyinat barədə az sonra.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2023)

“Ədəbiyyat və incəsənət” portalı “Qiraət saatı”nda Fəxrəddin Qasımoğlunun “Son gecə” detektiv romanının dərcinə başlayır. Öncədən deyirik, özü polis orqanlarında çalışan, ən dəhşətli, tükürpədici cinayətlərdən bilavasitə xəbər tuta bilən müəllifin romanı sizləri sonadək gərginlik içində saxlayacaq. Və siz bu romanı çox bəyənəcəksiniz.

 

 

13-cü dərc

 

Bax elə rəfiqəsi üçün ağlamaqdan gözləri şişmiş bu qıza görə, nakam itirdikləri övladlarının balasını, boğazlarından kəsərək böyüdüb gözəl tərbiyə verən, imkansızlıqdan ofisimə utana-utana gəlmiş iki təqaüdçü qocaya görə, şagirdlərini öz balaları kimi sevən Tahir müəllimə görə, tanımadıqları Nərmin üçün öz balaları qədər həyəcan keçirən Ləman və Tərlanın valideynlərinə görə, yenicə baş qaldıran arzularına görə, Nərminə və onu sevən insanlara görə onu tapacağam…

Nazanın anası ehtiyatla qapını açdı.

-Bağışlayın, çayları qoyub gedirəm.

Nazan tez durub çayları anasından aldı. Masanın üstünə düzüb dedi:

-Yaxın gəlin, Bəxtiyar əmi, şirniyyatla çay içək.

Qızının əhvalındakı dəyişikliyi görən ana təəccüb qarışıq minnətdarlıq hissi ilə mənə baxdı.

Tez otaqdan çıxıb həyat yoldaşı ilə birlikdə qayıtdı. Hər iki valideyn sakitcə durub qızlarına baxırdılar.

-Buyurun, siz də əyləşin, biz artıq söhbətimizi bitirmişik, -dedim.

Şirniyyatla çay doğrudan da yerinə düşmüşdü. Yadıma düşdü ki, yenə də səhər yediyimin üstündəyəm. Ləmangildə içdiyim çayı və günorta çırtladığım tumu hesaba almasam. Gülü bilsə yəqin ki, ən azı yarım saat məni danlayardı. Ancaq kim idi Gülüyə deyən?

Məni ötürməyə çıxan Nazanın atası qapını çöl tərəfdən örtəndən sonra asta səslə soruşdu:

-Bəxtiyar müəllim, siz Nazana nə dediniz ki, onun əhvalı belə dəyişdi? Axı iki gündür ona heç bir söz təsir etmir, bogazından sudan başqa heç nə keçmir.

-Mən son iki gündə rəfiqəsinin tapılacağına itirdiyi ümidini ona qaytardım. Çalışın, uşağınızın təkcə valideyni yox, həm də dostu olun. Sağ olun.

Binanın tinindən burulub yola tərəf addımladım. Heyif ki, Zabitə arvadla görüşmək üçün çox gec idi. Saat on ikiyə işləyirdi. Təsəvvür edirəm, indi onun qapısını döyərəmsə, məni hansı söyüşlərlə qarşılayar…

Gülümsədim.

Yaxınlıqdakı metro stansiyasını görüb taksiyə minmək fikrimdən daşındım. Onsuz da ofisə gedəcəkdim. “Nizami” metrosuna cəmi iki stansiya var idi.

-Qapılar bağlanır. Növbəti stansiya “Nizami”.

Bir stansiya geridə qalmışdı. Təkəm-seyrək adamlar olan vaqonda bir orta yaşlı kişi mürgüləyir, iki gənc yan-yana oturaraq bir-birinin qulağına nə isə deyib gülüşürdülər. Uzaq oturacaqda gözündə eynək olan yaşlı bir qadın kitab oxuyurdu. Kitab… Görəsən bu kitab məsələsi Nərminin işində ipucu olacaqmı, yoxsa elə də əhəmiyyəti olmayan məlumatdır. Bunu topladığım bütün faktları təhlil edəndən sonra biləcəkdim. Hələ Rüfət məsələsini də aydınlaşdırmalıydım.

Qatar “Nizami” stansiyasında dayandı. Dahi rəssamımız Mikayıl Abdullayevin mozaika ilə yığdığı, dünya şöhrətli şairimiz Şeyx Nizami Gəncəvinin “Xəmsə”sini əks etdirən mozaik rəsmlərin yanından keçəndə yenə də gözüm “Alimlər”ə sataşdı. Yolunuz bu metro stansiyasına düşsə mütləq indi söylədiklərimə fikir verin. Bir dahinin sözlərini başqa bir dahi necə də gözəl rəsm əsərinə çevirmişdi. Rəsmdə əks olunan alimlərdən ən cavanı başını vüqarla qaldıraraq dik tutmuş, ən yaşlısı isə nəzərlərini yerə dikmişdi. Qalan alimlərin baxışları isə yaşlarına uyğun olaraq aşağı yönəlir şəkildə. Yuxarı yox, məhz aşağı. Yaşa dolduqca həyat təcrübəsinə, oxuduqca isə elmə yiyələnən insanın Allahın böyüklüyünü, özününsə kiçikliyini dərk etdikdən sonra, bu böyüklük qarşısında baş əyməsinə işarədir bu sənət əsəri…                  

Ofisə girib işıqları yandırmadan keçib kresloma əyləşdim. Tahir müəllimin qonşuları ilə onsuz da söhbət edəcəkdim. Elə qapıbir qonşu və uşaqları tanıyan biri kimi Zabitə arvaddan başlamağı planlaşdırdım səhərə. Onu və Rüfəti görmədən bütün fikirlərimi uzlaşdıra bilməyəcəkdim. Bununla belə təhlil etməli xeyli məlumat toplamışdım. Cib telefonumu çıxarıb, Layiqəyə mesaj yolladım.

“Sabah işimiz çox olacaq. Variant nömrə bir”.

Sonra isə həmişə fikirləşəndə olduğu kimi ayaqlarımı masanın üstünə uzadıb gözlərimi tavana, bir nöqtəyə zillədim…

 

* * *

Həsənağa gördüyü yuxunun dəhşətindən diksinib oyandı. Qalxıb yerinin içində oturdu. Bir anlıq hələ də yuxuda, ya oyaq olmasını anlaya bilmədi. Çönüb yanında yatmış həyat yoldaşına baxdı. Yorğan sol böyrü üstə yatan yoldaşının üstündən sürüşmüşdü. Əynindəki qırmızı ipək gecə köynəyi yuxarı yığılmış, iri arxasını o qədər də örtməyən qara tumanı, dolu, ağ baldırları çöldə qalmışdı. Həsənağa həyat yoldaşını çox sevirdi. Ancaq ayrı vaxt onu coşdura biləcək bu mənzərə indi heç halına da təfavüt etmədi. Hətta bir anlıq onun belə şirin-şirin yatmasına paxıllığı da tutdu.

Təbiətcə dələduz olan və elə həmin maddə ilə iki dəfə həbsxana həyatı yaşayan Həsənağa şişmandan çox-çox əvvəl sivri burunlu ilə tanış olmuşdu. Ancaq o da, şişman kimi bu tanışlığının sonda insan ölümündə iştirakına gətirib çıxaracağını düşünməmişdi. Özü də bir nəfərin yox.

Yuxuda əvvəlcə ustaları görmüşdü. Zəhərləyərək öldürdükdən sonra onları basdırdığı quyudan şıxmaqçün əllərini uzadır,  ustalarsa ayaqlarından tutub onu quyuya çəkməyə çalışırdılar. Həsənağa sanki yerinə mıxlanmış kimi quyudan aralaşa, geriyə bir addım da ata bilmir, öldürdüyü adamların əllərinin soyuq təmasını ayaqlarında hiss etdikcə qorxudan bədəni uçunur, qışqırmaq istəsə də, səsi çıxmırdı.

Sonra isə birdən-birə ətrafda hər şey dəyişmişdi. Görmüşdü ki, özünə məxsus bağ evində gecənin qaranlığında bağın ortasında tək dayanıb. Üzüm talvarına bərkidilmiş elektrik lampası küləyin təsirindən yelləndikcə işığı bağın küncündə yarıya qədər torpaqdan çıxaraq gözlərini ona dikən kişi meyitlərinin üzlərinə düşür, sonra bu üzlər yenə də qaranlıqda gözdən itirlər.

Lampanın asıldığı paslı məftilin cırıltısı küləyin səsinə qarışıb beyninə işləyir, onu daha da vahimələndirirdi.

Lampanın işığı növbəti dəfə ölülərin üzərinə düşəndə onları gülən gördü. Ölülərdən biri bağın o biri küncündə əvvəlcədən növbəti qurbanlar üçün qazılmış boş, dərin çalanı göstərib qəhqəhə çəkirdi.

“Yox, bu ola bilməz, axı böyrəyi, qaraciyəri, ürəyi olmayan insanlar necə diriliblər, hələ torpağın altından da çıxıblar. Bu ola bilməz, axı onların cansız bədənlərini özüm basdırmışdım…” Fikirlər sürətlə Həsənağanın başında fırlanırdı. Çönüb qaçmaq istəyərkən ayaqlarının dizə qədər torpağa batdığını gördü. Torpaq onu özünə çəkirdi.

Dəhşətdən əlləri ilə üzünü qapayan Həsənağa bütün bədəni tər içində yuxudan oyanmışdı. Qorxudan boğazı elə qurumuşdu ki, nəfəs almağa çətinlik çəkirdi. Həyat yoldaşını oyatmamaqçün qalxıb barmaqlarının ucunda mətbəxə keçdi. Stəkana su doldurub birnəfəsə başına çəkdi. Bir az toxdadığını hiss etdi.

Ancaq yuxunun təsirindən çıxmadığı üçün yenə də ustalar yadına düşdü. Həmin gün əcnəbi həkimin verdiyi dadı olmayan çox narın toz halında olan zəhəri kafelərdən birində sifariş etdiyi kababın üstünə səpərək tikələrə hopmasını gözləmiş, ustalar kababı yedikdən təxminən on dəqiqə sonra zəhər təsirini göstərməyə başlamışdı. Eyni vaxtda stullardan yerə çöküb sancıdan qıvrılan ustalardan biri az əvvəl yediklərini qaytarmağa başlamışdı. Sonra isə hamısı döşəməyə yıxılaraq bir qədər çapaladıqdan sonra canlarını tapşırmışdılar. Cib telefonlarını götürərək  ustaların hələ soyumamış bədənlərini bir-bir sürüyüb quyuya atmış, üstlərinə tökdüyü torpağı yaxşı-yaxşı tapdaladıqdan sonra həyətdə tikintidən qalan qum, sement və çınqıldan beton hazırlamış, quyunun üstünə töküb yaymışdı. Sonra isə nömrələrini çıxararaq telefonları çəkiclə sındırmış, stolun üstündə qalan kababları da götürmüş, evə gedərkən telefon qırıqları ilə birlikdə yol kənarındakı zibil qutularından birinə atmışdı.

Həsənağa onun ustaları öldürüb quyuda basdırmasından şişmanın şübhələndiyini başa düşmüşdü. Ancaq bu barədə susmağa üstünlük verib, özünü heç nə olmamış kimi aparırdı.

Yuxusu qaçmışdı. Sonuncu sifariş haqqında fikirləşdi.

“Yaxşı ki, şişmana demək ağlıma gəldi, yoxsa bu dördüncü adamı belə tələsik haradan tapacaqdım. Hər şey korlana bilərdi. Şişmana afərin, heç inanmazdım ki, belə işlər onun əlindən gələr. Amma gör məsələni nə tez həll etdi. Yoxsa şefə necə cavab verərdim?”

Əslində, şişmana vəziyyəti çarəsizlikdən demişdi. Çünki ona elə də bel bağlamırdı. Ancaq gözlədiyinin əksinə olaraq, o, qısa bir vaxtda lazım olan işi görmüş, hətta tapdığı qızın tam sağlam olmasına da zəmanət vermişdi.

“Bircə bu bir sutka da tez keçsəydi…”

Həsənağa yataq otağına qayıtdı.

Yoldaşı yorğanı üstünə çəkib bürünmüşdü. Çarpayıya uzanıb yavaşca yorğanı qaldırdı və arxası ona tərəf uzanmış arvadını qucaqlayıb özünə sıxdı…

 

* * *

Yorulmuşdum. Ayaqlarım ağrıdığı üçün masanın üstündən endirdim. Ancaq yenə də tavana baxmaqda davam edirdim. Bu məndə artıq vərdiş halını almışdı. Yuxarıda bir nöqtəyə baxıb fikirləşmək. Sanki məni düşündürən bütün sualların cavabı tavanda yazılmışdı. Təkcə onları oxumaq qalırdı.

Layiqə cavab mesajı ilə məlumatı aldığını təsdiqləmişdi. Bu isə o demək idi ki, sabah o, işə əlində içərisində müxtəlif geyim əşyalarından, süni saçlardan tutmuş kosmetikaya qədər olan iri bir çanta ilə gələcəkdi. Əməliyyata cəlb olunan qadının situasiyaya uyğun geyinməsi vacib şərt idi. Bütün bunları işə təzə düzələndə Layiqəyə izah etdiyim üçün ona artıq nə isə deməyə ehtiyac qalmırdı. Bu qız hər şeyi tez götütürdü və öz işini yaxşı bilirdi. Hər vəziyyətə hazır olmaq üçün isə lazımi rekvizitləri evində saxlamasını qət etmişdik. Təkcə ona verdiyim qaz tapançasından başqa. Tapança ofisdəki seyfdə saxlanılırdı.

Deməli belə. Bu dəqiqəyə bizim nəyimiz var.

Həmişəki kimi saat 18:00-da evdən çıxan Nərmin məşğələyə yollanıb. Məşğələ vaxtı əhvalı yaxşı olub. Onda həyəcan, narahatlıq hiss olunmayıb. Saat 19:50-də məşğələ yekunlaşıb. İki dəqiqə sonra onunla birlikdə məşğələdə olan Ləman və Tərlanla birlikdə Tahir müəllimlə sağollaşıb küçəyə çıxıblar. Uşaqlardan ayrılan Nərmin həmişə qayıtdığı “Kubinka”nın ara yolları ilə piyada evə üz tutub. “Moykalar” adlanan yerə çatanda qəfildən dayanaraq gödəkçəsinin cibindən telefonunu çıxarıb baxıb, yenidən qaytarıb cibinə qoyub və sürətlə geri qayıdıb. İrəlidəki döngəyə burulduqdan sonra isə onu görən olmayıb.

Tahir müəllim uşaqları yola salandan sonra adəti üzrə iş otağına keçib. Başqa heç nə deyə bilmir.

Küçədə Tərlan və Ləmanın xatırladığı, bir qədər aralıda dayanmış, cındırından cin hürkən, uşaqların dilənçiyə oxşatdığı birinin dayandığı nəzərə alınmazsa, diqqəti çəkəcək elə bir şey olmayıb.

İlk olaraq cinayətin motivi üzərində yenə də baş sındırıb dəqiq motivi müəyyən etməliydim. Bu halda motiv nə ola bilərdi? Yeniyetmə gözəl bir qızı niyə qaçıra bilərdilər? Variantları saf-çürük etməyə başladım.

Nərminin razılığı olmadan ailə qurmaq məqsədi ilə qaçırılması ehtimalını dərhal kənara qoydum. Belə bir şey olmuş olsaydı, bu barədə yaşlı adamların narahat qalmaması üçün qızı qaçırdıqdan sonra onlara hansısa formada məlumat verərdilər. Ən azı Nərminin qaçırıldıqdan sonra ilk tələbi bu olardı. Sonrakı qohumluq əlaqələrini də nəzərə alan qaçıran tərəf bunu etməyə məcbur idi. Heç araşdırmanın gedişatına da bu ehtimal uyğun gəlmirdi. Faktlar başqa şey deyirdi.

Daha bir variant var idi - qaçırdıqdan sonra təcrid olunmuş hansısa məkanda saxlayıb imkanlı müştərilərə seksual xidmətlərə məcbur etmək üçün. Nərmin kifayət qədər gözəl bir qız idi. Ancaq, bu işi könüllü olaraq görməyə hazır olan neçə qadın tapmaq olardısa, cinayətə getməyə nə ehtiyac var idi? İstənilən halda bu, insan oğurluğu idi və törədəni ağır cəza gözləyirdi. Aradüzəldənliyin gətirdiyi qazanc isə bu riskə dəyməzdi.

Bəs onda nə? Stop. Bəlkə cavan qızların bakirəliyini almaq həvəskarları. Adi haldan qat-qat çox məbləğ ödəməklə bakirə qızla yalnız bircə dəfə yatağa girmək həvəsi. Təəssüf ki, yüksək məbləğ müqabilində bu işə könüllü olaraq razılıq verən qızların olduğunu da eşitmişdim. Az inanmağım gəlsə də, bir motiv bu ola bilər. Hər şey mümkündür. Bunu hələlik qoyaq bir kənara. Bəs növbəti motiv?

Növbəti motiv lap ilk saatlardan ağlıma gəlsə də, bəlkə də hələ Nərminin tezliklə tapılacağına ümid bəsləyərək ağlımın və təcrübəmin mənə dediyini beynimdən qovmağa çalışmışdım. Ancaq reallıq göz qarşısındaydı. Nərmini insan orqanları alverçiləri qaçıra bilərdilər. Bu ən pis ehtimal idi. Məhz məsələyə bu prizmadan yanaşaraq axtarışlar üçün çox az vaxt qaldığını düşünmüşdüm və indi də nədənsə, vaxtın günlərlə yox, saatlarla ölçüldüyünə əmin idim. İntuitiv olaraq hiss edirdim ki, məni tələsməyə vadar edən səbəb elə sonda təsdiqlənməsini arzulamadığım bu motiv idi.

Təcrübəmdən bilirdim ki, bu məqsədlər üçün bir insanı heç vaxt kortəbii olaraq qaçırmır, onun barəsində uzun müddət məlumat toplayır, sağlam olması və daxili orqanlarının lazımi tələblərə cavab verməsi müəyyən edildikdən sonra onu bu məqsədlə qaçırmağa qərar verirdilər. İndiki zamanda isə cavan olmaq heç də tam sağlam olmağın kriteriyası deyildi. Deməli, böyük ehtimalla, kimlərsə Nərmini uzun zaman öyrənmiş, sonra bu addımı atmışdılar. Üstəlik də, onun yaşlı nənə və babasından başqa heç kiminin olmaması cinayətkar tərəf üçün əlverişli amil ola bilərdi.

Amma yenə də hələ başa düşə bilmirdim ki, onlar Nərminə necə çıxmışdılar. Bunu müəyyən edə bilsəm çox şeylər mənə aydın olacaqdı.

Sonra… Nazan Nərminin “Qabusnamə” kitabını axtardığını deyir. Onu bununla maraqlandırıb aldada bilərdilər. Bunun üçün kimsə bu barədə məlumatlı olmalı idi və ən azı da həmin adam Nərminə yaxınlaşarkən onun bu kitabı axtardığını haradan bilməsini əsaslandıra bilməliydi. Yoxsa Nərmin şübhələnər və onu yaxın buraxmazdı. Belədirsə, o adam kim ola bilərdi?

Mümkün variantları saymağa başladım:

Birinci - Nərminin qohumlarından kimsə;

İkinci - Qonşularından kimsə;

Üçüncü - Tahir müəllimin yaxın qonşularından kimsə;

Dördüncü - Rüfət.

Bu barədə Nərminin başqa sinif yoldaşları da məlumatlı ola və kiminsə yanında ağızlarından qaçıra bilərdilər.

Nəhayət ən əsası - Nərmin instituta sənəd vermək üçün yenicə həkim müayinəsindən keçmiş və tam sağlam olması barədə arayış almışdır. Poliklinikanın arayışı verən həkimi də cinayətkar qrupun üzvləri ilə əlbir olub onlara məlumat ötürə bilərdi.

Variantları saydıqdan sonra sonuncu variant istisna olmaqla belə, digər variantları yoxlamaq üçün təxminən neçə adamla söhbət etməli olduğumu fikirləşdim. Həddindən çox adam sayı əmələ gəlirdi. Buna isə vaxt yox idi. Ən pis fərziyyəm təsdiqlənərsə, bu vaxt itkisi Nərminin həyatı bahasına başa gələ bilərdi.

Deməli, məsələyə başqa tərəfdən yanaşmalı idim.

Yenidən fikirləşməyə başladım. Kitab versiyası mütləq deyildi. Məsələnin çox tərəfləri mümkün idi. Mənə məlum olmayan çox tərəfləri. Faktiki olaraq mən ofisdə oturub bir peşəkar üçün kifayət qədər görünsə də, sonda bir-biri ilə uzlaşmayan məlumatlarla hansısa məntiqi nəticəyə gəlmək istəyirdim. Bir nəticəyə gəlmək isə çox tez idi. Səhərin açılmasını gözləyib Layiqəyə tapşırıqları vermək, sonra Zabitə arvadla görüşmək lazım idi.

Saydığım variantlardan yalnız Rüfətlə görüşməyi, bir də sinif yoldaşları ilə söhbət etməyi Layiqəyə həvalə edəcəkdim.

Haradasa xoruz banladı. Səhərə az qalırdı. Gümrah olmaq üçün bir qədər yatmaq lazım idi. İrəlidə ağır və məsuliyyətli bir gün gəlirdi. Yuxum isə qaçmışdı. Kofe dəmləmək üçün qalxıb elektrik çaydanını qaynamağa qoydum. Məni yatızdırsa, ancaq hamının yuxusunu qaçıran kofe yatızdara bilərdi…

 

Davamı var

 

 “Ədəbiyyat və incəsənət”

(15.05.2023)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.